Allah Təala özündən başqa məbud olmadığını qeyd etdikdən sonra peyğəmbərlik haqqında danışmağa başladı və kafirlərə xitab edərək: “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə” dedi. Yəni Muhamməd sallallahu aleyhi və səlləmə endirdiyimiz Qurandan söhbət gedir. “Ona bənzər bir surə gətirin”. Əgər Allahdan olduğuna şübhə edirsinizsə, siz də ona bənzər bir surə gətirin. Bunun üçün də Allahdan başqa istədiklərinizdən yardım alın. Çünki bunu edə bilməzsiniz. İbni Abbas “şahidləriniz” yəni köməkçiləriniz demişdir. Yəni bu istiqamətdə sizə kömək edəcək başqalarını gətirin. Suddidən gələn rəvayətə görə əbu Malik də : Sizin imdadınıza çatmaq və sizə yardım etmələri üçün tanrılarınızı çağırın, demişdir. Mücahid də : Buna şahidlik edəcək səlis dilli hakimlərinizi çağırın, demişdir. Allah Təala bu şəkildə onlara bir çox yerdə meydan oxudu. Qasas surəsində belə dedi: “Siz də allah qatından bundan daha doğru bir kitab gətirin, əgər doğrusunuzsa sizə tabe olum”. İsra surəsində də belə demişdir: “De ki: Əgər insanlar və cinlər bu Quranın bir bənzərini gətirmək üçün toplaşsalar, bir birilərinə kömək də etsələr, bunun bənzərini gətirə bilməzlər”. Hud surəsində də belə demişdir: “Yoxsa onu özü uydurdu deyirlər? De ki: Siz də onun kimi uydurulmuş on surə gətirin. Əgər doğrusunuzsa Allahdan başqa gücünüz çatdıqlarınızı çağırın”. Yunus surəsində də belə demişdir: “Bu Quran Allahdan başqası tərəfindən uydurulmuş deyildir. Amma özündən əvvəlki kitabları təsdiq edici və kitabı açıqlayandır. Onda şübhə yoxdur. Aləmlərin Rəbbindəndir. Yoxsa onu özü uydurdu deyirlər? De ki: Siz də onun kimi bir surə gətirin. Əgər doğrusunuzsa Allahdan başqa gücünüz çatdığı hamını çağırın.” Bütün bu ayələr Məkkədə enmişdir. Sonra da Mədinədə enən bu ayə ilə meydan oxudu və: “Əgər şübhə içində isəniz” dedi. Yəni “rayb”, şəkk və tərəddüd içində deməkdir. “Qulumuza endirdiyimizdən” Yəni Muhammədə (salləllahu aleyhi və səlləm) deməkdir. “Siz də onun kimi bir surə gətirin” Yəni Quran kimi deməkdir.
Bunu Mücahid ilə Qatadə demişdirlər. İbni Cərir Təbəri, Zaməxşəri və Razi də bu rəyi üstün tutmuşdurlar. Onlar bu fikri Ömər, ibni Məsud, ibni Abbas, Həsən Bəsri və bir çox tətqiqatçı alimlərdən rəvayət etmişdirlər. Bunu da bir çox yöndən müdafiə etmişdirlər. Ən gözəli isə budur ki, onlara – istər dağınıq və birləşmiş olsunlar, istərsə də yazıb oxuya bilməyən və bilən olsunlar meydan oxudu. Bu da sadəcə oxuma və yazma bilməyən və elmdən payı olmayanlara meydan oxumaqdan daha əhatəli məfhumdur. Bu ərəfədə isə belə bir dəlil də istifadə edilmişdir. “Onun kimi on surə gətirin” (Hud 13)
“Onun kimisini gətirə bilməzlər” : Bəziləri Muhamməd (salləllahu aleyhi və səlləm) kimisini deməkdir, demişdirlər. Yəni onun kimi yazıb oxuya bilməyən birini deməkdir. Doğrusu birincidir. Çünki meydan oxuma hamısına şamil olunur. Birdəki onlar millətlərin ən səlis danışanı idilər. Onlara bu şəkildə Məkkədə və Mədinədə bir neçə dəfə meydan oxudu. Ona o qədər sərt düşmənlik etmələrinə və onun dininə o qədər nifrət etmələrinə baxmayaraq bu işdə aciz qalmışdırlar.
Buna görə də Allah onlara “Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz” dedi. “Lən” ədatı gələcəyi təkidlə rədd etmək üçün istifadə olunur, yəni bu əbədiyyən edə bilməyəcəksiniz deməkdir. Bu da ayrı bir möcüzədir. Belə ki, bunu sonsuzluğa qədər və heç bir zaman edə bilməyəcəklərini qətiyyətlə, əvvəlcədən, qorxmadan və çəkinmədən xəbər verdi. Vəziyyət o gündən bu günə qədər düz çıxdı, onun bənzərini ortaya qoya bilmədilər. Necə edə bilərdilər ki, Quran hər şeyi Yaradan Allahın kəlamıdır. Yaradanın sözü yaradılmışların sözünə necə bənzəyə bilər? Kim Quranı oxuyub, üzərində düşünərsə onda həm mətn həm də məna baxımından açıq və gizli, müxtəlif ecazkar sənət əsərləri müşahidə edər. Allah Təala belə demişdir: “Əlif, Ləm, Ra bu elə bir kitabdır ki, ayələri möhkəmləndirilmiş, sonra da hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən bəyan edilmişdir.” (Fusslət, 1).
Onun mətnləri möhkəmləndirilmişdir, mənaları da bəyan edilmişdir, əksi də ola bilər. (mənası möhkəmləndirilmiş, mətni bəyan edilmişdir). Onun ləfzi də mənası da səlisdir. O toxunulmazdır. Keçmişdə bilinməyən elə şeylərdən xəbər vermişdir ki, olduğu kimi çıxmışdır. Nə qədər xeyir varsa əmr etmiş, nə qədər şər varsa qadağan etmişdir. Necə ki, belə demişdir: “Rəbbinin kəlməsi doğru və adil olaraq tamamlandı” (Ənam 115). Yəni xəbərlərdə sadiq, hökmlərdə ədalətli deməkdir. Hamısı haqdır, doğrudur, ədalət və hidayətdir. Onda inadçılıq yalan və iftiradan heç biri yoxdur. Necə ki, ərəblərin və digərlərinin şerlərində elə yalanlar və boş fikirlər keçər ki, şerlər ancaq belə şeylərlə gözəlləşər. Çünki şerdə daha çox yalanı olan ən şirinidir, deyilmişdir. Elə qəsidələr görərsən ki, çox vaxt qadın və ya at və ya içki və ya bilinən bir şəxsin mədhiyyəsi və ya bir dəvə və ya döyüş və ya hər hansı bir hadisə və ya canavar qorxusu və ya hər hansı bir mənzərənin təsviri istifadə edilmişdir ki, müəllifin ən xırda incəliklərinə qədər təsvir, izah gücünü göstərməkdən başqa heç bir fayda verməz. Daha sonra şah beyt deyilən bir və ya iki beytinə rast gələrsən ki heç bir əhəmiyyəti yoxdur.
Qurana gəlincə isə onun hamısı olduqca bəlağətlidir. Ərəb dilini dərinləməsinə və üzdən bilənlər, ondan istifadəni anlayanlar bunu bilərlər. Çünki əgər onun xəbərlərini düşünsən, onun olduqca şirin olduğunu görəcəksən. Uzun və qısa olanlarında da, təkrar edilənlərində də vəziyyət eynidir. Çox oxumaqla şirinləşər və ucalar və köhnəlməz, alimlər ondan bezməzlər. Əgər təhdid mövzusuna girsə, böyük dağlar ona tab gətirmədiyi halda, anlayış sahiblərinin qəlblərinin nə vəziyyətə gəldiyini sən təsəvvür et. Əgər vəd edəcəksə, qəlbləri və qulaqları açan şeylər ortaya qoyar. Salamatlıq diyarına təşviq edər, Rəhmanın ərşinə qonşu olmağa səsləyər. Necə ki, təşviq barəsində belə demişdir: “Heç bir nəfs əməlinin qarşılığında özü üçün gözlərinə sevinc gətirəcək nələrin gizli saxlanıldığını bilməz” (Səcdə 17).“Orada ürəkləri istəyən və gözlərinin zövq aldığı şeylər vardır. Siz orada əbədi qalacaqsınız”(Zuhruf 71)Qorxutma mövzusunda da belə demişdir: “Dünyanın quru hissəsini yerə batırmaqdan əmin oldunuzmu?”(isra, 68). “Göydəkinin sizi çalxalanan yerə batırmasından əmin oldunuzmu? Yoxsa göydəkinin sizə daş yağdırmağındanmı əmin oldunuz? Xəbərdarlığım necə nəticə verəcəyini biləcəksizniz” (Mülk, 16-17) Danlama mövzusunda da: “Hər birini günahı ilə yaxaladıq” (Ənkəbut, 40) demişdir. Öyüd nəsihət mövzusunda da belə demişdir: “Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək, sonra vəd olunduqları (əzab) onlara yetişsə, onlara nəsib olmuş firavanlıq onlara heç bir fayda verməz” (Şüara 205-207). Bunlardan başqa səlislik , bəlağət və şirinliyi göstərən bir çox ayələr vardır.
Əgər hökmlər, əmrlər və qadağalar mövzusunda ayələr gəlirsə, bütün ağla uyğun, xoş, faydalı, gözəl və sevilən şeylər əmr edilir. Bütün çirkin, alçaq və boş şeylərdən çəkindirir. Necə ki, sələflərdən İbn Məsud və digərləri belə demişdirlər: Allah Təalanın Quranda: Ey iman edənlər, dediyini eşitdiyin zaman, qulaq ver, o ya xeyirdir onu əmr edir, ya da şərdir ondan çəkindirir. Bu səbəbdən Allah Təala Quranda belə demişdir: “Onlara yaxşılığı əmr edər və onları pisliklərdən çəkindirər. Onlara təmiz şeyləri halal, pis şeyləri haram edər. Ağırlıqları isə üstlərindən qaldırar” (Əraf 157). Əgər ayələr axirəti, ondakı qorxuları, cənnət və cəhənnəmi, onların necəliklərini, Allahın o ikisində evliyalarına və düşmənlərinə hazırladığı nemət və işgəncələri, odu, zövqləri və qəzəbli əzabı təsvir etməyə başlasa müjdələr verər və xəbərdarlıqlar edər. Xeyir iş görməyə və pisliklərdən çəkinməyə dəvət edər. Dünyanı insanın gözündə kiçildir və axirətə təşviq edər. Ən nümunəvi bir yolda sabit edər. Allahın doğru yoluna və mükəmməl şəriətinə yönləndirər. Qəlblərdən o qovulmuş şeytanın murdarlığını uzaqlaşdırar. Buna görə də İki Səhihdə, Əbu Hüreyrə hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Nə qədər peyğəmbər varsa Allah onlara möcüzə vermişdir, insanlar da onlara baxaraq iman etmişdirlər. Mənə isə vəhyi vermişdir. Ümid edirəm ki, qiyamət günündə ümməti ən çox olan mən olaram. Müslimdə də mənə verilən vəhydir, ifadəsi yer almışdır. Yəni onların (nəbilərin) arasından məxsusi olaraq bu Quran mənə verilmişdir, deməkdir. Hansı ki, insanlar onun qarşısında acizdirlər. Digər ilahi kitablar isə belə deyildir. Çünki onlar bir çox alimə görə möcüzəli deyildirlər. Allah daha yaxşı bilir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) peyğəmbərliyini və gətirdiyi şeylərin doğruluğunu göstərən elə ayələr vardır ki, saymaqla bitməz. Həmd və minnət Allaha məxsusdur.
Bəzi kəlam əhlindən olan alimlər möcüzə məsələsini həm əhli sünnətin həm də mötəzilənin rəylərini əhatə edəcək şəkildə belə təsbit etmişlər: Əgər bu Quran özlüyündə möcüzədirsə insanlar onun bənzərini gətirə bilməzlər, ona əks çıxmağa da gücləri çatmaz. İstənilən də odur ki, belə bir ədavət düşsün. Əgər ona əks çıxmaq mümkün olduğu halda və şiddətli düşmənçiliklərinə baxmayaraq bunu etməyiblərsə, deməli bu onun tərəfindən olduğuna dəlil olur. Çünki ona (Qurana) qarşı çıxa bilməyə gücləri çatdığına baxmayaraq onları bu yoldan döndərmişdir. Bu yol nə qədər də razı qalınan bir yol olmasa belə-çünki Quran daha əvvəl dediyimiz kimi özlüyündə möcüzədir, insanlar onun bənzərini gətirə bilməzlər- ancaq onların səviyyəsinə enmək, mübahisə etmək, haqqı müdafiə etmək baxımından uyğundur. Razi təfsirində Əsr, Kövsər kimi sürələr haqqındakı suala belə cavab vermişdir.
“Elə isə yanacağı insanlar və daşlar olan alovdan çəkinin. O kafirlər üçün hazırlanmışdır”. Ayədə qeyd edilən fəthəli vavla olan vəqud sözü alovu gücləndirmək üçün içinə atılan odun və sair kimi şeylərdir. Necə ki, Allah Təala belə buyurmuşdur: “Ədalətdən azanlar isə cəhənnəmə odun olmuşlar” (Cin, 15). Və belə demişdir: “(Ey kafirlər!) Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar” (Ənbiya, 98-99). Burada daş sözündəki məqsəd böyük, qara, sərt və pis qoxulu kibrit daşıdır. Bu qızdığı zaman ən çox hərarəti olan daşdır. Allah bizi ondan qorusun. Abdulməlik İbn Məsirə Əz-Zərrad, Abdurrahman İbn Sabit İbn Amr İbn Meymundan rəvayət etmişdir ki, Abdullah İbn Məsud “yanacağı insanlar və daşlardır” sözündə belə demişdir: O kükürd daşıdır. Allah Təala onu göyləri və yeri yaratdığı gün dünyada yaratdı. Onu kafirlər üçün hazırlamışdır. Bunu İbn Cərir rəvayət etmiş, ləfzi də budur. İbn Əbi Hatim, Hakim də Müstədrəkində rəvayət etmiş və iki şeyxin (Buxari və Muslim) şərtlərinə uyğundur, demişdir. Suddi də təfsirində Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir qrup səhabədən rəvayət etmişdir ki, onlar : Daş qara kibrit daşıdır. Alovla bərabər onunla əzab olunacaqlar. Mücahid də: Kibrit daşıdır, leşdən daha pis iylənər demişdir. Əbu Cəfər Muhamməd İbn Əli belə demişdir: O kibrit daşıdır. İbn Cureyc də: Alovun içində qara kibrit daşıdır. Amr İbn Dinar da mənə : bu, daşdan daha bərk və böyükdür dedi. Belə də deyilmişdir: Ondakı məqsəd Allahdan başqa ibadət edilən daş bütlərdir. Necə ki, Allah Təala belə demişdir: “Şübhəsiz sizlər də, Allahdan başqa ibadət etdikləriniz də cəhənnəm odunusunuz..” Bunu Qurtubi nəql etmiş, Razi bunu birinci rəydən üstün hesab etmiş və : çünki kibrit daşının alovlanması qeyri adi bir şey deyil. Onu bu daş qəbul etmək daha üstündür, demişdir. Dediyi bu şey qüvvətli bir rəy deyildir. Necə ki, alov kibrit daşı ilə alışdırılsa, daha çox qızar və alovu daha da artar. Xüsusən sələf onun kibrit daşı olub bu iş üçün hazırlandığını dedikdən sonra. Bundan başqa alovun bu daşla alışdığı da müşahidə olunan bir şeydir. Bu kirəc də daş idi, alovda yanandan sonra belə olmuşdur. Digər daşlar da belədir, alov onları da yandırar. Bu, onlar üçün hazırlanan od şiddətli istisi və güclü alovu olduğuna görə qeyd edilmişdir. Necə ki, Allah Təala :”Nə vaxt alovu sönərsə, yanacağını artırarıq” (İsra, 97) demişdir. Qurtubi də bunu üstün saymış, bunda məqsəd atəşin qızarması, alovunun artması və əzabının da içindəki insanlara daha şiddətli olması üçün atəşin qızdırıldığı daşlardır demişdir. Hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) :”Hər əziyyət verən oddadır” demişdir. Bu hədis nə məhfuzdur nə də mərfudur. Sonra Qurtubi belə demişdir: İki mənada da təfsir edilmişdir. Birincisi budur ki, insanlara əziyyət verən hər kəs oda girər. O birisi isə, hər əziyyət verən yırtıcı, həşərat və sair şeylər oddadır; oradakılar ondan əziyyət çəkərlər.
“Kafirlər üçün hazırlanmışdır”: Ən aydın olanı “uiddət” dəki damirin, odunu insanlar və daşlar olan atəşə qayıtmasıdır (aid olmasıdır). Daşa aid olması da ehtimal olunur. Necə ki, İbn Məsud belə demişdir. İki rəy arasında məna baxımından ziddiyyət yoxdur. Çünki onlar bir birindən ayrılmaz. “Uiddət” Allah və Rəsulunu inkar edənlər üçün hazırlanmışdır. Necə ki, İbn İshaq Muhəmməddən o da İkrimə vəya Said İbn Cubeyrdən rəvayət etmişdir. İbn Abbas : “Sizin kimi kafirlər üçün hazırlanmışdır, demişdir”. Əhli sünnət alimlərindən çoxları bu ayəni cəhənnəmin mövcud olmasına dəlil gətirmişdilər. Çünki “uiddət” hazırlandı və təmin edildi, mənasındadır, demişdir.” Bu xüsusda çox hədis vardır, budur onlardan bir neçəsi: “Cənnət ilə cəhənnəm höcətləşdilər. Cəhənnəm Rəbbindən izn istədi: Ey Rəbbim, bir tərəfim o biri tərəfimi yeyir, dedi. Allah da mənə iki nəfəs almağıma izn verdi :Qış nəfəsi və yay nəfəsi. İbn Məsud da deyir ki: Bir gurultu eşitdik. “Bu nədir?” dedik. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: Bu, yetmiş ildir cəhənnəmin kənarından atılan daşdır, dibinə indi çatdı, dedi. Muslimin hədisi də belədir. Ay və günəş tutulması namazı, merac hadisəsi və digər mutavatir hədislər də bu mənadadır. Mötəzillər cəhalətləri üzündən buna qarşı çıxmışdılar. Əndəlüs qazisi Munzir İbn Səid Əl-Bəlluti də onlara müvafiq olmuşdur.
Çəkindirmə: ”Fətu bi surətin min mislihi” sözündə durmaq (vəqf etmək) lazımdır. Yunus sürəsi “bisurətin min mislihi” (Yunus, 38) də elədir. Quranda qeyd edilən uzun və qısa bütün surələri ehtiva edir. Çünki bu şərt cümləsində qeyri-müəyyən olaraq varid olmuşdur. Bu tədqiqatçı üsul fikh alimlərinə görə inkar cümləsindədir. Necə ki, yerində izah edilmişdir. Belə olanda möcüzə həm uzun həm də qısa sürələr üçün keçərlidir. Bunda nə qədimdən nə də sonrakılardan heç ixtilaf edən görmədim. Razi təfsirində belə demişdir: “onun kimi bir sürə gətirin” sözü Kövsər, Əsr və Kafirun kimi sürələri də ehtiva edir. Biz də bilirik ki, onlara bənzər və yaxın bir şey demək mümkündür. Əgər bunun kimi surələrin bənzərini gətirmək insan gücünün xaricindədir deyilsə, bu inadkarlıq olar. Bu kimi inadkarlıq dinə söz gətirməzmi?” deyilsə biz də ikinci yolu seçib belə deyərik: Əgər bu qısa sürələr səlisliyi ilə möcüzə həddinə çatıbsa onda artıq məqsədə nail olunub. Əgər belə deyilsə, çox istəmələrinə baxmayaraq bunu eləməmiş olmaları da möcüzə olur. Hər iki təqdirə görə də möcüzəlik yerinə yetmiş olur. Bu Razinin təfsirində sözbəsöz eynidir. Doğrusu odur ki, Quranın hər bir surəsi möcüzədir, onun uzun vəya qısa olsun heç bir surəsinə bəşər qarşılığını verə bilmir. Şəfii (rahmətullahi aleyh) belə demişdir: Əgər insanlar :”Vəl asr innəl insənə ləfi xusr…” sürəsi üzərində düşünsəydilər, onlara höccət olaraq yetərdi. Rəvayətə görə Amr İbn As müsəlman olmadan əvvəl Müseyləmə Əl-Kəzzəbə baş çəkdi. Müseyləmə ona: «Bu günlərdə Məkkədə dostunuza nə kimi vəhy enir?” dedi. O da: Qısa, bəlağətli və ecazkar bir sürə endi” dedi. O da :”Nədir o?” dedi. Amr da “Vəlasr innəl insənə ləfi xusr” (Əsr 1-2) dedi. Müseyləmə bir an düşündü sonra başını qaldırıb :Allaha and olsun ki, mənə onun kimisi endirildi, dedi. O da :”Nədir o?” dedi. O da belə dedi: Ya vəbr, innəmə əntə uznəni və sadr. Vəsairukə hakrun və fakr” (Ey dovşan, sən iki qulaq və bir sinədən ibarətsən. Digər şeylərin heç nəyə yaramaz) dedi. Sonra da: “Nə deyirsən, ya Amr?” dedi. O da : Allaha and içirəm ki, sən yalançısan, dedi.