Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

Allah  Təala mələklərin Məryəmə tam müjdəsini xəbər verərək, Məryəm oğlu İsa barədə buyurur: “Allah ona kitabı, hikməti öyrədəcək.” Zahirən görünən budur ki, burada kitab sözü ilə məqsəd yazıdır. Hikmətin təfsiri də Bəqəra surəsində verilmişdi. “Tövratı və İncili” Tövrat, İmran oğlu Musaya endirilən kitabdır. İncil isə Məryəm oğlu İsaya endirilən kitabdır. Hər ikisinə Allahın salamı olsun. İsa əleyhissalam ikisini də əzbər bilirdi.

İsrail oğullarına bir elçi edəcəkdir.” Yəni, onu İsrail oğullarına peyğəmbər edəcəkdir, deməkdir. Onlara belə deyəcək: ”Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quş formasında bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar.” Belə də edərdi. Palçıqdan quş formasında bir şey təsvir edər, sonra onu üfürər, o da Əziz və Cəlil olan Allahın izni ilə göz qarşısında uçardı. Allah bunu onu göndərdiyinə dəlil etmişdir. Allahın izni ilə anadangəlmə koru… dirildərəm.“ Burada keçən “əkməhə” kəlməsi haqqında “gündüzlər görən gecələr görməyən deməkdir”, deyilmişdir. Əksi də deyilmişdi. Gecə yaxşı görməyən gözə gecə korluğu da deyilmişdir. Anadangəlmə kor da deyilmişdir, ki, bu da ən uyğun gələnidir. Çünki bu daha böyük möcüzə olar və meydan oxumada daha təsirli olar. “Cüzam” isə aydındır.

“Allahın izni ilə …ölüləri dirildərəm.” Alimlərdən çoxu demişlər: “Allah hər peyğəmbəri öz zamanına uyğun bir şeylə göndərmişdir. Musa əleyhissalam zamanında sehr və sehrbazlara hörmət geniş yayılmışdı. Bu səbəbdən onu gözləri bərəldən və bütün sehrbazları təəccübləndirəcək möcüzə ilə göndərdi. Sehrbazlar bunun uca Allah tərəfindən olduğuna yəqin inandıqda İslam dininə girdilər və Allahın yaxşı qullarından oldular.

İsa əleyhissalama gəldikdə, o, təbiblər və təbiət alimləri zamanında göndərilmişdi. O da onlara ancaq din tərəfdən dəstəkləndiyi təqdirdə həyata keçən möcüzələrlə gəldi.  Bir təbib cansız bədəni necə dirildə bilərdi? Və yaxud anadan gəlmə koru və ya cüzam xəstəsini necə sağalda bilərdi. Qiyamətə qədər qəbrində girov olan ölünü necə dirildə bilərdi?

Eyni zamanda   Muhamməd (salləllahi aleyhi və səlləm) də gözəl, əsaslı və düzgün danışanların, mahir şairlərin zamanında gəldi. Əziz və Cəlil olan Allah ona elə bir kitab verdi ki, bütün insanlar və cinlər onun bir bənzərini hətta on surəsinin bir bənzərini, hətta və hətta bir surəsinin bənzərini gətirməyə təşəbbüs etsələr və bu məqəsdlə güclərini birləşdirsələr də heç bir vaxt bunu edə bilməzdilər. Çünki Əziz və Cəlil olan Allahın kəlamı qul kəlamına əsla bənzəməzdi.

Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Yəni, hər hansı birinizin indi yediyini və evində səhəri gün üçün nə saxladığını sizə xəbər verərəm.    “şübhəsiz ki, bunda” yəni, bütün bunlarda “sizin üçün dəlil vardır” yəni, sizə gətirdiyim şeylərdə doğruluğumu göstərən bir möcüzə vardır, deməkdir. “Əgər möminsinizsə.”

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi (göndərildim).” Yəni, onu doğruluğunu bildirmək üçün və onu sabit etmək üçün, deməkdir. “Sizə haram edilən bəzi şeyləri də halal etmək üçün”. Bunda İsa əleyhissalamın, Tövrat şəriətinin bəzi qisimlərini nəsx etdiyinə dair dəlillər vardır. İki rəydən doğru olan budur.

Bəzi alimlər də: Ondan heç bir şeyi nəsx etməmiş, ancaq yanlışlıqla mübahisə etdikləri bəzi şeyləri onlara halal etmiş, qapalı şeyləri onlara açıqlamışdır, demişdirlər. Necə ki, başqa bir ayədə demişdir: “ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm).  (Zuxrif, 63) Allah ən doğrusunu biləndir.

Sonra belə dedi: “Mən sizə Rəbbinizdən bir dəlil gətirdim.” Yəni, sizə dediyim şeylərdə doğru olduğumu göstərən bir əsas və dəlil gətirdim. “Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin!” Yəni, mən və siz ona qulluqda, Ona boyun əyib qarşısında diz çökməkdə bərabərik. “Bu, düz yoldur”.