De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

Bu, Əhli Kitab sayılan yəhudi və xristianları və eləcə də, onların tutduğu yolla gedənləri əhatə edən bir xitabdır. “De: “Ey Kitab əhli! eyni bir kəlməyə gəlin” bəzən kəlimə deyərək cümlə başa düşülür, necə ki, burada da belədir. Sonra onu “Bizim və sizin aranızda olan eyni” sözləri ilə vəsf edir. Yəni, bizlərin və sizlərin aranızda ədalətli və insaflı bir kəlməyə. Sonra bunu “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq” kəlamı ilə təfsir edir. Nə bütə, nə xaça, nə tağuta, nə atəşə nə də ki başqa şeylərə ibadət etməyək. Əksinə ibadəti ancaq tək və şəriksiz Allaha aid edək. Bu bütün Peyğəmbərlərin dəvətidir. Allah təala demişdir: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (Ənbiyə, 25); O, buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun!” (Nəhl, 36).

Sonra demişdir: “Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”- İbn Cureyc bu ayə barəsində demişdir: “Allaha asilikdə bir birimizə itaət etməyək.” İkrimə demişdir: “Bir birimizə səcdə etməyək.”

Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” Yəni, bu insaflı və ədalətli dəvətdən üz çevirsələr, sizin Allahın doğru göndərdiyi İslama dəvət etdiyinizə şahid tutun.

Biz də bunu Buxarinin şərhində onun Zuhri yolu ilə Ubeydullah ibn Abdullah ibn Utbə İbn Məsuddan, o da İbn Abbasdan, o da Əbu Sufyandan İraklinin hüzurunda olduğu qissədə açıqlamışıq. İrakli ondan Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifətlərindən, necəliyindən və dəvəti barəsində soruşanda, ona bütün bunları açıqlamışdır. Halbuki, Əbu Sufyan o zaman müşrik idi. Bu da Məkkə fəthindən əvvəl və Hudeybiyyə sülhündən sonra idi. Necə ki, bi vəziyyət hədisdə açıqlanmışdır. İrakli sual verdi: Heç vədinə xilaf çıxdımı? Mən də dedim: “Xeyr, biz onlarla bir müddətdir ki, sülh halındayıq.” Bundan başqa əlavə etməyə fürsət vermədi. Məqsəd budur ki, o dedi: Sonra Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubu gətirildi, onu oxudu:

Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməddən Romalıların böyüyü İrakliyə. Doğru yolu gedənlərə salam olsun. Müsəlman ol, salamat qal. Müsəlman ol, Allah sənə iki dəfə əcr verər. Üz çevirsən, xalqının günahı sənin üzərindədir.

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi rəbb etməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

Muhəmməd ibn İshaq bir çoxlarından belə rəvayət etmişdir: Ali-İmran surəsinin səksəndən çox ayəsi Nəcran heyəti haqqında idi. Zuhri: “Onlar ilk cizyə verənlərdir.” – demişdir. Cizyə ayəsinin Fəthdən sonra nazil olmasında ixtilaf yoxdur. Bu ayənin Məkkə fəthindən öncə İrakliyə yazılması ilə Muhəmməd ibn İshaq ilə Zuhrinin dedikləri necə uyğunlaşdırılır? Bunun bir neçə cavabı vardır:

Birincisi: Ehtimal var ki, ayə iki dəfə nazil olmuşdur; bir dəfə Hudeybiyyə səfərindən əvvəl və bir dəfə Məkkə fəthindən sonra.

İkinci: Ehtimal var ki, Ali-İmran surəsinin əvvəlindən bu ayəyə qədər Nəcran heyəti haqqında nazil olmuşdur.. O zaman bu ayə bundan əvvəl enmiş olur. İbn İshaqın səksən ayəyə qədər nazil oldu deməsi sabit deyil, çünki Əbu Sufyanın hədisi ona ziddir.

Üçüncü: Ehtimal var ki, Nəcran heyəti Hudeybiyyə səfərindən əvvəl gəlmişdir və verdikləri cizyə deyil lənətləşmənin qarşılığı idi. Hətta barışmaq üçün idi. O zaman cizyə ayəsinin bundan sonra nazil olması uyğundur. Necə ki, Abdullah ibn Cahşın yığdığı qənimətin beş yerə bölünüb, dörd hissəsi qazilərə, beşinci hissəsi Rəsulullaha (salləllahu aleyhi və səlləm) verilməsi də Bədr döyüşündən əvvəl idi.

Dördüncü: Ehtimaldır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) İrakliyə bu məktubu yazmağı əmr etdiyi zaman bu ayə hələ enməmişdi, sonra Quran ona uyğun olaraq nazil olmuşdur. Necə ki, qadınların pərdə arxasına çəkilmələri, əsirlərin, münafiqlərin cənazə namazları qılınmaması Ömər ibn Xəttabın görüşünə uyğun gəlmişdir. Bunlar belə idi: “İbrahimin dayandığı yeri namazgah edin!”(Bəqərə, 125), “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər” (Təhrim, 5).