Allah təalə Məhəmmədi (salləlahu aleyhi və səlləm) göndərməklə möminlərə verdiyi neməti xatırladır. Rəsulullah (salləllahu aleyhi və səlləm)onlara Allahın aydın ayələrini oxuyur. Onları pis əxlaqdan, çirkin nəfslərdən və cahilliya əməllərindən təmizləyir. O, möminləri zülmətlərdən nura çıxarır, onlara Kitabı öyrədir. Bu Kitab, Qurandır. Hikməti də öyrədir. Bu hikmət, Sünnədir. Onlara bilmədiklərini öyrədir. Onlar cahilliya dövründə səfehcəsinə yalanlar daNisən cahillər idilər. Onun bərəkətli risaləti və elçiliyi sayəsində Allah onlara övliyalıq və alimlik əxlaqı nəsib etdi. İnsanların içində ən dərin elmə, ən təmiz qəlbə, ən az mükəlləfiyyatə və ən doğru sözə sahib oldular. Allah təalə buyurur: “Allah möminlərə, öz aralarında onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyan, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər”. (Ali İmran, 164) Allah, bu nemətin qədrini bilməyəni qınayəraq buyurur: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyanləri görmürsənmi?”. (İbrahim, 28)
İbn Abbas demişdir: Allah nemət buyuraraq Muhəmmədi (salləlahu aleyhi və səlləm) qəsd etmişdi. Buna görə də Allah möminləri bu neməti etiraf etməyə və müqabilində onu xatırlamağa və şükür etməyə çağırır. Allah buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”
Mucahid “Həmçinin öz içərinizdən sizə bir Elçi göndərdik” ayəsi barəsində demişdir: Mən etdiyim kimi, siz də məni zikr edin.
Abdullah İbn Vahb demişdir: Mənə Hişəm İbn Səd, o da Zeyd İbn Əsləmdən xəbər verdi ki, Musa (aleyhissələm) belə söylədi: “ya Rəbbim, Sənə necə şükür edim?” Rəbbi ona dedi: “Məni zikr et, Məni unutma. Məni zikr etdiyin zaman, Mənə şükür etmiş olarsan, Məni unutduğun zaman Mənə nankorluq etmiş olursan.” Həsən Bəsri, Əbu Əliya, Suddi və Rəbi İbn Ənəs demişlər: Allah da onu zikr edəni zikr edər, şükür edənin nemətini artırar, nankorluq edənə isə, əzab verər.
Sələflərdən biri, Allah təalənin “Allahdan layiqincə qorxun” (Ali İmran, 102) kəlamı barədə demişdir: O, Allaha itaət edib üsyan etməmək, Onu zikr edib unutmamaq, şükür edib nankorluq etməməkdir.
İbn Əbu Hatim demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabbah, o da yəzid İbn Harundan, o da Umara İbn Səydəlanidən, o da Məkhul əl yazdidən xəbər vermişdir ki, o, belə demişdir: Mən, İbn Ömərə dedim: “Necə bilirsən, adam öldürən, içki içən, oğurluq və zina edən Allahı zikr edər? Axı Allah təalə “Siz Məni yad edin ki, Mən də sizi yad edim!” buyurur.” O dedi: “Belə kəs Allahı zikr edərsə, susuncayə qədər Allah da onu Öz lənəti ilə zikr edər”.
Həsən Bəsri “Siz Məni yad edin ki, Mən də sizi yad edim!” ayəsi barəsində demişdir: Sizə fərz etdiklərimdə Məni zikr edin ki, Mən də sizi nəfsimə vacib etdiklərimdə zikr edim.
Səid İbn Cubeyr demişdir: Məni, Mənə itaətlə zikr edin, Mən də sizi məğfirətimlə zikr edim. Başqa rəvayətdə: Rəhmətimlə zikr edim — demişdir. İbn Abbas da, “Siz Məni yad edin ki, Mən də sizi yad edim!” kəlamı barəsində demişdir: Allahın sizi zikr etməsi, sizin Onu zikr etməyinizdən daha böyükdür.
Səhih hədisdə deyilir: “Allah təalə buyurur: Kim Məni öz nəfsində zikr edərsə, Mən də onu Öz nəfsimdə zikr edərəm. Kim məni bir camaat içində zikr edərsə, mən də onu daha xeyirli bir camaat içində zikr edərəm.” İmam Əhməd demişdir: Bizə Abdur-Razzaq, o da Mamərdən, o da Qatadədən, o da Ənəsdən rəvayət etmişdir ki, Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) əziz və cəlil olan Allahın belə buyurduğunu demişdir: “Ey Adəm oğlu, Məni öz nəfsində zikr etsən, Mən də səni Öz nəfsimdə zikr edərəm. Əgər məni bir toplum içində zikr etsən, Mən də səni mələklərin arasında – və ya belə dedi, daha xeyirli bir toplumun içində – zikr edərəm. Əgər Mənə bir qarış yaxınlaşsan, Mən sənə bir arşın yaxınlaşaram. Əgər Mənə bir arşın yaxınlaşsan, Mən də sənə bir qolac yaxınlaşaram. Əgər Mənə tərəf addımla gəlsən, sənə tərəf qaçaram.” Hədisin sənədi səhihdir. Buxari onu Qatadənin nəql etdiyi hədis olaraq təxric etmişdir. Həmin əsərdə Qatadə: “Allah, rəhməti ilə yaxındır” demişdir.
“Mənə şükür edin, Məni inkar etməyin!” Allah təalə, Ona şükür etməyi əmr etmiş, şükürün qarşılığında çoxlu xeyir verəcəyini vəd etmişdir. Allah buyurur: “O zaman Rəbbiniz bildirmişdi: Əgər şükür etsəniz, sizə artıraram, yox əgər nankorluq etsəniz, Mənim əzabım şiddətlidir.” (İbrahim, 7). İmam Əhməd demişdi: Bizə Ravh, o da Şöbədən, o da Qeys qəbiləsindən olan Fudeyl İbn Fədalədən, o da Əbu Rəca əl-Utarididən, onun belə dediyini rəvayət etmişdir: İmran İbn Hüseyn yanımıza gəldi. Əvvəllər üzərində görmədiyimiz ipək bir şalı var idi. Həmin şalı sonralar bir daha onun üzərində görmədik. O dedi: Rəsulullah (salləlahu aleyhi və səlləm) dedi: Allah kimə bir nemət verərsə, onun əlamətini yaratdıqlarının üzərində görmək istəyar.” Rəuh başqa rəvayətdə: “qulunun üzərində” demişdir.