Allah Təala mömin qullarını kafirlərlə dostluq qurmaqdan və möminləri buraxıb onları dost etməkdən çəkindirdi. Sonra da buna görə təhdid edərək buyurdu: “Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur” yəni, Allahın bu qadağasını saymazsa Allahdan uzaqlaşmış olar. Necə ki, Allah Təala demişdir: “Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (Ən-Nisə, 144). Başqa bir ayədə buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” (Əl-Maidə, 51). O buyurur: “Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz)… Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.” (Əl-Mumtəhinə, 1).
Allah Təala muhacir, ənsar və ərəb möminləri qoyub, digərlərini dost tutmaqdan bəhs etdikdən sonra dedi: “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Əl-Ənfal, 73).
“Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır” Yəni, yalnız bəzi ərazilərdə və ya vaxtlarda onların şərindən qorxan kəs müstəsnadır. O, daxildən və niyyəti ilə deyil, xaricdən onlardan çəkinə bilər. Necə ki, Buxari Əbud-Dərdadan onun belə dediyini rəvayət etmişdir: “Biz elə kimsələrin üzlərinə gülərdik ki, qəlblərimiz onlara lənət edirdi”.
Səvri demişdir: İbn Abbas (radiyAllahu anhu): “Təqiyyə əməl ilə olmaz, ancaq dil ilə olar” demişdir. Əvfinin rəvayətində də İbn Abbas: “Təqiyyə ancaq dillə olar” demişdir. Əbul Aliyə, Əbuşşasa, Dəhhak və Rəbi ibn Ənəs də belə demişlər. Onların dedikləri sözü bu ayə gücləndirir: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.” (Ən-Nəhl, 106).
Buxari demişdir: “Həsən Basri: “Təqiyyə qiyamətə qədər davam edəcəkdir” — demişdir.
Sonra Allah Təala “Allah sizi Özündən çəkindirir” dedi. Yəni özünə müxalif olanları qəzəbindən, düşmənlərini dost, dostlarını düşmən bilənləri də şiddət və əzabı ilə qorxudur deməkdir. Sonra belə dedi: “Dönüş də ancaq Allahadır”. Yəni hər kəsə onun öz əməlinin müqabilini vermək üçün dönüş və gediş yalnız Onadır.
İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Suveyd ibn Səid danışdı, bizə Muslim ibn Xalid danışdı, o da İbn əbi Hüseyndən, o da Abdurrahmən ibn Sabitdən nəql etdi ki, Amr ibn Meymun dedi: “Muaz ibn Cəbəl aramızda idi. O ayağa qalxıb dedi: “Ey Əvd oğulları (yəmənlilər). Mən, Allah Rəsulunun sizə göndərdiyi elçiyəm. Bilirsiniz ki, həqiqətən dönüş ya cənnətə və ya cəhənnəmədir”.