Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Bu ayə nəsəb yolu və ona hökmcə tabe olan əmizdirmə və qadın tərəfdən qohumluq əlaqələri ilə haram olanları bildirən ayədir. Necə ki, İbn əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Sufyan ibn Həbibdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, o demişdir: “Yeddi qadın sizə nəsəb yolu, yeddisi də zövcə tərəfdən qohumluq ilə haram edildi.” Sonra da bu ayəni oxudu “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız…”.

Bizə Əbu Səid ibn Yəhya ibn Səid danışdı, bizə Əbu Əhməd danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da İsmayıl ibn Rəcadan, o da İbn Abbasın mövlası Umeyrdən, o da İbn Abbasdan, o demişdir: “Nəsəbdən yeddi və zövcə tərəfdən olan qohumlardan da yeddi qadın haram edildi”. Sonra “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları…”. oxudu və dedi: “Bunlar nəsəb yolu ilə haram olanlardır.”

Cumhur alimlər “qızlarınız” kəlməsinin ümumiliyini dəlil götürərək, zinadan doğulan qızın da haram olduğunu söyləmişlər. Çünki o da qızdır və ayənin ümumi anlamına daxildir. Necə ki, Əbu Hənifə, Məlik və Əhməd ibn Hənbəlin məzhəbləri də belədir.

Şəfiidən isə mübah olduğu nəql edilmişdir. Çünki o şəriətlə qız deyildir. Eyni zamanda “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” (ən-Nisə, 11) ayəsinin hökmünə də daxil deyil. Çünki o icma ilə varis sayılmır. Eyni şəkildə bu ayənin hökmünə də daxil deyil. Allah ən doğrusunu biləndir.

Sizi əmizdirən süd analarınız, süd bacılarınız” yəni, səni doğan ana sənə haram olduğu kimi, əmizdirən də sənə haramdır. Buna görə Buxari və Muslim, iki Səhihdə Malik ibn Ənəsdən, o da Abdullah ibn Əbubəkr ibn Muhəmməd ibn Amr ibn Həzmdən, o da Əmrə bint Əbdurrəhmandan, o da möminlərin anası Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Həqiqətən də əmizdirmək, doğuşdan haram olanları haram edir.” Muslimin mətni isə belədir: “Nəsəbdən nə haram sayılır, əmizdirmədən də haram sayılır.”

Bəzi fəqihlər demişlər: “Nəsəb baxımından haram olanların hamısı əmizdirmə ilə də haram olar, yalnız dörd məsələ istisnadır.” Bəziləri altı məsələnin istisna olduğunu demişlər ki, bu da fiqh kitablarında qeyd edilmişdir. Doğrusu budur ki, bunun heç bir istisnası yoxdur. Çünki onların bəziləri kimisi nəsəbdə var. Bəziləri də, yalnız zövcə tərəfdən qohumluğa görə haram olur. Əlbəttə ki, hədisə əlavə ediləcək heç bir şey əslən yoxdur. Həmd Allaha məxsusdur.

Sonra alimlər haram edən əmizdirmənin sayında da ixtilaf etmişlər. Bəziləri ayənin ümumi mənasına baxaraq sırf əmizdirmə ilə haram olduğunu demişlər. Bu da İmam Məlikin görüşüdür. İbn Ömərdən də bu cür rəvayət edilmişdi. Səid ibn Musəyyəb, Urvə ibn Zubeyr və Zuhri də bu görüşdə idilər.

Digərləri isə üç əmizdirmədən az olanın haram etmədiyini demişlər. Çünki Səhih Muslimdə, Hişam ibn Urvə yolundan, o da atasından, o da Aişədən rəvayət etdiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir-iki əmmə haram etməz.”

Qatadə demişdir: Əbu Xəlildən, o da Abdullah ibn Harisdən, o da Ummu Fadldan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm): “Bir-iki əmizdirmə, bir-iki dəfə sormaq haram etməz.” – demişdir. Başqa bir mətndə isə: “Bir-iki dəfə sormaq haram etməz” – demişdir. Bunu Muslim rəvayət etmişdir. Bu görüşdə olanlar: İmam Əhməd ibn Hənbəl, İshaq ibn Rahaveyh, Əbu Ubeyd və Əbu Səvrdir. Bu görüş, Əli, Aişə, Ummu Fadl, İbn Zubeyr, Süleyman ibn Yasər və Səid ibn Cubeyrdən rəvayət edilmişdir. Allah onlara rəhmət etsin.

Digərləri də: Beş əmməkdən azı haram etməz, demişlər. Çünki Səhih Muslimdə sabit olduğuna görə, Malikdən, o da Abdullah ibn Əbubəkrdən, o da Amrədən, o da Aişədən (radiyallahu ənhə), o demişdir: “Qurandan nazil olanlar arasında “on məlum əmmək haram edər” kəlməsi vardı. Sonra “beş məlum əmmək haram edər” ayəsi ilə nəsx edildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman bunlar Qurandan oxunurdu.

Abdurrəzzaq isə Mamərdən, o da Zuhridən, o da Urvədən, o da Aişədən oxşarını rəvayət etmişdir. Səhlə bint Suheylin hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) ona Əbu Huzeyfənin mövlası Səlimi beş dəfə əmizdirməyi buyurmuşdur. Aişə də yanına gəlmək istəyənin beş dəfə əmizdirilməsini əmr edərdi. Şəfii rahiməhullah ilə dostları bunu demişlər.

Sonra məlum olsun ki, əmizdirmənin kiçik yaşlarda olması labüddür. Belə ki, iki ildən daha az olmalıdır. Cumhurun görüşü də budur. əl-Bəqərə surəsinin: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər” (əl-Bəqərə, 233) ayəsində bu barədə danışdıq.

Sonra da kişinin zövcəsinin əmizdirdiyi südün kişinin qohumlarını haram etməsi mövzusunda ixtilaf etdilər. Cumhura, dörd imama və digərlərinə görə haram edər. Bəzi sələflərə görə də, əmizdirmə anaya xas bir haldır, ata tərəfə keçməz. Bütün bunlar “əl-Əhkəmul-Kəbir” kitabında qeyd edilmişdi.

Arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir” Cinsi əlaqədə olub olmamasından asılı olmayaraq, qadın ilə nikah müqaviləsi bağlamaq onun anasının haram olmasına kifayət edir. Amma ögey qızın yəni, qadının öz qızının haram sayılması üçün, onun anası ilə nikah müqaviləsi bağlamaq kifayət etmir. Gərək ögey qızın anası ilə yaxınlıq edilsin. Əgər kişi həmin qadını cinsi əlaqədə olmadan boşayarsa, onun qızı ilə evlənməsi icazəlidir. Buna görə buyurur: “yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir”. Yəni, onlarla evlənmək günah deyil. Bu da yalnız ögey qızlara aiddir. Bəziləri əvəzliyin həm analara həm də ögey qızlara aid olduğunu düşünərək demişlər: “Cinsi əlaqə olmayınca, yalnız nikah müqaviləsinin olması ilə nə ana, nə də qız haram hesab edilə bilməz. Çünki “yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir” deyilmişdir.

İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə İbn Əbi Adiy ilə Abdul-Alə danışdı, onlar da Səiddən, o da Qatadədən, o da Xilas ibn Amrdan, o da Əlidən (radiyallahu ənh), onun “Bir adam qadınla evlənib onunla əlaqədə olmadan boşanarsa, onun anası ilə evlənə bilər?” sualına belə cavab verdiyini rəvayət etmişdir: “O, ögey qız hökmündədir.”

Bizə İbn Bəşşar danışdı, bizə Yəhya ibn Səid danışdı, o da Qatadədən, o da Səid ibn Musəyyəbdən, o da Zeyd ibn Sabitdən, o deyir: “Bir adam zövcəsini onunla əlaqədə olmadan boşasa, onun anası ilə evlənməkdə günah yoxdur.”

Bir rəvayətdə deyilmişdir: Qatadədən, o da Səiddən, o da Zeyd ibn Sabitdən, o belə deyərdi: Əgər qadın kişinin yanında ölsə və kişi onun mirasını götürsə, anasını alması məkruhdur. Cinsi əlaqədə olmadan boşasa, istəsə bunu edə bilər.

İbn Munzir demişdir: Bizə İshaq danışdı, o da Abdurrəzzaqdan, o da İbn Cureycdən, o deyir: Mənə Əbubəkr ibn Hafz xəbər verdi, o da Muslim ibn Uveymir əl-Əcdadan, ona Bəkr ibn Kinanənin belə xəbər verdiyini dedi: Atası onu Taifdə bir qadınla evləndirdi. O deyir: “Mən onunla əlaqəyə girməmiş, qadının anasını almış əmim öldü. Qadının anası da malı çox olan biri idi. Atam dedi: “Onun anası ilə evlənmək istəyirsən?” Mən də bunu İbn Abbasdan soruşdum və ona bu haqda xəbər verdim. İbn Abbas: “Anası ilə evlən” – dedi. İbn Ömərdən soruşdum o: “Onunla evlənmə” – dedi. Mən də İbn Abbasın və İbn Ömərin dediyini atama danışdım. O da Muaviyyəyə məktub yazdı. Ona İbn Ömər ilə İbn Abbasın dediyi sözləri xəbər verdi. Muaviyyə belə cavab yazdı: “Mən, Allahın haram etdiyini halal etmərəm, halal etdiyini də haram etmərəm. Sən və o, bilirsiniz ki, həmin qadından başqa qadınlar çoxdur.” Mənə nə qadağan etdi, nə də icazə verdi. Atam da həmin qadının anasından üz çevirərək, məni onunla evləndirmədi.

Abdurrəzzaq dedi: Bizə Mamər xəbər verdi, o da Simak ibn Fadldan, o da Abdullah ibn Zubeyrdən, o deyir: “Ögey qız, ana ilə eynidir. Qadınla əlaqədə olmayıbsa, eyib etməz.” Bunun isnadında adı bəlli olmayan kişi vardır.

İbn Cureyc demişdir: Mənə İkrimə ibn Xalid xəbər verdi ki, Mucahid ona belə demişdir: “arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları” burada ikisi üçün də cinsi əlaqə istənmişdi.” Gördüyün kimi bu söz Əlidən, Zeyd ibn Sabitdən, Abdullah ibn Zubeyrdən, Mucahiddən, Səid ibn Cubeyrdən və İbn Abbasdan rəvayət edilmişdir. Muaviyyə isə bu məsələdə dayanmışdır. Şəfiilərdən Əbu Həsən Əhməd ibn Muhəmməd əs-Sabuni də bu görüşü dəstəkləmişdi. Necə ki, bu, Rafiinin Abaddan olan nəqlində bildirilir. Sələf və xələfdən olan cumhur (əksər) alimlər buna müxalif olmuşlar. Onlar ögey qızın anası ilə nikah müqaviləsini bağlamaq onun haramlığına kifayət etmir rəyini söyləmiş və ögey qız, yalnız onun anası ilə yaxınlıq edildikdə haram sayılır demişlər. Anada isə belə deyil. Onun haram olması üçün, ögey qız ilə kəbin kəsilməsi kifayət edir.

İbn Məsuddan da belə nəql edilmişdir, sonra ondan dönmüşdür.

Təbərani belə demişdir: Bizə İshaq ibn İbrahim əd-Dəbəri danışdı, bizə Abdurrəzzaq danışdı, o da Səvridən, əbu-Fərvədən, Əbu Amr əş-Şeybanidən, İbn Məsudun belə dediyini rəvayət etmişdir: Fəzarənin Şəmh oğullarından bir adam bir qadınla evləndi. Anasını gördü, çox bəyəndi. İbn Məsuddan fətvasını soruşdu. O da ondan ayrılmasını, sonra da anası ilə evlənməsini söylədi. O da onunla evləndi, uşaqları oldu. Sonra İbn Məsud Mədinəyə gəldi, ona sual verildi, bunun halal olmadığını söylədi. Kufəyə qayıdanda isə o adama dedi: O qadın sənə haramdır, ondan ayrıl.

İbn əbu Hatim demişdir: Bizə Cəfər ibn Muhəmməd ibn Harun ibn Əzrə danışdı, bizə Əbdulvəhhab danışdı, o da Səiddən, o da Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Bir adam bir qadınla əlaqədə olmadan onu boşasa, yaxud qadın ölərsə, qadının anası ona halal olmaz.” O demişdir: “O, naməlumdur.”  Bununla da bəyənməmişdi.

Sonra demişdir: İbn Məsud, İmran ibn Hüseyn, Məsruq, Tavus, İkrimə, Əta, Həsən, Məkhul, İbn Sirin, Qatadə və Zuhridən də eynisi rəvayət edilmişdir. Dörd məzhəb imamının, yeddi fiqh aliminin və əksər köhnə və yeni fəqihlərin də fikri belədir. Həmd və minnət Allaha məxsusdur.

İbn Cərir demişdir: “Doğru söz, “Ana naməlum olanlardandı” deyənlərin sözüdür. Çünki Allah təala onlarda cinsi əlaqəni şərt etməmişdir. Necə ki, bunun ögey qızların analarında şərt etmişdir. Üstəlik bunda icma da vardır ki, ittifaqla edilən icmaya müxalif olmaq icazəli deyildir. Bu barədə eyni zamanda Rəsulullahdan (salləllahu aleyhi və səlləm) da xəbər rəvayət edilmişdi. Lakin sənədində şübhə vardır. O da budur: Mənə Musənna danışdı, bizə Hibban ibn Musa danışdı, bizə İbn Mubarək danışdı, bizə əl-Musənna ibn Sabbah xəbər verdi, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir adam bir qadınla evlənərsə, anası ilə evlənməyi icazəli deyildir. İstər qızı ilə cinsi əlaqədə olsun, istərsə də olmasın. Ana ilə evlənib onunla əlaqədə olmadan boşanarsa, istəsə qızı ilə evlənə bilər.” Sonra dedi: “Bu xəbərin isnadında hər nə qədər şübhə olsa da, onun doğruluğuna dair icma edilməsi, səhihliyi üçün başqa bir dəlil axtarmağı gərək etmir.”

Himayənizdə olan ögey qızları”: Cumhur bu fikirdədir: “Ögey qız istər himayə altında olsun, istər olmasın, eynidir.” Bu xitab əksər hallarda baş verəni ifadə edir. Onun məfhumu yoxdur. Bu ayədə olduğu kimi: “Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin.” (ən-Nur, 33). İki Səhihdə bildirilir ki, Ummu Həbibə belə demişdir: “Ey Allahın Rəsulu, bacım, Əbu Sufyanın qızı- Müslimin mətnində belədir: Əbu Sufyanın qızı Əzzəh – ilə evlən.” O da dedi: “Bunu çox istəyirsən?” O da dedi: “Bəli, tək deyiləm, xeyirdə mənə şərik olanın bacımın olmasını istəyirəm.” O da dedi: “Bu mənim üçün halal deyildir.” O da dedi: “Biz sənin Əbu Sələmin qızı ilə evlənəcəyini eşitmişik.” O da dedi: “Ummu Sələmənin qızı ilə?” O da: “Bəli” – dedi. O da dedi: “Əgər o mənim himayəm altında böyüyən ögey qızım olmasa idi, yenə mənə halal olmazdı. Çünki o mənim süd qardaşımın qızıdır. Məni də Əbu Sələməni də Suveybə əmizdirib. Artıq mənə nə qızlarınızı nə də bacılarınızı təklif etməyin.”

Buxarinin rəvayəti isə belədir: Mən, Ummu Sələmə ilə evli olmasam belə, mənə halal deyildir.” Burada haramlığın səbəbini yalnız Ummu Sələmə ilə evli olduğunu göstərmişdir və buna görə haram hökmünü vermişdir. Bu da dörd imamın, yeddi fəqihin, xələf və sələfin cumhurunun görüşüdür.

Belə də deyilmişdir: Ögey qız yalnız kişinin himayəsi altında haram olar. Belə deyilsə, haram deyil.

İbn əbu Hatim demişdir: Bizə əbu Zura danışdı, bizə İbrahim ibn Musa danışdı, bizə Hişam yəni, İbn Yusuf danışdı, o da İbn Cureycdən, mənə İbrahim ibn Ubeyd ibn Rifaa danışdı, mənə Malik ibn Əvs ibn Hədəsən xəbər verib dedi: “Bir qadınım vardı. O, vəfat etdi. Mənə uşaq doğurdu. Mən də üzüldüm. Əli ibn Əbu Talib ilə qarşılaşdım, o dedi: “Sənə nə olub?” Mən də dedim: “O qadın öldü.” Əli dedi: “Qızı varmı?” Mən dedim: “Bəli, Taifdədir.” O dedi: “Sənin himayəndə idi?” Mən dedim: “Xeyr, o, Taifdədir.” O da dedi: “Onunla evlən.” Mən dedim: “sizə haram edildi himayənizdə olan ögey qızları” ayəsi necə olsun?” O da dedi: “O sənin himayəndə deyildi, himayəndə olsa idi haram olardı.” Bu isnad qüvvətli və sabitdir. Əli ibn Əbu Talibə söykənir. Muslimin şərtinə uyğundur. Bu görüş olduqca qəribədir. Davud ibn Əli əz-Zahiri ilə dostları bu fikirdədirlər. Bunu Əbu Qaşım ər-Rafi də Məlikdən rahiməhullah rəvayət etmişdir. Bunu İbn Həzm də tərcih etmişdir. Şeyximiz Əbu Abdullah Zəhəbi mənə danışdı ki, o bunu şeyx, imam, təqiyyuddin İbn Teymiyyəyə (rəhmətullahi aleyh) ərz etmiş, o da bunu müşkül saymış və məsələdə dayanmışdır. Allah ən doğrusunu biləndir.

İbn Munzir demişdir: Bizə Əli ibn Əbduləziz danışdı, bizə Əsrəm danışdı, o da Əbu Ubeydədən, o, “himayənizdə olan ögey qızları” ayəsi barəsində belə demişdir: “Yəni, evlərinizdə olanlar.”

Cariyə olan ögey qıza gəldikdə, imam Məlik ibn Ənəs demişdi: İbn Şihabdan rəvayət edilir ki, Ömər ibn Xəttaba cariyə qadın və qızı barəsində, onların birindən sonra o biri ilə yaxınlıq etmək olar deyə sual verildi. Ömər dedi: “İkisini birdən yoxlamağı xoşlamıram.” O, “kənizim olduqlarında ikisi ilə birdən yaxınlıq etməyi” qəsd edir. Bu isnadda qopuqluq vardır.

Suneyd ibn Davud təfsirində demişdir: Bizə Əbu Əhvas danışdı, o da Tariq ibn Əbdurrəhmandan, o da Qeysdən, o dedi: İbn Abbasdan soruşdum: “Bir adam köləsi olan bir qadın və qızı ilə yaxınlıq edər?” O dedi: “O ikisini bir ayə halal etdi, bir ayə də haram etdi. Mən olsam etmərəm.”

Şeyx Əbu Ömər ibn Əbdülbər (rahiməhullah) demişdir: “Alimlər arasında, cariyə qadın və onun qızı ilə yatmağın hər kəsə haram olması barədə ixtilaf yoxdur. Çünki Allah təala bunu nikahda haram etmiş və demişdir: “Sizə haram edildi arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları”. Cariyəlik onlara görə nikah hökmünə tabedir. Ömər ilə İbn Abbasdan gələn rəvayətlər istisnadır. Nə fitva imamlarından nə də onlara tabe olanlardan heç kim bu görüşdə deyil. Hişam da Qatadədən belə rəvayət etmişdir: “Ögey qızının qızı və qızının qızı çox qarın aşağı ensə də yenə yararlı (icazəli) deyil.” Qatadə də Əbul-Aliyədən bu cür rəvayət etmişdir.

Yaxınlıq etdiyiniz” kəlməsinin mənası, evləndiyiniz, deməkdir. Bunu İbn Abbas və bir çoxları demişdir.

İbn Cureyc isə, Ətanın belə dediyini rəvayət etmişdir: “O, kişiyə gəlin olaraq gətirilir, çadrasını çıxarır, baxış keçirir və yaxınlıq edir.” Mən də dedim: “Bunu qadının ailəsinin evində etsə necə?” O da dedi: “İkisi də eynidir. Bu kifayətdir ki, qızını ona haram etsin.”

İbn Cərir demişdir: “Bütün alimlərin icma etdiyi odur ki, əgər bir adam qadını ilə xəlvətdə qalsa, ona toxunmadan, əl dəymədən, övrət yerinə şəhvətlə baxmadan boşayarsa, qızı ona haram olmaz. Bu da mənanın qadınla cinsi əlaqəyə girmək olduğunu göstərir.

“Öz belinizdən gələn oğullarınızın arvadları” yəni, öz bellərinizdən gələn oğullarınızın arvadları da sizə haram edildi. Bu da cahilliyədə olan övladlıq iddiasını kənara qoymaq üçündür. Allah təala buyurur: “Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman möminlərə heç bir sıxıntı olmasın”. (əl-Əhzab, 37).

İbn Cureyc demişdir: Ətadan “Öz belinizdən gələn oğullarınızın arvadları” barəsində soruşdum və o dedi: “Allah ən doğrusunu biləndir, biz belə danışırdıq: Rəsulullah (salləllahu aleyhi və səlləm), Zeydin zövcəsi ilə evləndikdə, müşriklər Məkkədə dedi-qodu yaydılar. Buna görə Allah təala bu ayələri nazil etdi: “Öz belinizdən gələn oğullarınızın arvadları” və “Allah özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir” (əl-Əhzab, 4), “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir” (əl-Əhzab, 40).

İbn əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Muhəmməd ibn Əbubəkr əl-Muqaddimi danışdı, bizə Curh ibn əl-Haris danışdı, o da Əşasdan, o da Həsən ibn Muhəmməddən, o demişdir: Bu “oğullarınızın arvadları” və “qadınlarınızın anaları” ayələri qapalıdır. Sonra İbn əbu Hatim demişdir: Tavus, İbrahim, Zuhri və Məkhuldan da bənzəri rəvayət edilmişdir.

Mən də deyirəm: Qapalıdır sözü, cinsi əlaqədə olub-olmadığı haqqında ümumi məna daşıyır. Buna görə sırf əqd ilə haram olur. Bu da üzərində ittifaq edilən bir haldır. Əgər deyilsə ki, süd oğlunun zövcəsi haradan haram olur? Necə ki, bu, cumhurun rəyidir. Bəzi insanlar icmadan bəhs edir, halbuki, o belindən deyildir? Cavab belədir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qohumluqla haram olanlar əmizdirməkdən də haram olur.”

Və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir” Yəni, iki bacını cəm edərək birlikdə almanız sizə haram edildi. Cariyə olmaları halı da eynidir. Cahilliyə vaxtında olanlar istisnadır. Onu əfv etdik və sizə bağışladıq. Bu da bunun gələcəkdə təkrarının, keçmişdə də istisnasının olmadığını bildirir. Necə ki, buyurur: “orada ilk ölüm xaric, ölüm dadmazlar” (əd-Duxan, 56). Bu da ölümü heç bir zaman dadmayacaqlarını göstərir. Səhabə və tabiinlər, keçmiş və indiki imamlar, iki bacını nikahda birləşdirməyin haram olduğu üzərində icma etmişlər. Kim iki bacıya sahib ikən İslamı qəbul edərsə, ona ikisindən birini boşaması barədə seçimi verilər.

İmam Əhməd ibn Hənbəl demişdir: Bizə Musa ibn Davud danışdı, bizə İbn Lehya danışdı, o da Əbu Vəhb əl-Ceyşanidən, o da Dəhhak ibn Feyruzdan, o da atasından, o deyir: “Müsəlman olduğum zaman, iki bacı ilə evli idim. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə ikisindən birini boşamağı əmr etdi.” Sonra bunu İmam Əhməd, Tirmizi və İbn Macə də İbn Ləhyədən rəvayət etmişlər. Bunu Əbu Davud ilə Tirmizi də, Yəzid ibn əbu Həbibdən, ikisi də Əbu Vəhb əl-Ceyşanidən rəvayət etmişlər. Tirmizi demişdir: “Onun adı, Deyləm ibn Həvşədir.” Dəhhak ibn Firuz əd-Deyləmidən, o da atasından bu cür rəvayət etmişdir. Tirmizinin bir mətni də belədir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “İkisindən istədiyini seç.” Sonra Tirmizi: “Həsən, səhihdir” – demişdir.

Bunu İbn Macə başqa isnadla rəvayət etmişdir və demişdir: Bizə Əbubəkr ibn əbu Şeybə danışdı, bizə Abdussəlam ibn Harb danışdı, o da İshaq ibn Abdullah ibn əbu Fərvədən, o da Əbu Vəhb əl-Ceyşanidən, o da Əbu Xiraş ər-Ruaynidən, o da Deyləmidən, o dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldim, yanımda iki bacı var idi. Onlarla cahilliyə zamanı evlənmişdim. O dedi: “Geri döndüyün zaman birini boşa.”

Mən də deyirəm ki, bu Əbu Xiraşın elə Dəhhak ibn Firuz olma ehtimalı vardır. Başqası olma ehtimalı da vardır. O zaman Əbu Vəhb bunu iki kişidən, Firuz əd-Deyləmidən rəvayət etmiş olur. Allah ən doğrusunu biləndir.

İbn Mərduveyh demişdir: Bizə Abdullah ibn Yəhya ibn Muhamməd ibn Yəhya danışdı, bizə Əhməd ibn Yəhya əl-Xəvlani danışdı, bizə Heysəm ibn Xaricəh danışdı, bizə Yəhya ibn İshaq danışdı, o da İshaq ibn Abdullah ibn əbu Fərvədən, o da Zurayq ibn Həkimdən, o da Kəsir ibn Murrədən, o da Deyləmidən, o deyir: Mən dedim: “Ey Allahın Rəsulu nikahımda iki bacı vardır.” O da dedi: “Hansını istəyirsən boşa.” Öncə qeyd olunan Deyləmi, Dəhhak ibn Firuz Deyləmidir radiyallahu anhu. Əbu Zura Diməşqi demişdir: O, Abdulməlik ibn Mərvana yaxın olanlardan idi. İkincisi Əbu Firuz Deyləmidir radiyallahu anhu. O da yalançı peyğəmbər və məlun, Əsvəd əl-Ənsiy əl-Mutənəbbini öldürmək tapşırığını alan Yəməndəki ordu başçılarından biri idi.

Cariyə olaraq iki bacını birlikdə almaq, bu ayənin ümumi hökmünə görə haramdır. İbn əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Hammad ibn Sələmə danışdı, o da Qatadədən, o da Abdullah ibn əbu İnəbədən – yaxud Utbədən – o da İbn Məsuddan, ona iki bacını birlikdə alan adam haqqında sual verdilər. O bunu bəyənmədi. Sonra kişi – yəni sual verən – ona dedi: Axı Allah buyurur ki, “Yalnız sağ əllərinizin sahib olduğu istisnadır”. İbn Məsud (radiyallahu ənh) dedi: “Dəvən də sağ əlinin sahib olduğudur.” Cumhurdan və dörd imamdan və digərlərindən məşhur olan rəy budur. Baxmayaraq ki, bəzi sələflər bu məsələdə dayanmışlar. İmam Məlik demişdir: İbn Şihabdan, o da Qabisa ibn Zueybdən nəql etdi ki, bir nəfər Osmandan cariyə olan iki bacı ilə birlikdə evlənmək barəsində soruşdu. Osman dedi: “Onları bir ayə halal etdi, bir ayə haram etdi, mən olsam etmərəm.” O da Osmanın yanından çıxdı. Yolda Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən birinə rast gəldi və ondan da soruşdu. O da belə dedi: “Əgər mənim səlahiyyətim olsa idi və belə bir iş tutan adam əlimə düşsəydi, onu aləmlərə ibrət edərdim.” Malik dedi: İbn Şihəb dedi: “Düşünürəm o adam Əli ibn Əbu Talib idi.” O dedi: Zubeyr ibn Əvvamdan da buna oxşarı mənə çatmışdı.”

Şeyx Əbu Ömər ibn Əbdülbər ən-Nəmri rahiməhullah “Əl-İztiskar” əsərində deyir: “Qabisa ibn Zueybin Əli ibn əbu Talibin adını anmamaq istəməsi, onun Abdulməlik ibn Mərvan ilə dostluğuna görə idi. Onlar Əli ibn əbu Talibin (radiyallahu ənh) adını anmaq istəməzdilər.”

Sonra Əbu Ömər rahiməhullah demişdir: Mənə Xələf ibn Əhməd rahiməhullah dəftərindən oxuyaraq danışdı ki, onlara Xələf ibn Muttarif danışdı, bizə Əyyub ibn Suleyman, Səid ibn Suleyman və Muhəmməd ibn Ömər ibn Lubabə danışdılar və dedilər: “Bizə Əbu Zeyd Abdurrəhman ibn İbrahim danışdı, bizə Əbu Abdurrəhman əl-Muqri danışdı, o da Musa ibn Əyyub əl-Ğafiqidən, mənə əmim İyas ibn Amir danışdı, o dedi: Əli ibn əbu Talibə sual verdim: “İki bacı cariyəm var. Biri mənə uşaqlar doğdu. Sonra digərinə meylimi saldım. Nə edim?” Əli radiyallahu anhu dedi: “Əlaqədə olduğunu azad et, sonra digəri ilə əlaqədə olarsan.” Mən dedim: “İnsanlar mənə dedilər: “Onunla evlən, sonra digəri ilə əlaqədə ol.” Əli dedi: “De görüm əri onu boşasa yaxud ölsə, sənə qayıtmayacaq? Elə isə onu azad etməyin sənin üçün ən doğru olandır.” Sonra Əli əlimdən tutdu və dedi: “Allahın Kitabında azad qadınlardan nə haramdırsa, cariyələrdən də eynisi haramdır, yalnız say – və ya dedi: dörd – xaricdir. Sənə Allahın Kitabında qan qohumluğundan nə haramdırsa, əmizdirmədən də eynisi haramdır.”

Sonra Əbu Ömər dedi: “Bu hədis üçün səfər etməyə dəyər. Bir adam uzaq şərqdən yaxud uzaq qərbdən Məkkəyə yola düşsə, bundan başqa bir hədis tapa bilməsə belə dəyər.”

Mən deyirəm: “Osmandan rəvayət edilənin bənzəri Əlidən də rəvayət edilmişdir.”

Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Muhəmməd ibn Abbas danışdı, mənə Muhəmməd ibn Abdullah ibn Mubarək əl-Muxarrimi danışdı, bizə Abdurrəhman ibn Ğəzvan danışdı, bizə Sufyan danışdı, o da Amr ibn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan, o dedi: Əli ibn əbu Talib mənə belə dedi: “Onları, yəni iki bacını, bir ayə haram etdi, bir ayə də halal etdi.” İbn Abbas demişdir: “Onları, yəni cariyələri, bir-birlərinə qohumluq deyil, mənim onlara qohum olmağım haram edər. Cahiliyyədə, sizin haram saydıqlarınız haram sayılırdı. Yalnız atanın zövcəsi və iki bacını birlikdə almaq müstəsna idi. İslam gələndə, Allah təala bu iki ayələri nazil etdi: “Olub keçənlər istisna olmaqla atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” (ən-Nisə, 22) ilə “Və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir” ayələri. Yəni, evlilikdə.

Əbu Ömər demişdir: İmam Əhməd ibn Hənbəl belə rəvayət etmişdir: Bizə Muhəmməd ibn Sələmə danışdı, o da Hişamdan, o da İbn Sirindən, o da İbn Məsuddan, o deyir: “Azad qadın barəsindəki haramlar, cariyədə də haramdı. Yalnız say xaricdir.” İbn Sirin ilə Şəbidən eynisini rəvayət edilmişdir.

Əbu Ömər rahiməhullah demişdir: Osmanın görüşünün bənzəri digər sələflərdən də rəvayət edilmişdi. İbn Abbas da onlardan biridir. Amma onlara etiraz edilmişdir. Ölkələrin, Hicazın, nə İraqın, nə onun arxasındakı şərqin, nə Şamın, nə məğribin fəqihləri buna önəm verməmişlər. Yalnız zahirinə tabe olub, qiyası qəbul etməməklə onların camaatından ayrılan tək-tük insanlar müstəsnadır. Bunu edənlər bizim icma etdiyimiz şeyi tərk etmişlər. Fəqihlərin toplusu nikahla iki bacını birlikdə almağın haram sayıldığı kimi, cariyə iki bacını da birlikdə alaraq yaxınlıq etməyin haram olduğunda ittifaq etmişlər. Müsəlmanlar “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız” ayəsindəki “haram edildi” kəlməsinin nikah və köləlikdə eyni məna daşımasında ittifaq etmişlər. İki bacını birləşdirməyə ictihad və qiyas anlamı ilə baxsaq, qadınların analarını və ögey qızları da birləşdirmək haramdır. Cumhura görə də belədir. Onlar muxaliflərinə və özlərinə qarşı çıxan azlığa qarşı dəlildirlər.

Sahib olduğunuz cariyələr istisna olmaqla iffətli qadınları almaq da” yəni, yad qadınlar da sizə haram edildi. Onlar ərləri olan qadınlardır. “Sahib olduğunuz cariyələr istisna olmaqla” yəni, əsir götürülərək sahib olduğunuz xaricdir. Onların gözləmə vaxtları bitdikdən sonra onlarla yaxınlıq sizə halal edildi. Həmin ayə bu xüsusda nazil olmuşdur.

İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Sufyan Səvri xəbər verdi, o da Osman əl-Bəttidən, o da Əbu Səid əl-Xudridən, o dedi: “Əvtas döyüşündə ərləri olan qadınları əsir aldıq. Ərləri olduğu halda onlarla əlaqəyə girməkdən çəkindik. Bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduq. Bu səbəbdən “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi nazil edildi. Biz də onları özümüzə halal etdik.

Tirmizi də Əhməd ibn Mənidən, o da Huşeymdən bu cür rəvayət etmişdir. Bunu Nəsai də, Sufyan Səvridən, Şubə ibn Həccacdan, üçü də Osman əl-Bəttidən rəvayət etmişlər. Bunu İbn Cərir də, Əşas ibn Səvvaridən, o da Osman əl-Bəttidən rəvayət etmişdir. Bunu Muslim də öz Səhihində Şubədən, o da Qatadədən, ikisi də Əbu Xəlil Salih ibn əbu Məryəmdən, o da Əbu Səid əl-Xudridən rəvayət etmişdir. Bunu Abdurrəzzaq da Mamərdən, o da Qatadədən, o da Əbu Xəlildən, o da Əbu Səid əl-Xudridən bu cür rəvayət etmişdir.

Başqa bir yöndən isə, Əbu Xəlildən, o da Əbu Əlqamə əl-Haşimidən, o da Əbu Səid əl-Xudridən rəvayət etmişdir.

İmam Əhməd demişdir: Bizə İbn əbu Adiy danışdı, o da Səiddən, o da Qatadədən, o da Əbu Xəlildən, o da Əbu Əlqamədən, o da Əbu Səid əl-Xudridən nəql edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri Əvtas döyüşü günü əsir götürdülər. Qadınların ərləri müşrik idi. Səhabələrdən bəziləri onlarla yaxınlığı günah saydılar.” O dedi: “Bu səbəbdən “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi nazil oldu.” Bunu Səid ibn əbu Ərubə yolu ilə Muslim, Əbu Davud və Nəsai rəvayət etmişlər. Muslim: “və Şubə” sözünü əlavə etmişdir. Bunu Tirmizi də Həmmam ibn Yəhyadan, üçü də Qatadədən, bənzər isnadla rəvayət etmişlər. Tirmizi demişdir: “Bu həsən hədisdir. Bu hədisdə Əbu Əlqaməni zikr edən birini tanımıram. Yalnız Hammamın Qatadədən olan rəvayəti istisnadır.” O, belə demişdir. Səid ilə Şubə də ona qatılmışlar. Allah ən doğrusunu biləndir.

Təbərani isə, Dəhhak yolu ilə, o da İbn Abbasdan belə rəvayət etmişdir: “Bu ayə Xeybər əsirləri haqqında idi.” Sonra Əbu Səiddən gələn hədisin eynisini qeyd etdi. Sələfdən bir qrupun rəyinə görə, cariyənin satılması onun ərindən boşanması sayılır. Bunu da bu ayənin ümumi mənasından almışdılar.

İbn Cərir demişdir: Bizə İbn Musənnə danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, o da Şubədən, o da Muğiradan, o da İbrahimdən nəql etdi ki, ondan, əri olan cariyənin satılması haqqında soruşuldu. O da belə cavab verdi: Abdullah ibn Məsud: “Onun satılması — boşanmasıdır” – deyərdi və bu ayəni oxuyardı: “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da”.

Bunu Sufyan da Mənsur, Muğira və Aməşdən, onlar da İbrahimdən, o da İbn Məsuddan rəvayət etmişdir. O demişdir: “Onun satışı boşanması sayılır.” Bu sənəd kəsikdir.

Sufyan əs-Səvri dedi: Xaliddən, o da Əbu Qiləbədən, o da İbn Məsuddan dedi: “Əri olan cariyə satılırsa, onunla yaxınlıq etməyə ən çox haqqı çatan sahibidir.”

Bunu Səid də, Qatadədən rəvayət etmiş və demişdir: Ubey ibn Kəb, Cabir ibn Abdullah və İbn Abbas demişlər: “Onu satmaq boşamaqdır.”

İbn Cərir demişdir: Mənə Yaqub ibn Uleyyə danışdı, o da Xaliddən, o da İkrimədən, o da İbn Abbasdan, o dedi: “Cariyənin altı növ boşanması var: Satmaq boşamadır, azad etmə boşamadır, bağışlamaq boşamadır, ərindən əlaqəsi kəsilməsi boşamaqdır, ərinin boşaması boşamaqdır.”

Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da İbn Musəyyəbdən, o, “evli qadınlar” kəlamı haqqında demişdir: “Onlar ərləri olan qadınlardır ki, Allah onlarla evlənməni haram etdi. Yalnız cariyə istisnadır. Onu satmaq boşamaqdır.” Mamər demişdir: “Həsən də bu cür dedi.”

Bunu Səid ibn əbu Ərubə də eyni cür rəvayət etmişdir: Qatadədən, o da Həsəndən, o, “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi barəsində demişdir: “Əri varsa, onu satmaq boşamaqdır.”

Avfi də Həsənin belə dediyini rəvayət etmişdir: “Cariyəni satmaq boşamaqdır, sahibinin satması da boşamaqdır.”

Bu, sələfin (rahiməhumullah) sözüdür. Cumhur isə köhnədən də, indi də onlara müxalif olmuşdur. Onlar cariyəni satmağın boşama olmadığı fikrindədirlər. Çünki müştəri satıcının vəkilidir. Satıcı da bu mənfəəti öz mülkündən çıxarıb, cariyəni onsuz satmışdır. Bu xüsusda iki Səhihdə və digərlərində rəvayət edilən Bərirə hədisini dəlil gətirmişdilər. Belə ki, möminlərin anası Aişə, onu satın alaraq azad olmasını təmin etmişdir. Nikahı isə əri Muğisdən pozulmamışdır. Belə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu nikahı buraxıb əri ilə qalması arasında öz ixtiyarına buraxmışdı. O da nikahı pozmağı seçmişdir. Onun hekayəsi məşhurdur. Əgər onların dediyi kimi, cariyəni satmaq boşama olsa idi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu öz ixtiyarına buraxmazdı. Seçim verməsi nikahın davam etməsini göstərir. Həmçinin ayədə məqsəd yalnız əsir qadınlardır. Allah ən doğrusunu biləndir.

Belə də deyilmişdir: “əlmuhsənətu minən nisəi” Yəni, iffətli qadınlar da sizə haram edilmişdir; nikahla, şahidlərlə, mehrlə və vəli ilə onlara sahib olana qədər belədir. İstər bir, iki, üç yaxud dörd olsunlar. İbn Cərir bunu Əbu Əliyədən, Tavus və digərlərindən nəql etmişdir. Ömər ilə Əbu Ubeydə “iffətli qadınları almaq da” ayəsi barəsində demişlər: “Dörddən artığı sizə haram edildi, yalnız cariyələr istisnadır.”

Allahın sizə buyurduğu hökmü belədir” yəni, bu haramlıq, Allahın sizə yazdığı bir yazıdır, Onun yazısına sarılın, Onun hüdudundan çıxmayın, şəriətinə və fərzinə tutunun.

Ubeydə, Əta və Suddi “Allahın sizə buyurduğu hökmü belədir” ayəsi barəsində demişlər: “Yəni, dörd yazısı.”

İbrahim də “Allahın sizə buyurduğu hökmü belədir” ayəsi barəsində demişdir: “Yəni, sizə haram qıldığı şeylərdə.”

Bunlardan başqaları sizə halal edildi” yəni, zikr edilən haramlardan başqası sizə halaldır. Bunu Əta və digərləri demişlər. Ubeydə ilə Suddi “Bunlardan başqaları sizə halal edildi” ayəsi barəsində: “Dörddən az olandır” – demişlər ki, bu da uzaq bir ehtimaldır. Doğrusu yuxarıda qeyd edilən Ətanın dediyidir.

Qatadə “Bunlardan başqaları sizə halal edildi” ayəsi barəsində demişdir: “Yəni sahib olduğunuz cariyələr.”

Bu ayə iki bacının bir yerdə almağın halal olduğunu sayanların və onları bir ayə halal etdi və bir ayə haram etdi deyənlərin dəlilidir.

Namuslu və zinakarlığa yol vermədən, öz malınızla axtarmağınız” yəni, malınızla dördə qədər evlənə bilər yaxud istədiyiniz qədər şəriət yolu ilə cariyə əldə edə bilərsiniz. Buna görə “Namuslu və zinakarlığa yol vermədən” deyilmişdir.

Qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş əvəzlərini verin” yəni, istifadə etdiyiniz qadınlara bunun qarşılığında mehrlərini verin. Necə ki, Allah təala buyurur: “Onu necə geri ala bilərsiz ki, siz bir birinizə qarışmısınız” (ən-Nisə, 21) və “Qadınlara mehrlərini könül xoşluğu ilə verin” (ən-Nisə, 4) və “Onlara verdiyinizdən bir hissəsini geri almaq sizə halal deyildir” (əl-Bəqərə, 229). Bu ayələrin ümumi mənası mutə nikahına dəlil gətirilmişdir.  Şübhə yoxdur ki, bu İslamın əvvəlində icazəli idi. Sonra nəsx edildi. Şəfii ilə bir qrup alimlər bunun iki dəfə mübah və iki dəfə də haram olduğunu bildirmişlər. Başqaları demişlər: “İki dəfədən artıq mübah edilib sonra nəsx edilmişdir.” Başqaları da belə demişlər: “Bir dəfə mübah qılındı, sonra bir dəfəlik nəsx edildi və bir daha mübah qılınmadı.” İbn Abbas ilə qrup səhabədən bunun zəruri halda mübah qılındığı rəvayət edilmişdir. Bu da İmam Əhməddən rəvayət edilmişdir. İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi “Qadınlardan bir qədər zövq aldığınıza görə onlara, vacib buyurulmuş əvəzlərini verin” şəklində oxumuşlar.

Mucahid demişdir: “Bu ayə mutə nikahı haqqında nazil oldu.” Cumhur isə bu qənaətdə deyil. Dayandıqları dəlil iki Səhihdə möminlərin əmiri Əli ibn əbu Talibdən rəvayət edilən bu hədisdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Xeybər döyüşündə mutə nikahını və əhilləşdirilən eşşəklərin ətlərini haram etdi.

Bu hədisin “Əl-Əhkam” kitabında müxtəlif cür rəvayət edilmişləri vardır. Səhih Muslimdə Rəbi ibn Səbrə ibn Mabəd əl-Cuhənidən, o da atasından rəvayət etmişdir ki, o, Məkkənin fəthində Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) döyüşə çıxdı. O buyurdu: “Ey insanlar, mən sizə mutə nikahına icazə vermişdim, Allah onu Qiyamət gününə qədər haram etdi. Kimin yanında belə bir şey varsa, onu tərk etsin. Ona verdiyini də geri almasın.” Muslimin rəvayətində bu, Vida Həccində olmuşdur. Hədisin bir neçə variantı var. Onlar “Əl-Əhkam” kitabındadır.

Vacib buyrulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” Kim bu ayəni bəlli bir zamana qədər davam edən mutə nikahı mənasında anlamışdırsa, o,  belə demişdir: “Vaxt bitdiyi zaman bunu və əvəzini artırmanızda günah yoxdur.”

Suddi demişdir: İstərsə qadını ilk vacib buyurulmadan – yəni, zövq aldığına görə qadına verdiyi əvəzdən – sonra, vaxt bitmədən əvvəl razı edər və deyər: “Mən səndən bu və bu şəkildə istifadə edəcəyəm.” Müddət başa çatan zaman, yeni dönəm başlamadan vaxtı uzadarlar. Allahın dediyi “Vacib buyurulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” məhz elə budur.

Suddi demişdir: Əgər müddət bitərsə kişinin qadın üzərində səlahiyyəti yoxdur. Qadın ondan uzaqdır. O, öz bətnindəkindən təmizlənməlidir. Onlar arasında miras yoxdur. Biri digərinə varis olmur. Kim birinci rəyi söyləmişsə, onun mənasını “Qadınlara mehrlərini könül xoşluğu ilə verin” (ən-Nisə, 4) kimi etmişdir. Yəni, qadına mehr təyin etdinsə, səni ondan və ya bir hissəsindən uzaq edər. Bunda nə sənə, nə də ona bir günah yoxdur.

İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdul-Alə danışdı, bizə Mutəmir ibn Suleyman danışdı, o da atasından, o dedi: “Hadrami belə bir iddia etmişdir: “Kişilər mehri təyin edərdilər, sonra da onlardan biri çətinliyə düşərdi. Allah belə buyurdu: “Vacib buyurulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz”, yəni əgər qadın sənin üçün endirim edərsə, bu sənə icazəlidir. İbn Cərir də bu görüşü seçmişdir.

Əli ibn əbu Talha demişdir: İbn Abbas “Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” ayəsi barəsində belə demişdir: “Razılaşma qadına mehri tam olaraq verdikdən sonra onu qalıb yaxud ayrılmaqda sərbəst buraxmaqdır.”

Həqiqətən, Allah Biləndir, Müdrikdir” bu haramlardan sonra bu iki sifəti zikr etmək yerinə düşmüşdür.