Şübhəsiz, müttəqilər üçün bir qurtuluş vardır.

(31-36 ayələr)

Allah təala xoşbəxt insanlardan və onlar üçün hazırladığı bolluca nemət və bəxşişlərdən söhbət açaraq buyurur: “Şübhəsiz, müttəqilər üçün bir qurtuluş vardır” İbn Abbas və Dahhak bu ifadəyə gəziləcək bir diyar vardır deyə mana vermişlər. Qatədə və Mucahid isə deyirlər ki, Cəhənnəmdən xilas olub nicat tapacaqlar. Lakin ən dolğunu İbn Abbasın verdiyi mənadır. Çünki Allah təala bu ayənin arxasınca “Baxçalar və üzümlüklər” – deyə buyurdu. Bu xurma və sair meyvə bağları anlamına gəlir. “Sinələri təzəcə tumurcuqlanmış həmyaşıd qızlar; Yəni sinələri tumurcuqlanmış hurilər. İbn Abbas, Mucahid və başqaları deyirlər ki, ayədə keçən söz sinələri hələ dolmamış bakirə qızlar deməkdir. Onların hamısı eyni yaşdadırlar. Əl-Vaqiə surəsində bunun daha ətraflı izahı verilir.

İbn Əbu Hatim bunları qeyd edir: “Abdulla ibn Əhməd ibn Əbdürrəhman əd-Diştəki bizə Əbu Uməmədən nəql etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Cəhhnə əhlinin köynəkləri Allahın baxçalarından görsənər. Buludlar onların üstünə gələr və belə səslənər: “Ey Cənnət əhli, nə fikirləşirsiniz, sizə yağış endirimmi?” Nəhayət yağış onlardan sinələri tumurcuqlanmış həmyaşıd qızların üzərinə yağar”.

“Dolu qədəhlər”. İbn Abbas deyir ki, bu, ard-ardına doldurulmuş qədəhlərdir. İkrimə isə saf və parlaq qədəhlər olduğunu bildirmişdir. Mucahid, Həsən, Qatədə və İbn Zeyd ağzına kimi doldurulmuş qədəhlər kimi məna vermişlər. Mucahid və Səid ibn Cubeyr ard-ardına gələn qədəhlər mənasını söyləmişlər.

“Orada boş söz və yalan eşitməyəcəklər”. Həmçinin, Allah təala buyurmuşdur: “Orada nə lağlağılıq, nə də günaha təhrik vardır”. (ət-Tur, 23) Yəni orada faydasız olan lağlağı söhbətlər və günah-yalan olmaz. Əksinə ora sülh diyarıdır və orada danışılan hər şey nöqsandan uzaqdır.

“Bu, Rəbbindən olan bir mükafat, bolluca verilən bəxşişdir”. Adlarını çəkdiklərimizin hamısı Allah təlanın onlara verdiyi mükafat, Öz lütfü, mərhəməti və xeyirxahlığı ilə əta etdiyi bəxşişdir. “Bolluca verilən bəxşiş” Olduqca çoxlu, bolluca və artıqlaması ilə verilən bəxşişdir.