Sizi yaratmaq çətindir, yoxsa göyü? Hansı ki, onu inşa etdi.

(27-33 ayələr)

Allah təala ilk yaradılışdan sonra yenidən yaradılıb dirilməyi inkar edənlərə qarşı hüccət olsun deyə buyurur ki, ey insanlar, “sizi yaratmaq çətindir, yoxsa göyü?” Yəni yaradılış baxımından göyün yaradılması daha çətindir. Allah təala buyurur ki, “Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir”. (əl-Mumin, 57) Həmçinin, “Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə, yaradan, (hər şeyi) bilən Odur!” (Yasin, 81) “Onu inşa etdi” sonrakı ayə olan “Qübbəsini ucaltdı, düzəldib nizama saldı” sözləri ilə birgə təfsir edilmişdir. Yəni, qübbəsini, taxttavanını uca, geniş, ətrafı bir-birinə bərabər, qaranlıq gecələrdə ulduzlarla bəzədilmiş yaratdı. “Gecəsini qaranlıq, gündüzünü aydınlatdı”. Gecəsini zilqaranlıq və zülmət, gündüzünü isə açıq, parlaq, aydın və nurlu etdi. İbn Abbas deyir ki, ayədəki feilin qaranlıq mənasına gəldiyini söyləmişdir. Həmçinin, Mucahid, İkrimə, Səid ibn Cubeyr və böyük çoxluq İbn Abbasın fikri ilə razılaşmışlar. Gündüzünü isə nurlu və işiqlı etdi. “Bundan sonra yeri yayıb döşədi”. Bu ayə ondan sonra gələn “Ondan suyunu və otlağını çıxartdı” – ayəsi ilə təfsir edilmişdir. Fussilət surəsində (ayə 9) yerin göydən əvvəl yaradıldığı, ancaq yerin göyün yaradılışından sonra döşəndiyi xatırlanmışdı. Yəni yer üzərində olan şeylər qüvvədən feilə çıxarılmışdır. İbn Abbasın və bir çoxlarının görüşü budur. İbn Cərir bu görüşü üstün hesab etmişdir. İbn Əbu Hatim deyir: “Atam Səid ibn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: “Ondan suyunu və otlağını çıxartdı, çeşmələrindən su fışqırtdı, dağları, qumsallıqları, yolları və keçidləri yaratdı. “Bundan sonra yeri yayıb döşədi” – ayəsinin mənası budur. Bu izah Fussilət surəsində də öz təsdiqini tapır.

“Dağları ona bərkitdi”. Yəni, onu dağlarla möhkəmlətdi, bərkitdi, onları öz yerlərinə yerləşdirdi. O, hikmət sahibidir, hər şeydən xəbərdardır, məxluqatına qarşı şəfqətlidir, mərhəmətlidir. İmam Əhməd deyir: Yezid ibn Harun Ənəs ibn Malikdən bizə nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allah Yeri yaratdığı zaman Yer sallanırdı. Dağları yaradıb onun üstündə yerləşdirdi. Beləcə, yer sabitləşdi. Mələklər dağların yaradılışından heyrətə gəlib dedilər: “Ey Rəbbimiz, Sənin dağlardan daha qüvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, dəmirdir”. Mələklər yenə dedilər: “Ey Rəbbimiz, Sənin dəmirdən daha qüvvətli yaratdığın bir varmı?” Allah buyurdu: “Bəli! Bu, oddur”. Mələklər yenə dedilər: “Ey Rəbbimiz, Sənin oddan daha qüvvətli yaratdığın varmı?” Allah buyurdu: “Bəli! Bu, sudur”. Mələklər yenə dedilər: “Ey Rəbbimzi, Sənin yaratdıqların içərisində sudan daha qüvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, küləkdir”. Mələklər yenə dedilər: “Ey Rəbbimzi, Sənin küləkdən daha qvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, Adəm övladıdır. Sağından sədəqə verər, onu solundan gizli saxlayar”. Əbu Cəfər ibn Cərir deyir: Abd ibn Humeyd əlinin belə dediyini nəql etmişdir: “Allah təala Yeri yaradarkən, yer oynamış və demişdi: “Mənim üzərimdə Adəmi və onun zürriyyətinimi yaradırsan? Onlar mənim üzərimə pisliklərini atacaq, günahlar işlədəcəklər”. Allah Yerə dağları yerləşdirdi və onlarla onu bərkitdi. Onların bəziləri görsənər, bəziləri isə görsənməz. Yerin ilk sabit qalması kəsilmiş dəvənin əti kimi idi: Əti kəsildikdə, titrəyərdi”. Bu, olduqca qərib olan rəvayətdir. “Ki, sizə və heyvanlarınıza faydalı olsun”. Yəni yer üzünü döşədi, çeşmələr fışqırtdı, gizli xəzinələri aşkara çıxartdı, arxları çayları axıdıb onlarla əkinlər, ağaclar və meyvələr bitirdi, sakinlərinin sakit və rahat yaşamaları üçün üstündə dağları yerləşdirdi. Bütün bunlar insanların öz yaşayışlarını təmin etmək, ehtiyac duyduqları və bu ehtiyacları ərzində ətindən yeyib minik kimi istifadə etdikləri heyvanlar üçündür. Nəhayət, vaxt tamam olar, ömür sona çatar.