Bu fəsil özündə on bölümü əhatə edir:
Birinci bölüm: Təharət və sularla bağlı hökmlər
Burada bir neçə məsələ vardır:
Birinci məsələ: Təharətin tərifi, onun əhəmiyyətinin və qisimlərinin bəyanı.
1- Təharətin əhəmiyyəti və qisimləri:
Təharət namazın açarı və ən mühüm şərtidir. Şərtin isə, şərt olduğu işdən əvvəl olması labüddür.
Təharət iki qismə bölünür:
Birinci qisim: Mənəvi təharət. Bu, qəlbin şirkdən, asiliklərdən və onu ələ keçirəcək hər bir şeydən təmizlənməsidir. Mənəvi təharət, bədənin təharətindən daha mühümdür. Belə ki, şirk murdarlığının mövcudluğu ilə yanaşı, insanın bədən təharətinin gerçəkləşməsi mümkün deyildir. Necə ki, uca Allah buyurur:«Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar.»[1]
İkinci qisim: Hissi təharət. Bu haqda növbəti sətirlərdə ətraflı danışılacaq.
2- Təharətin tərifi:
Təharət sözünün lügəti mənası: təmizlik və çirkin şeylərdən pak olmaqdır.
Təharət sözünün istilahi mənası: Hədəsi aradan qaldırmaq və murdar bir şeyin yox olmasıdır[2].
Hədəsi aradan qaldırmaq dedikdə məqsəd, namaza maneə olan vəsfin aradan qaldırılmasıdır. Əgər böyük hədəsdirsə, bütün bədəni su ilə yumaqla, yox əgər kiçik hədəsdirsə, dəstəmaz əzalarının üstünə su tökməklə aradan qaldırılır. Bu, niyyətlə edilir. Əgər su tapılmazsa və ya istifadəsi (xəstəlik və s. səbəbdən) mümkün deyilsə, bu zaman torpaq onun əvəzləyicisi olur. Ondan şəriətin əmr etdiyi şəkildə istifadə edilir. Bu haqda inşallah, təyəmmüm bölümündə məlumat veriləcəkdir.
Murdar bir şeyin yox olması dedikdə, məqsəd: Yəni, bədəndən, paltardan və məkandan nəcasətin yox olmasıdır.
Hissi təharət iki qisimdir: Birinci: Hədəsin təharətidir ki, bu, yalnız bədənə aiddir. İkinci: Murdar bir şeyin təharətidir ki, bu da bədən, paltar və məkana aid olur.
Hədəs iki qisimdir: Kiçik hədəs, bu, dəstəmazın alınmasını vacib edir. Böyük hədəs, bu isə, qüslun alınmasını vacib edir.
Murdar şeylər üç növdür: Birinci: Yuyulması vacib olan murdar şey. İkinci: Üzərinə su çilənməsi vacib olan murdar şey. Üçüncü: Silinməsi vacib olan murdar şey.
İkinci məsələ: Təharətin əldə edilməsi üçün istifadə olunan su
Təharət, təmizlənmək üçün istifadə ediləcək bir şeyə ehtiyac duyur. Bu, sudur. Onunla nəcasət yox edilir və hədəs aradan qaldırılır. Təharətin əldə edilməsi üçün istifadə edilən su, təmiz sudur. O, özlüyündə təmiz, başqasını isə, təmizləyəndir. Bu su, əsli yaradılışında qalandır. Yəni, yaradıldığı sifətdə qalandır. İstər yağış, əriyən qar və dolu kimi səmadan ensin, istərsə də, çaylar, bulaqlar, quyular və dənizlər kimi yerdə axan olsun.Çünkü Uca Allah buyurur:«Sizi təmizləmək üçün göydən üstünüzə su endirmişdi.»[3]Uca Allah buyurur:«Biz göydən tərtəmiz su endirdik.»[4]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Allahım! Məni günahlarımdan su, qar və dolu ilə yu»[5].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəniz suyu barədə buyurur: «Onun suyu təmiz, ölüsü isə halaldır»[6].
Su ilə təharət, sudan başqa şeylərlə məsələn, sirkə, benzin, meyvə şirəsi, limonad və sairələri ilə yolverilməzdir.Bu, Uca Allahın belə buyurması səbəbindəndir:«Su tapmasanız, pak torpaqla təyəmmüm edin.»[7]
Əgər sudan başqa bir maye ilə təharət etmək icazəli olsaydı, suyu olmayan adam, torpaqdan deyil, ondan istifadə edərdi.
Üçüncü məsələ: Suya nəcasət qarışarsa:
Əgər suya nəcasət qarışaraq onun üç vəsfindən birini, iyini, dadını və ya rəngini dəyişərsə, alimlərin yekdil qərarına əsəsən həmin su murdardır. Belə sudan istifadə etmək icazəli deyildir. Çünki həmin su, çox və ya az olmasından asılı olmayaraq, nə hədəsi aradan qaldıra, nə də murdar şeyi yox edə bilməz. Amma nəcasət suya qarışsa və suyun üç vəsfindən birini də dəyişməsə və su da çox olsa, onunla təharət hasil olar. Lakin su az olarsa, murdar olar və onunla təharət edilməz. Çox suyun ölçüsü onun iki qullətun[8]miqdarına çatması və daha artıq olması ilə götürülür. Az su isə, bu ölçüdən aşağı olana deyilir.
Buna dəlil, Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) hədisidir. O demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:»Həqiqətən su təmizdir, onu heç bir şey murdar edə bilməz»[9].İbn Ömər (Allah ondan razı olsun), Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Əgər su iki qullətun miqdarınaçatarsa, murdar bir şey daşımaz»[10].
Dördüncü məsələ: Pak şey qarışmış su
Əgər suya ağacların yarpaqları, sabun, potaş, sidr və ya buna oxşar digər pak maddələr qarışarsa və bu qarışan maddə suya üstün gəlməzsə, doğru sayılan rəyə əsasən, həmin su pakdır. Onunla hədəsdən və nəcasətdən təmizlənmək olar. Çünki Allah -Sübhənəhu və Təala- buyurur:«Xəstələndikdə, səfərdə olduqda və ya sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün!» [11]
Ayədəki «su» sözü, inkar cümləsində işlənmiş qeyri-müəyyənlikdir. Bu səbəbdən də, bütün suları əhatə edir. Onun xalis və ya qarışmış olması arasında heç bir fərq yoxdur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), qızının nəşini dəfn üçün hazırlayan qadınlara demişdir:»Onu üç və ya beş dəfə, yaxud məsləhət bilsəniz, bundan da çox sayda su və sidr ilə yuyun. Axırıncısına kafur və ya kafurdan bir şey qatın»[12].
Beşinci məsələ: Təharətdə istifadə olunmuş suyun hökmü.
Təharətdə istifadə olunmuş su dedikdə, dəstəmaz və qüsl alan insanın əzalarına dəyib tökülən su qəsd olunur. Doğru rəyə əsasən, bu suyun iyi, dadı və rəngi dəyişmədikcə, təmiz və digəri üçün təmizləyici sayılır. Belə su, hədəsi aradan qaldırır və murdar şeyi yox edir.
Onun pak olmasına dəlil, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəstəmaz aldığı zaman, səhabələrin onun dəstəmaz suyunu əldə etmək üçün öz aralarında mübarizə aparmalarıdır[13]. Həmçinin Cabir xəstələndiyi zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmaz alıb, dəstəmaz suyundan onun üstünə tökmüşdü[14].Əgər murdar olsaydı, bunun edilməsinə icazə verilməzdi. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), səhabələri və zövcələri, yemək-içmək qablarında dəstəmaz alar və ləyənlərdə qüsl edərdilər. Adətən belə hallarda suyu istifadə edən insanın bədən əzalarından sıçrayan suyun qaba düşməsi qaşılmazdır. Əbu Hureyrə -Allah ondan razı olsun- qüslsuz olduğu vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona demişdir:»Həqiqətən mömin murdar olmaz»[15].
Bu göstərir ki, suya sadəcə toxunmaq, onu paklıqdan çıxartmır.
Altıncı məsələ: İnsanların və mal-qaranın içdiyi sudan artıq qalanı.
Əs-Suru: Bir qabdakı suyu içdikdən sonra artıq qalan suya deyilir. Adəm övladı, müsəlman, kafir yaxud da cənabətli və heyzli qadın olmasından asılı olmayaraq özlüyündə təmizdir və su içdikdən sonra onun qabında qalan suyu da təmizdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Mömin murdar olmaz»[16].
Aişədən -Allah ondan razı olsun- rəvayət olunur ki, o, heyzli vaxtında bir qabdan su içərdi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmin su qabını ondan alar və Aişənin dodaqlarını qoyduğu yerə dodaqlarını qoyub su içərdi[17].
Ümmətin alimləri əti yeyilən mal-qara və digər heyvanların su içdikdən sonra qablarında qalan suyun pak olması barədə ittifaq ediblər.
Əti yeyilməyən yırtıcı heyvanların, uzunqulağın və digərlərinin qabında artıq qalan suya gəldikdə, düzgün rəyə görə onların ağız suyu təmizdir vəsuya,xüsusən də əgər su çoxdursa, təsir etmir.
Əgər su azdırsa və həmin heyvanların içməsi səbəbindən dəyişərsə, bu su nəcis sayılar.
Buna dəlil irəlidə qeyd olunan hədisdir. Həmin hədisdə, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) yırtıcı olan və olmayan heyvanların su içdiyi hovuz haqqında soruşurlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara deyir:»Əgər su iki qüllətun miqdarına çatarsa, murdar bir şey daşımaz». Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qabdan su içmiş pişik barədə soruşduqda, o demişdir:»Pişik murdar deyil, o sadəcə sizin ətrafınızda dolaşanlardandır»[18].
Çünki əksər hallarda bundan qorunmaq çətin olur. Əgər pişiyin ağzı dəydiyi suyun murdar olduğunu və (toxunduğu) əşyaları yumağın vacibliyini desək, bunda çətinlik olacaq. Çətinliklər isə (Allah tərəfindən) bu ümmətin üzərindən götürülmüşdür.
İtin ağzı dəymiş suya gəlincə, o, murdardır. Donuzda da belədir.
İtin qabında artıq qalan su barədə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»İt sizdən birinin qabından su içsə, o qabı təmizləmək üçün yeddi dəfə yuyun, birincisi torpaq olsun»[19].
Donuza gəlincə, onun murdar, iyrənc və natəmiz olduğuna görədir. Uca Allah buyurur:«Şübhəsiz ki, o, murdardır.»[20]
İkinci bölüm:
Qablar barədə
Bu bölümdə bir neçə məsələ vardır:
Qablar dedikdə, bura istər dəmirdən, istərsə də başqa bir şeydən hazırlanmış, suyun və ya digər qida məhsullarının qorunub saxlanması üçün istifadə olunan əşyalar daxildir. Şəriətdə qabların əsli (yəni, qadağasına dəlil olmadıqca bütün növləri) icazəlidir.Çünki Uca Allah buyurur:«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, Odur (Allahdır)»[21].
Birinci məsələ: Təharətdə qızıl, gümüş və bu ikisindən başqa qabların istifadəsi barədə:
Qızıl və gümüş qablar istisna olmaqla, şəriətin icazə verdiyi təmiz, hətta qiymətli qab olsa da belə, bütün növ qablar, yemək-içmək və başqa məqsədlər üçün istifadə edilə bilər. Çünki qabların əsli mübahdır. Qızıl və gümüş qabları başqa məqsədlər üçün istifadə etmək icazəli olsa da, yemək və içməkdə istifadəsi qətiyyən icazəli deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Qızıl və gümüş qablarda su içməyin, belə qablarda yemək də yeməyin. Çünki bütün bunlar onlara (kafitlərə) dünyada, sizə isə axirətdə nəsib olacaq»[22].
Həmçinin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu kəlamıdır:»Gümüş qabda su içən kimsənin qarnında həqiqətən də Cəhənnəm odu guruldayır»[23].
Bu hədislər qızıl və qümüş qabları başqa məqsədlərə deyil, yemək və içməyə istifadə etməyin haram olduğunu bildirir. Deməli, onların təharətdə istifadəsi icazəlidir. Hədisdəki qadağan ümumidir. Bura xalis qızıl və gümüş qablar, qızıl və gümüş suyuna salınmış qablar, həmçinin tərkibində müəyyən qədər qızıl və gümüş olan qablar daxildir.
İkinci məsələ: Qızıl və gümüş ilə yapışdırılmış qabların istifadəsinin hökmü:
Az öncə qeyd etdiyimiz hədislərə asasən, qab qızıl ilə yapışdırılıbsa həmin qabı istifadə etmək mütləq olaraq haramdır. Əgər qab az bir miqdarda gümüş ilə yapışdırılıbsa, Ənəs bin Malikin -Allah ondan razı olsun- hədisinə əsasən həmin qabı istifadə etmək icazəlidir.(Bir dəfə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) piyaləsi sındı və o, bu qabın çatını gümüşlə yapışdırdı[24].
Üçüncü məsələ: Kafirlərin istifadə etdiyi qablar:
Kafirlərin istifadə etdiyi qabların əsli halaldır. Amma o qabların murdar olduğu bilinsə, bu zaman həmin qabları yalnız yuyub təmizlədikdən sonra istifadə etmək icazəlidir. Çünki Əbu Sələbə əl-Xuşəni -Allah ondan razı olsun- demişdir: (Bir dəfə mən) Peyğəmbərə (sallallahu aleyhi və səlləm)) dedim: Ey Allahın Rəsulu! Biz, Kitab əhlinin torpaqlarında yaşayırıq. Biz onların qablarında yemək yeyə bilərikmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:»Belə qablarda yemək yeməyin. Əgər başqa qablar tapa bilməsəniz, onda (Əhli Kitabın yemək yediyi) bu qabları yuduqdan sonra onlarda yemək yeyin»[25].
Amma həmin qabların murdarlığı bilinmirsə, belə ki, ondan istifadə edənlər, murdar şeylərdən birbaşa yararlananlar kimi tanınmayıblarsa, bu zaman onların qablarından istifadə etmək icazəlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələri, müşrik bir qadının böyük su qabından, su götürüb dəstamaz almışdılar[26].
Həmçinin Allah Quranda bizə Kitab əhlinin yeməklərini halal etmişdir. Bəzən də elə olur ki, onlar öz qablarında bizə vemək verirlər. Necə ki, yəhudi bir oğlan, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) arpa çörəyi və qaxsımış yağdan yeməyə dəvət etdmişdir. Peyğəmbər də (sallallahu aleyhi və səlləm) yəhudi oğlanın dəvətini qəbul edib, o yeməkdən yemişdir[27].
Dördüncü məsələ: Ölmüş heyvanın dərisindən hazırlanan qabların təmizliyi:
Ölmüş heyvanın dərisi əgər aşılansa, təmiz olar və ondan istifadə etmək icazəli sayılar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Hansı dəri aşılansa, artıq təmizlənmişdir»[28]. (Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) qoyun leşinin yanından keçərkən demişdir: «Nə üçün bu qoyunun dərisini götürüb aşılamırsınız ki, ondan yararlanasız?» Onlar: Axı o, leşdir — dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:» Onun (leşin) yalnız yeyilməsi haram edilmişdir»[29].
Bu hökm yalnız (diri ikən) kəsilməsinə icazə yerilən heyvan leşlərinə aiddir. Digər (əti yeyilməyən) heyvanların leşlərinə aid deyildir.
Diri ikən kəsilməsinə icazə verilən və əti yeyilən heyvanlar öldükdən sonra da tükləri təmiz sayılır. Amma əti murdardır və yeyilməsi haramdır. Çünki Uca Allah buyurur: «(Ya Rəsulum!) De: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü (leş) heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm»[30].
Dərinin aşılanması, dəridə olan çirk və xoşagəlməz şeyləri təmizləmək üçün suya qatılan duz və digər maddələrlə olur. Yaxud da akasiya (القرظ), ardıc (العرعر) və digər bu kimi məlum ağaç və bitkilər vasitəsilə həyata keçirilir.
Amma kəsilməsi icazəli olmayan (yəni, əti yeyilməyən), ölmüş heyvanların dərisi təmizlənmir. Buna görə də, sağ ikən təmiz olmasına baxmayaraq, pişik və digər onun kimi (sağ ikən təmiz sayılan) yaradılışa malik heyvanların dərisi, aşılanmaqla təmiz olmur.
Sağlığında təmiz olmasına baxmayaraq, ətinin yeyilməsi haram olan heyvanların dərisi, aşılamaqla təmiz olmur.
Xülasə budur ki, əti yeyilən hər bir ölmüş heyvanın dərisi, aşılama yolu ilə təmiz olur. Əti yeyilməyən hər bir ölmüş heyvanın dərisi isə, aşılama yolu ilə təmiz olmur.
Üçüncü bölüm:
Ayaqyolu və onun ədəbləri barədə
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Ayaqyolunda İstinca və isticmar etmək və onlardan birinin digərini əvəz etməsi.
İstinca: İki yoldan çıxanı (yəni, arxa və öndən ifraz olunan nəcasəti), su ilə təmizləməyə deyilir. İsticmar isə: Onu (yəni, iki yoldan çıxan nəcasəti) daş və oxşar pak, icazəli və təmiz şeylərlə silməyə deyilir. Bunlardan biri, digərini əvəz edir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sabit olan hədisdə, Ənəs bin Malik -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyoluna gedərdi. Mən və mənimlə həmyaşıd bir oğlan, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün su tuluğu və mizraq daşıyardıq və Peyğəmbər (sallallahu aleyhi və səlləm) (ayaqyolunda) su ilə təmizlənərdi[31].Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Sizdən biri (ayaqyolunda) boyük su başına çıxsa, qoy o, üç daş ilə təmizlənsin, bu üç daş onun nəcasətdən təmizlənməsi üçün kifayət edər»[32].
Ayaqyolunda hər ikisi ilə (yəni, həm su, həm də daşla) təmizlənmək daha üstündür.
İsticmar, daş və ya onu əvəz edən salfetka və sairə buna oxşar pak, təmizləyici və icazəli əşyalar ilə edilə bilər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) daşlarla isticmar edərdi. Daşın mislində olan digər təmizləyicilər, (eyni mahiyyətə istifadə edilmələri mümkün olduğu üçün hökmcə) ona qoşulur. İsticmar zamanı üç dəfədən az sayda silinmək icazəli deyildir. Salman -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə ayaqyolunda sağ əllə, üçdən az daşla və peyin yaxud da sümüklə təmizlənməyi qadağan etmişdir[33].
İkinci məsələ: Böyük və ya yüngül subaşına çıxarkən, üzü yaxud da arxası qibləyə tərəf olmaq.
Qarşıda maneə olmazsa, açıqlıq yerdə üzünü və ya arxasını qibləyə tərəf çevirərək ayaqyoluna çıxmaq icazəli deyildir. Çünki Əbu Əyyub əl-Ənsari -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Sizlərdən biri böyük və ya yüngül subaşına çıxarsa, üzünü və ya arxasını qibləyə tərəf çevirməsin. Lakin üzünüzü şərqə və ya qərbə tərəf çevirin».Əbu Əyyub deyir ki, biz Şama gəldik, orada ayaqyoluların Kəbəyə tərəf tikildiyinin şahidi olduq. Biz (ora girdikdə üzümüzü və ya arxamızı) qiblə tərəfdən çevirir və (oradan çıxdıqda) Allahdan bağışlanma diləyirdik[34].
Amma insan, tikili bir yerdə yaxud da özü ilə qiblə arasında onu örtəcək maneə olan bir yerdə olarsa, belə etməsində İbn Ömərin -Allah onların ikisindən də razı olsun- rəvayət etdiyi hədisə əsasən bir eyib olmaz. O deyir: «Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öz evində, üzü Şama, arxası isə Kəbəyə tərəf kiçik subaşına çıxan gördüm.» [35]
Mərvan əl-Əsğar demişdir:Bir dəfə İbn Ömər, dəvəsini qibləyə tərəf çökdürdükdən sonra dəvəyə tərəf kiçik subaşına çıxdı. Mən dedim: «Ey Əbu Abdurrahman! Məgər bu (qibləyə tərəf subaşına çıxmaq), qadağan edilmədimi?» İbn Ömər dedi: «Bəli. Bu, açıqlıqda olarkən qadağan edilmişdir. Amma səninlə qiblə arasında səni örtəcək bir şey varsa, eyib etməz.» [36]
Daha əfzəli bunu hətta tikililərdə belə tərk etməkdir. (Ən düzünü) Allah daha yaxşı bilir.
Üçüncü məsələ: Ayaqyoluna gedən üçün edilməsi sünnə sayılan əməllər:
Ayaqyoluna girən insanın (daxil olmazdan) öncə:
[بِسْمِ الله اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ]
Transkripsiyası: «[Bismilləh] Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəisi».
«(Allahın adı ilə! Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!)», çıxdıqda isə:
[غُفْرَانَكَ]
Transkripsiyası: «[Ğufranəkə]»,
«(Allahım, məni bağışla)» deməsi, ayaqyoluna sol ayağı ilə girib, sağ ayağı ilə ilə çıxması və təbii ehtiyacını dəf etmək üçün yerə yaxınlaşmazdan əvvəl paltarını qaldırmaması sünnədir.
Əgər açıq məkandadırsa, insanların görə bilməyəcəyi qədər uzaqlaşmaq və onlardan gizlənmək müstəhəbdir. Bütün bunların dəlilinə gəldikdə isə, Cabir -Allah ondan razı olsun- deyir:Biz, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərə çıxmışdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyoluna gedərkən, insanlar onu görməyəcək qədər uzaqlaşardı[37].
Əil (Allah ondan razı olsun), Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Adəm övladının öyrəti ilə cinlər arasındakı pərdə, onun ayaqyoluna girərkən: Bismilləh — deməsidir»[38].
Ənəs -Allah ondan razı olsun- deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyoluna girərkən deyərdi:
[اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ]
Transkripsiyası: «[Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəisi]».
«Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram![39]».
Aişə -Allah ondan razı olsun- deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyolundan çıxanda deyərdi:
[غُـفْـرَانَـكَ]
Transkripsiyası: «[Ğufranəkə]».«Allahım, məni bağışla»[40].
İbn Ömər -Allah ondan razı olsun- deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyolunda yerə oturana qədər paltarını yuxarı qaldırmazdı[41].
Dördüncü məsələ: Subaşına çıxmaq istəyənə haram olan əməllər.
Axar olmayan suya kiçik subaşına çıxmaq haramdır. Cabir -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) axar olmayan suya, kiçik subaşına çıxmağı qadağan etmişdir[42].
Kiçik subaşına çıxarkən, cinsiyyət üzvünü sağ əli ilə tutmaq, ön və arxanı sağ əl ilə təmizləmək qadağandır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:»Sizdən biriniz kiçik subaşına çıxdıqda sağ əli ilə cinsiyyət üzvünə toxunmasın və sağ əli ilə ön və arxanı təmizlənməsin»[43].
Yollarda, insanların (istirahət etdikləri) kölgəliklərdə, ictimai parklarda, meyvəli ağacların altında və su mənbələrində təbii ehtiyacı rəf etmək haramdır. Çünki Muaz -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Lənətə layiq üç yerdə, su mənbələrində, yolun ortasında (və ya üstündə) və (istirahət üçün nəzərdə tutulan) kölgəlikdə böyük subaşına çıxmaqdan çəkinin»[44].
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Lənət oxunan iki əməldən çəkinin». Səhabələr soruşdular: «Ey Allahın elçisi, lənət oxunan iki əməl nədir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «İnsanların gedib-gəldikləri yollarda və ya onların kölgələndiyi yerlərdə təbii ehtiyacı rəf etmək»[45].
Həmçinin ayaqyolunda Quran oxumaq, peyin, sümük və hörmət göstərilən yeməklə təmizlənmək haramdır. Cabir -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm), sümük və peyin ilə silinməyi qadağan etmişdir[46].
Müsəlmanların qəbirləri arasında da təbii ehtiyacı rəf etmək haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Mənim üçün qəbirlərin arasında təbii ehtiyacımı rəf etməyimlə, bunu bazarın ortasında etməyim arasında heç bir fərq yoxdur»[47]. (Yəni, ikisi də günah baxımından eynidir.)
Beşinci məsələ: Təbii ehtiyacını rəf edən üçün bəyənilməyən (məkruh) əməllər.
İnsanın təbii ehtiyacını rəf edərkən, qarşısında heç bir maneə olmadan üzünü külək əsən tərəfə tutması bəyənilmir. Buna səbəb sidiyin üstünə qayıtmasıdır. Həmçinin subaşına çıxarkən danışmaq bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) kiçik subaşına çıxarkən bir kişi, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verərək keçir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun salamını geri qaytarmır[48].
(Torpaqdakı) yarığa və ona oxşar yerlərə kiçik subaşına çıxmaq bəyənilmir. Qatədə, Abdullah bin Sircisdən rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) yarığa kiçik subaşına çıxmağı qadağan etmişdir. Qatədədən: «Nə üçün yarığa?» — deyə, soruşduqda o: «Deyilənlərə görə ora cinlərin evləridir.» — cavabını vermişdi[49].
Çünki orada hər hansı bir heyvanın olması mümkündür və (sidiyə çıxan insan) ona əziyyət verə bilər. Yaxud da, ola bilər ora cinlərin evi olsun və insan bu əməli ilə onlara əziyyət versin.
Heç bir zərurət olmadan, Allahın zikri yazılmış bir şey ilə ayaqyoluna girmək bəyənilmir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaqyoluna girərkən (üzərində Məhəmməd Allahın elçisidir yazılmış) üzüyünü çıxarırdı[50].
Amma ehtiyac və zərurət varsa, bunu etmək eyib etməz. Məsələn, kənarda saxlasa, oğurlana və ya unudula bilər deyə, üzərində Allahın adı yazılmış pulla ayaqyoluna girmək, zərurət sayılır.
Qurani-Kərimə gəlincə, istər aşkar şəkildə, istərsə də gizli şəkildə (yəni, cibdə və s.) onunla ayaqyoluna girmək haramdır. Çünki Qurani-Kərim, Allahın kəlamıdır. O, kəlamların ən şərəflisidir. Qurani-Kərimlə ayaqyoluna girmək, Allahın kəlamını alçaltmağın bir növüdür.
Dördüncü bölüm:
Misvaklanmaq və fitrətlə əlaqəli sünnələr.
Bu bölümdə bir neçə məsələ var:
Misvaklanmaq: Dişlərin və diş ətinin üzərinə yapışıb qalmış qida qalıqlarının təmizlənməsi və ağızdan gələn pis qoxunun aparılması üçün, arak və ya digər oxşar ağacların çubuqlarından istifadə edilməsinə deyilir.
Birinci məsələ: Misvaklanmağın hökmü:
Misvaklanmaq bütün vaxtlarda sünnədir. Hətta oruc tutan insan da, misvakdan istifadə edə bilər. Onun, günün əvvəlində yaxud da sonunda misvaklanmasında bir günah yoxdur. Çünkü Peyğəmbər (sallallahu aleyhi və səlləm) müəyyən bir vaxt qoymadan misvakdan hər zaman istifadə etməyə həvəsləndirmişdir. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Misvaklanmaq ağzın təmizliyi, Rəbbin isə razılığıdır»[51].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Əgər ümmətimə ağır gəlməsəydi, onlara hər namazdan əvvəl misvaklanmağı əmr edərdim»[52].
İkinci məsələ: Nə vaxt təkid edilir?
Dəstəmaz aldıqda, yuxudan oyandıqda, ağzın qoxusu dəyişdikdə, Quran oxumağa və ya namaz qılmağa hazırlaşdıqda, həmçinin məscidə, yaxud da evə daxil olduqda misvakdan istifadə edilməsi təkid edilir. Çünki əl-Miqdəm ibn Şureyh o da atasından rəvayət edir ki, atam Aişədən -Allah ondan razı olsun- soruşdu: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) evə daxil olarkən ən birinci nə edərdi?» Aişə -Allah ondan razı olsun- dedi: «Misvaklanardı»[53].
Ötən hədislərə əsasən, insan uzun müddət susub qaldıqda və ya dişləri saraldıqda da misvakdan istifadə etməsi təkid edilir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə yuxudan oyandıqda ağzını misvakla təmizləyərdi[54].
Müsəlmana əmr edilib ki, Allaha ibadət etməyə və Ona yaxınlaşmağa hazırlaşdığı vaxtlarda, təmizlik və paklıq baxımından ən gözəl halda olsun.
Ücüncü məsələ: Nə ilə edilməlidir?
İstifadə zamanı ağızda ovulub itməyən və onu yaralamayan yaş çubuqla misvaklanmaq sünnətdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) arak ağacının çubuğu ilə misvaklanardı. Misvakdan istifadə etdikdə, onu sağ yaxud da sol əli ilə tutmaq olar. Məsələyə geniş yanaşılır.
Dəstəmaz alarkən misvaklanmağa çubuq olmasa, bunu barmağı ilə etməsi də yetərli sayılar. Necə ki, Əli -Allah ondan razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəstəmazını vəsf etdiyi rəvayətində bu haqda bildirmişdir[55].
Dördüncü məsələ: Misvaklanmağın faydaları:
Misvaklanmağın ən əhəmiyyətli faydası, ötən hədisdə deyildiyi kimi, dünyada ağzın təmizliyi, axirətdə isə Rəbbin razılıqıdır. Onun özündə daşıdığı böyük faydalarına görə, müsəlman həmişə bu sünnəyə riayət etməli və onu tərk etməməlidir. Elə müsəlmanlar da var ki, ya tənbəllik üzündən, ya da ki, misvakın faydalarından xəbərsiz olduqlarına görə, bir, iki ay dişlərini təmizləmirlər. Bu cür insanlar qoy bilsinlər ki, onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həmişə riayət etdiyi bir sünnəni tərk etdiklərinə görə, çoxlu savabları və böyük faydaları əldən buraxıblar. Hətta Peyğəmbər (sallallahu aleyhi və səlləm) misvakdan istifadə etməyin ümməti üçün çətin olacağından qorxmasaydı, onu ümmətinə vacib edərdi.
Elm adamları misvaklanmağın digər faydalarını da qeyd etmişlər. Onlardan: misvaklanmaq dişləri möhkəmləndirir, diş ətini qüvvətləndirir, səsi yaxşılaşdırır və insanı fəallaşdırır.
Beşinci məsələ: Fitrətlə bağlı sünnələr.
Bunlara həmçinin, fitrətlə bağlı xüsusiyyətlər də deyilir. Çünki onları edən şəxs, Allahın insanları yaratdığı və onlar üçün bəyəndiyi bir şəkildə vəsf olunur. Bununla da, insan ən gözəl görünüşə və ən mükəmməl surətə malik olur.
Əbu Hureyrə (Allah ondan razı olsun) Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir:»Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq»[56].
1- Ayıb yerlərini dəmir alət ilə qırxmaq dedikdə, övrət yerinin ətrafında çıxan tüklərin qırxılması nəzərdə tutulur.
Bu cür (ərəbcə əl-istihdəd) adlanmasına səbəb, dəmir alətin yəni, ülgücün istifadə olunmasıdır. Ayıb yerlərindən tüklərin qırxılması gözəllik və təmizlik cəhətdən aparılır. Bunu ülgüc ilə qırxmadan da, məsələn, tükləri tökən maddələrlə etmək olar.
2- Sünnət olmaq dedikdə, burada, cinsiyyət üzvünün baş hissəsinin görünməsi üçün, həmin yerdə olan dərinin kəsilib götürülməsi qəsd olunur. Bu, kişilərə aiddir. Qadının sünnət olmasına gəlincə, burada, onun cinsiyyət üzvünün üzərindəki artıq ət parçası kəsib götürülür. Onun xoruz pipiyinə oxşadığı deyilir. Daha düzgün rəyə əsasən, kişilərin sünnət olması vacib, qadınların sünnət olması isə müstəhəbdir.
Kişilərin sünnət olmasının hikməti, cinsiyyət orqanını, baş hissəsindəki dərinin altına yığılmış murdardan təmizləməkdir.
Sünnət olmağın bir çox faydaları var.
Qadının sünnət olmasının hikməti isə, onun şəhvətinin azaldılmasıdır.
Yeni dünyaya gələn uşağı, yeddinci günündə sünnət etmək müshəhəbdir. Çünki yeddinci gündə sünnət olmaq, yaranın daha tez sağalmasına və uşağın daha kamil şəkildə böyüməsinə səbəb olur.
3- Bığları qısaltmaq və gödəltmək: Yəni, bığları həddən ziyadə azaltmaq. Bu, gözəl görsənmək, təmizlik və kafirlərə müxalif olmaq deməkdir.
Bığları azaldıb, saqqallı sərbəst buraxmağa, uzatmağa və ona diqqət göstərməyə təşviq edən çoxsaylı səhih hədislər vardır. Saqqalın saxlanılması həm gözəl görünüş, həm də kişilik əlaməti sayılır. Zamanımızda isə, bir çox insanlar bunun əksinə olaraq, bığlarını uzadıb, saqqallarını ya qırxır, ya da qısaldırlar.
Bütün bunlar isə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə və onun, saqqalı uzadıb, bığları qısaltmaq əmrinə müxaliflikdir. Belə əmrlərdən biri də, Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə varid olmuşdur. O demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: «Bığlarınızı qısaldın, saqqallarınızı isə uzadın. Məcusilərə müxalif olun»[57].
İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Müşriklərə müxalif olun, saqqallarınızı uzadın, bığlarınızı isə qısaldın»[58].
Müsəlman kimsəyə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə əməl etmək, düşmənlərə (kafirlərə) müxalif olub, özünü qadınlara oxşatmamaq vacibdir.
4- Dırnaqları tutmaq: Yəni, dırnaqların uzanmaması üçün onları vaxtaşırı gödəltmək. Dırnaqları tutmaq, onları gözəlləşdirir və altında yığılıb qalmış çirklərdən təmizləyir. Bəzi müsəlmanlar, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sünnəsinə müxalif olaraq, dırnaqlarını, yaxud da müəyyən bir barmağın dırnağını uzadırlar. Bütün bunlar, şeytanın bu çirkin əməli gözəl göstərməsindən və Allahın düşmənlərinə təqlid etməkdən irəli gəlir.
5- Qoltuqaltını yolmaq: yəni, qoltuğun altında olan tükləri təmizləmək. Bu tükləri yolub çıxarmaq, qırxmaq və ya bu ikisindən başqa bir yol ilə təmizləmək sünnədir. Qoltuqaltı tüklərin götürülməsi, həm təmizlik, həm də bu tüklərin yığılması səbəbi ilə əmələ gələn pis qoxunu kəsməkdir. Bu bizim hənif (batildən haqqa meyl edən) dinimizdir. O bizə bu xüsusiyyətləri əmr etmişdir. Onlarda gözəllik, paklıq və təmizlik vardır. Bununla da müsəlman, ən gözəl görünüşə malik olur. Kafir və cahilləri təqlid etməkdən uzaqlaşır. Din ilə fəxr edərək, Rəbbinə ibadət edir. Allahın Elçinin (sallallahu aleyhi və səlləm) sünnəsinə tabeçilik göstərir.
Yuxarıda qeyd edilən beş xüsusiyyətə, misvaklanmaq, suyu buruna çəkmək, su ilə ağzı yaxalamaq, barmaqların arasını -çirk yığılması səbəbi ilə- yumaq və ayaqyolunda su ilə təmizlənmək də əlavə edilir. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»On şey fitrətdəndir: bığları qısaltmaq, saqqalı uzatmaq, misvakdan istifadə etmək, (dəstəmaz alarkən) buruna su çəkmək, dırnaqları tutmaq, barmaqların arasını yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerlərin tüklərini qıxmaq və ayaqyolunda su ilə təmizlənmək».Hədisin rəvayətçilərindən biri olan Musab bin Şeybə deyir ki, onuncunu unutdum. Zənnimcə o, (dəstəmaz alarkən) ağzı su ilə yaxalamaqdır[59].
Beşinci bölüm:
Dəstəmaz barədə
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Dəstəmazın tərifi və hökmü:
1- Dəstəmaz /الوُضُوءsözünün lüğəti mənası:
Bu söz, / الوَضَاءَةəl-vadaətu kəlməsindən götürülüb. O, gözəllik və təmizlik mənalarını bildirir.
Dəstəmaz sözünün şəriət mənası: Dörd əzanı -onlar üz, iki əl, baş və iki ayaqdır- su ilə yumaqdır. Bu iş, məxsusi şəkildə və Allah təaləyə ibadət niyyəti ilə həyata keçirilir.
2- Dəstəmazın hökmü:
Namaz qılmaq və onunla eyni hökmdə olan, məsələn, təvaf etmək, Qurana toxunmaq kimi ibadətləri yerinə yetirmək istəyən dəstəmazsız insanın dəstəmaz alması vacibdir.
İkinci məsələ: Dəstəmazın vacibliyini, kimlərə və nə zaman vacib olduğunu bildirən dəlillər.
1- Dəstəmazın vacib olmasını bildirən dəlil:
Dəstəmazın vacib olmasını bildirən dəlil, Uca Allahın bu ayəsidir:«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!» [60]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah, dəstəmazsız qılınan namazı və qənimətdən oğurlanıb verilən sədəqəni qəbul etməz»[61].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Allah, dəstəmazsız qılınan namazı, dəstəmaz alıb qılmayınca qəbul etməz»[62].
Müsəlman alimləri arasında bu barədə fikir ayrılığı bilinmədiyinə görə, dəstəmazın vacibliyi, Kitab, Sünnə və İcma ilə öz təsdiqini tapmışdır.
2- Dəstəmaz kimə vacibdir:
Dəstəmaz, namaz qılmaq və onunla eyni hökm daşıyan (təvaf etmək, Qurana toxunmaq kimi) ibadətləri yerinə yetirmək istəyən, hər bir həddi-büluğa çatmış və əqli cəhətdən normal olan müsəlmana vacibdir.
Dəstəmaz nə zaman vacib sayılır? Əgər namazın vaxtı girərsə, yaxud da yerinə yetirilməsi üçün dəstəmazın şərt olduğu, lakin müəyyən bir vaxtla məhdudlaşmayan (məsələn, təvaf etmək, Qurana toxunmaq kimi) ibadətləri etmək istəsə, bu zaman dəstəmazın alınması vacib sayılır.
Üçüncü məsələ: Dəstəmazın şərtləri:
Dəstəmazın səhih (yəni, doğru və qəbul olunan) sayılması üçün, aşağıdakı şərtlər vacibdir:
1- İslamda olmaq, əqli cəhətdən normal olmaq, (halal və haramı, pis və yaxşını bir-birindən) ayırma yaşına çatmaq. Kafirin və dəlinin dəstəmazı səhih sayılmaz. Eləcə də, ayırma yaşına çatmayan balaca uşağın dəstəmazı etibarlı hesab edilməz.
2- Dəstəmaz almaq üçün niyyət etmək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əməllər yalnız niyyətlərlədir»[63]. Niyyəti dil ilə tələffüz etmək şəriətə uyğun deyildir. Çünki Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bunu sübut edəcək heç bir dəlil varid olmayıbdır.
3- Dəstəmaz suyu təmiz olmalıdır. Sular barədə yuxarıda danışılanlarda bunu bildirdik. Murdar su ilə alınan dəstəmaz, səhih deyildir.
4- Suyun dəriyə dəyməsinə maneə olan, şam, xəmir və ya bunların ikisinə (mahiyyətcə) oxşar sayılan və bu gün qadınlar arasında tanınan dırnaq boyalarını dəridən təmizləmək.
5- Dəstəmazdan əvvəl, əgər ehtiyac varsa, ayaqyolunda su və ya daş yaxud da daşı əvəz edən əşyalarla təmizlənmək.
6- Ardıcıllıq. («əl-muvalətu» yəni, bir əzanın yuyulması, özündən əvvəlki əzanın yuyulmasından dərhal sonra və gecikdirilmədən edilməlidir).
7- Tərtib (yəni, dəstəmaz əzaları, ayədə deyildiyi tərtib ilə yuyulmalıdır). Az sonra bu ikisi barədə danışılacaq.
8- Yuyulması vacib olan əzaların hamısını yumaq.
Dördüncü məsələ: Dəstəmazın fərzləri: Yəni, yuyulması fərz olan əzalar:
Dəstəmazın altı fərzi var.
1- Üzü bütünlüklə yumaq.
Uca Allah buyurur:«Namaza durduğunuz zaman üzünüzü yuyun.»[64]Dəstəmaz əsnasında ağzı yaxalamaq və burna su çəkmək üzə daxildir. Çünki ağız və burun üzün əzalarıdır.
2- Əlləri dirsəklərlə birgə yumaq.
Uca Allah buyurur:«Dirsəklərlə birlikdə əllərinizi yuyun.»[65]
3- Qulaqlar ilə birgə bütün başa məsh etmək.
Uca Allah buyurur:«(Yaş əlinizlə) başınızı məsh edin.»[66]Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Qulaqlar başdandır»[67].
Başın bir hissəsinə məsh edib, digər hissəsini tərk etmək, düzgün deyildir. (Əksinə bütün başa məsh olunmalıdır.)
4- Ayaqları iki topuğa qədər yumaq.
Uca Allah buyurur:«Ayaqlarınızı isə hər iki topuğa qədər yuyun.»[68]
5-Dəstəmazı tərtib ilə almaq.
Çünki Uca Allah, əl-Maidə surəsində dəstəmaz əzalarını tərtib ilə demiş və Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, Uca Allahın dediyi kimi dəstəmazını tərtiblə almışdır. Belə ki, birinci üzünü, sonra iki əlini yumuş və başını məsh etdikdən sonra iki ayağını yumuşdur. Abdullah bin Zeydin və başqa səhabələrin nəql etdikləri hədislərdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məhz belə dəstəmaz aldığı rəvayət olunmuşdur[69].
6- Ardıcıllıq.
Belə ki, bir əzanın yuyulması, ondan əvvəlki əzanın yuyulmasından dərhal sonra və gecikdirilmədən edilməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmazı ardıcıllıqla alardı. Xalid bin Məadənin rəvayət etdiyi hədisdə deyilir:Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qılan bir kişini gördü. Kişinin ayağının üst tərəfində dirhəm qədər yerə su dəyməmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona, yenidən dəstəmaz almağı əmr etdi[70].
(Bu hədisdən aydın olur ki) Əgər dəstəmazın səhihliyi üçün ardıcıllıq şərt olmasaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmin kişiyə yenidən tam şəkildə dəstəmaz almağı yox, yalnız su dəyməyən yeri yumağı əmr edərdi. Əl-Lumətu » اللُّمْعَةُ» qüsl və ya dəstəmaz zamanı su dəyməyən yerə deyilir.
Beşinci məsələ: Dəstəmazın sünnələri.
Elə əməllər var ki, onları dəstəmaz əsnasında etmək müstəhəbdir. Kim bu əməlləri etsə, savab qazanar. Etməyən isə heç bir günah qazanmaz. Bu əməllər, dəstəmazın sünnələri adlanırlar. Onlar aşağıdakılardır:
1- Dəstəmazın əvvəlində: «Bismilləh» — demək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Dəstəmazın əvvəlində «Bismilləh» deməyənin dəstəmazı yoxdur»[71].
2- (Dəstəmazdan əvvəl yaxud da dəstəmaz əsnasında) misvakdan istifadə etmək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Əgər ümmətimə ağır gəlməsəydi, onlara əmr edərdim ki, hər dəstəmazda misvaklansınlar»[72].
3- Dəstəmazın əvvəlində əlləri biləklərə qədər üç dəfə yumaq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmazın əvvəlində əllərini biləklərə qədər üç dəfə yuyardı. Necə ki, bu, onun dəstəmazının vəsfində varid olmuşdur.
4- Oruclu kimsə istisna edilməklə, dəstəmaz alan şəxsin ağzına və burnuna suyu çox alması. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəstəmazının vəsfində belə varid olmuşdur: «Ağzını yaxaladı və burnuna aldığı suyu boşaltdı».Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Oruclu olmadığın vaxtlar, burnuna suyu çox çək»[73].
5- Dəstəmaz əzalarını su ilə sürtmək və suyun üzün hər yerinə dəyməsi üçün, sıx saqqalı barmaqlarla ovxalamaq. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə edərdi. O, dəstəmaz aldıqda, dirsəklərini sürtərdi[74].
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmaz aldıqda çənəsinin alt hissəsinə suyu salıb barmaqları ilə ovuşdurardı[75].
6- Dəstəmaz alarkən əl və ayaqları yuduqda sağ tərəfdən başlamaq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə etmişdir. O, ayaqqabılarını geyindikdə, saçını daradıqda, yuyunduqda və bütün işlərində sağ tərəfdən başlamağı sevərdi[76].
7- Üzü, əlləri və ayaqları üç dəfə yumaq. Hər bir dəstəmaz əzasını bir dəfə yumaq vacib, üç dəfə yumaq isə müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə etmişdir. Təsdiqini tapmış rəvayətdə o, dəstəmaz əzalarını bir dəfə bir, bir dəfə iki və bir dəfə də üç sayda yuyaraq dəstəmaz almışdı[77].
8- Dəstəmazdan sonra, varid olan zikri demək. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizdən kim gözəl dəstəmaz alarsa və sonra:
[أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ]
Transkripsiyası: «[Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu]»,
«Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O təkdir. Onun şəriki yoxdur. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»zikrini deyərsə, onun üçün cənnətin səkkiz qapısı açılar və istədiyi qapıdan daxil olar»[78].
Altıncı məsələ: Dəstəmazı pozanlar:
Dəstəmazı pozanlar, onu batil və yararsız edən amillərdir.
Dəstəmazı altı amil pozur:
1- İki yoldan çıxanlar: Yəni, Sidik və nəcis ifraz olan yollar. Bu iki yolla sidik, nəcis, məni, məzi, istihadə qanı və ya az yaxud da çox olmasına baxmayaraq yel çıxır. Çünki Uca Allah buyurur: «Sizlərdən biri ayaqyolundan gəldikdə.»[79]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sizlərdən birinizin dəstəmazı pozulduqda dəstəmaz almayınca, Allah onun namazını qəbul etməz».Bu hədis yuxarıda qeyd edilmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»…kiçik və ya böyük subaşına çıxdıqda və yatdıqda…»[80].
Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm), yel çıxıb-çıxmamasında şübhəli olan adam barədə demişdir:»Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!»[81].
2- Murdar şeyin insan bədəninin başqa yerindən çıxması. Bədənin başqa yerindən çıxan, sidik və ya nəcisidirsə, ötən dəlillərə daxil olduğuna görə, mütləq olaraq dəstəmazı batil edir. Əgər bu iki şeydən başqasıdırsa, məsələn, qan və qusuntu kimi və miqdarı çoxdursa, ehtiyat baxımından dəstəmaz almaq daha yaxşıdır. Yox əgər miqdarı azdırsa, alimlərin yekdil rəyinə əsasən, dəstəmaz almaq lazım deyil.
3- Huşunu itirmək yaxud da yatmaq səbəbi ilə ağlın başdan getməsi. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»…kiçik və ya böyük subaşına çıxdıqda və yatdıqda…».
Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər bir hədisdə buyurur:»Göz arxanın ipidir, kim yatsa, qoy dəstəmaz alsın»[82].
Elm əhlinin yekdilliklə bildirdiyi rəyə əsasən, dəlilik, huşu itirmək, sərxoşluq və digər buna oxşar hallar dəstəmazı pozur. Dəstəmazı pozan yuxu, yatmaq formasından asılı olmayaraq, özünü tam dərk etmədiyin dərin yuxudur. Amma yüngül yuxuya getmək (mürgüləmək) isə dəstəmazı batil etmir. Çünki səhabələr -Allah onlardan razı olsun- namazı gözlədikləri vaxt, mürgü vurardılar. Namaza iqamə verilən kimi qalxıb dəstəmaz almadan namazı qılardılar[83].
4- Heç bir maneə olmadan cinsiyyət orqanına toxunmaq. Busra bint Səfvan -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim cinsiyyət orqanına əl dəysə, qoy dəstəmaz alsın»[84].
Əbu Əyyubun və Ummu Həbibənin rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim cinsiyyət orqanına toxunsa, qoy dəstəmaz alsın»[85].
5- Dəvə əti yemək. Cabir bin Səmura -Allah ondan razı olsun- rəvayət edir ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu: «Qoyun əti yedikdən sonra dəstəmaz alaqmı?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «İstəsən dəstəmaz al, istəməsən alma». Kişi yenə soruşdu: «Bəs dəvə əti yedikdən sonra necə, dəstəmaz alaqmı?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəli, dəvə əti yedikdən sonra dəstəmaz al»[86].
6- Mürtəd olmaq. Uca Allah buyurur:«Hər kim imanı inkar edərsə, əməlləri boşa çıxar.»[87]
Ölümdən başqa, qüslu vacib edən hər bir şey, dəstəmazı da vacib edir.
Yeddinci məsələ: Dəstəmaz hansı işlərdə vacib sayılır:
Üzərinə aşağıdakı işlərin yerinə yetirilməsi şəriət tərəfindən təyin olunan müsəlmanın dəstəmaz alması vacibdir:
1- Namaz. İbn Ömər -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət edir:»Allah, dəstəmazsız qılınan namazı və qənimətdən oğurlanıb verilən sədəqəni qəbul etməz»[88].
2- Kəbənin ətrafında fərz, yaxud da nafilə təvafı etmək. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə edərdi.O (sallallahu aleyhi və səlləm), dəstəmaz aldıqdan sonra təvaf etdi[89].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Evi (Kəbəni) təvaf etmək namazdır. Amma Allah həmin vaxt danışmağa icazə verib»[90].
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) heyzli qadının, heyzdən təmizlənənə qədər, təvaf etməsinə icazə verməmişdir[91].
3- Qurana bilavasitə dəri ilə toxunmaq. Uca Allah buyurur: «Ona yalnız pak olanlar toxuna bilər!»[92]Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Qurana yalnız pak ola kimsə toxuna bilər»[93].
Səkkizinci məsələ: Hansı əməllər üçün dəstəmaz almaq müstəhəbdir.
Aşağıdakı hallarda dəstəmaz almaq müstəhəbdir və bəyənilir:
1- Uca Allahı zikr edəndə və Quran oxuyanda.
2- Hər namaza dəstəmaz almaq. Çünki bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) daim riayət etdiyi əməldir. Ənəs -Allah ondan razı olsun- belə rəvayət edir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər namaz üçün dəstəmaz alardı[94].
3- Cinsi əlaqədən sonra, qüsl almadan yenidən yaxınlıq etmək istəsə, yaxud da yatmaq, yemək və ya içmək istəsə, bu zaman onun dəstəmaz alması müstəhəbdir. Əbu Səid əl-Xudrinin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:»Sizdən biri zövcəsi ilə yaxınlıq etdikdən sonra, yenidən yaxınlıq etmək istəsə, qoy dəstəmaz alsın»[95].
Aişə -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) qüslsuz halda yatmaq istəsəydi, yatmazdan öncə, namaza dəstəmaz aldığı kimi dəstəmaz alıb yatardı[96].
Aişədən -Allah ondan razı olsun- rəvayət olunan başqa bir hədisdə deyilir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) qüslsuz halda yemək yaxud da yatmaq istəsəydi, yeməkdən yaxud da yatmazdan öncə, namaza dəstəmaz aldığı kimi dəstəmaz alıb yeyərdi yaxud da yatardı[97].
4- Qüsldan əvvəl dəstəmaz almaq. Aişə -Allah ondan razı olsun- belə rəvayət edir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) cənabət qüslu aldıqda, birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su töküb, ayıb yerini yuyardı. Bundan sonra isə, namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı…[98].
5- Yatmazdan əvvəl dəstəmaz almaq. əl-Bəra ibn Azib -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:»Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al, sonra sağ böyrün üstə uzan…»[99].
Altıncı bölüm:
Xüflərə, əmmaməyə və sarğıya məsh etmək (üzərinə əllə sürtmək) barədə
Bu bölümdə bir neçə məsələ var:
Ərəb dilində xüf sözü, ayağa geyinmək üçün nəzərdə tutulan, dəri və ya başqa bir materialdan hazırlanan geyim növünə deyilir. «Xifəfun» xüf sözünün cəm formasıdır. Ayağa geyinmək üçün nəzərdə tutulan, yundan və ya başqa bir materialdan hazırlanan hər bir şey, xüflə eyni hökmdədir.
Birinci məsələ: Xüflərə məsh etməyin (üzərilərinə əllə sürtməyin) hökmü və dəlili:
Əhli sünnə və camaatın yekdil rəyinə əsasən, xüfllərə məsh etmək caizdir. Bu, insanların qarşılaşacaqları çətinlik və məşəqqətləri aradan qaldırmaq üçün, Allahdan qullarına bir rüxsət və rahatlıqdır. Sünnə və alimlərin yekdil rəyi (ərəbcə icma), xüflərə məsh etməyin icazəli olmasına dəlalət edir.
Sünnədə olan dəlillər: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özünün xüflərə məsh çəkməsi, səhabələrə bunu əmr etməsi və belə bir rüxsətə icazə verməsi, danılması mümkün olmayan çoxsaylı sənədlərlə (ərəbcə mütəvatir) səhih hədislər şəklində varid olmuşdur.
İmam Əhməd -Allah ona rəhmət etsin- demişdir: Xüflərə məsh etməyə görə qəlbimdə heç bir şey yoxdur. Bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qırx hədis rəvayət olunmuşdur. İmam Əhmədin -Allah ona rəhmət etsin-: «…qəlbimdə heç bir şey yoxdur» — sözü «xüflərə məsh etməyin icazəli olması barədə qəlbimdə heç bir şək-şübhə yoxdur» -mənasındadır.
Əl-Həsən əl-Basri deyir: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yetmiş səhabəsi mənə danışdı ki, o (sallallahu aleyhi və səlləm), xüflərə məsh edərdi. Həmin hədislərdən biri də, Cərir ibn Abdullah tərəfindən nəql edilmişdir. O, demişdir:Peyğəmbərin (sallallahu aleyhi və səlləm) kiçik subaşına çıxdıqdan sonra dəstəmaz alıb xüflərə məsh etdiyini gördüm[100].
əl-Aməş, İbrahimdən rəvayət edir ki, bu hədis onların xoşlarına gəlirdi. Çünki Cərir, əl-Maidə surəsi, yəni, dəstəmaz ayəsi nazil olandan sonra İslamı qəbul etmişdir.
Əhli sünnə və camaat alimləri, ehtiyacdan asılı olmayaraq, yerli və müsafir olan insanın, məsh etməsinin icazəli olması barədə yekdil rəy söyləmişlər.
Həmçinin corablara da məsh etmək icazəlidir. Corab, dəridən olmayan, yalnız parçadan və parçaya oxşar şeylərdən, ayaqlara geyinmək üçün hazılanmış geyimdir. Hal-hazırkı dövrümüzdə corablara (ərəbcə) «əş-şurrabu» da deyirlər. Hər ikisi də insanın ehtiyacı baxımından və məsh etmə səbəbindən, xüflərlə eynidirlər. Onların geyinilməsi xüflərdən daha çox yayılmışdır. Əgər ayağı örtürlərsə, onların üzərinə məsh etmək caizdir.
İkinci məsələ: Xüflərin və onların əvəzləyicilərinin üzərinə məsh etməyin şərtləri:
Bu şərtlər aşağıdakılardır:
1- Onları pak olduqdan sonra geyinmək. əl-Muğira ibn Şöbə -Allah ondan razı olsun- belə rəvayət edir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birgə səfərdə idim. Mən əyilib onun xüflərini çıxartmaq istədikdə, o dedi: «Toxunma onlara! Mən onları pak halda geyindim». Sonra onlara məsh çəkdi[101].
2- Onların fərz sayılan yeri örtməsi: Yəni, ayaqlarda yuyulması fərz sayılan yeri. Əgər fərz yerlərdən nə isə açılarsa, məsh səhih sayılmaz.
3- Onlar mubah olmalıdır. Başqasından qəsb edilmiş və ya oğurlanmış xüflərə və onların əvəzedicilərinə məsh etmək olmaz. Həmçinin ipək kişilərə icazəli deyil. Çünki onun geyinilməsi asilikdir və mübahlığına rüxsət yoxdur.
4- Onların özləri də pak olmalıdır. Murdar bir şeyə, məsələn, uzunqulaq dərisindən düzəldilənə məsh etmək olmaz.
5- Məsh, şəriətin qoyduğu müddət daxilində edilməlidir. Bu müddət, yerli insan üçün bir gün bir gecə, müsafir üçün isə, üç gün üç gecədir.
Bu, beş şərtdir. Elm əhli onları, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsindən və ümumi şəriət qaydalarından götürmüşlər ki, xüflərə düzgün məsh edilsin. Məsh etmək istədikdə, bu şərtlərə riayət olunması labüddür.
Üçüncü məsələ: Məshin necə edilməsi və vəsfi:
Şəriətin məsh çəkmək üçün bildirdiyi yer, xüfün üst hissəsidir. Burada vacib sayılan, məsh adının aid edildiyidir. Məshin keyfiyyəti: xüfün üst tərəfinin çox hissəsinə edilir. əl-Muğira ibn Şöbə -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəstəmaz zamanı xüflərə necə məsh etdiyini izah etmişdir. O demişdir:Peyğəmbəri (sallallahu aleyhi və səlləm) xüflərə məsh edərkən gördüm.Onların üstünə etdi[102].
Alt və ya arxa hissəsinə məsh etmək məqbul sayılmır və sünnəyə müvafiq deyil. Çünki Əli -Allah ondan razı olsun- demişdir:Əgər din rəylə olsaydı, xüfün altına məsh etmək, üstünə məsh etməkdən daha uyğun sayılardı. Mən, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) xüfunün üstünə məsh edərkən gördüm[103].
Əgər həm xüfün üstünə, həm də altına bir yerdə məsh edilsə, məsh səhih sayılsa da, belə etmək məkruh hesab olunur.
Dördüncü məsələ: Məshin müddəti:
Yerli adamlar və ya namazları qısaltmağa icazə verilməyən bir səfərdə olan müsafirlər üçün müddət, bir gün, bir gecədir. Lakin namazları qısaltmağa icazə verilən bir səfərdə olan müsafirlər üçün müddət, üç gün, üç gecədir. Əli -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm), üç gün, üç gecə müsafir üçün, bir gün, bir gecə isə, yerli adam üçün etmişdir[104].
Beşinci məsələ: Məshi batil edən amillər.
Aşağıda qeyd edilən amillər məshi batil edir.
1- Qüslu vacib edən bir iş baş veribsə, məsh batil olur. Safvan ibn Assən deyir:Biz səfərdə olarkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə xüflərimizi üç gün üç gecə çıxartmamağı əmr edərdi. Yalnız cənabət halı (yəni, qüslun pozulması) istisna edilərdi[105].
2- Əgər ayağın, yuyulması vacib olan bəzi hissəsi görünərsə, məsh batil sayılar.
3- Xüfləri çıxartmaq məshi batil edir. Əksər elm adamlarının rəyinə əsasən, xüflərdən birinin çıxarılması, ikisinin də çıxarılması kimidir.
4- Məsh müddətinin bitməsi, məshi batil edir. Çünki məsh üçün şəriət tərəfindən müəyyən müddət qoyulmuşdur. Məshin müddətini bildirən hədislərin anlamına görə, şəriətin məsh üçün qoyduğu müddətdən artıq məsh etmək caiz deyildir.
Altıncı məsələ: Məshin başlama müddəti:
Məshin müddəti, onları geydikdən sonra, dəstəmazın pozulma vaxtından başlayır. Məsələn, bir nəfər Fəcr namazına dəstəmaz alıb, xüfləri geyinir. Günəş çıxdıqdan sonra, dəstəmazı pozulur, lakin almır. O, Zöhr namazından əvvəl dəstəmaz alır. Bu halda məshin müddəti, dəstəmazın pozulduğu vaxtdan, yəni günəşin çıxdığı vaxtdan başlayır. Bəzi alimlər: «Məshin müddəti, Zöhr namazından əvvəl aldığı dəstəmazın vaxtından başlayır.» — demişlər. Yəni, dəstəmazı pozulduqdan sonra, çəkdiyi məshdən başlayır.
Yeddinci məsələ: Sarğıya, əmmaməyə və qadınların baş örtüyünə məsh etməsi.
Sarğı dedikdə burada, sınıq yerin üzərinə, həmin yerin sağalması üçün, taxta və ya gips bağlanmış sarğılar nəzərdə tutulur. Həmçinin yaranın üzərinə qoyulan yapışqanların və ya onun hər tərəfini örtən əşyaların üzərinə məsh etmək icazəlidir. Bütün bu əşyaların üzərinə ehtiyac olduğu miqdarda məsh edilməsi şərtdir. Əgər ehtiyacdan artıq yerə sarılıb və ya yapışdırılıbsa, bu zaman artıq hissə mütləq çıxardılmalıdır.
Sarğıların üzərinə qüsl və dəstəmazda da məsh etmək caizdir. Sarğılara məsh etmək üçün müyyən vaxt yoxdur, əksinə sınıq və ya yara sağalıb, sarğı açılana qədər məsh edilə bilər. Buna dəlil odur ki, sarğılara məsh etmək zərurətdir. Zərurətdən də ehtiyac duyulduğu qədər istifadə olunur. Bu məsələdə qüsl ilə dəstəmaz arasında heç bir fərq yoxdur.
Başa sarılıb bağlanan əmmaməyə də məsh etmək caizdir. Çünki əl-Muğira ibn Şöbə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) əmmaməsinə, kəkilinə və xüflərinə məsh edərdi[106].
Başqa hədisdə rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xüflərə və ximara, yəni, əmmaməyə məsh etdi[107].
Əmmaməyə məsh etmək üçün müəyyən vaxt həddi yoxdur. Lakin ehtiyat baxımından xüflərə məsh etdiyi kimi, əmmaməyə də onu dəstəmazlı geyindikdən sonra, yerli adam olsa bir gün, bir gecə, müsafir olsa, üç gün üç gecə məsh etməsi daha yaxşı olar.
Qadının baş örtüyünə (ərəbcə ximar) məsh etməsinə gəlincə, bunu etməməsi daha yaxşıdır. Yalnız baş örtüyünü çıxartmaqda qadın üçün bir çətinlik olarsa və ya başında bir xəstəlik varsa, yaxud da buna oxşar digər üzrlər meydana çıxarsa, bu müstəsna hal sayılar. Əgər baş, keçə və ya digər əşya ilə xınalanarsa, onun üzərinə məsh edə bilər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə etmişdir. Ümumiyyətlə, Allah bu ümmət üçün, başın təmizlənməsini müəyyən qədər asan və rahat etmişdir.
Yeddinci bölüm:
Qüsl barədə
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Qüslun mənası, hökmü və dəlili:
1- Qüsl sözünün lügəti mənası:
Qüsl sözü lügəti mənada, bir şeyi yumaq kəlməsinin məsdəri sayılır. Bu da bütün bədəni yumaq anlamına gəlir.
Qüsl sözünün şəriətdəki mənası, su ilə bütün bədəni yumaq, yaxud da, pak Allaha ibadət niyyəti ilə, (şəriətin qoyduğu) xüsusi şəkildə, bütün bədəni təmiz su ilə yumaqdır.
2- Qüslun hökmü:
Əgər qüslu almaq üçün səbəb varsa, bu zaman alınması vacib sayılır. Uca Allah buyurur:«Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)»[108].Səhabələrin, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qüslun necə alınması barədə rəvayət etikləri hədislər, qüslun vacib olmasına dəlalət edir.İnşallah bu hədislərdən bəziləri aşağıda deyiləcəkdir.
3- Qüslu vacib edən səbəblər:
Qüsl aşağıdakı səbəblər ilə vacib olur.
1- Məninin öz çıxışından xaric olması. Onun kişi və ya qadından şəhvətlə atılaraq çıxması şərtdir. Uca Allah buyurur:«Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)»[109].Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əliyə -Allah ondan razı olsun- demişdir:»Bədənindən məni atılaraq çıxsa, qüsl al»[110].
Yatan və oxşar halda olan insandan məninin şəhvət ilə çıxması şərt deyil. Çünki yatan insan bəzən bunu hiss etmir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşulur: «Qadın yuxuda ihtilam olsa (qüslu pozulsa), ona qüsl almaq vacibdirmi?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Bəli, əgər mənini gorsə»[111].Bunlar hamısı ümmətin ittifaq etdiyi məsələlərdir.
2- Maneə (paltar) olmadan, hətta məni gəlməsə də, övrətin bütünlüklə yaxud da sünnət olunuan yerə qədər, qadının övrətində itməsi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Əgər dörd əza (iki əllər, iki ayaqlar) arasında oturarsa və sünnət sünnətə (övrət övrətə) toxunarsa, artıq qüsl vacib sayılar»[112].
Lakin bu halda qüsl, on yaşından yuxarı oğlana və doqquz yaşından yuxarı qıza vacibdir.
3- Kafirin İslamı qəbul etməsi və mürtədin yenidən İslama qayıtması. Çünki Qeys ibn Asim İslamı qəbul etdiyi zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona qüsl almağı əmr etmişdir[113].
4- Heyz və nifas qanının kəsilməsi. Aişə -Allah ondan razı olsun- rəyavət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fatimə bint Əbi Hubeyşə demişdir:»Heyz olduğun vaxt namaz qılma. Elə ki, heyzdən təmizləndin, qüsl al və namazı qıl»[114].
Alimlərin yekdil rəyinə əsasən, nifas şəriət əhkamları baxımından, heyzlə eynidir.
5- Ölüm. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızı Zeynəb vəfat etdiyi zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zeynəbi yuyan qadınlara: «Onu yuyun» — demişdir[115].
Başqa hədisdə rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ehramda ikən (dəvəsindən yıxılıb) ölən kişi üçün səhabələrə: «Onu su və sidr ilə yuyun» — demişdir[116]. Bu bir ibadət olaraq edilir. Çünki dəstəmaz və ya qüslu itirdiyinə görə edilsəydi, səbəb qaldığına görə o, pak sayılmazdı.
İkinci məsələ: Qüslun vəsfi və necə alınmasının qaydası:
Cənabət qüslunun alınmasının iki qaydası var: Müstəhəb qüsl və yetərli sayılan qüsl:[117]
Müstəhəb qüsl: Birinci əllər, sonra övrət yeri və bulaşan hissə yuyulur. Sonra namaz üçün dəstəmaz alındığı kimi dəstəmaz alınır. Daha sonra ələ su götürülüb dəriyə su dəyməsi üçün barmaqlar ilə başdakısaçların dibi ovxalanır. Bundan sonra başa üç ovuc su tökülür. Sonda isə, bədəninin qalan yerlərinə su tökür. Bu barədə Buxari və Müslimin «Səhih» adlı əsərlərində Aişədən -Allah ondan razı olsun- hədis nəql edilir.
Yetərli sayılan qüsl: Qüsla niyyət etdikdən sonra, bütün bədəni su ilə yumaq. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Məymunə -Allah ondan razı olsun- belə rəvayət edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) cənabət qüslu almaq üçün su götürdü. Sonra əllərinə su töküb, əllərini iki yaxud da üç dəfə yudu. Daha sonra ağızını yaxaladı və burnuna su çəkdi. Bundan sonra üzünü və əllərini dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) yudu. Sonra isə, başına su tökdü. Sonda bədənini su ilə yudu. Meymunə -Allah ondan razı olsun- deyir ki, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bədənini qurulamaq üçün məhrəba gətirdim. O, istəmədi və suyu bədənindən əlləri ilə sildi[118].
Bu hədisə oxşar bir hədisi də Aişə -Allah ondan razı olsun- rəvayət etmişddir. Orada belə deyilir: «…sonra (yaş) əli ilə saçlarının dibini ovxalayardı. Nəhayət, (başının) dərisini tam islatdığını yəqin etdikdə, onun (yəni, başının) üstünə üç dəfə su tökər, sonra da bədəninin qalan hissəsini yuyardı»[119].
Cənabət qüslunda qadına, hörüklərini açmaq vacib deyil, amma heyz qüslunda açmaq vacibdir. Ummu Sələmə -Allah ondan razı olsun- rəvayət edir ki, o, Peyğəmbərə (sallallahu aleyhi və səlləm): «Ey Allahın elçisi! Mən hörükləri çox olan qadınam, cənabət qüslunda hörüklərimi açmalıyammı?» — dedim.Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Xeyr, cənabət qüslunda başına üç ovuc su tökmək və bədənini yumaq sənə kifayət edər, əgər belə etsən pak olarsan» — deyərək cavab verdi[120].
Üçüncü məsələ: Müstəhəb olan qüsllar:
Artıq vacib qüslları bəyan etdik, sünnə və müstəhəb olan qüsllar isə, aşağıdakılardır:
1- Hər bir cinsi əlaqədən sonra qüsl almaq: Əbu Rafi -Allah ondan razı olsun- rəvayər edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir gecədə bir zövcəsinin yanında qüsl alar, sonra digər bir zövcəsigilə gedib onun yanında da qüsl alardı. Mən dedim: «Ey Allahın elçisi! Olmaz ki, bir dəfə qüsl alasan?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu daha təmizdir, pakdır və yaxşıdır»[121].
2- Cümə qüslu: Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:»Sizdən kim cümə namazına gəlsə, qüsl alsın»[122].
Cümə qüslu, müstəhəb qüslların ən çox təkid olunanıdır.
3- Orucluq və Qurbanlıq bayramı üçün qüsl almaq.
4- Ümrə və həcc üçün ehrama girdikdə qüsl etmək. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) ehrama girmək üçün qüsl etmişdir.
5- Meyiti yuyan şəxsin qüsl etməsi. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim meyit yusa, qüsl alsın, kim cənazə apararsa dəstəmaz alsın»[123].
Dördüncü məsələ: Qusl alması üzərinə vacib olan (qüslsuz) insanın öhdəsinə düşən əhkamlar:
Belə insanın öhdəsinə düşən əhkamların icmalını aşağıdakı kimi vermək olar:
1- Onun qüslsuz halda məsciddə oturması yolverilməzdir. Yalnız məsciddə dayanmadan keçib getməsi müstəsnadır. Uca Allah buyurur: «(cinsi əlaqədən sonra) natəmiz olduğunuz halda, yolda olan (məsciddən keçən) istisna olmaqla qüsl edənədək namaza yaxınlaşmayın.» [124]Qüslsuz insan dəstəmaz alsa, məsciddə otura bilər.Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vaxtında belə edilməsi, bir qrup səhabələrin rəvayətlərində öz təsdiqini tapmışdır. Çünki dəstəmaz hədəsi (yəni, insanın qüsl və dəstəmazının pozulması ilə düşdüyü napak vəziyyətini) yüngülləşdirir və dəstəmaz iki təmizlənmə vasitəsindən biridir.
2- Qüslsuz halda Qurana toxunmaq olmaz. Uca Allah buyurur:«Ona yalnız pak olanlar toxuna bilər!»[125]. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Qurana yalnız pak ola kimsə toxuna bilər»[126].
3- Qüslsuz halda Quran oxumaq olmaz. Belə kimsə qüsl alanadək, Qurandan heç bir şey oxuya bilməz.
Əli -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Quran oxumasına heç nə mane olmazdı. Yalnız qüslsuz vəziyyəti müstəsna idi[127].
Çünki belə adamın Quran oxumasına icazə verilməməsində, onun tez qüsl almağa və oxumasına əngəl olanı aradan qaldırmağa təşviqi vardır.
Həmçinin cənabətli insana haram edilir:
4- Namaz.
5- Kəbəni təvaf etmək.
Bunun izahı, beşinci bölümün: «Dəstəmazı vacib edən amillər» məsələsi haqqında danışdıqda verilmişdir.
Səkkizinci bölüm:
Təyəmmüm barədə
Bu bölümdə bir neçə məsələ vardır:
Təyəmmüm sözünün lüğəti mənası: qəsd etməkdir. Şəriətdə daşıdığı məna isə: Uca Allaha ibadət niyyəti ilə, şəriətin qoyduğu qaydada pak torpaqla üzə və əllərə məsh etməkdir.
Birinci məsələ:Təyəmmümün hökmü və şəriətdən sayılmasının dəlili:
Təyəmmüm etmək şəriətdə icazəlidir. O, izzət və cəlal sahibi olan Allahdan qullarına bir rüxsətdir. Təyəmmüm, İslam şəriətinin gözəlliklərindəndir. O, bu ümməti başqalarından fərqləndirən xüsusiyyətlərdəndir.
Çünkü Uca Allah buyurur:«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!» [128]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»On il belə, su tapmasan, pak torpaq sənə yetər. Əgər su tapsan, suyu dərinə sürt»[129].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Yer üzü mənim üçün məscid və pak edilmişdir»[130].
Alimlər, təyəmmümün bütün şərtləri cəm olduğu halda, təyəmmüm etməyin icazəli olmasına, onun su ilə edilən təharəti əvəz etməsinə və su ilə təharət etdikdən sonra, namaz, təvaf, Quran oxumaq və sairə ibadətləri, eyni ilə təyəmmüm etdikdən sonra da edilməsinə yekdilliklə icazə vermişlər.
Beləliklə də təyəmmümün icazəli olması, Quran, Sünnə və yekdil rəy (icma) ilə təsdiqləndi.
İkinci məsələ: Təyəmmümün şərtləri və onun icrasını icazəli edən səbəblər.
Təyəmmüm, sudan istifadə etməyə aciz olduqda icazəli sayılır. Bu, ya suyun yoxluğu, ya da onun istifadəsi zamanı bədəndəki xəstəliyə zərər yetirməsi qorxusu və yaxud da şiddətli soyuq olduğu anda edilə bilər. İmran ibn Huseyn -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Pak torpaqdan istifadə et! Bu sənə kifayət edər»[131].
Bu barədə az sonra ətraflı məlumat veriləcəkdir.
Təyəmmüm etmək isə aşağıda gələn şərtlər əsasında icazəlidir:
1- Niyyət etmək: Yəni, namaz qılmaq üçün təyəmmüm etməyə niyyət etmək. Niyyət bütün ibadətlərdə şərtdir. Təyəmmüm də bir ibadətdir.
2- İslamda olmaq: Kafir insan təyəmmüm etsə, təyəmmümü səhih deyildir. Çünki təyəmmüm ibadətdir (kafirin küfrü ibadətinin qəbul olmasına mane olur).
3- Ağıl: Təyəmmüm, ağlı başında olmayan, məsələn, dəli və ya özündən getmiş kimsədən qəbul olunmaz.
4- Seçmək: (Halalı haramdan, pisi yaxşıdan) ayıra bilməyənin təyəmmümü səhih deyil. Bura yeddi yaşdan aşağı olan uşaqlar daxildir.
5- Üzrlü səbəbdən sudan istifadə edə bilməmək: Ya da suyun olmamasına görə, necə ki, Uca Allah buyurur:«Su tapmasanız, pak torpaqla təyəmmüm edin.»[132]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Həqiqətən pak torpaq, on il su tapmasa belə, müsəlmanın təmizləyicisidir. Əgər su tapsa, qoy suyu dərinə sürtsün, çünki bu onun üçün xeyirdir»[133].
Ya da suyun istifadə edilməsi səbəbi ilə xəstəliyin daha da artmasından ehtiyat edərsə və ya şəfanın gecikməsi ilə suyun hansısa bir zərər vuracağından qorxarsa, təyəmmüm edə bilər. Çünki uca Allah buyurur:«Xəstələndiyiniz… zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin.» Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, biz səfərdə ikən, bizdən bir kişinin başna daş düşdü. Onun başını yarıldı. Sonra kişinin yuxuda qüslu pozuldu. Kişi yoldaşlarından: «Mən təyəmmüm edə bilərəmmi?» — deyə soruşdu? Yoldaşları isə, ona: «Xeyr, təyəmmüm edə bilməzsən. Çünki sən, qüsl almaq iqtidarındasan.» — deyə cavab verdilər. Kişi qüsl aldı və bu səbəbdən də öldü. Biz, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına qayıtdıqda bu hadisəni ona nəql etdik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:»Allah onları öldürsün, kişini öldürdülər. Məgər bir şeyi bilmədikdə soruşmazlarmı? Cahilliyin şəfası yalnız sualdır»[134].
Ya da ki, şiddətli soyuqdan xəstələnmək və ya ölmək təhlükəsi səbəbindən sudan istifadə edə bilməzsə, onun təyəmmüm etməsinə icazə verilir. Amr ibn As -Allah ondan razı olsun- belə rəvayət edir: «Zətəs-Sələsil döyüşünə getdiyim zamançox şiddətli soyuq bir gecədə, yuxuda ikən qüslum pozuldu. Qorxdum ki, qüsl etsəm, soyuqdan ölərəm. Elə buna görə də, təyəmmüm etdim və yoldaşlarımla sübh namazını qıldım.» [135]
6- Təyəmmüm imkan daxilində ələ yapışan tozu olan pak torpaqla olmalıdır. Məsələn, sidik düşüb təmizlənməyən torpaq ilə təyəmmüm etmək caiz deyil. Çünki uca Allah buyurur:«Pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin).»[136]İbn Abbas -Allah ondan razı olsun- demişdir:Ayədə keçən «said» sözünün mənası, əkin torpaqıdır. «Tayyib» sözünün mənası isə, pak deməkdir.
Əgər təyəmmüm etmək üşün torpaq tapmasa, qum yaxud daş ilə təyəmmüm edə bilər. Uca Allah buyurur:«Allahdan bacardığınız qədər qorxun»[137].
əl-Əvzai -Allah ona rəhmət etsin- demişdir: Qum da torpaqdandır (yəni, yerin üz qatındandır).
Üçüncü məsələ: Təyəmmümü batil edən amillər:
Bunlar təyəmmümü pozan amillərdir. Təyəmmümü üç şey batil edir:
1- Dəstəmazın və ya cənabət qüslunun pozulması, heyz və ya nifas qanının gəlməsi, təyəmmümü batil edir. Əgər dəstəmazı pozulduqdan sonra təyəmmüm edərsə, daha sonra kiçik və ya böyük subaşına çıxarsa, təyəmmüm batildir. Çünki təyəmmüm dəstəmazı əvəz edir və əvəzedici isə, daim əvəz etdiyinin hökmündə olur. (Cənabət, heyz və nifas kimi) qüslsuz hallar üçün təyəmmüm etmək də belədir.
2- Suyun olması. Əgər təyəmmüm suyun olmamasına görə edilibsə, su tapılarsa, təyəmmüm batil olur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Əgər su tapsan, onu dərinə sürt».Bu hədis yuxarıda qeyd olundu.
3- Təyəmmüm etməyə icazə verən, xəstəlik və ya buna oxşar üzrlərin aradan qalxması.
Dördüncü məsələ: Təyəmmümün edilmə qaydası:
Təyəmmümün edilmə qaydası: Təyyəmüm üçün niyyət etdikdən sonra Bismilləh deyilir və əllər bir dəfə yerə vurulur. Sonra (tozdan təmizlənməsi üçün) ya əllərinə üfürür, ya da əllərini bir-birinə çırpır. Daha sonra əllərini üzünə və biləklərə qədər əllərinin üstünə sürtür. Ammar -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:»Üz və əllərin təyəmmümü üçün, əlləri bir dəfə yerə vurmaq lazımdır»[138]. Yenə Ammar -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ona belə dediyini rəvayət etmişdir:»Sənə belə etmək kifayət edərdi».Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlini bir dəfə yerə vurdu. Sonra əlini çırpdı. Daha sonra sol əli ilə sağ əlinin üzərinə yaxud da sağ əli ilə sol əlinin üzərinə məsh etdi. Sonda isə, iki əli ilə üzünə məsh etdi.
Doqquzuncu bölüm:
Murdar şeylər (ərəbcə ən-nəcəsətu) və onlardan təmizlənmək haqqında
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Murdar şeylərin tərifi və növləri:
Murdar şey: Şəriətin ondan uzaq dayanmağı əmr etdiyi hər bir natəmiz şeydir.O iki növdür:
Birinci növ: Özlüyündə və ya həqiqi murdar olan bir şey: O, özlüyündə murdar olduğu üçün, heç bir halda təmizlənmir. Uzunqulağın peynini, qanı və sidiyi buna misal şəkmək olar.
İkinci növ: Hökmə əsasən, murdar sayılan bir şey: Bu növ, nisbi sayılan məsələdir. O, bədən əzaları ilə bağlıdır və namazın səhihliyinə mane olur. Dəstəmaz almaqla aradan qalxan kiçik hədəsi (yəni, dəstəmazsızlığı), məsələn, böyük subaşına çıxmağı və qusl almaqla aradan qalxan böyük hədəsi (qüslsuzluğu) məsələn, cənabəti şamil edir.
Murdar bir şeyin aradan qaldırılmasında əsas yeri su alır. Su, təmizlik üçün əsas vasitədir. Çünki uca Allah buyurur:«Sizi təmizləmək üçün üstünüzə səmadan su yağdırmışdı.»[139]
Murdar şeylər üç qismə bölünür:
Hökmü şiddətli olan murdar şey: Bura, it və onunla əlaqəli olan murdar şeylər daxildir.
Hökmü yüngül olan murdar şey: Bura, ana südü ilə qidalanaraq yemək yeməyən oğlan uşağının sidiyi daxildir.
Hökmü orta dərəcəli olan murdar şey: Bura, yuxarıda qeyd olunanlar istisna edilməklə yerdə qalan murdar şeylər daxildir. Məsələn, sidik, nəcis, leş və digərləri.
İkinci məsələ: Murdar olması dəlillərlə isbat edilən şeylər:
1- İnsanın sidiyi, nəcisi və qusuntusu: Ana südü ilə qidalanaraq yemək yeməyən südəmər oğlan uşağının sidiyi müstəsnadır. Onun sidiyi düşən yerə su səpmək kifayət edir. Ummu Qeys bint Mihsan -Allah ondan razı olsun- rəvayət edir ki, o, hələ yemək yeməyən südəmər oğlunu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gətirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) körpəni qucağında otuzdurdu. Uşaq onun paltarına işədi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) su gətirilməsini istədi. Sonra sudan paltarının üstünə səpdi və onu yumadı[140].
Yemək yeyən oğlan uşağı və həmçinin ana südü ilə qidalanan və ya yemək yeyən olmasından asılı olmayaraq qız uşağının sidiyi isə, böyük insanın sidiyi düşdüyü yerin yuyulduğu kimi yuyulmalıdır.
2- Əti yeyilən heyvanı kəsdikdə, təzyiq altında şiddətlə sıçrayaraq axan qan: Amma heyvanı kəsdikdən sonra ətində və damarlarında qalan qan isə təmizdir. Çünki uca Allah buyurur: «De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.»[141]
Ayədə deyilən «axar qan» sözü ilə, kəsdikdən sonra damardan təzyiq altında şiddətlə sıçrayaraq axan qan nəzərdə tutulur.
3- Əti yeyilməyən hər bir heyvanın, məsələn, pişik və siçanın sidiyi və peyini.
4- Leş: Burada, şəriətə əsaslanan qaydada kəsilməyən, ölmüş heyvan nəzərdə tutulur. Uca Allah buyurur:«De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.”[142]
Balığın, çəyirtkənin və axar qanı olmayan heyvanların ölüsü buradan istisna edilir. Sübhəsiz ki, onlar təmiz sayılır.
5- əl-Məzyu: Məzi, ağ, yumuşaq və yapışqan sudur. O, oynaşmada və ya cinsi ələqəni fikirləşdikdə, şəhvətsiz və atılmayaraq çıxır. Həmçinin çıxdıqdan sonra yorğunluq hiss olunmayır. Bəzən də onun xaric olması heç hiss olunmayır. Məzi murdardır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əli ibn Əbi Talibin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə belə demişdir: «Dəstəmaz al, övrətini yu»[143].
Yəni, məzi çıxdıqdan sonra belə et.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əli ibn Əbi Talibə hər dəfə məzi çıxdıqda qüsl almasını əmr etmədi. O (sallallahu aleyhi və səlləm) bunu, yüngülləşdirmək və məşəqqəti aradan qaldırmaq üçün etdi. Çünki məzidən qorunmaq olduqca çətin bir işdir.
6- əl-Vadyu: Bu, kiçik su başına çıxdıqdan sonra insandan çıxan ağ və qatı sudur. Kimdən belə bir su çıxsa, övrət yerini yuyub dəstəmaz almalıdır. Bu halda qüsl alınmır.
7- Heyz qanı: Əsma bint Əbi Bəkr -Allah onların hər ikisindən də razı olsun- rəvayət edir ki, bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o nə etməlidir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Onu ovxalasın, sonra suya salıb yaxşıca yusun. Bundan sonra üstünə su səpsin. Daha sonra onda namaz qılsın»[144].
Üçüncü məsələ: Murdar şeyi təmizləməyin qaydası:
1- Əgər murdar şey yerdə və məkandadırsa, oranın təmizlənməsi üçün, bir dəfə yumaq kifayətdir. Bununla da, murdar şeyin özü aparılır. Onun üzərinə bir dəfə su tökülür. Çünki bədəvi ərəb, məscidin içində kiçik subaşına çıxdıqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmin yerə su tökməyi əmr etmişdir[145].
2- Əgər murdar şey, yerdə deyil, paltarda yaxud da qabdadırsa, əgər murdar şey, itin ağzını qaba vurması səbəbindəndirsə, mütləq həmin qabı birincisi torpaq olmaqla, yeddi dəfə yumaq lazımdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:»Əgər it sizdən birinin qabına ağzını vurarsa, o qabı yeddi dəfə yuyun. Birincisi torpaq ilə olsun»[146].
Bu, qablar və digərləri, məsələn, paltar və xalça barədə verilmiş ümümi hökmdür.
Donuzun murdarlığı: Səhih rəyə əsasən, donuzun murdarlığı başqa murdar şeylərlə eyni hökmdədir. Onun murdarlığının yeddi dəfə yuyulması şərt deyildir. Əksinə bir dəfə yuyub, murdarlığı itirmək, kifayət edir.
Əgər murdar şey sidik, nəcis, qan yaxud da buna oxşar başqa bir şeydirsə, onun özünü və ya izini aparmaq üçün həmin yer su ilə ovuşdurulub sıxılaraq yuyulur. Bu növ murdar şeydən təmizlənmək üçün bir dəfə su ilə yumaq kifayət edir.
Yemək yeməyən, yalnız ana südü ilə qidalanan oğlan uşaqının sidiyini ifraz etdiyi yerə su səpmək yəni, su çiləmək, o yerin pak olması üçün kifayət edir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:»Qız uşağı sidik ifraz etdiyi yer yuyulur, oğlan uşağının sidik ifraz etdiyi yerə isə, su səpilir»[147].
Buna dəlil, Ummu Qeys bint Mihsanın yuxarıda ötən hədisidir.
Leş heyvan dərisinə gəldikdə, əgər əti yeyilən heyvanlardandısa, aşılanmaqla təmiz olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir:»Hansı dəri aşılansa, artıq təmizdir»[148].
Heyz qanı; Qadın onu öz paltarından su ilə yuyub aparır. Sonra paltarı çırparaq onda namaz qılır.
Müsəlmanın öz bədənini, namaz qıldığı yeri və paltarını murdar şeylərdən təmiz saxlaması vacibdir. Çünki bədənin, namaz qıldıqı yerin və paltarın murdar şeylərdən təmiz olması, namazın səhihlik şərtlərindən biridir.
Onuncu bölüm:
Heyz və nifas barədə
Bu bölümdə bir neçə məsələ var:
Heyz sözünün lüğəti mənası: axar olan (ərəbcə əs-seylənu) deməkdır. Dini mənada isə: təbii və bədəndə yaranan qana deyilir. O, qadının sağlam olduğuğu hallarda, onun uşaqlığının dibindən bəlli vaxtlarda gələn qana deyilir. Heyz qanı, uşaq dünyaya gətirmə səbəbi ilə xaric olmur.
Nifas: Uşaq dünyaya gəlbikdən sonra qadından çıxan qandır.
Birinci məsələ: Heyzin başlama və qurtarma vaxtı:
Doqquz yaşa çatmazdan əvvəl heyz olmur. Çünki bu yaşdan öncə hər hansı bir qadının heyz olması öz təsdiqini tapmamışdır. Aişə -Allah ondan razı olsun- demişdir: «Əgər qız doqquz yaşa çatarsa, artıq o, qadındır.» [149]
Daha düzgün rəyə əsasən, əksər hallarda əlli yaşdan sonra heyz olmur. Aişə -Allah ondan razı olsun- demişdir: «Əgər qadın əlli yaşa çatarsa, heyz hüdudundan çıxar.» [150]
İkinci məsələ: Heyzin ən az və ən çox müddəti:
Daha düzgün budur ki, heyzin ən az və ən çox müddəti üçün bir məhdudiyyət yoxdur. Bu məsələdə adətə və ürfə[151] qayıdılır.
Üçüncü məsələ: Heyzin ən çox müddəti:
Heyzin ən çox müddəti, altı yaxud da yeddi gündür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həmnə bint Cahşa demişdir:»Sən, Allahın elmində, qadınların heyz olub və heyzdən təmizləndiyi kimi, altı yaxud da yeddi gün heyz olursan. Heyzin bitdikdən sonra qüsl al və iyirmi dörd yaxud da iyirmi üç gün namaz qıl»[152].
Dördüncü məsələ: Heyz və nifas səbəbi ilə haram olan şeylər:
Heyz və nifaslı qadınlara aşağıdakıları etmək haramdır:
1- Cinsi əlaqədə olmaq: Uca Allah buyurur:«Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin.»[153]Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayə nazil olanda demişdir:»(Heyz və nifaslı qadınlarla) Nikahdan (cinsi əlaqədən) başqa hər şey edə bilərsiz»[154].
2- Talaq: Uca Allah buyurur:«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində boşayın.»[155]
Ömərin -Allah ondan razı olsun- oğlu Abdullah, zövcəsi heyz olarkən onu boşadığı üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömərə demişdir:»Ona (Abdullaha) əmr et ki, zövcəsini geri qaytarsın…»[156].
3- Namaz: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fatimə bint əbi Hubeyşə demişdir:»Heyz olduqun vaxt, namaz qılma»[157].
4- Oruc tutmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Məgər sizdən biri heyz olduğu vaxt namaz və orucu tərk etmirmi?» Biz (qadınlar): «Bəli» – dedik. [158]
5- Təvaf etmək: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Aişəyə -Allah ondan razı olsun- demişdir:»Hacıların yerinə yetirdiyini (yəni, həcc əməllərinin hamısını) yerinə yetir. Yalnız heyzdən təmizlənənədək Kəbəni təvaf etmə»[159].
6- Quran oxumaq: Bu söz, elm əhlindən olan əksər səhabə, tabein və onlardan olan sonra gələn alimlərin sözüdür. Amma bəzi elm əhli deyir ki, qadın, Qurandan əzbərlədiyini unudacağından qorxursa, yaxud qızlara Quran dərsi verirsə yaxud da gündəlik Qurandan müəyyən qədər oxuyursa, bu zaman qadın, heyzli və nifaslı halda ehtiyac olduquna görə Quran oxuya bilər. Əgər buna ehtiyac yoxdursa oxumur[160].
7- Qurani Kərimə toxunmaq: Uca Allah buyurur:«Ona yalnız pak olanlar toxuna bilər!»[161]
8- Məscidə daxil olmaq və orada oturmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Mən məscidi, cənabətli insana və heyzli qadına halal etmirəm»[162].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) məsciddə etikaf etdiyi zaman, başını Aişəyə -Allah ondan razı olsun- tərəf uzadardı, Aişədə otağında ikən, heyzli halında, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başını darayardı[163].
Qadın heyz və nifaslı vaxtında məsciddən keçərkən məscidi heyz və nifas qanı ilə bulaşdırmasından qorxursa, bu zaman məsciddən keçib getməsi haramdır. Amma bulaşdırmayacağından əmindirsə, məsciddən keçib gedə bilər.
Beşinci məsələ: Heyz nələri vacib edir:
1- Heyz qüsl almağı vacib edir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Heyz olduğun günlər namaz qilma, heyzdən təmizləndikdə isə, qüsl al və namaz qil»[164].
2- Həddi-büluğa çatmaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Allah heyzli qadının namazını, baş örtüksüz qəbul etməz»[165].
Şəriət, qadından heyz qanının gəlməsi ilə ona örtünməyi əmr etmişdir. Bu da göstərir ki, heyz qanının gəlməsi ilə qadın artıq həddi-büluğa çatmış və dini əhkamlarla mükəlləf olmuşdur.
3- İddə (gözləmə) müddəti: Boşanma və digər oxşar hallarda, heyz olan qadınlar mütləq heyz gözləyirlər. Çünki uca Allah buyurur:«Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər.»[166]Yəni, üç heyz.
4- Qadının iddə müddəti gözləməsi ilə, onun bətnində uşağın olub-olmamasına hökm vermək.
Qeyd: Qadın, günəş batmazdan əvvəl heyz və nifasdan təmizlənərsə, o günün zöhr və əsr namazlarını qılmalıdır. Əgər fəcr namazının vaxtı girməzdən əvvəl təmizlənərsə, o gecənin məğrib və işa namazlarını qılmalıdır. Çünki üzrlü hallarda ikinci namazın vaxtı, birinci namaz üçün vaxt hesab olunur. Bu cumhur (əksər) alimlərin, Malik, Şafii və Əhmədin sözüdür[167].
Altınci məsələ: Nifasın ən az və ən çox müddəti:
Nifasın ən az müddəti yoxdur. Çünki şəriətdə nifasın ən az müddəti ilə bağlı məhdudiyyət varid olmamışdır. Bu məsələdə mövcud hala qayıdılır. Bəzən nifasın müddəti az, bəzən də çox olur. Nifasın ən çox müddəti isə, qırx gündür. Ət-Tirmizi deyir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri və onlardan sonra gələn elm əhli, Ummu Sələmənin rəvayət etdiyi hədisə əsasən, nifaslı qadınların qırx gün namazı tərk etmələrini və bu müddətdən qabaq nifas qanının kəsildiyini görsələr, qüsl alıb, namaz qılmaları barədə ittifaq ediblər. Ummu Sələm demişdir:Qadınlar, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vaxtında nifasdan təmizlənmək üçün qırx gün gözləyirdilər[168].
Yeddinci məsələ: İstihazə qanı haqqında:
İstihazə: Heyz vaxtlarından deyil, başqa günlərdə «əl-Azil» deyilən damardan gələn axan qana deyilir.
İstihazə qanı heyz qanına hökmündə və sifətində tam ziddir. Çünki istihazə ana bətnindəki damarın partlaması səbəbi ilə gələn qandır. Bu damarın partlaması heyz vaxtında da və başqa vaxtlarda da ola bilər. İstihazə qanı gələn qadın təmiz olduqu üçün, bu qanının gəlməsi, onun namaz qılıb, oruc tutmasına və ərinin onunla yaxınlıq etməsinə maneə olmur. Fatimə bint Əbi Hubeyş belə rəvayər edir: «Mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedim: Ya Allahın elçisi! Məndən davamlı olaraq qan gəlir. Bu səbəbdən mən heç cürə təmiz ola bilmirəm. Həmin vaxt namazı buraxa bilərəmmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:»Xeyr, bu heyz deyil. Sadəcə damar qanıdır. Heyz qanı gəldikdə namaz qılma. Heyz vaxtı başa çatdıqda isə, qanı üzərindən yu, sonra namaz qıl»[169].
Sayı bəlli günlərdə olan heyzdən qutardıqdan sonra qüsl etmək vacibdir. Amma istihazə qanından təmizlənmək üçün, övrət yerini yumalı, övrət yerinə qanın qarşısını almaq üçün pambıq və ya digər oxşar bir şey qoymalı və onun düşməsinin qarşısını almaq üçün bir şeylə möhkəm sarımalıdır. Qadın bunların əvəzinə, günümüzdəki gigiyenik bezlərdən istifadə edə bilər. Sonra hər namazın daxil olduğu vaxt dəstəmaz alır.
İstihazəli qadınların üç halı olur:
Birinci hal: Heyz adəti bilinən qadınlar. Belə ki, qadın istihazə olmazdan öncə heyzinin müddətinin nə zaman başlayıb, nə zaman bitəcəyini bilir. Bu cür qadınlar, heyz adətləri üzrə, heyzdən saydıqları günlərdə namaz qılmır və oruc tutmurlar. Çünki həmin bəlli günlərdə heyzli sayılırlar. Adəti günləri bitdikdən sonra qüsl alıb, namaz qılırlar. Onlar, adət vaxtlarından kənar günlərdə gələn qanı, istihazə qanı hesab etməlidirlər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ummu Həbibəyə demişdir:»Heyz müddətini gözlədiyin qədər gözlə, sonra qüsl al və namaz qıl»[170].
İkinci hal: Adət vaxtları bilinməyən qadın. Lakin o, gələn qanın bəzən fərqli olduğunu müşahidə edir. Belə ki, müəyyən günlərdə qanın bir hissəsi qara rəngli, laxtalanmış və pis qoxulu olması ilə heyz qanının vəsflərini, qalan günlərdə isə, qırmızı və qoxusuz olması ilə, istihazə qanının vəsflərini daşıyır. Qadın bu halda öz seçimi ilə əməl etməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fatimə bint Ibi Hubeyşə demişdir:»Əgər heyz qanıdırsa, o, qara rəngli bəlli bir qandır, onda namaz qılma. Əgər başqa qandırsa, dəstəmaz al və namaz qıl. Çünki o, damardır.»[171]
Üçüncü hal: Əgər qadının heyz adəti olaraq bildiyi bəlli günləri yoxdursa, həmçinin heyz qanını istihazə qanından ayıra da bilmirsə, bu halda o, ən çox heyz müddətini, altı və ya yeddi günü gözləməlidir. Çünki bu, əksər qadınların heyz olduqları müddətdir. Həmin günlərdən sonra gələn qan isə, istihazə qanı sayılır. Qadın onu yuduqdan sonra namazını qılır və orucunu tutur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həmnə bint Cəhşə demişdir:»Bu şeytanın təpik atmasıdır. Sən altı yaxud da yeddi gün heyz olursan, bu müddət bitdikdən sonra qüsl al. Elə ki, təmizləndin namaz qıl və oruc tut. Əgər belə etsən, bu sənə bəs edər»[172].
«Bu şeytanın təpik atmasıdır» sözünün mənası, qanı oradan tərpətməsidir. Yəni, bu qanın hərəkətə gəlməsinə səbəb, şeytandır.
[1]ət-Tovbə surəsi, ayə: (28).
[2]Hədəs, namaz və namaza bənzər ibadətlər kimi təharətin şərt olduğu əməllərə mane olan bədəndəki bir haldır. Bu da iki növdür: Kiçik hədəs, ön və arxa yoldan çıxan və dəstəmaz əzaları ilə əlaqəli olan hədəs növüdür ki, dəstəmaz almaqla aradan qalxar. Diğəri isəböyük hədəsdir ki, cənabət kimi bütün bədənə aid olan bir haldır, bu da qüsl almaqla aradan qalxar. Buna görə, hədəsdən təharət; qüsl ilə gerçəkləçən böyük təharət vədəstəmaz ilə gerçəkləşən kiçik təharət qisimlərinə ayrılır. Bunlardan hər hansı birinin edilmədiyi zaman, yerinə pak torpaqla təyəmmüm edilməlidir. Bax: əş-Şərhul Mumti, 1/19, əl-Fiqhul-İslam va Ədillətuhə, 1/238. Xəbəs: Nəcasət deməkdir. Qabaqda bu barədə açıqlama veriləcəkdir.
[3]əl-Ənfal surəsi, ayə: (11).
[4]əl-Furqan surəsi, ayə: (48).
[5]Buxari: 744, Müslim: 598.
[6]Əbu Davud: 83, Tirmizi: 69,Nəsai: 59, İbn Macə: 3246. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ən-Nəsai, nömrə: 58 də hədisin “səhih” olduğunu bildirmişdir.
[7]əl-Maidə surəsi, ayə: (6).
[8] Ərəbcə «qullətun» saxsıdan olan küpə qabdır, ərəb dilində bu sözün cəmi, quləlun və ya qiləlun kimi tələffüz edilir. Təxminən 93,075 saadır. Bu da 160,5 litr su deməkdir. İki qullətun, təxminən beş tuluq su edir.
(Bəzi elm əhli iki qullətun təqribən: 160,5 litr su etdiyini desədə, digərlərinə görə burada qəsd olunan müəyyən miqdarda su ölçüsü deyil, əksinə, çoxlu sudur).
[9]İmam Əhməd, Müsnəd: 3/15, Əbu Davud: 61, Nəsai: 377, Tirmizi: 66, Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/45 də hədisin “səhih” olduğunu bildirmişdir.
[10]İmam Əhməd, Müsnəd: 2/27, Əbu Davud: 63, Tirmizi: 67, Nəsai: 52, İbn Maca: 517. İbn Macanın ləfzi: «Su iki qullət oldusa heç bir şey onu nəcasət etməz» – şəklindədir. Albani, İrva əl-Ğalil: 1/45 də hədisin “səhih” olduğunu demişdir.
[11]ən-Nisə surəsi, ayə: (43).
[12]Buxari: 1253, 1258, 1259 və s. Müslim: 393.
[13]Buxari: 189.
[14]Buxari: 5651, Müslim: 1616.
[15]Müslim: 371.
[16]Müslim: 371.
[17]Müslim: 300.
[18] İmam Əhməd: 5/296, Əbu Davud: 75, Tirmizi: 92, Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/173 də hədisin “səhih” olduğunu demişdir.
[19]Buxari: 172, Müslim: (279) – 91. Hədisin ləfzi Müslimə aiddir.
[20]əl-Ənam surəsi, ayə: (145).
[21]əl-Bəqərə surəsi, ayə: (29).
[22]Buxari: 5426, Müslim: 2067.
[23]Buxari: 5634, Müslim: 2065.
[24]Buxari: 3109.
[25]Buxari: 5478, Müslim: 1930.
[26]Buxari: 344, Müslim: 682.
[27]İmam Əhməd: 3/210, 211. Albani, İrva əl-Ğalil: 1/71 də hədisin “səhih” olduğunu demişdir.
[28]Tirmizi: 1650, Müslim: 366, «Dəri aşılanarsa təmizlənmiş olar» ləfzi iləİbn Abbasdan rəvayət etmişdir.
[29]Müslim: 363, İbn Maca: 3610.
[30]əl-Ənam surəsi, ayə: (145).
[31]Müslim: 271.
[32]İmam Əhməd: 6/108, Dəraqutni: 144 və “sənədi səhihdir” demişdir.
[33] Müslim: 262.
[34]Buxari: 144, Müslim: 264.
[35]Buxari: 148, Müslim: 266.
[36]Əbu Davud: 11, Dəraqutni: 158, Hakim: 1/154. Dəratuni və Hakim hədisin “səhih” olduğunu demişdir, Zəhəbidə Hakimə müvafiq olmuşdur. Hafiz ibn Həcər, əl-Həzimi və Albani də hədisin “həsən” = olduğunu demişdilər. Bax: İrva əl-Galil: 1/61.
[37]Əbu Davud: 2, İbn Maca: 335. Hədisin ləfzi İbn Macaya aiddir. Sənədi səhihdir. Bax: Səhih İbn Maca: 1/60.
[38]İbn Maca: 297, Tirmizi: 606. Əhməd Şakir Tirmizi haşiyəsində hədisin “həsən” olduğunu bildirmişdir, Albani isə “səhih” olduğunu demişdir. Bax: Səhih əl-Cami əs-Sağir: 3611.
[39]Buxari: 142, Müslim: 375.
[40]Əbu Davud: 17, Tirmizi: 7. Tirmizi hədisə “həsən ğərib”, Albani, Səhih əl-Cami əs-Sağir: 4707 də “həsən” olduğunu bildirmişdir.
[41]Əbu Davud: 14, Tirmizi: 14. Albani “səhih” olduğunu bildirmişdir. Bax:= Səhih əl-Cami əs-Sağir: 4652.
[42]Müslim: 281, (Buna yaxın ifadələrlə) Buxari: 239.
[43]Buxari: 153, Müslim: 267. Hədisin ləfzi Buxariyə aiddir.
[44]Əbu Davud: 26, İbn Maca: 328. Hədisin sənədi “həsən”dir. Bax: İrva əl-Ğalil: 1/100.
[45]Müslim: 269.
[46]Müslim: 263.
[47]İbn Maca: 1567. Albani, İrva əl-Ğalil: 1/102 də “səhih” olduğunu bildirmişdir.
[48]Müslim: 370.
[49]Əbu Davud: 29, Nəsai: 34, Hafiz ibn Həcər, ət-Təlxis, 1/106 də hədisin İbn Xuzeymə və İbn əs-Səkən tərəfindən “səhih” görüldüyünü nəql etmişdir. Şeyx İbn Üseymin də: “Ən azından hədis həsəndir” – demişdir. əş-Şərh əl-Mumti:1/95, 96.
[50]Əbu Davud: 19, Tirmizi: 1746, Nəsai: 5228, İbn Maca: 303. Əbu Davud hədisi qeyd etdikdən sonra: “Bu münkər hədisdir” – demişdir. Tirmizi: “Bu həsən ğərib hədisdir” – demişdir. Albani “zəyif” olduğunu bildirmişdir. Bu hədislərin zəyif olduğunu və bu məsələdə dəlil = göstərmək üçün səhih dəlil olmadığını qəbul etsəkdə belə, əlbəttə ki, daha uyğun və fəzilətli olan, Uca Allahın adına sayğı və təzim baxımından zərurət olmadıqca Allahın adı olduğu hər hansı bir şeylə ayaqyoluna girilməməsidir.
[51]Buxari: 2/40. Qəti ifadə ilə mualləq olaraq qeyd etmi.dir. Əhməd: 6/47, Nəsai: 1/10. Albani, İrva əl-Ğalil: 1/105 də hədisin “səhih” olduğunu bildirmişdir.
[52]Buxari: 887, Müslim: 252.
[53]Müslim: 253.
[54]Buxari: 245, Müslim: 255.
[55]İmam Əhməd, Müsnəd: 1/158, İbn Həcər ət-Təlxis: 1/70 də hədisin “səhih” olduğunu bildirmişdir.
[56]Buxari: 5889, Müslim: 257.
[57]Müslim: 260.
[58]Buxari: 5892, Müslim: 258. Hədisin ləfzi Buxariyə aiddir.
[59]Müslim: 261.
[60]əl-Maidə surəsi, ayə: (6).
[61]Müslim: 224.
[62]Müslim: 223.
[63]Buxari: 1, Müslim: 1907.
[64]əl-Maidə surəsi, ayə: (6).
[65]əl-Maidə surəsi, ayə: (6).
[66]əl-Maidə surəsi, ayə: (6).
[67]Tirmizi: 37, İbn Maca: 443. Albani, Səhih Sünnən İbn Maca 357 də və əs-Silsilə əs-Sahiyhə, 1/35 da hədisin “səhih” olduğunu bildirmiş və bu hədisin bütün rəvayət yollarını toplayıb bir araya gətirərək və bu rəvayətləri səhihləşdirmək üçün geniş araşdırmalar etmişdir.
[68]əl-Maidə surəsi, ayə: (6).
[69]Müslim: 235.
[70]İmam Əhməd: 3/424, Əbu Davud: 175. Albani hədisin “səhih” olduğunu bildirmişdir. Bax: İrva əl-Ğalil: 1/127.
[71]İmam Əhməd: 2/418, Əbu Davud: 101, Hakim: 1/147 və başqaları Əbu Hureyrin (ra) rəvayət etdiyi bir hədis olaraq qeyd ediblər. İbn Salah, İbn Kəsir və əl-İraqi hədisin “həsən” olduğunu bildirmiş, əl-Munziri və İbn Həcər isə hədisin “qavi” olduğunu, Albani də “həsən” olduğunu söyləmişdir. İrva əl-Ğalil: 1/122.
[72]Buxari hədisi muallaq olaraq cəzim ifadəsi ilə Kitab Siyam, Bab Sivakur-Ratb val-Yəbis lis-Saim babında zikr etmiş, Nəsai də bunu movsul olaraq rəvayət etmişdir. Bax: Fəth əl-Bəri: 4/159.
[73]Əbu Davud: 142, Nəsai: 1/66, hədis nömrə: 87. Albani, Səhih ən-Nəsəi, nömrə: 85 də hədisin “səhih” olduğunu bildirmişdir.
[74]İbn Hibban, Səhih: 3/363, nömrə: 1082, Beyhəqi, es-Sünən əl-Kubra, 1/196 və Hakim, Müstədrak: 1/243 də hədisin “səhih” olduğunu bildirmişdir. İbn Xuzeyim, Səhih: 1/62, İmam Əhməd, Musnəd: 4/39.
[75]Əbu Davud: 145. Albani, İrva əl-Ğalil: 1/130 da hədisin “səhih” olduğunu bildirmişdir.
[76]Buxari: 168, Müslim: 226.
[77]Buxari: 157, 158, 159, Müslim: 226. Ancaq Müslim yalnız üç dəfə yumağı zikr etmişdir.
[78]Müslim: 234. Tirmizi: 55 də [اللهُمَّ اجْعَلْنـِـي مِن التَّـوَابِيْـنَ، وَاجْـعَـلْـنِـي مِن الـمُـتَــطَهِرِيْـنَ] [Allahummə icalni minə-t-təvvabinə vəcalni minə-l-mutətahhirin] «Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!» ləfzini ziyadə etmişdir. Albani, İrva əl-Ğalil: 1/135 də bu ziyadənin “səhih” olduğunu söyləmişdir.
[79]ən-Nisə surəsi, ayə: (43).
[80]İmam Əhməd: 4/239, Nəsai: 1/83, Tirmizi: 96 da bu hədisin “səhih” olduğunu söyləmiş, Albani isə İrva əl-Ğalil: 1/141 də “həsən” olduğunu bildirmişdir.
[81]Buxari: 137, Müslim: 361.
[82]Əbu Davud: 203, İbn Maca: 477. Albani, İrva əl-Ğalil: 1/148 də hədisin “həsən” olduğunu bildirmişdir.
[83]Müslim: 376.
[84]Əbu Davud: 181, hədisin ləfzi ona aiddir, Nəsai: 163, Tirmizi: 82 də hədisin “həsən səhih” olduğunu demişdir. İbn Maca: 4479. Albani, İrva əl-Ğalil: 1/150 də hədisin “səhih” olduğunu bildirmişdir.
[85]Ummu Həbibənin nəql etdiyi rəvayəti İbn Maca: 481. Albani, İrva əl-Ğalil: 1/151 də hədisin “səhih” olduğunu bildirmişdir. Amma Əbu Əyubbun hədisi haqqında Albani: “sənədini təsbit edə bilmədim”. İrva əl-Ğalil: 1/151
[86]Müslim: 360.
[87]əl-Maidə surəsi, ayə: (6).
[88]Müslim: 224, Tirmizi: 1.
[89]Buxari: 1614, Müslim: 1235.
[90]İbn Hibban: 3836, Hakim: 1/459 də hədisin “sənədinin səhih olduğunu” bildirmiş, Zəhəbi, Beyhəqi və başqaları ona müvafiq olmuşdular. Albani, İrva əl-Ğalil: 1/121 də hədisin “səhih” olduğunu bildirmişdir.
[91]Buxari: 305, Müslim: 1211.
[92]əl-Vaqiə surəsi, ayə: (79).
[93]İmam Malik: 1/199, Dəraqutni: 1/121, Beyhəqi, 1/87, Hakim: 1/395 də hədisə “səhih” hökmü vermiş, Albani, İrva əl-Ğalil: 1/161 də hədisin “səhih” olduğunu bildirmişdir.
[94]Buxari: 214.
[95]Müslim: 308.
[96]Müslim: 305.
[97]Müslim: 305.
[98]Müslim: 316.
[99]Buxari: 247.
[100]Müslim: 272, Buxari, Bab əl-Məsh alə əl-Xuffeyin, 203 nömrəli hədisdəMuğiyrədən buna yaxın rəvayət etmişdir.
[101]Buxari: 206, Müslim: 274.
[102]Tirmizi: 98 dəhədisin “həsən” olduğunu demişdir, Albani də Səhih Tirmizi: nömrə: 85 də hədisin “həsən səhih” olduğunu söyləmişdir.
[103]Əbu Davud: 162, Beyhəqi: 1/292, Hafiz İbn Həcər, ət-Təlxis əl-Həbir, 1/160 da hədisin “səhih” olduğunu demişdir.
[104]Müslim: 85.
[105]İmam Əhməd: 4/239, Nəsai: 1/84, Tirmizi: 96 da hədisin “səhih” olduğunu demişdir. Albani, İrva əl-Ğalil: 1/140 da hədisin “həsən” olduğunu bildirmişdir.
[106]Müslim: 274.
[107]Müslim: 275.
[108]əl-Maidə surəsi, ayə: (6).
[109]əl-Maidə surəsi, ayə: (6).
[110]Əbu Davud: 206. Albani, İrva əl-Ğalil: 1/162 də hədisin “səhih” olduğunu bildirmişdir.
[111]Müslim: 313.
[112]Müslim: 349.
[113]Əbu Davud: 355, Nəsai: 1/109, Tirmizi: 605 də hədisə “həsən” hökmü vermiş, Albani, İrva əl-Ğalil: 1/163 – 167 də hədisin “səhih” olduğunu bildirmişdir.
[114]Buxari: 320, Müslim: 333.
[115]Buxari: 1253, Müslim: 939.
[116]Buxari: 1266, Müslim: 1206.
[117]Yetərli sayılan qüsul, vacib və ya fərz olan şeyləri əhatə edən, müstəhəb yaxud kamil qüsul isə həm vacib olanı həm də ki, sünnə olan şeyləri əhatə edən qüsuldur.
[118]Buxari: 249, Müslim: 317.
[119]Buxari: 248, Müslim: 316.
[120]Müslim: 330.
[121]Əbu Davud: 216, İbn Maca: 590. Albani, Səhihİbn Maca: 486 da hədisin “həsən” olduğunu bildirmişdir.
[122]Buxari: 877.
[123]İbn Maca: 1463.Albani, İrva əl-Ğalil: 1/173 də hədisin “səhih” olduğunu bildirmişdir.
[124]ən-Nisa surəsi, ayə: (43).
[125]əl-Vaqiə surəsi, ayə: (79).
[126]Malik, Muvatta: 468, Hakim, Müstədrak: 3/485. Albani, İrva əl-Ğalil: 1/161 də hədisin “səhih” olduğunu bildirmişdir.
[127]İmam Əhməd: 1014, İbn Maca: 594, Tirmizi: 146, Tirmizi hədisə “həsən səhih” hökmü vermiş, Hakim, Müstədrak: 4/107 də hədisin “səhih” olduğunu bildirmişdir. Hafiz İbn Həcər də İbn əs-Səkən, Abdulhaqq, Beyhəqidən hədisin “səhih” olduğunu söylədiklərini nəql etmişdir. Şöbənin də bunu “həsən” gördüyünü bildirmişdir. Bax: ət-Təlxis əl-Həbiyr: 1/139.
[128]əl-Maidə surəsi, ayə: (6).
[129]Əbu Davud: 329, Tirmizi: 124. Tirmizi hədisə “səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/181 də hədisin “səhih” olduğunu bildirmişdir.
[130]Buxari: 335.
[131]Buxari: 344, Müslim: 682.
[132]əl-Maidə surəsi, ayə: (6).
[133]Əbu Davud: 329, Tirmizi: 124. Tirmizi hədisin “səhih” olduğunu bildirmişdir. Bu hədis öncəki səhifədə qeyd edilmişdir.
[134]Əbu Davud: 337, İbn Maca: 572, Əhməd Şakir, Müsnədin haşiyəsində, 5/22, 23 də hədisin “səhih” olduğunu söyləmiş, Albani isəSəhih İbn Maca: 464 da hədisin “həsən” olduğunu bildirmişdir.
[135]İmam Əhməd: 4/203, Əbu Davud: 334, Dəraqutni: 681. Albani, İrva əl-Ğalil: 1/181 də hədisin “səhih” olduğunu bildirmişdir.
[136]əl-Maidə surəsi, ayə: (6).
[137]ət-Təğabun surəsi, ayə: (16).
[138]İmam Əhməd: 4/263, Əbu Davud: 327. Albani, İrva əl-Ğalil: 1/185 də hədisin “səhih” olduğunu bildirmişdir.
[139]əl-Ənfal surəsi, ayə: (11).
[140]Buxari: 223.
[141]əl-Ənam surəsi, ayə: (145).
[142]əl-Ənam surəsi, ayə: (145).
[143]Buxari: 269.
[144]Buxari: 277, Müslim: 291. Hədisin ləfzi Müslimə aiddir.
[145]Buxari: 220, Müslim: 284.
[146]Müslim: 279. Müslimə ləfzi isə «İt sizdən birinin qabını yalayarsa onu təmizləmək, birincisi torpaq olmaqla yeddi dəfə yumaqla olur».
[147]Əbu Bavud: 379, Nəsai: 303, İbn Maca: 526. Albani, Səhih Nəsai, 293 də hədisin “səhih” olduğunu bildirmişdir.
[148]Nəsai: 4252,Tirmizi: 1728, İbn Maca: 3609. Albani, İrva əl-Ğalil: 1/79 da hədisin “səhih” olduğunu bildirmişdir. Bu hədisi Müslim: 366 da «Əgər dəri aşılansa, təmiz olar» ləfzi ilə rəvayət etmişdir.
[149]Tirmizi: 1109, Beyhəqi, əs-Sünnən əl-Kubra: 1/320 də sənədsiz olaraq zikr etmişdir.
[150]Muğni: 1/406.
[151]Ürf: Yəni, məcburi olmayıb zamanın tələbindən doğan adət, qayda, üsul, hökm, dəb.
[152]Əbu Davud: 287, Tirmizi: 128. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Sənin Tirmizi: 110 da hədisin “həsən” olduğunu bildirmişdir.
[153]əl-Bəqərə surəsi, ayə: (222).
[154]Müslim: 302.
[155]ət-Talaq surəsi, ayə: (1).
[156] Buxari: 5251,Müslim: 1471.
[157] Buxari: 320,Müslim: 333.
[158] Buxari: 304.
[159] Buxari: 305,Müslim: (1211) – 120.
[160] Bax: əş-Şərh əl-Mimti, 1/291, 292.
[161]əl-Vaqiə surəsi, ayə: (79).
[162]Əbu Davud: 232, İbn Xuzeymə hədisə “səhih” hökmü vermiş, İbn Qattan və İbn Seyyidin-Nəs isə “həsən” olduğunu söyləmişdilər. Bax: Neyl əl-Avtar: 1/288, nömrə: 305.
[163]Buxari: 296. Hafiz İbn Həcər deyir ki, “Hədisdə heyizli qadının məscidə daxil olmayacağına dair dəlil vardır”. Fəth əl-Bəri: 1/401.
[164] Buxari: 306,Müslim: 334.
[165]Əbu Davud: 641,Tirmizi: 377. Tirmizi hədisə “həsən” hökmü vermişdir. İbn Maca: 655. Albani, İrva əl-Ğalil: 1/215 də hədisin “səhih” olduğunu bildirmişdir.
[166] əl-Bəqərə surəsi, ayə: (228).
[167]Bax: əl-Mulaxxas əl-Fiqhi, 1/59, 60.
[168]Əbu Davud: 312, Tirmizi: 139, İbn Maca: 648. Albani, İrva əl-Ğalil: 1/226 da hədisin “mövquf zəif” olduğunu bildirmişdir.
[169] Buxari: 306,Müslim: 334.
[170]Müslim: (334) – 65.
[171]Əbu Davud: 286,İbn Hibban, əl-İhsan: 2/458 də hədisə “səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/223 də hədisin “səhih” olduğunu bildirmişdir.
[172]Əbu Davud: 287,Tirmizi: 128. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/224 də hədisin “həsən” olduğunu bildirmişdir.