Beşinci: Həcc fəsli

Bu fəsil, özündə yeddi bölümü əhatə edir.

Birinci bölüm:

Həcc haqqında ilkin anlayış

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Həccin tərifi:

Həcc sözünün lügəti mənası: Qəsddir.

Həcc sözünün şəriət mənası: Allahın elçisinin (sallallahu aleyhi və səlləm) sünnəsində varid olduğu kimi, xüsusi yer və zamanda həcc ayinlərini yerinə yetirərək Allaha ibadət etməkdir.

İkinci məsələ: Həccin hökmü və fəziləti:

1- Həccin hökmü: Həcc, İslamın rüknlarından biri dir. Həmçinin onun əzəmətli fərzlərindəndir. Bu barədə Uca Allah buyurur: «Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!»[1]

Uca Allah buyurur:«Allah üçün həcc və ümrəni tam yerinə yetirin.»[2]

İbn Ömər -Allah ondan  razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq»[3].

Ümmət, imkanı olan insanın ömründə bir dəfə həcc etməsinin vacib olduğuna icma edib.

2- Həccin fəziləti: Sünnədə həccin fəzilət barədə bir çox hədislər varid olmuşdur, bunlardan:

Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ümrə ziyarəti, növbəti ümrəyədək arada olan (kiçik günahlar üçün) kəffarədir. Qəbul olunmuş həccin mükafatı isə, ancaq Cənnətdir»[4].

Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: «Kim Allah üçün həcc ziyarətini yerinə yetirsə, (ziyarət əsnasında) qadını ilə yaxınlıq etməsə və (digər) günah işlərdən çəkinsə, dünyaya gəldiyi gündə olduğu kimi (pak halda evinə) qayıdar»[5]. Digər hədislər də var.

Üçüncü məsələ: Ömürdə bir dəfədən artıq həcc etmək vacibdirmi?

Həcc ömürdə yalnız bir dəfə vacibdir. Bundan artıq həcc etmək isə, nafilədir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ey insanlar! Allah sizə həcc etməyi fərz edib, həcc edin». Bu zaman bir kişi dedi: Ey Allahın elçisi! hər il həcc edək? Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi: «Əgər hə desəm, hər il həcc etməyiniz vacib olacaq və siz bacarmayacaqsınız»[6].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdiyindən sonra yalnız bir dəfə həcc etmişdir.

Həmçinin alimlər, həccin ömürdə yalnız bir dəfə vacib olduğu barədə icma ediblər.

Elə buna görə də insan, həccin şərtləri hasil olan kimi, həcc etməyə tələsməlidir. Çünki üzr olmadan həcci gecikdirdiyinə görə günah qazanır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həcc etməyə tələsin. Çünki sizdən biri başna nə gələcəyini bilmir»[7].

Bir-birini gücləndirən sənədlərlə rəvayət edilmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri belə demişlər: «Həcc etməyə imkanı olub həcc etməyən, istər yəhudi kimi ölsün, istərsə də nəsrani kimi, fərq etməz»[8].

Dördüncü məsələ: Həccin şərtləri:

Həccin vacib olması üçün beş şərt var:

1- İslam: Həcc kafirə vacib deyil. Əgər kafir olaraq həcc edərsə, ondan qəbul olmaz. Çünki İslam, ibadətin məqbul olması üçün şərtdir.

2- Əqli qüsursuz olmaq: Dəliyə həcc etmək vacib deyil. Əgər dəli olduğu halda həcc edərsə, həcci qəbul olmaz. Çünki insanın şəriət əhkamları ilə mükəlləf olması üçün əqli qüsursuz olması şərtdir. Dəli isə, mükəlləf insan deyil və əqli qüsuru bərpa olana qədər qələm ondan qaldırılmışdır. Əli -Allah ondan razı olsu- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Yatmış insan yuxudan oyanana qədər, dəli əqli qüsuru bərpa olana qədər və uşaq həddi-büluğa çatana qədər»[9].

3- Həddi-büluğa çatmaq: Uşağa həcc vacib deyil. Çünki uşaq mükəlləf insan deyil və yuxarıda keçən hədisə əsasən, həddi-büluğa çatana qədər qələm ondan qaldırılmışdır. Lakin uşaq həcc edərsə, həcci səhihdir. Əgər uşaq yaxşını pisdən ayıra bilmirsə, vəlisi (valideyinləri yaxud da yaxınları) onun yerinə həccə niyyət etməlidirlər. Amma bu, İslam həccinin yerini vermir. O, həddi-büluğa çatdıqdan sonra yenidən həcc etməlidir. Bu məsələdə alimlər arasında fikir ayrılığı yoxdur. Çünki İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, bir qadın uşağını Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tərəf qaldırıb demişdir: Ey Allahın elçisi, bu uşağa həcc etmək vacibdirmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Bəli, əcri sənədir»- deyərək cavab verdi[10].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: (Hansı uşaq həcc edərsə, həddi-büluğa çatdıqdan sonra yenidən həcc etməlidir. Hansı qul həcc edərsə, qulluqdan azad olduqdan sonra yenidən həcc etməlidir»[11].

4- Azad insan olmaq: Qul heç bir şeyə malik olmadığı üçün, ona həcc etmək vacib deyil, lakin ağasının icazəsi ilə həcc edərsə, həcci səhih sayılar. Elm əhli itiffaq edib ki, əgər qul həcc edərsə, qulluqdan azad olunduqdan sonra, imkanı varsa yenidən İslam həcci etməsi ona vacibdir və qul olduğu vaxt etdiyi həcc ona İslam həccinin yerini verməz. Çünki yuxarıda qeyd edildiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Hansı qul həcc edərsə, qulluqdan azad olduqdan sonra yenidən həcc etməlidir».

5- Həcc etmək üçün gücün çatması: Uca Allah buyurur: «Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!»[12]

Maddi imkan cəhətdən güçün çatmaması. Bura, özünün və ailəsinin ehtiyacını ödəyə bilməyən və ya Məkkəyə gedib-gəlmək üçün miniyi olmayan yaxud da qoca və ya xəstə olduğu üçün minikdə oturub səfər çətinliklərinə dözə bilməyən və yaxud da həccə gedən yolda quldurların və ya vəba xəstəliyinin olduğu üçün əmin-amanlığını təmin edə bilməyən və sairə bu kimi şəxslər daxildir. Bu cür hadisələrlə üzləşənlər özləri və malları üçün qorxurlar. Belə təhlükələr aradan qalxana qədər onlara həcc vacib deyil. Uca Allah buyurur: «Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).»[13]

Güçün çatması, Allahın zikr etdiyi qüvvənin yetməsinə daxildir. Qadının həcc etməsi üçün gücünün çatması, səfərdə onunla birgə olacaq məhrəminin olmasıdır. Çünki qadının istər həcc üçün, istərsə də başqa yerə məhrəmsiz səfərə çıxması caiz deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allaha və Axirət gününə iman gətirən qadına yanında atası, oğlu, əri və qardaşı yaxud da (başqa) bir məhrəmi olmadan üç gündən artıq səfərə çıxmaq halal deyildir»[14].

Rəvayət edilir ki, ibn Abbas -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: «Heç bir kişi (naməhrəm) bir qadınla təklikdə qalmamalı və heç bir qadın yanında məhrəmi olmadan səfərə çıxmamalıdır!» Bu vaxt bir nəfər ayağa qalxıb dedi: «Ya Rəsulullah, mən filan döyüşdə iştirak etməyim üçün orduya yazılmışam, zövcəm isə həcc ziyarəti üçün yola çıxmışdır». Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Get, zövcənlə birlikdə həcc ziyarətini yerinə yetir!»[15].

Əgər qadın məhrəmsiz həcc edərsə, həcci səhih olsa da, günah qazanar.

Beşinci məsələ: Ümrənin hökmü və dəlili:

İmkanı olan kimsəyə ömründə bir dəfə Ümrə etmək vacibdir. Uca Allah buyurur: «Allah üçün həcc və ümrəni tam yerinə yetirin.»[16]

Aişə -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm): «Qadınlar üçün cihad varmı?»- deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Bəli, onlara doyüş olmayan cihad vacibdir. Bu, həcc və ümrədir»[17].

Əbu Rizin -Allah ondan razı olsun- Peyğəmbərə (sallallahu aleyhi və səlləm) atasının həcc və ümrə edə bilmədiyini və həmçinin minik üzərində oturmağı da bacarmadığını dedikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Atanın yerinə həcc və ümrə et».

Ümrənin üç rüknu var: Ehrama girmək (ümrə üçün niyyət etmək), təvaf etmək və Səfa və Mərva arasında səy etmək.

Altıncı məsələ: Həcc və ümrənin miqatları:

əl-Miqatu sözünün lüğəti mənası: Hədd deməkdir. Şəriət mənası isə: İbadət yeri yaxud zamanıdır. Miqatlar iki qismə bölünür: Zaman miqatları və məkan miqatları.

Həcc və ümrənin zaman miqatları:

İlin bütün vaxtlarında ümrə etmək caizdir.

Amma həccin müəyyən ayları var və o aylardan kənar vaxta həcc etmək səhih deyil. Uca Allah buyurur: «Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü).»[18]

Bu aylar: Şəvval və Zülqədə ayları və həmçinin Zülhiccənin birinci on günüdür.

Həcc və ümrənin məkan miqatlarına gəldikdə isə: Həcc və ümrə etmək istəyən kimsə bu yerlərdən ihramsız keçə bilməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm), İbn Abbasın -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə, bu yerlər haqqında xəbər vermişdir.Rəvayət edilir ki, ibn Abbas -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm), Mədinə əhli üçün Zül-Hüleyfəni, Şam əhli üçün Cühfəni, Nəcd əhli üçün Qərnəl-Mənazili və Yəmən əhli üçün Yələmləmi miqat təyin etdi. Bu miqatlar həm onlar üçün, həm də başqa yerlərdən gəlib oradan keçərək həcc və ümrə ziyarətlərinə gələnlər üçündür. Miqat yerləri ilə Məkkə arasında olanlar isə, istədikləri yerdən ihrama girə bilərlər. Məkkəlilər də Məkkədən ihrama girə bilərlər»[19].

Kim bu miqatlardan ihrama girmədən keçib Məkkəyə gedərsə, ona miqata qayıdıb oradan ihrama girməsi vacibdir. Əgər qayıtması mümkün olmasa, fidyə verməsi vacibdir. Fidyə, Məkkədə bir qoyun kəsib, Haramda olan miskinlərinə paylamasıdır.

Miqat yerləri ilə Məkkə arasında olanlar isə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yuxarıda qeyd edilən hədisinə əsasən, yaşadıqları yerdən ihrama girə bilərlər.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Miqat yerləri ilə Məkkə arasında olanlar isə istədikləri yerdən ihrama girə bilərlər. Məkkəlilər də Məkkədən ihrama girə bilərlər».

İkinci bölüm:

 Həccin ərkanları və vacibatları

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Həccin ərkanları:

Həccin dörd ərkanı var. Bunlar:

1- İhram: İhram dedikdə burada, həcc etməyə niyyət etmək qəsd olunur (sadəcə ihram libasını geyinməklə heç də ihrama girmiş sayılmır). Həcc sırf ibadət olduğu üçün niyyət olmadan səhih olmur. Bu bütün müsəlmanların qərarıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əməllər ancaq niyyətlərə görədir»[20].

Niyyətin yeri qəlbdir. Lakin həcdə, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olduquna görə, ihram geyindikdən sonra, həccin istədiyi növünün niyyətini dil ilə tələffüz etməsi əfzəldir.

2- Ərafada durmaq: Ərafada durmaq alimlərin yekdil rəyi ilə, həccin rüknlarından biridir. Buna dəlil Peyğəmbərin (sallallahu aleyhi və səlləm) «Həcc Ərafadır»[21] sözləridir.

Ərafada dayanmaq vaxtı, Ərafa günü günəş zenitdən batmağa meyl etdikdən, bayram günü fəcr namazının vaxtı girənə qədərdir.

3- Ziyarət təvafı: Bu təvaf, İfada təvafı da adlanır. Çünki Ərafadan döndükdın sonra edilir. Həmçinin buna fərz təvaf da deyirlər. Bu təvaf, ümmətin icması ilə həccin rüknlarından biridir. Uca Allah buyurur: «Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kəbəni) təvaf etsinlər!»[22]

4- Səfa və Mərva dağı arasında səy etmək: Bu, həccin rüknlarındandır. Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun-demişdir: «Allah, Səfa və Mərva arasında səy etməyən kişinin həcc və ümrəsini tam etməz»[23].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səy edin, Allah sizə bu səyi fərz etmişdir»[24].

Bu rüknlarsız həcc tam sayılmır. Kim bu rüknlardan birini tərk edərsə, həmin rüknu etmədikcə, həcci tamam olmaz.

İkinci məsələ: Həccin vacibləri:

1- İhrama, şəriətin bildirdiyi miqatdan girmək.

2- Ərafaya gündüz gələn insanın, gün batana qədər Ərafada qalması: Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ərafada gün batana qədər qalmış və: «Həccin qaydalarını məndən öyrənin» — demişdir[25].

3- Bayram gecəsi, əvvəlcədən çatsa belə, gecənin yarısına qədər Müzdəlifədə gecələmək. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Müzdəlifədə gecələmişdir.

4- Təşriq günlərini Minada gecələmək (Zülhiccə ayının 11-ci, 12-ci və 13-cü günlərinə təşriq günləri deyilir).

5- Camaratda daşları tərtiblə atmaq.

6- Başı qırxmaq yaxud qısaltmaq: Uca Allah buyurur: «(Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız.»[26]

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həcc və ümrədə başını qırxmış və səhabələrə də başlarını qırxmağı və ya azaltmağı əmr etmişdir.

7- Heyz və nifaslı qadınlar istisna olmaqla, Məkkədən çıxmazdan öncə vida təvafı etmək: İbn Abbasın -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə deyilir: «(Həcc ziyarətində olan) insanlara son (ayin) olaraq Kəbəni təvaf etmələri əmr edildi. Yalnız heyzli qadınlar üçün bu (hökm) yüngülləşdirildi»[27].

Kim bu vaciblərdən birini qəsdən və ya unudaraq tərk edərsə, bir qoyun kəsməlidir və onun həcci səhih sayılır. Rəvayət edilir ki, İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Kim həcdə hər hansı bir vacibi unudarsa yaxud da tərk edərsə, qoy bir qoyun kəssin»[28].

Yuxarıqa deyilən əməllərdən başqası isə, sünnədir. Bu sünnələrin ən əhəmiyyətlisi:

1- İhram libası geyinməzdən əvvəl qüsl almaq, ətirlənmək və daha sonra isə, iki ağ ihram libası geyinməkdir.

2- Dırnaqları gödəltmək, övrət yerini qırxmaq və qoltuq altını yolmaq, bığları qısaltmaq və bədənin lazım olan yerlərində təmizlik etmək.

3- Həccin ifrad və qiran növünü həcc edən kimsənin Məkkəyə ilk gəldiyi vaxt Qudum tavafı etməsi.

4- Qudum tavafı edərkən, ilk üç dövrəni tez-tez yeriyərək başa vurmaq.

5- Qudum təvafında idtiba etmək: İdtiba, ihramın orta tərəfini sağ qoltuğunun altından çıxarıb sol çiyninin üstünə qoymağa deyilir.

6- Ərafa gecəsi Minada gecələmək.

7- İhrama girdiyi andan, Məkkəyə yaxın böyük camarata daş atana qədər təlbiyyə demək. (Təlbiyə həcc mərasimində uca səslə təkrar-təkrar deyilən duadır.

Bu dua ərəbcə belə deyilir:

[لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ، وَالنِّعْمَةَ، لَكَ وَالْمُلْكَ، لاَ شَرِيكَ لَكَ]

Transkripsiyası: «[Ləbbeykə-llahummə ləbbeyk, ləbbeykə lə şəriykə ləkə ləbbeyk, innəl-həmdə vən-ni’mətə, ləkə vəl-mulkə, lə şəriykə lək]»

«Hüzurundayam, Allahım hüzurunda­yam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir. Nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur!».

8- Müzdəlifədə məgrib namazı ilə işa namazlarını cəm edib, məğrib namazının vaxtında qılnmaq.

9- Müzdəlifədə imkan varsa fəcr namazından sonra günəş çıxana qəbər Məşərülhəramda durmaq, əgər imkan olmazsa müzdəlifənin hər bir yerində durmaq kifayətdir.

Ücüncü bölüm:

İhramda olarkan edilməsi qadağan olan əməllər, həmçinin fidyə və qurbanlıq barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: İhramda olarkan edilməsi qadağan olan əməllər:

İhramda olarkan edilməsi qadağan olan əməllərin sayı doqquzdur: Bunlar:

1- İhramda olarkən, şalvar, köynək və sairə buna oxşar tikilişi olan paltarlar geyinmək. Əgər ihramda geyinməyə izar tapmasa, şalvar geyinə bilər və bu qadağan yalnız kişilərə aiddir. Amma qadınlar isə niqab və əlcəkdən başqa nə istəsələr geyinə bilərlər.

2- Bədəninə yaxud paltarına ətir sürtmək və ətiri qəsdən iynəmək. Amma xoş qoxusu olan təbii bitkiləri iyləmək və ətirsiz sürmədən istifadə etmək caizdir.

3- Kişi yaxud qadın olmasından asılı olmayaraq saçını və ya qırnağını gödəltmək. İhramda olarkən yavaşca, yüngülcə başı yumaqda və sınıb ona əziyyət verən dırnağı əziyyət verdiyi yerə qədər kəsib atmaq caizdir.

4- Kişinin başa yapışan bir şey ilə başını ötrməsi. Çadırın, ağacın və digər oxşar əşyanın kölgəsində kölgələnmək isə, caizdir.

İhramda olan kimsənin, ehtiyac vaxtı çətirdən istifadə etməsi caizdir. Qadının ihramda ikən niqab ilə üzünü yaxud gözlərini bağlaması və əlcək geyinməsi qadağandır. Amma əcnəbi kişilərin yanından keçdikdə, üzünü mütləq örtməlidir. Qadın ihramda olduğu vaxt ona münasib olan istədiyi paltarı geyinə bilər. Kim ihramda ikən unudaraq və ya məcbur edilərək yaxud bilməməzlikdən ətir sürtərsə və ya başını örtərsə yaxud da tikişli paltar geyinərsə, üzərinə düşəsi bir şey yoxdur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ümmətimin xətadan, unutqanlıq üzündən və məcburedilərək etdiyi günahlar bağışlanmışdır»[29].

Bilməyən bildikdə, unudan xatırladıqda və məcbur edilənin də bu məcburiyyəti aradan qalxdıqda, belə qadağan əməllərə son qoymalıdır.

5- Özü və başqası üçün nikah bağlamaq.

6- Cinsi əlaqədə olmaq. Əgər bu yaxınlıq birinci təhəllüldən əvvəl, hətta Ərafada durduqdan sonra olubsa, həcc batildir.

7- Cinsi əlaqədə olmadan qadınla yaxınlıq etmək, öpmək, toxunmaq və şəhvətlə baxmaq, ehramda olan üçün haram əməllərdən sayılsa da, həcci batil etmir.

8- Çöl heyvanını öldürmək və ovlamaq. İhram libasında olub-olmamasından və ya istər haram hüdudları daxilində istərsə də xaricində olmasından asılı olmayaraq, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öldürməyə əmr etdiyi ziyanverici heyvanları öldürməsi icazəlidir. Bu heyvanlar: Qarğa, siçan, əqrəb, çalağan, ilan və quduz itdir. İhramda olduqda çöl heyvanını öldürənə hətta işarə ilə də olsa kömək etmək və ihramda olduğu vaxt onun üçün ovlanan heyvanın ətindən yemək caiz deyildir.

9- İhram libasında olan və olmayan kimsəyə, haram ərazisində bitən və əziyyət verməyən bir ağacı yaxud da yaş bitkini qırmaq və ya kəsmək olmaz. Amma yolda bitib, insanların keçməsinə maneə olan ağacı və həmçinin haram hüdudlarında bitən izxir ağacını (ətirli qamış ağacı) və insanların əkdiyi ağacları kəsmək yekdilliklə caizdir.

İkinci məsələ:

İhramda qadağan olunan əməllərin fidyəsi (kəffarəsi)

— İhramda olarkən bədənindəki tükü qırxan, dırnaqlarını kəsən, tikişli paltar geyən, ətir sürtən, başını örtən, qadına baxdığına görə bədənindən məni çıxamasına səbəb olan yaxud cinsi əlaqədə olmadan qadınla yaxınlıq edən kimsə, üç növ fidyə arasında seçim sahibidir və bu üç növün hansından istəsə fidyə verə bilər:

1- Üç gün oruc tutmaq.

  1. Yaxud altı miskin yedirtmək.
  2. Yaxud bir qoyun kəsmək.

Rəvayət edilir ki, Kəb ibn Ucra -Allah ondan razı olsun- demişdir: “Hudeybiyədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənim başımın üstə dayandı və başımdan bitlər töküldüyünü görüb soruşdu: «Bitlər sənə əziyyət verirmi?» Mən: “Bəli”– deyə cavab verdim. O (mənə): «Başını qırxdır!»– deyə buyurdu və mənim barəmdə bu ayə nazil oldu: «(Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir).» Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) (ayəni izah edib) dedi: «Ya üç gün oruc tut ya altı kasıbı yedizdir ya da qurban kəs»[30].

Başqa qadağan olunan əməllərin kəffarəsi də buna qiyas olunur. Çünki bu əməllər həcci batil etməsə də, ehramda etmək haramdır.

— İhramda ov etməyin kəffarəsi: İhramda ikən ov edən, ov edib öldürdüyü heyvanın həcmində və oxşarında bir (dəvə, inək və ya qoyun) heyvan kəsməklə və ya ovladığı heyvanın həmin yerdəki təxmini qiymətini dəyərləndirib, o pula yemək alır və hər bir miskinə bir ovuc yaxud yarım saa xurma, buğda (yaxud yaşadıqı yerdə insanların ən çox yedikləri yeməkdən) yedizdirməklə yaxud da həmin pula yemək yedizdirəcəyi miskinlərin sayı qədər günlərdə oruc tutması arasında seçim edir. Çünki Uca Allah buyurur:«Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır.»[31]

    — Birinci təhəllüldən əvvəl cinsi əlaqədə olmaq və qadınla cinsi əlaqədə olmadan yaxınlaşmaq, qəsdən bədənindən mənini çıxarmaq, qadını öpmək və ona şəhvətlə toxunmaq yaxud təkrar-təkrar baxıb məninin gəlməsinə səbəb olarsa, unutqanlıq və bilməməzlik və ya məcburiyyət qarşısında qalıb etməsindən asılı olmayaraq həmin kimsənin həcci batil sayılır. Bu kimsəyə bir dəvə kəsmək, həmin həcci gələn il qəza etmək və tövbə etmək vacibdir.

Amma birinci təhəllüldən sonra baş verərsə, həcci batil olmasa da, ona bir qoyun kəsmək vacibdir.

— İhramda ikən nikaha girmək: İhramda nikaha girmək fidyə verməyi vacib etməsə də, nikah batildir.

— İhramda, insanlar tərəfindən əkilməyən ağac və bitkiləri qırmağa və ya kəsməyə gəldikdə isə, əgər ağac ürfə görə balaca sayılırsa, bir qoyun, böyük sayılırsa, bir inək kəffarə verilməlidir. Əgər kəsdiyi bitki yaxud yarpaqdırsa onun dəyərində sədəqə verməlidir.

Bu kəffarələr ihramda ikən qadağan olunan əməlləri qəsdən edən insanlara aiddir. Bunları bilməməzlik və unutqanlıq üzündən edənə isə, hec bir şey vacib deyil.

Üçüncü məsələ: Məkkədə qurban kəsmək və onun əhkamları barədə:

Əl-Hədyu, Məkkədə qurban kəsmək: Allah təalaya yaxınlaşmaq məqsədi ilə Məkkədə qurban kəsmək üçün, Beytül-harama dəvə, inək və qoyun hədiyyə etməkdir.

Məkkədə kəsilən qurbanın növləri:

1- Təməttu və qiran  qurbanı(bunlar həccin növləridir): Məkkə sakinlərindən olmayan, həccin təməttu və qiran növünü həcc edən kimsənin bir qurban kəsməsi vacibdir. Bu qurban həcc zamanı baş vermiş nöqsanlara görə deyil, əksinə həccin vacib əməllərindən biridir. Uca Allah buyurur: «Həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir.»[32]

Əgər kəsməyə qurban tapmazsa yaxud da qurbanlığı almaq üçün maddi imkanı olmazsa, həcdə üç gün, bu üç günü təşriq (Zülhiccə ayının 11-i, 12-si və 13-ü) günlərində də tuta bilər, ailəsinə döndükdə isə, yeddi gün oruc tutmalıdır. Çünki Uca Allah buyurmuşdur: «Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar.»[33]

Həcc edən kimsənin, kəsdiyi təməttü və qiran qurbanın ətindən yeməsi müstəhəbdir. Uca Allah buyurur: «Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin.»[34]

2- əl-Cubran qurbanı: əl-Cubran qurbanı dedikdə burada, həcc zamanı hər hansı bir vacib əməli tərk etdiyinə və ya qadağan olunmuş əməli etdiyinə görə yaxud da həcc və ya ümrə niyyəti ilə ihrama girib amma ziyarətə buraxılmayan adamın kəsməsi vacib olan fidyə nəzərdə tutulur. Uca Allah buyurur: «Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). [35]

İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Kim həccin vaciblərindən birini unudarsa yaxud da tərk edərsə, qoy bir qurban kəssin»[36].

Ona qurbanın bu növündən yemək caiz deyil, əksinə haram ərazisindəki fəqirlərə sədəqə verməlidir.

3- Nafilə qurbanı: Həcc və ümrədə nafilə qurban kəsmək müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) vida həccində yüz dəvə qurban kəsmişdir.

Nafilə kəsdiyi qurbanın bişirilən ətindən yeyib, suyundan içmək müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) yüz dəvə kəsdikdən sonra hər bir dəvədən bir tikə kəsib bişirməyi əmr etdi. Bişdikdən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) kəsdiyi qurbanların ətindən yeyib şorbasından içdi[37].

Həccə getməyən kimsə, Allaha yaxınlaşmaq məqsədi ilə Məkkədə kəsmək üçün qurbanlıq heyvanlarını Məkkəyə göndərə bilər. Lakin İhramda olan kimsəyə bəzi əməllər haram olduğu kimi, ona heç bir şey haram olmaz.

4- Nəzir qurbanı: Bu qurban, həcdə olan insanın, Kəbə evinin yanında, Allaha yaxınlaşmaq üçün etdiyi nəzirdir. Bu nəzirə əməl etmək vacibdir. Çünki uca Allah buyurur: «Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər.»[38]

Bu qurbanın ətindən yemək caiz deyildir.

Məkkədə kəsilən qurbanın kəsilmə vaxtı:

Təməttu və quran həccini edən kimsələr, qurbanlarını bayram günü, Zilhiccə ayının 10-u, bayram namazını əda etdikdən sonra, təşriq günlərinin axırıncı gününün məğrib azanına qədər kəsə bilərlər.

İhramda ikən başını qırxdığına və ya paltar geyindiyinə və sairə buna oxşar qadagan əməllər etdiyinə görə və həmçinin vacib əməli tərk etdiyinə görə qurbanı, qadağan olunan əməli etdiyi və vacib əməli də tərk etdiyi vaxt kəsməlidir.

Həcc və ya ümrə niyyəti ilə ihrama girib amma Kəbəni ziyarət etməyə buraxılmayan adamın, elə həmin vaxt, bir qoyunu yaxud inəyin yeddidə birini yaxud da dəvənin yeddidə birini qurban kəsməsi vacibdir. Çünki Uca Allah buyurur: «Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin).»[39]

Məkkədə kəsilən qurbanın kəsilmə yeri:

Təməttu və qiran qurbanı: Bu qurbanı Minada kəsmək sünnədir. Amma haram hüdudları daxilində harada kəssə caizdir.

Həmçinin vacibi tərk etdiyinə görə və ihramda qadağan olunan əməlləri etdiyinə görə kəsilən qurbanı da, haram hüdudları daxilində kəsilməlidir. Həcc və ya ümrə niyyəti ilə ihrama girib amma Kəbəni ziyarət etməyə buraxılmayan adamın, elə buraxılmadığı və ya saxlanıldığı yerdə kəsməsi vacibdir. Orucu isə, harada istəsə tuta bilər. Qurbanlıq tapmayanların, bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutması müstəhəbdir. Çünki Uca Allah buyurmuşdur: «(Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir.»[40]

Qurbanı, həcc edən insanın özünün kəsməsi müstəhəbdir. Kəsməyi başqasına həvalə etməsində isə, heç bir qəbahət yoxdur. Qurbanı kəsən an:

[بِسْمِ اللهِ، اللَّهُمَّ هَذَا مِنْكَ وَلَكَ]

Transkripsiyası: «[Bismilləh, Allahumə həzə minkə və lək]».

«Allahın adı ilə, Ey Allahım bu Səndəndir və Sənin üçündür» — deməsi də müstəhəbdir.

Həcdə kəsilən qurbanlığın şərtləri, qurban bayramında kəsilən heyvanın şərtləri ilə eynidir.

Bu şərtlər aşağıdakılardır:

1- Kəsilən qurbanlıq heyvanı mütləq dəvə, inək və qoyun olmalıdır.

2- Heyvan kor, şikəst, həddən artıq dərəcədə arıq, xəstə və bu kimi eyiblərdən uzaq olmalıdır.

3- Kəsilən heyvan dəvədirsə, dəvənin beş yaşı olmalı, inəkdirsə, inəyin iki yaşı, əgər keçidirsə, keçinin bir illik, qoyundursa, altı aylıq olmalıdır. Bu, şəriətdəki sünnələri əhatə edir.

Dördüncü bölüm:

Həcc və ümrənin icra edilmə qaydası

Elm əhlinə görə həcc etmə qaydalarını bildirən ən ətraflı və ən geniş hədis, Cabirin -Allah ondan razı olsun- rəvayət etdiyi məşhur hədisdir[41].

Biz, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan səhih hədisləri araşdırdıq və qərara qəldik ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həcci aşağıda qeyd edilən kimi idi:

Həcc etmək istəyən insan miqata çatdığı zaman çimməsi, qoltuq altı və övrət yerini təmizləməsi, bığları və dırnaqları qısaltması, kişiyə üzərindəki tikili paltarları çıxarması, ihrama girmək üçün niyyət etməzdən əvvəl bədəninə ətir sürtməsi, ağ və təmiz izar və rida geyinməsi müstəhəbdir. Qadın isə, istədiyi paltarda ihrama girə bilər. Kişi, rida ilə iki çiyinini örtüb, həccin üç növündən istədiyinə niyyət etməlidir. İhram libasını geyinib, miniyin üzərində oturduqdan sonra həcc üçün niyyət edib, təlbiyyə deməsi daha əfzəldir. Əgər xəstəlik və ya quldurların, onun Məkkəyə çatmasına mane olacağına yaxud da başqa üzrlərə görə həcc əməllərini kamil edə bilməyəcyindən qorxarsa, ihrama girmək üçün niyyət etdiyi zaman niyyətində şərt kəsməli və belə deməlidir: «Allahım, Sən məni harada dayandırsan, orada ihramdan çıxacağam!». Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Dubaə bint Zubeyrin yanına gəlib ona dedi: «Deyəsən, sən həccə getmək istəyirsən?» Qadın dedi: “Vallahi, mən özümü çox pis hiss edirəm”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Sən həccini yerinə yetir və: «Allahım, Sən məni harada dayandırsan, orada ihramdan çıxacağam!» — deyərək şərt kəs. Bu qadın Miqdad ibn Əsvədin arvadı idi”[42].

İhram libasını geyindikdən sonra üzünü qibləyə yönəldib:

[اللَّهُمَّ هَذِهِ حَجَّةٌ لَا رِيَاءَ فِيْهَا وَلَا سُمْعَة]

Transkripsiyası:»[Allahummə həzihi həccətun lə riyəə fiyhə valə sumah]».

«Allahım bu başqasına göstərmək və eşitdirmək üçün olan həcc deyil» — dedikdən sonra

[لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ، وَالنِّعْمَةَ، لَكَ وَالْمُلْكَ، لاَ شَرِيكَ لَكَ]

Transkripsiyası:»[Ləbbeykəllahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəlhəmdə vənni’mətə, ləkə vəl-mulk, lə şərikə lək!]».

«Hüzurundayam, Allahım hüzurunda­yam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzurundayam! Həmd Sənədir. Nemət və mülk Sənə məxsusdur. Sənin şərikin yoxdur!»təlbiyyəsini deməyə başlamalıdır.

Səhabələr:

[لَبَّيْكَ ذَا الـمَعَارِجِ، لَبَّيْكَ ذَا الفَــوَاضِل]

Transkripsiyası: «[Ləbbeykə zəl-məarici, ləbbeykə zəl-fəvadili]»deyərək bu sözləri artırardılar.

Təlbiyyə dedikdə səsi qaldırıb, ucadan demək sünnədir. Məkkəkəyə çatdıqda yenidən çimməsi müstəhəbdir. Təvafa başlamaq istədikdə, sağ çiynini açıb sol çiynini rida ilə örtməlidir. Təvaf etdikdə dəstəmazlı olması şərtdir. Qara daşa əl vurub və öpməsi, əgər qara daşı öpməyi bacarmasa, əl vurub əlini öpməsi, əgər bunu da bacarmasa, bu zaman qara daşa əlini öpmədən əli ilə işarə etməsi və bunu hər bir təvafda təkrarlaması müstəhəbdir. Hər bir təvafa «Allahu-Əkbər» deyərək başlamalıdır. Birinci təvafı «Bismilləh, Allahu-Əkbər» deyərək başlaması daha yaxşı olardı. Yəmən küncünə çatdıqda isə, onu öpmədən fəqət əlini ona toxundurması müstəhəbdir, əgər bunu bacarmasa o zaman Yəmən küncünə uzaqdan işarə etməsi və təkbir etməsi lazım deyil. Yəmən küncü ilə qara daş arasında:

[ربنا اتنا في الدنيا حسنة وفي الاخرة حسنة وقنا عذاب النار]

Transkripsiyası: «[Rabbənə atinə fid-dunyə həsənə­tən və fil-axirati həsənətən və qınə azə­bən-nər]».

«Ey Rəbbimiz! Bizə dünya­da da yaxşı­lıq [gözəl nemətlər] ver, axirətdə də yaxşılıq [Cənnət] ver və bizi Odun [Cəhənnəmin] əza­bından qoru»[43] bu duanı demək sünnədir.

Təvafın qalan hissəsində isə, istətədiyi duanı edə bilər. Təvafın birinci üç dövrəsində tez-tez yeriyərək dövrə vurmaq, qalan dörd təvafda isə, asta gedişlə dövrə vurmaq müstəhəbdir. Kəbənin ətrafında yeddi dəfə təvaf etdikdən sonra ridası ilə çiynini örtməli daha sonra İbrahim məqamının arxasında iki rükət namaz qılmaq üçün Uca Allahın bu ayəsini oxuyaraq getməlidir:

[ واتخذوا من مقام ابراهيم مصلى ]

Transkripsiyası: «[Vattaxizu min maqami ibrahimə musallə]».

«(Ey möminlər!) İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!»[44]və İbrahim məqamının arxasında iki rükət namaz qılıb, birinci rükətdə əl-Kafirun (Kafirlər) surəsi, ikinci rükətdə isə əl-İxlas (Səmimi etiqad) surəsini oxumalıdır. İbrahım məqamının arxasında izdiham olduğu üçün və ya başqa səbəbdən iki rükət namaz qıla bilməsə, bu namazı Məscidulharamın hansı yerində istəsə qıla bilər. Bu təvaf, həccin ifrad və qiran növünü edən üçün qudum (gəliş) təvafı, təməttu növünü edən üçün isə, ümrə təvafı sayılır. Sonra zəmzəm suyundan içib, o sudan başına tökdükdən sonra, imkan varsa qara daşın yanına qayıdıb ona əli ilə toxunması sünnədir. Sonra səyə başlamaq üçün Səfa dağına tərəf gedərək Uca Allahın bu ayəsni oxumalıdır:

[ إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ ]

Transkripsiyası: «[İnnəs-səfa vəl-mərvatə min şəairilləh]».

«(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir)»[45]

Sonra Kəbəni görənə qədər Səfa dağının üstünə qalxır. Oradan qibləyə yönələrək əllərini qaldırıb üç dəfə Allahu əkbər dedikdən sonra:

[لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ]

Transkripsiyası: «[Lə ilahə illəllahu vahdəhu lə şərikə lə­hu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə ilahə illəllahu vahdəhu, əncəzə va’dəhu, və nəsara abdə­hu və həzə­məl-əhzabə vəhdəhu]».

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allahdan başqa məbud yoxdur, O təkdir. Allah vədini yerinə yetirdi, quluna kömək etdi və (düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!» deməlidir. Bunu üç dəfə təkrarlayır və aralarında çoxlu dualar edir.

Sonra asta gəzişlə Səfa dağından enib Mərva dağına tərəf getməli və yaşıl rənglı əlamətin yanına çatdıqda qacmalıdır. Qaçmaq qadınlara deyil, yalnız kişilərə aiddir. Sonra Mərva dağına qalxıb Səfa dağının üstündə etdiyi zikrləri eyni ilə Mərvanın üstündə də təkrarlayır. Səfadan Mərvava getmək bir şovtdur (gedişdir).

Mərvadanda Səfaya bir şovtdur. Beləliklə yeddi şovt tamamlanana qədər Səfa və Mərva arasında səy etməlidir (yəni, Səfada başlayıb Mərvada qutarmalıdır). Bu səy, ifrad və qiran növünü həcc edən kimsələrin həcc səyi sayılır. İfrad və qiran növünü həcc edənlər, bu səydən sonra ihramdan çıxmırlar, əksinə bayram günü daş atıb, təvaf edib, başını qırxıb yaxud da qısaldana qədər ehramda qalmalıdırlar. Amma həccin təməttu növünü edən üçün isə, bu səy, ümrə səyi sayılır.

Təməttu həccinə niyyət edən, başını qırxıb bu ümrəni bitirdikdən sonra ihramdan çıxır və libasını geyinir. Tərviyə yəni, Zülhiccə ayının səkkizinci gününə qədər gözləyir. Təmmətu həccini edən qaldığı yerdən ihrama girir. Həmçinin Məkkədə və Məkkəyə yaxın yerdə yaşayan kimsələr də qaldıqları yerdən, həcc üçün ehrama girməlidirlər. Miqatda etdiyi kimi bu ihram üçün də çimməsi, ətirlənməsi və təmizlənməsi müstəhəbdir. Bütün hacılar tərviə günü ihrama girdikdən sonra, təlbiyə deyərək Minaya gedirlər. Orada zöhr, əsr, məğrib, işa və fəcr namazlarını qılırlar. Dörd rükətli namazları cəm etmədən iki rükət qılırlar.

Hacılar, Zülhiccənin doqquzu səhər Minada fəcr namazını qıldlıqdan sonra Ərafaya gedirlər. Əgər həcc edən günəş zenitdə olana qədər Nəmira məscidinə gedə bilsə, yaxşı olar. Günəş zenitdən batmağa meyl etdikdə, imam yaxud da imamın təyin etdiyi insan, hacılara qısa xütbə oxuyur. Sonra o, zöhr və əsr namazlarını iki rükət zöhrün vaxtında qılır və Ərafaya daxil olur.

Həcc edən kimsə Ərafada qaldığı yerin Ərafa ərazisindən olduğuna əmin olduqdan sonra üzünü qibləyə yönəldib, əllərini qalırır. Təlbiyyə deyərək Allaha dua edir və Ona həmd sənalar oxuyur. Onun bu əzəmətli gündə Allaha çoxlu yalvarıb dualar etməsi və Onu təkrarlı zikr etməsi lazımdır.

Bu gün deyilən ən əfzəl söz:

[لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ]

Transkripsiyası: «[Lə ilahə illəllahu vahdəhu lə şərikə lə­hu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]».

«Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» sözüdür.

Ərafa günü ibadət etməyə taqəti olması üçün oruc tutmaq olmaz və günəş batana qədər Ərafada Allaha yalvararaq çoxlu dualar etməlidir.

Günəş batdıqdan sonra sakitcə Ərafadan çıxıb, təlbiyə deyərək Müzdəlifəyə getməlidir. Müzdəlifəyə çatdıqda məğrib namazını üç, işa namazını isə, iki rükət olmaqla cəm şəklində qılmalıdır. Zəif insanların gecə yarısından sonra Müzdəlifədən çıxıb, orada gecələməməsi icazəlidir. Qüvvətli insanların fəcr namazını qılana qədər Müzdəlifədə gecələməsi vacibdir. Müzdəlifədə fəcr namazını qıldıqdan sonra qibləyə yönəlib, günəş saralana qədər, Allahu-Təalanın şəninə həmd-səna, təkbir və təhlillər (Lə İləhə illəllah) etməlidir. Günəş qalxmazdan əvvəl sakitcə və təlbiyə deyərək Müzdəlifədən çıxıb, yoldan yeddi daş götürərək, Məkkəyə yaxın olan böyük camarata getməlidir. Böyük camarata çatdıqda, təlbiyə deməyi saxlayıb, yeddi ədəd daşı bir-bir atıb hər atanda Allahu-Əkbər deməlidir. Sonra qurbanını kəsməlidir. Kəsdiyi qurban ətindən yeməsi müstəhəb sayılır. Sonra başını qırxıb, ifada təvafı edir. Əgər həccin təməttu növünü yaxud ifrad və ya qiran növünü edirsə və qudum təvafı etdikdən sonra səy etməyibsə, səy etməlidir.

Bu əməlləri tərtiblə etmək sünnədir: Daş atmaq, sonra qurban kəsmək, sonra başı qırxmaq yaxud azaltmaq. Əgər bu əməllərdən birini o birindən tez və ya gec etsə, yəni, yerlərini dəyişsə həccinə heç bir xələl gəlməz. Bu üç əməldən yəni, böyük camarata daş atmaqdan, saçını qırxmaqdan və ya qısaltmaqdan yaxud da səylə birgə təvaf etməkdən ikisini edərsə, ona qadından başqa hər bir şey halal olar. Əgər bu üç əməlin hamısını edərsə, ihramda haram olduğu şeylər, hətta qadın da halal olar. Təşriq günlərinin gecəsi, yəni, Zülhiccənin 11-i və 12-si gecəsi, Minada gecələməsi vacibdir. Zülhiccənin 11-ci günü, günəş zəvaldan batmağa meyl etdikdən fəcr namazına qədər olan vaxtda, birinci kiçik, sonra orta, sonra isə böyük camarata, hər birinə yeddi ədəd olmaqla daş atmalıdır. Zülhiccənin 12-ci günü də, belə edir. Daş atma vaxtı, günəş zəvaldan batmağa meyl etməsindən fəcr namazına qədər olan müddətdir. Kiçik camarata daş atdıqdan sonra bir az sağ tərəfə çəkilib, qibləyə yönəlmiş halda, əllərini qaldırıb, Uca Allaha dua etməsi sünnədir.

Orta camarata daş atdıqdan sonra sol tərəfə çəkilib, qibləyə yönəlmiş halda, əllərini qaldırıb, Uca Allaha çoxlu dua etməsi də sünnədir. Böyük camarata daş atdıqdan sonra orada dua etmək üçün dayanmadan keçib getməlidir. Tələsən şəxsin, Minadan Zülhiccənin on ikinci gününün günəşi batmazdan əvvəl çıxması vacibdir. Əgər öz ixtiyarı ilə Minada ikən günəş batarsa, on üçüncü gecəni mütləq Minadan gecələməlidir.

Həcc əməllərini başa vurduqdan sonra ailəsinə dönmək istəyənin, Məkkədən çıxmazdan əvvəl, Məkkədə ən sonuncu işini, vida təvafını edib çıxması vacibdir. Vida təvafı heyzli və nifaslı qadınlara vacib deyil.

Beşinci bölüm:

Mədinə şəhərində ziyarət edilməsi icazəli olan yerlər barəsində

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət etmək:

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət etmək sünnədir. İlin bütün vaxtlarında, istər həcc mərasimindən əvvəl, istərsə də sonra olsun, bu məqsədlə səfərə çıxmaq icazəldir. Bunun müəyyən bir vaxtı və həmçinin həcc əməlləri ilə heç bir əlaqəsi yoxdur. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət etmək həccin şərtlərindən və vaciblərindən deyil. Lakin həcc ziyarətinə gələnin, həcdən əvvəl və ya sonra, xüsusən də bu müqəddəs yerlərə gəlməyə çətinlik çəkən insanın, Peyğəmbər məscidini ziyarət etməsi lazımdır.

Əgər hacılar Peyğəmbər məscidinin yanından keçdikdə, orada namaz qılsalar, bu onlar üçün savab baxımından daha əzəmətli sayılar və bir səfərdə iki gözəl əməli, fərz həcci və namaz qılmaq üçün Peyğəmbər məscidini ziyarəti cəm etmiş olarlar. Bilmək lazımdır ki, Peyğəmbər məscidinin ziyarət edilməsi nə həcci kamilləşdirən və nə də onunla əlaqəsi olan bir əməl deyil. Həcc edib Peyğəmbər məscidini ziyarət etməsə, həcci tam və kamil sayılır. Çünki həcc ibadəti ilə Peyğəmbər məscidini ziyarət etməsinin heç bir əlaqəsi yoxdur.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət məqsədi ilə səfər etməyə çoxlu dəlillər mövcuddur.

Bu dəlillərdən:

1- Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz. Onlar, Məscidülhəram, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidi və Məscidüləqsadır»[46].

2-  Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Mənim bu məscidimdə qılınan (bir) namaz Məscidülhəram istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha xeyirlidir»[47].

Bu hədislər, Peyğəmbər məscidini ziyarət etməyin caiz olmasına, orada qılınan namazların əcrinin və fəzilətinin böyük olmasına və həmçinin ibadət məqsədi ilə bu üç məsciddən başqa hər hansı bir yerə səfər etməyin haram olmasına dəlalət edir. İbadət məqsədi ilə Məscidülhəram, Peyğəmbər məscidi və Məscidüləqsadan başqa bir yerə səfər etmək qadağandır.

Yuxarıda qeyd edilən hədislərin ümumiliyinə əsəsən, hər bir kişi və qadın, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət edib orada namaz qılmaq məqsədi ilə Mədinəyə səfər edə bilər.

Peyğəmbər məscidini ziyarət etməyin ədəbləri: Müsafir, Peyğəmbər məscidinə çatdığı zaman, məscidə sağ ayağı ilə girərək, məscidə girərkən edilən duanı oxumalıdır:

[بسم اللهِ، وَالصَّلاةُ وَالسَّلامُ عَلَى رَسُولِ الله، اللَّهُمَّ افْتَحْ لِي أبْوَابَ رَحْمَتِكَ]

Transkripsiyası: «[Bismilləh, vəs-səlatu vəs-səlamu alə Rasulilləh, Allahumməftəh liy əbvabə rahmətikə]».

 «Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! Allahım mənə rəhmət qapılarını aç!».

Peyğəmbər məscidinə daxil olarkən deyiləcək xüsusi bir zikr yoxdur. Məscidə daxil olduqdan sonra məscidin hansı yerində istəsə, oturmazdan əvvəl, iki rükət təhiyyətul-məscid namazını qılmalıdır. Əgər bu namazı rovdada qılsa daha əfzəl olar. Çünki Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Cənnət bağlarından biri mənim evimlə minbərim arasında yerləşir»[48].

Peyğəmbər məscidini ziyarət edən kimsə, beş fərz namazlarını həmin məsciddə qılmağa çalışmalıdır. Orada bacardıqca çoxlu zikr və dua etməli və şərəfli rovdada nafilə namazı qılmalıdır. Bunları Allahdan çoxlu əcr və savab umaraq etməlidir. Fərz namazına gəlincə, onu qılan ziyarətçi və qeyrisi birinci cərgədə dayanmağa səy göstərməlidir. Çünki ilk səflər, rovdanın içində qılmaqdan öndədir.

İkinci məsələ: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət etmək:

Peyğəmbər məscidini ziyarət etdikdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun iki dostu, Əbu Bəkr və Ömərin qəbrini ziyarət etmək müstəhəbdir. Çünki bu, Peyğəmbər məscidini ziyarət etməyə bağlı bir ziyarətdir və əsas məqsəd deyil. Belə bir ziyarət şəriətə uyğundur. Lakin onun üçün səfərə çıxmaq şəriətə uyğun deyil. Əksinə, peyğəmbərlərin və saleh insanların qəbirlərini və digər yerləri, üç məscid (bu) Məscidülhəram, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidi və Məscidüləqsa məscidi müstəsna olmaqla, ibadət məqsədi ilə ziyarət etmək üçün səfərə çıxmaq haramdır. Bu barədə alimlərin icması vardır. Kim ibadət məqsədi ilə bu üç məsciddən başqa bir yerə səfər edərsə, yuxarıda qeyd edilən hədisin anlamına əsasən o, niyyəti və məqsədi ilə asi və günahkar sayılır.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət etməyin ədəbləri:

Ziyarət edən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrinin yanında ədəb ilə və səsini qaldırmadan dayanıb sonra salam verərək deməlidir:

[السَّلامُ عَلَيْكَ يا رَسُولَ الله وَرَحْمَةُ الله وَبَرَكاتُهُ]

Transkripsiyası: «[Əs-Sələmu aleykə ya Rəsuləllah va rahmətullahi və barakətuhu]».

«Ey Allahın elçisi! Sənin üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bir insan mənə salam verdiyi zaman, Allah ruhumu bədənimə qaytarar və mən də onun salamını qaytararam»[49].

Peyğəmbərə (sallallahu aleyhi və səlləm), Əbu Bəkrə və Ömərə salam verdikdən sonra,

[السَّلامُ عَلَيْكَ يا خَيْرَةَ الله مِنْ خَلْقِهِ، أَشهَدُ أنَّكَ قَد بَلّغتَ الرّسالَةَ، وَأَدَيْتَ الأمَانَةَ، وَنَصَحَتَ الأمُّةَ، وَجَاهَدْتَ فِي الله حَقَّ جِهَادِهِ، اللَّهُمَّ آتِه الوَسِيْلَةَ وَالفَضِيْلَةَ، وَابْعَثْهُ المَقَامَ المَحْمُودَ الَّذِي وَعَدْتَهُ، اللَّهُمَّ اجْزِهِ عَنْ أمَّتِهِ خَيْرَ الجَزَاء]

Transkripsiyası: «[Əs-Sələmu aleykə ya xayrətə Allahi min xalqihi, Əşhədu ənnək qad bəlləğtə ər-risələtə va əddəytə əl-əmənətə va nasahtə əl-ummətə va cəhədtə fil-ləhi haqqa cihədihi, Allahummə əti əl-vasilətə va-l-fadilətə, vəbashu məqa­mən məhmudəni-l-ləzi vaddtəhu, Allahummə əczihi an ummətihi xayra-l-cəzə]».

«Ey Allahın seçilmiş qulu! Sənə Allahın salamı olsun, Mən şəhadət verirəm ki, Sən Quranı insanlara çatdırdın, əmanəti yerinə yetirdin, ümmətə nəsihət etdib və Allah yolunda həqiqi cihad etdin. Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır və Ona ümmətinə görə böyük əcr və mükafat bəxş et» deməsi də caizdir.

Bundan sonra Əbu Bəkrə və Ömərə -Allah onların hər ikisindən razı olsun- salam verib, onlar üçün Allaha dua edib, rəhmət diləməsi müstəhəbdir. Çünki İbn Ömər -Allah ondan razı olsun- Peyğəmbərə (sallallahu aleyhi və səlləm), Əbu Bəkrə və Ömərə salam verdikdən sonra yalnız bu sözləri:

[السَّلامُ عَلَيْكَ يا رَسُولَ الله، السَّلامُ عَلَيْكَ يا أبا بَكرٍ، السَّلامُ عَلَيْكَ يا أبَـتَـاه]

Transkripsiyası: «[Əs-Sələmu aleykə ya Rəsulullah,əs-sələmu aleykə ya Əbə Bəkr, əs-sələmu aleykə ya Əbətəh]».

«Ey Allahın elçisi! Sənə Allahın salamı olsun, Ey Əbu Bəkr! Sənə Allahın salamı olsun, Ey Atam! Sənə Allahın salamı olsun» — deyib sonra gedərdi.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət etdikdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbri yerləşən otağa əl sürtmək, otağı öpmək və onun ətrafında təvaf etmək və ya qəbrə tərəf yönəlib, istəklərin yerinə yetməsi, çətinliklərin asanlaşdırılması və xəstələrin şəfa tapması və sairə buna oxşar şeylər üçün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dua etmək haramdır. Çünki bu şeylərə yalnız Uca Allah qadirdir və bunları Allahdan başqasından istəmək olmaz.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm), Əbu Bəkrin və Ömərin qəbrini ziyarət etmək vacib deyil. Bu, bəzilərinin zənn etdityi kimi həccin qəbul olma şərtlərindən də deyil, sadəcə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidini ziyarət edən kimsənin, Peyğəmbərin (sallallahu aleyhi və səlləm), Əbu Bəkrin və Ömərin qəbrini ziyarət etməsi müstəhəbdir və bunun həcc ilə heç bir bağlılığı yoxdur. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət etmək üçün səfər etməyin icazəli olmasını və həmçinin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini ziyarət etməyin həcci kamilləşdirən əməllərdən olmasını bildirən hədislərin hamısı zəif, uydurma və əsli olmayan rəvayətlərdir.

Bu hədislərdən:

«Kim həcc edib, mənin qəbrimi ziyarət etməsə, mənə əzab-əziyyət vermişdir».

Başqa hədisdə deyilir:»Kim qəbrimi ziyarət edərsə, şəfaətim ona halal olar».

Mövzu ilə bağlı başqa rəvayətləri də misal gətirmək olar.

Bu barədə varid olan hədislərin heç biri Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sabit olmayıb, əksinə elm əhli bu rəvayətlərin hamısının zəif və uydurma hədislər olduğunu qətiyyətlə bildirmişdilər.

Üçüncü məsələ: Mədinə şəhərində, Peyğəmbər məscidindən başqa ziyarət etməyə icazə yerilən yerlər:

Mədinə şəhərini ziyarət edənin, kişi və qadın olmasından asılı olmayaraq, dəstəmazlı halda Quba məscidinə gedib orada iki rükət namaz qılması müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) miniklə də, ayaqla da Quba məscidinə gedər, oranı ziyarət edər və iki rükət namaz qılardı[50].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Kim evində dəstəmaz alar sonra Quba məscidinə gedib namaz qılarsa, ümrə etmiş kimi savab qazanar»[51].

Yalnız kişilərin, Bəqi qəbitsanlığını və həmçinin Uhudda Həmzə -Allah ondan razı olsun- kimi başqa şəhid olmuş səhabələrin qəbirlərini ziyarət edib, onlara salam verməsi və onlar üçün Allaha dua etməsi sünnədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bəqidə və Uhudda dəfn olunmuş səhabələrin qəbirlərini ziyarətə gedər və onlar üçün Allaha dua edərdi. Ümumiyyətlə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olan hədislər qəbirləri ziyarət etməyin yaxşı əməl olmasını göstərir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) demişdir:»Qəbirləri ziyarət edin, çünki onlar ölümü xatırladır»[52].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə, qəbirləri ziyarət etdikdə belə deməyi öyrədərdi:

[السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ، وَإِنَّا إِنْ شَاءَ اللهُ لَلَاحِقُونَ، أَسْأَلُ اللهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ]

Transkripsiyası: «[Əs-sələmu aleykum əhləd-diyəri minəl-mu’miniynə vəl-muslimiyn və innə inşə Allahu bikum lələhiqunə Əs’əlullahə lənə və ləkumul-afiyə­tə]».

«Ey (bu) diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq, Allahdan özümüzə və sizə salamatlıq diləyirəm!»[53].

Mədinə şəhərində ziyarət etməyə icazə verilən yerlər bunlardır.

Amma bəzi insanların zənn etdiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə ilk gəlişində dəvəsinin oturduğu yeri, cümə məscidini, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) üzüyü düşdüyü su quyusunu və Osman ibn Əffanın vəqf etdiyi su quyusunu və ya yeddi məscidi yaxud qubləteyn məscidini ziyarət etməyin heç bir dəlili yoxdur. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu yerləri ziyarət etməsi və ziyarət etməyi əmr etməsi sabit olmamış və səhabələrin və onlardan sonra gələn saleh insanlarında bu yerləri ziyarət etdikləri rəvayət edilməmişdir. Mədinədə Peyğəmbər və Quba məscidindən başqa məscidləri ziyarət etməyin heç bir xüsusi fəziləti yoxdur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim (dində) bizim əmrimiz olmadan bir əməl edərsə, o əməl rədd olunar»[54].

Müsəlman, Mədinə şəhərini ziyarət etdiyi zaman, şəriətin icazə verdiyi yeri ziyarət edib və icazə vermədiyi yerləri ziyarət etməkdən çəkinməlidir.

Altıncı bölüm:

Qurbanlıq barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Qurbanlığın tərifi, hökmü, dəlilləri və şərtləri:

1- Qurbanığın tərifi:

Qurbanlığın lügəti mənası: Qurbanlıq heyvanı duha vaxtında kəsməkdir.

Qurbanlığın şəriət mənası: Qurban bayramı günü, Allaha yaxınlaşmaq niyyəti ilə, Allah üçün dəvədən, inəkdən, və ya qoyun yaxud da keçidən qurban kəsməyə deyilir.

2- Qurbanın hökmü və dəlilləri:

Qurban kəsmək təkidli sünnədir. Uca Allah buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!»[55]

Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) ala və buynuzlu iki qoçu qurban kəsdi. O, ayağını onların hər birinin (sağ) boynunun üzərinə qoyub: «Bismilləh, Allahu-Əkbər» — deyərək öz əlləri ilə qurban kəsdi»[56].

3- Qurban kəsməyin şərtləri:

Aşağıda gələn şərtləri özündə cəm edən kimsənin qurban kəsməsi sünnədir:

1- İslam (yəni, qurban kəsən müsəlman olmalıdır). Qurban kəsmək qeyri-müsəlmanlara tapşırılmır.

2- Həddi-büluğa çatmaq və əqli qüsursuz olmaq: Həddi-büluğa çatmayan və əqli qüsuru olan insanın qurban kəsməsi vacib deyil.

3- Qurban kəsməyə maddi imkanı olmalıdır: Qurban kəsmək istəyən insan, qurbanlıq heyvanının qiymətindən əlavə, bayram və təşriq günlərində özü və ailəsinin maddi ehtiyaclarını ödəməyə imkanı olmalıdır.

İkinci məsələ: Qurban kəsilən heyvanlar:

Yalnız bu heyvanlardan qurban kəsmək düzgündür.

Bunlar:Dəvə, inək, qoyun və keçidir. Çünkü Uca Allah buyurur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər).»[57]

Qurban yalnız bu üç növ heyvandan kəsilir. Çünki nə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), nə də onun səhabələrindən bu üç növ heyvandan başqa heyvanı kəsdikləri varid olmamışdır.

Qurbanlıqda bir qoyun kəsərsə, bu həm öz adından, həm də ailəsinin adından kifayət edər. Əbu Əyyub -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında kişi, bir qoyunu özünün və ailəsinin adından qurban kəsərdi. Ondan özləri və başqaları yeyərdi[58].

Bir dəvə və ya inəyi yeddi nəfərin adından kəsmək icazəlidir. Rəvayət edilir ki, Cabir -Allah ondan razı olsun- demişdir: «Biz, Hüdeybiyyə ili Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə, bir dəvəni yeddi kişinin və bir inəyi yeddi kişinin adından kəsdik»[59].

Üçüncü məsələ: Qurbanlıq heyvanlar barədə mötəbər şərtlər:

1- Heyvanın yaşı:

  1. Dəvə: Dəvənin beş yaşının tamam olması şərtdir.
  2. İnək: İnəyin iki yaşının tamam olması şərtdir.
  3. Keçi: Keşinin bir yaşının tamam olması şərtdir.

Cabir -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Bir yaşı olmayan heyvandan başqasını kəsməyin! Yalnız gücünüz yetməsə, bir quzu kəsin»[60].

Dəvənin beş yaşı, inəyin iki yaşı və keçinin isə bir yaşı tamam olmalıdır.

  • Qoyunun bir yaşının, bəzi alimlərə görə altı ayının tamam olması şərtdir.

Uqbə bir Amir -Allah ondan razı olsun- belə rəvayət edir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) qurbanları aramızda böldü. Mənə oğlaq düşdü. Mən: «Ey Allahın elçisi! mənə oğlaq düşdü?» — deyə soruşdum. «Onu qurban kəs». deyə buyurdu[61].

Uqbə bir Amir -Allah ondan razı olsun- yenə rəvayət edərək demişdir: «Biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) quzu kəsdik[62].

2- Heyvan sağlam olmalıdır:

Qurbanlıq üçün olan dəvənin, inəyin və qoyunun, ətlərində naqisliyə səbəb olacaq eyiblərdən sağlam və salamat olması şərtdir. Qurbanlıqda arıq, axsaq, kor və xəstə heyvanı qurban kəsmək caiz deyildir. Əl-Bəra ibn Azib -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dörd heyvan var ki, bu heyvanlardan qurban kəsmək olmaz: Gözünün korluğu bəlli olan kor, xəstəliyi bəlli olan xəstə, axsaq olması bəlli olan axsaq və arıqlığı bəlli olan arıq heyvan»[63].

 Hədisdə deyilən bu dörd eyiblərə, qabaq dişləri sınmış, qulaq və ya buynuzunun çox hissəsi kəsilmiş və sınmış və sairə buna oxşar eyiblər də qiyas edilir.

Dördüncü məsələ: Qurbanı kəsmək vaxtı:

Qurban kəsməyin vaxtı; Bayram namazını qılan kimsənin, namazı qıldıqdan sonra, namazı qıla bilməyən kimsənin isə bayram günü günəş qalxdıqdan sonra, təxminən imamın iki rükət namaz qılıb və iki xütbə verdiyi müddətdən sonra başlayır. Rəvayət edilir ki, Bərabin Azib -Allah ondan razı olsun- demişdir: Qurban günü Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazdan sonra bizə xütbə verdi və buyurdu: «Kim bizim kimi namaz qılarsa və bizim kimi qurban kəsərsə, qurbanlıq heyvanını (şəriətə uyğun) kəsmiş olar. Kim (qurbanlıq heyvanı bayram) namazından əvvəl kəsərsə, qoy onun yerinə başqa bir heyvan kəssin»[64].

Qurban kəsməyin vaxtı təşriq günlərinin ən axırıncı gününə qədər, yəni, Zülhiccə ayının 13-cü günü günəş batana qədər davam edir. Cübeyr ibn Mutim -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bütün təşriq günləri qurban kəsmək günləridir»[65].

Qurban heyvanını, bayram namazını qılıb qutardıqdan sonra kəsmək daha əfzəldir. Rəvayət edilir ki, Bəra -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xütbə verərkən belə dediyini eşitdim: «Biz bu günümüzdə ilk əvvəl namaz qılmalı, sonra da qayıdıb qurban kəsməliyik. Kim belə etsə, Sünnəmizə uyğun iş görmüş olar. Kim qurbanını bundan qabaq kəsərsə, bu sadəcə ailəsi üçün kəsdiyi ətdir və bu onun qurbanından sayılmaz»[66].

Beşinci məsələ: Qurban kəsdikdən sonra əti nə etməli və həmçinin qurban kəsmək istəyən insan Zülhiccə ayının onuncu gününə yetişdikdə hansı işlər görməlidir:

1- Qurban kəsdikdən sonra əti nə etməlidir:

Qurban kəsdikdən sonra, qurban ətindən yemək, yaxınlara, qonşulara hədiyyə etmək və fəqirlərə sədəqə vermək sünnədir. Çünki Uca Allah buyurur:«Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!»[67]

Qurbanı kəsdikdən sonra əti üç qismə: Üçdə birini ailəsi üçün, üçdə birini fəqir qonsuları üçün və üçdə birini də hədiyyə etmək üçün bölmək müstəhəbdir. İbn Abbas -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qurbanlığı barədə demişdir:»Üçdə birini ailəsi üçün saxlamalı, üçdə birini fəqir qonşularına yedizdirməli və üçdə birini də yoxsullara sədəqə etməlidir.»[68]

Qurbanlıq ətləri üç gündən artıq saxlamaq caizdir. Rəvayət edilir ki, Bureydə -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: «Mən sizə qurban ətlərini üç gündən artıq saxlamağı qadağan etmişdim, indi isə nə qədər istəsəniz saxlaya bilərsiniz»[69].

2- Qurban kəsmək istəyən insan, Zülhiccə ayının onuncu gününə yetişdikdə hansı işlər görməlidir:

Zülhiccə ayının onu yetişdikdə, qurban kəsməyə niyyəti olan kimsə, qurban kəsənə qədər, saçını kəsdirməsi yaxud da dırnaqlarını tutması haramdır. Ummu Sələmə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Zülhiccə ayının onu yetişdikdə, qurban kəsmək istəyən kimsə saçından və dırnağından götürməsin». Başqa rəvayətdə deyilir:  «Saçına və dərisinə toxunmasın»[70].

Yeddinci bölüm:

Əqiq barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Əqiq sözünün mənası, hökmü və vaxtı:

1- Əqiq sözünün lüğəti mənası:

Əqiq sözü, kəsmək sözündən götürülmüşdür. Bu sözün əsli, dünyaya yeni gəlmiş uşağın başında olan tükə deyirlər.

Əqiq sözünün şəriət mənası: Şükür əlaməti olaraq dünyaya yeni göz açmış uşağın yeddinci günündə saçını qırxıb, oğlan uşağı doğulduqda iki, qız uşağı doğulduqda isə, bir qoç kəsməyə deyilir.

Əqiq qurbanı uşağın ata üzərindəki haqqıdır.

2- Əqiqin hökmü:

Əqiq qurbanı təkidli sünnədir. Rəvayət edilir ki, Salman ibn Amir ad-Dabbiy -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm:»Doğulmuş körpə oğlan uşağı üçün qoç kəsilməlidir. Elə isə, onun üçün qoç kəsin və əziyyət verən (bütün şeyləri) ondan kənar edin»[71].

Səmura -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Hər bir doğulan oğlan uşağı öz əqiqinin girovudur. Yeddinci günündə onun üçün əqiq kəsilir, ad qoyulur və başı qırxılır»[72].

Abdullah ibn Amır ibn As -Allah Ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: «Övladı doğulan kimsə, onun üçün qurban kəsmək istəyərsə, qoy kəssin»[73].

3- Əqiq qurbanının kəsilmə vaxtı:

Əqiq qurbanını, uşaq doğulduğu andan həddi-büluğa çatana qədər kəsmək caizdir. Lakin yeddinci günündə kəsmək sünnədir. Çünki Səmura -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Hər bir doğulan oğlan uşağı öz əqiqinin girovudur. Yeddinci günündə onun üçün əqiq kəsilir, ad qoyulur və başı qırxılır»[74].

İkinci məsələ: Əqiq qurbanında kəsilən heyvanın sayı:

Şükür əlaməti olaraq oğlan uşağı doğulduqda iki, qız uşağı doğulduqda isə bir qoç kəsmək sünnədir. Ummu Kəraz əl-Kəabiyyə -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:»Oğlan uşağı üçün yaşda və görünüşdə bir-birinə oxşar iki qoç, qız uşağı üçün isə, bir qoç kəsmək lazımdır»[75].

Üçüncü məsələ: Uşağa ad qoymaq, saçını qırxmaq, təhnik etmək və qulağına azan oxumaq:

1- Uşağa ad qoymaq:

Uşağa yeddinci günündə ad qoymaq sünnədir. Səmura -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Hər bir doğulan oğlan uşağı öz əqiqinin girovudur. Yeddinci günündə onun üçün əqiq kəsilir, ad qoyulur və başı qırxılır»[76].

Uşaqa gözəl ad qoymaq sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bəzi xoşagəlməz adları dəyişmiş və bunu əmr etmişdir[77].

Adların ən gözəli isə, Abdullah və Abdurrahmandır. İbn Ömər -Allah onların ikisindən razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Həqiqətən sizin Allaha ən xoş gedən adlarınız, Abdullah və Abdurrahmandır»[78].

2- Uşağın başını qırxmaq:

Uşağın oğlan və ya qız olmasından asılı olmayaraq yeddinci günündə əqiq qurbanını kəsdikdən sonra, başını qırxmaq və saçının miqdarında gümüşdən sədəqə vermək sünnədir.

Çünki Əli -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Həsən doğulduqda onun üçün qurban kəsdi və Fatiməyə -Allah ondan razı olsun- «Ey Fatimə! (Həsənin) başını qırx və saçının miqdarında gümüşdən sədəqə ver» — dedi[79].

3- Uşağı təhnik etmək:

Oğlan və qız uşağını xurma ilə təhnik etmək sünnədir.

Təhnik: Uşağın qarnına ilk daxil olan şeyin xurma olması üçün, xurmanı ağızda əzib körpənin ağzına qoymaq yaxud da ağzına sürtməkdir. Rəvayət edilir ki, Əbu Musa -Allah ondan razı olsun- demişdir: Mənim uşağım olduqda onu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gətirdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) uşağa İbrahim adını verdi, xurmanı ağzında əzib körpənin ağzına qoydu, onun üçün xeyir-bərəkət dilədi və onu mənə qaytardı[80].

Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına yeni doğulmuş uşaqlar gətirərdilər, Peyğəmbər də (sallallahu aleyhi və səlləm) xurmanı ağzında əzib onların ağzına qoyaraq təhnik edərdi[81].

4- Uşağın qulağına azan oxumaq:

Uşaq dünyaya göz açdığı an, sağ qulağına azan, sol qulaqına isə, iqamə oxumaq sünnədir. Əbu Rafi -Allah ondan razı olsun- rəvayət edir ki, Mən, Fatimə -Allah ondan razı olsun- Həsən ibn Əlini dünyaya gətirdiyi vaxt, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Həsənin qulağına azan oxuduğunu gördüm[82].


[1]Ali-İmran surəsi, ayə: (97).

[2]əl-Bəqərə surəsi, ayə: (196).

[3]Buxari: 8, Müslim: 16.

[4]Müslim: 1349.

[5]Buxari: 1521, Müslim: 1350.

[6]Müslim: 1337.

[7]Əhməd: 1/314. Albani, İrva əl-Ğalil: 4/168 də hədisin “həsən” olduğunu bildirmişdir.

[8]Bax: Neyl əl-Avtar: 4/337.

[9]Əbu Davud: 4401, İbn Maca: 2041. Albani, İrva əl-Ğalil: 2/4 də hədisin “səhih” olduğunu bildirmişdir.

[10]Müslim: 1336.

[11]Şafi, Müsnəd: 743, əs-Sindinin tərtibi ilə, Beyhəqi: 5/179. Albani, İrva əl-Ğalil: 4/155 də hədisin “səhih” olduğunu bildirmişdir.

[12]Ali-İmran surəsi, ayə: (97).

[13]əl-Bəqərə surəsi, ayə: (286).

[14]Buxari: 1862, Müslim: 1341.

[15]Əhməd: 6/165,İbn Maca: 2901. Albani, Səhih Sünən İbn Maca: 2362 də hədisin “səhih” olduğunu bildirmişdir.

[16]əl-Bəqərə surəsi, ayə: (196).

[17]Əhməd: 1/244, Əbu Davud: 1810, Nəsai: 5/111, İbn Maca: 2904, 2905. Albani, Səhih Sünən ən-Nəsai: 2473 də hədisin “səhih” olduğunu bildirmişdir.

[18]əl-Bəqərə surəsi, ayə: (197).

[19]Buxari:1524, Müslim: 1181. Başqa bir ləfzdə: «İraq əhli üçün Zətu İrqi miqat olaraq təyin etmişdir».

[20]Buxari:1, Müslim: 1907.

[21]Əbu Davud: 1949, Tirmizi:889, Nəsai: 5/256, Hakim, Mustədrak: 2/278. Hakim hədisə “səhih” hökmü vermişir. Albani, Səhih Sünən ən-Nəsai: 2822 də hədisin “səhih” olduğunu bildirmişdir.

[22]əl-Həcc surəsi, ayə: (29).

[23]Müslim: 1277.

[24]Əhməd: 4/421, İbn Xuzeymə: 2764, Beyhəqi: 5/98. Albani, ət-Təaliq Alə Səhih İbn Xuzeymə: 4/232 də hədisin “səhih” olduğunu bildirmişdir.

[25]Müslim: (1690)– 12.

[26]əl-Fəth surəsi, ayə: (27).

[27]Buxari: 1755, Müslim: 1328.

[28]Dəraqutni: 2/191, hədis nömrə: 2512, Beyhəqi: 5/152 və başqaları. Bu rəvayət İbn Abbasdan öz sözü olaraq, İbn Abdul Bar, əl-İstizkar: 12/184 və Albani, İrva əl-Ğalil: 4/299 da bildirdikləri kimi sabit olmuşdur.

[29]İbn Maca: 2045. Albani, İrva əl-Ğalil: 1/123 də hədisin “səhih” olduğunu bildirmişdir.

[30]Buxari: 1815, Müslim: 1201.

[31]  əl-Maidə surəsi, ayə: (95).

[32]əl-Bəqərə surəsi, ayə: (196).

[33]əl-Bəqərə surəsi, ayə: (196).

[34]əl-Həcc surəsi, ayə: 36.

[35]əl-Bəqərə surəsi, ayə: (196).

[36]Beyhəqi: 5/152.

[37]Müslim: 1218.

[38]əl-Həcc surəsi, ayə: 29.

[39]əl-Bəqərə surəsi, ayə: 196.

[40]əl-Bəqərə surəsi, ayə: 196.

[41]Müslim: 1216.

[42]Buxari: 4801, Müslim: (1207) – 154.

[43]əl-Bəqərə surəsi, ayə: (201).

[44]əl-Bəqərə surəsi, ayə: (125).

[45]əl-Bəqərə surəsi, ayə: (158).

[46]Buxari: 1189, Müslim: 1397. Hədisi Əbu Səid əl-Xudri (ra) rəvayət etmişdir.

[47]Buxari: 1190, Müslim: 1394.

[48]Buxari: 1196, Müslim: 1391.

[49]Əbu Davud: 2041, Əhməd: 2/527. Hədisi Əbu Hureyrə rəvayət etmişdir. Nəvavi, əl-Əzkar: 349 da və İbn Qayyim, Cələ əl-Əfhəm: 32 də hədisin sənədinin “səhih” Albani isə Səhih ət-Tərğib: 1666 da “həsən” olduğunu deyiblər.

[50]Buxari: 1194, Müslim: (1399) – 156.

[51]Əhməd: 3/487, İbn Maca: 1412, Nəsai: 2/37 və başqaları. Albani, Səhih ət-Tərğib: 1181 də hədisin “səhih” olduğunu bildirmişdir. Bax: əl-Əhədis əl-Varidə Fi Fadl əl-Mədinə: 542.

[52]Müslim: (976) – 108.

[53]Müslim: 975.

[54]Müslim: 1718.

[55]əl-Kovsər surəsi, ayə: (2).

[56]Buxari: 5553, Müslim: 1966.

[57]əl-Həcc surəsi, ayə: (34).

[58]Tirmizi: 1505, İbn Maca: 3147. Tirmizi hədisə “səhih” hökmü vermişdir. Albani, Səhih Sünən İbn Maca: 2563 də hədisin “səhih” olduğunu bildirmişdir.

[59]Müslim: 1318.

[60]Müslim: 1963.

[61]Buxari: 5557, Müslim: (1965) – 16. Hədisin ləfzi Müslimə aiddir.

[62]Nəsai: 7/219. İbn Həcər, Fəth əl-Bəri: 10/15 də isnadının “qavi” olduğunu demişdir. Albani, Səhih Sünən ən-Nəsai: 4080 də hədisin “səhih” olduğunu bildirmişdir.

[63]Malik, Muvatta: səhifə nömrə: 248, Əhməd: 4/289, Əbu Davud: 2802, Tirmizi: 1497. Nəsai: 7/244, İbn Maca: 3144. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ən-Nəsai: 4073 də hədisin “səhih” olduğunu bildirmişdir.

[64]Buxari: 6/238, Müslim: 3/1553.

[65]Əhməd: 4/82, Beyhəqi: 9/295, İbn Hibbən: 1008, Dəraqutni: 4/284. Heysəm, Məcmə əz-Zəvaid: 3/25 də “Əhmədin və başqalarının raviləri etibarlı ravilərdir” demişdir.

[66]Buxari: 5560, Müslim: 1961.

[67]əl-Həcc surəsi, ayə: (28).

[68]Hafiz Əbu Musa, əl-Vazaif kitabında “həsən” olduğunu bildirmişdir. Bax: Muğni: 8/632.

[69]Müslim: 1977.

[70]Müslim: (1977) – 39.

[71]Buxari: 6/217.

[72]Əhməd: 5/7, 8, 12, Əbu Davud: 2837, Tirmizi: 1522, Nəsai: 7/166, Haikm, Mustədrak: 4/237 də hədisə “səhih” hökmü vermiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünən ən-Nəsai: 3936 da “səhih” olduğunu bildirmişdir.

[73]Əbu Davud: 2842, Nəsai: 7/162, Əhməd: 2/182. Albani, Səhih Sünən ən-Nəsai: 3928 də “səhih” olduğunu bildirmişdir.

[74]Hədisin təxrici üçün bu səhifədəki iki nömrəli haşiyəyə bax.

[75]Əhməd: 6/381, Əbu Davud: 3/257, Nəsai: 7/165. Albani, Səhih Sünən ən-Nəsai: 3931 də “səhih” olduğunu bildirmişdir.

[76]Əhməd: 5/7, 8, 12, Əbu Davud: 2837, Tirmizi: 1522, Nəsai: 7/166, Haikm, Mustədrak: 4/237 də hədisə “səhih” hökmü vermiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünən ən-Nəsai: 3936 da “səhih” olduğunu bildirmişdir.

[77]Bax: Fəth əl-Bəri: 10/577.

[78]Müslim: 3/1682.

[79]Əhməd: 6/390, 392, Malik, Muvatta: səhifə nömrə: 259, Tirmizi: 1519, Hakim: 4/237, Beyhəqi: 9/304. Albani, Səhih Sünən ət-Tirmizi: 1226 da “həsən” olduğunu bildirmişdir.

[80]Buxari: 6/216, Müslim: 2145.

[81]Müslim: 2147.

[82]Tirmizi: 1514. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1224 da “həsən” olduğunu bildirmişdir.