Altıncı: Cihad fəsli

Bu fəsil özündə üç bölümü əhatə edir.

Birinci bölüm:

Cihadın tərifi, fəziləri, hökmü, şərtləri vəcihadı vacib etməyən üzrlər

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Cihadın tərifi, fəziləti, hikməti, hökmü və cihadın vacib olan vaxtları:

  1. Cihadın tərifi:

Cihadın lüğəti mənası: Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışmaq, səy və güc sərf etməkdir.

Cihadın şəriətdəki mənası: Kafirlərlə döyüşdə və ya onlardan müdafiə olunduqda ciddi çalışma, səy və güc sərf etmək.

  • Cihadın fəziləti və hikməti:

Cihad, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyi kimi İslamın ən yüksək mərtəbəsidir[1]. Çünki İslam, cihad ilə yüksəlir, zahir olur və izzətlənir. Allah -Sübhənəhu və Təala- ən-Nisa (Qadınlar) surəsində Allah yolunda malları və canları ilə cihad edənləri, cihad etməyənlərdən üstün tutmuş və onlara cənnəti vəd etmişdir. Cihad və Allah yolunda döyüşən mücahidlər barədə ayə və hədislər həddən artıq çoxdur.

Cihadın hikməti: Allah -Sübhənəhu və Təala- cihadı bir çox məqsədlərə görə vacib etmişdir.

Bu məqsədlərdən:

  1. İnsanları bütlərə və tağutlara ibadət etməkdən çıxarıb, Tək və şəriki olmayan Allaha ibadət etməyə yönəldmək üçündür. Uca Allah buyurur: «(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun.»[2]
  2. İnsanlar arasında zülmü aradan qaldırıb, haqq sahiblərinin haqlarını onlara qaytarmaq üçündür. Uca Allah buyurur: «Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!»[3]
  3. Kafirləri məhv etmək və onlardan intiqam almaq üçündür. Uca Allah buyurur: «Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.»[4]
  • Cihadın hökmü və dəlili:

Xüsusi mənada olan cihad, kafirlərlə cihad etməkdir ki, o da fərz kifayədir. Yetərli sayılacaq bir qisim cihad etdərsə, digərlərinə günah yazılmaz və onların cihah etməsi sünnə olar. Uca Allah buyurur: «Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.»[5]

Ayədən bəlli olur ki, cihad etmək fərz ayn deyil, əksinə fərz kifayədir. Çünki Uca Allah malları və canları ilə vuruşanları, üzr olmadan evlərində əyləşib cihada getməyənlərdən dərəcə etibarilə üstün tutdu və onların hamısına ən gözəl nemət, cənnəti vəd verdi. Əgər cihada germək fərz ayn olsaydı, bu zaman evlərində əyləşib cihada getməyənlərə gözəl sonluq, cənnət yox, əksinə əzab vəd olunardı.

Uca Allah buyurur: «(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun.»[6] Bu əmr, düşmənlərlə döyüşmək üçün müsəlmanların gücü olması şərtinə bağlıdır. Əgər döyüşməyə gücləri yoxdursa, bu zaman cihad etmək başqa vacib əməllər kimi acizlik zamanı vacib sayılmır. Çünki müsəlmanların zəif və gücsüz hallarında cihad etmələri özlərini təhlükəyə atmaları kimidir.

  • Cihad nə zaman fərz ayın olur?

Bəzi hallar var ki, bu zaman cihada getmək müsəlmana fərz ayındır:

Birinci hal: Düşmənlər müsəlman ölkəsinə hücum edib, ora soxularlarsa yaxud mühasirəyə alarlarsa, cihada qalxmaq və onların zərərlərini dəf etmək bütün müsəlmanlara fərz ayındır.

İkinci hal: Döyüşə gəldiyi və iki dəstənin bir-biri ilə qarşılaşdığı zaman, fərz ayın olur. Döyüşə gəlib düşmənlə qarşılaşan zaman, düşmən arxa çevirib qarşısından qaçmaq haramdır. Uca Allah bu haqda buyurur: «Ey iman gətirənlər! Kafirlərin bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!»[7]

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) cihadda kafirlər qarşısından dönüb qaçmağı həlak edici böyük günahlardan saymışdır[8].

Lakin iki vəziyyət var ki, bu hallarda döyüşdən qaçmaq müstəsnadır:

Birinci vəziyyət: Düşməni aldatmaq məqsədilə yalandan özünü qaçan kimi göstərib, təkrar döyüş üçün bir tərəfə çəkilmək.

İkinci vəziyyət: Kömək məqsədilə müsəlmanlardan ibarət başqa bir dəstəyə qoşulmaq.

Üçüncü hal: İmam cihada getməyə müəyyən insanları təyin edərsə və səfərbərlik elan edərsə. Belə ki, uca Allah buyurur:«Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir! Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!»[9]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Əgər sizi cihada çağırsalar, tələsin!»[10].

Dördüncü hal: Cihadda ona ehtiyac olarsa. Əgər onun cihada getməsinə ehtiyac varsa, bu zaman cihada getməsi vacibdir.

İkinci məsələ: Cihadın şərtləri:

Cihadın vacib olması üçün yeddi şərti var, Bu şərtlər: Cihada gedən İslamda olmalı. Həddi-büluğa çatmalı (yəni, uşağın cihada getməsi vacib deyil). Əqli qüsursuz olmalı (dəliyə cihad vacib deyil). Cihad edən, kişi olmalı (qadının cihada getməsi vacib deyil). Azad adam olmalı (qulun cihada getməsi vacib deyil). Cihad üçün maddi və fiziki güc olmalı. Xəstəlik və zərərlərdən salamat olmalı.

— Cihad kafirə vacib deyil. Kafir İslamı qəbul etmədikcə ona ibadət etmək vacib deyil və ibadət edərsə də ibadəti səhih sayılmaz. Çünki cihad yalnız Allah üçün, ixlas və itaətlə olmalıdır. Kafir isə bunlardan uzaqdır. Kafir kimsə müsəlmanlarla birgə cihada çıxmaq istəsə, ona izin verilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bədir döyüşünə çıxdığı zaman bir müşrik kişi Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə Bədrə çıxmaq istədi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Allah və Rəsuluna iman edirsənmi?» — deyə soruşdu. Kişi: Xeyr — deyərək cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Elə isə geri dön. Mən, müşrikdən kömək istəmirəm» — dedi[11].

— Cihad həddi-büluğa çatmayan uşağa vacib deyil. Çünki uşaq şəriət hökmləri ilə mükəlləf deyil. Rəvayət edilir ki, İbn Ömər -Allah onların hər ikisindən razı olsun- on dörd yaşında ikən Uhud döyüşü günü savaşda iştirak etmək üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüzuruna gəlmiş, lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun döyüşməsinə izin verməmişdi. Sonra o, on beş yaşında ikən Xəndək döyüşündə yenə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hüzuruna gəlmiş və o, döyüşə qatılmağa izin vermişdi»[12].

— Cihad dəliyə vacib deyil. Çünki qələm dəlidən qaldırılmışdır və həmçinin dəli şəriət hökmlərli ilə mükəlləf deyil.

— Cihad qula və qadına vacib deyil. Çünki qul ağasının mülküdür. Aişə -Allah ondan razı olsun- rəvayətində demişdir: Mən, Peyğəmbərdən: (sallallahu aleyhi və səlləm) «Qadınlar üçün cihad varmı?» — deyə soruşdum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Onlar üçün döyüş olmayan cihad var, həcc və ümrə»[13].

Başqa hədisdə Aişə -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm): «Biz cihadın ən əfzəl əməllərdən olduğunu görürük, cihad etməyəkmi?» — dedim. Peyğəmbər (sallallahu aleyhi və səlləm): «(Onların) ən əfzəl cihadı qəbul olunan həccdir» — deyərək cavab verdi[14].

— Zəifliyinə yaxud da qocalığına görə silah daşımağı bacarmayan və həmçinin cihad yolunda özünün və ya ailəsinin maddi ehtiyacını ödəyə bilməyən fəqirə, cihada getmək vacib deyil. Uca Allah buyurur: «(cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur.»[15]

Həmçinin xəstəlik və sairə bu kimi üzrü olan insanlara cihada getmək vacib deyil. Çünki insanın aciz olduğu şey ona vacib olmaz. Uca Allah buyurur: «(Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz.»[16]

Uca Allah başqa bir ayədə buyurur: «Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur.»[17]

Üçüncü məsələ: Cihadı vacib etməyən üzrlər.

Bəzi üzrlü səbələr var ki, bu üzrlər cihadın fərz ayn yaxud da fərz kifayə olmasından asılı olmayaraq, cihada getməyi vacib etmir.

Bu üzrlər aşağıdakılardır:

1- 2- Dəli və uşaq: Cihad, dəliyə və uşağa vacib deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Dəli əqli qüsuru bərpa olana qədər, yatmış insan yuxudan oyanana qədər və uşaq həddi-büluğa çatana qədər»[18].

3- Qadın: Cihad qadına vacib deyil. Buna dəlil Aişənin -Allah ondan razı olsun- yuxarıdarəvayət etdiyi hədisdir.

4- Qul: Cihad qula vacib deyil. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Saleh qulun iki əcri vardır. (Əbu Hureyrə dedi:) Nəfsim əlində olan Allaha and olsun ki, Allah yolunda cihad, həcc və anama itaət etmək olmasaydı, mən qul olaraq ölməyimi istərdim»[19].

5- 6- Fiziki baxımdan zəiflik, maddi cəhətdən acizlik, xəstəlik yaxud bədənin hər hansı bir üzvündən məhrum olmaq, məsələn kor olmaq və ya hər hansı bir səbəbə görə şikəst olmaq. Artıq bu haqda yuxarıda qeyd edilmişdir.

7- Fərz kifayə cihadında valideyinlərin ikisi və ya ikisindən biri izin vermədikdə. Rəvayət edilir ki, Abdullah ibn Amr -Allah onların hər ikisindən razı olsun- demişdir: “(Bir dəfə) bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib cihada getmək üçün izin istədi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: «Valideynlərin sağdırmı?» O: “Bəli!”– deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Elə isə onlar üçün çalış»[20].

Bu halda valideyinlərə xidmət edib, onlara itaət etmək fərz ayndır, cihada getmək isə, fərz kifayədir. Burada fərz ayın ibadəti, fərz kifayə ibadətindən önə çəkilir. Əgər cihad fərz ayn cihadıdırsa, valideyinlərin onu cihada çıxmağa mane olmağa haqları yoxdur və bu halda cihada çıxmaq üçün onlardan icazə almaq da lazım deyil.

8- Fərz kifayə cihadında, borcunu qaytarmağa imkanı olmadıqda və borc sahibi də borcunu qaytarmadan cihada getməsinə razı olmadıqda. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah yolunda şəhid olmaq, borcdan başqa hər bir şeyi silir»[21].

Əgər cihad fərz ayn cihadıdırsa, bu zaman borc sahibinin onun borcunu qaytarmadan cihada getmsinə mane olmaqa haqqı yoxdur.

9- Ölkədə ondan başqa alim olmadıqda. Çünki insanlar onun elminə möhtac olduğu halda, cihada gedib ölərsə, onun yerini cəmiyyətdə heç kim verə bilməyəcək. Əgər yaşadığı yerdə ondan başqa dini əhkamları bilən yoxdursa, insanların ona ehtiyacları olduğu üçün ona cihada getmək vacib deyil.

On ikinci bölüm:

Əsir və qənimətlər barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Kafirləri əsir götürməyin hökmü:

Əksər alimlərə görə və bu da səhih rəydir, kafirlərdən tutulan kişi əsirlərin hökmü imama aiddir. O bu işdə İslam və müsəlmalar üçün daha faydalı olanı seçməlidir. İstəsə onları öldürər, istəsə qul kimi istifadə edər, istəsə təmənnasız azad edər, istəsə onları ya pul ya da mənfəət (məsələn, əsirin bir müsəlmana elm öyrətməsi) qarşılığında yaxud da başqa bir müsəlman əsir ilə dəyişə bilər. Qadın və uşaqlara gəlincə, onlar əsirlik səbəbi ilə qula çevrilirlər və digər qənimət mallarına qatılırlar. İmamın bu barədə seçimi yoxdur və onları öldürmək də olmaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmişdir.

— Kafir əsirləri öldürməyin dəlili Uca Allahın bu ayəsidir: «Müşrikləri harada görsəniz, öldürün.»[22]

Uca Allah buyurur: «Peyğəmbərə yer üzündə (çoxlu kafir) qırmayınca əsir götürmək yaraşmaz.»[23]

Uca Allah bu ayədə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bildirdi ki, Bədr döyüşündə əsir düşmüş müşrikləri öldürmək, onları əsir götürməkdən və ya hər hansı bir mənfəət qarşılığında dəyişməkdən daha yaxşıdır.

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fəth ilində Məkkəyə daxil olduqda başında dəbilqə var idi. O, dəbilqəni başından çıxartdıqda bir nəfər gəlib dedi: İbn Xatal Kəbənin örtüyündən yapışıb (aman diləyir). Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Öldürün onu!» – deyə buyurdu[24].

O (sallallahu aleyhi və səlləm), Bəni Qureyza qəbiləsindən olan kişiləri də öldürmüşdür.

— Əsir düşmüş kafirləri əsir götürməyin dəlili isə, Əbu Səid əl-Xudrinin -Allah ondan razı olsun- rəvayət etdyi hədisdir. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- demişdir: “Qureyzəlilər (məğlub olduqdan sonra) Səd ibn Muazın (onlara dair) qərar verəcəyinə razılaşdılar. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) Sədin yanına adam göndərdi və Səd uzunqulağına minib (onun yanına) gəldi. Səd məscidə yaxınlaşdıqda (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) ənsara dedi: «Qalxın böyüyünüzü (və ya ən xeyirlinizi qarşılayın)!» Sonra (Peyğəmbər (sallallahu aleyhi və səlləm) Sədə) dedi: «Bunlar sənin (onlara dair) qərar verəcəyinə razıdırlar». Səd dedi: “Onların döyüşçülərini edam edin, qadınlarını və uşaqlarını isə əsir götürün!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Sən Allahın hökmü ilə hökm verdin (və ya əl-Malikin hökmü ilə hökm verdin)!»[25].

— Kafirləri təmənnasız azad etmək yaxud da pul ya müəyyən bir mənfəət qarşılığında dəyişməyin dəlilinə gəldikdə isə, Uca Allahın bu barədə buyurur: «(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.»[26]

İmamın bu işlərdə İslam və müsəlmanlar üçün daha faydalı və daha xeyirli olanı seçməsi vacibdir. Çünki o, başqaları üçün seçim edir. Deməli, daha xeyirli olanı seçməlidir.

İkinci məsələ: Qəniməti onu əldə edənlər arasında bölmək:

Qənimət sözünün mənası: Qənimət, Allahın adını uca tutmaq üçün aparılan döyüşdə, kafirləri məğlub edib onlardan götürülən mallara deyilir. Qənimətə ərəb dilində, müsəlmanların malının üstünə əlavə mal gətidiyi üçün ənfal da (yəni, artıq və ya ziyadə) deyirlər.

Qənimət haqqında Uca Allah buyurur: «Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»[27]

Uca Allah qənimətləri keçmiş ümmətlərdən fərqli olaraq yalnız Muhammədin (sallallahu aleyhi və səlləm) ümmətinə halal etmişdir. Cabir ibn Abdullah -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm»[28].

Qənimət dedikdə bura həm əsir, həm də daşınan və daşınmayan mallar daxil edilir.

Əksər alimlərin rəyinə əsasən qənimət malları beş yerə bölünməlidir:

Birinci pay, imamın payıdır. Bu pay qənimətin beşdə biridir və bunu imam yaxud da onun təyin etdiyi adam çıxarmalıdır.

İmam yaxud da onun təyin etdiyi adam qənimətin beşdə bir payını, Uca Allahın əl-Ənfal surəsində bəyan etdiyi kimi bölüşdürməlidir: «Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur.»[29]

Qənimətin bu beşdə bir payı, beş yerə bölünməlidir:

1- Allah və Onun Rəsulu üçün: Bu beşdə bir pay, qənimətdən sayılır və Beytulmala daxil edilərək müsəlmanların faydasına olan işlərə sərf edilir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Nəfsimi əlində tutan Allaha and olsun ki, mənim qənimətdən payım yalnız beşdə birdir və bu beşdə bir də sizin üçündür»[30].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz payı olan bu beşdə biri bütün müsəlmanlar üçün etmişdir.

2- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qohum-əqrabası üçün: Bunlar: Bəni Haşim və Bəni əl-Muttalibdir. Qənimətin bu beşdə biri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu qohumları arasında hər kəsin ehtiyacı qədər bölünür.

3- Yetimlər: Yetim, oğlan, qız yaxud zəngin və miskin olmasından asılı olmayaraq, həddi-büluğa çatmazdan əvvəl atası ölmüş kimsədir.

4- Miskinlər: Bura fəqirlər də aiddir.

5- Müsafir: Bura, səfər azüqəsi qurtarıb yolda qalan müsafir daxildir. Belə kimsəyə gedəcəyi yerə çatdıracaq qədər zəkatın bu beşdə bir payından verilir.

Amma zəkatın qalan dörd payı, yəni, beşdə birinin dördü, döyüşdə iştirak edib etməməsindən və güclü və zəif olmasından asılı olmayaraq ona hazırlaşan hər bir həddi-büluğa çatmış, azad və əqli qüsursuz kişilər arasında bölünməlidir. Çünki Ömər -Allah ondan razı olsun- demişdir: «Qənimət döyüşdə iştirak edən hər bir kimsə üşündür»[31].

Qənimətin bölünməsi: Kişi miniksiz döyüşübsə bir pay, miniklə döyüşübsə üç pay verilir. Bir pay özünün, iki pay isə miniyinindir. Rəvayət edilir ki, İbn Ömər -Allah onların hər ikisindən razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) qənimətləri böldüyü gün (qənimətlərdən) at üçün iki pay, sahibinə isə bir pay ayırdı»[32].

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Xeybər günü qənimətlərdən atsız döyüşən üçün bir pay, atla döyüşən üçün isə üç pay ayırmışdır»[33].

Çünki cihadda atla döyüşənin faydası, atsız döyüşənin faydasından çoxdur.

Amma qadınlar, qullar və uşaqlar cihadda iştirak edərlərsə, qənimət onların arasında bölünməsə də, lakin onlara az miqdarda qənimət payından verilir. Bir kişi, İbn Abbasa -Allah ondan razı olsun- məktub yazıb qənimətin bölündüyü vaxt iştirak edən qadın və uşaqlara, qənimətdən pay verilməsi barədə soruşur? İbn Abbas -Allah ondan razı olsun- ona belə cavab verir: «Qənimətin bölündüyü vaxt iştirak edən qadın və uşaqların qənimətdən müəyyən payları yoxdur, lakin onlara qənimətdən az bir miqdarda verilir»[34].

Başqa sözlə belə rəvayət olunur: «Qula da qənimətdən az bir miqdarda verilir»[35].

Əgər müsəlmanların əldə etdikləri qənimət torpaqdırsa, bu zaman imam istəsə həmin torpağı qəniməti qazananların arasında bölər, istərsə də ümumi müsəlmanların istifadəsi üçün vəqf edə bilər. İkincini seçsə, torpaq əlində olan kimsənin müsəlman və kafir olmaslından asılı olmayaraq daimi şəkildə hər il ondan vergi almalıdır. İmam, bu iki seçimin müsəlmanlara daha xeyirli olanını seçməlidir.

Üçüncü məsələ: Feyin məsrəfi (xərclənməsi):

Fey: Müharibə zamanı döyüş olmadan qarşı tərəfdən götürülənlərə deyilir. Məsələn, müsəlmanların gəlişini eşidən kafirlərin, qorxudan atıb qaçdıqları mal-dövlət bura aiddir.

Feyin məsrəfi: Feyin məsrəfi imama aiddir. İmam, müsəlmanların xeyrinə olacaq işləri nəzərə alaraq, bu malı ora sərf etməlidir. Məsələn, o maldan qazilərə, müəzzinlərə, imamlara, alimlərə, müəllimlərə və müsəlmanlara fayda verən digər işlər üçün sərf edə bilər. Rəvayət edilir ki, Ömər -Allah ondan razı olsun- demişdir: «Allah Bəni-Nədir qəbiləsinin mal-dövlətini qənimət olaraq Öz elçisinə (sallallahu aleyhi və səlləm) verdi, müsəlmanlar bu qənimətləri əldə etmək üçün (döyüş meydanına) nə bir at, nə də bir dəvə sürdülər. Bu (qənimətlər) Allahın elçisinə məxsus idi. O, (bundan) öz ailəsinin bir illik azuqəsini ayırdıqdan sonra yerdə qalanını Allah yolunda (cihada) hazırlıq məqsədilə silah və at almağa xərcləyərdi»[36].

Elə buna görədə Uca Allah əl-Həşr surəsinda feyin məsrəfi barədə xəbər verdikdə, bütün təbəqədən olan müsəlmanları zikr etmişdir. Allah -Sübhənəhu va Təala- buyurur: «Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhamməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın).»[37]

İmam feydən lazımı qədər götürüb Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qohum-əqrəbasına verdikdən sonra qalan hissəsini müsəlmanlara fayda verən işlər üçün sərf etməlidir.

Ücüncü bölüm:

Atəşkəs və sülh elan etmək, zimmi və cizyə verməyin hökmləri barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Kafirlərlə atəşkəs və sülh bağlamaq barədə.

1- Atəşkəs və ya sülhün sözününtərifi:

Atəşkəs və ya sülhün lüğəti mənası: sakitlik deməkdir.

Şəriət mənası isə, imamın və ya imamın təyin etdiyi naibin, müharibə aparan qarşı tərəflə ehtiyac duyulan müəyyən müddətə kimi, hətta bu ehtiyac uzun müddət olsa belə, tərəflər arasında atəşkəs elan etmək üçün əhd bağlamasıdır. Buna, barışmaq, anlaşmaq və vədləşməkdə deyilir.

2- Buna dəlil:

Kafirlərlə ehtiyac duyulan müəyyən müddətə kimi atəşkəs elan etmək haqqında əhd bağlamaq, əgər müsəlmanların xeyrinədirsə, imam üçün icazəlidir. Necə ki, müsəlmanlar zəif və döyüş hazırlıqları aşağı səviyyədə olanda yaxud da kafirlərin İslamı qəbul etmək istəkləri olduqda və sairə bu kimi hallarda belə razılaşmalar yolveriləndir. Çünki uca Allah buyurur: «Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!»[38]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hudeybiyyə sülhündə Məkkə müşrikləri ilə on illik sülh müqaviləsi bağlamışdır. Həmçinin Mədinədə yəhudilərlə razılaşma əldə etmişdir.

3- Tərəflərin sülhə əməl etməsi:

— İmam və ya onun təyin etdiyi adamın bağladığı sülh sazişinə əməl etmək vacibdir və qarşı tərəf bu sazişi pozmadıqca, və xəyanət etmədikcə yaxud da müsəlmanlara xəyanət edəcəklərindən qorxulmadıqca bu sülh sazişini pozmaq olmaz. Uca Allah buyurur: «Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!» [39]

Uca Allah buyurur: «Ey iman gətirənlər! Əhdlərə sadiq olun.»[40]

— Əgər müsəlmanlarla döyüşərlərsə, müsəlmanların düşmənlərinə müsəlmanlara qarşı kömək edərlərsə və ya bir müsəlmanı öldürərlərsə yaxud müsəlmanın malını götürərlərsə, artıq bizimlə onların arasındakı sülh sazişi pozulmuşdur və onlarla döyüşmək caizdir. Çünki uca Allah buyurur: «Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!»[41]

— Əgər kafirlərin sülh sazişini pozacaqlarından qorxulursa və buna dair açıq-adın dəlillər varsa, bu zaman müsəlmanlar onlar ilə olan sülhü poza bilərlər və razılaşma üzərində dayanmağa eytiyac yoxdur. Uca Allah buyurur: «Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!»[42]

Yəni, onlar ilə sizin aranızdakı əhdi pozmaq istəsəniz, onlara bunu bildirin ki, hər iki tərəf bu barədə məlumatlı olsun. Əhdin pozulduğunu bildirmədən onlara hücüm etməyiniz icazəli deyil.

İkinci məsələ: Zimmi ilə əhd bağlamaq və cizyə ödəmək:

1- Zimmi sözünün tərifi:

Zimmi sözünün lüğəti mənası: Əhd — deməkdir, əhd sözdə əmin-amanlıq və zaminlik mənasını bildirir.

Zimmi ilə əhd bağlamaq sözünün şəriət mənası, bəzi kafirlərin öz küfrlərində qalmalarına razılıq verməkdir. Lakin bir şərtlə ki, müsəlmanlara cizyə verəcək və İslam şəriətinin onlar barədə verdiyi hökmlərə zahirən iltizam göstərəcəklər.

2- Zimmi ilə əhd bağlamağın dəlili:

Zimmi ilə əhd bağlamağın dəlili Uca Allahın bu ayəsidir. Allahu Təala buyurur: «Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.»[43]

Bureydə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sonra onları İslama dəvət et, əgər İslamı qəbul etsələr, onlardan bunu qəbul et və onlardan əl çək… əgər İslamı qəbul etməsələr, bu zaman onlardan cizyə tələb et»[44].

3- Cizyə kimdən götürülür:

Cizyə hər bir mükəlləf, azad və cizyəni ödəməyə qadir olan zəngin kişilərdən götürülür. Cizyə quldan götürülmür. Çünki o da fəqir insan kimi heç bir mala sahib deyil. Həmçinin qadın, uşaq və dəlidən də götürülmür. Çünki onlar döyüşməyə qadir insanlar deyil. Eləcə də daimi xəstədən və yaşlı insandan da götürülmür. Çünki bu insanlar da qadınlar kimi, qanları qorunmuş kimsələrdir.

4- Zimmilərlə bağlanan əhdin tələbləri:

Əgər müsəlmanlar kafirlərlə əhd bağlayarlarsa, bu əhd onların qanlarını, mallarını və namuslarını haram edər, onlara azadlıq verər və onları əzab-əziyyət verilməkdən qoruyar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Döyüşdə müşriklərdən olan düşməninlə qarşılaşsan, onları üç şeyə qərar vermələrinə çagır, onlardan hansı birinə cavab versələr, onlardan qəbul et və əl çək»[45].

Üçüncü məsələ: Əmin-amanlıq, təhlükəsizlik əhdi:

1- Əmin-amanlığın tərifi:

Əmin-amanlığın lüğəti mənası, qorxunun ziddidir.

Şəriət mənası isə, müəyyən vaxta qədər kafirin malına və canına təminat verməkdir.

2- Buna dəlil:

Uca Allah buyurur: «Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!»[46]

3- Əmin-amanlığı və təhlükəsizliyi kimin təmin etməsi doğrudur və bunun şərtləri:

Hər bir müsəlman əmin-amalıq barədə saziş bağlaya bilər. Amma bu, aşağıdakı şərtlər əsasında həyata keçirilməlidir:

— Müsəlman əqli qüsursuz olmalı və həddi-büluğa çatmalıdır: Dəli və uşağın bunu etməsi doğru sayılmır.

— Təhlükəsikliyi təmin etməyi öhdəsinə götürən müsəlman, bunu öz ixtiyarı ilə etməlidir. Məcburiyyətlə edənin və ya sərxoş vəziyyətdə olanın yaxud da ağlı başında olmayan adamların belə razılaşmalar bağlaması doğru deyildir.

Qadının təhlükəsizliyi təmin etmək üçün öhdəçilik götürməsi doğrudur. Ummu Hani bint Əbu Talib -Allah ondan razı olsun- belə rəvayət edir: Məkkənin fəthi ilində mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getdim və onun qüsl etdiyini, Fatimənin -Allah ondan razı olsun- də (ona) pərdə tutduğunu gördüm. Mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verdim. O: «Bu (qadın) kimdir?»– deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani” – deyə cavab verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Xoş gəlibsən, Ummu Hani!»– dedi və qüsl edib qurtardıqdan sonra tək bir örtüyə bürünüb səkkiz rükət namaz qıldı. Namazını qılıb qurtardıqdan sonra mən dedim: “Ya Rəsulallah! Qardaşım, himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey Ummu Hani!»[47].

Həmçinin qulun da təhlükəsizliyi təmin etmək üçün öhdəçilik götürməsi səhihdir. Rəvayət edilir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xütbədə belə dedi: «… Müsəlmanların verdikləri əhd-peyman birdir. Bu əhd-peyman uğruna onların ən zəifi olsa belə, cəhd göstərər…»[48].

Həm imamın həm də imamın məntəqələrdə təyin etdiyi adamın, orada olan bütün müşriklərə aman verməsi, həmçinin, cəmiyyətdən hər bir insanın düşmənlərdən birinə aman verməsi səhihdir. Dövlətdə yaşayanların hamısının əmin-amalığına zəmanət vermək, yalnız müsəlmanların başçısına aid olan bir işdir və onun izni olmadan, bunu ondan başqa kiminsə etməyə haqqı yoxdur.

«Sən əmin-amansan», «Səni himayəmə aldım», «Sənə zərər gəlməz» yaxud da himayə etdiyini işarə ilə bildirsə, artıq himaysinə götürmüş hesab edilir.

Mustəmən: Mustəmən, Allahın kəlamını dinləmək və İslamı öyrənmək üçün izin istəyən adamdır. Uca Allahın «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır.» ət-Tövbə surəsi 6-cı ayəsinə əsasən, ona Allahın kəlamını dinləməyə sonra isə onu əmin-amanlıqda olacağı yerə çatdırmaq vacibdir.

4- Kafirlərə aman verməyin hökmü və tələbi:

Əmin-amanlıq əhdinə sadiq qalmaq və buna bağlı olan bütün şərtlərə əməl etmək vacibdir. Müstəməni öldürmək, əsir almaq və qul etmək haramdır.

Əgər müsəlmanlar kafirlərin şərindən yaxud da xəyanət edəcəklərindən qorxarlarsa, bu zaman əmin-amanlıq sazişini pozmaları icazəlidi.


[1]Əhməd, Müsnəd: 5/231, Tirmizi: 2616. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 2110 da “səhih” olduğunu bildirmişdir.

[2]əl-Ənfal surəsi, ayə: (39).

[3]əl-Həcc surəsi, ayə: (39).

[4]ət-Tovbə surəsi, ayə: (14).

[5]ən-Nisa surəsi, ayə: (95).

[6]ət-Tovbə surəsi, ayə: (122).

[7]əl-Ənfal surəsi, ayə: (15).

[8]Buxari: 2766, Müslim: 145.

[9]ət-Tovbə surəsi, ayə: (38, 39).

[10]Buxari: 1834, Müslim: 1353. Hədisi İbn Abbas (ra) rəvayət etmişdir.

[11]Müslim: 1817. Hədisi Aişə (ra) rəvayət etmişdir.

[12]Buxari: 2664, Müslim: 1868.

[13]İbn Maca: 2901, Beyhəqi: 4/350 və başqaları. Albani, İrva əl-Ğalil: 5/7 də hədisin “səhih” olduğunu bildirmişdir.

[14]Buxari: 2794.

[15]ət-Tovbə surəsi, ayə: (91).

[16]əl-Fəth surəsi, ayə: (17).

[17]ət-Tovbə surəsi, ayə: (91).

[18]Əbu Davud: 4401, Nəsai: 6/156. Albani, İrva əl-Ğalil: 2/4 də hədisin “səhih” olduğunu bildirmişdir.

[19]Buxari: 2548. Hədisdə deyilən: “Nəfsim əlində olan Allaha and olsun ki,” söz, Əbu Hureyrənin sözüdür.

[20]Buxari: 3004, Müslim: 2549.

[21]Müslim: 1886. Hədisi Abdullah bin Amr bin əl-As (ra) rəvayət etmişdir.

[22]ət-Tovbə surəsi, ayə: (5).

[23]əl-Ənfal surəsi, ayə: (67).

[24]Buxari: 1846, Müslim: 1357.

[25]Buxari: 3043.

[26]Muhamməd surəsi, ayə: (4).

[27]əl-Ənfal surəsi, ayə: (69).

[28]Müslim: 521.

[29]əl-Ənfal surəsi, ayə: (41).

[30]Əbu Davud: 2694, Nəsai: 4138. Albani: İrva əl-Ğalil: 5/73 də hədisin “səhih” olduğunu bildirmişdir.

[31]Beyhəqi: 9/50, Abdurrazaq, Musannaf: 5/302.

[32]Buxari: 4228, Müslim: 1762.

[33]Buxari: 2873.

[34]Müslim: 1812.

[35]Əbu Davud: 2727.

[36]Buxari: 2904, Müslim: 1757.

[37]əl-Həşr surəsi, ayə: (7).

[38]əl-Ənfal surəsi, ayə: (61).

[39]ət-Tovbə surəsi, ayə: (7).

[40]əl-Maidə surəsi, ayə: (1).

[41]ət-Tovbə surəsi, ayə: (12).

[42]əl-Ənfal surəsi, ayə: (58).

[43]ət-Tovbə surəsi, ayə: (29).

[44]Müslim: 1731.

[45]Müslim: 1731.

[46]ət-Tovbə surəsi, ayə: (6).

[47]Müslim: (336) – 82.

[48]Buxari: 3172, Müslim: 1370.