Səkkizinci: Miras, vəsiyyət və qul azad etmək fəsli

Bu fəsil, özündə dörd bölümü əhatə edir.

Birinci bölüm:

 Xəstənin mülkiyyəti ilə necə davranması barədə

Ölüm ayağında olmayan, sağlam insan, şəriətin icazə verdiyi hüdudlar daxilində öz malından istədiyi kimi xərcləyə bilər.

Əgər insan qorxulu olmayan və şəfası umulan: diş, barmaq, baş və ya bədən ağrıları kimi yünğül bir xəstəliyə düçür olarsa, bu zaman onun sağlam adam kimi, şəriətin icazə verdiyi hüdudlar daxilində istədiyi şəkildə hətta bütün malını xərcləmək və hədiyyə etmək hüquqları var. Əgər həmin xəstəliyin şiddətlənmə səbəbindən vəfat edərsə, malını xəstəliyi qorxulu olmadığı vaxt xərclədiyinə yaxud hədiyyə etdiyinə görə gördüyü iş səhihdir. Belə ki, o, həmin vaxt xəstə insan yox, sağlam insan hökmündə idi.

Ölüm ehtimalı çox olan bir xəstəliyə düçar olduğu zaman başqasına vəsiyyət, sədəqə və ya hədiyyə edərsə, vəfat etdikdən sonra bunlar ümumi malının üçdə birindən çıxardılır. Əgər etdiyi vəsiyyətlər, sədəqələr və ya hədiyyələr malının üçdə biri civarındadırsa əməl olunur, yox əgər üçdə birindən çoxdursa, varislərin razı olmasından asılıdır, əgər onlar razı olarlarsa verilir, razı olmazlarsa yalnız malının üçdə birindən verilir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allah sizə, ölüm ayağında olduğunuz vaxt, saleh əməllərinizi artırmaq üçün, malınızın üçdə birindən sədəqə etməyə icazə vermişdir»[1].

Bu və buna oxşar digər hədislər göstərir ki, ölüm ayağında olan xəstə, malının yalnız üçdə birindən sədəqə verə və ya hədiyyə edə bilər. Çünki ümumi maldan verməsi, varislər üçün zərərdir. Bu halda, vəsiyyətdə olduğu kimi ümumi malının üçdə birindən sədəqə və ya hədiyyə vermək lazımdır.

Şəkər və digər xəstəliklər kimi qorxulu olmayan və yataqda qalmağı tələb etməyən xronik xəstəlikləri olan xəstənin bütün malından başqasına etdiyi sədəqələr, verdiyi hədiyyələrin hamısı, sağlam insanın sədəqələri və hədiyyələri kimi səhihdir. Çünki bu xəstəliklə tez bir zamanda ölmək qorxusu yoxdur və belə xəstələrin misalı, yaşlı insanın misalı kimidr.

Amma daimi yataq xəstəsidirsə, varisindən qeyrisinə yalnız malının üçdə biri civarında vəsiyyət, sədəqə və hədiyyə edə bilər. Çünki o, daimi yataq xəstəsi olduğu üçün, onun ölmək ehtimalı çoxdur və xəstəliyinin belə vaxtında, ölüm xəstəliyində olan insan kimi, sədəqə və vəsiyyətləri həyata keçirilmir.

İkinci bölüm:

 Vəsiyyət barədə

Bu bölümdə iki məsələ var

Birinci məsələ: Vəsiyyətin mənası və dəlilləri:

1- Vəsiyyətin tərifi:

Vəsiyyətin lüğəti mənası, başqasına söz vermək yaxud əmr etmək.

Vəsiyyətin şəriət mənası, vəsiyyət edən insan vəfat edikdən sonra, vəsiyyət etdiyi adama müəyyən bir əmlakı, borcu yaxud da mənfəəti hədiyyə edərək sahib etməsidir.

Bəzəndə vəsiyyət, bundan da geniş məna daşıya bilər. Necə ki, bəzi alimlər deyir: Ola bilər ki, vəsiyyət, öldükdən sonra hər hansı bir işi görməyi əmr etmək mənasında olsun. Belə olduğu halda, bura oldükdən sonra onu yumağı və ya ona cənazə namazı qıldırmağı yaxud da malından müəyyən yerlərə sədəqə verməyi vəsiyyət etmək mənaları daxil olur.

2- Vəsiyyətin icazəli olmasının dəlili:

Vəsiyyət Kitab, Sünnə və icma dəlilləri ilə sabitdir.

Çünkü Uca Allah buyurur:«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.»[2]

Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Vəsiyyət etməyə bir şeyi olan bir müsəlmanın başının altında yazılı bir vəsiyyəti olmayınca (ardıcıl) iki gecə keçirməyə haqqı yoxdur»[3].

Alimlər vəsiyyətin caiz olması haqqında yekdil rəydədirlər.

İkinci məsələ: Vəsiyyətlə əlaqəli bəzi hökmlər:

Vəsiyyətlə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

1- Yuxarıda qeyd deyilən, İbn Ömərin rəvayət etdiyi hədisə əsasən, müsəlmanın öz vəsiyyətində onun başqalarına və başqalarının ona olan bütün haqlarını və borclarını yazıb bəyan etməsi vacibdir.

2- İnsan vəfat etdikdən sonra, ona savab yazılsın deyə, ölməzdən əvvəl xeyirli, saleh və yaxşı işlər üçün malından azda olsa vəsiyyət etməsi müshəhəbdir. Çünki Əbu əd-Dərdə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allah sizə, ölüm ayağında olduğunuz vaxt, saleh əməllərinizi artırmaq üçün, malınızın üçdə birindən sədəqə etməyə icazə vermişdir»[4].

3- Vəsiyyətin, malın üçdə bir ya da üçdə birindən az hissəsindən olması icazəlidir. Üçdə bir hissənin icazəli olmasına dəlil: Rəvayət edilir ki, Səd ibn Əbu Vəqqas -Allah ondan razı olsun- demişdir: “Vida həcci ilində xəstələndiyimə görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) (tez-tez) mənə baş çəkirdi. Onda mən (ona) dedim: “Mənim xəstəliyim çox ağırlaşıb! Mən var-dövlət sahibiyəm, qızımdan başqa da bir varisim yoxdur. Malımın üçdə ikisini sədəqə verə bilərəmmi?” O: «Xeyr!»– deyə buyurdu. Dedim: “Yarısını (verə bilərəmmi)?” O: «Xeyr»– deyə cavab verdi, sonra da belə buyurdu: «Üçdə birini, əslində üçdə biri də çoxdur. Şübhəsiz ki, sənin üçün varislərini zəngin qoyub getməyin, onları kasıb və dilənçi vəziyyətdə qoyub getməyindən daha xeyirlidir». Amma müstəhəb olan, üçdə birindən az sədəqə etməkdir. Çünki İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Yaxşı olardı ki, insanlar üçdə birindən dörddə birinə düşsünlər, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»»Üçdə birini, əslində üçdə biri də çoxdur»[5].

4- Yuxarıda qeyd edilən, Səd ibn Əbu Vəqqasın -Allah ondan razı olsun- rəvayət etdiyi hədisə əsasən, varisi olan insanın, malının üçdə birindən çoxunu vəsiyyət etməsi səhih deyil. Yalnız insan öldükdən sonra, bütün varislər malın üçdə birindən çoxunu vəsiyyət edilən insana verməyə razı olarlarsa, səhihdir. Əgər insanın varisi yoxdursa, bu zaman hətta malının hamısını vəsiyyət edə bilər.

5- Varislərin hər hansı birinə vəsiyyət etmək səhih deyil. Əbu Uməmə -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu demişdir:»Allah (mirasdan) hər bir haqq sahibinin haqqını vermişdir. Elə isə, varisə vəsiyyət edilməz»[6].

6- Asilik və günah işləri etmək üçün vəsiyyət etmək haramdır. Çünki əd-Dərdənin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə deyildiyi kimi, vəsiyyət, vəsiyyət edən adamın vəfat etdikdən sonra savablarını çoxaltmaq üçün icazə verilımişdir.

7- Borc və dini vaciblər məsələn, zəkat, həcc və kəffarələr vəsiyyətdən irəlidir. Çünki Uca Allah buyurur:«Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır.»[7]

Əli -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm) borcu, vəsiyyətdən əvvəl ödəməyi hökm verdi».

8- Vəsiyyət edənin, malından istədiyi kimi istifadə etməyə icazəsi olan, əqli qüsuru olmayan, həddi-büluğa çatan azad bir insan olması və öz seçimi ilə vəsiyyət etməsi şərtdir.

9- Kafirlərin məbədlərinə, musiqi alətinin alınmasına və s. buna oxşar asilik yerlərinə vəsiyyət etmək haramdır. Əgər edərsə, bu vəsiyyət batildir və vəsiyyətə əməl olunmur.

10- Çoxlu malı olan və varisi ehtiyacsız olan adamın vəsiyyət etməsi müstəhəbdir. Uca Allah buyurur:«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir.»[8]

Ayənin ərəbcəsində deyilən «xeyir» sözü, çoxu mal mənasını bildirir. Malı az və varisi isə möhtac olan insanın vəsiyyət etməsi məkruhdur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Şübhəsiz ki, sənin üçün varislərini zəngin qoyub getməyin, onları kasıb və dilənçi vəziyyətdə qoyub getməyindən daha xeyirlidir».

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrinin çoxu, vəfat etdikləri zaman vəsiyyət etməyiblər.

11- Varisə zərər vermək və ya varisə malın az hissəsinin miras qalması məqsədi ilə vəsiyyət etmək haramdır. Çünki Uca Allah buyurur:«Bu, (bölgü, vərəsələrə) zərər toxunmadığı halda icra olunur.»[9]

12- Əgər vəsiyyət müəyyən bir insan üçün edilibsə, vəsiyyətin qüvvəyə mindiyi vaxtdan yəni, vəsiyyət edən insanın vəfatından əvvəl onu qəbul etmək və ya mülkiyyətinə keçirmək səhih deyil. Vəsiyyəti qəbul edilməsi və vəsiyyət olunan şəxsin mülkünə keçməsi, yalnız vəsiyyət edən insanın vəfatından sonra səhihdir. Əgər vəsiyyət fəqirlər, miskinlər, elm tələbələri, məscidlər yaxud da yetimxanalar kimi adamlar və ya yerlər üçündürsə, bu zaman vəsiyyət olunanın, vəsiyyəti qəbul etməsi şərt deyil. Əksinə vəsiyyət edən insan vəfat etdiyi vaxt, vəsiyyət kimə edilibsə onun mülkiyyətinə keçir.

13- Vəsiyyət edən vəsiyyətinin hamısından yaxud da bir hissəsindən dönə bilər və hətta istəsə vəsiyyətini poza da bilər. Ömər -Allah ondan razı olsun- demişdir: «Kişi istədiyi kimi vəsiyyətini dəyişə bilər»[10].

14- Şəriət baxımından müsəlman və ya kafir olmasından asılı olmayaraq mala sahib olması icazəli olan hər bir kimsəyə vəsiyyət etmək səhihdir. Çünki Uca Allah buyurur:«Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz.»[11]

Üçüncü bölüm:

 Qul azad etmək, qulun özünü qulluqdan azad etməsi barədə yazılı siyaziş bağlaması və ağası öldükdən sonra qulun azad olunması barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Qul azad etməyin tərifi, qul azad etməyin icazəli olması, fəziləti və hikməti:

1- Qul azad etməyin tərifi:

Qul azad etməyin lüğəti mənası: Azad olmaq və qurtulmaq — deməkdir.

Şəriət mənası: Qul insanı, qulluqdan azad etmək, onu başqasının mülkü olmaqdan qurtarmaq və ona tam azadlıq vermək mənasını bildirir.

2- Qul azad etməyin dəlili:

Qul azad etməyin dəlili: Kitab, Sünnə və icmadır.

Kitabdan dəlil: Uca Allah buyurur:«Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməlidir.»[12]

Uca Allah buyurur:«Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər.»[13]

Sünnədən olan dəlillərə gəldikdə isə, Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim (Allah üçün) bir qulu köləlikdən azad edərsə, onun (azad olanın) hər bir əzasına görə, Allah azad edən adamın bir əzasını Cəhənnəm odundan xilas edər, hətta qulun övrətinə görə, azad edənin övrətini cəhənnəmdən xilas edər»[14].

Ümmət, qul azad etməyin səhih olmasını və bunun Allaha yaxınlaşdıran əməllərdən biri olması barədə icma edib.

3-Qul azad etməyin fəziləti.

Qula azad etmək Allaha yaxınlaşdıran ən əfzəl əməllərdən və ibadətlərdəndir. Qul azad etməyin fəziləti haqqında Uca Allah buyurur:«(O) bir kölə azad etməkdir.»[15]

Yəni, bir şəxsi köləlikdən xilas etmək. Bu ayə, nicat və xeyir yolunda gedənlərin, hansı yolla getdiklərini göstərir. Bilin ki, bu yol, qul azad etməkdir. Necə ki, az öncə, Allah üçün qul azad etməyin fəziləti haqqında Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət ediyi hədis qeyd olundu.

Həmçinin Əbu Uməmə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bir müsəlmanı köləlikdən azad edərsə, bu onun Cəhənnəm odundan xilas olmasına səbəb olar»[16].

Qul azad etməyin fəzilətləri barədə dəlillər olduqca çoxdur.

Qadın kölədənsə kişi kölə azad etmək, həmçinin qiyməti az olan kölədənsə, sahibi yanında qiyməti çox olan, daha nəfis bir köləni azad etmək daha əfzəldir.

  1. Qul azad etməyin hikməti.

İslam dinində qul azad etməyin bir çox ali məqsədləri və hikmətləri var. Bu hikmətlərdən biri də, məsum bir Adəm övladını köləlik zəlilliyindən xilas etməkdir. Bununla o, nəfsinə sahib olur və öz istəyi və iradəsi ilə istədiklərini həyata keçirir.

Həmçinin izzət və cəlal sahibi olan Allah, qətlin, Ramazanda yaxılıq etmənin və andın kəffarəsini, qul azad edilməsi şəklində buyurmuşdur.

İkinci məsələ: Qul azad etməyin ərkanları, şərtləri, qul azad etmək üçün deyilən sözlərin qaydası:

1- Qul azad etməyin ərkanları: Qul azad etməyin üç ərkanı var:

  1. Qulu azad edən.
  2. Azad olunan qul.
  3. Qulu azad etdikdə deyilən sözlərin qaydası.

2- Qul azad etməyin şərtləri:

Qul azad etməyin şərtləri aşağıdakılardır:

— Qul azad edən, bu işə səlahiyyəti çatan həddi-büluğa yetişmiş, əqli qüsursuz, rəşadətli və öz seçimi ilə davranan bir şəxs olmalıdır. Uşağın, dəlinin, əqli qüsurlunun və məcbur edilənin qul azad etməsi səhih deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Yatmış insan yuxudan oyanana qədər, dəli ağlı qayıdana qədər və uşaq həddi-büluğa çatana qədər».

İnsanın istəmədiyi halda, məcbur edilərək yerinə yetirdiyi ibadətlər qəbul olmadığı kimi, istəmədiyi halda, məcbur edilərək qul azad etməsi də səhih deyildir.

— Azad etdiyi qula sahib olmalıdır, başqasının qulunu azad etməsi düzgün deyildir.

— Qulun başqasına, borclu olması və başqasına qarşı cinayət törətməsi kimi, onun köləlikdən xilas olmasına mane olan səbəblər olmalı deyil. Qul borcunu və cinayətinin qan pulunu ödəmədikcə, onun köləlikdən azad olması səhih deyil.

— Qul azad etməyi sadəcə niyyətindən keçirmək düzgün deyil. Əksinə bu, aşıq-aydın sözlə yaxud da bu sözü əvəz edən kinayə və ya üstü örtülü sözlə olmalıdır. Çünki mülkün bir insandan başqa bir insana keçməsi üçün, təkcə niyyətin olması kifayət etmir.

  1. Qul azad etmək üçün istifadə olunan sözlərin deyiliş forması:

— Bu sözlər ya açıq-aydın olur. Bura qul və azadlıq sözlərinin işlədilməsi aiddir ya da bu iki sözdən alınan ifadələr daxildir. Məsələn, sən azadsan yaxud da sən azadlığa buraxıldın və ya köləlikdən azadsan, səni qulluqdan azad etdim və s.

— Bu, kinayə ilə də olur. Məsələn: İstədiyin yerə gedə bilərsən və ya mənim sənin üzərində haqqım yoxdur yaxud mənim sənin üzərində hökmranlığım yoxdur və ya da qəribliyə get və ya məndən uzaq ol yaxud səni buraxdım və s. buna oxşar sözlərlə də ola bilər. Qul azad etməyə niyyəti olmadan, sadəcə kinayə sözləri deməklə, qul, köləlikdən xilas olmur.

Üçüncü məsələ: Qul azad etməyin hökmləri:

1- Qula şərikli sahib olmaq icazəlidir. Belə ki, bir necə adam qulun ağası ola bilər.

2- Əgər bir kimsə şərikli quldan öz payını azad edərsə, artıq quldan olan payını azad etmişdir.

Şərikinin payına gəldikdə isə, əgər qulu azad edən insan zəngindirsə, qulun qalan qiyməti hesablanıb, şərikinin pulu ödənilir və qul köləlikdən azad olunur. Əgər qulu azad edən insan maliyyə cəhətdən çətin vəziyyətdədirsə, bu zaman şərikinin quldan olan payı azad olunmur və qul özünü köləlikdən xilas etmək üçün mukətəb (özünü azad etmək üçün ağası ilə yazışan kölə) kimi çalışıb, işləyib, pul əldə edib, o biri şərikin pulunu ödəyib özünü köləlikdən xilas etməlidir və yalnız şərikin pulunu ödədikdən sonra köləlikdən xilas ola bilər.

Buna dəlil: Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər kim öz şərikli köləsini azad edərsə, özündə də kölənin dəyəri qədər pul varsa, köləni ədalətli şəkildə qiymətləndirməli, sonra da şəriklərinə onların paylarını ödəməklə köləni tam azad etməlidir. Əks təqdirdə isə onun yalnız öz payına düşən hissəsini azad etmiş olur»[17].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Kim öz köləsini qismən azad edərsə, öz malından şərikinin pulunu ödəməklə köləni tam azad etməlidir. Əgər onun ödəməyə pulu yoxdursa, onda köləni ədalətli şəkildə qiymətləndirməli, sonra da köləni gücü çatdığı bir işdə işlətməlidir»[18].

Görünən budur ki, qul bunu öz istəyi ilə edir.

3- Qulu köləlikdən azad edən, azad etdiyi qulun bütün malına varisdir. Lakin əksi belə deyil. Çünki köləlikdən azad olunanın ağalığı onu azad edənə aiddir. Bu barədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Ağalıq etmək ancaq (köləni) azad edən kimsəyə aiddir»[19].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) qula ağalıq etməyi qohumluq əlaqəsi kimi etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Qula ağalıq etmək qohumluq əlaqəsinin bir parçasıdır»[20].

4- Kim köləsinə zülm etməklə onu döyərsə və ya şiddətli bir zərbə ilə vurarsa və yaxud ona işgəncə verərsə və ya da onu yararsız vəziyyətə salarsa yaxud da hər hansı bir bədən üzvünü kəsərsə və ya digər bu kimi əməllər edərsə, köləsi bununla azad olunur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim köləsini etmədiyi bir əmələ görə qamçıyla yaxud da əl ilə vurarsa, bunun kəffarəsi onu köləlikdən azad etməkdir»[21].

Amma kim, köləsini ədəbləndirmək üçün astadan vurarsa, buna görə kəffarə lazım deyil.

Dördüncü məsələ: Ağası öldükdən sonra qulun azad olunması barədə:

1- «Ağası öldükdən sonra qulun azad olunması» ifadəsinin tərifi:

Bu sözün mənası, qulunun köləlikdən azad olunmasını ağanın öz ölümünə bağlı etməsidir.

Belə deyilir: Kişi qulunu ölümündən sonra azad etdi. Yəni, onun azadlığını vəfatından sonra etdi.

Ərəbcə «mudəbbar» sözünün mənası, ağası öldükdən sonra qulun köləlikdən azad olunmasıdır. Bu söz, onun azadlığının ağasının həyatının sonuna bağlı olduğu üçün belə adlanıbdır.

2- Bunun hökmü və dəlili:

Qulun köləlikdən azad olunmasını, onun ağasının ölümündən sonraya bağlı etmək caizdir və bu, alimlərin ittifaqına əsasən səhihdir. Cabir ibn Abdullah -Allah ondan razı olsun- rəvayət etmişdir ki, ənsardan bir nəfər ölümündən sonra öz köləsini azad edəcəyinə qərar verdi. Həmin adamın bu kölədən başqa heç bir malı yox idi. Bu xəbər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) «Bunu məndən kim alar?»– deyə soruşdu. Nueym ibn Abdullah onu səkkiz yüz dirhəmə satın aldı və Peyğəmbər (sallallahu aleyhi və səlləm) köləni ona verdi[22].

3- Qulun ağası öldükdən sonra qulun azad olunması ilə bəzi hökmlər:

— Yuxarıda qeyd edilən Cabirin hədisinə əsasən, ağası öldükdən sonra azad olunacaq qulu ehtiyac səbəbilə satmaq ümumi olaraq caizdir. Bəzi alimlər isə, istər ehtiyac istərsə də digər səbəbdən satmağın ümumi olaraq icazəli olduğunu bildirmişlər.

— Ağası öldükdən sonra azad olunacaq qul, malın ümumi dəyərindən deyil, üçdə birindən çıxarılır. Çünki bunun hökmü vəsiyyətin hökmü kimidir və bunların hər ikisinə də öldükdən sonra əməl olunur.

— Ağası belə qulu başqa birinə hədiyyə də edə bilər. Çünki hədiyyə etmək satmaq kimidir.

— Ağası belə olan qadın quluna yaxınlıq edə bilər, çünki onun ağasıdır. Uca Allah buyurur:«Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.»[23]

Beşinci məsələ: (əl-Mükətəb) Qulun özünü qulluqdan azad etməsi barədə yazılı siyaziş bağlaması:

1Tərifi:

Ərəb dilində mukatəbə sözünün lüğəti mənası vacib etməkdir.

Şəriət mənası: Qulun, ağası ilə razılaşdığı vaxt ərzində ağasına ödəyəcəyi pul müabilində ozünü azad etməsidir.

Ərəb dilində mükətəb sözünün mənası, köləlikdən azad olunması üçün ağasına ödənilən puldan asılı olan quldur. Amma mükətib sözü bu sazişi yazana deyilir. Bu sazişə, qul ilə ağası arasında ittifaq etdikləri şeyləri yazdıqlarına görə kitəbə deyilir.

2- Qulun özünü qulluqdan azad etməsi üçün ağası ilə saziş yazmasının hökmü və dəlili:

Əgər qul doğru danışandırsa və ağası ilə razılaşdığı pulu qazanmağa qadirdirsə, bu zaman özünü qulluqdan azad etməsi üçün ağası ilə saziş yazması müstəhəbdir. Çünki Uca Allah buyurur:«Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vermək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə — əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə — mükatəbə edin.»[24]

3- Mükətəbə ilə əlaqəli bəzi hökmlər:

— Kişi yaxud qadın qul, ağası ilə razılaşdığı pulu ödədiyi zaman köləlikdən çıxır və azad insan olur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mükətəb ağası ilə razılaşdığı, hətta bir dirhəmi ödəyənə qədər quldur»[25].

Hədisin mənası budur ki, nə zaman ağası ilə razılaşdığı pulu ödəyib qurtararsa, köləlik vəsfindən çıxır və azad insan olur.

— Yuxarıda keçən hədisə əsasən, qul ağası ilə razılaşdığı pulun hamısını ödəməyincə, qul sayılır.

— Əgər mükətəb qul ağası ilə razılaşdığı pulun hamısını ödəyərsə, qula sahiblik etmək hüququ ağasına aiddir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sahiblik etmək ancaq (köləni) azad edən kimsəyə aiddir»[26].

— Ağanın, köləsi ilə bağladığı pul sazişinin müəyyən bir miqdarından vaz keçməsi lazımdır. Çünki Uca Allah buyurur:«Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər).»[27]

İbn Abbas -Allah ondan razı olsun- bu ayə barədə deyir ki, «Qul ilə ittifaq etdiyiniz pulun bir hissəsindən vaz keçin»[28].

Ağa burada seçim sahibidir, istəsə qul ilə razılaşdığı pulun bir hissəsini ona bağışlayar, istəsə də alar.

— Ağa pulu köləsindən bölgü əsasında müəyyən vaxtlarda almalıdır. Belə ki, pulun ödəniləcəyi bölünmüş müddətlər və hər bölgüyə düşən məbləğ bəlli olmalıdır.

— Mükətəb qul ağasının icazəsi olmadan evlənə bilməz, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Ağasının icazəsi olmadan evlənən hər bir qul zinakardır»[29].

Həmçinin qul ağasının icazəsi olmadan, döyüş qənimətindən payına düşən yaxud da pul ilə aldığı qul qadına yaxınlaşa bilməz.

— Mükətəb qulu satmaq caizdir və o, qalan mükətəbə pulunu onu alan insana ödəməlidir. Əgər qul ona qalan pulun hamısını ödəyib qurtararsa, artıq köləlikdən azad olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bərirənin hekayəsində Aişəyə -Allah ondan razı olsun- demişdir:»Sən onu al və azad et!… Sahiblik etmək ancaq (köləni) azad edən kimsəyə aiddir»[30].

Dördüncü bölüm:

Faraid və miras barədə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Faraid sözünün mənası və bu elmi öyrənməyə həvəsləndirmək:

Faraid elmi ən əhəmiyyətli elmlərdən biridir. Bu elmə daima ehtiyac olduğu üçün hər bir müsəlmanın bu elmə önəm verməsi və onun üzərində düşünməsi vacibdir.

Bu elmin adı, faraid elmidir. Faraid sözü fərz sözünün cəmidir. Fərz sözünün mənası isə, təyin etmək müəyyən etməkdir.

Necə ki, Uca Allah buyurur: «Təyin etdiyinizin yarısını (onlara) verməlisiniz.»[31]

Yəni, müəyyən etdiyiniz.

Fərz sözünün şəriət mənası, dinin haqq sahibləri üçün təyin etdiyi müəyyən bir paydır. Faraid elmi, miras elmidir. Bu elm, miras hökümlərini bilib, mirası haqq sahibləri arasında düzğün hesablayıb bölməyə deyilir.

əl-Mavaris sözü, miras sözünün cəmidir. Mənası meyitdən qalıb varisə keçən haqdır.

Miras elminə önəm vermək müsəlmana vacibdir. Miras şəriətin qoyduğu qaydaya əsasən bölünməlidir. Varis olmayana mirasdan pay ayırıb, varis olanı isə miras paylından tam yaxud da qismən məhrum etmək, özünü Allahın qəzəbinə və əzabına düçar etməkdir.

İkinci məsələ: Tərikə ilə əlaqəli hüquqlar, mirasın səbəbləri və mirasa mane olan amillər:

1- Tərikənin hüquqları:

Tərikə, insanın öldükdən sonra tərk etdiyi pul, daşınan və ya daşınmayan əmlak və haqlarıdır. Meyitin tərk etdiyi mala dörd haqq bağlıdır:

1- Meyiti hazırlamaq, ona kəfən və ətir almaq, basdırılması və yuyulması üçün xərcləri ödəmək və s.

2- Borcları qaytarmaq. Birinci Allaha olan borclardır. Yəni, zəkat, fitrə zəkatı və kəffarə borcları qaytarılmalıdır. Bundan sonra insanlara olan borclar qaytarılmalıdır.

3- Vəsiyyətləri vermək, bu da vəsiyyətin malın üçdə birinin və ya üçdə birindən az olmayan hissənin çıxarılması şərti ilə olmalıdır.

4- Miras: Bundan sonra qalan mal varislər arasında şərətin qoyduğu bölgü ilə bölünməlidir.

Miras: Bu, meyitin malını vəfat etdikdən sonra, Allahın Kitabı və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsində varid olduğu kimi sağ adamlar arasında bölməkdir.

Bəzən meyitin tərk etdiyi malda, onun sağlığında başqalarının da haqları olur. Bu haqlar mala bağlıdır. Məsələn, müştərinin pulu ödədikdən sonra malını alması və ya girov qoyanın girovu bura daxildir. Başqalarının haqları meyitin tərk etdiyi mala bağlı olduğu üçün bu haqlar meyiti hazırlamaq məsrəflərindən və malın varislər arasında bölünməsindən əvvəl sahiblərinə qaytarılmalıdır.

2- Mirasın səbəbləri:

Mirasın üç səbəbi var. Bunlar:

Birinci: Nikah. Bu, qadının vəlisi və iki şahidin iştirakı ilə bağlanan səhih nikahdır və hətta nikah bağladıqdan sonra qadınla bir yerdə tək qalmasa və ya ona yaxınlıq etməsə də, həm kişinin həm də qadının mirasdan payı vardır. Çünki Uca Allah ümumi olaraq buyurur:«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın qoyub getdikləri malın yarısı sizindir.»[32]

İkinci: Nəsəb yəni, meyitin yaxın qohum-əqrəbası. Bu, insanla başqaları arasında uzaq və yaxın qohumluq əlaqələridir. Bu qohumluq əlaqəsi əsli-nəsəbi, nəsil qollarını və ətrafları şamil edir.

İnsanın əsli-nəsəbi, məhz kişi tərəfdən şəcərə üzrə yuxarı qalxdıqca, atalar və babalardır. Nəsil qolları, şəcərə üzrə aşağı düşdükcə, oğullar və oğulların oğullarıdır. Ətrafları, şəcərə üzrə aşağı düşdükcə, qardaşlar və onların övladları, şəcərə üzrə yuxarı qalxdıqca əmiləri və şəcərə üzrə aşağı düşdükcə onların övladlarıdır.

Üçüncü: Sahiblik (əl-Valəu), bu ağa qulunu köləlikdən azad etdiyi nemətə qörə onlar arasında olan bağlılıqdır. Ümmətin icmasına əsasən köləlikdən azad olunan, onu azad edənin malına varis olmur. Beləliklə də aydın olur ki, mirasın iki səbəbi var: Nəsəb və düzgün nikah.

3- Mirasa mane olan səbəblər:

Mirasa mane olan səbəblərin sayı üçdür:

1- Qətl: Alimlər, öldürülməsi haram olan adamı qəsdən öldürməyin, miras payının götürülməsinə maneə oduğuna ittifaq ediblər. Kim miras qoyanını haqsız yerə öldürərsə, ona varis ola bilməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qatilin mirasdan payı yoxdur»[33].

2- Qulluq: Qul yaxın qohumuna varis ola bilməz. Belə ki, o, mirasdan pay götürərsə, həmin pay onun ağasının mülkiyyətinə keçəcək. Həmçinin başqası da qula varis ola bilməz. Çünki o heç bir mala sahib deyil.

3- Miras qoyanla onu götürənin fəqrli dindən olması: Şübhəsiz ki, bu, mirası götürməyə maneədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kafir müsəlmana varis olmur, müsəlman da kafirə varis olmur»[34].

Üçüncü məsələ: Varislərin qisimləri:

Varislər iki qisimdir: Kişilər və qadınlar:

Kişilərdən olan varislərin sayı ondur:

1- 2- Oğul və onun oğlu, şəcərə üzrə aşağı düşərək. Çünki Uca Allah buyurur:«Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür.»[35]

3- 4- Ata, onun atası məsələn, atanın atası və atanın babası kimi şəcərə üzrə aşağı düşərək. Çünki Uca Allah buyurur:«Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir.»[36]

Baba atadır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) babaya mirasın altıda bir hissəsini vermişdir.

5- Qardaş, istər doğma qardaş olsun, istər atabir qardaş, istər anabir qardaş olsun. Uca Allah buyurur:«Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür).»[37]

Uca Allah buyurur:«Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür.»[38]

6- Atabir qardaş oğlu, amma anabir qardaş oğlu varis deyil, çünki anabir qardaş oğlu ana tərəfindən olan qohumlardandır.

7- 8- Doğma yaxud da atabir əmi və əmi oğlu, anabir olan əmi və ya əmi oğlu isə varis deyil. Çünki ana tərəfindən olan qohumlardandır.

9- Ər: Uca Allah buyurur:«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın qoyub getdikləri malın yarısı sizindir.»[39]

10- Qulunu köləlikdən azad edən ağa, yaxud da onu əvəz edən adam. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Qula sahiblik etmək qohumluq əlaqəsinin bir parçasıdır»[40].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sahiblik etmək ancaq köləni azad edən kimsəyə aiddir»[41].

Amma qadınlardan olan varislərin sayı isə yeddidir:

1- 2- Qız və oğlun qızı, məhz kişi tərəfdən şəcərə üzrə yuxarı qalxır. Uca Allah buyurur:«Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır.»[42]

3- Ana: Uca Allah buyurur:«Əgər (ölənin) övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də (ancaq ) valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları (və ya bacıları) varsa, onun anasına (mirasının) altıda bir hissəsi düşür.»[43]

4- Nənə: Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) nənəyə mirasdan altıda bir pay vermişdir. Bəriydə -Allah ondan razı olsun- deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan başqa ana olmadığı halda, nənənin mirasdan payını altıda bir etmişdir[44].

Deməli, ananın olmaması şərti ilə, nənə varis sayılır.

5- Bacı. İstər doğma bacı olsun, istər atabir bacı, istər anabir bacı. Uca Allah buyurur:«Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür.»[45]

Uca Allah buyurur:«Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır.»[46]

Uca Allah buyurur:«Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır.»[47]

6- Zövcə (kişinin həyat yoldaşı): Uca Allah buyurur:«Qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür.»[48]

7- Qulunu köləlikdən azad edən qadın, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sahiblik etmək ancaq (köləni) azad edən kimsəyə aiddir»[49].

Dördüncü məsələ: Varislərin miras baxımından qisimləri:

Birinci qisim: Allahın təyin etdiyi fərz ilə mirasa varis olan insanlar -yəni, mirasdan müəyyən payları olan insanlar- Bunlar yeddi qisim insandır: Ər-arvad (zövcə), baba-nənə, ana və anabir qardaş və bacı.

İkinci qisim: Mirasa varis olub, amma mirasdan müəyyən payları olmayan, mirasdan təqdirsiz götürən kimsələr. Bunlar on iki qisim insandır: Oğul və onun oğlu, doğma qardaş və onun oğlu, atabir qardaş və onun oğlu, doğma əmi və onun oğlu, atabir əmi və onun oğlu, qul azad edən kişi və qadın.

Üçüncü qisim: Bəzi hallarda, mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz götürən kimsələr, bəzən də mirasa Allahın təyin etdiyi fərz ilə varis olan və bunların ikisinin arasını cəm edən insanlar. Bunlar iki qisim insandır: Ata və baba.

Dördüncü qisim: Bəzi hallarda, mirasa Allahın təyin etdiyi fərz ilə varis olan kimsələr, bəzən də mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz götürən və bunların ikisinin arasını cəm etməyən insanlar. Bunlar: ər və mirasın üçdə ikisini götürən kimsələrdən başqa, mirasdan yarı pay götürən insanlardır.

Ümumilikdə mirasdan, Allahın təyin etdiyi fərz ilə mirasa varis olan insanların sayı, iyirmi bir nəfərdir:

Fərz sahiblərinə təyin edilmiş fərzlərin sayı altıdır. Bunlar yarı, dörddə bir, səkkizdə bir, üçdə iki, üçdə bir və altıda birdir.

  • Birinci: Yarı pay alan insanların sayı beşdir:

1- Ər: Ərin, mirasın yarı payını alması üçün, istər özündən, istərsə də zövcəsinin keçmiş ərindən oğul və qız uşaqlarının olmaması şərtdir.

2- Qız: Qızın, mirasın yarı payını alması üçün, qızın bacısı və qardaşının olmaması şərtdir.

3- Oğlun qızı: Oğlun qızının, mirasın yarı payını alması üçün, oğlun qızının müşərikəsinin olmaması (müşərikə yəni, oğlun qızı ilə eyni dərəcədə olan bacısı və əmisi qızının olmaması) və muassibin olmaması (muassib yəni, oğlun qızı ilə eyni dərəcədə olan qardaşı və əmisi oğlu olmaması) və ölənin oğlunun qızından böyük oğlan uşağının olmaması şərtdir.

4- Doğma qardaş: Doğma qardaş mirasın yarı payını almaq üçün, doğma qardaşın müşərikəsinin olmaması və muassibin olmaması və meyitin uşağı, atası və babasının olmaması şərtdir.

5- Atabir bacı: Atabir bacı mirasın yarı payını almaq üçün, atabir bacının müşərikəsinin olmaması (müşərikə yəni, atabir bacının doğma bacısının olmaması) və muassibin olmaması (muassib yəni, atabir bacının doğma qardaşının olmaması) və ölənin uşağı və atası, babası və meyitin doğma qardaşı və bacısının olmaması şərtdir.

  • İkinci: Dörddə bir pay alan insanların sayı ikidir:

1- Ər: Ərin mirasın dörddə bir payını alması üçün, meyitin (yəni, vəfat etmiş həyat yoldaşının) oğlan və qız uşaqlarının olması şərtdir.

2- Zövcə (kişinin həyat yoldaşı): Zövcənin mirasın dörddə bir payını alması üçün, meyitin (yəni, vəfat etmiş ərinin) oğlan və qız uşaqlarının olmaması şərtdir.

  • Üçüncü: Səkkizdə bir pay alan insan:

Səkkizdə bir pay alan insan, bir qisim insandır. Bu da, zövcə yaxud da zövcələrdir. Zövcənin və ya zövcələrin mirasın səkkizdə bir payını almaları üçün meyitin (yəni, vəfat etmiş ərinin) oğlan və qız uşaqlarının olması şərtdir.

  • Dördüncü: Üçdə iki pay alan insanların sayı dörddür:

1- Qızlar: Qızlar mirasın üçdə iki payını almaq üçün, muassibin olmaması yəni, qızların doğma qardaşının olmaması və vəfat edənin qızlarının sayı iki və ikidən çox olması şərtdir.

2- Oğlun qızları: Oğlun qızlarının mirasın üçdə iki payını almaları üçün, muassibin olmaması, bu oğlun oğludur. Həmçinin vəfat edənin nəsil qolunun olmaması, bu onun oğuldur və oğlun qızlarının sayının iki və daha çox olması şərtdir.

3- Doğma bacılar: Doğma bacıların, mirasın üçdə iki payını almaları üçün, doğma bacıların sayının iki və ikidən çox olması, muassibin olmaması, bu, doğma bacının bir və daha çox doğma qardaşıdır, vəfat edənin nəsil qollarının bu, oğlanlar və oğlanların oğullarıdır, olmaması şərtdir.

4- Atabir bacılar: Atabir bacıların, mirasın üçdə iki payını almaları üçün, atabir bacıların sayının iki və ikidən çox olması, muassibin olmaması (muassib yəni, atabir bacının bir və daha çox doğma qardaşının olmaması), vəfat edənin nəsil qollarının olmaması və doğma qardaş və bacılarının olmaması şərtdir.

  • Beşinci: Üçdə bir pay alan insanların sayı ikidir:

 Bunlar:

1- Ana: Ananın mirasın üçdə bir payını alması üçün, vəfat edənin nəsil qollarının olmaması, meyitin bacı və qardaşlarının toplam olmaması şərtdir.

2- Anabir qardaşlar: Anabir qardaşların mirasın üçdə bir payını almaları üçün, anabir qardaşların sayının iki və daha çox olması, vəfat edənin oğlan və oğlanlarının oğullarının olmaması, meyitin ata və babasının olmaması şərtdir.

  • Altıncı: Altıda bir pay alan insanların sayı yeddidir:

Bunlar:

1- Ata: Atanın, mirasın altıda bir payını alması üçün, vəfat edənin oğlanlarından və oğlanlarının oğullarından ibarət nəsil qollarının olması şərtdir.

2- Baba: Babanın mirasın altıda bir payını alması üçün, vəfat edənin oğlanlarının və oğlanlarının oğlanlarının olması şərtdir.

3- Ana: Ananın mirasın altıda bir payını alması üçün, vəfat edənin nəsil qollarının olması və meyitin qardaşlarından ibarət toplam olması şərtdir.

4- Nənə: Nənənin mirasın altıda bir payını alması üçün, vəfat edənin anasının olmaması şərtdir.

5- Oğlun qızı: Oğlun qızının mirasın altıda bir payını alması üçün, muassibin olmaması, yarı pay alan qız istisna edilməklə, oğlun qızından yuxarıda vəfat edənin nəsil qolunun olmaması şərtdir. Əgər oğlun qızı, mirasdan yarı pay alan meyitin qızı ilə mirasa sahib olarsa, bu zaman oğlun qızının payı yalnız altıda birdir.

6- Atabir bacı: Atabir bacının mirasın altıda bir payını alması üçün, muassibin olmaması bu onun qardaşıdır və atabir bacının, malın yarısına varis olan meyitin doğma bacısı ilə birgə varis olması şərtdir.

7- Anabir bacı və qardaş: Anabir bacı və qardaşın mirasın altıda bir payını almaları üçün, vəfat edənin nəsil qollarının olmaması, meyitin kişilərdən olan əsli-nəsəbinin olmaması və anabir bacı yaxud da anabir qardaşın tək olması şərtdir.

Beşinci məsələ: ət-Tasib barədə:

əl-Asabətu:əl-Asabətu, mirasdan heç bir müəyyən payları olmadan, təqdirsiz miras alan qohum insanlardır. Çünki belə insan əgər tək olarsa (yəni, meyitin ondan başqa heç bir yaxın qohumu olmazsa), bütün miras payını alar. Əgər onunla birgə mirasdan, Allahın fərz etdiyi müəyyən miras payı alan adam varsa, bu zaman mirasdan müəyyən payı olan, payını aldıqdan sonra, yerdə qalan miras payının hamısı həmin qohumun sayılar.

İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Miras paylarını sahiblərinə verin . Yerdə qalanı isə (ata tərəfdən) ən yaxın olan kişiyə verilir»[50].

Yəni, ən yaxın kişiyə.

əl-Asabatu üç qisimdir: Özü asabə olan, başqasının səbəbi ilə asabə olan və başqası ilə birgə asabə olan kimsələr.

1- Özü asabə olan kimsələr:

Bu kimsələr vəfat edənin: oğulu və oğulun oğulu və şəcərə üzrə aşağı düşərək, ata və ata tərəfdən baba və şəcərə üzrə yuxarı qalxaraq, doğma qardaş və atabir qardaş və ata tərəfdən onların oğulları, şəcərə üzrə yuxarı qalxaraq, doğma qardaş və atabir qardaş və onların oğulları, şəcərə üzrə aşağı düşərək, doğma əmi və atabir əmi, şəcərə üzrə yuxarı qalxaraq və onların oğulları, şəcərə üzrə aşağı düşərək, qul azad edən kişi və qadın. Əgər meyitin bu kimsələrdən başqa yaxın adamı olmazsa, bu zaman bu kimsələr mirasın hamısını alırlar. Əgər bu kimsələrlə birgə fərz sahibi yəni, mirasdan Allah tərəfindən payları bəlli olan insanlar olarsa, fərz sahibləri mirasdan müəyyən olunan paylarını aldıqdan sonra, yerdə qalan miras payından alarlar, əgər fərz sahibləri mirasdan aldıqdan sonra, miras qutararsa bu kimsələr düşürlər, yəni, onların mirasdan heç bir payları olmur.

2- Başqasının səbəbi ilə asabə olan kimsələr:

Bu kimsələr dörd qisim insanlardır. Birinci: vəfat edənin qızı. İkinci: oğulunun qızı, Üçüncü: döğma qardaşı ilə mala varis olan doğma bacı. Dördüncü: doğma qardaşı ilə mala varis olan atabir bacı. Əgər ehtiyac olarsa bura, oğulun qızı ilə onunla eyni dərəcədə olan və onunla mirasdan müəyyən təqdirsiz pay alan oğlun oğlu, qardaşı yaxud da əmisi oğlu və şəcərə üzrə ondan aşağı olan oğlun oğlu əlavə edilir. Bu kimsələrdən başqa kişilərdən, qardaşların oğulları, əmiləri və əmilərin oğulları, bacıları ilə mirasa varis olmurlar.

3- Başqası ilə birgə asabə olan kimsələr:

Bu kimsələr, vəfat edənin qızları və oğlunun qızları ilə birgə olan doğma bacılardır. Əgər iki və ya daha çox asib (yəni, mirasdan müəyyən payları olmadan alan kimsələr) bir yerə cəm olarsa və onlar cəhətdə, qüvvədə və dərəcədə eyni səviyyədə olarlarsa, bu zaman oğullar və qardaşlar kimi hamısı mirasa müştərək varis olurlar. Əgər cəhətdə müxtəlif olsalar, qüvvədə daha üstün olanlar məsələn, oğul və ata önə çəkilir. Əgər cəhətdə eyni, amma dərəcə baxımından müxtəlif dərəcələrdə olsalar, bu zaman oğul və oğulunun oğlu kimi meyitə daha yaxın dərəcədə olan varislər önə çəkilir. Əgər cəhətdə və dərəcədə eyni, amma qüvvədə müxtəlif olsalar, məsələn, döğma qardaş atabir qardaşla birgə, bu halda daha qüvvəli önə çəkilir.

Altıncı məsələ: Həcb:

Həcb: Həcbin mənası, mirasa daha haqlı olan şəxsin olduğuna görə, onun hamısına və ya bir hissəsinə maneə qoymaqdır.

O iki qismə bölünür:

1- Vəsflərin həcbi:

Bu miras maneəsi, köləlik, qətlə yetirmək yaxud da fərqli dinə mənsubiyyətlik kimi üç vəsfdən biri ilə olur. Kimdə bu üç vəsfdən biri olarsa, o, mirasa varis olmaz və onun olması olmamaq kimi sayılır. Bu bütün varislərə aiddir.

2- Şəxslər həcbi:

Ümumiyyətlə həcb dedikdə ilk öncə insanın düşüncəsinə həcbin bu növü gəlir.

O iki qismə bölünür:

Birinci: Məhrum edən həcb: Bu, müəyyən bir şəxsi mirasdan bütünlüklə məhrum etməkdir. Həcbin bu növü altı şəxs: ata, ana, ər, zövcə, oğul və qızdan başqa bütün varislərə şamil edilir.

İkinci: Nöqsan həcbi: Həcbin bu növü, varisin mirasdan çox pay almasına mane olaraq ona az pay ayırmaqdır.

Bu həcbin səbəbi: Mirasa ondan da daha haqlı bir şəxsin olmasıdır. Elə buna görə də həcbin bu növünə, şəxslər həcbi deyilib.

Bunlar: yeddi növdür:

1- Bir fərzdən (müəyyən olunan miras payından) ondan az fərzə (məyyən olunan miras payına) keçməsi. Bu növ həcb, ər, arvad, ana, oğulun qızı və atabir bacı kimi mirasdan iki fərz ilə pay alan insanlara aiddir.

2- Bir fərzdən (müəyyən olunan miras payından) tasibə (müəyyən olunmayan miras payına) keçilməsi. Bu növ həcb, mirasdan yarı və üçdə ikisi pay alan insanlara, əgər onlarla birgə mirasa varis olan varsa, aiddir.

3- Bir tasibdən (məyyən olunmayan miras payından) ondan az fərzə (müəyyən olunan miras payına) keçilməsi. Bu növ həcb, tasibdən fərzə keçərək miras payı olan ata və babaya aiddir.

4- Bir tasibdən ondan az tasibə keçməsi. Bu növ həcb, doğma və atabir bacılara aiddir. Çünki doğma və atabir bacı, vəfat edənin qızı yaxud da oğlunun qızı ilə birgə mirasdan olan payı, doğma və atabir qardaşı ilə mirasdan olan payından azdır.

5- Fərzdə sıxlığın olması: Məsələn, zövcələrin mirasın dörddə birinə və nənələrin də mirasın altıda birinə toplanması ilə sıxlığın olması.

6- Tasibdə sıxlığın olması: Məsələn, asabələrin malda yaxud da fərz sahiblərinə bölgüdən sonra qalan hissədə toplaşması ilə sıxlıq əmələ gəlməsi.

7- Əsli-nəsəbdəki fərz sahiblərinin, bura ovl daxildir deyə, ovldə sıxlıq etmələri.

(Ovlun lüğəti mənalarından biri də, bir şeyin artması və qalxması — deməkdir. Ovlun İstilahi mənası isə, miras bölgüsü məsələsində, fərz sahiblərinin miras məsələsində paylarının çox, amma məsələnin əslində isə naqis olması deməkdir. Məsələn, ər, doğma bacı və ana olan miras bölğüsü məsələsində, ərin mirasdan payı ikidə bir yəni, yarı paydır. Bacının payı, eyni ilə ikidə bir yəni, yarı paydır. Ananın payı isə üçbə bir paydır. Bunları hesabladıqda məsələ altıdandır, amma altını bu fərz sahiblərinə böldükdə, məsələ artıb səkkizdən olduğuna görə bu və buna oxşar məsələlər ovl adlanır).

Beləliklə deyirik ki, kim vəfat edən şəxsə birbaşa yaxın olmazsa həmin vasitəçilik mirasdan götürməyə maneə ola bilər. Əsli-nəsəbə isə, yalnız əsli-nəsəb maleə ola bilər. Nəsil qollarına da yalnız onlardan yuxarı olan nəsil qolları maneə ola bilər. Ətraf qohumlara da, əsli-nəsəb, nəsil qolları və ətraf qohumlar maneə olur.

Yeddinci məsələ: Qohumlar barədə:

Qohumlar dedikdə, burada mirasdan nə fərz nə də tasiblə payı olmayan qohumlar nəzərdə tutulur.

Bu insanlar dörd qisimdən ibarətdir:

1- Vəfat edən şəxsə nisbət olunan adamlar: Bunlar, qızların oğlanlarıdır, oğlanların qızlarının oğlanlarıdır və şəcərə üzrə aşağı düşərək.

2- Vəfat edən şəxsin nisbət edildiyi adamlar: Bunlar mirasdan pay almayan babalardır, nənələrdir və şəcərə üzrə yuxarı qalxaraq.

3- Vəfat edən şəxsin valideyinlərinə nisbət olunan adamlar. Bunlar bacıların oğullarıdır, qardaşların qızlarıdır, anabir qardaşların oğullarıdır, onlara yaxın olanlardır və şəcərə üzrə aşağı düşərək.

4- Vəfat edən şəxsin babalarına və nənələrinə nisbət olunan adamlar: Bunlar anabir əmilər, atabir və anabir bibilər, atabir və anabir əmilərin qızları, dayılar hətta uzaq dayılar olsa da və dayıların uşaqları, şəcərə üzrə aşağı düşsə belə. Qohumların mirasa varis olmasının dəlili, Uca Allahın bu ayəsidir:«Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar).»[51]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Dayı, varis olmayanın varisidir»[52].

Qohumların mirasa varis olma qaydası belədir: Hər bir qohum, onu meyitə yaxın edən irəlidəki adamın yerinə qoyulur və həmin qohuma onu meyitə yaxın edən şəxsin miras payı verilir. Allah bilir. (Məsələn, doğma bacının oğlu, doğma bacının yerinə qoyulur və ona doğma bacının payı verilir, atabir bacınında oğlu da həmçinin və s).


[1]İbn Maca: 2709, Dəraqutni: 4/450, Beyhəqi: 6/264. Bu həsəndir. Bax: İrva əl-Ğalil: 6/77.

[2]əl-Bəqərə ayə: (180).

[3]Buxari: 2738, Müslim: 1627.

[4]İbn Maca: 2709, Dəraqutni: 4/450, Beyhəqi: 6/264. Bu həsəndir. Bax: İrva əl-Ğalil: 6/77.

[5]Buxari: 2591, Müslim: 1628.

[6]Əbu Davud: 2853, Tirmizi: 2203, İbn Maca: 2713. Albani, Səhih İbn Maca: 2193 də hədisin “səhih” olduğunu bildirmişdir.

[7]ən-Nisa surəsi, ayə: (11).

[8]əl-Bəqərə surəsi, ayə: (180).

[9]ən-Nisa surəsi, ayə: (12).

[10]Beyhəqi: 6/281, Abdurrazaq, Musannaf: 9/71 də Atanın, Tavusun və Əbu Şəasənin sözü olaraq qeyd etmişdir.

[11]əl-Əhzab surəsi, ayə: (6).

[12]ən-Nisa surəsi, ayə: (92).

[13]əl-Mucadilə surəsi, ayə: (3).

[14]Buxari: 2517, Müslim: (1509) – 22. Hədisin ləfzi Müslimə aiddir.

[15]əl-Bələd surəsi, ayə: (13).

[16]Tirmizi:1547. Tirmizi hədisə “səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1252 də hədisin “səhih” olduğunu bildirmişdir.

[17]Buxari: 2522, Müslim: 1501.

[18]Buxari: 2527, Müslim: 1503.

[19]Buxari: 1493, Müslim: 1505.

[20]Şafii, əl-Umm: 1232, Hakim, Müstədrak: 4/341. Hakim hədisə “səhih” hökmü vermişdir. Beyhəqi: 10/292. Albani, Səhih əl-Cəmi: 7157 və İrva əl-Ğalil: 6/109 da hədisin “səhih” olduğunu bildirmişdir.

[21]Müslim: (1657) – 30.

[22]Buxari: 2534, Müslim: 997. Hədisin ləfzi Müslimə aiddir.

[23]əl-Muminun surəsi, ayə: (6).

[24]ən-Nur surəsi, ayə: (33).

[25]Əbu Davud: 3926, Tirmizi: 1260. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Hədisin ləfzi Əbu Davuda aiddir. Albani, İrva əl-Ğalil: 6/119 da hədisin “həsən” olduğunu bildirmişdir.

[26]Buxari: 1493, Müslim: 1505.

[27]ən-Nur surəsi, ayə: (33).

[28]Beyhəqi, Sünən əl-Beyhəqi: 10/330. Bax: İbn Qudəmə,əl- Muğni: 10/342.

[29]Əbu Davud: 2078, Tirmizi: 1111. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 887 də hədisin “həsən” olduğunu bildirmişdir.

[30]Buxari: 2565, Müslim: (1504) – 12.

[31]əl-Bəqərə surəsi, ayə: (237).

[32]ən-Nisa surəsi, ayə: (12).

[33]Dəraqutni: 4102, Beyhəqi: 6/220, Albani, İrva əl-Ğalil: 6/117 də hədisin “səhih” olduğunu bildirmişdir.

[34]Müslim: 1614.

[35]ən-Nisa surəsi, ayə: (11).

[36]ən-Nisa surəsi, ayə: (11).

[37]ən-Nisa surəsi, ayə: (176).

[38]ən-Nisa surəsi, ayə: (12).

[39]ən-Nisa surəsi, ayə: (12).

[40]Şafii, əl-Umm: 1232, Hakim, Müstədrak: 4/341. Hakim hədisə “səhih” hökmü vermişdir. Beyhəqi: 10/292. Albani, Səhih əl-Cəmi: 7157 və İrva əl-Ğalil: 6/109 da hədisin “səhih” olduğunu bildirmişdir.

[41]Buxari: 2565, Müslim: 1504.

[42]ən-Nisa surəsi, ayə: (11).

[43]ən-Nisa surəsi, ayə: (11).

[44]Əbu Davud: 2894, Tirmizi: 2101, İbn Maca: 2724. Hafiz Bin Həcər, Büluğ əl-Məram: 896 da: “İbn Xuzeymə, İbn Cərud səhih, İbn Adi isə qavi hökmü vermişdir” – demişdir”

[45]ən-Nisa surəsi, ayə: (12).

[46]ən-Nisa surəsi, ayə: (176).

[47]ən-Nisa surəsi, ayə: (176).

[48]ən-Nisa surəsi, ayə: (12).

[49]Buxari: 2561.

[50]Buxari: 6732, Müslim: 1615.

[51]əl-Ənfal surəsi, ayə: (75).

[52]Əhməd: 1/28, Əbu Davud:2899, Tirmizi: 2103. Tirmizi hədisə “həsən səhih” hökmü vermişir. Albani, Səhih Sünən ət-Tirmizi: 1709 da hədisin “səhih” olduğunu bildirmişdir.