Allah təala buyurur: “Xeyr! Əlbətdə ki, pislərin əməl dəftəri Siccindədir!” Yəni onların aqibəti və məskəni Siccindir. Bu söz Ərəb dilində “Sicn” (sıxıntı) sözündən götürülmüşdür. Bu səbəblə də Allah təala onun vəziyyətini böyüdərək: “Sən Siccinin nə olduğunu hardan biləsən?!” – buyurur. Yəni o, çox dəhşətli bir şeydir. Ora əbədi qalınası bir zindan və əğrılı-acılı bir əzab yerdiir. Bəziləri Siccinin yeddi qat yerin altında olduğunu söyləmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, Bərra ibn Azibin uzun hədisində izzət və cəlal sahibi Allah kafirlərin ruhuna “Onun yazısını Siccində yazın!” – deyə buyurur. Siccin yeddi qat yerin altındadır. Bəzilərinin sözlərinə görə, o, yeddi qat yerin altında yaşıl qayadır. Həmçinin, onun Cəhənnəmdə bir quyu olduğunu da söyləmişlər. İbn Cərir bu haqda səhih olmayan qərib və munkər bir hədis rəvayət etmişdir. Belə ki, o, İshaq ibn Vahb əl-Vasiti vasitəsilə Əbu Hureyrədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Fələq Cəhənnəmdə örtülü bir çuxurdur. Siccin isə açıq bir quyudur”. Əslində Siccin “Sicn” sözündən götürülmüş və mənası sıxıntılıq, darlıq deməkdir. Məxluqat aşağıya düşdükcə, sıxıntıya məruz qalar, yuxarı qalxdıqda rahatlıq, genişlik əldə edər. Yeddi qat səmanın hər biri altındakından daha geniş, daha rahatdır. Eyni zamanda yerin qatları da belədir. Hər bir yer qatı altındakından daha genişdir. Nəhayət, ən aşağıya və ən dar yerə gəlinər ki, bura yeddi qat yerin ortasındakı mərkəzdir. Fasiqlərin və azğınların düşəcəkləri yer buradır. Bura aşağıların aşağısıdır. Allah təala buyurur ki, “Sonra da onu qaytarıb aşağıların əşağısı etdik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir”. (ət-Tin, 5-6) Ona görə də Allah təala buyurdu ki, “Xeyr! Əlbətdə ki, pislərin əməl dəftəri Siccindədir! Sən Siccinin nə olduğunu hardan biləsən?!” Bura sıxıntının və rəzilliyin hər cürünü özündə cəm edər. Allah təala buyurur ki, “Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər”. (əl-Furqan, 13)
Allah təala buyurur: “O, yazılı bir kitabdır” Bu, “Sən Siccinin nə olduğunu hardan biləsən?!” ayəsinin açıqlaması deyildir. Sadəcə, pis əməllərə uyanları Siccinə aparacaq bir yazılı kitabdır. Yazılıb sona çatdırılmışdır. Heç kəs ona nə bir şey əlavə edə bilər, nə də ondan bir şey əksildə bilər. Bunu Muhəmməd ibn Kəb əl-Qurazi söyləmişdir. Daha sonra Allah təala buyrudu: “Yalan sayanların o gün vay halına!” Yəni Qiyamət günü gəldiyi zaman Allahın sıxıntılı və rüsvayedici əzabı vəd etdiyi kəslərin halı yaman olacaq. “Vay halına!” kəlməsi haqda daha əvvəllər də qeyd etmişdik ki, bunun da mənası həlak və məhv olmaqdır. Məsələn, “vay fılankəsin halına!” dedikdə, onun həlak olması, ölməsi nəzərdə tutulur. Necə ki, “Müsnəd” və “Sünən” kitablarında Bəyz ibn Həkim ibn Muaviyə ibn Heydənin öz atasından, onun da öz babasından rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “İnsanları güldürmək üçün yalan danışan kəsin vay halına! Vay onun halına, vay!” Daha sonra Allah təala günahkar və yalançıların vəziyyətini izah edərək buyurar: “Onlar Din gününü yalan sayarlar”. Yəni onun baş verəcəyinə inanmaz, təsdiq etməz və bunun qeyri-mümkün bir şey olduğunu düşünərlər. “Bunu həddini aşıb günaha batandan başqası yalan saymaz”. Əməllərində həddini aşan, haram işləyən, halal olan şeyləri etməyib, əksinə sözlərində və hərəkətlərində harama, günaha meyl edən kəslərdən başqası yalan saymaz. Belə kimsələr danışanda yalan söyləyər, vəd verdikdə, vədinə xilaf çıxar, düşmənçilik etdiyi zaman günahları çoxalar.
“Ayələrimiz ona oxunduğu zaman: “Əvvəlkilərin nağıllarıdır” – deyər”. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) Allah təalanın kəlamlarını eşitdiyi zaman, onları təkzib edər və ayələr haqda olduqca pis düşünər. Elə hesab edər ki, bu ayələr əvvəlkilərin kitablarından götürülülərək uydurulan əfsanələrdir. Allah təala onlar haqda başqa bir ayədə buyurur ki, “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər”. (ən-Nəhl, 24) Digər bir ayədə uca Allah belə buyurur: “Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, — dedilər”. (əl-Furqan, 5)
Daha sonra Allah təala buyurdu: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Yəni məsələ onların düşündükləri kimi deyil. Onların iddia etdikləri kimi bu Quran əvvəlkilərin nağılları deyil, əksinə Allahın Öz elçisinə (salləllahu aleyhi və səlləm) nazil etdiyi kəlamı, vəhyidir. Onların qəlblərində şübhə olduğu üçün imanın ora girməsinə mane olub sədd çəkmişdir. Çünki onların qəlblərində çoxlu günah və xətalardan başqa heç nə qalmayıb. Ona görə də Allah təala buyurdu ki, “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”.
Pas və kir kafirlərin qəlblərini bağlayar. Bulud isə yaxşıların qəlblərinə dolar. İbn Cərir, Tirmizi, Nəsai və İbn Macə müxtəlif yollarla Muhəmməd ibn Aclən vasitəsilə Əbu Hureyrədən rəvayət edirlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Qul bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər günaha görə tövbə edərsə, qəlbi cilalanar. Yox əgər günah artarsa, qara nöqtə də artar. Allah təala bu haqda buyurmuşdur: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Tirmizi hədisin həsən-səhih, olduğunu bildirmişdir. Nəsainin ləfzində isə hədis belədir: “Qul bir xəta etdikdə, qəlbində qara nöqtə cızılar. Əgər onu tərk edib Allahdan bağışlanma diləyər və tövbə edərsə, qəlbi cilalanar. Yox əgər həmin xətaya yenidən qayıdarsa, qara nöqtə böyüdülərək qəlbini qapıyar. Bu, Allah təalanın buyurduğu qapamadır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”.
Əhməd deyir: Səfvan ibn İsa, İbn Aclən vasitəsilə Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Mömin kəs bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər həmin günahdan əl çəkib tövbə edər və Allahdan bağışlanma diləyərsə, qəlbi cilalanar. Yox əgər günahlarına davam edərsə, qara nöqtədə də çoxalar və bütün qəlbini bürüyər. Bu isə Allah təalanın Quranda qeyd etdiyi haldır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Həsən əl-Basri deyir ki, “bu, günah üstünə yığılan günahlardır. Sonda isə qəlbi kor edər və öldürər. Mucahid, Qatədə, İbn Zeyd və başqaları da bu cür qeyd etmişlər.
“Xeyr, həqiqətən də o gün onlar Rəbblərindən mütləq məhrum olacaqlar!” Yəni Qiyamət günü onların qalacaqları yer Siccindir. Habelə onlar Qiyamət günü yaradanları və Rəbləri olan Rəhmanı görməkdən məhrum olacaqlar. İmam Əbu Abdullah əş-Şafi deyir ki, “Bu ayə ona dəlildir ki, möminlər həmin gün izzət və cəlal sahibi olan Allahı görəcəklər. İmam Şafinin (Allah ona rəhmət etsin!) dediyi bu sözlər son dərəcə gözəldir və bu ayənin başa düşülməsinə gözəl dəlildir.
Buna Allah təalanın digər bir ayəsi də dəlalət edir. Belə ki, Allah təala Qurani-Kərimdə buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” Möminlərin Axirətdə izzət və cəlal sahibi olan Rəblərini görməsinə dəlalət edən bir çox səhih və mütəvatir hədislər vardır. Onlar uca Cənnət baxçalarında və Qiyamətin sahələrində öz gözləri ilə Rəblərini görəcəklər. İbn Cərir Təbəri, Əbu Muammar əl-Munqari vasitəsilə Amr ibn Ubeyddən nəql edir ki, Həsən Allah təalanın “Xeyr, həqiqətən də o gün onlar Rəbblərindən mütləq məhrum olacaqlar!” ayəsi haqda buna oxşar sözlər demişdir: “Pərdələr açılar, möminlər və kafirlər Ona baxarlar. Sonra pərdə kafirlərin üzünə bağlanar və sadəcə möminlər hər səhər və hər axşam Ona baxarlar”.
“Sonra onlar Cəhənnəmə düşəcəklər”. Yəni onlar Rəhmanı görməkdən məhrum olacaqları kimi, Cəhənnəm əhlinə də çevriləcəklər. “Sonra da: “Bu sizin yalan hesab etdiyinizdir” – deyiləcəkdir”. Yəni onlara qulaqlarını deşəcək şəkildə, həqircəsinə, barmaqarası baxılaraq deyiləcək ki, sizin yalan hesab etdiyiniz budur.