Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

 

Əziz və Cəlil olan Allah, mömin kişilərə bütpərəst müşrik qadınlarla evlənməyi haram etmişdir. Sonra, ayənin ümumi olması qəsd edilsə də və hər bir Əhli kitab və bütpərəst müşrik qadınlar bura aid edilsə də, Əhli kitab qadınları “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır” (Maidə, 5) ayəsinə əsasən, xüsusi olaraq bu ayəyə daxil deyildilər. Əli ibn Əbu-Talha, İbn Abbasın “Müşrik qadınlarla onlar iman etməyincə evlənməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: “Allah bunlardan əhli kitabdan olan qadınları istisna etmişdi.” Mucahid, İkrimə, Səid ibn Cubeyr, Məkhul, Həsən, Dəhhak, Zeyd ibn Əsləm, Rəbi ibn Ənəs və digərləri də bunu demişlər.

“Bunlar bütpərəst müşriklərdir və ümumilik forması ilə əhli kitab qəsd edilməyib” deyənlər də vardır ki, bu da birinci görüşə yaxındır. Allah daha yaxşı bilir.

İbn Cəririn nəql etdiyi rəvayətə gəlincə, o demişdir: Mənə Ubeyd ibn Adəm ibn Əbu İyas əl-Əsqalani, o da atasından, o da Əbdülhəmid ibn Bəhram əl-Fəzaridən, o da Şəhr ibn Havşəbdən, onun belə dediyini bildirmişdir: İbn Abbasın belə dediyini eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) mömin mühacir qadınlardan qeyrilərini seçməyi qadağan etdi və İslamdan qeyri din sahibi olan bütün qadınları haram etdi. Əziz və Cəlil olan Allah buyurur: “İmanı inkar edənin əməlləri boşa çıxar”. Talha ibn Ubeydullah yəhudi qadınla və Huzeyfə ibn Yəmən isə, xristian qadınla evlənmişdi. Ömər ibn Xəttab buna bərk qəzəblənib hətta onlara hücum etmək istəyirdi. Onlar dedilər: “Qəzəblənmə ey möminlərin əmiri, onları boşayarıq.” O dedi: “Onlarla boşanmanız halaldırsa, nikahınız da halaldır, ancaq mən onları sizin əlinizdən bu işi kiçik və dəyərsiz göetərmək üçün alacam.” Hədis çox qəribdir. Ömərdən nəql olunan da qəribdir.

Əbu Cəfər İbn Cərir kitab əhlindən olan qadınlarla evlənməyin icazəli olduğuna dair icma nəql etdikdən sonra demişdir: “Ömərin bunu bəyənməməyi müsəlman qadınlarına rəğbətin azalması ilə bağlı idi və ya bu mənada başqa bir mövzu ilə əlaqəli idi. Necə ki, bizə Əbu Kureyb, o da İbn İdrisdən, o da Əssalt ibn Bəhramdan, o da Şaqiqdən onun belə dediyini rəvayət etmişdi: “Huzeyfə bir yəhudi qadınla evləndi. Ömər ona yazdı: “Onu burax getsin.” O da cavab yazdı: “Bunun haram olduğunu güman edib burax deyirsən?” Ömər dedi: “Haram olduğunu demirəm, ancaq onlardan fahişə almağınızdan qorxuram. Bu sağlam bir sənəddir. əl-Xalləl, o da Muhammad ibn İsmayıldan, o da Vəkidən, o da Əssaltdan bənzər şəkildə rəvayət etmişdir.

İbn Cərir demişdir: “Mənə Musa ibn Əbdurrəhman əl-Məsruqi, o da Muhamməd ibn Bişrdən, o da Sufyan ibn Səiddən, o da Yəzid ibn Əbi Ziyaddan, o da Zeyd ibn Vəhbdən onun belə dediyini rəvayət etmişdir: “Ömər ibn Xəttab dedi: Müsəlman kişi, xristian bir qadınla evlənə bilər, xristian kişi isə müsəlman qadınla evlənə bilməz.” O demişdir: “Bu sənəd birincidən daha sağlamdır.”

Sonra dedi: Bizə Təmim ibn Muntəsir, o da İshaq əl-Əzraqdan, o da Şərikdən, o da Əşas ibn Səvvardan, o da Həsəndən, o da Cabir ibn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Biz, əhli kitabın qadınları ilə evlənə bilərik, amma onlar bizim qadınlar ilə evlənə bilməz.”

Sonra deyir: “Bu xəbərin sənədində olanlara baxmayaraq, bu sözün səhih olduğuna dair ümmət icma edib.” İbn Cərir rahiməhullah bu cür demişdir.

İbn Əbu Hatim demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl-Əhmasi, o da Vəkidən, o da Cəfər ibn Burqandan, o da Məymun ibn Mihrandan rəvayət etmişdi ki, İbn  Ömər əhli kitabla evlənməyi bəyənməzdi və “Müşrik qadınlarla onlar iman etməyincə evlənməyin” ayəsini yozardı.

Buxari demişdi: İbn Ömər demişdir: “Mən bir qadının Rəbbi İsanın olduğunu deməsindən daha böyük şirk bilmirəm.”

Əbubəkr əl-Xalləl əl-Hənbəli demişdi: Bizə Muhəmməd ibn Harun, bizə İshaq ibn İbrahim, (yeni sənədlə) mənə Muhəmməd ibn Əli, o da Salih ibn Əhməddən rəvayət etdi ki, onların hər ikisi Abu Abdullah Əhməd İbn Hənbəldən “Müşrik qadınlarla onlar iman etməyincə evlənməyin” ayəsi barəsində soruşdular. O dedi: “Bütlərə ibadət edən ərəblərin müşrik qadınlarıdır.”

Əlbəttə, iman gətirmiş kəniz, sizi heyran edən müşrik qadından daha xeyirlidir”: Suddi demişdir: Bu ayə Abdullah ibn Rəvaha haqqında nazil olmuşdu. Onun qara kənizi vardı. Ona qəzəblənib bir şillə vurdu. Sonra peşman olub, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək ona xəbər verdi. O soruşdu: “O necə insandır?” Abdullah da: “Oruc tutar, namaz qılar, gözəl dəstəmaz alar və Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və sənin Onun Peyğəmbəri olduğuna şəhadət edir.” — cavabını verdi. O dedi: “Ey Abu Abdullah, o mömindir.” O da dedi: “Səni haqq olaraq göndərənə and olsun ki, onu azad edib onunla evlənəcəm.” Evləndi və müsəlmanlar onun bu hərəkətini qınayaraq dedilər: “Kənizi ilə evləndi.” Onlar isə müşriklərə nəsil nəcabətlərinə görə evlənmək istəyirdilər. Allah Təala bu ayəni endirdi: “Əlbəttə, iman gətirmiş kəniz, sizi heyran edən müşrik qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə onlarla evləndirməyin. Əlbəttə, iman gətirmiş kölə, sizi heyran edən müşrik kişidən daha xeyirlidir”.

Abd ibn Humeyd demişdir: Bizə Cəfər ibn Avn, o da Abdurrəhman ibn Ziyad əl-İfriqidən, o da Abdullah ibn Yəziddən, o da Abdullah ibn Amrdan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Qadınlarla gözəlliyə görə evlənməyin, bəzən gözəllik onları pis edir, onlarla varlığa görə də evlənməyin, bəzən varlıqdan hədlərini aşırlar. Onlarla dinlərinə görə evlənin. Burnu dəlikli qara dərili dindar bir kəniz daha xeyirlidir.” Əl-İfriqi zəif ravidir.

İki səhihdə Əbu Hureyrədən nəql olunan hədisdə öz təsdiqini tapmışdır ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qadınla 4 şeyə görə evlənilir: Malı, nəsil nəcabəti, gözəlliyi və dini üçün. Dindarını əldə et, uduzmazsan.” Müslim Cabirdən eynisini rəvayət etmişdi. Müslimin İbn Ömərdən olan rəvayətində isə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Dünya nemətlərdən ibarətdir, bunlardan ən xeyirlisi saleh qadındır.”

Müşrik kişilər iman gətirməyincə onlarla evləndirməyin” yəni, müşrik kişilərlə müsəlman qadınları evləndirməyin. Necə ki, Allah Təala buyurur: “Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar” (Mumtəhənə, 10).

Sonra Allah Təala buyurur: Əlbəttə, iman gətirmiş kölə, sizi heyran edən müşrik kişidən daha xeyirlidir“ yəni, mömin bir kişi həbəşi bir kölə olsa belə, yüksək səviyyədə olan bir müşrikdən xeyirlidir. “Onlar Oda çağırırlar” yəni, onlarla oturub durmaq onlara qarışmaq kişini dünyalığa və onun sevgisinə aparar və onun axirətdəki işini çətinləşdirər, bu isə acınacaqlı bir aqibətdir. “Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir” yəni, şəriəti ilə, əmr və qadağan etdikləri ilə. “O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.”