İmranın bu zövcəsi, Məryəmin anasıdır. O, Hannəh binti Faquzdu. Muhamməd ibn İshaq demişdir. O, hamilə qalmayan bir qadın idi. Bir gün bir quşun öz balasını yemlədiyini gördü və ürəyi uşaq istədi. İzzət və cəlal sahibi Allaha ona bir övlad verməsi üçün dua etdi. Allah da onun duasını qəbul etdi. Əri onunla yatdı, o da ondan hamilə qaldı. Hamilələyi açıq-aydın bilindiyi zaman onun azad bir qul olmasını niyaz etdi. Yəni, ibadətə bağlı və Beytul müqəddəsin xidmətinə verilmiş ixlaslı biri olmasını nəzir etdi. “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən” dedi. Yəni, duamı eşidən, niyyətimi bilənsən, dedi. Bətnindəkinin oğlan və ya qız olduğunu bilmirdi. “Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” — Allah onun nə doğduğunu daha yaxşı bilirdi”. ”doğduğunu” sözü birinci şəxsin təki formasında “vadatu” oxunmuşdur. Bu da qadının sözünün tamamıdır. “Vadaat” şəklində də Allahın sözü olaraq oxunmuşdur.
“Axı oğlan qız kimi deyildir” yəni qüvvətdə, ibadətə dözümlülükdə və Məscidul Əqsaya xidmətdə, deməkdir. “Mən onun adını Məryəm qoydum” Burada uşağın anadan olan günü ona ad qoyulmasının icazəli olması haqqında dəlil vardır. Necə ki, mətndən açıq-aydın başa düşülən də budur. Çünki o, bizdən əvvəlkilərin şəriətindən idi. Rəvayət edilmiş və təsdiqlənmişdi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) sünnəti də bu şəkildə sabit olmuşdur. Belə ki, o: ”Bu gecə bir oğlum oldu; ona atam İbrahimin adını verdim”, demişdir. Bunu Buxari ilə Müslim rəvayət etmişdirlər.
Bundan başqa həmin iki kitabda bu cür də rəvayət edilmişdir: “Ənəs ibn Malik yeni doğulmuş qardaşını Rəsulullaha (salləllahu aleyhi və səlləm) gətirdi. O da xurmanı ağzında əzib uşağın dodağına sürtdü və ona Abdullah adını qoydu.” Buxarinin Səhihində bir adam: “Ey Allahın Rəsulu, bu gecə bir oğlum oldu. Ona nə ad verim? dedi”, O da, “Uşağına Abdurrahman adını ver” – dedi.
Habelə, “Səhih” əsərində gəlmişdir: Əbu Useyd, ağzına xurma şirnisi sürtmək üçün oğlunu gətirdikdə, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) başqa bir işlə məşğul idi. Atasına onu evə aparmağı əmr etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) məclisdə onu xatırladıqda, ona Munzir adını qoydu.” Qatadənin Həsəndən, onun da Səmurə ibn Cündəbdən rəvayət etdiyinə görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Hər oğlan uşağı əqiqinin girovudur. Yeddinci gün əqiqi kəsilər, adı qoyular və başı qırxılar” hədisinə gəldikdə, onu İmam Əhməd ilə Sünən sahibləri rəvayət etmişdirlər. Tirmizi onun bu sözlərlə səhih olduğunu demişdir. “Qanı axıdılar” şəklində də rəvayət edilib və o, daha salamat və əzbəri daha qüvvətli bir rəvayətçinin nəqlidir. Allah çox bilir.
Eyni şəkildə, Zubeyr ibn Bəkkar da “Ən-Nəsəb” kitabında rəvayət etmişdir. Orada deyilir: Rəsulullah (salləllahu aleyhi və səlləm) oğlu İbrahimə yeddinci gün əqiq qurbanı kəsdi və ona İbrahim adını qoydu.” Bunun sənədi salamat deyil və “Səhih” əsərindəki hədisə ziddir. Əgər doğru olduğu fərz edilsəydi belə, yeddinci gündə adını bəyan etdiyi kimi yozulardı. Allah çox bilir.
Məryəmin anasının “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” sözü, onu və zürriyətini şeytanın şərrindən Allahın himayəsinə verdim, deməkdir. Zürriyəti də İsa əleyhissalamdır. Allah da onun duasını qəbul etdi. Necə ki, Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da İbn Museyyibdən, o da Əbu Hüreyrədən (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Hər doğulan uşağa doğulduğu zaman mütləq şeytan toxunar, o da onun toxunduğu üçün səs çıxardar. Ancaq Məryəm ilə oğlu bundan istisnadır.” Sonra Əbu Hüreyrə: “İstəsəniz “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” ayəsini oxuyun” – dedi. Buxari ilə Müslim də Abdurrəzzaqdan rəvayət etmişdir. Onu İbni Cərir də, Əhməd ibn Əl-Fərəcdən, o da Baqiyyədən, o da Zubeydidən, o da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Hüreyrədən o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət etmişdirlər. Qeysdən, o da Aməşdən, o da Əbu Salehdən, o da Əbu Hüreyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Doğulan hər uşağı şeytan mütləq bir və ya iki dəfə sıxar. Ancaq Məryəmin oğlu ilə Məryəm bura aid deyil.” Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” ayəsini oxudu. Bunu Əladan, o da atasından, o da Əbu Hüreyrədən rəvayət etmişdir. Müslim də onu ƏbutTahirdən, o da İbn Vəhbdən, o da Amr ibn Hərisdən, o da Əbu Yunusdan, o da Əbu Hureyrədən rəvayət etmişdir. Onu İbni Vəhb də, İbni Əbu Zibdən, o da Muşmailin azad edilmiş qulu Aclandan, o da Əbu Hureyrədən rəvayət etmişdir. Onu Muhamməd ibn İshaq da, Yəzid ibn Abdullah ibn Qusaytdən, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) hədisin əsli ilə rəvayət etmişdir. Onu bu şəkildə Zeyd ibn Sad da Cəfər ibn Rəbiədən, o da Abdurrahman ibn Hurmuz əl-Ərəcdən rəvayət edərək demişdir: Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Şeytan hər Adəm oğlu doğularkən onu yanından dürtmələyər, ancaq Məryəm oğlu İsa bundan xaricdir. Belə ki, onu da dürtmələməyə getdi, lakin pərdəni dürtmələdi.”