Allah təala mömin qullarını sələm alıb verməkdən və onu qat-qat yeməkdən çəkindirir. Onlar cahilliyə dövründə borcun vaxtı gələndə deyərdilər: Ya borcu qaytar yaxud faizin ödə. Ödəsə ödəyərdi. Ödəməsə, müddəti artırardı.Başqa biri məbləği artırardı. Hər il belə edərdilər. Çox vaxt az bir borc şişib çox böyüyərdi.
Allah təala dünyada və axirətdə xilas olmaq üçün qullarına təqvanı əmr etdi. Sonra da onları atəşlə qorxudub ondan çəkindirdi və buyurdu: “Kafirlər üçün hazırlanmış Oddan çəkinin.Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun”.
Sonra onları xeyir işlər etməyə və Allaha yaxınlaşdıran şeyləri əldə etmək üçün tələsməyə çağırdı və buyurdu:“Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin”. Yəni, necə ki, cəhənnəm kafirlər üçün hazırlanıbdı. Demişlər: “Genişliyi göylər və yer qədər” ifadəsi, onun uzunluğuna diqqət çəkmək üçündür. Məsələn, Cənnətin döşəkləri vəsf edilərkən “Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər” (Ər-Rahmən, 54) deyilmişdir.Yəni, indi düşün üzləri necədir. Onun eni ilə uzunluğu eynidir, çünki o ərşin altında qübbə halındadır. Qübbəli bir şeyin eni və uzunu eyni olur. Səhihdəki bu hədisdə onu göstərir: “Allahdan Cənnət istədiyiniz zaman Firdovsu istəyin, çünki o, Cənnətin ən yüksəyidir və ortasıdır. Cənnətinçayları oradan çıxır. Damı Rəhmanın Ərşidir.” Bu ayə Hədid surəsindəki ayə kimidir: “genişliyi göyün və yerin genişliyi qədər olan Cənnətə tələsin”.
İmam Əhməd Musnədində rəvayət etmişdir: İrakli Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yazmışdı: “Məni «müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə» dəvət edirsən. Hansının ki, eni yer və göylər qədərdir. Onda cəhənnəm haradadır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Subhən Allah gündüz gələn zaman gecə haradadır?” Bunu İbn Cərir də rəvayət etmiş və demişdir: Mənə Yunus danışdı, mənə İbn Vəhb xəbər verdi, mənə Muslim ibn Xalid xəbər verdi, o da Əbu Xuseymdən, o da Səid ibn Əbu Rəşiddən, o da Yalə ibn Murrədən, deyir ki, İraklinin Rəsulullaha (salləllahu aleyhi və səlləm) elçi olaraq göndərdiyi Tənnuhi ilə qoca olarkən Humusda görüşdüm. Artıq xarab olmuşdu, o belə dedi: İraklinin məktubunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) gətirdim, kağızı solundakı bir nəfərə uzatdı. Mən dedim: Oxuyacaq dostunuz varmı? Onlar Muaviyyəni dedilər. Kralın yazısı belə idi: məni eni göylərlə yer qədər olan və təqva sahibləri üçün hazırlanan Cənnətə dəvət edirsən. O zaman Cəhənnəm haradadır? Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Subhən Allah, gündüz gələn zaman gecə haradadır?”
Aməş, Sufyan Səvri və Şubə dedi: Qeys ibn Muslimdən, o da Tariq ibn Sihabdan nəql etdi ki, yəhudilərdən bir neçə nəfər Ömər ibn Xəttabdan “genişliyi göylər və yer qədər olan Cənnətdən” ayəsi haqqında soruşdular və: «Cəhənnəm haradadır?» – dedilər. Ömər dedi: «Deyin görüm, gündüz gəldiyi zaman gecə harada olur və gecə gəldiyi zaman gündüz harada olur?» Onlar dedilər: «Sanki Tövratdan söylədin.» Bunu İbn Cərir üç yoldan rəvayət etmişdir və sonra demişdir: Bizə Əhməd ibn Həzim danışdı, bizə Əbu Nuaym danışdı, bizə Cəfər ibn Burqan danışdı, bizə Yəzid ibn Asam xəbər verdi ki, Əhli kitabdan bir nəfər dedi: “genişliyi göylər və yer qədər olan Cənnətdən” deyirlər? Bu halda Cəhənnəm haradadır?” İbn Abbas (radiyallahu ənh) dedi: Gündüz gəldiyi zaman gecə harada olur və gecə gəldiyi zaman gündüz harada olur?
Bu mərfu olaraq da rəvayət edilmişdir. Bəzzar demişdir: Bizə Muhəmməd ibn Mamər danışdı, bizə Muğira ibn Sələmə əbu Hişam danışdı, bizə Abdulvahid ibn Ziyad danışdı, o da Ubeydullah ibn Abdullah ibn Asamdan, o da əmisi Yəzid ibn Asamdan, o da Əbu Hureyrədən onun belə dediyini söylədi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Mənə Allah təalanın “genişliyi göylər və yer qədər olan Cənnətdən” xəbər ver, Cəhənnəm haradadır? O da dedi: Gecə gəlib hər yeri əhatə etdiyi zaman gündüz haradadır? O da dedi: «Allahın istədiyi yerdə.» Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Cəhənnəm də elədir, izzət və cəlal sahibi Allahın istədiyi yerdədir.»
Bu iki məna daşıyır:
Birinci məna: Bizim gündüz gəldiyi zaman gecəni görə bilməməyimiz, biz bunu bilməsək belə, onun hər hansı bir məkanda olmaması demək deyil. Cəhənnəm də elədir. O, əziz və cəlil olan Allahın istədiyi yerdədir. Bu da Bəzzarın Əbu Hureyrədən rəvayət etdiyi hədisdəki açıq mənadır.
İkinci məna: Gündüz bu tərəfdən dünyanı əhatə etdiyi zaman gecə o birisi tərəfdə olur. Cənnət də göylərin üstündə olan ən uca qatlarda Ərşin altındadır. Genişliyi də əziz və cəlil olan Allahın dediyi kimi “göylə yerin genişliyi qədər olan” (Hədid, 21). Cəhənnəm də ən aşağıdadır. Cənnətin göylə yerin genişliyi qədər olması ilə cəhənnəmin var olması arasında ziddiyyət yoxdur. Allah ən doğrusunu biləndir.
Sonra Allah Cənnət əhlinin sifətini açıqlayır: “bolluq zamanı da, qıtlıq zamanı da xərcləyirlər”. Yəni çətinlikdə və asanlıqda, sevinc və kədərdə, sağlamlıq və xəstəlikdə, hər hallarda xərcləyərlər deməkdir. Necə ki, deyilmişdir: “onlar mallarını gecə və gündüz gizli və açıq Allah yolunda xərcləyər”(Bəqərə, 274). Məna belədir: Onları heç bir şey Allaha itaət etməkdən və mallarını Onun razı olacağı yerlərə xərcləməkdən, istər qohumları olsun istərsə də digərləri olsun, Onun məxluqatına çeşidli yaxşılıq etməkdən saxlamaz.
“qəzəblərini boğur və insanları bağışlayırlar” yəni, qəzəbləri coşduqda onu boğarlar. Yəni, gizlədərlər, tətbiq etməzlər. Bununla bərabər onlara pislik edənləri bağışlayarlar. Bir rəvayətdə belə deyilmişdir: Allah təalə buyurur: “Ey Adəm oğlu, qəzəbləndiyin zaman məni xatırla, mən də qəzəbləndiyim zaman səni xatırlayım və həlak etdiklərimlə səni də həlak etməyim.” Bunu İbn Əbu Hatim rəvayət etmişdir.
Əbu Yalə Musnədində rəvayət etmişdir: Bizə Əbu Musa əz-Zəmin danışdı, bizə İsa ibn Şuayb əd-Darir əbu Fadl danışdı, bizə Rəbi ibn Suleyman əl-Cizi danışdı, o da Əbu Amr ibn Ənəs ibn Malikdən, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim qəzəbini boğarsa, Allah da ondan əzabını uzaqlaşdırar. Kim dilini saxlasa, Allah da onun eybini örtər. Kim Allahdan üzr diləsə, Allah da onun üzrünü qəbul edər.” Bu hədis qəribdir. İsnadında etiraz yeri vardır.
İmam Əhməd demişdir: Bizə Əbdurrəhman danışdı, bizə Malik danışdı, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Güclü, başqalarına güləşməkdə qalib gələn deyil. Əsil güclü qəzəb anında qəzəbinə hakim olandır.” Bunu iki şeyx Malikin hədisindən rəvayət etmişlər.
İmam Əhməd demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da İbrahim Teymidən, o da Haris ibn Suveyddən, o da Abdullahdan o, İbn Məsuddur (radiyallahu ənh), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Hansınıza mirasçının malı öz malınızdan daha sevimlidir? Onlar dedilər: Ey Allahın Rəsulu içimizdən heç kim mirasçının malını öz malından daha çox sevməz. O da dedi: Bilin ki, içinizdən elə biri yoxdur ki, mirasçının malı ona öz malından daha sevimli olmasın. Sənin malın yalnız qarşından göndərdiyindir. Mirasçının da malı geridə buraxdığındır. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Siz kimi pəhləvan sayırsız? Biz dedik: İnsanların məğlub edə bilmədiyi kimsəni. O da dedi: Xeyr, əsil pəhləvan, qəzəb halında nəfsinə hakim olandır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: Siz kimi raqub sayırsız? Onlar da dedilər: Uşağı olmayanı. O dedi: Xeyr, əsl raqub özü yaşadığı halda övladı ölməyəndir. Buxari bu hədisin birinci hissəsini rəvayət etmişdir. Muslim də bu hədisin əslini Aməşin rəvayətindən təxric etmişdir.
Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı ki, Urvə ibn Abdullah əl-Cufidən eşitdim, o da Əbu Həsbədən və yaxud İbn Həsbədən, o da Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) xütbəsində olan bir adamdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Raqubun nə olduğunu bilirsiz?” Biz dedik: “Övladı olmayandı.” O dedi: “Tam raqub, övladı olan və övladının öldüyü üçün onu həyatda qabaqlaya bilməyəndir.” Sonra dedi: “Yoxsul nədir?” Onlar dedilər: “Malı olmayan.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Tam fəqir, ölərkən axirətə heç nə aparmayandı.” Sonra dedi: “Sizcə pəhləvan kimdir?” Onlar dedilər: “Hamını yerə yıxan, özü isə heç vaxt məğlub olmayandı.” O dedi: “Əsil pəhləvan qəzəblənib üzü qıp-qırmızı olub, dərisi ürpənən zaman qəzəbini boğandı.”
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə İbn Numeyr danışdı, bizə Hişam – o, İbn Urvədir – danışdı, o da atasından, o da Ahnəs ibn Qeysdən, o da Cariyə ibn Qudamə əs-Sədi adlı əmisindən nəql etdi ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Rəsulu mənə elə bir söz öyrət ki, mənə xeyir versin və anlamağım üçün rahat olsun.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Qəzəblənmə.” Bunu bir neçə dəfə təkrar etdi. O hər dəfə “qəzəblənmə” deyirdi.” Bunu eyni şəkildə Əbu Muaviyyədən, o da Hişamdan rəvayət etmişdir. Yenə onu Yəhya ibn Səid əl-Qəttandan, o da Hişamdan bu cür rəvayət etmişdir: “Bir adam dedi: Ey Allahın Rəsulu mənə bir söz söylə, amma yadda saxlamaq üçün qısa olsun. O da dedi: Qəzəblənmə.” Bunu yalnız Əhməd rəvayət etmişdir.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Humeyd ibn Abdurrəhmandan, o da Peyğəmbərin bir səhabəsindən dedi: “Bir nəfər dedi: “Ey Allahın Rəsulu, mənə vəsiyyət et.” O da: “Qəzəblənmə” – dedi. Adam dedi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu deyəndə düşündüm; çünki qəzəb bütün şəri içində toplayırdı.” Bunu da yalnız Əhməd rəvayət etmişdir.
Başqa bir hədis: Bizə Əbu Muaviyə danışdı, bizə Davud ibn əbu Hind danışdı, o da İbn əbu Hərb ibn əbu Əsvəddən, o da Əbu Əsvəddən, o da Əbu Zərdən dedi ki, o, hovuzun yanında bağçasını sulayırdı. Bir dəstə insan gəlib dedi: “Bərəkət ummaq üçün kim gedib Əbu Zərrin saç-saqqalından bir neçə tük gətirər?” Bir nəfər dedi: “Mən gedərəm” O, Əbu Zərrin bağçasının qapısını döydü. Əbu Zərr ayaq üstə idi. Sonra uzandı. Ondan soruşdular: “Ey Əbu Zərr niyə oturdun sonra isə uzandın?” O da cavab verdi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə demişdir: Biriniz qəzəbləndiyiniz zaman oturun. Qəzəbiniz keçib getsə nə yaxşı, əks halda uzansın.” Bunu Əbu Davud Əhməd ibn Hənbəldən eyni isnadla rəvayət etmişdir. Ancaq onun rəvayətində Əbu Hərbdən, o da Əbu Zərdən deyilmişdir. Doğrusu Abdullah ibn Əhmədin atasından rəvayət etdiyi kimidir: İbn əbu Hərbdən, o da atasından, o da Əbu Zərdən.
Başqa bir hədis, imam Əhməd demişdir: Bizə İbrahim ibn Xalid danışdı, bizə Əbu Vail əs-Sənani danışıb dedi: Biz, Urvə ibn Muhəmmədin yanında oturmuşduq, yanına bir adam gəldi ona nəsə dedi, onu qəzəbləndirdi. Qəzəbləndiyini görəndə ayağa qalxıb getdi. Sonra yanımıza qayıtdı. Dəstəmaz almışdı. O dedi: “Mənə atam danışdı, o da babam Atiyyə ibn Sad əs-Səididən, onun Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə söhbəti zamanı, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qəzəb şeytandandır, şeytan da oddan yaradılıb. Od isə yalnız su ilə söndürülür. Buna görə qəzəbləndiyiniz zaman dəstəmaz alın.” Bunu Əbu Davud da İbrahim ibn Xalid əs-Sənanidən, o da Əbu Vail əl-Qadi əl-Muradi əs-Sənanidən rəvayət etmişdir. Əbu Davud demişdir: Onun Abdullah ibn Buheyr olduğunu güman edirəm.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Abdullah ibn Yəzid danışdı, bizə Nuh ibn Cavanə əs-Suləmi danışdı, o da Muqatil ibn Həyyandan, o da Ətadan, o da İbn Abbasdan (radiyallahu ənh), Rəsulullahın belə dediyini rəvayət etmişdir: “Kim əli darda olan borcluya vədə verərsə və ya borcunu silərsə, Allah da onu cəhənnəmin düzündən qoruyar. Bilin ki, cənnət əməli çətin və dikdir, bunu üç dəfə təkrar etdi. Bilin ki, cəhənnəm əməli düz və rahatdır. Xoşbəxt fitnələrdən qorunandır. Allahın ən sevdiyi udum qulun qəzəbini udmasıdır. Bir qul Allah üçün qəzəbinə hakim olsa, Allah onun qəlbini imanla doldurar.” Bunu yalnız Əhməd rəvayət etmişdir. İsnadı yaxşıdır. Rəvayətçilərdən tənqid olunan yoxdur. Mətni də gözəldir.
Bu mənada başqa bir hədis: Əbu Davud demişdir: Bizə Uqbə ibn Mukrim danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Bişr ibn Mənsurdan, o da Muhəmməd ibn Əclandan, o da Suveyb ibn Vəhbdən, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən birinin övladından, o da atasından, Rəsulullahın belə dediyini rəvayət etmişdir: “Kim yerinə yetirməyə gücü çatdığı qədər qəzəbinə hakim olarsa, Allah onun qəlbini əminlik və imanla doldurar. Kim gücü çatdığı halda gözəl libas geyinməyi tərk edərsə – Bişr demişdir ki, düşünürəm bunu təvazökarlıqdan demişdir – Allah da ona hörmət libası geydirər. Kim Allah üçün evləndirsə, Allah ona mülk tacını geydirər.”
Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Abdullah ibn Yəzid danışdı, bizə Səid danışdı, mənə Əbu Mərhum danışdı, o da Səhl ibn Muaz ibn Ənəsdən, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim gücü çatdığı qədər qəzəbinə hakim olsa, Allah onu məxluqatın gözü önündə çağırar, onu istədiyi huriyə sahib olmaqda sərbəst buraxar.” Bunu Əbu Davud, Tirmizi və İbn Macə də Səid ibn əbu Əyyub hədisindən rəvayət etmişlər. Tirmizi, həsən qəribdir, demişdir.
Başqa bir hədisdə Abdurrəzzaq demişdir: Bizə Davud ibn Qeys xəbər verdi, o da Zeyd ibn Əsləmdən, o da Abdulcəlil adında Şamlı bir adamdan, o da əmisindən, o da Əbu Hureyrədən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) “qəzəblərini boğarlar” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Kim bacardığı qədər qəzəbinə hakim olarsa, Allah onun qəlbini əminlik və imanla doldurar.” Bunu İbn Cərir rəvayət etmişdir.
Başqa bir hədisdə İbn Mərduveyh demişdir: Bizə Əhməd ibn Muhəmməd ibn Ziyad danışdı, bizə Yəhya ibn Əbu Talib xəbər verdi, bizə Əli ibn Asim xəbər verdi, mənə Yunus ibn Ubeyd xəbər verdi, o da Həsəndən, o da İbn Ömərdən (radiyallahu ənh), Rəsulullahın salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahın üzünü istəyərək qulun qəzəbini udmasından üstün başqa bir udum yoxdur.” Bunu İbn Macə, Bişr ibn Ömərdən, o da Hammad ibn Sələmədən, o da Yunus ibn Ubeyddən belə rəvayət etmişdir.
“Qəzəblərini boğanlar” yəni, qəzəblərini insanlara tuşlamayn, onları öz şərlərinə qatmayan, bununla da Allah qatında savab umanlar deməkdir.
Sonra Allah təala “insanları bağışlayırlar” demişdir. Yəni, insanlara pislik etməməklə bərabər, onların özlərinə zülm edənləri içlərində bağışlayarlar, insanlara kin saxlamazlar. Bu da halların ən mükəmməlidir. Buna görə Allah demişdir “Allah yaxşı iş görənləri sevir”. Bu da ehsan məqamlarındandı.
Hədisdə deyilmişdir: “Üç şeyə görə and içirəm: Mal, sədəqə verməklə azalmaz, Allah əfvlə qulun şərəfini artırar, kim Allah üçün təvazökarlıq edirsə, Allah onu ucaldır.” Hakim Mustədrəkində Musa ibn Uqbədən rəvayət etmişdir, o da İshaq ibn Yəhya ibn Talha əl-Qureyşidən, o da Ubadə ibn Samitdən, o da Ubey ibn Kəbdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim binasının yüksəlməsini və dərəcəsinin artmasını istəyirsə, ona zülm edəni bağışlasın, onu məhrum edənə versin, onunla əlaqəsini kəsənlə əlaqə saxlasın.” Sonra Hakim dedi: İki şeyxin şərtinə uyğundur, təxric etməmişlər. Bunu İbn Mərduveyh Əlidən, Kəb ibn Ucrədən, Əbu Hureyrədən və Ummu Sələmədən bənzər şəkildə rəvayət etmişdir. Dəhhak da, İbn Abbasın (radiyallahu ənh) yolu ilə rəvayət etmişdir ki, orada Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü bir carçı belə səslənər: “İnsanları bağışlayanlar haradadır. Rəbbinizə tərəf gəlin mükafatlarınızı alın. Bağışlayan bir müsəlmanın haqqıdır ki, Cənnətə girsin.”
“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər” yəni, onlar bir günah etdikdə həmən tövbə və istiğfar diləyərlər.
İmam Əhməd demişdir: Bizə Yəzid danışdı, bizə Həmmam ibn Yəhya danışdı, o da İshaq ibn Abdullah ibn Əbu Talhadan, o da Abdurrəhman ibn əbu Əmrədən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir adam bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – deyər. Əziz və cəlil olan Allah buyurar: “Qulum bir günah etdi, günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım. Sonra o qul başqa bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Uca Allah buyurdu: “Qulum günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım.” Sonra o qul başqa bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Uca Allah buyurdu: “Qulum günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım.” Sonra o qul daha bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Əziz və cəlil olan Allah dedi: “Qulum günahı bağışlayan və onu bu günaha görə sorğu sual edən bir Rəbbinin olduğunu bildi. Sizi şahid tuturam ki, Mən qulumu bağışladım. Artıq nə istəyirsə etsin.” Bunu Səhihdə İshaq ibn Əbu Talha hədisindən bənzər şəkildə təxric etmişdir.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Əbunnadr ilə Əbu Amr danışıb dedilər: Bizə Zuheyr danışdı, bizə Sad ət-Tai danışdı, bizə möminlərin anasının mövlası Əbu Mudillə danışdı ki, o, Əbu Hureyrədən belə eşitmişdir: Biz dedik: “Ey Allahın Rəsulu səninlə olduğumuz zaman qəlblərimiz yumşalır, özümüzü axirət əhlindən hiss edirik. Səndən ayrılan kimi dünya bizə xoş gəlir, qadınları və uşaqları oxşayırıq.” O da dedi: “Hər zaman mənim yanımdakı kimi olsanız, mələklər sizinlə əl ilə görüşər və sizi evlərinizdə ziyarət edərlər. Əgər günah etməsəniz Allah sizi götürüb yerinizə bağışlamaq üçün günah edəcək bir qövm gətirər.” Biz də dedik: “Ey Allahın Rəsulu bizə cənnət haqqında danış. Evləri necədir?” O dedi: “Bir kərpici qızıldan biri gümüşdəndir. Suvağı kəskin qoxulu müşkdür. Çınqılı inci və yaqutdur. Torpağı zəfərandır. Ora girən rahat olar, bir daha çətinlik görməz. Əbədi yaşayar, ölməz. Libası köhnəlməz, gəncliyi əldən getməz. Bu üç nəfərin duası geri qayıtmaz: Ədalətli dövlət başçısının, iftara qədər oruclunun və buludların üstündə daşınan və göyün qapılarını açan məzlumun bəd duası. Allah buyurur: Gücümə and olsun ki, bir müddət sonra olsa da, sənə kömək edəcəm.” Bunu Tirmizi ilə İbn Macə də Sad hədisindən başqa cür rəvayət etmişlər.
Tövbə edərkən dəstəmaz alıb iki rükət namaz qılmaq təkid edilən sünnələrdəndi. Çünki imam Əhməd ibn Hənbəl demişdir: Bizə Vəki danışdı, bizə Misar ilə Sufyan Səvri danışdı, onlar da Osman ibn Muğira əs-Səqafidən, o da Əli ibn Rabiadan, o da Əsma ibn Həkəm əl-Fəzaridən, o da Əlidən (radiyallahu ənh) dedi: “Mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis eşidəndə, Allah məni ondan dilədiyi şəkildə faydalandırardı. Mənə ondan başqa biri hədis danışardısa, ona and içdirərdim, and içdiyi zaman onu təsdiq edərdim. Əbubəkr (radiyallahu ənh) mənə bir hədis danışdı. Əbubəkr doğru dedi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Bir adam günah edib sonra gözəl şəkildə dəstəmaz alıb – Misar dedi: “namaz qılar”, Sufyan isə: “iki rükət namaz qılar” dedi – Allahdan bağışlanma istəsə, Allah onu bağışlayar.” Bunu Əli ibn Mədini, Humeydi, Əbubəkr ibn Əbu Şeybə, Sünən sahibləri, İbn Hibban Səhihində, Bəzzar və Dərəqutni, Osman ibn Muğira yolundan rəvayət etmişlər. Tirmizi: “Həsən hədisdir” – demişdir. Biz də Əbu Bəkr əs-Siddiqin(radiyallahu ənh) Musnədində onun yollarını göstərdik və barəsində ətraflı danışdıq. Bir sözlə o, “həsən” hədisdir. O, möminlərin əmiri Əli ibn Əbu Talibdən, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəlifəsi Əbubəkr əs-Siddiqdən (radiyallahu ənhum) rəvayət edilmişdi. Bu hədisin səhihliyinə Muslimin səhihində Ömər ibn Xəttabdan (radiyallahu ənh) rəvayət edilən bu hədis də şahidlik edir; Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “İçinizdən kim gözəl dəstəmaz alarsa və sonra, Əşhədu əllə iləhə illəllahu, vahdəhu lə şərikələh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluhu, deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyindən içəri girər.
İki Səhihdə möminlərin əmiri Osman ibn Əfvandan (radiyallahu ənh) bu cür rəvayət edilmişdi: O, Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi dəstəmaz aldı, sonra dedi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim mənim bu dəstəmazım kimi dəstəmaz alsa, sonra da vəsvəsə olmadan iki rükət namaz qılsa, günahları bağışlanar.”
Beləcə bu hədis dörd Rəşidi Xəlifədən gəlmiş və bütün insanların seyyidi və aləmlərin Rəbbinin elçisindən rəvayət edildiyi sabit olmuşdur. Necə ki, açıq-aydın mənaları olan Quranda günahdan istiğfar etməyin asilərə fayda verməsi barədə dəlillər vardır.
Abdurrəzzaq demişdir: Bizə Cəfər ibn Suleyman xəbər verdi, o da Sabitdən, o da Ənəs ibn Məlikin (radiyallahu ənh) bu cür dediyini rəvayət etmişdir: Mənə çatdığına görə “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər” ayəsi nazil olanda İblis ağlamışdır.
- Hafiz Əbu Yalə demişdir: Bizə Mahrəz ibn Avn danışdı, bizə Osman ibn Matar danışdı, bizə Abdulğafur danışdı, o da Əbu Nusayradan, o da Əbu Rəcadan, o da Əbubəkrdən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Lə iləhə illəllah və istiğfara davam edin. Bunları çox söyləyin, çünki İblis dedi: Mən insanları günahlarla həlak etdim, onlar da məni lə iləhə illəllah ilə və istiğfarla həlak etdilər. Bunu görəndə onları nəfslərinə uymaqla həlak etdim, onlar da doğru yolda olduqlarına inanırlar.” Osman ibn Matar ilə şeyxi zəifdirlər.
İmam Əhməd Musnədində Amr ibn əbu Amr və Əbulheysəm əl-Ətvaridən, o da Əbu Səiddən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: İblis dedi: Ey Rəbbim, qullarının ruhları bədənlərində olduğu müddətcə onları azdırmağa davam edəcəm. Allah da buyurdu: İzzət və Cəlalıma and olsun ki, onlar istiğfar diləyənə qədər onları bağışlayacam.
Hafiz Əbubəkr əl-Bəzzar demişdir: Bizə Muhəmməd ibn əl-Musənna danışdı, bizə Ömər ibn əbu Xəlifə danışdı ki, Əbu Bədrdən eşitdim, o da Sabitdən, o da Ənəsin belə dediyini rəvayət etmişdir: “Bir adam gəlib dedi: Ey Allahın Rəsulu, bir günah etmişəm. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Günah etdiyin zaman Rəbbindən bağışlanma dilə. Adam dedi: Mən bağışlanma diləyib sonra günahıma dönürəm. O da dedi: Sən günaha döndüyün zaman Rəbbinə dön bağışlanma dilə. Dördüncüdə dedi: Rəbbindən bağışlanma dilə ki, üzülən şeytan olsun.” Bu yöndən qərib hədisdir.
“günahları Allahdan başqa kim bağışlaya bilər?” yəni, Ondan başqa heç kim bağışlamaz. Necə ki imam Əhməd demişdir: Bizə Muhamməd ibn Musab danışdı, bizə Səlləm ibn Miskin və Mübarək danışdı, onlar da Həsəndən, o da Əsvad ibn Səridən nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzuruna bir əsir gətirdilər. O dedi: “Allahım mən Muhammədə yox, Sənə tövbə edirəm.” Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Haqqın əhlinə aidliyini bildi.”
“Onlar bilərək etdiklərinə görə israr etməzlər” yəni, günahlardan tövbə edərlər, tez bir zamanda Allaha dönərlər. Günahın üzərində davam etməzlər, peşmançılıq çəkərək onun üzərində israr etməzlər. Əgər təkrar günah etsələr tövbə edərlər. Necə ki, hafiz Əbu Yalə əl-Mövsili (rahiməhullah) Musnədində demişdir: Bizə İshaq ibn əbu İsrail və digərləri danışıb dedilər: Bizə Əbu Yəhya Abdulhamid əl-Himmani danışdı, o da Osman ibn Vaqiddən, o da Əbu Nuseyradan, o da Əbubəkrin mövlasından, o da Əbubəkrdən (radiyallahu ənh) Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bağışlanma diləyən gündə yetmiş dəfə dönsə belə, israr etmiş olmaz.” Bunu Əbu Davud, Tirmizi, Bəzzar da Müsnədində Osman ibn Vaqidin hədisindən rəvayət etmişdir. Onu Yəhya ibn Məin də etibarlı hesab etmişdir. Şeyxi Əbu Nuseyra əl-Vasitinin adı Muslim ibn Ubeyddir. Onu imam Əhməd ilə İbn Hibban etibarlı hesab etmişlər. Əli ibn Mədininin və Tirmizinin: “Bu hədisin sənədi yaxşı deyil” deməsi, elə başa düşülür ki, Əbubəkrin mövlasının adı bəlli olmadığı üçün deyilmişdir. Amma onun kimilərin bəlli olmaması zərər deyil. Çünki o böyük bir təbiindir. Onun Əbubəkr əs-siddiqə nisbət etdirilməsi kifayətdi. O, həsən hədisdir. Allah ən doğrusunu biləndir.
“Onlar bilərək” Mucahid ilə Abdullah ibn Ubeyd ibn Umeyr demişlər: Yəni, kim tövbə edərsə, Allahın onun tövbəsini qəbul etdiyini bilirlər. Buna bənzər bəzi ayələr vardır: “Bilmirlər ki, Allah qullarının tövbəsini qəbul edər?” (Tövbə, 104). “Kim bir pislik edib və ya nəfsinə zülm edərsə, sonra da Allaha istiğfar edərsə, Allahın çox bağışlayan və çox mərhəmət edən olduğunu görər”. (Nisə, 110). Buna bənzər ayələr çoxdur.
İmam Əhməd demişdir: Bizə Yəzid danışdı, bizə Cərir xəbər verdi, bizə Hibban ibn Zeyd əş-Şərəbi danışdı, o da Abdullah ibn Amrdan, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) minbərdən belə dediyini rəvayət etmişdir: “Rəhm edin ki, rəhm ediləsiniz, bağışlayın ki, bağışlanasınız. Söz hünülərinə vay olsun. Bilərəkdən etdiklərinə israr edənlərə vay olsun.” Bunu yalnız Əhməd rəvayət etmişdir.
Sonra Allah təala onları bu sifətlərlə vəsf etdikdən sonra buyurdu: “Onların mükafatı Rəbblərindəndir” yəni bu sifətlərinə qarşılıq olaraq mükafatları “Bağışlanma və altından çaylar axan Cənnət bağlarıdır” çeşidli içkilər çaylarıdı “Orada əbədi qalacaqlar” yəni orada məskunlaşacaqlar. “Əməl sahiblərinin mükafatı necə də gözəldir!” Allah təala Cənnəti tərifləyir.