Əksik ölçüb çəkənlərin vay halına!

Nəsai və İbn Macə deyirlər: Muhəmməd ibn Aqil (İbn Macə əlavə olaraq Əbdürrəhman ibn Bişrin adını qeyd edir.) Əli bin Hüseyn ibn Vaqid vasitəsilə İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman mədinəlilər ölçüdə və çəkidə insanların ən pisi idilər. Ona görə də Allah təala “Əksik ölçüb çəkənlərin vay halına!” ayəsini nazil etdi ki, bundan sonra ölçü və çəkilərini düzəltsinlər”. İbn Əbu Hatim deyir: Cəfər ibn Nadr ibn Həmmad Abdullah ibn Harisdən Hilal ibn Talaqın belə dediyini nəql etmişdir: “Mən Abdullahh ibn Ömərlə birgə gedərkən ondan soruşdum: “Görünüş etibarilə insanların ən gözəli və ölçüdə ən doğrusu məkkəlilərdir, yoxsa mədinəlilər?” Abdullah ibn Ömər dedi: “Onların (məkkəliləri nəzərdə tuturdu) haqqı çatar”. Mən Allah təalanın bu ayəsini eşitmişəm: “Əksik ölçüb çəkənlərin vay halına!” İbn Cərir Təbəri deyir: Əbu Saib İbn Fudeyl vasitəsilə Abdullahdan belə nəql edir ki, bir nəfər ona “Ey Əbdürrəhmanın atası, mədinəlilər ölçüdə düşgündürlər” – dedi. Bu zaman Abdullah ona bu sözlərlə qarşılıq verdi: “Ölçüdə niyə düz olmasınlar ki? Axı Allah təala buyurmuşdur: “Əksik ölçüb çəkənlərin vay halına! O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar; Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər. Onlar yenidən dirildiləcəklərini heç düşünmürlərmi?! Özü də böyük bir gün üçün?! O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar”. Göründüyü kimi, burada söhbət ölçüdə və tərəzidə ölçüb çəkənlərdən və fırıldaq gələnlərdən gedir. Belə insanlar malı başqalarından alarkən artıqlaması ilə ölçüb alar, satdıqda isə əksikliklə satarlar. Ona görə də Allah təala ölçüdə və çəkidə aldadanların rüsvayçılığını, həlakını və fəlakətini vəd edərək buyurur: “Əksik ölçüb çəkənlərin vay halına!” Daha sonra Allah təala onların etdikləri bu iyrənc əməli açığa çıxardaraq buyurur ki, “O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar” Yəni insanlardan artıqlaması ilə alar, “Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər”, azaldarlar.

Allah təala ölçüdə və çəkidə doğruluğa riayət etməyi əmr etmiş və bir çox ayələrdə bu haqda buyurmuşdur: “Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!” (əl-İsra, 35) əl-Ənam surəsində Allah təala buyurur ki, “Ölçüdə və çəkidə düz olun! Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik” (əl-Ənam, 152) Başqa bir ayədə uca Allah buyurur: “Tərəzini düz tutun, çəkini əskiltməyin!” (ər-Rəhman, 9) Allah təala Şueybin (əleyhissəlam) qövmünü ölçüdə və çəkidə fırıldaq gəldikləri üçün həlaka uğratmış və yerə batırmışdır. Daha sonra Allah təala insanları xəbərdarlıq edərək buyurur: “Onlar böyük bir gün üçün yenidən dirildiləcəklərini heç düşünmürlərmi?!” Yəni onlar gizlində və aşkarda olan hər şeyi bilən Allahın hüzurunda çox dəhşətli bir gündə, çətin bir vaxtda və çətin vəziyyətdə dikilib duracaqlarından heç qorxmurlarmı? Axı həmin gün orada xüsrana uğrayan Cəhənnəm atəşinə daxil olacaqdır! Daha sonra Allah təala buyurur: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar”. Həmin gün insanlar ayaqyalın və çılpaq dayanacaqlar. İnsanların halları çox çətin, sıxıntılı və gərgin olacaq. Günahkar vəziyyəti ağırlaşacaq. Allahın hökmü hisləri və gücləri  yox edərək onları bürüyəcəkdir.

İmam Malik Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar. Hər kəs qulaqlarına kimi tərə batacaq”. Buxari, Malik və Abdullah ibn Avn vasitəsilə bu hədisi Nafidən nəql etmişdir. Hədisi Muslim də iki yolla rəvayət edib. Həmçinin, Eyyub ibn Yəhya, Saleh ibn Keysan, Ömərin oğulları olan Abdullah və Ubeydullah və Muhəmməd ibn İshaq Nafidən, o da İbn Ömərdən rəvayət etmişlər.

İmam Əhməd isə deyir: Bizə Yezid Abdullah ibn Ömərdən nəql etdi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda, izzət və cəlal sahibi Rəhmanın əzəməti qarşısında dayanacaqlar. Dəhşətli gün olan Qiyamət günü tər insanların qulaqlarının kənarına kimi axacaqdır”.

İmam Əhməd demişdir: İbrahim ibn İshaq, Əbdürrəhman ibn Yezid ibn Cabir vasitəsilə Miqdad ibn əl-Əsvad əl-Kindidən nəql etdi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Qiyamət günü günəş qullara yaxınlaşar və bir-iki mil məsafəyə kimi gələr. Günəş onları əridər və hər kəs əməllərinə görə tərə batar. Bəziləri topuqlarına, bəziləri, dizlərinə, bəziləri çiyinlərinə qədər tərə batar, bəziləri də bütünlüklə tərə qərq olarlar”. Bu hədisi Muslim Həkəm ibn Musanın vasitəsilə Yəhya ibn Həmzədən nəql etmişdir. Tirmizi isə Suveyd vasitəsilə İbn Mubarəkdən nəql etmişdir. Həm Muslimin, həm Tirmizinin isnadlarında İbn Cabirin adı da qeyd olunur.

İmam Əhməd demişdir: Həsən ibn Suvar, Əbu Əbdürrəhman vasitəsilə Əbu Uməmədən nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qiyamət günü günəş bir mil məsafəyə yaxınlaşar və hərarəti fılan qədər artar. Onun istisindən qazanlar qaynadığı kimi heyvanlar qaynayıb yanar. İnsanlar da etdikləri xətalar qədər tərə batarlar. Bəziləri topuqlarına, bəziləri baldırlarına, bəziləri də bellərinə qədər tərə batar, elələri də olacaq ki, tamamilə tərə qərq olacaqlar”. Əhməd ibn Hənbəl hədisi “mufrad” olaraq qeyd etmişdir.

Digər bir hədisdə İmam Əhməd demişdir: Bizə Həsən, İbn Luheyə vasitəsilə Əbu Uşanə Huyey ibn Yumindən nəql etdi ki, Uqbə ibn Amir Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Günəş Yerə yaxınlaşar və insanlar tərə batarlar. Bəziləri topuqlarına, bəziləri baldırlarının yarısına, bəziləri də dizlərinə qədər tərə batarlar. Elə kəslər olacaq ki, uyluqlarına qədər tərə batacaq, bəziləri də böyürəklərinə qədər tər içərisində olacaq. Elə kimsələrdə olacaq ki, tər ağzının ortasına qədər gələcək və əli ilə ağzını örtəcək. – Rəvayətçi deyir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əli ilə bu cür göstərdiyini gördüm – Bəziləri də olacaq ki, bütünlüklə tərə batacaqlar”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) göstərmək üçün əli ilə vurmuşdu”. Hədisi Əhməd mufrad olaraq qeyd etmişdir. Başqa bir hədisdə onların yetmiş il tər içərəsində qalıb danışmayacaqları bildirilir. Bunun üç yüz il və yaxud qırx min il olduğunu da söyləmişlər. Həmçinin, deyilənə görə, on min il müddətində onların arasında hökm veriləcəkdir. Belə ki, Muslimin səhihində Əbu Hureyrədən mərfu olaraq rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Müddəti əlli min il olan bir gündə…” deyə buyurmuşdur.

İbn əbu Hatim deyir: Atam, Əbu Avn Ziyadi vasitəsilə Əbu Hureyrədən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bəşir əl-Qifariyə belə buyurdu: “İnsanların dünya günlərindən üç yüz il aləmlərin Rəbbinin hüzurunda dayanacaqları Qiyamət günündə nə edəcəksən? Bu müddət ərzində nə səmadan onlara bir xəbər gələcək, nə də haqlarında bir hökm veriləcək”. Bəşir dedi: “Mən Allaha sığınıram”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Elə isə yatağına girdiyin vaxt Qiyamət gününün sıxıntısından və pis sorğu-sualından Allaha sığın!” Bu hədisi İbn Cərir Əbdüssəlam vasitəsilə rəvayət etmişdir. Əbu Davudun Sünən əsərində rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qiyamət günündəki gərgin duruşdan Allaha sığınardı. İbn Məsudun belə dediyi rəvayət olunur: “Qırx il başları göyə tərəf dikəlmiş vəziyyətdə dayanacaqlar və onlarla heç kim danışmayacaq. Yaxşıları da, pisləri də tərə batacaqlar”. Abdullah ibn Ömər də onların yüz il ayaq üstə duracaqlarını söyləmişdir. Hər iki rəvayət İbn Cərir Təbəri nəql etmişdir. Əbu Davud, Nəsai və İbn Macənin “Sünən” əsərlərində Zeyd ibn Hubbabın, Muaviyə ibn Saleh vasitəsilə Aişədən nəql etdikləri hədisdə bildirilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə namazına açılış üçün on dəfə təkbir (Allahu əkbər), on dəfə təhmid (əl-həmdulilləh), on dəfə təsbih (sübhənallah) gətirərək, on dəfə də istiğfar (əstəğfirullah) edərək başlayardı. Daha sonra isə: “Allahım, məni bağışla, məni doğru yolda et, mənə ruzi ver və mənə sağlıq bəxş et!” – deyərək Qiyamət günündəki ayaq üstə dayanmağın gərginliyindən Allaha sığınardı.