Allah Subhanə və Təalə buyurur: Allah tövbəni yalnız, pisliyi cahillik üzündən edib, sonra tövbə edəndən qəbul edir. İstər mələk onu, ruhunu almazdan öncə müşahidə etsin. Yetər ki, xırıldayıb can vermədən əvvəl olsun. Mucahid və bir çoxları demişlər: Bilmədən yaxud qəsdən Allaha asilik edən hər kəs, o günahı tərk etməyənə qədər cahildir.
Qatadədən o da Əbu Aliyədən: O danışırdı ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri belə deyirdilər: «Qulun hər etdiyi günah cəhalətdir.» Bunu İbn Cərir rəvayət etmişdir.
Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Qatadən, o demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri toplanıb bu görüşü bəyan etdilər: Allaha asilik edilən hər bir şey, istər qəsdən olsun yaxud başqa bir şəkildə, hamısı cəhalətdir.
İbn Cureyc demişdir: Mənə Abdullah ibn Kəsir xəbər verdi, o da Mucahiddən, o deyir: «Allaha asilik edən hər kəs, o asiliyi edən anda cahildir.» İbn Cureyc demişdir: Mənə Əta ibn Rəbah da eynisini söylədi.
Əbu Salih də, İbn Abbasdan demişdir: Cəhalətindən dolayı pislik etdi.
Əli ibn Əbu Talha da, İbn Abbasın “tezliklə tövbə edirlər” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Bu ölüm mələyini görənə qədər keçərlidir.»
Dəhhak dedi: Ölümdən bərisi yaxındır.
Qatadə ilə Suddi: «Sağlam olduğu vaxtda» – demişlər. Bu, İbn Abbasdan da rəvayət edilmişdir.
Həsən Bəsri “tezliklə tövbə edirlər” ayəsi barəsində demişdir: Can vermədən öncə.
İkrimə demişdir: Dünyanın hamısı yaxındır.
Bu xüsusda varid olan hədislər: İmam Əhməd demişdir: Bizə Əli ibn Əyyaş ilə İsam ibn Xalid danışdılar, ikisi də, bizə İbn Səvban danışdı, dedilər, o da atasından, o da Məkhuldan, o da Cubeyr ibn Nufeyrdən, o da İbn Ömərdən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: «Qul xırıldayıb canını verən hala gəlməyibcə, Allah onun tövbəsini qəbul edər.» Bunu Tirmizi ilə İbn Macə Abdurrəhman ibn Sabit ibn Səvbandan bu cür rəvayət etmişlər. Tirmizi: «Həsən, qəribdir» – demişdir. İbn Macənin Sunənində, Abdullah ibn Amr şəklində deyilmişdir ki, bu da şübhəlidir. Doğrusu Abdullah ibn Ömər ibn Xəttabdır.
İbn Ömərdən rəvayət edilən başqa bir hədisdə İbn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Mamər danışdı, bizə Abdullah ibn Huseyn əl-Xorasani danışdı, bizə Yəhya ibn Abdullah əl-Babəlti danışdı, bizə Əyyub ibn Nəhik əl-Hələbi danışıb dedi: Əta ibn əbu Rəbahdan eşitdim ki, o dedi: Abdullah ibn Ömərdən eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir qul ölümündən bir ay əvvəl tövbə edərsə, Allah ondan qəbul edər. Bundan daha yaxını da qəbul edər. Ölümündən bir gün və bir saat əvvəl də tövbə edərsə, Allah onun tövbə və ixlasını bilərək qəbul edər.”
Başqa bir hədisdə Əbu Davud ət-Təyalisi demişdir: Bizə Şubə danışdı, bizə İbrahim ibn Məymun xəbər verdi, mənə Məlhan qəbiləsindən Əyyub adında bir adam xəbər verdi və dedi: Abdullah ibn Ömərin belə dediyini eşitdim: Kim ölümündən bir il əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir ay əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir cümə əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir saat əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar.” Mən dedim: Allah sadəcə buyurur: “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar cahillikləri üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər”. O da dedi: “Mən sənə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyimi deyirəm.” Bunu Əbu Davud ət-Təyalisi, Əbu Ömər əl-Həvzi və Əbu Amir əl-Əqdi, Şubədən rəvayət etmişlər.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Hüseyn ibn Muhəmməd danışdı, bizə Muhəmməd ibn Muttarif danışdı, o da Zeyd ibn Əsləmdən, o da Abdurrəhman ibn Beyləmanidən, o dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən dördü toplandı. Onlardan biri dedi: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən bir gün əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. O birisi dedi: “Sən bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdin?” O da: “Bəli” – dedi. O da dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən yarım gün əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. Üçüncü dedi: “Sən Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdin?” O da: Bəli, dedi. O dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən bir səhər əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. Dördüncü dedi: “Sən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdin?” O da: Bəli, dedi. O dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun canını vermədən əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim.” Bunu Səid ibn Mənsur da, Dəravardidən, o da Zeyd ibn Əsləmdən, o da Abdurrəhman ibn Beyləmanidən rəvayət etmiş və buna yaxın ifadələrdən istifadə etmişdir.
Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə İshaq ibn İbrahim ibn Zeyd danışdı, bizə İmran ibn Abdurrahim danışdı, bizə Osman ibn əl-Heysəm danışdı, bizə Avf danışdı, o da Muhəmməd ibn Sirindən, o da Əbu Hureyrədən dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) buyurdu: “Şübhəsiz ki, Allah qulun canını vermədən əvvəl etdiyi tövbəni qəbul edər.”
Bu xüsusda rəvayət edilən mürsəl hədislər: İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Bəşşər danışdı, bizə İbn əbu Adiy danışdı, o da Avfdan, o da Həsəndən, o deyir: Mənə çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allah qulun canını verməmişdən öncə etdiyi tövbəsini qəbul edər.” Bu, Həsən Bəsridən (rahiməhullah) gələn həsən bir mürsəl hədisdir.
Yenə İbn Cərir (rahiməhullah) demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Muaz ibn Hişam danışdı, bizə atam danışdı, o da Qatadədən, o da Alə ibn Ziyaddan, o da Əbu Əyyub Bəşir ibn Kəbdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah qulun tövbəsini xırıldayaraq can vermədən əvvəl qəbul edər.”
Bizə İbn Bəşşar danışdı, bizə Abdul-Alə danışdı, o da Səiddən, o da Qatadədən, o da Ubadə ibn Samitdən dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir… Eynisini danışdı.
Başqa bir rəvayətdə İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Əbu Davud danışdı, bizə İmran danışdı, o da Qatadədən, o demişdir: Biz, Ənəs ibn Məlikin yanında idik. Əbu Qilabə də orada idi. Əbu Qilabə bir hədis danışıb dedi: Allah İblisə lənət edəndə, o Allahdan möhlət istədi və dedi: “İzzət və Cəlalına and olsun ki, nə qədər ki, Adəm oğlunun ruhu bədənindədir, onun qəlbindən çıxmaram.” Əziz və Cəlil olan Allah dedi: “Mən də İzzət və Cəlalıma and içirəm ki, nə qədər ki, içində ruhu var, onun tövbəsinə mane olmaram.”
Bu mənada mərfu bir hədis varid olmuşdur. İmam Əhməd Musnədində demişdir: Amr ibn əbi Amr ilə Əbu Heysəm əl-Utvaridən rəvayət edilmişdi, ikisi də Əbu Səiddən rəvayət etmişlər, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu demişdir: İblis dedi: Ey Rəbbim, İzzət və Cəlalına and olsun ki, bədənlərində ruhları olana qədər onları azdırmağa davam edəcəyəm. Əziz və Cəlil olan Allah buyurdu: Mən də İzzət və Cəlalıma and içirəm ki, onlar məndən bağışlanma diləyənə qədər onları bağışlamaqda davam edəcəyəm.
Bu hədislər onu göstərir ki, kim yaşamaq ümidi olduğu müddətdə tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Buna görə demişdir: “Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. Amma həyatdan ümidi kəsilib ölüm mələyini görsə, can boğaza gələr, köksü daralar və nəfəsi qırtlaq qapağında tıxanarsa, o zaman edilən tövbə qəbul deyildir. O zaman ediləcək bir şey yoxdur. Buna görə Allah təala buyurur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də”. Bu ayələr də belədir: “Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik.” (Ənam, 158). “Kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir” yəni kafir də küfr üzərində ölərsə nə peşmanlıq nə tövbə ona fayda verməz. Yer dolusu fidyə versə belə ondan qəbul olunmaz. İbn Abbas, Əbu Aliyə və Rəbi ibn Ənəs “kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir” ayəsi bərəsində demişlər: Şirk əhli haqqında nazil edilib.
İmam Əhməd demişdir: Bizə Suleyman ibn Davud danışdı, bizə Abdurrəhman ibn Sabit ibn Səvban danışdı, mənə atam danışdı, o da Məkhuldan: Ömər ibn Nuaym ona Usamə ibn Salmandan danışdı ki, Əbu Zərr onlara belə danışdı: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Allah, pərdə enmədən, qulunun tövbəsini qəbul edər yaxud onu bağışlayar.” Onlar: “Pərdənin enməsi nədir?” – dedilər. O dedi: “Canın şərik qoşaraq çıxmasıdır.” Buna görə Allah buyurur: “Onun üçün alçaldıcı bir əzab vardır”. Yəni, canı yandıran, şiddətli və davamlı deməkdir.