Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”.