“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!

Səid ibn Cubeyr, İbn Abbasdan nəql edərək demişdir: Allah təalanın “Kim Allaha gözəl bir borc versə, Allah onu dəfələrlə artırar” (Bəqərə, 245) ayəsi nazil olanda yəhudilər dedilər: “Ey Muhəmməd, Rəbbin kasıbladı ki, qullarlından borc istəyir?” Allah da bu ayəni nazil etdi: “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi”. Bunu İbn Mərduveyh ilə İbn Əbu Hatim rəvayət etmişlər.

Muhəmməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn əbu Muhəmməd danışdı, o da İkrimədən, o da İbn Abbasdan (radiyallahu ənh), o deyir ki, Əbubəkr əs-Siddiq (radiyallahu ənh) yəhudilərin tədris evi Beytəl-midrasa daxil oldu. Orada çoxlu yəhudi var idi. Aralarında alim və ravvin kimi tanınan Finhas adında birisinin başına yığışmışdılar. Yanında Əşyaə deyilən bir ravvin də var idi. Əbubəkr dedi: “Ey Finhas, sənə yazığım gəlir, Allahdan qorx və müsəlman ol. Allaha and içirəm ki, Muhəmmədin Allahın Rəsulu və Onun qatından gətirdiyi şeylərin haqq olduğunu bilirsən. Onu yanınızdakı Tövrat və İncildə görürsünüz.” Finhas dedi: “Ey Əbubəkr, vallahi, bizim Allaha ehtiyacımız yoxdur. Onun bizə yalvardığı qədər biz ona yalvarmarıq. Biz ondan daha zənginik. Əgər o bizdən zəngin olsa idi, dostunuz dediyi kimi sizdən borc istəməzdi. Allah sizə faizi qadağan edir, lakin bizə verir. Əgər zəngin olsa idi bizə də faiz verməzdi.” Əbubəkr (radiyallahu ənh) qəzəbləndi. Finhasın üzünə şiddətli bir sillə vurdu və dedi: “Ruhumu əlində tutan Allaha and olsun ki, ey Allahın düşməni, əgər aramızda razılaşma olmasa idi, sənin boynunu vurardım. Əgər doğru deyirsizsə, bacardığınız qədər bizi yalanda ittiham edin. Finhas Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi və dedi: “Ey Muhəmməd, dostunun mənə nə etdiyinə bax!” Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbubəkrə dedi: “Niyə belə etdin ey Əbubəkr?” O da dedi: “Ey Allahın Rəsulu, Allahın düşməni böyük söz danışdı. Allahın fəqir, özlərinin isə Ondan zəngin olduqlarını dedi. Bunu deyəndə, Allah üçün qəzəbləndim və ona bir sillə vurdum. Finhas bunu inkar etdi və dedi: “Mən belə bir şey demədim.” Bunun üzərinə Allah təala Finhası rədd edib Əbubəkri təmizə çıxartmaq üçün bu ayəni nazil etdi: “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.

“Biz onların dediklərini… yazacaq…” təhdid və xəbərdarlıq olaraq. Buna görə ardı ilə belə buyurdu: “haqsız olaraq peyğəmbərləri öldürmələrini”. Yəni, Allah haqqında dedikləri budur və Allahın Peyğəmbərlərinə etdikləri müamilə budur. Allah bundan ötrü onları ən ağır şəkildə cəzalandıracaqdır. Buna görə Allah buyurdu: “Dadın yandırıb-yaxan Odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. Yəni onları danlamaq, qınamaq, onları təhqir etmək və onları alçaltmaq üçün belə demişdir.

Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq” Allah təala kitablarında belə bir möcüzə gətirməyən peyğəmbərə inanmayın dediyini iddia edən yəhudiləri yalançı çıxartmaq üçün bu cür dedi. İddialarına görə onun ümmətindən biri bir sədəqə verər, o qəbul olunsa, göydən bir alov enib onu yandırardı. Bunu İbn Abbas, Həsən və digərləri demişlər.

Əziz və Cəlil olan Allah buyurdu: “De: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə” yəni dəlillər və sübutlar gətirdilər, deməkdir. “Və dediyinizlə gəlmişdilər” yəni qəbul olunan qurbanları yandıran alov möcüzəsini də gətirdilər. “onda nə üçün onları öldürürdünüz?” yəni onları niyə yalanda ittiham edib, müxalif olaraq inadkarlıqla qətlə yetirdiniz? “Əgər doğru danışanlarsınızsa” haqqı tabe oluruq və peyğəmbərlərin ardınca gedirik sözünüzdə.

Sonra Allah təalə elçisinə (salləllahu aleyhi və səlləm) təsəlli edərək dedi: “Əgər onlar səni yalançı hesab etsələr, səndən əvvəl açıq-aydın dəlillər, zuburlar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər”. Yəni bunların sənə yalançı deməyi səni sarsıtmasın. Səndən əvvəl neçə möcüzələr gətirən və yalanda ittiham edilən peyğəmbərlər sənin üçün bir örnəkdir. “Zubur” bunlar göydən nazil olan kitablardır, məsələn mürsəl peyğəmbərlərə nazil edilən səhifələr kimi. “Nur saçan Kitabla” bu da açıq, vazeh və parlaq deməkdir.