Allah Özündən başqa ilah olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də. Ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

Allah şahidlik etdi, Onun şahidliyi kifayətdir. O şahidlərin ən düzgünü, ən ədalətlisi və danışanların ən doğru olanıdır ki, “Ondan başqa ilah yoxdur” yəni bütün məxluqatın tək məbududur, hamısı onun qulu və yaratdığıdır, Ona möhtacdır. Onun isə özündən başqasına ehtiyacı yoxdur. Necə ki, Allah Təala buyurur: “Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!” (Ən-Nisə, 166).

Sonra mələklərin və elm sahiblərinin şahidliyini də Öz şahidliyi ilə birləşdirib “Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də” dedi. Bu, həmin məqamda alimlər üçün böyük bir üstünlükdür.

“Qaimən bilqist” — (ədalətli olmaqdadır) – Bu, nasb şəklində haldır və o, bütün hallarda belə olur.

Ondan başqa ilah yoxdur” Bu da əvvəl deyilənin təkidlə vurğulanmasıdır.

Qüdrətlidir, Müdrikdir” – O elə güclüdür ki, böyüklük və ucalığında ona yaxın düşmək mümkün deyil. Sözlərində, işlərində, şəriətində və qədərində hikmət sahibidir.

İmam Əhməd demişdir: Bizə Yəzid ibn Abdi Rabih danışdı, bizə Bəqiyyəh ibn Vəlid danışdı, mənə Cübeyr ibn Amr əl-Qurəşi danışdı, bizə Əbu Səid əl-Ənsari danışdı, o da Zubeyr ibn Avvam ailəsinin azad edimiş köləsi Əbu Yəhyadan, o da Zübeyr ibn Avvamdan rəvayət edir ki,  Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) Ərəfə günü bu: “Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də.  ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir” ayəsini oxuduğunu və: “Mən də buna şahidlərdənəm, ey Rəbbim” – dediyini eşitdim.

Bunu İbni Əbi Hatim başqa bir yoldan da rəvayət etmiş və demişdir: Bizə Əli ibn Hüseyn danışdı, bizə Muhamməd ibn Mutəvəkkil əl-Əsqalani danışdı, bizə Ömər ibn Hafs ibn Sabit əbu Said əl-Ənsari danışdı, bizə Abdulməlik ibn Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyrdən danışdı, o da atasından, o da babasından, o da Zübeyrdən rəvayət etmişdir ki, o demişdir: Eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) həmin “Allah şahidlik etdi, mələklər də..” ayəsini oxuduğu zaman: “Ey Rəbbim, mən də şahidlik edirəm”  — dedi.

Hafiz Əbul Qasım ət-Tabərani «Əl-Mucəmul Kəbir» əsərində demişdir: Bizə Abdən ibn Əhməd ilə Əli ibn Səid ər-Razi danışdı, onların ikisi də dedilər: bizə Əmmar ibn Ömər ibn Muxtar danışdı, mənə atam danışdı, mənə Qalib əl-Qattan danışıb dedi: “Ticarət üçün Kufəyə gəlmişdim. Aməşə yaxın bir yerdə dayandım. Gecə olduqda yuxarı mərtəbədən aşağı endim. Aməş qalxdı və gecənin bir vaxtı təhəccüt qıldı. Həmin — “Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər).” – ayəsinə gədikdə: ”Allahın şahidlik etdiyinə mən də şahidlik edirəm. Bu şəhadəti Allaha əmanət edirəm, o Allah qatında mənim əmanətimdir” — dedi.  “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”  bunu da dəfələrlə təkrar etdi. “Hər halda bu haqda nəsə eşitmişdir” deyərək səhər açılanda yanına getdim. Sonra da: “Ey Muhammədin atası, bu ayəni təkrar etdiyini eşitdim” — dedim. O soruşdu: “Bu haqda sənə bir şey gəlib çatmayıb?” Mən də: “Bir aydır sənin yanındayam mənə bir hədis belə danışmamısan” — dedim. O da: “Vallahi bir il sənə hədis danışmaram” — dedi. Mən də bir il orada yaşadım, qapısında idim. İl gəlib keçdikdə: “Ey Muhammədin atası il geçdi” — dedim. O dedi: Mənə Əbu Vail danışdı, o da Abdullahdan rəvayət etdi ki, Rəsululah (salləllahu aleyhi və səlləm) buyurdu: “Qiyamət günü bu ayənin sahibi gətirilər və əziz və cəlil olan Allah: “Qulum mənə bir əhd verdi. Mən də əhdə vəfalı olmağa ən haqlı olanam. Qulumu cənnətə daxil edin” deyər.”

“Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”   Bu da Allah Təalanın Öz dərgahında İslamdan başqa bir dini qəbul etməyəcəyindən xəbər verir. İslam bütün zamanlarda Allahın peyğəmbərlərə göndərdiyi şeylərə tabe olmaqdır. Peyğəmbərlik Muhamməd  (salləllahu aleyhi və səlləm) ilə sona çatdı. Bundan sonra kim, Muhamməd (salləllahu aleyhi və səlləm) bu dini gətirdikdən sonra Allah hüzuruna başqa bir dinlə çıxarsa, bu ondan qəbul olunmaz. Necə ki, Allah təala buyurur: «İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz.» (Ali İmran, 85). Bu ayədə də onun qatında qəbul olanan tək dinin İslam olduğunu xəbər verərək: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” dedi.  

İbn Cərir rəvayət edir ki, İbn Abbas « Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də.. Ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. Həqiqətən, Allah dərgahında  din, İslamdır!» ayəsində «ənnəhu» sözünü kəsrə ilə, “innəddinə” sözünü isə fəthə ilə oxudu. Yəni, O, mələklər və bəşər elm adamları, Allah qatında həqiqi dinin İslam olduğuna şahidlik etdilər, deməkdir. Cumhur isə onu xəbər olaraq “innəddinə” şəklində kəsrə ilə oxumuşdur. İkisi məna da doğrudur. Ancaq cumhurun oxuduğu şəkildə məna daha açıqdır. Allah ən doğrsunu biləndir.

Sonra Allah Təala ilk dəfə kitab verilənlərin yalnız özlərinə peyğəmbərlər gəlməklə və onlara kitab enməklə hüccət qaldırıldıqdan sonra ixtilaf etdiklərini xəbər verdi və: “Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər.” – buyurdu. Yəni bir-birilərinə hücum etdilər, bir-birilərinə həsəd aparıb, nifrət etdikləri və arxa çevirdikləri üçün haqq mövzusunda ixtilaf etdilər. Qarşı tərəf haqlı olsa da onun bütün söz və işlərinə müxaliflik etdilər. Sonra Allah təala buyurdu: “Kim Allahın ayələrinə qarşı küfr edərsə,  Allah tez haqq-hesab çəkəndir.” Yəni, kim Allahın Kitabında endirdiyi ayələri inkar edərsə, Allah onu buna qarşı cəzalandırar və onu yalanına görə hesaba çəkər və Kitabına qarşı getdiyi üçün ona əzab edər, deməkdir.

Sonra Allah təala dedi: “Əgər onlar səninlə mübahisə edərlərsə” yəni səninlə tövhid barəsində münaqişə etsələr, de ki,  “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” yəni de ki, mən ibadətimi bir tək, ortaqsız, bənzərsiz, övladsız, qadınsız olan Allaha xas etdim, ithaf etdim. “Ardımca gələnlərlə birlikdə” yəni, dinimə tabe olub mənim kimi deyənlərlə birlikdə. Necə ki, Allah təala buyurur: “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq.” (Yusuf, 108). Sonra Allah təala qulu və Rəsulu Muhammədə (salləllahu aleyhi və səlləm) iki millətdən olan iki əhli kitabı və yazıb oxumaq bilməyən müşrikləri öz yoluna və dininə və Allahın ona göndərdiklərinə daxil olmağa çağırmasını əmr edərək buyurdu: “Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Yəni onların hesabı yalnız Allaha aiddir. Dönüşləri və son mənzilləri də ancaq Onadır. O istədiyinə hidayət verər, istədiyini də azdırar. Üstün hikmət və təbliğ olunan dəlil Onundur. Buna görə də Allah təala “Allah qullarını görür” dedi. Yəni O, hidayət və azğınlığa layiq olanı çox yaxşı bilir. “(Allah) gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar.” (Ənbiya, 33). Bu da yalnız Onun hikməti və rəhmətindəndir.

Bu ayə və bənzərləri Pyğəmbərin  (salləllahu aleyhi və səlləm) bütün insanlığa göndərilməsinin ən aydın dəlillərindəndir. Necə ki, onun dinində bu zəruri olaraq bilinən bir məsələdir. Kitab və sünnədən bir çox ayə və hədislər buna dəlalət edir. Onlardan bəziləri:

Allah təalə buyurur: «(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm.» (əl-Əraf, 158). Uca Allah buyurur: «Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!» (Əl-Furqan, 1). İki Səhihdə və digərlərində mütəvatir olaraq sabit olan hədislərə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), Allahın bu əmrinə tabe olaraq dünya hökmdarlarına və ərəb, əcəm, əhli kitab və savadsızlara məktublar göndərmişdir. Abdurrəzzaq Mamərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Ruhumu əlində tutan Allaha and içirəm ki, istər yəhudi olsun, istərsə də xristian olsun, bu ümmətdən kim mənim haqqımda eşidərsə və mənə endirilənə iman etmədən ölərsə, mütləq Cəhənnəm sakini olar.» Bunu Müslim rəvayət etmişdir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Mən ağlara da, qaralara da göndərildim.” O demişdir: “Əvvəllər bir peyğəmbər xüsusi olaraq öz qövmünə göndərilərdi, mən isə bütün insanlığa göndərilmişəm.”

İmam Əhməd demişdir: Bizə Müəmmil danışdı, bizə Həmmad danışdı, bizə Sabit danışdı, o da Ənəsdən (radiyallahu anh) rəvayət etdi ki, o belə dedi: «Bir yəhudi gənci Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmaz suyunu gətirər və ayaqqabısını tutardı. O xəstələndikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara gəldi və yanına girdi. Atası baş tərəfində oturmuşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: “Ey filannkəs, lə iləhə illallah de” — buyurdu. O da atasına baxdı. Atası susdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir daha təkrar etdi. O yenə atasına baxdı. Atası: “Qasımın atasına itaət et” — dedi. Gənc də: “Əşhədu ən lə iləhə illallah və ənnəkə rəsulullah” — dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Allaha həmd olsun ki, onu mənim səbəbimlə oddan xilas etdi” deyərək çölə çıxdı.» Bunu Buxari də Səhih əsərində təxric etmişdir. Bunlardan əlavə hələ bir çox ayə və hədislər də vardır.