Allah təala şəhidlərdən xəbər verir; onlar bu yurdda öldürülsələr də ruhlarının qərar yurdunda diri olduğunu bildirir. Muhəmməd ibn Cərir demişdir: Bizə Muhəmməd ibn Mərzuq danışdı, bizə Amr ibn Yunus danışdı, o da İkrimədən, bizə İbn İshaq ibn əbu Talha danışdı, mənə Ənəs ibn Məlik, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Məuna quyusuna sahib camaatın üstünə göndərdiyi əshabələri haqqında belə dedi: “Bilmirəm qırx yoxsa yetmiş nəfər idilər. Suyun başında da Amir ibn Tufeyl əl-Cəfəri var idi. Səhabələr çıxdılar və suyun üzərindəki bir mağaraya çatdılar. Orada dayandılar və bir-birinə dedilər: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) sözünü hansınız bu suyun sahiblərinə elan edəcək?” Guman edirəm İbn Milhan əl-Ənsari: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) sözünü mən elan edərəm” – deyib çıxdı. Qəbilələrdən birinə yaxınlaşıb, evlərin qarşısında gizləndi. Sonra dedi: “Ey Məuna quyusunun camaatı, mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) sizə olan elçisiyəm, şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Muhəmməd onun qulu və elçisidir. Allaha və Rəsuluna iman edin”. Evin tinindən bir adam çıxıb nizə ilə onun böyüründən elə vurdu ki, nizə digər tərəfindən çıxdı. O dedi: “Kəbənin Rəbbinə and olsun ki, mən qazandım”. İzinə düşüb yoldaşları olduğu mağaraya gəldilər. Amr ibn Tufeyl hamısını öldürdü.
İbn İshaq demişdir: Mənə Ənəs ibn Məlik danışdı ki, Allah onların haqqında bu ayəni nazil etdi: “Bizdən qövmümüzə çatdırın ki, biz Rəbbimizə qovuşduq. O bizdən razı oldu, biz də Ondan razı olduq”. Sonra bu ayə müəyyən bir vaxt Quran olaraq oxunduqdan sonra nəsx edildi. Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”.
Muslim Səhih əsərində demişdir: Bizə Muhamməd ibn Abdullah ibn Numeyr danışdı, bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Abdullah ibn Murrədən, o da Məsruqdan deyir ki, Abdullahdan “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” ayəsi barəsində soruşduq. O dedi: Biz də bunu Rəsulullahdan soruşduq, o belə dedi: “Onların ruhları yaşıl quşların qursağındadır. Onlar üçün Ərşdən asılan qəndillər vardır. Cənnətin istədiyi yerində dolaşıb sonra o qəndillərdə məskunlaşırlar. Rəbbləri onlara dedi: “Könlünüz nə istəyir?” Onlar dedilər: “Nə istəyəcəyik? Biz cənnətin istədiyimiz yerində gəzirik”. O bunu üç dəfə soruşdu. Sualın bitməyəcəyini anlayanda onlar dedilər: “Ey Rəbbimiz, səndən ruhlarımızı yenidən cəsədlərimizə qaytarmağını və Sənin yolunda bir daha öldürülməyimizi istəyirik”. O da başqa ehtiyacları olmadığını gördükdə, onları buraxdı.” Bunun bənzəri Ənəs və Əbu Səid hədisindən rəvayət edilmişdir.
Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Abdussaməd danışdı, bizə Hamməd danışdı, bizə Sabit danışdı, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ölüb, Allah qatında xeyir içində olan heç bir nəfs dünyaya qayıtmaq istəməz, şəhidlər istisnadır. O dünyaya qayıdıb bir daha öldürülmək istəyir, çünki şəhidliyin fəzilətini görmüşdür.” Bunu yalnız Hammad yolu ilə Muslim rəvayət etmişdir.
Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Əli ibn Abdullah əl-Mədini danışdı, bizə Sufyan danışdı, o da Muhamməd ibn Əli ibn Rabia əs-Suləmidən, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Allahın atanı diriltdiyi mənə bildirildi. Ona deyildi: “Məndən istə.” O da dedi: “Dünyaya göndərilmək və bir daha öldürülmək.” Allah buyurdu: “Onların bir daha qayıtmayacaqlarına hökm verdim”. Bunu bu yöndən yalnız Əhməd rəvayət etmişdir.
İki Səhihdə və digərlərində belə nəql edilmişdir: Cabirin atası, Abdullah ibn Amr ibn Haram əl-Ənsari (radiyallahu ənh) idi. Uhudda şəhid oldu.
Buxari demişdir: Əbu Valid dedi: Şubədən, o da İbn Munkədirdən: Cabirdən belə eşitdim: Atam ölən zaman ağlamağa və üzündəki örtüyü açmağa başladım. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri bunu mənə qadağan etməyə başladılar, Rəsulullah (salləllahu aleyhi və səlləm) isə qadağan etmədi və dedi: “Onun üçün ağlama, mələklər onu göyə qaldırana qədər qanadları ilə kölgələndirdilər.” Buxari, Muslim və Nəsai bunu başqa yolla Şubədən, o da Muhəmməd ibn Munkədirdən, o da Cabirdən sənədlə rəvayət etmişlər. Cabir demişdir: “Atam Uhudda öldürüləndə onun üzünü açıb ağlamağa başladım.” Hədisin sonu yuxarıdakı kimi tamamlanmışdır.
Başqa bir hədisdə, İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, bizə İsmayıl ibn Uməyyə ibn Amr ibn Səid danışdı, o da Əbuzzubeyr əl-Məkkidən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Uhudda qardaşlarınızın başına gələnlərdən sonra Allah onların ruhlarını yaşıl quşların içinə qoydu. Onlar cənnət çaylarına girər, meyvələrindən yeyər və Ərşin altındakı qızıl qəndillərdə məskunlaşarlar. Gözəl yemək, içmək və gəzmək yeri görüb deyərlər: “Kaş ki, qardaşlarımız Allahın bizə verdiyini bilib cihada xor baxmazlar, savaşdan üz çevirməzlər.” Əziz və Cəlil olan Allah buyurdu: “Sizin yerinizə Mən çatdıraram.” Sonra Allah bu ayələri nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” və növbəti ayələr.
İmam Əhməd bu cür rəvayət etmişdir. Onu İbn Cərir də rəvayət etmişdir: Yunusdan, o da İbn Vəhbdən, o da İsmayıl ibn Əyyaşdan, o da Muhəmməd ibn İshaqdan bu isnadla rəvayət etmişdir. Onu Əbu Davud və Hakim “Mustədrək” əsərində Abdullah ibn İdrisdən, o da Muhəmməd ibn İshaqdan, o da İsmayıl ibn Umeyyədən, o da Əbuzzubeyrdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan (radiyallahu ənh) rəvayət etmişdir. Sonra onu zikr etdi. Bu daha sabitdir. Bunu həmçinin Sufyan Səvri də, Səlim əl-Əftasdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir.
Hakim də Mustədrəkində, Əbu İshaq əl-Fəzari hədisindən, o da Sufyandan, o da İsmayıl ibn Əbu Xaliddən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, o demişdir: Bu ayə Həmzə və qardaşları haqqında nazil edildi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Sonra Hakim dedi: İki Səhihin şərtinı uyğundur, onlar təxric etməmişlər. Qatadə, Rəbi və Dəhhak demişlər: Uhud şəhidləri haqqında nazil edilmişdir.
Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə Harun ibn Süleyman danışdı, bizə Əli ibn Abdullah əl-Mədini xəbər verdi, bizə Musa ibn İbrahim ibn Kəsir ibn Bəşir ibn Fəkih əl-Ənsari xəbər verdi, Talha ibn Xiraş ibn Əbdürrəhman ibn Xiraş ibn Simməh əl-Ənsaridən eşitdim, o dedi: Cabir ibn Abdullahdan belə dediyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gün mənə baxıb dedi: “Niyə üzülürsən?” Mən də dedim: “Ey Allahın Rəsulu atam şəhid oldu, mənə borc və böyük ailə saxladı.” O dedi: “Sənə xəbər verim ki, Allah hamı ilə pərdə arxasından danışdı, sənin atan ilə isə üz-üzə danışdı və dedi: Məndən istə sənə verim.” O dedi: “Səndən dünyaya qayıdıb sənin yolunda ikinci dəfə öldürülməyimi istəyirəm.” Əziz və cəlil olan Allah dedi: “Mənim “Onlar qayıtmayacaq” sözüm keçmişdir.” O da dedi: “Ey Rəbbim, arxamdakılara bunu çatdır.” Allah təala da bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Sonra bunu başqa yoldan Muhəmməd ibn Süleyman ibn Subet əl-Ənsaridən, o da atasından, o da Cabirdən bənzər şəkildə rəvayət etmişdir.
Bunu Beyhaqi də “Dəlailun-Nübüvvə” əsərində Əli ibn əl-Mədini yolundan bu cür rəvayət etmişdir. Bunu yenə Beyhaqi, Əbu Ubadə əl-Ənsaridən – o, İsa ibn Əbdürrəhmandır, inşəAllah – o da Zuhridən, o da Urvədən rəvayət etmişdir, o da Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ey Cabir sənə müjdə verim?” O da dedi: “Bəli, Allah da sənə xeyir müjdəsi versin.” O dedi: “Allahın sənin atanı dirildib, ona belə dediyini bilirəm: Ey qulum, məndən nə istəsən, sənə verəcəm.” O da dedi: “Ey Rəbbim, mən sənə haqqı ilə ibadət edə bilmədim, səndən məni dünyaya qaytarmağını, Peyğəmbər ilə bərabər savaşmağımı və sənin yolunda yenidən öldürülməyimi istəyirəm.” Allah buyurdu: “Dünyaya qaytarılmayacaqlar” barəsində mənim sözüm keçmişdi”.
Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, bizə Haris ibn Fudeyl əl-Ənsari danışdı, o da Mahmud ibn Ləbiddən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Şəhidlər cənnətin qapısında axan çayın başında yaşıl bir qübbə içindədirlər. Ruziləri səhər axşam Cənnətdən çıxar.” Bunu yalnız Əhməd rəvayət etmişdir.
Bunu İbn Cərir də Əbu Kureybdən rəvayət edərək demişdir: Bizə Abdurrəhim ibn Suleyman ilə Ubeydə danışdılar, onlar da Muhəmməd ibn İshaqdan bu cür danışdılar. Bu yaxşı bir isnaddır.
Sanki şəhidlər qisim qisimdir, bəzilərinin ruhları Cənnətdə dolaşır, bəzilərinin ruhları isə, Cənnət qapısındakı çayda. Bəlkə hamısının gəzintisi bu çaylarda sona yetir, orada toplanırlar. Ruziləri səhər axşam orada verilir. Allah ən doğrusunu biləndir.
İmam Əhmədin Musnədindəki rəvayətə görə bu müjdə bütün möminlərə verilmişdi. Hamısının ruhları cənnətdə olacaq və orada gəzəcək. Meyvələrindən yeyəcək, oradakı sevinci dadacaqlar, Allahın onlar üçün hazırladığı nemətləri gözləri ilə görəcəklər. Bu da sağlam və möhtəşəm bir isnadla rəvayət edilmişdir. Tabe olunan dörd məzhəb imamlarından üçü bir yerdə həmin sənəddədir. Çünki İmam Əhməd (rəhmətulahi aleyh) onu Muhəmməd ibn İdris əş-Şəfiidən (rəhmətulahi aleyh), o da Malik ibn Ənəs əl-Əsbahidən (rəhmətulahi aleyh), o da Zuhridən, o da Əbdürrəhman ibn Kəb ibn Məlikdən, o da atasından (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Möminin ruhu bir quşdur, Cənnətin ağacından yeyər, Allah onu cəsədinə döndərəcəyi günə qədər belə davam edər.” Hədisdə keçən “yəluqu” sözü, “yeyər” deməkdir. Hədisdə belə deyilmişdir: “Möminin ruhu Cənnətdə quş şəklindədir.”
Şəhidlərin ruhlarına gəldikdə, yuxarıda keçdiyi kimi, yaşıl quşların qursaqlarındadır. Onlar digər möminlərin ruhlarına görə ulduzlar kimidir. Çünki onlar özbaşına uçarlar. Kərəm sahibi Allahdan bizi imanla öldürməsini diləyirik.
“Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir”. Yəni Allah yolunda öldürülən şəhidlər Rəbbləri qatında diridirlər. İçindəki olduqları nemətlərə sevinirlər. Özlərindən sonra Allah yolunda öldürülən möminlərin yanlarına gələcəklərindən ötürü sevinc hissi duyarlar. Gələnlər qarşılarındakı şeylərdən qorxmazlar, arxalarındakı saxladıqları şeylərdən dolayı da üzülməzlər. Allahdan Cənnəti istəyirik.
İbn İshaq demişdir: “Sevinirlər” yəni, arxalarından gələn mücahid qardaşlarının onlara qatılıb Allahın onlara verdiyi savabdan yararlanmaqlarına sevinirlər. Suddi demişdir: Şəhidə kitab verilir içində yazılır: “Filankəs sənin yanına bu gündə gələcək, filankəs də bu gündə gələcəkdir.” O da bundan dünyadakı insanın çoxdan görmədiyi adamlarının gəldiyi vaxt sevindiyi kimi sevinir.
Səid ibn Cubeyr demişdir: Onlar cənnətə girib şəhidlərə verilənləri görəndə deyərlər: Kaş ki, dünyadakı qardaşlarımız bu nemətlər haqqında bilərdilər. O zaman savaşın içinə qatılıb şəhid olarlar. Bizə nəsib olan xeyirdən onlar da istifadə edərlər. Rəsulullah (salləllahu aleyhi və səlləm) durumlarını və onlara verilən nemətləri barəsində xəbər verdi. Yəni, Rəbbi ona durumlarını bildirən ayəni nazil etdi. Onlar da buna sevindilər. Allahın dediyi “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir” məhz elə budur. İki Səhihdə Ənəsdən (radiyallahu ənh) Maunə quyusunda öldürülənlər haqqında belə dediyi sabit olmuşdur: Onlar yetmiş ənsar idilər. Bir səhər hamısı birdən öldürüldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) qunut tutaraq onları öldürənlərə bəd dua və lənət etdi. Ənəs deyir ki, onların haqqında bir ayə nazil oldu, onu uzun müddət oxuduq, sonra qaldırıldı “Bizdən qövmümüzə çatdırın, biz Rəbbimizə qovuşduq. O bizdən razı oldu, bizdə ondan razı olduq”.
Sonra Allah təala dedi: “Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər” Muhəmməd ibn İshaq demişdir: Vəd edilənlərin və bol savabın yerinə yetirilməsini görəndə sevinirlər. Əbdürrəhman ibn Zeyd ibn Əsləm demişdir: Bu ayə şəhid olsun və digərləri olsun bütün möminləri əhatə edir. Allah təala harada peyğəmbərlərdən və onlara verdiyi lütfdən bəhs edibsə dərhal eynisini möminlərə verdiyini zikr etmişdir. Bunun istisnası yoxdur.
“Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” Bu, Hamra əl Əsəd səfərində olmuşdur, müşriklər müsəlmanlara zərər yetirib şəhərlərinə qayıtdılar. Bir zaman keçdikdən sonra Mədinəni nə üçün dağıtmadıqlarını və son nöqtəni qoymadıqlarına görə peşman oldular. Bu, Rəsulullaha (salləllahu aleyhi və səlləm) agah olan kimi, müsəlmanları onları qorxutmaq üçün və ayaqda olduqlarını göstərmək üçün arxalarınca göndərdi. Cabir ibn Abdullahdan başqa, Uhudda döyüşməyənlərə qatılmağa icazə vermədi. Cabirin halını irəlidə izah edəcəyik. Müsəlmanların yaralı olmasına və ağır vəziyyətinə baxmayaraq Allah və Rəsuluna itaət etmək üçün tapşırığı yerinə yetirdilər.
İbn Əbu Hatim demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Yəzid danışdı, bizə Sufyan ibn Ueynə danışdı, o da Amrdan, o da İkrimənin belə dediyini rəvayət etmişdir: Müşriklər Uhuddan qayıdanda dedilər: “Nə Muhəmmədi öldürdüz, nə də gənc qızları tərkinizdə gətirdiz, nə pis etdiniz, geri dönün.” Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu eşitdi. Müsəlmanlara tapşırıq verdi. Onlar Hamra əl Əsəd yaxud Biri Əbu Ueynəyə – tərəddüd Sufyandandır – çatdılar. Müşriklər dedilər: “Gələn il qayıdarıq.” Rəsulullah (salləllahu aleyhi və səlləm) də Mədinəyə qayıtdı. Bu da bir yürüş sayıldı. Buna görə Allah təala bu ayəni nazil etdi: “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və qorxanlar üçün böyük bir mükafat vardır”.
Bunu İbn Mərduveyh də Muhəmməd ibn Mansurdan, o da Sufyan ibn Ueynədən, o da Amrdan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. Sonra hədisi zikr etdi.
Muhəmməd ibn İshaq demişdir: Uhud döyüşü altıncı gün Şəvval ayının on beşinə təsadüf etdi. Bazar günü Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı düşməni təqib etməyə təşviq etdi. O dedi: Yalnız dünən savaşa qatılanlar gəlsin. Cabir ibn Abdullah ibn Amr ibn Haram dedi: “Ey Allahın Elçisi, atam məni yeddi bacımın başında saxlayaraq dedi: Oğlum, bu qadınları başsız qoymaq bizə yaraşmaz. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə döyüşə səni buraxmaram, bacılarınla qal. Məndə qaldım.” Rəsulullah (salləllahu aleyhi və səlləm) da ona icazə verdi. O da çıxdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) düşməni qorxutmaq, güclü olduğunu göstərmək və düşmənlərdən çəkinmədiklərini bildirmək üçün çıxdı.
Muhəmməd ibn İshaq demişdir: Mənə Abdullah ibn Haricə ibn Zeyd ibn Sabit danışdı, o da Aişə bint Osmanın mövlası Əbu Saibin belə dediyini rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən olan, Uhudda iştirak etmiş Əbdul-Əşhəl oğullarından bir nəfər dedi: Mən və qardaşım Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Uhudda iştirak etdik. İkimiz də yaralandıq. Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı düşməni təqib etməyi əmr edəndə, mən qardaşıma yaxud o mənə: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yürüşünü qaçıracayıq? Vallahi minəcək heyvanımız yoxdur, ikimizdə yaralıyıq” – deyərək, Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə çıxdıq. Mənim yaram daha yüngül idi. Yıxıldığı vaxt onu belimə alırdım, bir zaman da piyada gedirdi. Nəticədə müsəlmanların dediyi yerə çatdıq”.
Buxari demişdir: Bizə Muhəmməd ibn Salam danışdı, bizə Əbu Muaviyyə danışdı, o da Hişamdan, o da atasından, o da Aişənin (radiyallahu ənh) “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” ayəsi barəsində Ürvəyə belə dediyini rəvayət etmişdir: “Ey bacım oğlu, sənin ataların Zubeyr ilə Əbubəkr (radiyallahu ənhumə) onlardan idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə müsəlmanlar Uhudda müşriklərin çəkildiyini görüb, o geri dönmələrindən qorxdu və dedi: “Arxalarınca kim gedəcək?” İçlərindən Əbubəkr ilə Zubeyr (radiyallahu ənhumə) daxil olmaqla yetmiş nəfəri hazır oldular.” Bunu Buxari bu yolla tək başına rəvayət etmişdir. Bunu Hakim Mustədrəkində Asəmdən, o da Abbas ət-Duridən, o da Əbunnadrdan, o da Əbu Səid əl-Muəddibdən, o da Hişam ibn Urvədən bu cür rəvayət etmiş, sonra demişdir: İsnadı səhihdir, təxric etməmişlər.
Bunu İbn Macə də Hişam ibn Ammardan, Hudbə ibn Abdulvəhhabdan, o da Sufyan ibn Ueynədən, o da Hişam ibn Urvədən bu cür rəvayət etmişdir. Bunu Səid ibn Mənsur və Əbubəkr əl-Humeydi Musnədində Sufyandan belə rəvayət etmişdir.
Bunu yenə Hakim, İsmayıl ibn Əbu Xaliddən, o da əl-Bəhiydən, o da Urvənin belə dediyini rəvayət etmişdir: Mənə Aişə demişdir: “Ey oğlum, atan yaralı ikən, Allah və Rəsulunun çağırışına cavab verən adamlardan biridir.” Sonra Hakim dedi: Səhihdir, iki şeyxin şərtinə uyğundur, təxric etməmişlər.
Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər əsas kitabından danışdı, bizə Səmməveyh xəbər verdi, bizə Abdullah ibn Zubeyr xəbər verdi, bizə Sufyan xəbər verdi, bizə Hişam xəbər verdi, o da atasından Aişənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Sənin ataların, Əbubəkr ilə Zubeyr (radiyallahu ənhumə), yaralı ikən Allah və Rəsulunun çağırışına cavab verən adamlardan sayılırlar.” Bu hədisi sənədinə əsasən mərfu saymaq böyük xətadır. Çünki öncə qeyd etdiyimiz kimi güvənilən ravilər onu Aişənin sözü kimi nəql etmişlər. Məna baxımından Zubeyr Aişənin atası deyil. Aişənin Urvə ibn Zubeyrə belə deməsi, onun bacısı oğlu olmasına görədir. Yəni, Əbubəkrin qızı Əsmanın oğludur. Allah hamısından razı olsun.
İbn Cərir demişdir: Mənə Muhəmməd ibn Sad danışdı, mənə əmim danışdı, mənə atam danışdı, o da öz atasından, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Allah, Uhud döyüşündə yaşananlar yaşandıqdan sonra Əbu Sufyanın qəlbinə qorxu saldı və o, Məkkəyə qayıtdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Sufyan bir tərəfinizi kəsib geri qayıtdı. Allah onun qəlbinə qorxu saldı.” Uhud döyüşü Şəvval ayında olmuşdu. Tacirlər də Mədinəyə Zilqadə ayında gələrək hər il kiçik Bədr deyilən yerdə bir dəfə məskunlaşardı. Onlar Uhuddan sonra gəldilər. Möminlər yaralı idi. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. Başlarına gələnlər onlara ağır gəlmişdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) yanında getmələrini və müşrikləri təqib etmələri üçün onları çağıraraq dedi: “Onlar geri qayıdacaqlar, həccə gələcəklər. Bir ilə qədər eyni şeyi etməzlər.” Şeytan gəldi, dostlarını qorxudaraq dedi: “İnsanlar sizin üçün ordu topladılar.” İnsanlar da Əbu Sufyanı təqib etmək istəmədilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) təşviq etmək üçün dedi: “Kim getməsə də mən gedirəm. Əbubəkr, Ömər, Osman, Əli, Zubeyr, Sad, Talha, Abdurrəhman ibn Avf, Abdullah ibn Məsud, Huzeyfə ibn əl-Yəmən və Əbu Ubeydə ibn Cərrah yetmiş nəfərlə əmrə tabe olaraq Əbu Sufyanı təqib etmək üçün çıxdılar. Onu qovaraq Safra bölgəsinə gəldilər. Allah təala bu ayəni nazil etdi: “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər”.
Sonra İbn İshaq demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) çıxdı və Hamra əl Əsədə çatdı. Təqribi Mədinədən səkkiz mil aralıda idi.
İbn Hişam demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinədə yerinə İbn ummu Məktumu saxladı. Özü birinci, ikinci və üçüncü günləri orada keçirtdi. Sonra Mədinəyə qayıtdı. Daha əvvəl Abdullah ibn Əbubəkrin mənə dediyi kimi, ona Mabəd ibn Əbu Mabəd əl-Xuzai çatdı. Xuzailərin müşrikləri və müsəlmanları Rəsulullaha (salləllahu aleyhi və səlləm) qarşı çox səmimi idilər. Onunla təmas halında idilər. Ondan heç nəyi gizlətməzdilər. Mabəd o gün üçün müşrik idi, o dedi: Ey Muhəmməd, Allaha and olsun ki, səhabələrin başına gələn bizi çox üzdü. Allah rahatlıq versin, keçmiş olsun. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) Hamra əl Əsədə tərəf çıxdı. Rəvha bölgəsində Əbu Sufyan ibn Hərb və onun yanındakılarla rastlaşdı. Rəsulullaha (salləllahu aleyhi və səlləm) təkrar hücum etməyə qərar vermişdilər. Onlar dedilər: “Səhabələrin başçılarının və şərəfli olanların yaraladıq, indi də köklərini kəsməyə gedirik. Təkrar hücum edib köklərini kəsəcəyik.” Əbu Sufyan Məbədi görüb dedi: “Ey Mabəd arxada nə gördün?” O da dedi: “Muhəmməd və səhabələri sizi elə böyük bir ordu ilə axtarırlar ki, bundan öncə onlar kimisini görmədim. Sizi öldürmək üçün yanıb yaxılırlar. Uhudda olmayanlar ona qoşulub və əməllərindən peşman olublar. Sizə qarşı görünməyən bir kin bəsləyirlər.” O da dedi: Məhv olasan, sən nə danışırsan? O da dedi: Allaha and olsun ki, buradan ayrılmadan atların yəhərini görəcəksən. Əbu Sufyan dedi: Vallahi onların köklərini kəsmək üçün qayıtmağa qərar verdik. O da dedi: Bunu etməməyini tövsiyə edirəm. Allaha and olsun ki, onları görəndə bir neçə beyt şer söylədim. O da dedi: Nə dedin? O da: Belə dedim:
Miniyim səslərdən devriləcək
Yer hissə hissə çılpaq atlara axarkən,
Dırnaqlarından alov çıxırdı, bellərində də uzun boylu aslanlar vardır,
Döyüşdən qaçmazlar, silahlılar, boyun əyməzlər,
Mən də qaçmağa başladım, yerin ayağımın altından getdiyini zənn etdim,
Əzəmətli başçılarını görəndə bu duyğulara qapıldım.
Əgər Əbu Sufyan ibn Harb sizinlə qarşı qarşıya gəlsə vay olsun ona,
Dərə atlarla dolunca xilas olmayacaq.
Mən sizin kimi, cəsur, ağıllı məntiqli insanları quşluq vaxtı xəbərdar edirəm,
Muhəmmədin ordusundan onlar bayağı və kiçik deyillər.
Mənim xəbərdarlığım dedi-qodu deyil, doğrudur.
Dedi: Bu, Əbu Sufyanı və yanındakıları çevirdi. Ona Abdulqeys oğullarından bir karvan rast gəldi, “Hara gedirsiz”, dedi. Onlar da: “Mədinəyə getmək istəyirik” dedilər. O da dedi: Nə üçün gedirsiniz. Onlar dedilər: Qida məhsulları almaq üçün. O da dedi: Məndən Muhammədə bir məktub apara bilərsiz? Bu çuvaldakı quru üzümü sizin üçün Ukazda saxlayaram. Onlar dedilər: “Bəli.” Əbu Sufyan dedi: “Onlara çatdığınız zaman bizim yürüş etmək və səhabələrin kökünü kəsmək istəyimizi çatdırın.” Karvan Hamra əl Əsəddə Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) rastlaşdı. Əbu Sufyan və dostlarının dediklərini çatdırdılar. Olar da dedilər: Allah bizə yetər, o nə gözəl vəkildir.
Bunu İbn Hişam, Əbu Ubeydədən zikr edərək demişdir: Onların geri dönmələri Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatanda o dedi: “Nəfsim əlində olana and olsun ki, onlar üçün daşlar işarələndi, əgər səhər bura gəlsələr, dünənki kimi yox olarlar.” Həsən Bəsri də “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” bu ayə barəsində demişdir: Əbu Sufyan və tərəfdarları müsəlmanlara zərər vuraraq geri döndülər, bu zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Sufyan geri qayıtdı, Allah onun qəlbinə qorxu saldı, onu kim təqib edəcək?” Rəsulullah (salləllahu aleyhi və səlləm), Əbubəkr, Ömər, Osman, Əli və səhabələrdən bir çoxu qalxıb onu təqib etdilər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) təqibə çıxması xəbəri, Əbu Sufyana çatarkən, o, bir ticarət karvanına rast gəldi. Onlara dedi: Muhəmmədi geri qaytarın sizə bu qədər mal verərəm və onlara mənim geri qayıdıb onlara qarşı çoxlu adam yığdığımı bildirim. Tacirlər gəldi, bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah bizə yetər, O nə gözəl vəkildir.” Allah da bu ayəni endirdi.
İkrimə və çoxları demişlər: Bu ifadə, Hamra əl Əsəd hadisəsi haqqında idi. Bunun Bədr haqqında nazil olduğu da deyilmişdir. Birinci doğrudur.
“Adamlar onlara: “Camaat sizə qarşı toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı” yəni insanlar onları izdihamla hədələdilər və düşmənlərin çoxluğu ilə qorxutdular, onlar isə buna varmayaraq, əksinə Allaha təvəkkül edib ondan kömək diləyərək dedilər: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”
Buxari demişdir: Bizə Əhməd ibn Yunus danışdı, güman edirəm o dedi: bizə Əbubəkr danışdı, o da Əbu Husayndan, o da Əbud-duhadan, o da İbn Abbasdan demişdir: İbrahim (aleyhi ssalam) oda atılan zaman demişdir: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm) da onu, belə deyildiyi zaman söylədi: ”Adamlar onlara: “Camaat sizə qarşı toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər.” Bunu Nəsai də Muhəmməd ibn İsmayıl ibn İbrahim ilə Harun ibn Abdullahdan, ikisi də Yəhya ibn əbu Bukeyrdən, o da Əbubəkr ibn Əyyaşdan belə rəvayət etmişdir. Qəribədir ki, Əbu Abdullah Hakim onu Əhməd ibn Yunusdan bu cür rəvayət etmiş və demişdir: İsnadı səhihdir, iki şeyxin şərtinə uyğundur, təxric etməmişlər.
Sonra da Buxari onu Əbu Gassan Malik ibn İsmayıldan, o da İsraildən, o da Əbu Huseyndən, o da Əbu Duhadan, o da İbn Abbasdan rəvayət etmişdir. O demişdir: İbrahimin (aleyhis-salam) alova atıldığı zaman dediyi son sözlər belə olub: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”
Abdurrəzzaq demişdir: İbn Ueynə dedi, mənə Zəkəriyyə xəbər verdi, o da Şəbidən, o da Abdullah ibn Amrdan belə dedi: “Bu, İbrahimin (aleyhis-salam) tikiliyə atıldığı zaman dediyi kəlmədir.” Bunu İbn Cərir rəvayət etmişdir.
Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Muammər danışdı, bizə İbrahim ibn Musa əs-Səvri danışdı, bizə Əbdur-Rahim ibn Muhəmməd ibn Ziyad əs-Sukkəri xəbər verdi, bizə Əbubəkr ibn Əyyaş xəbər verdi, o da Humeyd ət-Tavildən, o da Ənəs ibn Məlikdən dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə dedilər: İnsanlar sizin üçün döyüşçü topladılar, onlardan qorxun, Allah da bu ayəni nazil etdi.
Yenə onun isnadı ilə Muhəmməd ibn Ubeydullah ər-Rafidən, o da atasından, o da babası Əbu ər-Rafidən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əlini (radiyallahu ənh) bir neçə döyüşçü ilə Əbu Sufyanı təqib etməyə göndərdi. Qarşılarına Xuza qəbiləsindən bir bədəvi çıxdı və dedi: “Qureyş sizin üçün adamlar topladı.” Onlar da dedilər: Allah bizə yetər. O nə gözəl Qoruyandır! sonra onlar barədə bu ayə endi.
Sonra İbn Mərduvey dedi: Bizə Daləc ibn Əhməd danışdı, bizə Həsən ibn Sufyan xəbər verdi, bizə Xeysəmə Musab ibn Səid xəbər verdi, bizə Musa ibn Ayən xəbər verdi, o da Aməşdən, o da Əbu Salihdən, o da Əbu Hureyrədən (radiyAllah anhu), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Böyük bir işlə qarşılaşdığınız zaman: “Allah bizə yetər, O necə gözəl Qoruyandır!” – deyin.” Bu hədis bu yoldan qəribdir.
İmam Əhməd demişdir: Bizə Hayvə ibn Şureyh ilə İbrahim ibn əbu Abbas danışdı, o ikisi də dedilər: Bizə Baqiyyə danışdı, bizə Bukeyr ibn Sad danışdı, o da Xalid ibn Mədəndən, o da Seyfdən, o da Avf ibn Məlikdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) iki adam arasında hökm kəsdi. Əleyhinə hökm oxunan şəxs çevrilib gedərkən dedi: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm): “Onu geri çağırın” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: “Sən nə dedin?” O da dedi: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən də, Allah acizliyi qınayır. Lakin sən ağıllı olmağa çalış. Bir iş sənə üstün gələrsə: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” – de.” Bunu Əbu Davud ilə Nəsai də Baqiyyədən, o da Buheyrdən, o da Xaliddən, o da Seyfdən – o, Şamlıdır, lakin nisbət edilməyib – o da Avf ibn Məlikdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) buna bənzər şəkildə rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Əsbat danışdı, bizə Muttarif danışdı, o da Atiyyədən, o da İbn Abbasdan “sura üfürüldüyü zaman” (Müdəssir, 8) ayəsi barəsində demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Yediyimin dadını necə alım, axı İsrafil Suru artıq üfürübdü. O, başını yüngül əyərək çağırış vəziyyətinə duraraq, Suru üfürməsinə dair əmri gözləyir.” Buna eşidən səhabələr soruşdular: “Nə deyək?” O da dedi: “Allah bizə yetər, O necə gözəl Qoruyandır! Yalnız Allaha bel bağladıq” deyin.” Bu başqa yollardan da rəvayət edilmişdir. Yaxşı bir hədisdir.
Bizə möminlərin anaları Aişə ilə Zeynəbdən (radiyallahu ənhumə) rəvayət edilmişdi ki, o ikisi bir-birinə qarşı öyündülər. Zeynəb dedi: Məni Allah evləndirdi, sizi isə ailəniz. Aişə dedi: Mənim təmiz olmağım Quranda göydən nazil edildi. Zeynəb bunu qəbul etdi. Sonra da soruşdu: Safvan ibn Muattalın dəvəsinə mindiyin zaman nə dedin? O da dedi: Allah mənə yetər, O necə gözəl Qoruyandır! Zeynəb də dedi: Möminlərin kəlməsini dedin.” Buna görə Allah təala buyurur: “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər” düşmənlərinin gizlətdikləri pislik toxunmadan deməkdir. “Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir”.
Beyhaqi demişdir: Bizə Əbu Abdullah Hafiz xəbər verdi, bizə Əbubəkr ibn Davud əs-Zahid danışdı, bizə Muhəmməd ibn Nuaym danışdı, bizə Bişr ibn Hakim danışdı, bizə Mubəşşir ibn Abdullah ibn Razin danışdı, bizə Sufyan ibn Huseyn danışdı, o da Yalə ibn Muslimdən, o da İkrimədən, o da İbn Abbasdan “Allahın neməti və mərhəməti sayəsində geri döndülər” ayəsi barəsində demişdir: Nemət, sağ-salamat qayıtmalarıdı. Lütf isə budur: Onlara bir karvan rast gəldi, həcc mövsümü idi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu aldı. Oradan mal qazandı. Onu da dostları ilə böldü.
İbn Əbu Nəcih “Camaat sizə qarşı toplayıbdır” ayəsi barəsində demişdir: “O, Əbu Sufyan idi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: Səninlə, Bədirdə dostlarımızı öldürdüyünüz yerdə, görüşək. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Ola bilər” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) təyin olunan yerə getdi və Bədirə endi. Orada bir bazara rast gəldi. Alış-veriş etdilər. Allahın dediyi “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər” məhz elə budur. Deyir ki, o kiçik Bədr döyüşüdür.” Bunu İbn Cərir rəvayət etmişdir.
Yenə Qasımdan, o da Hüseyndən, o da Həccacdan, o da İbn Cureycdən rəvayət edib demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbu Sufyan ilə görüşmə ərəfəsində müşriklərlə qarşılaşdı, onlardan Qureyşi soruşdu. Onlar da dedilər: Sizin üçün döyüşçü yığırlar, sizə hiylə qururlar. Onları qorxutmaq istədilər. Möminlər dedilər: Allah bizə yetər, O necə gözəl Qoruyandır! Nəhayət Bədrə gəldilər. Bazarları sakit gəzdilər, kimsə onlara toxunmadı. Deyir ki, müşriklərdən bir nəfər gəldi, Məkkəlilərə Muhəmmədin atlıları barəsində xəbər verdi, bu xüsusda belə dedi:
Gənc dəvəm Muhəmmədin atlılarından qorxdu,
Xurmalar quru üzüm kimi ətrafa dağılmışdı.
Qudeyd suyunu görüş yeri kimi təyin etdilər.
İbn Cərir demişdir: Qasım bizə belə oxusa da, bu yanlışdır, doğrusu belədir:
Gənc dəvəm Muhəmmədin atlılarından qorxdu,
Yəsrib xurmaları quru üzüm kimi ətrafa dağılmışdı.
Onlar atalarının köhnə dininə sarılmışdılar,
Qudeyd suyunu görüş yeri kimi təyin etdilər,
Dəcnan suyunu da ertəsi quşluq.
Sonra Allah təala buyurdu: “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur” Yəni sizi dostları ilə qorxudur, ağılınıza onların çətin və yenilməz olduğunu gətirir. Allah təala demişdir: “Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”. Yəni şeytan sizə bir şeyi bəzəyərsə sizi vəsvəsəyə salarsa, Mənə təvəkkül edin, Mənə sığının. Çünki Mən sizə yetərəm və sizə yardım edərəm. Necə ki, Allah təala buyurur: “Allah quluna yetməz mi? Səni ondan başqası ilə qorxudurlar… De ki, Allah mənə yetər, güvənənlər yalnız ona güvənsinlər” (Zumər, 38). Allah demişdir: “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisə, 76); “Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır” (Mucadələ, 19); “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir” (Mucadələ, 21); “Allah Ona yardım edənlərə, mütləq yardım edər” (Həcc, 40); “Ey iman gətirənlər! Əgər siz Allaha kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər” (Muhəməəd, 7); “Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 51, 52).