Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.

Allah təala “kişilər qadınların himayəçiləridir” deyir, yəni kişi qadının qəyyumudur, yəni o, qadının rəhbəri, böyüyü, hakimdir. Qadın büdrədiyi zaman onun tərbiyəçisidir. “Bu da Allahın onlardan birini digərindən üstün etdiyinə”yəni kişilər qadınlardan üstündürlər, kişi qadından daha xeyirlidir. Buna görə peyğəmbərlik kişilərə xas edilmişdir. Böyük imamlıq da belədir. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “İşlərini bir qadının idarəsinə buraxan millət uğur qazanmaz”. Bunu Buxari, Əbdurrəhman ibn Əbu Bəkrədən, o da atasından rəvayət etmişdir. Hakimlik və digər vəzifələr də belədir.

Və onların öz mallarından xərclədiklərindən dolayıdır” yəni mehr, nəfəqə və Allahın Kitabında və Rəsulullahın(salləllahu aleyhi və səlləm) Sünnəsində kişilərə lazım bildiyi məsrəflərdən dolayı. Buna görə kişi qadından özlüyündə üstündür. Qadından daha fəzilətlidir. Bu baxımdan onun qəyyumu olması münasibdir. Allah təala bu ayədə buyurduğu kimi: “kişilərin onlardan bir dərəcə üstünlüyü vardır” (əl-Bəqərə, 228).

Əli İbn əbu Talha, İbn Abbasın “kişilər qadınların üzərindədirlər” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Yəni əmirdirlər, kişinin əmrinə itaət etmələri gərəkdir. İtaəti də kişinin ailəsi ilə yaxşı davranıb onun malını qorumasıdır”. Muqatil, Suddi və Dəhhak da belə demişlər.

Həsən Bəsri demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir qadın gəldi. O, kişinin ona sillə vurduğu barəsində şikayət etmək istəyirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Qisas” – dedi. Buna görə Allah təala “kişilər qadınların himayəçiləridir” ayəsini nazil etdi. Qadın da qisas almadan geri döndü”.

Bunu Ibn Cərir ilə İbn əbu Hatim müxtəlif yollarla ondan rəvayət etmişlər. Qatadə, İbn Cureyc və Suddi bu xəbəri mürsəl olaraq rəvayət etmişlər. Bütün bunları İbn Cərir zikr etmişdir. Bunu İbn Mərduveyh də başqa bir yoldan mürsəl olaraq rəvayət etmiş və demişdir: “Bizə Əhməd ibn Əli ən-Nəsai danışdı, bizə Muhəmməd ibn Abdullah əl-Haşimi danışdı, bizə Muhəmməd ibn Muhəmməd ibn əl-Əşas danışdı, bizə Musa ibn İsmayıl ibn Musa ibn Cəfər ibn Muhəmməd danışdı, mənə atam danışdı, o da babamdan, o da Cəfər ibn Muhəmməddən, o da atasından, o da Əlidən, o dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər ənsar öz qadını ilə gəldi. Qadın dedi: “Ey Allahın Rəsulu, ərim, ənsardan olan filankəs, məni döydü və üzümü göyərtdi”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Buna haqqı yoxdur”. Buna görə Allah təala “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə” ayəsini nazil etdi. Yəni, tərbiyə etmə baxımından başçıdırlar, deməkdir”. Bundan sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Mən bir şeyi istədim, Allah isə digərini istədi”. Bu xəbəri Qatadə, İbn Cureyc və Suddi də mürsəl olaraq rəvayət etmişlər. Bütün bunları İbn Cərir zikr etmişdir.

Şəbi də “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə və onların öz mallarından xərclədiklərindən dolayıdır” ayəsi barəsində belə demişdir: “Verdiyi mehrdən. Məgər görmürsən ki, əgər əri qadına iftira atsa, kişi onunla lənətləşər, qadın iftira atsa, qadına çubuq vurulur”.

Əməlisaleh qadınlar itaətkardırlar”, İbn Abbas və bir çoxları demişlər ki, yəni ərlərinə itaətkardırlar.

“Gizli şeyləri qoruyarlar”Suddi və başqaları demişlər: “Əri evdə olmayanda, öz nəfslərini və ərinin malını qoruyarlar”.

Allahın qoruması sayəsində” yəni qorunan, Allahın qoruduğu kimsədir.

İbn Cərir demişdir: “Mənə Musənna danışdı, bizə Əbu Salih danışdı, bizə Əbu Maşər danışdı, bizə Səid ibn əbu Səid əl-Məqburi danışdı, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qadınların ən xeyirlisi, baxdığın zaman səni sevindirər, əmr etdiyin zaman sənə itaət edər, olmadığın zaman, özünü və sənin malını qoruyar”. Sonra “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə..” ayəsini sona qədər oxudu”. Bunu İbn əbu Hatim, Yunus ibn Həbibdən, o da Əbu Davud Təyalisidən, o da Muhəmməd ibn Əbdurrəhman ibn əbu Zibdən, o da Səid Məqburidən, bu mətnlə eynisini rəvayət etmişdir.

İmam Əhməd demişdir: “Bizə Yəhya ibn İshaq danışdı, bizə İbn Lehiya danışdı, o da Ubeydullah ibn əbu Cəfərdən, ona İbn Qariz xəbər verdi, Abdurrəhman ibn Avf, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir”: “Qadın beş vaxt namazını qılar, bir ay orucunu tutar, namusunu qoruyub ərinə itaət edərsə, ona, Cənnətin istədiyin qapısından daxil ol, deyilər”. Bunu yalnız İmam Əhməd, Abdullah ibn Qarizdən, o da Əbdurrəhman ibn Avfdan rəvayət etmişdir.

Dikbaşlıq etmələrindən qorxduğunuz qadınlara” yəni ərlərinə qarşı dikbaşlıq etmələrindən qorxsanız. Burada keçən “nuşuz” qadının etinasızlıqıdır. Bu ərinə qarşı etina etməyən, əmrini dinləməyən, ondan üz çevirən, ona nifrət edən qadındır. Belə etinasızlıq əlamətlərini görərsə, ona nəsihət etsin, onu asiliyinə görə Allahın əzabı ilə qorxutsun. Çünki Allah ona ərinin haqqını və ona itaəti fərz qılmışdır, ona asiliyi haram etmişdir. Çünki kişinin qadına qarşı üstünlük və fəziləti vardır. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər bir nəfərə kiməsə səcdə etməyi əmr etsəydim, qadına ərinə səcdə etməyi əmr edərdim, çünki ərinin onun üzərində böyük haqqı vardır”.

Buxari Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir kişi zövcəsini yatağına çağırarsa, o qəbul etmədiyi halda, mələklər səhərə qədər ona lənət edər”. Bunu Muslim də rəvayət etmişdir, mətni belədir: «Bir qadın ərinin yatağını tərk edib gecələsə, mələklər ona səhərə qədər lənət edər.» Buna görə Allah təala buyurur: “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin”.

Yataqda onları tərk edin” Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Tərk etmək, yəni onunla cinsi əlaqəni tərk etməkdir. Onunla eyni yataqda yatar, ona arxasını çevirər”. Bir çoxları bu cür demişdir. Suddi, Dəhhak, İkrimə və bir rəvayətdə İbn Abbasın daxil olduğu başqa bir toplum isə, əlavə olaraq demişlər: “Bununla bərabər onunla danışmaz və onunla söhbət etməz”.

Yenə Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Ona nəsihət edər, əgər anlasa nə gözəl. Əks halda onu yataqda tərk edər, onunla danışmaz, amma cinsi əlaqəni tərk etməz. Bu da qadına çox ağır gələr”. Mucahid, Şəbi, İbrahim, Muhəmməd ibn Kəb, Miqsəm və Qatadə demişlər: “Onu tərk etmək onunla bir yataqda yatmamaqdır”.

Əbu Davud demişdir: “Bizə Musa ibn İsmayıl danışdı, bizə Hammad ibn Sələmə danışdı, o da Əli ibn Zeyddən, o da Əbu-Hurrə ər-Rəqqaşidən, o da əmisindən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “Əgər dikbaşlıq etməklərindən qorxsanız onları yataqlarında tərk edin”. Hammad: «Yəni, cinsi əlaqədir» – demişdir.

Sunəndə və Musnəddə, Muaviyyə ibn Haydə əl-Qureyşidən rəvayət edilmişdir ki, o Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Rəsulu, qadınımızın üzərimizdəki haqqı nədir?” O da dedi: “Yediyin zaman yedirmək, geyindiyin zaman geyindirmək, üzünə sillə vurmamaq, çirkin olduğunu söyləməmək və evdən kənarda tək buraxmamaq”.

Onları döyün” yəni nə nəsihət, nə də tək buraxmaq onlara kar etməzsə, onları xəsarət yetirmədən döymə haqqınız vardır. Necə ki, Muslimin “Səhih” əsərində Cabirdən rəvayət edildiyinə görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) Vida həccində belə demişdir: “Qadınlar xüsusunda Allahdan qorxun, onlar yanınızda əsir kimidir. Onlarda olan haqlarınız bunlardır: Sevmədiyin kimsəni yatağına otuzdurmamaq. Əgər bunu etsələr, onlara işkəncə vermədən, döyün. Siz də onları müvafiq qaydada yedizdirib geyindirməlisiniz”.

İbn Abbas ilə bir çoxları da bu cür demişlər: «İşkəncə vermədən.» Həsən Bəsri demişdir: “Müəssir olmayacaq şəkildə”. Fəqihlər demişlər: “Sümüyünü qırmamaq və bədən üzvlərini zədələməmək”. Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Onu yataqda tərk edir. Əgər dönüb itaət edərsə nə gözəl, əks halda Allah onu döyməyə icazə vermişdir, amma işkəncə vermədən, sümüyünü qırmadan. Əgər (islah olub) qəbul edərsə, nə əla, əks halda Allah əvəz olaraq onu boşamağı sənə halal etmişdir”.

Sufyan ibn Ueynə, o da Zuhridən, o da Abdullah ibn Abdullah ibn Ömərdən, o da İyas ibn Abdullah ibn əbu Zibabdan, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın kənizlərini döyməyin”. Ömər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Qadınlar kişilərinə qarşı coşdular”. Buna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) onları döyməyə icazə verdi. Bu dəfə də Rəsulullahın (salləllahu aleyhi və səlləm) evinin ətrafına qadınlar yığışdı, ərlərindən şikayətə gəlmişdilər, o dedi: “O kişilər yaxşılarınız deyil”. Bunu Əbu Davud, Nəsai və İbn Macə rəvayət etmişlər.

İmam Əhməd demişdir: “Bizə Suleyman ibn Davud yəni, Əbu Davud ət-Təyalisi danışdı, bizə Əbu Avanə danışdı, o da Davud əl-Əvdidən, o da Əbdurrəhman əs-Suləmidən, o da Əşas ibn Qeysdən, o dedi”: “Ömərin (radiyallahu ənh) qonağı oldum, qadınını tutub döydü və dedi: “Ey Əşas məndən üç şeyi əzbərlə, mən onları Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əzbərlədim”. Bunları dedi: «Adamdan arvadını niyə döyməsini soruşma, vitri qılmadan yatma, üçüncüsünü unutmuşdu”. Bunu Əbu Davud, Nəsai və İbn Macə də Əbdurrəhman ibn Məhdidən, o da İbn Avanədən, o da Davud əl-Əvdidən rəvayət etmişdir.

Əgər sizə itaət etsələr, onlara yol axtarmayın” yəni qadın ərinə Allahın halal qıldığı bütün şeylərdə itaət edərsə, ər üçün bundan sonra ona bir yol axtarmağa haqqı yoxdur. Onu döyə bilməz onu tərk edə bilməz.

Həqiqətən, Allah Ucadır, Böyükdür” Bu, səbəbsiz qadınlara zülm edən kişilərə təhdiddir. Çünki Allah uca və böyükdür, qadınların vəlisidir. Onlara zülm edəndən və haqsızlıq edəndən intiqam alandır.