İbrahimlə Rəbbi haqqında mübahisə edən bu adam, Babilin hökmdarı Nəmruz İbn Kənan İbn Kuş İbn Sam İbn Nuhdur. Belə də deyilmişdir: Nəmrud İbn Falix İbn Abir İbn Şalix İbn Ərfaxşəzə İbn Sam İbn Nuhdur. Birinci, Mucahid və başqasının rəyidir. Mucahid demişdir: Dünyanın şərq və qərblərinə dörd nəfər sahib oldu. Bunların ikisi mömin, ikisi isə kafirdir. Möminlər, Süleyman İbn Davud ilə Zülqarneyndir. Kafirlər isə Nəmrud ilə Buxtənassardır. Allah ən doğrusunu biləndir.
“Görmədinmi?” yəni, Ey Muhamməd, qəlbinlə görmədinmi?
“İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi” yəni, Rəbbinin varlığı haqqında. Çünki o özündən başqa bir ilah olduğunu inkar edirdi. Necə ki, ondan sonra Firon da öz əyanlarına “sizin üçün məndən başqa bir ilah bilmirəm” (əl-Qasas, 38) demişdi. Onu bu tüğyana, ağır küfrə və şiddətli inada özünü hamıdan uca tutması və uzun müddət hakimiyyatdə qalması sürükləmişdi. Çünki onun dörd yüz il hökmranlıq etdiyi rəvayət edilir. Buna görə də “Allahın verdiyi səltənət görə” deyilmişdi. İbrahimdən dəvət etdiyi Rəbbinin varlığına dəlil istəmişdi. İbrahim də: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” — dedi. yəni, Onun varlığının dəlili yox olduqdan sonra meydana gələn və meydana gəldikdən sonra yox olan, gördüyünüz bu əşyaların mövcudluğudur. Bu da istədiyini öz iradəsi ilə edən bir icraçının varlığına zəruri dəlildir. Çünki bunlar öz başına meydana gəlməz. Bunları var edən birinin olması labüddür. O da ibadətinə dəvət etdiyim Rəbdir. O, təkdir və şəriki yoxdur. Həmin vaxt höcətləşən – o, Nəmruz idi — belə dedi: “Mən də dirildirəm və öldürürəm.” Qatadə, Muhamməd İbn İshaq, Suddi və digərləri demişlər: “Mənə iki adam gətirilər, ikisi də ölümü haqq etmişdir. Mən də birinin öldürülməsini əmr edərəm, o da öldürülər, digərini isə əhf edərəm, o da öldürülməz. Bax, diriltmə və öldürmənin mənası budur.”
Allah ən doğrusunu biləndir, belə başa düşülür ki, Nəmrud bunu qəsd etməmişdir. Çünki bu, İbrahimin dediyinə cavab deyildir. Bunda yaradıcının varlığına bir maneə yoxdur. O ancaq bu məqamı özü üçün inad və kibir olaraq iddia etdi və bunu edə biləcəyinə eyham vurdu. Necə ki, Firon da ona tabe olub və: “Mən sizin üçün özümdən başqa bir məbud tanımıram.” (Qəsas 38) — demişdir. Buna görə də o belə inad etdikdə İbrahim ona: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” — dedi. yəni, əgər iddia etdiyin kimi dirildən və öldürənsən belə et. Çünki dirildən və öldürən, varlıq aləminin hər zərrəsində təsərrüf etmə ilə ulduzları əmri altına almaq və onları hərəkət etdirmək haqqına malikdır. Əgər diriltmə və öldürmə gücü olan ilahsansa, hər gün qərbdən çıxan bu günəşi, şərqdən gətir. Nəmrut acizliyini, çıxılmazlığını, bu məqamda inad edə biməyacəyini bildikdə susdu, yəni, dili tutuldu, danışa bimədi. Bununla da dəlil qarşısında məğlub oldu.
Allah Təala buyurdu: “Allah zalım qövmü doğru yola yönəltməz.” yəni, onlara nə dəlil nə də sübut ilham etməz. Əksinə onların dəlilləri Rəbbləri qatında tutarsızdır. Onlara qəzəb və şiddətli əzab vardır.
Bu mənayə görə bu eniş, bir çox məntiqçilərin dediyi kimi İbrahimin birinci məqamdan ikinci məqama enişi, bir dəlildən daha aşkar olanına keçiddir demələrindən daha gözəldir. Bəziləri də “burada ümumi bir rəddiya vardır” desələr də, onların dediyi kimi deyildir. Tam əksinə birinci məqam ikinci məqama keçid üçün ilkin mərhələ kimi olur və Nəmrudun birinci və ikinci məqamda iddia etdiyini rədd edir. Həmd və minnət Allaha məxsusdur.
Suddi, Nəmrud ilə İbrahim arasında olan bu mübahisənin İbrahimin atəşdən çıxmasından sonra olduğunu demişdir. Hökmdarla ancaq o gün qarşılaşdı və aralarında bu mübahisə baş verdi. Abdurrəzzaq, o da Mamərdən, rəvayət etmişdir ki, Zeyd İbn Əsləm demişdir: Nəmrudun anbarlarında çoxlu ərzaq var idi. İnsanlar bunun üçün onun yanına gəlirdilər. İbrahim də xalqın arasında onun yanına gəldi. Aralarında bu mübahisə baş verdi. Hərkəsə verdiyindən İbrahimə vermədi. İbrahim əliboş geri döndü. Ailəsinə yaxınlaşdıqda, bir təpədən çuvallarını qumla doldurdu və: “Ailəmin bir az başını qataram” — dedi. Çatıb, yükünü yerə qoydu. Bir yerə söykəndi və yuxuya getdi. Zövcəsi Sara çuvallara sarı getdi, onların xoş ərzaq malları ilə dolu olduğunu gördü. Onlardan götürüb yemək bişirdi. İbrahim oyandıqda bişirilən yeməyi gördü və: “Bu sizə haradandı? — dedi? Zövcəsi də: “yanında gətirdiyin kisədəndi” — dedi. Bu zaman İbrahim bunun izzət və calal sahibi Allahdan gələn bir ruzi olduğunu başa düşdü.
Zeyd İbn Əsləm demişdir: “Allah, özünü hamıdan üstün tutan hökmdara bir mələk göndərdi. Ona Allaha iman etməsini dedi. O imtina etdi. Sonra onu ikinci dəfə dəvət etdi. O imtina etdi. Üçüncü dəfə dəvət etdi, yenə imtina etdi. O: “Adamlarını yığ, mən də öz adamlarımı yığım” — dedi. Nəmrud günəş doğarkən əsgərlərini və ordularını topladı. Allah da üstlərinə o qədər iri milçəklər göndərdi ki, günəş görünmədi. Allah bunları onlara hücum etdirdi. Ətlərini yeyib qanlarını sümürdülər. yerdə quru sümükləri saxladılar. Milçəklərdən biri hökmdarın burun dəliyinə girdi. Onun burun kanalında dörd yüz il qaldı. Allah bu milçəklə ona əzab verdi. Bütün bu müddət ərzində başına dəmir toppuzla vururdular. Axırda Allah onu kiçik milçəklə həlak etdi.