And olsun bürüməkdə olan gecəyə;

Daha öncə qeyd edildiyi kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaza belə demişdi: “Kaş ki, “əl-Əla”, “əş-Şəms” və “əl-Leyl” surələri ilə namaz qılsaydın…”

İmam Əhməd deyir: Bizə Yezid ibn Harun Şöbə vasitəsilə Muğirədən nəql etdi ki, Əlqamə Şama gəldiyi vaxt Dəməşq məscidinə gedib orada iki rükət namaz qıldı, sonra isə dedi: “Ey Allahım, mənə saleh bir məclis yoldaşı nəsib et!” Əlqamə deyir ki, Əbu Dərda gəlib yanımda oturdu və dedi:

Sən hardansan?

Dedi: Mən Kufəliyəm.

“İbn Ummu Abdın “And olsun bürüməkdə olan gecəyə! And olsun işıqlanmaqda olan gündüzə!” ayələrini necə oxuduğunu eşitmisənmi?”

Əlqamə dedi: “And olsun kişiyə və qadına!”

Əbu Dərda dedi: “Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə oxuduğunu eşitmişdim. Bu insanlar məni şübhəyə salana kimi də bu cür oxudum”. Daha sonra Əbu Dərda soruşdu: “Yasdıq sahibi (tərc: Abdulla ibn Məsudu nəzərdə tuturdu), başqalarının bilmədiyi sirləri bilən (tərc: Hüzeyfəni nəzərdə tuturdu) və Muhəmmədin (salləllahu aleyhi və səlləm) dili ilə şeytandan qorunan şəxs (tərc: Əmmarı nəzərdə tuturdu) sizinlə birgə deyildimi?”

Bu rəvayəti Buxari nəql etmişdir. Muslimin Əmaş vasitəsilə İbrahimdən nəql etdiyi rəvayətə görə isə Abdullanın yoldaşları Əbu Dərdanın yanına gəldilər. Əbu Dərda onları tapıb dedi: “Sizin hansınız mənə Abdullanın qiraətini oxuya bilər?” Onlar dedilər: “Hamımız”. Əbu Dərda soruşdu: “Hansınız Quranı daha yaxşı əzbər bilirsiniz?” Onlar Əlqaməni göstərdilər. Əbu Dərda soruşdu: “Sən onun “And olsun bürüməkdə olan gecəyə!” ayəsini necə oxuduğunu eşitdinmi?” Əlqamə dedi: Bəli, o belə oxumuşdu: “And olsun kişiyə və qadına!” Şəhadət edirəm ki, mən də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə oxuduğunu eşitmişəm. Bunlar isə mənim ayəni “And olsun kişini və qadını yaradana!” kimi oxumağımı istəyirlər. Ancaq mən Allaha and olsun ki, onların dediklərinə qulaq asmıram”. Bu, Buxarinin ləfzidir. Abdulla ibn Məsud və Əbu Dərda həmin ayəni bu cür oxumuşlar. Əbu Dərda bu qiraəti Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) əlaqələndirmişdir. Lakin əksər qarelər bu ayəni Osmanın  (Allah ondan razı olsun!) dünyanın hər tərəfinə yaya bildiyi Quranın mətnin olduğu kimi oxumuşlar. Belə ki, həmin mətndə ayə aşağıdakı kimi qeyd olunur: “وَمَا خَلَقَ الذَّكَرَ وَالأنْثَى” – yəni “And olsun kişini və qadını yaradana!” Allah təala öz qaranlığı və zülməti ilə bütün məxluqatı bürüməkdə “olan gecəyə” and içir. Daha sonra da öz şəfəqi və nuru ilə məxluqatı nurlandıran gündüzə and içərək buyurur: “And olsun işıqlanmaqda olan gündüzə!”

“And olsun kişini və qadını yaradana!” Allah təala digər oxşar bir ayədə buyurur ki, “Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq”. (ən-Nəbə, 8) “Biz hər şeydən cüt-cüt yaratdıq”. (əz-Zariyat, 49) And içilən şeylər bir-birinə zidd olduğu üçün andlar da ziddiyyətli olur. Ona görə də Allah təala buyurur ki, “Sizin can atdıqlarınız müxtəlifdir”. Yəni qulların qazandıqları əməllər müxtlifdir və bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, bəziləri xeyir əməllər edər, digərləri isə şər işlər görər. “Kim versə, qorxsa” Yəni Allahın əmr etdiyi şeyləri verən və Allahdan qorxan, habelə “Ən gözəl olanı təsdiq etsə” yəni bunun qarşılığında mükafat əldə edəcəyini təsdiq edərsə… Bu fikri Qatədə söyləmişdir. Xuseyf isə deyir ki, əvəzində savab qazanacağını təsdiq edərsə… İbn Abbas, Mucahid, Oikrimə, Əbu Saleh və Zeyd ibn Əsləm “Və ən gözəl olanı təsdiq etsə” ayəsi haqda deyirlər ki, yəni əvvəlkiləri təsdiq edərsə… Əbu Əbdürrəhman əs-Silmi və Dahhak isə deyirlər ki, yəni kim “Lə ilahə illallah” kəlməsini təsdiq edərsə… İkrimədən nəql olunan digər bir rəvayətdə isə deyilir ki, yəni Allahın bəxş etdiyi nemətləri təsdiq edərsə… Həmçinin, bildirilir ki, Zeyd ibn Əsləm ayəyə “namazı, zəkatı və orucu təsdiq edərsə…” mənanı vermişdir. Digər bir rəvayətdə isə Zeyd ibn Əsləm fitrə sədəqəsinin adını çəkmişdir. İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Səfvan ibn Saleh əd-Diməşqidən, o da Zuheyr ibn Muhəmməddən Ubey ibn Kəbin belə dediyini nəql edir: Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) “Ən gözəl olan”ın nə olduğu barəsində soruşdum. O isə dedi: “Ən gözəl olan – Cənnətdir!”

Sonra Allah təala buyurur: “Biz ona ən asan olanı müyəssər edəcəyik!” İbn Abbas deyir ki, yəni oan xeyri müyəssər edəcəyik. Zeyd ibn Əsləmin sözlərinə görə bu. Cənnətdir. Bəzi sələflər deyirlər ki, yaxşılığın savabı ondan sonrakı yaxşılıq, pisliyin cəzası ondan sonrakı pislikdir. Ona görə də Allah təala sonrakı ayədə buyurur ki, “Amma kim xəsislik etsə, möhtac olmadığını sansa…” İkrimə bu ayə haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Yəni kim malını verməyə xəsislik etsə və izzət və cəlal sahibi Allaha möhtac olmadığını zənn etsə…” Bunu İbn Əbu hatim rəvayət etmişdir. “Və ən gözəl olanı yalan saysa…” Yəni Axirət yurdundakı mükafatı təkzib edərsə… “Biz ona ən çətin olanı müyəssər edəcəyik!” Yəni ona şər və pislik yolunu müyəssər edəcəyik. Allah təala buyurur ki, “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq”. (əl-Ənam, 110) Bu mənada olan bir çox ayələr vardır və həmin ayələr ona dəlalət edir ki, izzət və cəlal sahibi Allah xeyir işləyənə uğur və müvəffəqiyyət, şər və pis əməllər görənə isə rüsvayçılıq və rəzillik nəsib edər. Hər şey olduğu kimi ölçülər və qarşılığı verilər. Bu haqda hədislər də olduqca çoxdur.

Əbu Bəkr əs-Siddiqin rəvayəti:

İmam Əhməd deyir: Bizə Əli ibn İyaş Təlha ibn Abdulladan nəql etdi ki, Əbdürrəhman ibn Əbu Bəkr əs-Siddiq atasının belə dediyini rəvayət edir: Mən Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedim: “Ey Allahın elçisi, biz sona çatmış bir şey üçün çalışırıq, yoxsa təzə başlayacaq şey üçün?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sona çatmış bir şey üçün!” Mən soruşdum: “Ey Allahın elçisi, bəs onda çalışmaq nəyə lazımdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Hər kəsə onun üçün yaradılana müyəssər olunacaqdır” – deyə cavab verdi.

Əli ibn Əbu Talibin rəvayəti:

Buxari deyir: Bizə Əbu Nəim Əbu Əbdürrəhman əs-Silmidən Əli İbn Əbu Talibin belə dediyini nəql etmişdir: Biz Bəqi əl-Qarqadda Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birgə cənazədə idik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Sizin içinizdə elə biri yoxdur ki, onun Cənnətdəki və ya Cəhənnəmdəki yeri yazılmamış olsun”. Oradakılar dedilər: “Ey Allahın elçisi, onda biz heç yorulmayaq”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Əməllərinizdən qalmayın! Bilin ki, hər kəs onun üçün yaradılana müyəssər olacaq” – dedi və aşağıdakı ayələri oxudu: “Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!” Buxari bu hədisi Şöbə və Vaki vasitəsilə Əmaşdan da nəql etmişdir. Hmçinin, Osman ibn Əbu Şeybə Əbu Əbdürrəhmandan nəql edir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) demişdir: “Biz Bəqi əl-Qərqadda cənazədə idik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəlib oturdu. Biz onun ətrafında oturduq. Əlində bir dəyənək də var idi. Düşünərək əlindəki dəyənəyi yerə vurdu və dedi: “Sizin içinizdə elə bir kəs (və ya yaradılmış bir nəfs) yoxdur ki, yeri Cənnətdə və ya Cəhənnəmdə yazılmasın. Hər kəsin bədbəxt və ya xoşbəxt olacağı artıq yazılmışdır”. Bir kişi soruşdu: “Ey Allahın elçisi, elə isə yazılanlara tabe olub əməllərimizdən əl çəkməyəkmi? Axı bizim hansımızın qədərinə bəxtəvər yazılıbsa, deməli bəxtəvər olacaqdır. Kimin ki, taleyində bədbəxlik varsa, deməli o bədbəxt olacaqdır”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Xoşbəxtlərə xoşbəxtlərin əməli müyəssər ediləcəkdir. Bədbəxtlərə isə bədbəxtlərin əməli müyəssər ediləcəkdir”. Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu ayələri oxudu: “Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!” Digər hədis alimləri də bu hədisi müxtəlif ravilər vasitəsilə Səid ibn Ubeydədən nəql etmişlər.

Abdulla ibn Ömərin rəvayəti:

İmam Əhmə deyir: Bizə Əbdürrəhman Şöbə vasitəsilə Asim ibn Ubeydullanın belə dediyini nəql etdi: Mən Salim ibn Abdullanın İbn Ömərdən belə rəvayət etdiyini eşitmişəm: Ömər dedi: “Ey Allahın elçisi, sən necə fikirləşirsən, biz nə üçün çalışırıq – sona çatmış bir şey üçün, yoxsa başlanan bir şey üçün?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey Xəttabın oğlu, sona çatmış şey üçün çalış! Hər kəs öz əməlinə müyəssər olunacaq. Kim xoşbəxtlərdəndirsə, xoşbəxlik üçün çalışacaqdır. Kim ki, bədbəxtlərdəndirsə, bədbəxtlik üçün çalışacaqdır”. Hədisi Tirmizi “Qədər” fəslində Bəndər vasitəsilə İbn Mehdidən nəql etmiş və həsən səhih olduğunu söyləmişdir.

Cabirin rəvayəti:

İbn Cərir deyir: Bizə Yunis İbn Vahbdan nəql etdi ki, Cabir ibn Abdullanın Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşmuşdu: “Ey Allahın elçisi, biz artıq başa çatmış bir şey üçün, yoxsa yaşayacağımız şey üçün çalışırıq?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Artıq başa çatmış bir şey üçün!” Səraqə soruşdu: “Bəs onda əməl nəyə lazımdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Bütün əməl sahibləri öz əməllərinə müyəssər olacaq” – deyə cavab verdi. Hədisi Muslim də Əbu Zahir vasitəsilə İbn Vahbdan rəvayət etmişdir.

Digər bir hədis:

İbn Cərir deyir: Yunis Süfyandan, o da Amr ibn Dinardan nəql etdi ki, Bəşir ibn Kəb əl-Ədəvi demişdir: “İki gənc oğlan Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın elçisi, biz qələmlərin quruyub qədərlərin yazıldığı kimi, yoxsa təzələnən bir şey kimi çalışırıq”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Qələmlərin quruyub qədərlərin yazıldığı kimi əməl edirik”. Cavanlar dedilər: “Bəs onda əməl nəyə gərəkdir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əməllərinizdən qalmayın! Hər bir əməl sahibi onun üçün yaradılmış əmələ müyəssər olacaq”. Cavanlar dedilər: “Bax indi biz əməllərimizə diqqət yetirərək onlara daha ciddi yanaşacağıq”.

Əbu Dərdanın rəvayəti:

İmam Əhməd deyir: Həşim ibn Xaricə Süleyman ibn Atəbə vasitəsilə nəql Əbu idrisdən, o da Əbu Dərdadan nəql edir ki, peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: “Ey Allahın elçisi, biz artıq başa çatmış əməllləri, yoxsa biz sonralar edəcəyik?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onlar artiq başa çatmış əməllərdir”. Soruşdular: “Bəs onda əməllər nəyə lazımdır?” Allah rəsulu buyurdu: “Hər kəs onun üçün yaradılmış əməllərə müyəssər olacaq”. Bu hədisin bu şəkildə rəvayəti təkcə Əhməd qeyd etmişdir.

Başqa bir hədis: İbn cərir deyir: Bizə Həsən ibn Sələmə Əbdülməlik ibn Amrdan, o da Əbu Dərdadan nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Günəşin batdığı hər gün iki mələk səslənir. Onları cin və insanlardan başqa Allahın bütün məxluqatı eşidər: “Allahım, xərcləyənin malını artır! Verməyənin isə malına tələfat ver!” Allah təala bu barədə ayə nazil etdi: “Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!” Hədisi İbn Əbu Hatim də eyni isnadla İbn Əbu Kəbşədən nəql etmişdir.

İbn Əbu Hatim deyir: Bizə Əbu Abdulla İkrimədən, o da İbn Abbasdan nəql edir ki, bir kişinin xurma ağacı var idi. Bu xurma ağacının bir budağı kasıb, ancaq əməlisaleh bir kişinin həyətinə əyilərdi. Onun ailəsi də külfət idi. Kişi evinə gəlib öz xurmasından götürmək istəyəndə xurma yerə düşərdi və kasıb kişinin uşaqları xurmanı yerdən götürərdi. Xurma sahibi bunu görüb ağacdan enər və xurmanı uşaqların əlindən alardı. Əgər uşaq xurmanı ağzına qoyardısa, xurma sahibi əlini uşağın ağzına salıb çıxardardı. Kasıb kişi xurma yiyəsinin bu davranışından Peyğəmbərə (salləllahu aleyhi və səlləm) şikayət etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “get!”deyərək həmin kişini yola saldı. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) xurma ağacının yiyəsi ilə görüşüb ona dedi: “Budağı fılankəsin evinə əyilən xurma ağacını versən, Cənnətdə də sənə xurma ağacı veriləcək”. Xurma sahibi dedi: “Mən onu sənə verərdim, ancaq həmin ağacın meyvəsi mənim çox xoşuma gəlir. Mənim çoxlu xurma ağaclarım var. Ancaq onların meyvəsi bu qədər xoşuma gəlmir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) çıxıb getdi. Onların bu söhbətini eşidən başqa bir nəfər Peyğəmbərin arxasınca gedib onu saxladı və dedi: “Ey Allahın elçisi, əgər mən həmin xurma ağacını alsam və o mənim olsa, sonra da onu sənə versəm, ona verdiyin xurma ağacı kimi mənə də Cənnətdə bir xurma ağacı verərsənmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli!” Sonra həmin kişi xurma sahibi ilə görüşdü. Hər ikisinin xurma ağacı var idi. Xurma sahibi dedi: “Sənə xəbər verim ki, budağı fılankəsin evinə əyilən xurma ağacının müqabilində Muhəmməd mənə Cənnətdə xurma ağacı vəd etdi. Mən isə dedim ki, ətkcə o ağacın xurması mənim xoşuma gəlir”. Kişi əvvəlcə susdu, sonra isə dedi: “Onu satmaq barədə fikirləşirsənmi?” Xurma sahibi cavab verdi: “Yox! Lakin dəyərini ödəsəydilər satardım. Ancaq inanmıram ki, onu ödyən tapılsın”. Kişi soruşdu: “Əvəzində nə istəyirsən?” Kişi dedi: “Qırx xurma ağacı”. Kişi dedi: “Sən nə çox istəyirsən, bir xurma ağacına qarşılıq qırx xurma ağacı?!” Hər ikisi sakit dayandı, sonra yenidən danışmağa başladılar. Kişi dedi: “Mən sənə qırx xurma ağacı verəcəm”. Xurma sahibi dedi: “Onda mənə bir şahid tap ki, sənə inanım”. Kişi bir neçə adam çağırdı və dedi: “Ey camaat, şahid olun ki, mən bu adama budağı fılankəsin evinə sallanan xurma ağacının əvəzində qırx xurma ağacı verəcəyəm”. Sonra kişi dedi: “İndi sözün nədir?” Xurma sahibi dedi: “Razılaşdım. Ancaq gəl ayrılmayaq, çünki bizim aramızda hələ alış-veriş həyata keçməyib”. Kişi dedi: “Allah cəzanı versin! Mən budağı fılan evə sallanan xurma ağacının müqabilində sənə qırx xurma ağacı verərkən, ağılsızlıq etmədim”. Xurma sahibi dedi: “Sən mənə istədiyim qırx ağacı mənə verəcəyin təqdirdə razılaşdım. Mənə artıq dikəlmiş ağacları verəcəksən”. Kişi bir qədər dayandı və dedi: “Qırx dikəlmiş xurma ağacı sənindir. Daha sonra satın alan kişi şahidləri çağırtdırıb qırx xurma ağcını sayaraq ona təhvil verdi. Sonra onlar çıxıb getdilər. Xurmaları alan kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın elçisi, budağı fılankəsin evinə sallanan ağacı aldım. Indi o sənindir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) kasıb kişinin evinə gedərək dedi: “Artıq xurma ağacı sənin və ailənindir”. İkrimə İbn Abbasdan nəql edir ki, izzət və cəlal sahibi Allah bu ayələri nazil etdi: “Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik! Amma kim xəsislik etsə, möhtac olmadığını sansa və ən gözəl olanı yalan saysa, biz ona ən çətin olanı müyəssər edəcəyik!” (surənin sonu kimi bütün ayələri oxudu.) İbn Əbu Hatim bu cür rəvayət etmişdir. Hədis olduqca qərib hədisdir.

İbn Cərir deyir ki, qeyd olunanlara görə b ayə Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) barəsində nazil olmuşdur. Bizə Harun ibn İdris əl-Əsam, Əbdürrəhman ibn Muhəmməddən, o da Abdulla ibn Zubeyrdən nəql etdi ki, Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Məkkədə İslamı qəbul edən qoca kişi və qadınları azad edərdi. Atası ona demişdi: “Ey oğlum, görürəm ki, sən sən ancaq gücsüz insanları azad edirsən. Lakin güclü adamları azad etsəydin, onlar sənə dayaq olub, müdafiəndə dayanardılar”. Əbu Bəkr (Allah ondan razı olsun!) atasına belə cavab vermişdi: “Atacan, (ravi: məncə bu cür demişdi) mən təkcə Allah dərgahında olanı istəyirəm”. Abdulla ibn Zubeyr deyir ki, ailə üzvlərimdən bəzilərinin sözlərinə görə, bu ayələr onun barəsində nazil olmuşdur: “Kim versə, qorxsa və ən gözəl olanı təsdiq etsə, biz ona ən asan olanı müyəssər edəcəyik!”

Sonrakı ayədə Allah təala buyurur: “Düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz”. Mucahid deyir ki, yəni “öləcəyi zaman… Əbu Saleh və Malik isə Zeyd ibn Əsləmdən nəql edirlər ki, yəni Cəhənnəmə düşəcəyi zaman…