Abdullah ibn İmam Əhməd deyir: Atam, Abdullah ibn Muhəmməd vasitəsilə Əbdürrəhman ibn Xalid ibn Cəbəridən nəql etdi ki, ona atası danışmışdır: O, Rəsulullahı (salləllahu aleyhi və səlləm) Səqif bazarında oxuna və ya əsasına söykənmiş halda görmüşdü. Onlardan kömək istəmək üçün gəlmişdi. Onun bu surəni oxuduğunu eşitdim: “And olsun göyə və gecə yolçusuna!” O, bu surəni axıra kimi oxudu”. Sonra Xalid ibn Cəbəl deyir ki, mən cahiliyyə dövründə müşrik idim və bunu əzbərlədim, sonra İslama daxil oldum. Müsəlman olduqdan sonra da həmin surəni oxudum. Səqif qəbiləsi məni çağırıb dedi: “O adamdan nə eşitdin sən?” Mən də onlara eşitdiyim bu surəni oxudum. Onların yanında olan qureyşlilər dedilər: “biz öz adamımızı daha yaxşı tanıyırıq. Əgər onun dediklərinin haqq olduğunu bilsəydik, mütləq biz onu qəbul edərdik.
Nəsai deyir ki, Amr ibn Mənsur, Əbu Nəim vasitəsilə Musardan, o da Muharib ibn Dəssardan nəql etdi ki, Cabir demişdir: “Muaz Məğrib namazını qıldı və “əl-Bəqərə” və “ən-Nisə” surələrini oxudu. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona belə demişdi: “Ey Muaz! Of! Of! Ət-Tariq, əş-Şəms, əd-Duha və bu kimi surələri oxumaq bəs etməzdiymi?”
Allah təbərək və təala göyə və göydə xəlq etdiyi yanıb-sönən ulduzlara and içir və buyurur: “And olsun göyə və Tariqə!” Daha sonra uca Allah buyurur: “Sən nə biləsən ki, Tariq nədir?!” Sonra isə növbəti ayə ilə bunu təfsir edərək buyurur: “O, deşib keçən ulduzdur!” Qatədə və başqaları demişlər: “Ulduz ona görə Tariq adlandırılıb ki, gecələr görsənər, gündüzlər isə gözdən itər. Bunu rəvayət olunan səhih hədis də təsdiqləyir. Belə ki, hədisdə birinin evinə qəflətən gəlmək qadağan edilir. Hədisdə qəflətən gələn Tariq sözü ilə ifadə olunmuşdur. Dua mənalı digər bir hədisdə isə “Gecə vaxtı qəflətən gələn xeyir olsun, ey Rəhman!” – deyə buyurulur. Ayədəki “Deşib keçən” ifadəsi haqda İbn Abbas demişdir: Yəni nur saçan. Suddi isə yəni üstlərinə göndərilən şeytanları deşib keçən mənasını vermişdir. İkrimə də deyir ki, o, nur saçan və şeytanları yandıran ulduzdur.
“Elə bir kəs yoxdur ki, onun üzərində mütləq bir gözətçi olmasın!” Hər kəsin üzərində onu bəlalardan qoruyan Allah tərəfindən verilmiş qoruyucular var. Uca Allah buyurur ki, “Onu öndən və arxadan təqib edənlər vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar”. (ər-Rəd, 11)
Daha sonra Allah təala buyurur: “Elə isə insan nədən yaradıldığına bir baxsın!” Burada insanın mənbəyinə nəzər salınması haqda diqqət önə çəkilir. Həqiqətən, o çox zəifdir. Həmçinin, ayədə Axirəti yada salmaq barəsində xəbərdarlıq vardır. Çünki yaratmağa qadir olan, şübhəsiz ki, başlanğıcda yaratdığı kimi, yenidən diriltməyə də qadirdir. Necə ki, uca Allah buyurur: “Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır”. (ər-Rum, 27)
Daha sonra Allah təala buyurur: “O, axıb tökülən bir sudan yaradılmışdır”. Yəni insan qadından və kişidən axaraq çıxan mənidən yaradılmışdır. Uşaq izzət və cəlal sahibi Allahın izni ilə həmin o məni suyundan doğulur. Ona görə də Allah təala buyurur ki, “Bel və köks sümüklərindən çıxır!” Yəni həmin su kişinin bel sümüyündən, qadının isə sinəsindən gələr. Şubeyb ibn Bişr İkrimə vasitəsilə İbn Abbasın “Bel və köks sümüklərindən çıxır!” – ayəsi haqda belə dediyini nəql etmişdir: “Kişinin bel sümüyü və qadının köksü sarı və incədir. Uşaq bu iksi olmadan dünyaya gələ bilməz”. Səid ibn Cubeyr, İkrimə, Qatədə, Suddi və digərləri də bu cür fikir söyləmişlər.
İbn Əbu Hatim deyir: Əbu Səid əl-Əşac, Əbu Usəmə vasitəsilə “Bel və köks sümüklərindən çıxır!”– ayəsi haqda İbn Abbasdan rəvayət etmişdir ki, o köks kəlməsi haqda izah verərək əlini sinəsinə qoymuş və köksün bu olduğunu bildirmişdir.
Dahhak və Atiyyə İbn Abbasın belə dediyini nəql etmişlər: Qadının köksü onun boyunbağı asılan yeridir. İkrimə və Səid ibn Cubeyr də bu cür qeyd etmişlər. Əli ibn Əbu Talha isə İbn Abbasın belə dediyini nəql etmişdir: Ayədəki köks mənalı ifadə iki döşün arası deməkdir. Həmçinin, İbn Abbasın belə dediyi də nəql edilmişdir ki, ayədəki köks mənalı söz çiyinlərdən sinəyə qədər olan əzadır. Süfyan əs-Sövri deyir ki, iki döşün üstüdür. Səid ibn Cubeyrin sözlərinə görə isə aşağı hissənin dörd tərəfi mənasındadır. Dahhak həmin ifadəyə iki sinə, iki ayaq və iki göz arasındakı kimi məna vermişdir. Leys ibn Səd, Mamər ibn əbu Hubeybə əl-Mədənidən nəql edir ki, ona “Bel və köks sümüklərindən çıxır!”– ayəsi haqda belə bir məlumat çatdırılmışdır: Bu qəlbin suyudur və oradan uşaq törəyər. Qatədənin isə “Bel və köks sümüklərindən çıxır!”– ayəsi haqda belə dediyi nəql edilmişdir: “Yəni bel və boyun sümükləri arasından çıxır”.
Daha sonra uca Allah buyurur: “Həqiqətən, O, onu qaytarmağa qadirdir!” Bu ayə barəsində iki görüş vardır. Birincisi, Allah təala axan suyu çıxdığı yerinə yenidən qaytarmağa qadirdir. Mucahid, İkrimə və başqaları bu cür qeyd etmişlər. İkincisi, Allah təala axan sudan yaratdığı insanı yenidən yaratmağa, Axirət diyarına qaytarmağa qadirdir. Çünki başlanğıcda yaratmağa gücü çatanın, yenidən yaratmağa da gücü çatar. İzzət və cəlal sahibi Allah bu dəlili bir neçə dəfə Qurani-Kərimdə qeyd etmişdir. Bu fikri Dahhak səsləndirmişdir. İbn Cərir Təbəri fikir üzərində dayanmış və onu üstün hesab etmişdir. Ona görə də Allah təala buyurdu ki, “Sirlərin aşkar olacağı gün”. Yəni Qiyamət günü bütün sirlər açılacaq, gizli qalan hər şey aşkara çıxacaq. Sirr deyilən bir şey qalmayacaq. Buxari və Muslimin eyni adlı “Səhih” əsərlərində İbn Ömərdən rəvayət olunan hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Hər haqsızlığa uğrayan üçün Qiyamət günü bir bayraq ucaldılar və deyilər: “Bu fılankəs oğlu fılankəs tərəfindən haqsızlığa uğrayandır”.
Daha sonra Allah təala buyurur ki, “Onun nə bir qüvvəsi, nə də bir köməkçisi var!” Yəni insan Qiyamət günü özündə bir güc tapmayacaq və özündən başqası ona kömək olmayacaq. O Qiyamət günü özünü Allahın əzabından qurtara bilməyəcək. Başqa birisi də bunu etmək iqtidarında olmayacaq.