And olsun qayıdışlı göyə!

İbn Abbasın sözlərinə görə, ayədəki qayıdışlı ifadəsi yağış mənasındadır. Ondan nəql edilən başqa bir rəvayətdə isə deyilir ki, bu, yağışla dolu buluddur. Yenədə onun belə dediyi nəql edilmişdir: “And olsun qayıdışlı göyə!” Yəni yağış endirən və yağış enən göyə…” Qatədə demişdir: Ayədən belə məna hasil olur ki, hər il qulların ruzisi qaytarılır. Əgər belə olmasa idi, həm insanlar, həm də onların saxladıqları heyvanlar həlak olardı”. İbn Zeyd deyir ki, ulduzları, günəşi, ayı döndərən göy mənasındadır. Onun sözlərinə görə, göy cisimləri bir yerdən başqa yerə həmişə hərəkətdədirlər, yerlərini dəyişərlər.

Sonra Allah təala buyurur: “And olsun yarılan yerə!” İbn Abbas ayə barəsində deyir ki, yəni yer bitkilərlə yarılmışdır. Səid ibn Cubeyr, İkrimə, Əbu Malik, Dahhak, Həsən, Qatədə, Suddi və bir çoxlarının fikri İbn Abbasın bu fikri ilə üst-üstə düşür.

“Həqiqətən o, ayırd edən kəlamdır!” İbn Abbas deyir ki, yəni haqq bir sözdür. Qatədə də bu cür qeyd etmişdir. Bir çoxları “ədalətli bir hökmdür” mənasında olduğunu da bildirmişlər. “O, əyləncə deyildir!” Yəni əksinə o, tam ciddi və haqq kəlamdır. Daha sonra Allah təala kafirlər barəsində xəbər verərək onların haqqı yalan saydıqlarını, inadkarlıq göstərib Onun yolunda əngəl törətdiklərini bildirir: “Doğrusu, onlar hiylə qururlar”. Yəni onlar öz dəvətlərində insanlara hilə qururlar ki, onları Qurandan uzaqlaşdırsınlar. Ancaq Allah təala buyurur ki, “Mən də tədbir görürəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!” Yəni gözlə, onlar barəsində tələsmə, bir az gözlə! O zaman onların başlarına gələcək əzabı, qəzəbi, fəlakəti və cəzanı görəcəksən. Necə ki, Allah təala başqa bir ayədə buyurur: “Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!” (Loğman, 24)

Ət-Tariq surəsinin təfsiri başa çatdı. Həmd və şükr Allaha məxsusdur.