ƏN-NAZİAT surəsinin təfsiri
Məkkə surələrindəndir.
(1-14 ayələr)
İbn Məsud, İbn Abbas, Məsruq, Səid ibn Cubeyr, Əbu Saleh, Əbu Duha və Suddi “And olsun sərtliklə alanlara” ifadəsi ilə mələklərin nəzərdə tutulduğunu söyləmişlər. Onların sözlərinə görə, mələklər Adəm övladlarının ruhlarını dartıb aldıqları zaman, bəziləri sərtliklə ruhu alar, söküb qopardar. Bəziləri də Adəm övladlarının ruhlarını asanlıqla, rahatlıqla alar. Sanki bir ip düyününü açarmış kimi, mələk də insanın ruhunu alar. Sonuncusu Allah təalanın “And olsun rahatlıqla alanlara” ayəsinin açıqlamasıdır. İbn Abbas deyir ki, “sərtliklə alanlar”-da məqsəd kafirlərin canlarıdır. Onlar sərtliklə alınar, sonra da Cəhənnəm alovuna atılarlar. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Mucahid demişdir: Suddi “And olsun sərtliklə alanlara”-da nəzərdə tutulan ölümdür. Həsən və Qatədə “And olsun sərtliklə alanlara; And olsun rahatlıqla alanlara!” ayələri barədə demişlər: Bunlar ulduzlardır. Atə ibn Əbu Rabəh sərtliklə alanlar və rahatlıqla alanlar döyüşə var güclə atılanlardır. Ən doğru rəy birincidir. Əksəriyyət həmin fikrin üzərində dayanmışlar.
“And olsun üzdükcə üzənlərə!” İbn Məsud bunun mələklər olduğunu söyləmişdir. Əli, Mucahid, Səid ibn Cubeyr və Əbu Salehin də belə dedikləri rəvayət olunmuşdur. Rəvayət olunur ki, Mucahid “And olsun üzdükcə üzənlərə!” ayəsində ölüm nəzərdə tutulduğunu söyləmişdir. Qatədə isə ulduzlar olduğunu demişdir. Atə ibn Əbu Rabəh isə demişdir: Bu, gəmilərdir.
“And olsun ötdükcə ötənlərə!” Əli, Məsruq, Mucahid, Əbu Saleh və Həsən əl-Bəsrinin belə dedikləri rəvayət olunur: “Onlar mələklərdir”. Həsən demişdir: Onlar iman yarışına qoşulub təsdiqdə yarışanlardır. Mucahiddən bunun ölüm, Qatədədən ulduzlar, Atədən isə Allah yolunda qaçan atlar olduğu rəvayət edilmişdir.
“And olsun işi səhmana salanlara!” Əli, Mucahid, Atə, Əbu Saleh, Həsən, Qatədə, Rabi ibn Ənəs və Suddi ayədə mələklərin nəzərdə tutulduğunu söyləmişlər. Həsən əlavə edərək bildirmişdir ki, işin səhmana salınması göydən yerə istiqamətlənib. Yəni, mələklər izzət və cəlal sahibi Rəblərinin əmri yerinə yetirərlər. Bu barədə ixtilaf yoxdur. Ancaq İbn Cərir qəti olaraq nə nəzərdə tutulduğunu qeyd etməmişdir. O, sadəcə ayədə mələklərin nəzərdə tutulduğu barədə rəvayətlər gətirmiş, ancaq bunu nə təsdiq, nə də inkar etmişdir.
“O gün sarsıntı baş verəcək. Ardınca daha bir sarsıntı!” İbn Abbas demişdir ki, üfürüləcək bu birinci və ikinci surdur. Eynilə bunu Mucahid, Qatədə, Həsən, Dahhak və bir çoxları söyləmişlər. Mucahidin belə dediyi rəvayət olunur: Birincisi – “O gün sarsıntı baş verəcək” ayəsi Allah təalanın aşağıdakı ayəsi kimidir: “O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək”. (əl-Muzzəmmil, 14) İkincisi – “Ardınca daha bir sarsıntı!” isə Allah təalanın bu ayəsi kimidir: “Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman…” (əl-Haqqə, 14) İmam Əhməd demişdir: Vaki Tufeyl ibn Əbu Kəbdən rəvayət edir ki, onun atası Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Bir sarsıntı, arxasınca da daha bir sarsıntı gələr. Ölüm də onlarla birgə gələcək”. Bir kişi soruşdu: “Ey Allahın rəsulu, mən sənə bolluca salavat gətirsəm…?!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onda Allah səni dünya və axirətin üçün maraqlandıran şeylərdə sənə bəs edər”. Tirmizi, İbn Cərir və İbn əbu Hatim Süfyan əs-Sövridən bunun isnadına oxşar hədis rəvayət etmişlər. Tirmizi və İbn Əbu Hatimin mətnlərində isə belə rəvayət olunur: gecənin üçdə ikisi keçmişdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qalxıb dedi: “Ey insanlar Allahı zikr edin! Çünki bir sarsıntı, arxasınca da başqa biri gələr. Onunla birgə də ölüm gələcək”.
“O gün qəlblər tir-tir əsəcək”. İbn Abbas “qorxaraq” – deyə məna vermişdir. Eynilə Qatədə və Mucahid də belə qeyd etmişlər. “Gözləri isə yerə dikiləcəkdir”. Yəni qəlb sahiblərinin gözləri yerə dikiləcəkdir. Gözlərin qəlbə qoşulmasının səbəbi mülabəsə üçündür. Yəni gözlər həqirdir, gördüyü dəhşətdən yerə dikilməyə məhkumdur.
“Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! –deyə, söylənərlər. Burada qureyşli müşriklər və axirəti inkar edən kəslər nəzərdə tutulur. Onlar qəbrə girdikdən sonra yenidən dirilməyi ağıllarına heç cür sığışdıra bilməzlər. Bunu Mucahid demişdir. Onlar cəsədləri çürüyüb, sümükləri və ətləri məhv olduqdan sonra yenidən dirilməyi inkar edərlər. Ona görə də “Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” – deyərlər. Ayənin ərəbcəsindəki, nəxirə (نَخِرَةً ) naxira (ناخرة ) kimi də oxunmuşdur. İbn Abbas, Mucahid və Qatədə çürümüş mənasını vermişlər. Ibn Abbas isə deyir ki, bu, qurumuş və içərisinə külək girən sümükdür. Dedilər: “Elə isə bu ziyanlı dönüşdür”. İbn Abbas, Muhəmməd ibn Kəb, İkrimə, Səid ibn Cubeyr, Əbu Malik, Siddi və Qatədənin belə dedikləri rəvayət olunur: “Hafira” ölümdən sonrakı həyatdır. İbn Zeyd bu kəlmənin Cəhənnəm olduğunu söyləmişdir. Cəhənnəmin olduqca çoxlu adları var. Məsələn, Od, Cəhənnəm, Cəhim, Səqər, Haviyə, Hafira, Lazza və Hutamə bunlardan bir neçəsidir. “Elə isə bu ziyanlı dönüşdür” ayəsinə gəlincə, Muhəmməd ibn Kəb demişdir: “Qureyşlilər deyirdilər ki, əgər öldükdən sonrta Allah bizi dirildəcəksə, biz mütləq ziyana uğrayacağıq”.
Allah təala buyurdu: “Həqiqətən, o ancaq tək bir səsdir. Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar”. Bu Allah tərəfindən bir əmrdir. Burada iki dəfə təkrar və təkid yoxdur. Bu, baş verdiyi an ayağa qalxaraq gözləyəcəklər. Bu, Allah təalanın İsrafilə əmr etməsi ilə onun yenidən dirilmək üçün sura üfürməsidir. Bu üfürmə ilə əvvəlkilər və sonrakılar izzət və cəlal sahibi Rəbbin qarşısında ayağa qalxıb gözləyəcəklər. Digər ayələrdə buyurulduğu kimi: “O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!” (əl-İsra, 52) Həmçinin, “Bizim əmrimiz (buyurduğumuz) bir göz qırpımında yerinə yetər!” (əl-Qəmər, 50) Başqa bir ayədə uca Allah buyurur: “Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar”. (ən-Nəhl, 77)
Mucahid “Həqiqətən, o ancaq tək bir səsdir” ayəsi haqda demişdir: “O, tək bir çığırtıdır”. İmrahim Teymi deyir ki, “İzzət və cəlal sahibi Rəbbin qullara ən hirsli olduğu gün onları yenidən dirildəcəyi gündür. Həsən əl-Bəsri bunun qəzəbdən bir çığırtı olduğunu bildirmişdir. Əbu Malik və Rabi ibn Ənəs isə demişlər: “Tək bir səs sonuncu sura sonuncu üfürmədir”. “Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar”. İbn Abbas deyir ki, ayənin ərəbcəsindəki (بِالسَّاهِرَة ) sözü bütünlüklə yer mənasını daşıyır. Səid ibn Cubeyr və Qatədə də belə demişlər. İkrimə, Həsən, Dahhak və İbn Zeyd isə bunun yerin üzü olduğu qənaətindədilər. Mucahid isə demişdir: “Onlar əvvəlcə yer altında idilər. sonra yerin üstünə çıxarıldılar. Bu kəlmə dümdüz yer deməkdir”. Sövri deyir ki, bu, Şam torpağıdır. Osman ibn Əbu Atikə isə bunun Beytul Məqdis torpağı olduğunu söyləmişdir. Vahb inb Münəbbih bunun Beytul Məqdisin ətrafında bir dağ olduğunu demişdir. Həmçinin Qatədə bunun Cəhənnəm olduğunu bildirmişdir. Bunların hamısı qərib rəylərdir. Ən doğru olan fikir odur ki, bu, yerin üst qatıdır.
İbn Əbu Hatim deyir ki, bizə Əli ibn Hüseyn Səhl ibn Səd Saididən nəql etdi ki, o, ”. “Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar” ayəsi haqda demişdir: “Təmiz bir çörək loxması kimi ağappaq bir torpaqdır. Rabi ibn Ənəs isə bu ayəyə oxşar olan izzət və cəlal sahibi Allahın digər ayələrini qeyd etmişdir: “Elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz və onlar bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!” (İbrahim, 48) Həmçinin, “Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq; Dümdüz bir yer edəcək. Və sən orada heç bir eniş-yoxuş görməyəcəksən!” (Taha, 105-107) Başqa bir ayədə Allah təala buyurur: “O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri düzdüz görəcəksən”. (əl-Kəhf, 47) Üzərində dağlar yerləşən bu yer dümdüz görsənər. Bura isə üstündə günah işlədilməmiş və qan axıdılmamış bir yerdir. Bu yerdən tamamilə fərqlənir.