Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.

Bu Allah təalanın əmri ilə mələklərin Məryəmə xitabı barəsində xəbərdir. Allah onu çox ibadət etməsinə, zahid olmasına, şərəfinə, pislik və vəsvəsələrdən paklığına görə seçmişdir. Böyüklüyü səbəbi ilə onu ikinci dəfə aləmlərdəki qadınlardan üstün etdiyini xəbər verir.

Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən onun “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: Əbu Hureyrə rəvayət edirdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurardı: “Dəvəyə minən qadınların ən xeyirlisi Qureyş qadınlarıdır. Onlar uşağa körpəliyində çox şəfqət göstərən, ərinin malını çox qoruyan qadınlardır. İmran qızı Məryəm isə dəvəyə heç minməmişdi.” Bunu yalnız Muslim rəvayət etmişdir. Onu Muhəmməd ibn Rafi ilə Abd ibn Humeyd, ikisi Abdurrəzaqdan bu cür rəvayət etmişlər.

Hişam ibn Urvə demişdir: Atasından, o da Abdullah ibn Cəfərdən, o da Əli ibn Əbu Talibdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Dünya qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir, dünya qadınlarının ən xeyirlisi Huveylidin qızı Xədicədir.” Bunu iki Səhihdə Hişamdan bu cür rəvayət etmişlər.

Tirmizi demişdir: Bizə Əbubəkr ibn Zəncəveyh danışdı, bizə Abdurrəzzaq danışdı, bizə Mamər danışdı, o da Qatadədən, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Dünya qadınlarından bunlar sənə yetər: İmran qızı Məryəm, Huveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə və fironun yoldaşı Asiyə.” Bunu yalnız Tirmizi rəvayət etmiş və səhihdir demişdir.

Abdullah ibn Əbu Cəfər ər-Razi atasından demişdir: Sabit əl Bunani, Ənəs ibn Malikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edərdi: “Dünya qadınlarının ən xeyirlisi dörddür: İmran qızı Məryəm, fironun yoldaşı Asiyə, Huveylidin qızı Xədicə və Rəsulullahın qızı Fatimə.” Bunu İbn Mərduveyh rəvayət etmişdir. İbn Mərduveyh, Şubənin yolundan, o da Muaviyyə ibn Qurradan, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Kişilərdən çoxu kamilliyə çatdı. Qadınlardan isə yalnız üçü kamilliyə çatdı: İmran qızı Məryəm, firon yoldaşı Asiyə və Xuveylidin qızı Xədicə. Aişənin də qadınlardan üstünlüyü, “Sərid” adlı yeməyin digər yeməklərdən üstünlüyü kimidir.”

İbn Cərir demişdir: Mənə əl-Musənna danışdı, bizə Adəm əl-Əsqəlani danışdı, bizə Şubə danışdı, bizə Amr ibn Murrə danışdı, Murrə əl-Həmədanidən eşitdim, o da Əbu Musa əl-Əşaridən danışırdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kişilərdən çoxu kamilliyə çatdı, qadınlardan isə yalnız İmranın qızı Məryəm və fironun yoldaşı Asiyə kamilliyə çatdı.”

Bunu Əbu Davud istisna olmaqla hamı Şubənin yolu ilə rəvayət etmişdir. Buxarini mətni belədir: “Kişilərdən çoxu kamilliyə çatdı, qadınlardan isə yalnız  fironun yoldaşı Asiyə və İmranın qızı Məryəm kamilliyə çatdı. Aişənin də qadınlardan üstünlüyü, “Sərid” adlı yeməyin digər yeməklərdən üstünlüyü kimidir.”

Mən də bu hədisi və mətnlərini “əl-Bidəyə və Nihəyə” kitabımızda Məryəm oğlu İsanın qissəsində geniş araşdırdım. Həmd və minnət Allahadır.

Sonra Allah mələklərdən xəbər verdi: Onlar Məryəmə çoxlu ibadət etməsini, mütilik göstərməsini, rükü və səcdə etməsini və əməllərini davamlı etməsini əmr etdi. Çünki Allah ona elə bir şey iradə və təqdir etmişdir ki, ondan əziyyət çəkəcəkdir. Uca qüdrətini onda göstərdiyi üçün onu iki dünyada ucaldacaqdı. Necə ki, ondan atasız bir övlad meydana gətirəcəkdir. O buyurur: “Ey Məryəm! Rəbbinə qunut et, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!”. Ayədə keçən qunut, mütilik ilə ibadət etməkdir. Allah buyurur: “Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona mütiliklə ilə baş əyir.” (əl-Bəqərə, 116).

İbn Əbu Hatim demişdir: Bizə Yunus ibn Abdulalə danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə Amr ibn əl-Haris xəbər verdi, o da Səmhin atası Dərracdan, o da Əbul Heysəmdən, o da Əbu Səiddən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu demişdir: “Quranda zikr olunan hər bir qunut itaətdir.” Bunu İbn Cərir də, İbn Ləhiyədən, o da Dərracdan rəvayət etmişdir. Onda zəiflik vardır.

Mucahid demişdir: Məryəm qiyamda o qədər durardı ki, topuqları şişərdi. Qunut namazda uzun rükü etməkdir. Yəni, Allahın “Ey Məryəm! Rəbbinə qunut et” əmrinə boyun əyərək belə edərdi.

Həsən də: yəni, Rəbbinə ibadət et, demişdir. “səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!” yəni onlardan ol, deməkdir. Əvzai demişdir: Məryəm mehrabında rüküda, səcdədə və qiyamda o qədər donub qaldı ki, ayaqlarından sarı su axdı. Allah ondan razı olsun.

Hafiz ibn Əsakir də onun tərcümeyi-halını qeyd edərkən demişdir: Bizə Muhəmməd ibn Yunus əl-Kudeymi danışdı – onun haqqında bəzi şeylər söyləmişlər – bizə Əli ibn Bəhr ibn Bərri danışdı, bizə Valid ibn Muslim danışdı, o da Əvzaidən, o da Yəhya ibn Əbu Kəsirdən onun “Rəbbinə qunut et, səcdə et” ayəsi barəsində bu cür dediyini danışdı: Səcdədə o qədər qaldı ki, gözlərinə sarı su gəldi.

İbn Əbiddünyə demişdir: Bizə Həsən ibn Əbduləziz danışdı, bizə Damrə danışdı, o da İbn Şəvzəbdən, o dedi: Məryəm hər gecə qüsl edərdi. Sonra Allah təala Peyğəmbərini vəziyyətdən açıq-aydın xəbərdar etdikdən sonra dedi: “Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik” yəni sənə danışdığımız bu şeylər. “Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin” Yəni, ey Muhəmməd, yanlarında deyildin ki, barəsində gördüyün kimi xəbər verəsən. Sən orada olmuş kimi və savab qazanmaq üçün Məryəmi kim himayə altına götürəcək deyə püşk atdıqları hadisəyə sanki şahid olduğun kimi Allah səni xəbərdar edir.

İbn Cərir demişdir: Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, mənə Həccac danışdı, o da İbn Cüreycdən, o da Qasım ibn Əbu Bəzzədən, ona İkrimədən xəbər vermişdir – və Əbubəkr, o da İkrimədən –, demişdir: Sonra onunla yəni, Məryəmin anası Məryəmlə çıxdı. Onu qundağı içində Musanın qardaşı Harunun oğullarından olan Bəni əl-Kəhinə gətirdi. Həmin günlərdə Beytul-müqəddəsə onlar baxırdı, bu günkü Kəbəyə baxanların durumunda idilər. Onlara dedi: Bu ləyaqətli qız uşağını götürün, mən onu bura verəcəyimə and içmişəm. Kilsəyə heyzli qadın girə bilməzdi. Onu evimə qaytara bilmərəm, dedi. Onlar dedilər: “Bu, imamımızın və qurban kəsməyi öyrədənin qızıdı.” İmran onlara namazda imam dayanırdı. Zəkəriyya dedi: Onu mənə verin, onun xalası mənim yoldaşımdır. Onlar dedilər: Buna könlümüz razı olmaz, o imamımızın qızıdır. Tövratı yazdıqları qələmlərlə püşk atdılar. Püşk Zəkəriyyəyə düşdü, o da onun himayədarı oldu.” İkrimə, Suddi, Qatadə, Rəbi ibn Ənəs və digərləri – onların danışdıqları bir-birinə qarışıb – demişlər: Onlar İordan çayına gedib orada püşk atdılar. Kimi qələmi üzməyib yerində dayansa o qazanacaqdır. Qələmləri atdılar, onların qələmləri üzüb getdi. Zəkəriyyanın qələmi yerində qaldı. Onun suyun axarına qarşı getdiyi də söylənilir. Bununla bərabər o böyükləri, seyidləri, alimləri, imamları və peyğəmbərləri idi. Allahın salavatı və salamı onun və digər peyğəmbərlərin üzərinə olsun.