Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yük-səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.

Allah Təala Peyğəmbərlərdən bəzisini bəzilərindən üstün etdiyini xəbər verir, necə ki, buyurur: “Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik.” (İsra, 55). Burada buyurur: “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış”. Musa və Muhəmmədi (salləllahu aleyhi və səlləm) qəsd edir. Adəm də elədir. Necə ki, bu mövzuda İbn Hibbanın Əbu Zərrdən (radiyAllahu ənh) rəvayət etdiyi bir hədis vardır.

bəzisini isə dərəcələrə yüksəltmişdir” Necə ki, İsra hədisində sabit olduğu kimi, Rəsulullah (salləllahu aleyhi və səlləm) göylərdə Peyğəmbərləri izzət və calal sahibi Allahın dərgahında fərqli dərəcələrə malik olduğunu görmüşdür.

Əgər deyilsə ki, bu ayə ilə İki Səhihdə sabit olan və Əbu Hureyrədən rəvayət edilən bu hədis arasında necə cəm edilir? Hədisdə deyilir: “Müsəlmanlardan biri yəhudilərdən bir nəfər ilə mübahisə etdilər. yəhudi and içərək dedi: “Xeyr, Musanı dünyalara üstün edən Allaha and olsun ki…” Müsəlman da əlini qaldırıb yəhudinin üzündən vuraraq dedi: “Ey xəbis, Muhəmməddən (salləllahu aleyhi və səlləm) üstün tutdu, deyirsən?!” yəhudi Muhəmmədin (salləllahu aleyhi və səlləm) yanına gedib müsəlmandan şikayət etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Məni digər Peyğəmbərlərdən fəzilətli  saymayın, çünki insanlar qiyamət günü çaşqınlıq içində ikən ilk ayılan mən olacağam. Musanı Ərşin ayəğından tutan olduğunu görəcəm. Bilmirəm, məndən əvvəl ayıldı, yoxsa Turdakı düşdüyü hal idi. Hər bir halda məni digər Peyğəmbərlərdən fəzilətli saymayın.” Başqa bir rəvayətdə deyilir: “Peyğəmbərləri bir-birindən üstün tutmayın.”

Bunun bir neçə açıqlaması var:

Birinci: Bu, Peyğəmbərlərdən fəzilətli olduğunu bilməzdən əvvəl idi. Bunda şübhə var.

İkinci: Bu dediyi sadəlik və təvazökarlıqdan idi.

Üçüncü: Bu qadağa məhz o cür mübahisələrə aiddir. Belə ki, düşmənçilik edərək və parçalanaraq hökm kəsilməsini istədilər.

Dördüncü: Sırf şəxsi görüş və təəssübkeşliklə fəzilətləndirməyin.

Beşinci: Kiməsə fəzilət vermək, sizə aid deyil, o yalnız izzət və calal sahibi Allaha məxsusdur. Siz də Ona itaət edin, təslim olun və Ona iman gətirin.

Biz Məryam oğlu İsayə açıq-aydın dəlillər verdik” yəni, İsrail oğullarına onun həqiqətən Allahın qulu və Rəsulu olduğuna dair dəlil sübutlar verdik. “onu müqəddəs Ruh ilə qüvvətləndirdik” yəni, Allah onu Cəbrayıl (aleyhi salam) ilə gücləndirmişdir.  Sonra Allah Təala buyurur: “Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar”. yəni, bütün bunlar Allahın qəza və qədəridir. Ona görə də buyurur: “Lakin Allah istədiyini edir”.