İmam Əbu Cəfər: “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik” ayəsində belə demişdir: yəni ey Muhəmməd, sənə elçiliyini göstərən açıq əlamətlər nazil etdik. Bu ayələr də Allahın kitabında qeyd edilən yəhudilərin gizli elmləri, gizli sirr və xəbərləri və ilk İsrail oğullarının məlumatlarıdır. Bu məlumatlar onların kitablarında idi. Bunları ancaq haham və alimləri bilərdilər. Bunlar Tövratda qeyd edilib əvvəlkilərin və sonrakıların təhrif etdikləri şeylər idi. Buna görə də Allah Təala nəbisi Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil etdiyi kitabda bunları qeyd etmişdir. Bunlar da insaflı davrananlar, həsəd və ehtiras üzündən özünü həlak etməyənlər üçün aydın ayələrdir. Çünki hər sağlam fitrət sahibi olan insanda Muhəmmədin (salləllahu aleyhi və səlləm) gətirdiklərini təsdiq edəcək bir əsas və qabiliyyəti vardır. O bunları heç bir insandan öyrənmədən və heç bir kəsdən məlumat almadan bildirdi, Allah qatından gətirdi. Necə ki, Dəhhaq rəvayət etmişdir ki İbn Abbas “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik” ayəsində belə demişdir: Sən bunları onlara oxuyur və səhərdən axşamadək onlara xəbər verirsən. Sən onların fikrincə oxuyub yazma bilməyənsən və kitab oxumamısan. Əllərindəki şeyləri onlara olduğu kimi xəbər verirsən. Allah Təala buyurur ki, bütün bunlarda onlar üçün ibrət və açıqlama vardır, əleyhlərinə dəlil vardır deyir, kaş ki, biləydilər!
Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbu Muhəmməd o da İkrimədən və yaxud Səid bin Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: İbn Surya əl-Fityuni, Rəsulullaha ﷺ dedi: Ey Məhəmməd, bizə tanıdığımız bir şey gətirmədin, Allah da sənə açıq bir ayə nazil etməmişdir ki, sənə tabe olaq. Bunun qarşılığında Allah Təala: “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər” ayəsini endirdi. Malik İbn Sayf də belə demişdir: Rəsulullah ﷺ göndərildikdə, onlara (yəhudilərə) aldıqları vədləri və Muhəmməd ﷺ haqqında verdikləri əhdi xatırlatdı. Allaha and olsun ki, Allah bizdən Muhəmməd haqqında söz almadı və o barədə bizə əmr vermədi, dedilər. Bunun qarşılığında: “Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu rədd etmirlər mi?” ayəsi endi. Həsən Bəsri, “əksinə, onların əksəriyyəti iman gətirməzlər” sözündə də: Bəli, yer üzündə nə qədər etdikləri əhd varsa hamısını pozdular. Bu gün andlaşarlar, sabah pozarlar, demişdir. Suddi də: Muhəmmədin ﷺ gətirdiyi şeylərə iman etməzlər, demişdir. Qatadə də “içərilərindən bir dəstə rədd etmirlər mi?” sözündə: içlərilərindən bir qrup onu pozar, demişdir.
İbn Cərir də belə demişdir: Ayədə qeyd edilən “nəbəzə” sözünün əsli atmaq və buraxmaqdır. Bu səbəblə atılmış uşağa “mənbuz”, deyilmişdir. Nəbiz də suyun içinə buraxılan quru xurma və üzümdür. Ebul Əsvəd əd-Duəli belə demişdir:
Ünvanına baxdım, onu atdım,
Sənin köhnə ayaqqabını atdığın kimi.
Mən də deyirəm ki: Allah onları bərk yapışıb yerinə yetirmələri lazım gələn andlaşmaları tərk etdikləri üçün qınamışdır. Bunun üçündür ki, bunun arxasınca özlərinə və bütün insanlara göndərilən elçiləri yalanlamalarından bəhs etmişdir. O elçi ki, onun sifət, xüsusiyyət və xəbərlərini kitablarında tapmaqdadırlar. Ona tabe olmaq, onu dəstəkləmək və ona kömək etməklə əmr olunmuşdurlar. Necə ki, Allah Təala belə buyurmuşdur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən Peyğəmbərin, ardınca gedərlər.” (Əraf, 157). Burada da belə demişdir: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər” yəni içərilərindən bir qrup içində Muhəmmədin ﷺ müjdəsi olan əllərindəki kitabı arxalarına atdılar, yəni olanları bilmirlərmiş kimi onu tərk etdilər. Sehr və cadu öyrənməyə yönəldilər. Buna görə də Rəsulullaha ﷺ tələ qurdular. Ona daraq, darağa yapışan tüklər, erkək xurma ağacının tumurcuğu və Ərvan quyusunun milləri altında cadu etdilər. Bunu boynuna götürən də Ləbid İbn Asam idi, Allah ona lənət etsin və ona gözəllik üzü göstərməsin. Allah da bunu Rasuluna ﷺ bildirdi. Ona şəfa verdi və onu xilas etdi. Necə ki, iki səhihdə, irəlidə qeyd ediləcəyi kimi Aişədən (Allah ondan razı olsun) geniş olaraq rəvayət edilmişdir.
Suddi də: “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə” sözü haqqında belə demişdir: Onlara Muhəmməd ﷺ gəldiyi vaxt onu, Tövratla sual-cavab etdilər və onunla müzakirə etdilər. Tövrat ilə Quran bir-biri ilə uyğun gəldi, bu vaxt Tövratı atdılar, Asafın kitabını və Harut ilə Marutun sehrini götürdülər. O da Quranla uyğun gəlmədi, məhz «sanki bilmirlər» dediyi budur. Qatadə də «sanki bilmirlər» sözündə belə demişdir: O toplum bilirdi, ancaq onlar bildiklərini atdılar, onu gizlətdilər və inkar etdilər. Avfi də təfsirində: “Şeytanların oxuduqlarının ardınca getdilər” ayəsində İbn Abbasdan bunu nəql etmişdir: Süleymanın mülkü əlindən çıxdığı zaman cinlərdən və insanlardan bəzi tayfalar dindən döndülər, istəklərinə uydular. Allah, Süleymana mülkünü geri verincə insanlar keçmişdəki kimi dinlərinə döndülər. Süleyman da yazdıqlarını tapdı, onları taxtının altına basdırdı. Süleyman bundan az müddət sonra vəfat etdi. Bu dəfə insanlar və cinlər Süleymanın vəfatından sonra o kitabları ələ keçirdilər və: Bu, Allahdan Süleymana endirilən kitabdır, onu bizdən gizlətdi, dedilər. Ona əsaslanıb, onu özlərinə din etdilər. Bunun qarşılığında Allah Təala “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyan bir elçi gəldikdə” ayəsini endirdi. Onlar da şeytanların oxuduğu nəfislərinə xoş gələn şeylərə tabe oldular. Bunlar da çalğılar, oyunlar və Allahın zikrindən uzaqlaşdıran hər şeydir.
İbn Əbu Hatim belə demişdir: Bizə Əbu Səid əl-Əşəc Əbu Sələmədən, o da Aməşdən, o da Minhaldan, o da Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Asaf, Süleymanın katibi idi. Əzəmətli adı bilirdi. Hər şeyi Süleymanın əmri ilə yazar və onu kürsüsünün altına basdırardı. Süleyman ölüncə şeytanlar onu çıxartdılar, hər iki sətirinin arasına bir sehr və küfr yazdılar: Süleymanın tətbiq etdiyi bu idi, dedilər. Deyir ki: Cahil insanlar onu inkar etdi və ona söydülər. Alim insanlar da duruxdular. Cahil insanlar ona söyməyə davam etdilər, o vaxta qədər ki, Allah Təala Muhəmmədə ﷺ: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi.
İbn Cərir belə demişdir: Mənə Əbussaib Sələm İbn Cunadə əl-Suvai o da Əbu Müaviyədən, o da Aməşdən, o da Minhaldan, o da Səid bin Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Süleyman (ona salam olsun) ayaqyoluna girmək və ya xanımlardan birinə yaxınlaşmaq istədiyi zaman möhürünü xanımı Cəradəyə verirdi. Allah Süleymanı düçar etmək istədiyi şey ilə sınağa çəkəcəyi vaxt, bir gün möhürünü Cəradəyə verdi. Şeytan da Süleymanın surətində gəldi: Möhürümü ver, dedi. Aldı, barmağına keçirdi. Onu barmağına taxınca şeytanlar, cinlər və insanlar ona itaət etdilər. Süleyman xanımının yanına gəldi: Möhürümü ver, dedi. O da: Sən yalan deyirsən, sən Süleyman deyilsən, dedi. Süleyman bunun bir sınaq olduğunu anladı. Deyir ki: Şeytanlar getdilər, o günlərdə içində sehr və küfr olan kitablar yazdılar. Onları Süleymanın kürsüsünün altına basdırdılar. Sonra da onları çıxardılar, insanlara oxudular: Süleyman insanları bu kitablarla özünə təslim edirdi, dedilər. İnsanlar Süleymandan uzaqlaşdılar, Allah təala Muhəmmədi ﷺ göndərincəyə qədər onu kafir hesab etdilər. Ona: “Süleyman kafir olmadı. Lakin şeytanlar… kafir oldular.” ayəsini endirdi.
Sonra İbn Cərir belə dedi: Bizə İbn Humeyd Cərirdən, o da Hüseyn İbn Əbdürrəhmandan rəvayət etdi ki, İmran İbn əl-Haris deyir ki: Biz İbn Abbasin (Allah ondan razı olsun) yanında idik. Birdən bir adam gəldi. ona: “Haradan gəldin?” dedi. O da: İraqdan, dedi. O da: “Harasından?” dedi. O da: “Küfədən.” Dedi “Nə xəbər var?” Dedi. O da dedi: “Mən onlardan ayrıldığım zaman Əlinin onların üzərinə gələcəyindən bəhs edirdilər”. İbn Abbas narahat oldu, sonra da: “Sən nə deyirsən?! Atasız qalasan! əgər başa düşsəydik qadınlarını nikahlamaz, miraslarını paylamazdıq. Amma mən sizə bunu rəvayət edim, dedi: Şeytanlar göydən söz oğurluğu edərdilər. Biri eşitdiyi haqq bir sözü gətirər, təcrübə edər və doğru çıxdığı vaxt yanında yetmiş yalan söyləyərdi. Deyir ki: Bu da insanların qəlblərinə yayılardı. Deyir ki: Allah bunları Süleymana vermişdir, o da onları taxtının altına basdırdı. Süleyman vəfat edincə yol şeytanı qalxdı: «Sizə heç kimin yaxınlaşa bilmədiyi bənzəri olmayan xəzinəni göstərimmi?» dedi. Onu çıxartdılar. Onun sehri budur, dedilər. Millətlər onları nüsxələdilər, bax İraq xalqının bu gün danışdıqları şey odur, dedi. Bunun qarşılığında Allah Təala: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. Hakim, “Müstədrak” əsərində Əbu Zəkəriyya əl-Ənbaridən, o da Muhəmməd İbn Abdüssəlamdan, o da İshaq İbn Ibrahimdən, o da Cərirdən belə rəvayət etmişdir.
Suddi də: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər” ayəsində belə demişdir: Süleymanın dövründə deməkdir. Deyir ki: Şeytanlar göyə çıxardılar, orada qulaq asma yerlərində dayanar, mələklərin yer üzündə ölüm, qeyb və ya bir şey üzərində danışmalarını dinləyərdilər. Kahinlərin yanına gəlib onlara xəbər verərdilər. Kahinlər də insanlara danışardılar. Onlar da deyilənlərin deyildiyi kimi olduğunu görərdilər. Kahinlər onların etibarını qazandıqdan sonra onlara yalan söylədilər, içinə başqa şeylər əlavə etdilər. Bir sözün yanına yetmiş söz əlavə etdilər. İnsanlar bu danışılan şeyləri kitablara yazdılar. İsrail oğulları arasında cinlərin qeybi biləcəyi inancı yayıldı. Bir müddət sonra Süleyman (ona salam olsun) göndərildi. O kitabları yığdı, bir sandığın içinə qoydu. Sonra da onları taxtının altına basdırdı. Nə zaman bir şeytan taxtına yaxınlaşmaq istəsə yanardı. Və belə dedi: Kimdən şeytanların qeybi bildiklərini söylədiyini eşidərsəm boynunu vuraram. Süleyman vəfat etdikdən sonra onun əmrlərini bilən alimlər də gedib yerinə başqa bir nəsil gəlincə, şeytan bir insan surətinə girdi. Sonra da İsrail oğullarının yanına gəldi və dedi: “Sizə heç bir zaman yeyib bitirə bilməyəcəyiniz bir xəzinə göstərimmi?” Onlar da: Bəli, dedilər. O da: taxtın altını qazın, dedi və onlarla birlikdə getdi. Onlara yeri göstərdi və bir kənarda durdu. Ona: yaxınlaş, dedilər. O da: Xeyr, ancaq mən burada sizin yanınızdayam. Əgər dediyimi tapmasanız məni öldürün, dedi. Onlar da qazdılar, kitabları tapdılar. Çıxartdıqları zaman şeytan dedi: Süleyman insanlara, cinlərə və quşlara bu sehr ilə nəzarət edirdi. Sonra da uçub getdi. İnsanlar arasında Süleymanın sehrbaz olduğu yayıldı. İsrail oğulları o kitabları aldılar. Muhəmmədin ﷺ yanına gəlib bu barədə onunla mübahisə etdilər. Məhz “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” dediyi budur.
Rəbi İbn Ənəs deyir ki: yəhudilər bir zaman Muhəmməddən ﷺ Tövrat haqqında soruşdular. Ondan nə soruşdularsa Allah Təala soruşduqları şeyin cavabını endirdi. O da onlarla müzakirə etdi. Bunu görüncə: Bu, bizə nazil ediləni bizdən daha yaxşı bilir, dedilər. Onlar ona sehrdən soruşdular və o mövzuda onunla müzakirə etdilər. Bunun qarşılığında Allah Təala: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. Şeytanlar bir kitabı gətirdilər, onun içinə sehr və kəhanət yazdılar. Onu da Süleymanın oturduğu taxtın altına basdırdılar. Süleyman qeybi bilmirdi. Süleyman dünyadan ayrıldıqda o sehri çıxardılar və insanları aldatdılar. Süleymanın gizlətdiyi və insanlara qısqandığı elm bu idi, dedilər. Rəsulullah ﷺ onlara bu hədislə həqiqəti xəbər verdi. Onlarda onun yanından məğlub olaraq ayrıldılar.
Mucahid də: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər.” ayəsində belə demişdir: Şeytanlar vəhyə qulaq asırdılar. Eşitdikləri bir sözə iki yüz misli əlavə edərdilər. O yazdıqları şeylərə görə Süleyman (ona salam olsun) göndərildi. Süleyman vəfat edincə şeytanlar onu tapdılar və onu insanlara öyrətdilər, o da sehr idi. Səid İbn Cubeyr də belə demişdir: Süleyman şeytanların əllərində olan sehri araşdırdı. Onlardan alıb onu xəzinə otağındakı taxtının altına basdırdı. Şeytanlar onu tapa bilmədilər. İnsanlara qarışıb: «Süleymanın şeytanları, küləkləri və digər şeyləri əmrinə aldığı elmi bilirsinizmi?» dedilər. Onlar da: Bəli, dedilər. Şeytanlar da: O xəzinə otağında taxtın altındadır, dedilər. İnsanlar bu barədə müzakirə etdilər, onu çıxarıb onunla əməl etməyə başladılar. Ağıllı olanlar: Süleyman bunu bilirdi, bu sehrdir, dedilər. Bunun qarşılığında Allah Təala elçisi Muhəmmədin ﷺ dili ilə Süleymanın bəraətini endirdi: “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” dedi.
Muhəmməd İbn İshaq İbn Yasər belə demişdir. Şeytanlar Davud oğlu Süleymanin (ona salam olsun) ölümünü öyrənincə gedib müxtəlif sehrlər yazdılar: Kim bir şeyi əldə etmək istəsə, bunu belə etsin, deyə yazdılar. Sehrləri açıqladılar. Onu bir kitaba qeyd etdilər, onu Süleymanın möhürünün saxtası ilə möhürlədilər. Üzərinə də: Bu, Davud oğlu Süleymanın vəziri Asəf İbn Bərhiyanın elm xəzinəsinə dair yazdığı kitabdır, yazdılar. Sonra da onu taxtın altına basdırdılar. Daha sonra da onu İsrail ogullarının sonradan gələn nəsilləri çıxartdılar, yalanlarını oraya əlavə etdilər. Bunlar ortaya çıxdıqda: Allaha and olsun ki, Süleyman mülkünü bununla idarə edirdi, dedilər. Sehri insanların arasında yaydılar. Onu öyrənib öyrətdilər. Buna görə ən çox sehr yəhudilərdədir. Allah onlara lənət etsin. Rəsulullah ﷺ özünə vəhy gəldikdə Davud oğlu Süleymandan bəhs edib onu da elçilərdən sayınca, Mədinədəki yəhudilər: Görürsünüz, Muhəmməd Davudun oğlunu nəbi sayır, halbuki o ancaq bir sehrbaz idi, dedilər. Allah Təala da bu mövzuda: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi.
İbn Cərir belə demişdir: Bizə Qasim Hüseyndən, o da Həccacdan, o da Əbu Bəkrdən rəvayət etdi ki, Şəhr İbn Havşəb belə dedi: Süleymandan mülkü alınınca şeytanlar Süleyman olmadığı vaxtı sehri yazardı: Kim bunu etmək istəsə üzünü günəşə çevirsin, belə belə desin. Kim bunu etmək istəsə, arxasını günəşə çevirsin belə belə desin, yazdılar. Başlıq olaraq: Bu; Davud oğlu Kral Süleymanın vəziri Asəf İbn Bərhiyanın yazdığı elm xəzinələridir, yazdılar. Sonra da onu taxtının altına basdırdılar. Süleyman Aleyhissalam vəfat etdikdə, lənətlənmiş İblis gəldi, onlara belə bir xitab etdi: Ey insanlar, Süleyman nəbi deyildi. Ancaq bir sehrbaz idi. Onun sehrini əşyalarının və evlərinin içində axtarın, dedi. Sonra da onlara bunların basdırıldığı yeri göstərdi. Onlar da: Vallahi, Süleyman sehrbaz imiş, baxın sehri də budur. Bizi bununla kölə edib və bizi bununla sıxışdırmışdı, dedilər. Möminlər isə: Xeyr, o imanlı bir nəbi idi, dedilər. Allah Təala Muhəmmədi ﷺ nəbi olaraq göndərib Davud ilə Süleymandan bəhs edincə, yəhudilər: Muhəmmədə baxın, haqqı batillə qarışdırır, Süleymanı da nəbilər arasında zikr edir. Halbuki o küləkdən istifadə edən bir sehrbaz idi, dedilər. Allah Təala da bu ayəni nazil etdi.
İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Abdulalə əs-Sanani Mutəmir İbn Süleymandan, o da İmran İbn Xudeyrdən rəvayət etdi ki, Əbu Micləz belə demişdir: Süleyman (ona salam olsun) hər canlıdan əhd almışdı. Bir adam tutulduğu zaman o əhdi xatırladarsa onu sərbəst buraxardı. İnsanlar buna səci ilə sehri də əlavə etdilər: Davud oğlu Süleyman bununla iş görürdü, dedilər. Allah Təala da: “Süleyman kafir olmadı. Lakin şeytanlar … kafir oldular.” ayəsini endirdi. İbn Əbu Hatim belə demişdir. Bizə İsam İbn Ravvad, Adəmdən, o da Məsudidən , o da İbn Musabın azad etdiyi köləsi Ziyaddan rəvayət edir ki, Həsən Bəsri, “şeytanların oxuduqlarının ardınca getdilər” ayəsi haqqında: Onun üçdə biri şer, üçdə biri sehr, üçdə biri də kahinlikdir, demişdir. Bizə Həsən İbn Əhməd İbrahim İbn Abdullah İbn Bəşər əl-Vasitidən, o da Surur İbn Muğiradan, o da Abbad İbn Mənsurdan rəvayət edir ki, Həsən “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər” ayəsi haqqında belə demişdir: Səltənətində yəhudilər ona tabe oldular. Sehr ondan əvvəl də yer üzündə var idi, ancaq, Süleymanın səltənətində tətbiq olundu. Bu deyilənlər bu məqamda sələf alimlərinin dediklərindən bir hissədir. Başa düşən insanlar üçün hekayənin məğzi, onun əvvəlinin və yekununun cəmi gizli deyil və bu haqda varid olan rəvayətlər onlar üçün ziddiyyətli deyil. Yol göstərən Allahdır.
“Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər”: yəni yəhudilər əllərindəki Allahın kitabından üz çevirdikdən və Allahın elçisi Muhəmmədə ﷺ qarşı çıxdıqdan sonra şeytanların oxuduğu şeylərə tabe oldular, yəni rəvayət edib xəbər verdikləri və şeytanların Süleymanın səltənətində oxuduqları şeyə tabe oldular, deməkdir. “Tətlu” sözünün “alə” ədatı ilə işlənməsi, yalan danışma mənasını da ehtiva edir. İbn Cərir də belə demişdir: Burada “alə” “fi” mənasındadır, yəni Süleymanın səltənətində oxuduqlarına, deməkdir. Bunu İbn Cureyc ilə İbn İshaq nəql etmişlər.
Mən də deyirəm ki: Yalan mənasını ehtiva etməsi daha gözəl və daha qənaətbəxşdir. Allah ən doğrusunu biləndir. Həsən Bəsrinin (Allah ona rəhmət etsin), Süleyman İbn Davuddan əvvəl də sehr vardı, sözü, doğrudur, buna şübhə yoxdur. Çünki sehrbazlar Musanın və ondan sonra Davud oğlu Süleymanın dövründə da vardı. Necə ki, Allah Təala belə demişdir: “Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz Peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” (Bəqərə, 246). Sonra rəvayəti açıqladı, içində belə qeyd olunub: “Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi” (Bəqərə, 251). Saleh qövmü də, Allahın elçisi Salehə “Sən yalnız və yalnız sehrlənmişlərdənsən” (Şuəra, 153) dedilər ki, onlar da İbrahimdən (ona salam olsun) əvvəl idilər.
Və belə demişdir: “Lakin şeytanlar iki mələyə nazil olmayan sehri insanlara və Babildə Harut və Maruta öyrədərək kafir oldular. Onlar: «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»– deməmiş onu heç kəsə öyrətmirdilər. Onlar ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”. İnsanlar bu mövzuda ixtilaf etdilər; bəziləri “mə unzilə”dəki “mə” nin inkar ədatı olduğunu dedilər. Qurtubi də belə demişdir: “Mə” inkar ədatıdır və “və mə kəfəra suleymanu” ayəsinə bağlıdır. Sonra da “Lakin şeytanlar iki mələyə nazil olmayan sehri insanlara və Babildə Harut və Maruta öyrədərək kafir oldular” dedi. Çünki yəhudilər Cəbrail ilə Mikailin sehr endirdiklərini iddia edərdilər. Allah onları təkzib etdi və “Haruta və Maruta” sözünü şeytanlarla əvəz etdi. Deyir ki: Bu da doğrudur; cəm ikiyə də deyildiyi üçün belədir. Necə ki, “Əgər ölənin qardaşları varsa” (Nisə: 11) demişdir, yaxud o ikisinə tabe olanlar olduğu üçündür, və ya onların arasından o ikisinin azğın olmalarına görədir. Qurtubiyə görə kəlamın nəzərdə tutulan mənası belədir: yuallimunə nnəsə ssihra bibabilə Harutə və Marut (onlarBabildə Harut Marutla birgə insanlara sehr öyrədirdilər). Sonra da belə demişdir: Ayənin önə çıxarılacaq ən üstün və ən doğru şərhi budur. Geridə qalanına fikir verilməz (təfərruatdır).
İbn Cərir sənədiylə Avfinin yolu ilə, İbn Abbasın “və mə unzilə aləl melekeyni bibabilə” ayəsində Allah sehr endirmədi dediyini rəvayət etmişdir. Rabi İbn Ənəsin rəvayətində: Allah onlara sehr endirmədi, demişdir.
İbn Cərir belə demişdir: ayənin təfsiri belədir: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər” yəni sehrin arxasınca getdilər. Süleyman kafir olmadı və Allah iki mələyə sehr endirmədi. Əksinə şeytanlar kafir oldular, insanlara sehri öyrədirdilər. Babildə də Harut ilə Maruta. Belə olduqda ayədəki “Babildə Harut ilə Marut” sözü cümlənin sonunda işlənsə də mənaca əvvəlinə aiddir. Əgər bir nəfər bizə: “Bu əvvələ aid olmağın izahı nədir?” deyə soruşsa, ona, bunun izahı belədir, deyilər: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər” yəni sehrin arxasınca getdilər. Süleyman kafir olmadı və Allah iki mələyə sehr endirmədi. Əksinə şeytanlar kafir oldular, insanlara sehri öyrədirdilər. Babildə də Harut ilə Maruta. Burada iki mələk sözündə məqsəd Cəbrail ilə Mikaildir (onlara salam olsun). Çünki izah edildiyinə görə yəhudilər Allahın, Cəbrail ilə Mikailin dili ilə Davud oğlu Süleymana sehr endirdiyini iddia edirdilər. Allah da onları bu məsələdə yalançı çıxartdı. Elçisi Muhəmmədə ﷺ, Cəbrail ilə Mikailin sehr endirmədiklərini xəbər verdi. Süleymanıda da onların nisbət etdikləri sehrdən təmizə çıxartdı. Sehrin şeytanın işlərindən olduğunu və onların insanlara Babildə bunu öyrətdiklərini xəbər verdi. Öyrədən iki adamın adlarının da Harut ilə Marut olduğunu xəbər verdi. Bu izaha görə Harut ilə Marut insanlardandır və bu onlara təkzib olur. Bax onun hərf-hərf dediyi budur.
İbn Əbu Hatim belə demişdir: Mənə Ubeydullah İbn Musa, Fudayl İbn Mərzukdan rəvayət etdi ki, Atiyyə “və mə unzilə aləl mələkeyni» sözündə: Allah Cəbrail ilə Mikailə sehr nazil etməmişdir, demişdir. İbn Əbu Hatim dedi: Bizə Fadl İbn Şazan, Muhəmməd İbn İsadan, o da Mualladan yəni İbn Əsəddən, o da Bəkr İbn Musabdan rəvayət etdi ki, Həsən İbn Əbu Cəfər belə deyərdi: Əbdürrəhman İbn Əbza; “və mə unzilə aləl mələkəyni Davudə və Suleymənə” oxuyardı. Əbu Aliyə də: O ikisinə sehr endirilmədi deyərdi. İmanı və küfrü bildilər: sehr də küfürdəndir. Onlar sehrdən şiddətlə çəkindirərdilər. Bunu İbn Əbu Hatim rəvayət etdi. Sonra da İbn Cərir bu fikri rədd etməyə çalışdı. “Mə” “əlləzi” mənasındadır, dedi. Bu mövzuda uzun-uzadı danışdı. Harut ilə Marutun iki mələk olduqlarını, Allahın onları yerə endirdiyini iddia etdi. Qulları sınamaq və imtahan etmək üçün sehr öyrətmələrinə icazə verdi. Bunun da elçilərinin dilləri ilə qadağan olduğunu açıqladı. Harut ilə Marutun bunu öyrətmədə itaətkar olduqlarını iddia etdi. Çünki onlar əmrə tabe olmuşdular. Getdiyi bu yol həqiqətən çox qəribədir. Bundan daha qəribəsi də Harut ilə Marutun cinlərdən iki qəbilə olduğunu iddia edənlərin sözüdür. Necə ki, İbn Həzm də belə iddia etmişdir. İbn Əbu Hatim, sənədiylə Dəhhaq İbn Muzahimdən “və mə unzilə aləl mələkəyni” ayəsindən: Onlar Babil xalqından iki inkarçı idilər deyə oxuduğunu rəvayət etmişdir. Bu rəy sahiblərinə görə “əl inzəl” sözü vəhy deyil, yaratma mənasındadır. Necə ki, burada “və mə unzilə aləl mələkəyni” də belədir. Və necə ki, “O sizdən ötrü səkkiz cüt heyvan endirdi.” (Zumər, 6) və “Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik” (Hədid, 25), “Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur” (Ğafir, 13) ayələrində olan “əl inzəl” sözləri yaratma mənasındadır. Buxarinin rəvayətində belə deyilmişdir: Allah nə vaxt bir xəstəlik endirsə dərmanını da endirmişdir. Necə ki: “Allah xeyri və şəri endirdi” deyilir ki, bu da yaratdı, mənasınadır. Qurtubi, İbn Abbas, İbn Əbza və Həsən Bəsridən, “ləm”-ın kəsrə ilə “məlikeyni” oxuduqlarını nəql etmişdir. O iki məlik də Davud ilə Süleymandır. Qurtubi belə demişdir: Buna görə “mə” ədatı inkar üçündür. Başqaları da «yuallimani nnəsə ssihr» ayəsinin üzərində dayanılmasının əhəmiyyətliliyinə və “mə”-nin də inkar ədatı olduğuna inanmışlar.
İbn Cərir belə demişdir: Mənə Yunus İbn Vəhbdən, o da Leysdən, o da Yəhya İbn Səiddən, o da Qasim İbn Muhəmməddən rəvayət edir ki, ona bir nəfər “Lakin şeytanlar iki mələyə nazil olmayan sehri insanlara və Babildə Harut və Maruta öyrədərək kafir oldular” ayəsi haqqında dedi: “insanlara sehr öyrədirlər, onlara sehr nazil edilmədi, özlərinə nazil edilməyən şeyi insanlara necə öyrədirlər?” dedi. Qasim də: Hansının olduğu məni maraqlandırmır, dedi. Sonra Yunusdan, o da Ənəs İbn İyaddan, o da bir dostundan rəvayət etmişdir ki, Qasim bu rəvayət haqqında demişdir: Hansı olursa olsun mənə fərq etmir, mən ona iman etdim, dedi. Sələfdən çoxları da o ikisinin göydə iki mələk olduqlarını söyləmişlər. Onlar yerə endilər. Başlarından bu macəra keçdi. Bu barədə mərfu bir hədis rəvayət edilmişdir. Onu da imam Əhməd “Musnəd” əsərində rəvayət etmişdir. İrəlidə onu zikr edəcəyik Allahın iznilə, bununla və mələklərin günahsız olması məsələsi arasında belə cəm edilir ki, onlar Allahın elmində belə yer almışdır. O zaman bu, o iki mələyə məxsus idi. Bu vəziyyətdə ziddiyyət qalmaz, necə ki, onun əzəli elmində İblis üçün də belə bir şey yer almışdı. Çünki o da mələklərdəndi, çünki “Bir zaman mələklərə: «Adəmə səcdə edin!»– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi” (Taha, 116) deyilmişdir. Bundan başqa da belə ayələr vardır. O ki qaldı, Harut ilə Marut haqqında deyilənlərə, onların əməli İblisin etdiklərindən daha yüngüldür. Bunu da Qurtubi Əli, İbn Məsud, İbn Abbas, İbn Ömər, Kəbu-Ahbar, Suddi və Kəlbidən nəql etmişdir.
Bu barədə varid olan səhih və mərfu hədislər və onların haqqında mülahizələr:
İmam Əhməd İbn Hənbəl (Allah ona rəhmət etsin) Müsnəd əsərində belə demişdir: Bizə Yəhya İbn Bukəyr, Zuhəyr İbn Muhəmməddən, o da Musa İbn Cubeyrdən, o da Nafidən, o da Abdullah İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət edir ki, Rəsulullah ﷺ belə demişdir: Adəm (ona salam olsun) Allah tərəfindən yer üzünə endirildikdə mələklər dedilər: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”, dedilər. O da: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə, 30) dedi. Onlar da: Ey Rəbbimiz, biz sənə «Adəm oğullarından daha itaətkarıq, dedilər. Allah Təala da mələklərə: Mənə iki mələk gətirin, onları yerə endirək, nə edəcəklərinə baxaq, dedi. Onlar da: Ey Rəbbimiz, Harut ilə Marut olsun, dedilər. O ikisi yerə endilər. Zöhrə ulduzu onlara qadın cildində ən gözəl bir insan surətində gəldi. Ondan murad almaq istədilər. O da: Xeyr, Allaha and olsun ki, şirk olan bu sözü deməsəniz olmaz, dedi. Onlar da: Vallahi Allaha əsla heç bir şeyi şərik qoşmarıq, dedilər, qadın da onlardan ayrıldı. Sonra bir uşaqla birlikdə gəldi, onlar yenə ondan murad almaq istədilər. Qadın da: Xeyr vallahi, bu uşağı öldürməsəniz olmaz, dedi. Onlar da: Xeyr vallahi, onu heç bir zaman öldürmərik, dedilər. Qadın da getdi, sonra bir qədəh şərab ilə geri qayıtdı. O ikisi ondan yenə murad almaq istədilər, o da: Xeyr vallahi, bu şərabdan içmədikcə olmaz, dedi. Onlar da içdilər, sərxoş oldular, qadına təcavüz edib oğlan uşağını öldürdülər. Ayıldıqları vaxt qadın: Allaha and olsun ki, rədd etdiyiniz hər şeyi sərxoş olduqda etdiniz, dedi. Onlar da dünya əzabı ilə axirət əzabı arasında sərbəst buraxıldılar. Onlar da dünya əzabını seçdilər.
İbn Əbu Hatim, İbn Hibban da bunu Səhihində Həsən İbn Sufyandan, o da Əbu Bəkr İbn Əbi Şeybədən, o da Yəhya İbn Bukəyrdən belə rəvayət etmişdir. Bu hədis bu yoldan qəribdir. Bütün raviləri etibarlıdır, Buxari ilə Muslimin raviləridir. Ancaq Musa İbn Cubeyr xaric!. O isə Ənsaridir. Suləmi qəbiləsinə mənsubdur. Həzzə ləqəbi ilə tanınır. O İbn Abbas, Əbu Ümamə İbn Səhl İbn Hunəyfdən, Nəfidən, Abdullah İbn Kab İbn Malikdən də rəvayət etmişdir. Ondan da oğlu Abdussəlam, Bəkr İbn Mudar, Zuheyr İbn Muhəmməd, Səid İbn Sələmə, Abdullah İbn Ləhiya, Amir əl-Haris, Yəhya İbn Əyyub da rəvayət etmişlər. Əbu Davud və İbn Macə də ondan rəvayət etmişlər. Onu İbn Əbi Hatim “Cərh və tadil” kitabında zikr etmiş, haqqında məlumat verməmişidr. O bu səbəblə halı bilinməyən biridir. Ömərin azad etdiyi köləsi Nəfi də tək başına ondan, o da Rəsulullahdan ﷺ rəvayət etmişdir. Onun başqa bir yoldan da Nəfidən şahidi vardır. Necə ki, İbn Mərduveyh belə demişdir: bizə Daləc İbn Əhməd, Hişam İbn Əli İbn Hişamdan, o da Abdullah İbn Rəcadan, o da Səid İbn Sələmədən, o da Musa İbn Sərcisdən, o da Nəfidən, o da İbn Ömərdən, o da Rəsulullahdan ﷺ eşitmiş….., onu uzun-uzadı izah etmişdir.
Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə Qasim Hüseyndən, o da təfsir sahibi Sunəyddən, o da Fərəc İbn Fadaldan, o da Muaviyə İbn Salihdən, o da Nəfidən rəvayət edir ki, İbn Ömərlə, səfər etdim, gecənin sonu olduqda: “Ey Nəfi, qırmızı ulduz çıxdı mı?” dedi. Mən də iki və ya üç dəfə: Xeyr, dedim. Sonra da: çıxdı, dedim. O da: Ona xoş mərhaba, əhlən və səhlən yoxdur, dedi. Mən də: Sübhan Allah, Allahın əmrində, sözünü dinləyən və itaət edən bir ulduzdur, dedim. O da: Mən sənə ancaq Rəsulullahdan ﷺ eşitdiyim şeyi deyirəm, dedi. Mələklər: «ya Rəbbi, sən Adəm oğullarının səhv və günahlarına necə səbr edirsən?» dedilər. O da: Mən onları sınağa çəkdim, sizə isə rahatlıq verdim, dedi. Onlar da: Biz onların yerində olsaydıq sənə üsyan etməzdik, dedilər. O da: Elə isə içinizdən iki mələk seçin, dedi. Onlar da bir çox tərəddüddən sonra Harut ilə Marutu seçdilər. Bu iki rəvayət çox qəribdir.
Bunun ağıla ən yaxın olanı Abdullah İbn Ömərin Rəsulullahdan ﷺ deyil, Kəb ul-Əhbardan rəvayət etməsidir. Necə ki Abdurrəzzaq təfsirində belə demişdir. Bizə Sevri Musa İbn Ukbədən, o da Səlimdan, o da İbn Ömərdən, o da Kəb ul-Əhbardan rəvayət etdi ki, o deyir ki: Mələklər Adəm oğullarının əməllərindən və etdikləri günahlardan bəhs etdilər. Onlara: içinizdən iki nəfər seçin, deyildi. Onlar da Harut ilə Marutu seçdilər. Allah onlara: Mən Adəm oğullarına rəsullar göndərirəm, mənimlə sizin aranızda isə rəsul yoxdur. Yerə enin, mənə heç bir şeyi şərik qoşmayın, zina etməyin və içki içməyin, dedi. Kəb deyir ki: Allaha and olsun ki, yerə endikləri günün axşamı olmadan qadağan edildikləri şeylərin hamısını etdilər.
Bunu İbn Cərir iki yolla Abdurrəzzaqdan belə rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də Əhməd İbn İsamdan, Muəmmildən, Sufyan Səvridən rəvayət etmişdir. Bunu yenə İbn Cərir rəvayət etmiş, mənə Musənna xəbər verdi, demişdir, ona Muallə İbn Əsəd o da Əbdüləziz İbn Muxtardan, o da Musa İbn Ukbədən, o da Səlimdən o da Abdullah İbn Ömərdən, o da Kəb ul-Əhbardan eşitmişdir. Bu sənəd Abdullaha nisbətləndirilən əvvəlki iki sənəddən daha sağlamdır. Səlim də atası və İbn Ömərin azad etdiyi köləsi Nəfidən daha mötəbərdir. Hədis Kəb ul Ahbarın İsrail oğulları kitablarından nəqlinə əsaslanır. Allah ən doğrusunu biləndir.
Səhabə və tabiindən nəql edilən əsərlər (Allah onların hamısından razı olsun):
İbn Cərir belə demişdir: Mənə Musənna Həccacdan, o da Xalid əl-Həzzədan, o da Umeyr İbn Səiddən rəvayət edir ki, Əlinin (Allah ondan razı olsun) belə dediyini eşitdim: Zöhrə fars olan gözəl bir qadın idi. O Harut və Marut adlı iki mələklərlə mərcə girdi. Onlar da ondan murad almaq istədilər. O isə insanı göylərə çıxaran sözü öyrət sonra, dedi. Onlar da öyrətdilər, o da onu dedi. O da göyə çıxdı, ulduza çevrildi. Bu isnadın raviləri sağlamdır. Bu da çox qəribdir.
İbn Əbi Hatim belə demişdir: Bizə Fadl bin Şadan Muhəmməd İbn İsadan, o da İbrahim İbn Musadan, o da Müaviyyədən, o da Xaliddən, o da Umeyr İbn Səiddən rəvayət edir ki, Əli (Allah ondan razı olsun) demişdir: “iki mələyə nazil olan” ayəsində qeyd olunanlar göydəki mələklərdən iki mələk idilər, Bunu Hafiz Əbu Bəkr İbn Mərduveyh təfsirində sənədiylə Muğisdən, o da Cəfər İbn Muhəmməddən, o da atasından, onun da atası Əlidən (Allah ondan razı olsun) mərfu olaraq rəvayət etmişdir. Bu, bu şəkildə sabit deyil. Sonra onu başqa iki yoldan Cabirdən, o da Əbuttufəyldən, o da Əlidən (Allah ondan razı olsun), Rəsulullahın ﷺ belə dediyini rəvayət etmişdir: Allah Zöhrəyə lənət etsin, o Harut ilə Marut mələklərini yoldan çıxardı. Bu da səhih deyil, çox münkərdir. Allah ən doğrusunu biləndir.
İbn Cərir belə demişdir: Mənə Musənna İbn İbrahim Həccac İbn Minhaldan, o da Həmmaddan, o da Əli İbn Zeyddən, o da Əbu Osman ən-Nəhdidən rəvayət etdi ki, İbn Məsud ilə İbn Abbas birlikdə belə demişlər: «Adəm övladı çoxalıb üsyan edincə mələklər, yer və dağlar onlara qarğış etdilər: Ey Rəbbimiz onlara fürsət vermə, dedilər. Allah Təala da mələklərə: Mən şəhvəti və şeytanı sizin qəlblərinizdən uzaqlaşdırdım, şəhvəti və şeytanı onların qəlblərinə yerləşdirdim. Əgər sizə də yerləşdirsəydim, siz də elə edərdiniz, dedi. Onlar da öz aralarında, əgər biz bunlara mübtəla olsaydıq özümüzü qoruyardıq dedilər. Allah Təala ən yaxşılarınızdan iki mələk seçin, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Onlar yerə endirildilər. Qarşılarına Zöhrə ulduzu Bizaht adlı fars bir qadın cildində onlara endirdi. Onunla günah iş gördülər. Bu səfər mələklər iman edənlər üçün bağışlanma diləyib ” Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir” (Gafir, 7) dedilər. Onlar xəta etdikdən sonra yer üzündəkilər üçün bağışlanma istədilər, Bilin ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir, dedilər. O iki mələk də dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısında qoyuldular. Onlar da dünya əzabını seçdilər.
İbn əbu Hatim belə demişdir: Bizə atam o da Abdullah İbn Cəfər ər-Raqqidən o da Ubeydullah yəni İbn Amrdan, o da Zeyd İbn Üneysədən, o da Minhal İbn Amrdan, oda Yunis İbn Habbabdan xəbər verdi ki, Mucahid belə demişdir: Mən bir səfərdə Abdullah ibn Ömərlə idim. Bir gecə köləsinə: Bax qırmızı ulduz doğduğu zaman ona xoş gəldin səfa gətirdin yoxdur. Allah ona həyat verməsin, o iki mələyi yoldan çıxardıb. Mələklər dedilər: ya Rəbbi, üsyan edən adəm oğullarına necə izin verirsən ki, onlar haram qan tökürlər, haramları tapdalayırlar, və yer üzündə fəsad törədirlər. Mən onları imtahan etdim, bəlkə sizi də onlar kimi imtahan etsəm siz də onlar kimi edərsiniz, dedi. Onlar da, xeyr, dedilər. Ən yaxşılarından iki nəfəri Harut ilə Marutu seçdilər. Onlara, mən sizi yerə endirəcəm, sizə şirk qoşmamanızı, zina etməmənizi və xəyanət etməmənizi əmr edirəm, dedi. İkisi də yerə endirildilər. Onlara şəhvət verildi. Zöhrə ulduzu yerə endirildi, ən gözəl bir qadın surətində qarşılarına çıxdı. Onlar da ondan murad almaq istədilər. O da: mənim bir dinim var, mənə ancaq o dindən olanlar yaxınlaşa bilər dedi. Onlar da sənin dinin nədir, dedilər. O da Məcusilik, dedi. Onlar da bu şirkdir biz bunu etmərik, dedilər. Sonra Allahın istədiyi müddət onlara görünmədi. Sonra bir daha qarşılarına çıxdı, onlar da ondan murad almaq istədilər. O da istədiyinizi edin amma mənim bir ərim var bunu görməsini istəmirəm, yoxsa rüsvay olaram, dedi. Əgər mənim dinimi qəbul etsəniz və məni göyə qaldırma şərtimə əməl etsəniz istədiyinizi edərəm. Onlar da onun dinini qəbul etdilər və öz xoşları ilə onun yanına gəldilər. Sonra da onu göyə qaldırdılar. Onu göyə çıxaran kimi onları yaxaladı. Qanadlarını kəsdi. Onlar da qorxu və peşmançılıq içərisində ağlamağa başladılar. Yerdə isə bir Peyğəmbər var idi. İki cümə arasında dua edərdi. Cümə gecəsi olduğu zaman duası qəbul olardı. O iki mələk də ona gedib müraciət edək, bizim üçün tövbə istəsin, dedilər. Onun yanına gəldilər. O da, Allah sizə mərhəmət etsin yer xalqı göy xalqı üçün necə tövbə istəyə bilər, dedi. Onlar da, biz imtahana düçar olduq, dedilər. O da, mənim yanıma cümə günü gəlin, dedi. Onlar da gəldilər. Sizin üçün etdiyim dua qəbul edilmədi, ikinci cümə bir daha gəlin, dedilər. Gəldilər. O da: Seçin dedi, sizə seçim verildi. Dünyada salamatlıq içində olub axirətdə əzab içində və ya dünyada əzab axirətdə Allahın hökmünə tabe olacaqsınız. Biri: Dünyanın ancaq az bir hissəsi keçdi, dedi. Digər isə, vay olsun sənə, birinci işdə sənə qulaq asdım. İndi də sən məni dinlə. Fani əzab əbədi əzab kimi deyildir. Biz qiyamət günü Allahın verdiyi hökmə bağlı qalacayıq. Bizə əzab etməsindən qorxuram, dedi. O da xeyr, mən ümid edirəm ki, Allah bizim axirət əzabı qorxusu ilə dünya əzabını seçdiyimizi bilsə bizə ikisini birdən verməz, dedi. Deyilir ki, dünya əzabını seçdilər. Dəmir qarmaqlarla altı və üstü alovla dolu quyuya atıldılar. İbn Ömərə qədər gedən bu isnad yaxşı isnaddır. Daha əvvəldə İbn Cərir rəvayətində Müaviyə bin Saleh və Nəfi yolu ilə mərfu olduğu deyilmişdi. Bu da sənəd baxımından daha sabit və daha sağlamdır. Sonra da O, Allah ən doğrusunu biləndir – İbn Ömər, Kəb vasitəsi ilə də rəvayət edilmişdir. Necə ki, bu Səlim və atası yolu ilə rəvayət edilmişdir. Zöhrə çox gözəl bir qadın surətində endi sözü, Əlinin (Allah ondan razı olsun) rəvayətində də belə olmağına baxmayaraq çox qəribdir.
Bu haqda deyilənlərin ağla ən yaxın olanı budur: İbn Əbu Hatim belə demişdir: Bizə İsam İbn Rəvvad, o da Adəmdən, o da Əbu Cəfərdən, o da Rəbi İbn Ənəsdən, o da Qeys İbn Abbaddan rəvayət etdi ki, İbn Abbas belə demişdir: İnsanlar Adəmdən (ona salam olsun) sonra Allaha üsyan və küfr içərisinə düşdükləri zaman mələklər göydə dedilər: Ya Rəbbi, sənə ibadət və itaət içində yaratdığın bu aləmdə bu qədər pislik etdilər, küfr etdilər, adam öldürdülər, haram yedilər, zina və oğurluq etdilər, içki içdilər. Sonra onlara bəd dua edib onları üzrlü hesab etmədilər. Onlara deyildi: Bunlar qeyb aləmini görməzlər nə üçün onları üzrlü hesab etmirsiniz? O zaman ən yaxşılarınızdan iki mələk seçin, mən onlara əmrlər verim, qadağalar qoyum, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Onlar yerə endirildi və onlara Adəm oğullarının şəhvəti verildi və Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmamağı əmri verildi. Onlara haqsız yerə adam öldürməmək, haram yeməmək, zina etməmək, oğurluq etməmək və içki içməmək əmr olundu. Onlar da yer üzündə müəyyən müddət qaldılar. İnsanların arasında ədalətlə hökm etdilər. Bu da İdris (ona salam olsun) zamanında idi. O zamanlar ulduzlara nisbətdə Venera ulduzu necə gözəldirsə qadınlar arasında da onun kimi gözəl bir qadın var idi. Həmin iki nəfər bu qadının yanına gəldilər və onunla mülayim danışdılar, ondan murad almaq istədilər. O da işinə və dininə görə qəbul etmədi. Ona dini haqqında soruşdular o da bir büt çıxartdı: Mən buna sitayiş edirəm dedi. Onlar da bizim buna ehtiyacımız yoxdur dedilər. Qadın da bir müddət qeyb oldu. Sonra o iki nəfər qadının yanına gəldilər ondan murad almaq istədilər. O da əvvəlki kimi etdi. Onlar getdilər və yenə qadının yanına gəldilər, ondan murad almaq istədilər. Qadın onların bütə sitayiş etmək istəmədiklərini görüb onlara: Bu üç şeydən birini seçin, dedi: ya bu bütə sitayiş edin, ya bu cana qıyın, ya da bu içkini için, dedi. Onlar da: bütün bunlar yaraşmayan şeylərdir. Bunun ən sadəsi içki içməkdir, dedilər. İçki içdilər. İçki onlara təsir edən kimi qadına təcavüz etdilər. O insanın xəbər verməsindən qorxaraq onu öldürdülər. Sərxoşluqları keçdikdən sonra etdikləri xətanı bildikdə göyə çıxmaq istədilər. Bunu edə bilmədilər. Buna mane olundu. Onlarla göy əhli arasında pərdə ortadan qalxdı. Mələklər onların etdiklərini gördülər. Buna çox təəccüb etdilər. Qeyb aləmində olanların Allahdan daha az qorxuya malik olduqlarını başa düşdülər. Bundan sonra yer üzündəkilər üçün bağışlanma diləməyə başladılar. Məhz bu haqda “Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər.” (Şura, 5) ayəsi endi.
O iki mələyə ya dünya əzabını ya da axirət əzabını seçin deyildi. Onlar da dünya əzabı bitər gedər, amma axirət əzabı bitməz dedilər və dünya əzabını seçdilər. Babildə əzab edildilər. Bunu Hakim “Müstədrək”əsərində uzun olaraq Əbu Zəkəriyyə əl Ənbəridən, o da Muhəmməd İbn Əbdüssəlamdan, o da İshaq İbn Rahaveyhdən, o da Hakkam İbn Sələmə ər Razidən ki, bu şəxs güvənilən biri idi – Əbu Cəfər Ər Razidən belə rəvayət etmiş, sonra da İsnadı səhihdir, Buxari və Müslim təxric etməmişlər, demişdir. Məhz Zöhrə haqqında ağıla ən yaxın olan budur. Allah ən doğrusunu biləndir.
İbn Əbu Hatim belə demişdir. Bizə atam, oda Muslimdən, o da Qasım İbn Fadl əl Haddanidən, o da Yəzid əl Farisidən, o da İbn Abbasdan: Dünya göyündəkilər yer xalqına baxdılar, onların üsyanlar etdiklərini gördülər: Ya Rəbbi, yer xalqı üsyanlar edirlər, dedilər. Allah da, sizlər mənimlə birlikdəsiniz onlar isə məni görmürlər, dedi. Onlara aranızdan üç nəfər seçin yerə ensinlər, dünya xalqı arasında hakimlik etsinlər, dedi. Onlara insanlardakı kimi şəhvət verildi. İçki içməmələri, adam öldürməmələri, zina etməmələri və bütə sitayiş etməmələri əmr edildi. Aralarından biri əfv edilməsini istədi o da əfv edildi. Digər İkisi yerə endilər. Dünyanın ən gözəl qadınlarından biri onların yanına gəldi, ona Münahiyə deyilirdi. İkisi də ona aşıq oldular. Sonra qadının evinə gəldilər, yanında görüşdülər, qadından murad almaq istədilər. Qadın da: Xeyir, İçki içəcəksiniz, qonşumun oğlunu öldürəcəksiniz, bütümə səcdə edəcəksiniz, dedi. Onlar da, səcdə etmərik, dedilər. Sonra da içkidən içdilər, sonra uşağı öldürdülər, sonra da bütə səcdə etdilər. Göy əhli yuxarıdan onlara baxdı. Qadın onlara: Mənə uçmaq istədiyiniz zaman dediyiniz kəlməni deyin. Onlar da dedilər. Qadın da uçdu. Közə döndü və Zöhrə ulduzu oldu. O iki nəfərə gəldikdə isə, onlara Davud oğlu Süleyman göndərildi. Onları dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısında qoydu. Onlar da dünya əzabını seçdilər. İndi o ikisi göylə yer arasında asılıdırlar. Bu rəvayətdə bir çox əlavələr, qəriblik və bəyənilməyan şeylər var. Doğrusunu Allah bilir.
Əbdurrəzzaq belə demişdir: Bizə Mamər o da Qatadə ilə Zuhridən, o da Ubeydullah İbn Abdullahdan rəvayət etdi ki, “Babildə Harut və Marut adlı iki mələyə nazil olan” ayəsi haqqında o demişdir ki, bu ikisi mələklərdən idilər. İnsanlar arasında hakimlik etmək üçün yerə endirildilər. Məsələ belə oldu: Mələklər insanların hakimlərini məsxərəyə qoydular. Bunlara bir qadın şikayətçi olaraq gəldi. Onlar da tərəf tutdular. Sonra yuxarı çıxmaq istədilər buna mane olundu. Sonra da dünya əzabı ilə axirət əzabı arasında seçim qarşısına qoyuldular. Onlar da dünya əzabını seçdilər. Mamərdən, Qatadə belə demişdir: Onlar insanlara sehr öyrədirdilər: «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»–deməmiş heç kimə öyrətməmələri üçün onlardan əhd alınmışdı.
Əsbatdan rəvayət edilir ki, Suddi belə demişdir: Harut ilə Marut insanları qərar mövzusunda qınadılar. Onlara: mən Adəm oğullarına on şəhvət verdim, bu səbəbdən mənə üsyan edirlər, deyildi. Harut ilə Marut da: Ey Rəbbimiz, əgər bizə o şəhvətləri versə idin, sonra da yer üzünə ensə idik, ədalətlə hökm edərdik, dedilər. Allah da onlara: Enin sizə o on şəhvəti verdim dedi, insanların arasında hökm verin, dedi. Onlarda Babilin Dinavənd bölgəsinə endilər. Hökm verməyə başladılar. Axşam olduğu zaman göyə çəkilər, səhər olduqda da yerə enərdilər. Belə davam etdilər. Sonra bir qadın yoldaşına qarşı şikayət etmək üçün onların yanına gəldi. O mələklərin çox xoşuna gəldi. İsmi ərəbcə olaraq Zöhrə, nabat dilində — Biydaht, farsca — Ənahiddir. Biri o birinə o çox xoşuma gəlir, dedi. O biri də Məndə eyni şeyi sənə demək istədim amma səndən utandım, dedi. O birisi: Onu istəyək? Dedi. O da, Bəli, ancaq Allahın əzabı qarşısında nə edəcəyik, dedi. O biri də biz Allahın rəhmətinə ümid edirik, dedi. Qadın gəlib ərindən şikayət etdikdə qadını istədilər. O da xeyir mənim lehimə qərar vermədiyiniz müddətdə olmaz dedi. Onlar da qadının lehinə qərar verdilər, ərini haqsız çıxartdılar. Sonra onlara bir xarabalığı görüş üçün təyin etdi. Ora gəldilər. Ona təcavüz edəcəkləri vaxt qadın onlara göyə hansı sözü deyib uçduğunuzu və hansı sözlə endiynizi deməsəniz, bunu etməyəcəm dedi. Onlar da dedilər. O da o kəlməni dedi və göyə yüksəldi. Allah Təala ona enəcəyi kəlməni unutdurdu o da orda qaldı. Allah onu bir ulduz etdi. Abdullah İbn Ömər onu hər gördükdə ona lənət edər, Harut ilə Marutu o yoldan çıxartdı deyərdi. Gecə olduqda iki mələk göyə yüksəlmək istədilər amma yüksələ bilmədilər, həlak olacaqlarını başa düşdülər. Dünya əzabı ilə axirət əzabı arasında seçim verildi. Onlarda dünya əzabını seçdilər. Babildə asıldılar, insanlara sehr söyləməyə başladılar.
İbn Əbu Nəcih Mucahiddən belə demişdir: Harut ilə Marut məsələsinə gəlincə mələklər insanların zülmündən təəccüblədilər, çünki onlara Peyğəmbərlər, kitablar və möcüzələr gəlmişdi. Rəbləri də onlara: İçinizdən iki mələk seçin, onları yer üzünə endirim. Yer üzündə insanlara hakimlik etsinlər, dedi. Onlar da Harut ilə Marutu seçdilər. Allah endirəcəyi zaman onlara: Adəm oğullarının zülm və üsyanlarından təəccübləndiniz, onlara Peyğəmbərlər, kitablar arda-arda ilə gəlir. Sizinlə mənim aramda isə Peyğəmbər yoxdur, hər şeyi görürsünüz. Bunları və bunları edin, digərlərini və digərlərini tərk edin, dedi. Onlara bir çox şeyləri əmr etdi, bir çox şeylərdən də çəkindirdi. Sonra o ikisi bu əhdlə yer üzünə endilər. Allaha o iksindən daha itaətli biri yox idi. Ədalətlə hakimlik etdilər. Gündüz vaxtı Adəm oğulları arasında hökm edərdilər, gecələr isə göyə qalxıb mələklərlə birlikdə olardılar. Sonunda Zöhrə yanlarına bir qadın cildində gəldi və ərindən şikayət etdi. Əleyhinə qərar verdilər. Qadın qalxdıqda içlərində ona qarşı dərin duyğular hiss etdilər. Biri dostuna: Sən də mənim hiss etdiyimi hiss etdinmi dedi? O da: Bəli, dedi. Qadına yenidən gəlməsini və lehinə qərar verəcəklərinə dair xəbər göndərdilər. Qadın onlara tərəf gəldi, onlar ayıb yerlərini açdıqda ayıb yerlərinin özünə məxsus olaraq fərqli olduğu görüldü. Adəm oğullarının qadına olan şəhvəti və zövgü şəklində deyildi. Bunu edib, bu hərəkəti halal gördükdə fitnəyə düşdülər. Zöhrə də uçdu və olduğu yerə getdi. Axşam olunca göyə çıxmaq istədilər lakin maneə ilə rastlaşdılar. Onlara icazə verilmədi, qanadları onları daşımadı. Adəm oğullarının birindən yardım istədilər, bizim üçün Rəbbinə dua et dedilər. O da: yer xalqı göy xalqına necə şəfaət edər dedi? Onlar da: Sənin göydə yaxşı adının olduğunu eşitdik, dedilər. O da onlara bir günü söz verdi. Onlara dua eməyə başladı, duası qəbul olundu. Onlar da dünya əzabı ilə axirət əzabı arasında sərbəst buraxıldılar. Biri dostuna baxdı: Bilmirsənmi, Allahın axirətdəki əzabı növbənöv sonsuzdur, dünyada isə onun cəmi doqquz qatı vardır? dedi. Babilə enmələri əmr edildi. Orada əzaba düçar oldular. Mucahid onların dəmirə buxovlandıqlarını və asıldıqlarını, qanadlarının isə bağlı olduğunu iddia etmişdir.
Harut ilə Marut qissəsində Mucahid, Suddi, Həsən Basri, Qatadə, Əbu Aliyə, Zuhri, Rəbi ibn Ənəs, Muqatil ibn Həyyan və digər tabeinlərdən də rəvayətlər edilmişdir. Onu qədim və müasir təfsirçilərin çoxları da izah etmişdirlər. Əsası İsrail oğullarının xəbərlərinə bağlanır. Çünki o mövzuda mərfu, sənədləri sağlam, yalnız doğru danışan, havadan və nəfsindən danışmayan Peyğəmbərdən ﷺ səhih bir hədis yoxdur. Quran qissəni genişlətmədən qısa halda izah edir. Biz Quranda olanlara Allahın murad etdiyi şəkildə iman edirik. Həqiqəti yalnız Allah bilir.
Bu xüsusda qəribə rəvayət və əcaib hekayələr da vardır, onlara da diqqət çəkmək istədik. İmam Əbu Cəfər ibn Cərir belə demişdir: Bizə Rəbi İbn Süleyman o da İbn Vəhb Əbuzzənnəddən o da Hişam İbn Urvədən o da atasından o da Peyğəmbərin ﷺ zövcəsi Aişədən nəql edir ki: yanıma Duvmətülcəndəl xalqından bir qadın gəldi. Rəsulullah ﷺ yenicə vəfat etmişdi. Bəzi şeyləri soruşurdu. İçərisinə sehr girmiş, fəqət onunla əməl etməmişdi. Aişə (Allah ondan razı olsun) Urvəyə belə dedi: Ey bacımın oğlu, o qadını gördüm, o Rəsulullahı ﷺ tapmadığı üçün ağlayırdı, çünki ondan onu sağaldacağını umurdu. Ağlamağa başlayanda mən də ona baxaraq ağladım. Qadın belə deyirdi: Həlak olmaqdan qorxuram. Mənim bir həyat yoldaşım var idi, o bir müddət mənim yanımda olmadı. Bu vaxt bir qoca qarı mənim yanıma gəldi və ona dərdimi izah etdim. Qadın: Əgər dediyimi etsən ərini sənə gətirərəm dedi. Gecə olanda yanıma iki qara itlə gəldi. Birinə mən mindim digərinə isə özü mindi. Nəhayət Babilə gəldik. Baxdıq ki iki adam ayaqlarından asılıblar. “Niyə gəldin?” dedilər. Mən də: Sehr öyrənmək üçün dedim. Onlar da: Biz fitnəyik, kafir olma, geri qayıt, dedilər. Mən də qəbul etmədim: Xeyr, dedim. Onlar da: Get bu sobaya işə, dedilər. Getdim, qorxdum amma bir şey eləmədim. Onların yanına gəldim. “Etdinmi?” dedilər. Mən də: Bəli, dedim. Bir şey gördünmü dedilər? Mən də: bir şey görmədim, dedim. Onlar da: Sən etmədin, ölkənə qayıt, kafir olma, dedilər. Mən də qəbul etmədim. Onlar da: Get bu sobaya işə, dedilər. Mən də getdim, ürpərdim və qorxdum. Sonra onların yanına qayıtdım və etdim, dedim. Onlar da nə gördün dedilər. Mən də, bir şey görmədim, dedim. Onlar da: Get bu sobaya işə, dedilər. Mən də getdim işədim. Məndən dəmir dəbilqəli bir atlının çıxdığını gördüm. Göyə doğru getdi və itdi. Onu görə bilmədim. Onların yanına gəldim. Etdim, dedim. Onlar da: Nə gördün? dedilər. Dəmir qalxanlı bir atlı gördüm, məndən çıxdı və göyə getdi, onu görmədim, dedim. Onlar da: düzünü dedin, səndən çıxan imanın idi, get dedilər. Mən də qadına: Vallahi mən bir şey bilmirəm, o ikisi mənə bir şey demədilər dedim. Qadın da: Xeyr, sən nə istəsən olur. Bu buğdanı al və basdır. Mən də basdırdım. Bit dedim, bitdi. Böyü dedim, böyüdü, yaş ol dedim, oldu. Sonra quru dedim, qurudu. Sonra un ol, dedim, oldu. Sonra çörək ol, dedim, oldu. İstədiyim hər şeyin olduğunu görüncə peşman oldum. Ey möminlərin anası, Allaha and içirəm ki, bir şey etmədim və əbədiyyən də etmərəm dedim.
Bunu İbn əbu Hatim də Rəbi İbn Süleymandan eyni şəkildə uzun olaraq rəvayət etmişdir. Əbədiyyən etmərəm sözündən sonra bunu əlavə etmişdir: Qadın bunu Rəsulullahın ﷺ sahəbəsindən soruşdu. Rəsulullah ﷺ yenicə vəfat etmişdir. O gün onlar çox idi. Nə deyəcəklərini bilmədilər. Hamısı bilmədiyi bir şeydə fətva verməkdən qorxub çəkildi. Ancaq İbn Abbas yaxud yanındakı biri: Kaş atanla anan və ya biri sağ olsaydı dedi. Hişam da belə demişdir: Əgər o qadın bizə gəlsəydi ona dəqiq cavab verərdik. İbn Əbizzənad belə demişdir: Hişam belə deyərdi: Onlar təqva sahibi idilər. Allahdan qorxurdular. Sonra Hişam belə deyərdi: Əgər bu gün bizə o qadın kimi biri gəlsə, neçə axmaq və bilmədən danışanlar tapılardı. Bu Aişəyə gedib çatan yaxşı bir isnaddir.
Bu nəql ilə sehrbazın əşyaların özünə təsir edə biləcəyinə dəlil gətirilmişdir. Necə ki, bu qadın toxum əkmiş və dərhal məhsul vermişdir. Başqaları da belə demişlər: Xeyir onun xəyal qurmaqdan başqa bir gücü yoxdur. Çünki Allah Təala belə demişdir: “(Musa) dedi: ‘Siz (əvvəl) atın!’ Onlar atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər” (Əraf, 116) və belə demişdir “Musa dedi: ‘yox, siz atın!’ Ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür” (Taha, 66). Yenə burada zikr edilən Babilin İraqın Babili olduğu, Dünyavənd Babil olmadığı da nəticəsi də çıxarılmışdır. Necə ki Suddi və digərləri belə demişlər. Sonra onun İraqdakı Babil olduğuna dair bir dəlil də budur: İbn Əbu Hatim belə demişdir: Bizə Əli İbn Hüseyn, o da Əhməd İbn Salihdən, o da İbn Ləhiyadan, o da Yəhya İbn Əzhardan, onlar da Əmmar İbn Sad Əl Muradidən, Əbu Salih Əl-Ğifari belə demişdir: Əli (Allah ondan razı olsun) bir gedişində Babilə getdi. Müəzzin gəldi əsr vaxtını xəbər verdi. Oradan ayrılanda müəzzin əmr etdi, o da iqamə gətirdi. Əli: Sevgilim Rəsulullah ﷺ məni məzarlıqda və Babildə namaz qılmaqdan çəkindirdi, çünki oralar lənətlənmişdir, dedi.
Əbu Davud da belə demişdir: Bizə Süleyman İbn Davud, o da İbn Vəhbdən, o da İbn Ləhia ilə Yəhya İbn Əzhərdən, o da Əmmar İbn Sad Əl-Muradidən, o da Əbu Salih Əl-Ğifari belə demişdir: Əli səfər zamanı Babilə gəldi. Müəzzin gəldi və əsr vaxtının girdiyini xəbər verdi. O da oradan uzaqlaşanda müəzzinə iqamə gətirliməsini buyurdu. Namazı bitirəndə: Sevgilim Rəsulullah ﷺ məni məzarlıqlarda və Babil torpaqlarında namaz qılmaqdan çəkindirdi, ora lənətlənmişdir, dedi.
Bizə Əhməd İbn Salih, o da İbn Vəhbdən, o da Yəhya İbn Əzhər ilə İbn Ləhiyə Həccac İbn Şəddaddan, o da Əbu Salih Əl-Ğifaridən o da Əlidən (Allah ondan razı olsun) Süleyman İbn Davud hədisini nəql etdi. Ancaq o “xarəcə” yerinə eyni mənada “bərəzə” (uzaqlaşmaq) kəliməsini istifadə etdi. Bu hədis İmam Əbu Davuda görə həsəndir. Çünki onun rəvayət etmiş və onun haqqında bir şey deməmişdir. Bunda Babil torpağında namaz qılmağın məkruh olduğuna dəlil vardır. Necə ki, Səmud xarabalıqlarında da namaz qılmaq məkruhdur. Rəsulullah ﷺ ora ancaq ağlayaraq girməyə icazə vermişdir.
Astronomiya alimləri belə demişlər: İraq iqlimindən olan Babilin qərbi okeandan uzaqlığı yetmiş dərəcədir. Uzunluq olaraq belədir. Enlik olaraq, yəni ekvatora uzaqlığı da otuz iki dərəcədir. Allah ən doğrusunu biləndir.
“Onlar: «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»– deməmiş onu heç kəsə öyrətmirdilər”: Əbu Cəfər ər-Razi belə demişdir: Bizə Rəbi, Qeys İbn Abbaddan rəvayət etdi ki, İbn Abbas belə demişdir: Onların yanına cadu öyrənmək istəyən bir nəfər gəldiyi vaxt onu şiddətlə qadağan edir və: Biz ancaq sınağıq, kafir olma, deyərdilər. Çünki onlar xeyri və şəri, küfrü və imanı bilərdilər. Sehrin də küfr olduğunu qəbul edərdilər. Əgər gələn adam inad edirdisə ona: Filan yerə gəl, deyərdilər. Oraya gəldiyi zaman şeytanı görürdü, o da ona öyrədərdi. Öyrəndikdə ondan nur çıxıb gedərdi. O da göyə yüksəldiyini görüncə: Vay, vay, nə etdim, deyərdi! Həsən Bəsri bu ayənin təfsirində belə demişdir: Bəli, iki mələk sehrlə endilər, insanlara Allahın imtahan etmək istədiyi şeyi öyrətmək istədilər. Allah onlardan heç kimsəyə: Biz ancaq sınağıq, kafir olma, demədən cadu öyrətməmələrini əmr etdi. Bunu İbn Hatim rəvayət etmişdir. Qatadə demişdir ki, Allah Təala o iki mələkdən vəd almışdır ki, kimisə öyrətməzdən əvvəl: Biz sizin üçün bir imtahanıq sən gəl küfr etmə” desinlər.
Suddi belə demişdir: Onların yanına sehr öyrənmək istəyən bir insan gəldiyi vaxt ona nəsihət edir və: Kafir olma, biz ancaq sınağıq, deyərdilər. O da inad edərdisə ona: Get, bu külün üzərinə bövl elə, deyərdilər. Bunu edincə ondan bir nur çıxar göyə yüksələrdi. Bu da ondan qaçan imanı idi. Duman kimi qara bir şey gələr, qulaqlarına və hər tərəfinə girərdi. Bu da Allahın qəzəbi idi. O ikisinə bu hadisələri başa saldıqda ona sehr öyrədərdilər. Məhz “Biz ancaq bir sınağıq, sən gəl kafir olma, demədən sehr öyrətmirdilər” dediyi budur. Səid Haccacdan rəvayət edir ki, İbn Cureyc bu ayədə belə demişdir: Sehrə ancaq kafir cəsarət edər. Fitnə də çətinlik və sınaqdır. Şair də belə demişdir:
İnsanlar dinlərində fitnəyə qapıldılar,
İbn Affan uzun bir şəri sərbəst buraxdı.
Musadan (aleyhi salam) bəhs edən: “Bu, yalnız Sənin sınağındır” (Əraf, 155) ayəsində də bu mənadadır. yəni ancaq sənin imtahan etmən və sınamandır, deməkdir. “Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən.” (Əraf, 155). Bəziləri bu ayəni sehr öyrənənin kafir olduğuna dəlil gətirmişlər. Hafiz Əbu Bəkr əl-Bəzzarın rəvayət etdiyi bu hədis də dəlil ola bilər: Bizə Məhəmməd İbn Musənna Əbu Müaviyyədən, o da Aməşdən, o da İbrahimdən, o da Humamdan rəvayət edir ki, Abdullah deyir ki: Kim bir kahin və sehrbazın yanına gəlib dediyini təsdiq edərsə, Məhəmmədə ﷺ nazil olanı inkar etmiş olar. Bu hədisin isnadı səhihdir. Bu hədisə uyğun başqa hədislər də var.
“Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər”: yəni insanlar Harut ilə Marutdan pis və təsirli şeylər öyrənirdilər ki, bir birinə qarışmış və alışmış ər ilə arvadın belə arasını açardılar. Bu da şeytanın işindəndir. Necə ki, Müslim, Səhihində belə rəvayət etmişdir: Bizə Aməş danışdı, o da Əbu Sufyan Talha İbn Nafidən, o da Cabir İbn Abdullahdan, Rəsulullahın ﷺ belə dediyini rəvayət etmişdir: Şeytan taxtını suyun üzərində qurar, sonra dəstələrini insanların arasına göndərər. Ən çox əhəmiyyət verdiyi, fitnəsi ən böyük olandır. Biri gəlir: Mən çalışdım, çalışdım filankəsə belə-belə dedirtdim, deyər. İblis də: Xeyr vallahi, heç bir şey etməmisən, deyər! Biri gəlir: Mən də onu ailəsindən ayırdım, deyər. Onu özünə yaxınlaşdırar, onu qucaqlayər və: Sən nə yaxşısan, deyər! Həyat yoldaşlarının bir-birindən ayrılma səbəbi kişiyə və ya qadına qarşı tərəfin pis görünməsi və ya buna bənzər bir şeydir. Ayədə keçən “mər” sözü kişi cinsinə deyilir. Qadın cinsi “imrəədir”. İkisi də ikilik formasında istifadə edilə bilər, amma çoxluq edilməz. Allah ən doğrusunu biləndir.
“Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.”: Sufyan Sevri: Allahın təqdiri olmadan, demişdir. Muhəmməd İbn İshaq da: Allahın sərbəst buraxması olmadan demişdir. Həsən Bəsri də: Bəli, Allah istədiyini onlara təsiredici təyin edər, istəmədiyini də təyin etməz. Onlar da Allahın icazəsi olmadan heç kəsə zərər verə bilməzlər, demişdir. Həsəndən olan bir rəvayətdə də: Bu sehr ancaq içinə girdiyi kimsəyə zərər verir, deyilmişdir.
“Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər”: yəni dinlərinə zərər verəcək, tayı bərabəri olmayan zərərli şeyləri öyrənirlər.
“Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur”yəni yəhudilər bilirdilər ki, Rəsulullaha ﷺ tabe olmaq əvəzinə sehri əldə etməklərinin müqabilində axirətdə heç bir payı olmayacaq. İbn Abbas, Mucahid və Suddi, ayədə keçən “xaləq” sözünün, nəsib mənasında olduğunu söyləmişdirlər. Əbdurrəzzaq Mamər vasitəsi ilə nəql edir ki, Qatadə belə demişdir: Onun axirətdə Allah tərəfindən heç bir payı yoxdur. Əbdurrəzzaq rəvayət edir ki, Həsən: Onun dini yoxdur, demişdir. Saad Qatadədən rəvayət edir ki “onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur” ayəsində belə demişdir: Əhli kitab Allahın onlardan aldığı sözdə bilirdilər ki, sehrbazların axirətdə heç bir payı yoxdur.
“Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər! Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!”
Allah Təala deyir ki: “Necə də pisdir” yəni imanın və Rəsula tabe olmanın yerinə aldıqları şey necə də pisdir, kaş ki, verilən bu öyüd haqqında məlumatları olsaydı! “Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı”: yəni Əgər Allaha və rəsuluna iman etsələr və haramlardan çəkinsəydilər, Allahın bunun əvəzində verəcəyi savab daha çox olardı. Necə ki, Allah Təala belə demişdir: “Elm verilmiş kəslər isə dedilər: «Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar” (Qasas, 80).
Bəziləri: “Onlar iman gətirib Allahdan qorxsaydılar” ayəsini sehrbazın kafir olduğuna dəlil gətirmişlər. Bu İmam Əhməddən və bir qrup sələfdən rəvayət edilmişdir. Belə də deyilmişdir: Xeyr, kafir olmaz, ancaq cəza olaraq boynu vurular. Çünki Şəfi belə rəvayət etmiş, Əhməd ibn Hənbəl də belə demişdir: Bizə Sufyan İbn Uyeynə, Amr İbn Dinardan, Bicalə İbn Abdənin belə dediyini eşitmişdir: Ömər İbn Xəttab (Allah ondan razı olsun): bütün kişi və qadın sehrbazları öldürün, deyə yazdı. Deyir ki: Biz də üç sehrbaz öldürdük. Bunu Buxari də Səhihində rəvayət etmişdir. Belə bir hadisə da baş vermişdir: Möminlərin anası Hafsanı bir cariyə ovsunladı, o da əmr etdi, həmin cariyə öldürüldü. İmam Əhməd belə demişdir: Rəsulullahın ﷺ üç səhabəsi sehrbazın öldürülməsinə dair fətva vermişlər. Tirmizi də İsmail İbn Muslimdən, o da Həsəndən, o da Cundəb əl-Əzdinin belə dediyini rəvayət etmişdir: Rəsulullah ﷺ demişdir: Sehrbazın hədd cəzası, boynunun qılıncla vurulmasıdır. Sonra Tirmizi: Bunu mərfu olaraq ancaq bu rəvayətdən bilirik, demişdir. İsmail İbn Muslimin hədisi zəifdir. Səhih olan Həsənin Cundəbdən mərfu olaraq rəvayət etdiyi hədisdir. Mən də deyirəm ki, bunu Təbərani də başqa bir yoldan Həsən-Cundəb yolu ilə mərfu olaraq rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.
Fərqli yollardan belə rəvayət edilmişdir: Vəlid İbn Uqbənin yanında bir sehrbaz var idi, qarşısında oynayardı. Adamın başını kəsər, sonra da ona səslənərdi, başı ona geri dönərdi. İnsanlar: Subhan Allah, ölünü dirildir, dedilər. Bunu mühacirlərdən yaxşı bir adam gördü. Ertəsi gün sehrbaz qılıncını götürdü, oyununu göstərməyə getdi. Adam qılıncını çəkdi, sehrbazın boynunu vurdu və: Əgər doğrudursa özünü diriltsin, dedi və: “Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” (Ənbiya, 3) ayəsini oxudu. Vəlid də icazə almadığı üçün ona əsəbiləşdi. Onu bir müddət həbs etdi, sonra sərbəst buraxdı. Allah ən doğrusunu biləndir.
İmam Əbu Bəkr əl-Xəlləl belə demişdir: Bizə Abdullah İbn Əhməd İbn Hənbəl atasından, o da Yəhya ibn Səiddən, o da Əbu İshaqdan, Harisənin belə dediyini rəvayət etmişdir: Bir əmirin yanında bir adam var idi, sehr nümayiş etdirərdi. Cundəb belində qılıncı ilə gəldi, onu öldürdü: Onu sehrbaz hesab edirəm, dedi. Şəfi Ömər ilə Hafsa hekayəsini sehrin şirk olan növünə bənzətmişdir. Allah ən doğrusunu biləndir.
Əbu Abdullah ər-Razi, təfsirində mötəzilələrin sehrə inanmadıqlarını nəql etmiş və belə demişdir: Bəzən də varlığına inananı kafir saymışlardır. Deyir ki: Əhli-sünnə isə sehrbazın havada uçacağını, insanı uzunqulağa, uzunqulağı insana çevirəcəyini qəbul etmişlər, ancaq: Sehrbaz müəyyən tilsim və sözləri söylədiyi vaxt, Allah əşyanı yaradır. Ona təsir edən fələk və ya ulduzlar olması qəbul edilə bilməz. Filosoflarla münəccimlər və sabiilər buna etiraz edirlər. Sonra sehrin olduğuna və onun Allahın yaratması ilə meydana gəldiyinə “Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər” ayəsini də dəlil gətirmişlər. Xəbərlərdən də Rəsulullahın ﷺ sehr edilməsini, sehrin ona təsir etməsini, Aişə (Allah ondan razı olsun) ilə Babil hekayəsini izah edən qadın rəvayətini və sehr öyrənməsini dəlil gətirmiş, sonra da belə demişdir:
Beşinci məsələ: Sehri bilmək pis və qəbahət bir şey deyil. Tədqiqatçı alimlər bunda ittifaq etmişlər. Çünki elm, özlüyündə şərəfli bir şeydir. Bir də Allah Təala “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zumər, 9), demişdir. Ayrıca sehr əgər bilinməsə idi, möcüzədən fərqlənməzdi. Möcüzənin möcüzə olduğunu bilmək isə vacibdir. Vacibin söykəndiyi şey də vacibdir. Bu da sehr öyrənmənin vacib olduğunu göstərir. Vacib olan bir şey də necə haram və pis ola bilər? Razinin vurğulayaraq dedikləri budur. Bu fikrə bir neçə baxımdan etiraz vardır:
Birincisi: Sehr məlumatı çirkin deyil, sözündən, əgər bundan ağıl olaraq pis deyil qəbul edilsə, onun müxalifləri mutəzilələr bunu qəbul etməzlər. Əgər şəri olaraq çirkin deyil qəsd edilirsə, bu ayəti kərimədə sehr öyrənməyi xoş olmayan göstərən istiqamət vardır. Səhih hədisdə belə deyilmişdir: Kim bir falçıya və ya kahinə gedərsə, Muhəmmədə nazil olunanı inkar etmiş olur. Sünəndə də belə deyilmişdir: Kim bir düyün bağlayar, üzərinə üfürərsə, sehr etmiş olur. Razinin: Sehr qadağan deyildir, tədqiqatçı alimlər bunda ittifaq etmişlər, sözünə gəlincə: Zikr etdiyimiz bu qədər ayə və hədis qarşılığında necə qadağan olmaz?
Tədqiqatçıların ittifaqı məsələsinə gəlincə isə bu məsələ imam alimlər və ya əksəriyyət tərəfindən açıq aydın deyilməlidir. Bəs elə isə onların izahları haradadır? Əlavə olaraq onu qeyd edək ki, onun sehr məfhumunu Allah Təalanın “Heç bilənlə bilməyən eyni olarmı” (Zümər, 9) ayəsinin ümumi mənasına daxil etməsi də çox aydın deyil. Çünki bu ayə şəri elmləri bilənləri mədh edir. Belədirsə onda niyə “Əgər o da onlardandırsa” demədin? Həmçinin Razinin sehri möcüzəni tanımaq məqsədi ilə vacib olan elmlər dərəcəsinə qaldırması da zəifdir və çürükdür. Çünki Rəsulullahın ﷺ ən böyük möcüzəsi Qurandır. Ona batil nə öndən nə də arxadan gələ bilməz. O, hikmət sahibi olan, mədh edilmiş Allah tərəfindən nazil edilmişdir. Bundan əlavə onun möcüzə olaraq tanınması əsla sehr elminin bilinməsinə bağlı deyil. Habelə bilinməsi zəruridir ki, səhabə, tabiin, müsəlmanların imamları və ümumən xalq, möcüzənin nə olduğunu bilirdilər, onunla digərlərinin arasında fərq qoya bilirdilər. Bununla yanaşı sehri bilməzdilər, onu öyrənməz və öyrətməzdilər. Allah ən doğrusunu biləndir.
Bundan sonra Əbu Abdullah ər Razi sehri səkkiz növə ayırmışdır:
Birinci: Kəzzəbilərin və Kəşdanilərin sehri: Bunlar yeddi planetə sitayiş edərdilər. Onların aləmi idarə etdiklərinə, xeyri və şəri meydana gətirdiklərinə inanardılar. Onlar İbrahimin (ona salam olsun) göndərildiyi bir toplum idilər. İbrahim onların etiqad və məzhəblərini rədd etdi. “Günəş və Ulduzlara xitabda gizlədilmiş sirlər” adlı kitabında bunu təhlil edərək qeyd edir. Necə ki Qazi İbn Xalkan və digərləri bundan bəhs edərdilər. Ondan tövbə etdiyi də deyilmişdir. Onu elmi məharətini göstərmək üçün yazdığını, inandığı üçün yazmadığını da demişlər. Onun haqqında zənn edilən də budur. Ancaq həmin kitabda bu yeddi planetə necə xitab etdiklərindən, nə etdiklərindən, onlara nə mənalar yüklədiklərindən və tutunduqları şeylərlərdən bəhs etmişdir.
İkinci: Güclü hissiyyat və nəfs sahiblərinin sehri: Sonra vahimənin təsiri olduğuna bunu dəlil gətirmişdir. İnsan yerə qoyulan körpüdən keçər, lakin çayın və ya bənzərinin üzərinə qoyulan körpüdən keçə bilməz. Həkimlər bunda ittifaq etmişdirlər ki, burnu qanayan biri qırmızı bir şeyə baxmasın, başı gicəllənən biri isə çox parlaq və ya sürətlə fırlanan bir şeyə baxmasın. Bu da nəfslərin vahiməyə uyğun halda yaradılmasından başqa bir şey deyildir. Alimlər göz dəyməsinin haqq olduğunda ittifaq etmişlər, buna sübut səhih Muslimdə keçən hədisdir. Rəsulullah ﷺ demişdir: “Əgər qədəri keçən bir şey olsaydı göz keçərdi”. Razi deyir ki, bunu öyrəndikdən sonra deyirik ki, bu işləri edən nəfs bəzən çox güclü olur. Həmin vaxt bu işləri görmək üçün alət və avadanlığa ehtiyacı olmaz. Bəzən də zəif olar və alətə ehtiyac duyar. Bunun təhlili belədir: Əgər nəfs bədəndən uca olarsa, göylər tərəfindən çox çəkilərsə, səmavi ruhlardan bir ruh kimi olar. Bu aləmin maddələrinə çox təsir edər. Əgər zəif olar, bu bədənə şiddətlə bağlı olarsa bu halda bu bədəndə heç bir təsir göstərə bilməz. Sonra Razi bu xəstəliyi müalicə etmək üçün qidanı azaltmağı, insanlarla əlaqəni kəsməni və riyadan uzaqlaşmanı məsləhət görmüşdür. Mən də deyirəm ki, onun işarət etdiyi məsələ halına təsir etmə məsələsidir. Bu iki hissəyə ayrılır. Bəzən düzgün və şəri olur. O zaman Allah və Rəsulunun əmrinə uyğun istifadə edər. Allah və Rəsulunun qadağan etdiyi şeyləri tərk edər. Bu hallar Allah vergisidir. Bu ümmətin yaxşıları üçün kəramətdir. Bunlara şəriətdə sehr deyilmir. Bəzən də bu hal çürük olar sahibi Allah və Rəsulunun ﷺ əmrlərinə diqqət yetirməz, onların əsasında əməl etməz. Bu şəriətə müxalif olan bədbəxtlərin halıdır. Allah Təalanın onlara bu halları verməsi onlara olan sevgisini bildirmir. Necə ki, Dəccalın da hədislərdə keçdiyi kimi, göstərəcəyi bir çox qeyri adi şeylər olacaq. Şəri olaraq bunlar pis şeylərdir. Allah ona da, ona bənzəyərək Muhəmmədin ﷺ şəriətinə müxaliflik edənlərə lənət etsin. Nəbiyə ﷺ salavatın ən fəzilətlisi olsun. Bunların geniş izah edilməsi çox uzanar. Bura isə onun yeri deyil.
Üçüncü: Yerdəki ruhlardan kömək almaq. Bunlar da cinlərdir. Buna da fəlsəfəçilərlə mötəzilələr etiraz edərlər. Bunlar da iki hissəyə bölünür. Möminlər və kafirlər, yəni şeytanlar. Deyilir ki, danışan nəfslərin bunlarla təması səmavi ruhlarla təmasından daha asandır. Çünki aralarında münasibət və yaxınlıq vardır. Sonra sənət və təcrübə əhli bunu müşahidə etmişdirlər ki, yerdəki ruhlarla təmas bir neçə asan işlə meydana gələr. Məsələn ovsun, tüstü, təcrid, bunlara da tilsim və cadu deyilir.
Dördüncü: Xəyal, göz bağlama və əl cəldliyidir. Bunun əsası göz yanılmasıdır. Göz müəyyən bir şeylə məşğul olduğu zaman digərini görə bilmir. Baxın, hoqqabazlar göstərdiyi zaman, baxanların zehinlərini onunla məşğul edər, gözlərini aldadar. Onları tamamilə məşğul etdiyi vaxt sürətlə başqa bir iş görər. Bu vaxt tamaşaçılar gözləmədikləri bir şey görərlər. Bundan çox təəccüblənərlər. Əgər o kimsə sussa aldatmaq istədiyi o hərəkəti etməsə nəfsləri və hissiyatları həmin şeyə yönələrsə, buna baxaraq edilən hər şeyin fərqinə varardılar. Deyilir ki, yaxşı baxmağı bir növ sıradan çıxardan hallar şiddətli olduqca, iş daha gözəl olar. Məsələn hoqqabazın çox işıqlı və ya çox qaranlıq bir yerdə oturması kimi, baxan göz o vəziyyətdə yorulduğu üçün onun hallarını görə bilmir.
Mən də deyirəm ki, bəzi təfsirçilər belə demişlər: Firon və hüzurundakı sehrbazlar əl cəldliyi növündən istifadə edirdilər. Buna görə də Allah təala belə demişdir: “Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər. Həmçinin belə demişdir: Ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür”. Deyirlər ki, əslində hərəkət etmirdi. Allah ən doğrusunu biləndir.
Beşinci: Həndəsi miqyaslarla düzəldilən alətlərdə görülən əcaib şeylər. Məsələn atın üzərində əlində borazan olan süvari kimi. Gündüzün saatları keçdikcə heç kim ona toxunmazsa borazanı çalar. Rumların və Hintlərin təsvir etdikləri rəsmlər də bunlardandır. Belə ki, baxanlar onu insandan seçə bilməz. Onu gülən və ağlayan şəkildə çəkərlər. Sonda Razi belə deyir: Bu növlər ən incə məqamlı şeylərdəndir. Fironun sehrbazları bu növ şeylər edərdilər.
Mən də deyirəm ki, bəzi təfsirçilər belə izah etmişdirlər. Onlar ipləri və əsaları civə ilə doldurdular, onlar da içlərindəki civələrə görə qıvrılmağa başladılar. Tamaşaçı onun öz özünə qıvrıldığını sanardı. Razi belə demişdir: Saat qutuları da bu qəbil şeylərdəndir. Ağır yükləri yüngül alətlərlə çəkmək də bu qəbildəndi. Əslində bu sehr növündən sayılmamalıdır. Çünki bilinən dəqiq səbəbləri var. Onların fərqinə varan eynisini edə bilər.
Mən də deyirəm ki, bunlardan biri də nəsranilərin işlətdikləri hiylələrdir, məsələn Qüds şəhərində kilsə zibillərinin parıldaması kimi. Kilsəyə şam gətirib insanların anlaya bilməyəcəyi gizli bir şəkildə yandırmaları da belədir. Mütəxəssislər isə bunu bilirdilər. Ancaq insanları dində toplamaq üçün buna icazə verirdilər. Kərramiyyə firqəsinin cahil davamçılarında buna bənzər hallar vardır. Bunlar rəğbətləndirmək və qorxutmaq üçün hədis uydurmağı icazəli hesab edirdilər. Buna görə də Peyğəmbər ﷺ “kim mənim adımdan yalan danışarsa cəhənnəmdə yerini hazırlasın” təhdidinə məruz qalmışdırlar.
“Məndən hədis rəvayət edin, lakin mənim adıma yalan danışmayın. Çünki mənim adımdan yalan danışan oda girər”
Sonra bu məqamda bir rahibin hekayəsini rəvayət etmişdir. Rahib inləyən və zəif hərəkət edən bir quş səsi eşitdi. Quşlar da bunu eşitdikdə, yazıqları gəlib yaşaması üçün onun yuvasına zeytun atırdılar. Bu rahib gedib o quşun formasında bir heykəlcik düzəltdi. İçini oydu. İçindən hava keçdiyi zaman quş səsi kimi bir səs eşidilirdi. Bir daxma tikib onun içərisinə çəkildi. Buranın saleh bir insanın türbəsi olduğunu iddia etdi. O quşu da o daxmada bir yerdən asdı. Zeytun vaxtı gələndə özünə tərəf o quşa bir qapı açdı. Külək o quşun içərisindən keçəndə onun kimi səs çıxarırdı. Quşlar da zeytun gətirib ora atırdılar. Rahib bunu kilsənin kəramətinə bağlayırdı. Xalq isə səbəbini bilmirdi. Onları beləcə aldatdı, bunu o qəbir sahibinin kəramətindən olduğunu yaydı.
Altıncı: Dərmanlardan istifadə etmək. Yəni qidalardan və yağlardan istifadə etmək. Bil ki bunu inkar etmək mümkün deyil. Çünki maqnitin təsiri gözlə görünən bir şeydir. Mən də deyirəm ki, bu qəbildən bir misal da belədir: Bəzi insanlar özlərinin kasıb olduqlarını iddia edər və insanlar bilmədiyi üçün maddələrin bu xassələrindən istifadə edərək iddia edirlər ki, bu onların adi təbii hallarıdır. İlan tutar, alova girərlər və bundan başqa bir çox bunun kimi işlər edərlər. Bunlar eyni növdəndir.
Yeddinci: Qəlbləri təsir altına almaq. Bu da sehrbazın Allahın ən uca adlarını bildiyini iddia edib cinlərin bir çox şeylərdə ona itaət etdiyini iddia etməsidir. Üstəlik ona qulaq asan zəif ağıllı, yaxşını pisdən ayıra bilməyən biri olarsa, onun həqiqət olduğuna inanar, qəlbi ona asılı qalar. İçində ona qarşı qorxu və heybət əmələ gələr. Əgər bir dəfə qorxdusa zəifləyər və bu vaxt sehrbaz ona istədiyini edər.
Mən də deyirəm ki, buna xüsusi inkişaf qabiliyyət deyilir. Bununla zəif ağıllı insanları aldadırlar. Fərasət elmində tam və zəif ağıllı insanları ayırd etmə metodları var. Bu işi yaxşı bilən eyni zamanda fərasət sahibi olarsa, insanların içərisindən kimin ona tabe olacağını rahatlıqla bilər.
Səkkizinci: Ara vurma və ya ara düzəltmə kimi gizli və incə yollarla bəzi işlər görmək. Bu da xalq arasında geniş yayılmış bir işdir.
Mən də deyirəm ki, ara vurma iki qismə ayrılır. Bəzən insanlar arasını qızışdırma və möminlərin qəlblərini ayırma şəklində olur. Bu da ittifaqla haramdır. Bəzən də insanları barışdırmaq və müsəlmanların bir kəlimə ətrafinda birləşdirməklə nəticələnir. Necə ki, hədisdə belə deyilmişdir: Xeyir gətirib aparan yalançı deyildir. Yaxud kafirləri köməksiz etmək, aralarını vurmaqla da olar. Bu da istənən bir şeydir. Necə ki hədisdə, döyüş hiylədir deyilmişdir. Eyni şəkildə Nuaym İbn Məsud da Əhzab döyüşündə Qüreyşlə Kureyzə oğullarının arasını vurmuşdu. Onların yanına gəlib qarşı tərəfdən bəzi şeylər dedi. Bunlara da onlardan söz apardı. Sonra bunu doğru kimi qələmə verdi. İnsanlar bir birindən şübhələnib ayrıldılar.
Bu kimi şeyləri ancaq incə zəkalı insanlar edə bilər. Kömək Allahdandır. Sonra Razi belə dedi: Bax sehrin növləri və şərhləri bunlardır.
Mən də deyirəm ki: Bu izah edilən şeylərin çoxunu sehrə qatması incə olmasından ötrüdür. Çünki sehr də lüğətdə incə və səbəbi gizli olan şeyə deyilir. Bunun üçündür ki, hədisdə elə ifadələr vardır ki, sehr kimidir deyilmişdir. Səhər vaxtına də belə deyilməsi gizlicə və gecənin sonunda olmasındandır. Ağciyərə də “əs-sahr” deyilir, o da qida yeridir. Ona belə deyilməsi gizliliyində, bədən və orqanlara gedən damarlarının incəliyindəndir. Necə ki, Əbu Cəhl də Bədr döyüşündə Utbə üçün: sahri şişdi, yəni qorxusundan ağciyari şişdi, demişdir. Aişə (Allah ondan razı olsun): Rəsulullah ﷺ, “sahrimlə nəhrim” arasında vəfat etdi, demişdir ki, köksümlə gərdənim arasında deməkdir. Allah Təala da: “İnsanların gözlərini sehrlədilər” (Əraf, 116) demişdir, etdiklərini onlardan gizlətdilər, deməkdir. Allah ən doğrusunu biləndir.
Əbu Abdullah əl-Qurtubi də belə demişdir: Bizə görə sehr haqdır. Onun həqiqəti vardır. Allah o sırada istədiyi şeyi yaradır. Mötəzilələr və şəfilərdən Əbu İshaq əl-İsfərayini bunu qəbul etməzdilər. Bunun bir gizlətmə və xəyal olduğunu söyləyirdilər. Deyir ki: Sehrin kimisi əl sürəti ilə olur, məsələ ərəbcədə “şavəzə” dediyimiz şey kimi. Şavəzi də poçtalyondu ki, sürətli yerişinə görə belə deyilmişdir. İbn Faris də belə demişdir: Bu çöl xalqının sözünə bənzəmir. Qurtubi belə demişdir: Bunların bir növü də əzbərlənən və Allahın adından tilsim kimi oxunan şeylərdir. Bəziləri da şeytani sözlərdəndir. Dərman, tüstü v.s. şəkillərdə olanlar da vardır. Rəsulullah ﷺ: Bəlağətdə sehr var, demişdir. Bunun bəlağətin tərifləmə olma ehtimalı də vardır, necə ki, bir qrup belə deyər. Bəlağətin qınanma olma ehtimalı də vardır. Bu daha doğrudur. Çünki bəlağət batili haqq kimi göstərir. Belə ki, dinləyici onun haqq olduğunu düşünür. Necə ki, Rəsulullah ﷺ belə demişdir: Bəzən biriniz sözünü digərinə görə daha açıq ifadə edir, mən də onu haqlı sanaraq lehinə qərar verirəm.
Vəzir Əbu-Muzaffər Yəhya İbn Muhəmməd İbn Hubeyrə, «Əl-işrəf ala məzahibil əşrafi» kitabında sehrə bir bölmə ayırmış və belə demişdir: Sehrin olduğunda alimlər icma etmişdir. Ancaq Əbu Hənifə: O gerçək deyil, demişdir. Sehri öyrənən və onu istifadə haqqında da ixtilaf etmişlər, Əbu Hənifə, Malik və Əhməd kafir olar, demişdilər. Əbu Hənifənin davamçılarından belə deyənlər vardır: Onu qorunmaq və ya ondan çəkinmək üçün öyrənsə kafir olmaz. Kim də onun icazəli və faydalı olduğuna inanaraq öyrənsə kafir olar. Eyni şəkildə şeytanların istədiyi şeyi edəcəyinə etiqad edən də kafirdir. Şəfi (Allah ona rəhmət etsin) belə demişdir: Bir kimsə sehri öyrənirsə ona: Bizə sehrini başa sal, deyərik. Əgər küfrü tələb edən bir şey izah etsə, məsələn Babil xalqının yeddi planetə yaxınlaşmağı işləri və onların özlərindən istənilən şeyi verər kimi bir etiqadı olsa, o da kafirdir. Əgər küfrü vacib edən bir şey olmazsa, baxılar, mübah olduğunu etiqad edərsə, o da kafirdir.
İbn Hubeyrə belə demişdir: Sehrbaza sadəcə o əməli etməklə və istifadə etməklə ölüm hökmü kəsilərmi? Malik ilə Əhməd: Bəli, demişlər. Şəfi ilə Əbu Hənifə də: Xeyr, demişlər. Amma əgər cadusuyla bir insanı öldürsə, Malik, Şəfi və Əhmədə görə ölüm hökmü kəsilər. Əbu Hənifə isə: Bu əməl təkrar edilərsə və ya müəyyən bir şəxsi öldürdüyünü təsdiq edərsə, öldürülər, demişdir. Öldürüləcəyi zaman da hədd olaraq öldürülər. Ancaq Şəfi: Bu vəziyyətdə qisas olaraq öldürülər, demişdir. Sehrbaz tövbə etdiyi zaman tövbəsi qəbul olunarmı? Malik, Əbu Hənifə və Əhmədin məşhur bir görüşündə: qəbul olunmaz, demişlər. Şəfi və Əhməd də başqa bir rəvayətdə: qəbul edilər, demişdilər.
Əhli kitab sehrbazına gəlincə, Əbu Hənifəyə görə Müsəlman cadugər kimi o da öldürülər. Malik, Əhməd və Şəfi: öldürülməz, demişdilər. Çünki Ləbid İbn Asam öldürülməmişdir. Sehrbaz müsəlman qadında da ixtilaf etmişdirlər: Əbu Hənifəyə görə öldürülməz, ancaq həbs edilər. Digər üçü isə onun hökmü də kişinin hökmü kimidir, demişdilər. Allah ən doğrusunu biləndir.
Əbu Bəkir əl-Xəlləl belə demişdir: Bizə Əbu Bəkir əl-Mərvəzi rəvayət etdi ki, Abdullah, yəni Əhməd İbn Hənbəlin oğlu, Ömər İbn Harundan, o da Yunusdan, Zuhrinin belə dediyini rəvayət etmişdir: Müsəlmanların sehrbazı öldürülər, müşriklərin sehrbazı öldürülməz. Çünki bir yəhudi qadın Rəsulullahı ﷺ ovsunladı, o da onu öldürmədi. Qurtubi, Məlikdən zimmi haqqında soruşdu, o da dedi: Əgər onun sehri öldürübsə öldürülər. İbn Huveyzməndad da Malikdən sehir edən zimmi haqqında iki rəvayət etmişdir:
Birincisi: Tövbə etdirilər; əgər müsəlman olarsa heç nə edilməz, əks halda öldürülür. İkincisi: Müsəlman olsa da öldürülər. Müsəlman sehrbaza gəldikdə, əgər sehri ilə küfr edirsə, dörd imama və digərlərinə görə kafir olur. Çünki Allah Təala: “O ikisi heç kimsəyə: Biz ancaq sınağıq, kafir olma deməmiş sehr öyrətmirdilər” demişdir. Ancaq Məlik demişdir: Sehr üstündə tutulsa tövbəsi qəbul olunmaz, çünki o zındıq kimidir. Əgər tutulmadan əvvəl tövbə edər və bizə tövbə etmiş olaraq gələrsə, onu qəbul edirik. Əgər sehri öldürərsə o da öldürülər. Şəfi də: Əgər öldürmə qəsdi yoxdursa o xəta etmişdir, qan bahasını ödəməsi lazım gələr, demişdir.
Məsələ: Sehrbazdan sehrini açması istənərmi? Səid İbn Musayyəb bunu Buxarinin nəqlinə görə icazəli görmüşdür. Amir əş-Şabi də əfv oluşunda bir zərəri yoxdur, demişdir. Həsən Bəsri isə bunu məkruh görmüşdür. Səhih hədisdə Aişə (Allah ondan razı olsun) belə demişdir: Ey Allahın Rəsulu, sənə ofsun edəkmi? O da: Allah mənə şəfa verdi, insanlara şər qapısı açmaq istəmirəm, dedi. Qurtubi, Vəhbdən nəql etmişdir: Yeddi sidr yarpağı iki daş arasında döyülərək, suya qatılır, üzərinə ayətəl kursi oxunur, sehrlənən kimsəyə ondan üç ovuc içirdilir. Sonra qalanı ilə qüsl etdirilir. Onda sehr açılır. Bu, bağlı olub arvadına yaxınlaşa bilməyən kişi üçün də yaxşıdır.
Mən də deyirəm ki: sehri açmaq üçün ən faydalı şey Allah Təalanın Rəsuluna endirdiyi muavvizəteyn surələridir. Hədisdə: O ikisi kimi qoruyucu yoxdur, deyilmişdir. Ayət-ul-Kursi oxuma da belədir; çünki o da şeytanları qovar.