İbn Cüreycdən rəvayət edilir ki, İbn Abbas “Zəlikəl Kitab” bu kitab, demişdir. Mücahid, İkrimə, Said ibn Cübeyr, Suddi, Muqatil ibn Həyyan, Zeyd ibn Əsləm və ibn Cüreyc, “zəlikə” — həzə mənasındadır, demişdirlər. Ərəblər bu iki ismi bir birinin əvəzində istifadə edirlər. Bu onların dilində bilinən bir şeydir. Bunu da Buxari, Mamər ibn əl Musennadan, o da əbu Ubeydədən rəvayət etmişdir. Zaməxşəri belə demişdir: “Zəlikə (bu) “Əlif Ləm Mimə” işarətdir. Çünki Allah Təala “Lə fəridun vəla avanun beynə zəlik” (Bəqara 68) və “Zəlikum hukmullahi yəhkumu beynəkum”(Mumtehinə 10) və “Zəlikumullah” (Ənam, 95), buyurmuşdur. Bunun kimi yuxarıda qeyd edilən şeyə işarət edən çox misallar vardır. Bəzi təfsirçilər Qurtubi və digərlərinin nəqlinə baxaraq “zəlikənin” Peyğəmbərə (salləllahu aleyhi və səlləm) endirilməsi vəd edilən Qurana, və ya Tövrata və ya İncilə və ona qədər şeylərə işarət etdiyini demişdirlər. Çoxu bu fikri zəif saymışdırlar. Allah ən doğrusunu biləndir.
Kitab Qurandır. Kim ibn Cərir və digərlərinin rəvayət etdiyi kimi, bu kitab Tövrata və İncilə işarət edir deyərsə, heyvanını uzaq yerdə otarmış, məna çıxartmaq üçün dərinə getmiş və bilmədiyi şeyə əl atmış olar.
Rayb: Şübhə deməkdir. Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbni Abbasdan, o da İbni Məsud ilə Rəsulullahın (salləllahu aleyhi və səlləm) əshablarından “lə raybə fih” bunda şübhə yoxdur mənasındadır demişdirlər. Əbuddərda, İbni Abbas, Mücahid, Said ibn Cubeyr, Əbu Malik, İbni Ömərin azad edilmiş köləsi Nafi, Ata, Əbul Aliyə, Rəbi ibn Ənəs, Muqatil ibn Həyyan, Suddi, Qatadə, İsmayıl ibn əbu Xalid də belə demişdirlər. İbn Əbu Hatim də: Mən də bunda ixtilaf bilmirəm, demişdir. Bəzən də “rayb” töhmət mənasında istifadə edilir. Şair Cəmil belə demişdir:
Deyəndəki, ey Cəmil, şübhələndirdin məni,
Dedim ki, ey Büseynə, bölüşürük şübhəni.
Bəzən də ehtiyac mənasında istifadə edilmişdir:
Tihamədən, Xeybərdən ödədik ehtiyacı
Sonra da yığışdırdıq, silahları, qılıncı
Burada kəlamın mənası belədir. Bu kitab ki, Qurandır, onun Allah qatından endirilməsində şübhə yoxdur. Necə ki, Allah Təala səcdə surəsində belə demişdir: “Əlif ləm mim, Kitabın aləmlərin Rəbbi Allah tərəfindən endirilməsində şübhə yoxdur”. Bəziləri də: bu xəbərdir, qadağan etmə mənasındadır, yəni onda şübhə etməyin, demişdirlər. Bəzi qarilər “Lə rayb” sözündə dayanar, “fihi hudən lil muttaqin” deyə başlayarlar. “Lə raybə fih” də dayanmaq, qeyd edilən ayət səbəbi ilə daha yaxşıdır. Burada “hudən” sözü Quranın sifəti olur. Bu isə “fihi hudən” dən daha qüvvətlidir. “Hudən” Ərəd dili baxımından sifət olaraq adlıq halda olması, hal olaraq təsirli halda olması icazəlidir. Hidayət möminlərə məxsus edilmişdir, necə ki, Allah Təala buyurur: ”De ki: O iman edənlər üçün hidayət və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar”(Fussilət, 44). “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 82). Bunun kimi Qurandan ancaq möminlərin faydalanacağını göstərən bir çox ayələr vardır. Çünki o özü hidayətdir, fəqət ondan yalnız yaxşılar istifadə edə bilər. Çünki Allah təala belə demişdir: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir.”(Yunis 57) Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da Murrə əl Həmədanidən, o da ibn Məsuddan o da bəzi əshablardan “hudənlil muttaqin” müttəqilər üçün nurdur, dediklərini rəvayət etmişdir. Şabi azğınlıqdan doğru yolu göstərən bir rəhbərdir , demişdir. Said ibn Cubeyr də: Müttəqilər üçün izahdır, demişdir ki, hamısı doğrudur. Suddi Əbu Malikdən, o da Əbu Salehdən, o da İbni Abbasdan, o da Murrə əl Həmədanidən o da İbn Məsuddan rəvayət edir ki, bəzi səhabələr müttəqilər möminlərdir demişdirlər. Muhamməd ibn İshaq, Zeyd ibn sabitin azad edilmiş köləsi Muhəmməd ibn abu Muhəmməddən, o da İkrimədən o da Said ibn Cubeyrdən, rəvayət edir ki, İbni Abbas: Müttəqilər bildikləri hidayəti tərk etməkdə Allahın əzabından qorxanlar, gətirdiyi şeyləri təsdiq etməkdə Allahın rəhmətini umanlardır, demişdir. Əbu Ravkdən Dahhaq vasitəsi ilə rəvayət edilir ki, İbni Abbas: Müttəqilər mənə (Allaha) şirk qoşmaqdan qorxan və mənə itaət edən möminlərdir, demişdir. Süfyan Sevri bir adamdan, o da Həsən Bəsridən rəvayət edir ki, müttəqilər Allahın haram etdiyi şeylərdən çəkinən və fərzləri yerinə yetirənlərdi, demişdir. Əbu Bəkr ibn Əyyaş deyir ki, Aməş məndən müttəqilər haqqında soruşdu, mən də ona cavab verdim. Mənə Kəlbidən soruş, dedi. Mən də soruşdum, o da: Müttəqilər böyük günahlardan çəkinənlərdir dedi. Məndə Aməşə bunu xəbər verdim, o da belə fikirdə idi, dedi və etiraz etmədi. Qatadə, Müttəqilər Allah ardınca gələn ayədə Allahın “onlar qeybə iman edər və namazı dosdoğru qılarlar” (Bəqara, 3) deyə təsvir etdiyi kəslərdir, demişdir. İbn Cərir bunu üstün rəy hesab etmişdir: Ayə bütün bunları ehtiva edir və onun dediyi kimidir. Tirmizi ilə İbn Macə Əbu Aqil Abdullah ibn Aqildən, o da Abdullah ibn Yeziddən, o da Rabia ibn Yeziddən, o da Atiyyə ibn Qeysdən, o da Atiyyə əs Sadidən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Qul şübhəli olmayan şeyləri şübhəli ola bilər narahatçılığı ilə rədd etmədikcə müttəqilərdən ola bilməz. Sonra da Tirmizi: Hədis həsən qəribdir, demişdir.
İbn əbu Hatim, mənə atam rəvayət etdi dedi, o da Abdullah ibn İmrandan, o da İshaq ibn Süleymandan yəni Razidən, o da Muğirə ibn Muslimdən rəvayət edir ki, Meymun ibn Abu Həmzə dedi ki, mən Abu Vailin yanında oturmuşdum. Yanımıza bir adam gəldi, ona Muazın dostlarından Əbu Afif deyirdilər, Şəqiq ibn Sələmə ona : Ey Əbu Əfif, bizə Muaz ibn Cəbəldən bir hədis oxumayacaqsan?- dedi. O da Yaxşı, ondan belə dediyini eşitdim, dedi: İnsanlar qiyamət günündə düz bir yerdə dayandırılarlar: “Müttəqilər haradadır?” deyə səslənilər. Onlar qalxar Allahın himayəsinə sığınarlar, Allah da onlardan pərdələnməz. Mən də müttəqilər kimlərdir? dedim. O da: Şirkdən və bütlərə ibadət etməkdən çəkinənlər, Allaha ixlasla ibadət edənlərdir. Cənnətə doğru keçərlər, dedi.
Bəzən hidayət deyilir amma qəlbdə yerləşən iman qəsd edilir. Bunu da qəlblərə ancaq Allah Təala yerləşdirir. Allah Təala belə demişdir: “Şübhəsiz ki sən sevdiyini hidayət edə bilməzsən” (Qasas, 56).”Onlara hidayət vermək sənə aid deyildir” (Bəqəra 272). Allah kimi azdırarsa ona hidayet verəcək yoxdur” (Əraf, 186). “Allah kimə hidayət verərsə, o doğru yolu tapmışdır. Kimi də azdırarsa onun üçün doğrunu göstərən bir dost tapmazsan” (Kəhf, 19). Bunlardan başqa bir çox ayələr də vardır. Bəzən də hidayət deyirlər amma ondan haqqın çatdırılması, izahı və göstərilməsi qəsd edilir. Allah təala belə demişdir: “Həqiqətən də sən doğru yola hidayət edərsən” (Şura, 52). “Sən ancaq bir xəbərdaredicisən, hər cəmiyyətin bir hidayət edəni vardır” (Rad, 7). “Səmud qövmünə gəlincə onalara hidayət verdik. Onlar isə korluğu hidayətə dəyişdilər” (Fussilət, 17). ”Onu iki yola hidayət etmədikmi?” (Bələd, 10). İki yolda məqsəd bəziləri üçün xeyir və şərdir. Bu da üstün olmağa layiq bir rəydir. Allah ən doğrusunu biləndir.
Təqva kəlməsinin əsli xoşagəlməz şeylərdən çəkinməkdir. Çünki əsli vaqvadır, bu isə viqayə sözündən əmələ gəlib. Şair Nəbiğə belə demişdir:
Salmamaq üçün başından açılan örpəyini
Biz çəkdik, tutmaq üçün o uzatdı əlini
Başqası isə belə demişdir:
Günəşdən niqabını çəkincə, öz əliylə
Əvəzlədi niqabı, və gözəl biləyiylə
Belə deyilmişdir: Ömər ibn Xəttab- radiyallahu anh Ubey İbn Kabdan təqva haqqında soruşdu, o da “Sən tikanlı yolda getmisənmi?” dedi. O da “Bəli” dedi. O da “Neylədin?” dedi. O da “Ətəyimi çirmələdim və tapdamamağa çalışdım”, dedi. O da: Bax təqva budur, dedi. Şair ibn Mutəz bu mənanı belə dilə gətirmişdir:
İstər kiçik olsun istərsə böyük
Tərk et günahları, ağırıdır bu yük
Tikanlı yollarda yerisən əgər
Hər addım, ehtiyat istəməz məgər?
Kiçik günahları xor görmə saqın
Xırda daş kəsəkdir tərkibi dağın.
Əbuddərda bir gün belə bir şeir oxudu:
İnsan arzusunun dalınca gedər,
Allah istəyərsə, O bunu edər.
İnsan “mənfəətim və malım” deyər
Ən gözəl mənfəət, nə gözəl dəyər
Allahın təqvası deyildir məyər?
İbn Macə Sunən əsərində Əbu Umamədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir. Bir insan Allahın təqvasından sonra yaxşı bir zövcə qədər xeyirli bir şey əldə etməmişdir. Ona baxarsa sevindirər, ona əmr edərsə itaət edər, and içdirərsə andına sadiq qalar, yanında olmazsa özünü və malını qoruyar.