Yəni, bunlar Allahın varislər üçün təyin etdiyi fərzlər və bölgülərdi. Bunlar da onların ölüyə yaxınlıqları, ehtiyacları, onun olmadığı zaman itkiləri ilə əlaqəlidir. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın, onları keçməyin, deməkdir.
Bu səbəbdən də buyurur: “Kim Allaha və Onun Elçisinə itaət edərsə” yəni, miras məsələsində; Belə ki, bəzi varislərin payını yalan və hiylə ilə nə artırar, nə də əksildər. Əksinə onları Allahın hökmünə, fərzinə və bölgüsünə həvalə edərsə “onu altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, onu içində əbədi qalacağı oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” Yəni, Allahın hökmünü dəyişdirdiyi və Allahın hökmünə qarşı çıxdığı üçün, deməkdir. Bu da Allahın bölgü və hökmünə razılıq göstərmədiyi zaman baş verir. Buna görə onu şiddətli və əbədi əzab ilə alçaldılmaqla cəzalandırar.
İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Əyyubdan, o da Əşas ibn Abdullahdan, o da Şəhr ibn Havşəbdən, o da Əbu Hureyrədən, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Bir adam yetmiş il xeyir əməl sahiblərinin əməlini edər, vəsiyyət etdiyi zaman vəsiyyətində haqsızlıq edər və nəticədə son nəfəsini pis əməllə başa vurub atəşə daxil olar. Bir adam da yetmiş il pis əməl sahiblərinin əməlini edər, vəsiyyət etdiyi zaman ədalətli olar və nəticədə son nəfəsini xeyirli əməl ilə başa vurub Cənnətə daxil olar.» Rəvayətçi deyir: Sonra da Əbu Hureyrə dedi: İstəsəniz bu ayəni oxuyun “Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, onu altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, onu içində əbədi qalacağı oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır”.
Əbu Davud da Sunənində vəsiyyətdə zərər vermə xüsusunda demişdir: Bizə Abdə ibn Abdullah danışdı, bizə Abdussaməd xəbər verdi, bizə Nasr ibn Əli əl-Huddani danışdı, bizə Əşas ibn Abdullah ibn Cabir əl-Huddani danışdı, mənə Çəhr ibn Həvşəb danışdı, ona da Əbu Hureyrə danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Bir kişi və ya qadın altmış il Allaha itaət edər, sonra da ölüm onları haqlayar. Onlar da vəsiyyətdə zərər vurarlar. Bu səbəbdən də o ikisinə cəhənnəmə girmək vacib olar.» Rəvayətçi dedi: Əli və Əbu Hureyrə burada “Vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra… Bu, böyük uğurdur” ayələrini oxudular.»
Tirmizi ilə İbn Macə də, İbn Abdullah ibn Cabir əl-Huddanidən bu cür rəvayət etmişlər. Tirmizi: «Həsən, qəribdir» – demişdir. İmam Əhmədin rəvayəti daha tam və mükəmməldir.