De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

Bu ayə, Muhəmmədin (sallallahu aleyhi və səlləm) yolu ilə getməyib Allah sevgisini iddia edən hər kəsə hökm edir. Çünki o, Muhəmmədin (sallallahu aleyhi və səlləm) şəriətinə və peyğəmbər dininə bütün sözlərində və hallarında tabe olmayınca, öz hərəkətlərində yalançı sayılacaq. Necə ki, səhih hədisdə varid olmuşdur ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim bizim əmrimiz olmayan bir əməl edərsə, o rədd olunar”. Buna görə də “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” demişdir. Yəni, onu sevmək istəyinizdən əlavə bir şey əldə edərsiniz ki, bu da Onun da sizi sevməsidir. Necə ki, hikmət sahibi olan alimlərdən biri buyurmuşdur: “Məsələ sevmək deyildir, əsl məsələ sevilməkdir”. Həsən Bəsri ilə digər sələf alimləri də belə demişdir: “Bəziləri Allahı sevdiklərini iddia etmişlər, Allah da onları bu “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” ayəsi ilə imtahan etmişdir.

İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Əli ibn Muhəmməd ət-Tənəfəsi danışdı, bizə Ubeydullah ibn Musa o da Abdul-Əla ibn Ayən danışdı, o da Yəhya ibn əbi Kəsirdən, o da Urvədən nəql etdi ki, Aişə (radıyallahu anha) demişdir: “Din sevmək və nifrət etməkdən ibarət deyilmi? Allah Təala “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” demişdir”. Əbu Zura: “Bu, Abdul Əla münkər hədisçidir” demişdir.

Sonra Allah Təala buyurur: “və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” yəni, Rəsulullaha (sallallahu aleyhi və səlləm) tabe olmaqla onun elçilik bərəkəti ilə bütün bunları əldə etmiş olursunuz.

Sonra Allah Təala ümumən və xüsusən hər kəsə əmr edərək buyurur: “De: “Allaha və (göndərdiyi )Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. Bu, Onun yoluna müxalif olmanın küfrə səbəb olacağına dəlildir. Allah bu vəsfdə olanları sevməz. Hətta o, Allahı sevdiyini və Ona yaxın olmaq istədiyini iddia etsə və öz içində bunu düşünsə belə, ümumi olaraq bütün insan və cinlərə göndərilən son və yazıb oxumağı bilməyən peyğəmbərə tabe olmadıqca Allah onu sevməz. O elə bir peyğəmbərdir ki, əgər nəbilər, hətta rəsullar və hətta onlardan ulul-azım (yəni, böyük rəsullar) olanlar belə onun zamanında gəlsəydi, ona tabe olmaqdan, ona itaət etməkdən və şəriətini tətbiq etməkdən başqa çarələri olmazdı. Necə ki, bunun izahı “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış “ ayəsində gələcəkdir.