Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

Təbərani demişdir: Bizə Həsən ibn İshaq Tüştəri danışdı, bizə Yəhya əl-Hammani danışdı, bizə Yaqub əl-Qummi danışdı, o da Cəfər ibn Əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan dedi: Qureyşlilər yəhudilərin yanına gəlib dedilər: «Musa sizə nə ilə gəldi?» Onlar dedi: «Onun əsası və görənlər üçün ağ əli var idi.» Xristianlara dedilər: «İsa necə idi?» Onlar dedilər: «Korları və alaca xəstələrini müalicə edərdi, ölüləri dirildərdi.» Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Bizim üçün Səfa təpəsini qızıla döndərsin deyə, Rəbbinə dua et.» O da Rəbbinə dua etdi və Allah bu ayəni nazil etdi: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır”. Bunların üzərində düşünün.

Burada bir ziddiyyət var. Belə ki, bu ayə Mədinə ayəsidir. Onların Səfa qızıla dönsün istəyi isə Məkkədə baş vermişdir. Allah ən doğrusunu biləndir.

Ayənin mənası belədir ki, Allah təalə buyurur: “Doğrusu, göylərin və yerin xəlq edilməsində” yəni, bunların yüksəklik və genişliyində, bunların enişində, sıxlıq və çökəkliyində; ikisində də planetlər, sabit ulduzlar, dənizlər, dağlar, çöllər, ağaclar, bitkilər, əkinlər, meyvələr, heyvanlar, mədənlər, müxtəlif növ rəngə, dada, iyə və xüsusiyyətlərə malik faydalı qazıntılar; “gecə ilə gündüzün bir-birini əvəz etməsində” yəni, biri birinin ardınca gəlməsi, uzunluq və qısalıqlarının kəsişməsində; bir dəfə birinin uzanıb digərinin qısalmasında, sonra tarazlanmasında, sonra qısa olanın uzanmasında və uzun olanın qısalmasında ibrətlər vardır. Bütün bunlar əziz, hikmətli və bilən Allahın təqdiri ilədir. Buna görə də belə buyurdu: “Ağıllı adamlar üçün dəlillər vardır” yəni, əşyaları olduğu şəkildə açıq-aydın dərk edən tam və iti zəkaya malik ağıl sahibləri üçün, deməkdir. Bunlar ağıllarını çalışdırmayan kar və korlar kimi deyil. Onların haqqında Allah demişdir: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 105-106). Sonra Allah ağıl sahiblərini vəsf edərək buyurur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir”.

Necə ki, Səhih Buxaridə, İmran ibn Huseyndən (radiyAllahu anhu) belə dediyi sabit olmuşdur: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Namazı ayaq üstə qıl, əgər gücün çatmasa oturaraq, əgər buna da gücün çatmasa uzanaraq qıl.» Yəni, onlar bütün hallarında içlərindən, könüllərindən və ağızlarından Allahın zikrini kəsməzlər. “Göylərin və yerin yaradılması haqqında düşünür” yəni, onlarda, Xaliqin əzəmət, qüdrət, elm, hikmət, seçim və rəhmətini anlayarlar.

Seyx Əbu Suleyman əd-Dərani demişdir: «Mən evimdən çıxaram, gözümə nə çarparsa onda Allahın mənim üzərimdə bir nemət və ibrəti olduğunu görərəm.» Bunu İbn Əbu Dünyə “ət-Təfəkkur vəl-İtibar” kıtabında rəvayət etmişdir.

Həsən Bəsri demişdir: Bir saat təfəkkür, gecəni namazla keçirməkdən daha xeyirlidir.

Fudeyl demişdir: Həsən belə dedi: Fikirləşmək güzgüdür. Sənə yaxşılıqlarını və pisliklərini göstərir.

Sufyan ibn Ueynə demişdir: «Düşüncə qəlbinə girən bir nurdur.» Bəzən o, örnək olaraq bu beyti oxuyardı:

Əgər kişinin düşüncəsi varsa,  Hər şeydə onun üçün bir ibrət olar.

İsadan (aleyhis-salam) rəvayətə görə o, demişdir: Xoşbəxtdir o kəs ki, sözü zikr, susması fikir və baxışı ibrətdir.

Müdrik Loğman demişdir: Uzun müddət tək qalmaq təfəkkür etmək üçün ilham verir. Uzun müddət təfəkkür də Cənnət qapısı döyməyə aparır.

Vəhb ibn Munəbbih də demişdir: Bir kimsə uzun müddət düşünərsə mütləq anlayar, anlayarsa da mütləq bilər, bilərsə də mütləq əməl edər.

Ömər ibn Əbduləziz demişdir: Allahın zikrini danışmaq gözəldir, Allahın nemətlərini təfəkkür etmək isə ibadətin ən fəzilətlisidir.

Muğis əl-Əsvəd demişdir: «Qəbirləri hər gün ziyarət edin. Bu sizin təfəkkürünüzü genişləndirər. Məhşəri qəlbinizlə muşahidə edin. İki dəstə halında cənnətə və yaxud cəhənnəmə ayrılacağınızı gözünüzlə görün. Cəhənnəmi, toppuzlarını və zindanlarını xatırlamağı qəlblərinizə və bədənlərinizə hiss etdirin.» O bunu deyib ağlayardı. Hətta dostları ilə olduğu məclisdən özündən getmiş vəziyyətdə çıxarılardı. Onun huşu başından çıxardı.

Abdullah ibn Mubarək demişdir: Bir adam məzarlığın və zibilliyin yanında bir rahibə rast gəldi və onu haraylayıb dedi: Ey Rahib, yanında dünya xəzinələrindən iki xəzinə var. Onlarda sənin üçün ibrət vardır: Adamların xəzinəsi və mal-dövlətin xəzinəsi.

İbn Ömər qəlbi ilə danışmaq istəyəndə xarabalığa gedərdi və həzin bir səslə deyərdi: «Əhlin haradadır?» Sonra da özünə gəlib bu sözləri deyərdi: “Onun Üzündən başqa hər şey həlak olacaqdır” (Qasas, 88).

İbn Abbas da demişdir: Təfəkkürlə qılınan qənaətli iki rükət namaz, qəflət qəlblə qılınan bir gecəlik namazdan daha xeyirlidir.

Həsən Bəsri demişdir: Ey Adəm oğlu, mədənin üçdə biri qədər ye, üçdə biri qədər su iç və qalan üçdə birini təfəkkür etmək üçün nəfəsə saxla.

Müdriklərdən biri demişdir: Kim dünyaya ibrət almadan baxsa, onun qəlbi həmin qəflət qədər kütləşər.

Bişr ibn Haris əl-Hafi demişdir: Əgər insanlar Allahın əzəmətini düşünsələr, ona asi olmazlar.

Həsən demişdir: Amir ibn Qeys demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrinin biri, ikisi, üçü və daha çoxundan belə dediklərini eşitdim: İmanın ziyası və ya nuru təfəkkürdür.

İsadan (aleyhis-salam) belə dediyi rəvayət edilmişdir: Ey zəif Adəm oğlu, harada olursan ol, Allahdan qorx, dünyada qonaq kimi ol, məscidləri ev et, gözlərinizə ağlamağı, bədəninə səbri və qəlbinə təfəkkürü öyrət. Sabahın ruzisi üçün qəm yemə.

Möminlərin əmiri Ömər ibn Əbduləziz (radiyallahu ənh) bir gün dostlarının yanında ağladı, səbəbini soruşanda belə dedi: Dünya zövqləri və şəhvətləri haqqında düşündüm, onlardan ibrət aldım, şəhvəti bitmədən acısı onu bulandırır. Əgər ibrət alan ondan ibrət ala bilməsə, onda, düşünən üçün öyüdlər vardır.

İbn Əbu Dünya demişdir: Hüseyn ibn Abdurrahmən mənə bu şeri oxudu:

Möminin əyləncəsi düşüncədir   Möminin ləzzəti ibrətdir.

Həmd edirik tək Allaha              Təhlükə var hamımıza

Ömrü bitmiş, çatıb başa            Qəflətdəndir dərk eləmir.

Nə cür zövqlü həyat vardır       Düşüncədən parlaq idi

Bulaqların şırıltısı, ağacların kölgəsi də     Onların altından keçdi.

Bitkilərin, meyvələrin               Sevinci içində keçdi.

Dəyişdirdi onu və ailəsini         Zamanın surəti başqa etdi   

Tək Allaha həmd edək ki,         Bunda böyük ibrət vardır       

Ağıl sahibi olaq ki,                  İbrət alsa, ibrət vardır.

Allah təala zatına, sifətlərinə, şəriətinə, qədərinə və ayələrinə dəlalət edən məxluqatından ibrət almayanları danlayaraq buyurur: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 105-106). Mömin qullarını isə tərifləmişdir: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­  “Ey Rəbbimiz! Sən bunu batil olaraq xəlq etməmisəndeyirlər” yəni, bunları əbəs yerə yaratmadın, əksinə pislik edənləri etdikləri ilə cəzalandırmaq və yaxşılıq edənləri də gözəlliklə mükafatlandırmaq üçün yaratdı.

Sonra onu boş şeylərdən və batili yaratmaqdan tənzih edib dedilər: “Sən pak və müqəddəssən” yəni, batil bir şey yaratmaqdan. “Bizi Odun əzabından qoru” yəni: Ey məxluqatı haqq və ədalət üzərində yaradan, ey nöqsanlardan, qüsurlardan və əbəsdən uzaq olan, bizi atəşin əzabından qoru, Öz gücün və qüvvətinlə. Bizi bizdən razı qalacağın əməllərə yönəlt. Bizi nemət cənnətlərinə aparacaq saleh əməllərə müvəffəq et, bununla da bizi acılı əzabdan qoru.

Sonra da dedilər: “Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən” yəni onun rüsvay olduğunu bütün məxluqatına göstərərsən. “Zalımların köməkçiləri olmaz” yəni Qiyamət günü onları himayə edən olmaz. Sənin onlara istədiyindən qaça bilməzlər.

Ey Rəbbimiz! Həqiqətən, biz imana çağıran bir kimsənin çağırışını eşidib” yəni imana çağırana, o da Rəsulundur (salləllahu aleyhi və səlləm). “Rəbbinizə iman gətirin!”– deyə, bizdə iman gətirdik” yəni dəvətini qəbul edib ona tabe olduq. “Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla” yəni Rəsuluna iman ediyimizə və tabe olduğumuza görə günahlarımızı bağışla, onları ört. “Təqsirlərimizdən keç” yəni Səninlə bizim aramızda olanlardan. “və canımızı itaətkarlarla bir yerdə al” yəni salehlərlə birgə et. “Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver” mənasının «Rəsullarına iman etdiyimizə görə» olduğu deyilmişdir. Həmçinin «Rəsullarının dili ilə» mənasını daşıdığı da söylənilmişdir. Bu daha açıqdır.

İmam Əhməd demişdir: Bizə Əbu Yəmən danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Amr ibn Muhəmməddən, o da Əbu İqaldan, o da Ənəs ibn Məlikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Əsqalan iki gəlindən biridir. Qiyamət günü Allah oradan sorğu sual etmədən yetmiş min nəfər dirildəcək. Oradan əlli min şəhid də dirildəcək ki, onlar Allahın hüzuruna gələcəklər. Orada səf-səf şəhidlər olacaq, başları kəsilib, əllərindədir. Boyunlarından qanları fışqırır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” Allah da deyər: Qulum doğru söylədi. Onları ağ çayda yuyun. Çaydan ağappaq təmizlənmiş çıxarlar. Cənnətin istədiyi yerində azad gəzərlər.» Bu hədis Musnədin qəriblərindən sayılır. Onu uydurma sayanlar vardır. Allah ən doğrusunu biləndir.

“Qiyamət günü bizi rüsvay etmə!” yəni, məxluqatın gözü qabağında. “Şübhəsiz ki, Sən vədindən dönməzsən!” yəni, qayıdışın olması mütləqdir. Necə ki, bu barədə rəsullarına xəbər verdin. Bu, Qiyamət günü Sənin qarşında dayanmaqdır.

Hafiz Əbu Yalə demişdir: Bizə Haris ibn Şureyh danışdı, bizə Mutəmir danışdı, bizə Fadl ibn İsa danışdı, bizə Muhəmməd ibn Munkədir danışdı, ona Cabir ibn Abdullah danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Qiyamət günü Adəm oğlu Allahın hüzürunda o qədər utanar və rəzil olar ki, Cəhənnəmə göndərilməyə belə razı olar.» Hədis gəribdir.

Belə sabit olmuşdur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə namazına qalxdığı zaman Ali-İmran surəsinin son on ayəsini oxuyardı. Buxari demişdir: Bizə Səid ibn əbi Məryəm danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, mənə Şərik ibn Abdullah ibn Əbu Nəmir xəbər verdi, o da Kureybdən, o da İbn Abbasdan, o demişdir: Mən xalam Məymunənin evində gecələdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) ailəsi ilə bir müddət danışdı sonra yatdı. Gecənin son üçdə birində dikəlib oturdu və göyə baxdı. Sonra bu ayələri oxudu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır…”. Sonra da qalxıb dəstəmaz aldı və misvaklandı. On bir rükət namaz qıldı. Sonra Bilal sübh azanını oxudu. İki rükət qıldı, sonra çıxıb insanlara fəcr namazını qıldırdı.

Muslim də beləcə onu Əbubəkr ibn əbu İshaq əs-Sananidən, o da İbn əbu Məryəmdən bu cür rəvayət etmişdir. Sonra onu Buxari bir neçə yolla Malikdən, o da Maxraməh ibn Suleymandan, o da Kureybdən, o da İbn Abbasdan xəbər vermişdir ki, o, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcəsi Məymunəgildə gecələdi. Məymunə, İbn Abbasın xalası idi. O dedi: «Mən yatağın eninə başımı qoydum. Rəsulullah (salləllahu aleyhi və səlləm) ailəsi ilə uzununa qoydular. Rəsulullah (salləllahu aleyhi və səlləm) yatdı. Gecə yarı – və ya bir az əvvəl yaxud bir az sonra – Rəsulullah (salləllahu aleyhi və səlləm) oyandı, əli ilə üzünü ovuşduraraq yuxusunu qaçırmağa çalışdı. Sonra Ali-İmranın sonundan on ayəni oxudu. Sonra asılı bir tuluğa doğru gedib ondan dəstəmaz aldı. Dəstəmazını gözəl aldı. Sonra namaza qalxdı. İbn Abbas deyir: Mən də qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib yanında durdum. Rəsulullah (salləllahu aleyhi və səlləm) sağ əlini başımın üstünə qoydu, sağ qulağımı bükdü. İki rükət namaz qıldı. Sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha bir rükət qıldı. Sonra uzandı, müəzzini Bilal gəldi, qalxdı yüngül iki rükətdə qıldı. Sonra çıxıb fəcr namazını qıldı.» Beləcə bunu camaatın qalanı da Məlikdən belə rəvayət etmişlər. Bunu Muslim ilə Əbu Davud müxtəlif yollardan Maxraməh ibn Suleymandan bu cür rəvayət etmişdir.

İbn Abbasdan (radiyallahu ənh) olan bu hədisin başqa bir yolu:

Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Əli danışdı, bizə Əbu Yəhya ibn Məsərrə xəbər verdi, bizə Xallad ibn Yəhya xəbər verdi, bizə Yunus ibn əbu İshaq xəbər verdi, o da Minhal ibn Amrdan, o da Əli ibn Abdullah ibn Abbasdan, o da Abdullah ibn Abbasdan dedi: Atam Abbas mənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) evində gecələyib namazını öyrənməmi əmr etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) insanlara işa namazını qıldırdı. Məsciddə özündən başqa kimsə qalmadıqda qalxdı. Yanımdan keçdikdə soruşdu: «Bu kimdir? Abdullahdır?» Mən də: «Bəli» – dedim. O dedi: «Nə olub?» Mən dedim: «Atam Abbas bu axşam sizdə gecələməyimi əmr etdi.» O dedi: «Gəl dalımca, gəl dalımca.» Evə girdikdə dedi: «Abdullahın yerini sərin.» Sərt parçadan bir yataq gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) yatdı, hətta xorultusunu eşitdim. Sonra yatağının üstündə dik oturdu. Başını göyə qaldırdı və üç dəfə: “Subhanəl-Məlikil-quddusi” – dedi. Sonra Ali-İmran surəsinin bu son ayələrini bitirənə qədər oxudu.» Muslim, Əbu Davud və Nəsai də, Əli ibn Abdullah ibn Abbasdan bu barədə hədis rəvayət etmişlər.

Başqa bir yol, bunu da İbn Mərduveyh, o da Asim ibn Bəhdələdən, o da dostlarından birindən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəfə gecədən bir xeyli keçmiş çıxdı. Göyə baxıb bu ayələri oxudu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..” Surənin sonuna kimi oxuyub dedi: «Allahım qəlbimə nur ver, qulağıma nur ver, gözümə nur ver, sağıma nur ver, soluma nur ver, önümə nur ver, arxama nur ver, üstümə nur ver, altıma nur ver, qiyamət günündə nurumu qüvvətləndir.» Bu dua, Səhihin bəzi rəvayətlərində Kureybdən, o da İbn Abbasdan sabit olmuşdur.

Sonra İbn Mərduveyh ilə İbn Əbu Hatim belə rəvayət etmişlər: Cəfər ibn Əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Qureyşlilər yəhudilərin yanına gəlib dedilər: «Musa sizə hansı ayətlərlə gəldi?» Onlar dedilər: «Əsa ilə baxanlar üçün bəyaz əl ilə.» Xristianların yanına gəlib dedilər: «İsa sizin aranızda necə idi?» Onlar dedilər: «Kor və cüzam xəstələrini sağaldardı, ölüləri dirildərdi.» Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Rəbbinə bizə görə dua et ki, Səfa təpəsini bizim üçün qızıla döndərsin.» O da Rəbbinə dua etdi və bu ayələr nazil oldu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..”. Dedi ki, bunların üzərində düşünsünlər.» Mətn ibn Mərduveyhindir.

Bu hədis ayənin əvvəlində Təbəraninin rəvayətində keçmişdi. Buna görə bu ayənin Məkkə ayəsi olması gərəkdir. Məşhur olan onun Mədinə ayəsi olmasıdır. Dəlili digər hədisdir.           Ibn Mərduveyh demişdir: Bizə İsmayıl ibn Əli ibn İsmayıl danışdı, bizə Əhməd ibn Əli əl-Hərrani xəbər verdi, bizə Şucə ibn Əşrəs danışdı, bizə Haşrəc ibn Nəbatə əl-Vasiti əbu Mukrəm danışdı, o da Kəlbi əbu Hubabdan, o da Ətadan deyir: Mən, İbn Ömər və Ubeyd ibn Umeyr, Aişənin (radiyallahu ənhə) yanına getdik. Yanına girdik, aramızda pərdə var idi. Aişə dedi: «Ey Ubeyd nə üçün gəlmisiz?» O da şairin sözü ilə dedi: «Seyrək ziyarət et, sevgin artar.» İbn Ömər dedi: «Sən buna fikir vermə, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gördüyün ən qeyri-adi şeyi danış.» O da ağladı və dedi: «Onun hər şeyi qeyri-adi idi, yanıma mənim gecəmdə gəldi, dərisi dərimə toxundu, sonra dedi: «Məni burax əziz və cəlil olan Allahıma ibadət edim.» Mən də dedim: «Allaha and olsun ki, sənə yaxın olmağı sevirəm, Rəbbinə ibadət etməni də sevirəm.» Qalxdı, tuluqa yaxınlaşdı, dəstəmaz aldı, suyu çox tökmədi. Sonra qalxıb namaz qıldı. Elə ağladı ki, saqqalı islandı. Sonra səcdə etdi və ağladı. Hətta səcdə yeri islandı. Sonra uzandı və ağladı. Bilal fəcr azanı vermək üçün gəldi və dedi: “Ey Allahın Rəsulu niyə ağlayırsan, Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb”. O dedi: «Vay halına, ey Bilal, necə ağlamayım, mənə bu gecə “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..” ayələr nazil oldu. Onu oxuyub düşünməyənlərin vay halına.»

Bunu Abd ibn Humeyd də təfsirində Cəfər ibn Avndan, o da Əbu Cənab əl-Kəlbidən, o da Ətadan bundan daha uzun və ətraflı şəkildə rəvayət etmişdir.

Bunu Əbu Hatim İbn Hibban da öz Səhihində İmran ibn Musadan, o da Osman ibn əbu Şeybədən, o da Yəhya ibn Zəkəriyyadan, o da İbrahim ibn Suveyd ən-Nəxaidən, o da Abdulməlik ibn əbi Suleymandan, o da Ətadan rəvayət etmişdir. O belə demişdir: «Mən və Ubeyd ibn Umeyr, Aişənin yanına getdik…» Sonra oxşarını danışdı.

Bunu Abdullah ibn Muhəmməd ibn əbid-dunya “ət-Təfəkkur vəl-itibar” kitabında Şuca ibn Əşrəsdən bu cür rəvayət etmişdir. Sonra demişdir: Mənə Həsən ibn Əbduləziz danışdı, Suneyddən eşitdim, o da Sufyan Səvridən, mərfu olaraq belə demişdir: “Kim Ali-İmran surəsinin sonunu oxuyub düşünməsə, vay onun halına. On ayəni barmaqları ilə saymışdır”. Həsən ibn Əbduləziz demişdir: Mənə Ubeyd ibn Səib, Əvzaiyə belə dediyini xəbər verdi: «Bunların üzərində ən gözəl düşüncə necə olur?» O da dedi: «Onları başa düşərək oxu.»

İbn Əbu Dunyə demişdir: Mənə Qasım ibn Hasim danışdı, bizə Əli ibn Əyyaş danışdı, bizə Abdurrəhman ibn Suleyman danışıb dedi: Əvzaiyə sual verdim ki, bu ayədə ən azından necə düşünülür və bu lənətdən necə xilas olunur. Bir an başını əydi və cavab verdi: Bunları başa düşərək oxu.

Başqa qərib hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdurrəhman ibn Bəşir ibn Numeyr xəbər verdi, bizə İshaq ibn İbrahim əl-Busti danışdı; digər sənədlə bizə İshaq ibn İbrahim ibn Zeyd xəbər verdi, bizə Əhməd ibn Amr danışdı, bizə Hişam ibn Ammar xəbər verdi, bizə Suleyman ibn Musa əz-Zuhru xəbər verdi, bizə Muzahir ibn Əsləm əl-Maxzumi xəbər verdi, bizə Səid ibn əbu Səid əl-Məqburi xəbər verdi, o da Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: «Rəsulullah (salləllahu aleyhi və səlləm) hər gecə Ali-İmran surəsinin son on ayəsini oxuyardı.» Muzahir ibn Əsləm zəif rəvayətçidir.