Zəkəriyyə aleyhissalam, Allahın Məryəmə qış meyvəsini yayda, yay meyvəsini də qışda verdiyini görəndə, o zaman uşağa həvəsləndi. Yaşlı bir adam idi. Sümükləri yumşalmış, saçları ağarmışdır. Üstəlik yoldaşı da yaşlı və sonsuz idi. Ancaq o bütün bunlara baxmayaraq Rəbbindən istədi və Ona gizli nida etdi və dedi: “Öz tərəfindən mənə bəxş et!” yəni, Öz yanından “pak bir nəsil” yəni, saleh bir oğul ver. “Şübhəsiz ki, Sən duaları Eşidənsən.” Allah da buyurdu: “O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar” yəni, mələklər ona şifahi xitab etdilər, o mehrabda, tənha olarkən, yalvarma və dua vəziyyətində, namaz qılarkən. Sonra Allah təala mələklərin ona müjdələdiyi barəsində xəbər verdi: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən Yəhya ilə müjdələyir”, yəni öz nəslindən Yəhya adlı bir uşaqla deməkdir. Qatadə və başqaları demişdir: Ona Yəhya deyilməsi, Allah təalanın ona iman ilə həyat verməsindəndir.
“Allah tərəfindən olan Kəlməni təsdiq edən”, Avfi və digərləri İbn Abbasdan rəvayət etmişlər; Həsən, Qatadə, İkrimə, Mucahid, Əbuşasa, Suddi, Rəbi ibn Ənəs, Dəhhak və digərləri bu ayə barəsində demişlər: “Allah tərəfindən olan Kəlməni təsdiq edən” yəni, Məryəm oğlu İsanı. Rabi ibn Ənəs demişdir: «O, Məryəm oğlu İsanı ilk təsdiq edəndir.» Qatadə demişdir: «Onun sünnələri (qayda-qanun və yolu) və mənhəcləri (üslub və metodları) üzərində idi.» İbn Cureyc dedi: İbn Abbas “Allah tərəfindən olan Kəlməni təsdiq edən” ayəsi barəsində demişdir: «Yəhya ilə İsa xala oğlu idilər. Yəhyanın anası Məryəmə deyərdi: «Mən qarnımdakını sənin qarnındakına səcdə etdiyini hiss edirəm.» Bu onun İsanı təsdiq etməsidir. Onu anasının qarnında ikən təsdiq etmişdir. O, İsanı ilk təsdiq edəndir. Allahın kəlməsi də İsadır. O, İsadan daha böyükdür.» Suddi də belə demişdir.
Əbul Aliyə, Rəbi ibn Ənəs, Qatadə, Səid ibn Cubeyr və digərləri “Seyid” sözünün «Hikmət sahibi» olduğunu demişlər. Qatadə demişdir: «Elmdə və ibadətdə seyid.» İbn Abbas, Səvri və Dəhhak demişlər: «Seyid – hikmət və təqva sahibidir.» Səid ibn Musəyyəb demişdir: «Fəqih və alimdir.» Atiyyə demişdir: «Yaradılış və dində seyid.» İkrimə demişdir: «O elə bir adamdır ki, qəzəb ona qalib gələ bilmir.» İbn Zeyd demişdir: «Şərəflidir.» Mucahid ilə bir başqası da demişlər: «Allah qatında qiymətlidir.»
“Nəfsinə hakim” İbn Məsud, İbn Abbas, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Əbuş-Şasa və Atiyyə əl-Avfidən belə dedikləri nəql olunur: «Qadınlara yaxınlaşmayan.» Əbul Aliyə və Rəbi ibn Ənəs demişlər: «Uşağı olmayan.» Dəhhak demişdir: «Uşağı olmayan və kişilik suyu da olmayan.»
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Yəhya ibn əl-Muğira danışdı, bizə Cərir xəbər verdi, o da Qabusdan, o da atasından, o da İbn Abbasdan onun “nəfsinə hakim” sözü haqqında belə dediyini rəvayət etmişdir: «Bel suyu gəlməyəndir.» İbn Əbu Hatim bu mövzuda çox qəribə bir hədis rəvayət etmişdir: Bizə Əbu Cəfər Muhəmməd ibn Qalib əl-Bağdadi danışdı, mənə Səid ibn Süleyman danışdı, bizə Abbad ibn Əvvam danışdı, o da Yəhya ibn Səiddən, o da Səid ibn Musəyyəbdən, o da İbn Asdan – Abdullah və yaxud Amr olduğu bilinmir – o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “seyyidən və hasuran” kəlamı haqqında belə dediyini rəvayət etmişdir: «Yerdən bir şey götürdü, onun kişilik orqanı belə idi» – dedi.
Sonra İbn Əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Yəhya ibn Səid əl-Qəttan danışdı, o da Yəhya ibn Səid əl-Ənsaridən, belə ki, o, Səid ibn Musəyyəbdən eşitdi, o da Abdullah ibn Amr əl-Asdan : «Allahın qullarından kimsə onun hüzuruna günahsız çıxa bilməz, yalnız Zəkəriyyə oğlu Yəhya istisnadır.» Sonra Səid “seyyidən və hasuran” kəlamını oxudu və yerdən bir şey götürüb dedi: «Hasur bunun kimi olan kişilik orqanıdır.» Yəhya ibn Səid əl-Qəttan da şəhadət barmağının ucuna işarə etmişdir. Bu hədisin məvquf isnadı mərfudan daha səhihdir. Hətta mərfunun səhihliyinə şübhə vardır. Allah ən doğrusunu biləndir.
İbn Munzir təfsirində demişdir: Bizə Əhməd ibn Davus Simnani danışdı, bizə Suveyd ibn Səyid danışdı, bizə Əli ibn Mishər danışdı, o da Yəhya ibn Səiddən, o da Səid ibn Musəyyəbdən belə dedi: Abdullah ibn Amr ibn al-Asdan eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Allahın hüzuruna çıxan hər bir qul mütləq günahla çıxacaq, ancaq Zəkəriyyənin oğlu Yəhyə istisnadır. Çünki Allah onun haqqında “seyyidən və hasuran” demişdir. Onun kişilik orqanı bu libasın saçağı kimidir, deyərək barmaqlarının ucu ilə işarə etdi.
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə İsa ibn Həmmad ilə Muhəmməd ibn Sələmə əl-Muradi danışdı, ikisi də bizə Həccac ibn Suleyman əl-Muqri danışdı, dedilər, o da Leys ibn Saddan, o da Muhəmməd ibn Əclandan, o da Qaqadan, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: «Allah, hüzuruna gələn bütün Adəm oğullarını günahlarına görə əzab verər yaxud mərhəmət edər, ancaq Zəkəriyyə oğlu Yəhya bundan istisnadır. Çünki o seyid və hasur idi, salehlərdən bir peyğəmbər idi, deyərək, palçıqlı bir yerə tərəf əyildi və onu götürdü. Sonra dedi: «Onun orqanı bu palçıq kimi idi.»
Qazi İyad Şəfa kitabında demişdir: Bil ki, Allahın Yəhyanı “hasur” olaraq mədh etməsi, bəzilərinin dediyi kimi onun çənkingən olması və kişilik orqanının naqisliyindən deyildir. Belə ki, böyük təfsirçilər və tənqidçi alimlər bu görüşü qəbul etməmiş: «Bu bir əskiklik və qüsurdur, peyğəmbərlərə yaraşmaz» – demişlər. Bunu əsil mənası onun günahlardan məsum olmasıdır. Yəni, günahlar ona yaxınlaşmaz, o qorunmuşdur. Sanki o, günahlardan hasarlanmışdı. Bəziləri demişlər: Nəfsini şəhvətdən uzaq edərdi. O, qadınlara şəhvət hiss etməzdi də, deyilmişdir. Bundan başa düşülür ki, gücün yetməməsi bir əskiklikdir. Əsil fəzilət, qadir olduğu halda ona nəfsi ilə mübarizə edərək mane olmaqdır, məsələn, İsa kimi. Yaxud Allahın qoruması ilə mane olmaqdır, məsələn Yəhya kimi. Sonra o, şəhvətə gücü çatan və bunu yerinə yetirən və Rəbbinin yanındakı yüksək dərəcəsinə mane olmayan haqqındadır. O, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dərəcəsidir. Qadınların çoxluğu onu Allaha ibadətdə geriyə salmadı. Hətta onları qoruması, onları idarə etməsi, onlar üçün çalışması və onlara doğru yolu göstərməsi onun dərəcəsini artırdı. Hətta qadınlar başqalarının dünya zövqləri olduğu halda, onun zövqlərindən olmadığı açıqlanır: “Dünyanızdan mənə sevdirildi”. Qadi İyadın sözləri belədir. Məqsəd Yəhyanın nəfsini qoruması ilə mədh edilməsidir, qadınlara yaxınlaşmaması ilə deyil. Bunun mənası onun və digərlərinin dediyi kimi, çirkin şeylərdən və pisliklərdən özünü qorumasıdır. Bu da onun halal qadınlarla evlənməsinə və onlara yaxınlaşmasına və uşaq sahibi olmasına maneə deyil. Buna görə Zəkəriyyanın “Ey Rəbbim! mənə pak bir nəsil bəxş et” dediyi duasından uşağı olduğu da başa düşülə bilər. Sanki atası: Mənə elə bir övlad ver ki, onun nəsli və yerini tutacaq uşaqları olsun, dediyi kimidir. Allah ən doğrusunu biləndir.
“Əməlisalehlərdən bir peyğəmbər” bu da Yəhyanın doğulacağı müjdəsindən sonra peyğəmbər olacağını xəbər verən ikinci müjdədir. Bu birincidən daha yüksəkdir. Necə ki, Musanın anasına da “Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik” deyilmişdir. (Qasas, 7). Zəkəriyyə (aleyhissalam) bu müjdəni haqq olaraq alınca yaşlı vaxtında uşağı olmasına çaşqınlığa düşdü və dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?”. Mələk dedi: “Allah beləcə istədiyini edər”. Yəni Allahın əmri o qədər böyükdür, heç bir şey onu aciz etməz və heç bir şey ona böyük gəlməz. O da dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”, yəni uşağımın olacağına dair bir işarə göstər. O da “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır”. Yəni sağlam olduğun halda danışmayacaqsan. Necə ki, başqa ayədə ”sağlam olduğun halda üç gün danışmayacaqsan” (Məryəm, 10) deyilmişdir. Sonra ona bu vəziyyətdə çox zikr etməsini, təkbir gətirməsini və təsbih etməsini əmr etdi: “Rəbbini çox yad et və səhər-axşam təriflər de!”
İnşəAllah, Məryəm surəsinin əvvəlində başqa mövzularda daha geniş açıqlama ediləcəkdir.