Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar.