Allah Təala mömin qullarını Allahın onlara verdiyi lütfə və onlara Rəsulunu göndərmə ikramına görə qısqanan Əhli kitaba itaət etməyi qadağan edir. Necə ki, buyurur: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər.”(Bəqəra 109) Burda da belə demişdir:“Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra döndərib kafir edərlər”. Sonra da Allah Təala buyurur: “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz?” Yəni, küfr sizdən uzaqdır, uzaq olsun sizdən. Çünki Allahın ayələri gecə gündüz Rəsuluna endirilir. Onları sizə oxuyur və sizə çatdırır. Bu isə aşağıdakı ayə kimidir: “Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, artıq O, sizdən əhd almışdır.” (Hədid 8) Hədisdə də varid olduğu kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir gün əshabına: “İmanını ən çox bəyəndiyiniz möminlər kimlərdir?” – deyə soruşdu. Onlar da: “Mələklərdir” – dedilər. O da: “Necə iman etməsinlər, axı Rəblərinin yanındadırlar” – dedi. Onlar: “Peyğəmbərlərdir” – dedilər. O da: “Necə iman etməsinlər axı, onlara vəhy enməkdədir” – dedi. Onlar: “Bizik” – dedilər. O da: “Siz necə iman etməzsiniz axı, mən sizin aranızdayam.” – dedi. Onlar da: “Elə isə insanların iman etmək baxımından ən çox bəyəniləni kimlərdir?” – dedilər . O da: “Sizdən sonra gələcək insanlardır ki, yazılı səhifələri taparlar və içərisindəkilərə iman edərlər.” – dedi.» Mən də bu hədisin sənədini və onun haqqında deyilənləri Buxarinin şərhinin əvvəlində gətirdim. Həmd Allaha məxsusdur.
Sonra Allah Təala buyurdu: “Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.” Yəni, bununla birlikdə Allaha möhkəm bağlanmaq, Ona təvəkkül etmək hidayət üçün əsasdır, azqınlıqdan uzaq qalmaq üçün hazırlıqdır. Doğru yola və əsas istiqamətə getməyə və murada çatmağa ən böyük vasitədir.