Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.

Buxari demişdir: Bizə Muhəmməd ibn Muqatil danışdı, bizə Əsbat ibn Muhəmməd danışdı, bizə Şeybani danışdı, o da İkrimədən, o da İbn Abbasdan – Şeybani dedi: Bunu Əbul-Həsən əs-Suvai danışdı, düşünürəm ki, onu yalnız İbn Abbasdan danışdı – “ Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi barəsində demişdir: “Bir adam ölən zaman onun qohumları, həmin kişinin zövcəsinə sahib olmağa daha çox haqları çatırdı. Onlardan kim istəsə onunla evlənərdi. İstəsələr də başqasına ərə verər və ya verməzdilər. Onların qadına onun öz ailəsindən daha çox haqqı çatırdı. Buna görə həmin ayə nazil oldu.” Bunu bu şəkildə Buxari, Əbu Davud, Nəsai, İbn Mərduveyh və İbn əbu Hatim, Əbu İshaq Şeybanidən rəvayət etmişlər. Onun adı Suleyman ibn əbu Suleymandır, o da İkrimədən, o da Əbul-Həsən əs-Suvaidən rəvayət etmişdir. Onun adı Ətadır. O, Kufəlidir və kordur. İkisi də yuxarıda keçdiyi kimi İbn Abbasdan rəvayət etmişlər.

Əbu Davud demişdir: Bizə Əhməd ibn Muhəmməd ibn Sabit əl-Mərvazi danışdı, mənə Əli ibn Hüseyn danışdı, o da atasından, o da Yəzid ən-Nəvhidən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir Açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi buna görə nazil oldu: Bir adama qohumunun zövcəsi miras qalırdı. O da qadını ölənə qədər sıxışdırar və ya mehrini ondan alardı. Allah təala bu barədə hökm verdi. Yəni, bunu qadağan etdi.

Bunu yalnız Əbu Davud rəvayət etmişdir. Bir çoxları da İbn Abbasdan oxşarını rəvayət etmişdir. Vəki demişdir: Sufyandan, o da Əli ibn Buzeymədən, o da Miqsəmdən, o da İbn Abbasdan, o deyir: Cahilliyə zamanı qadının halı belə idi ki, onun əri öləndə, qohumu gəlib qadının üstünə bir örtük atardı. Bununla da ona ən çox haqqı çatan olurdu. Bunun üzərinə “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayə nazil oldu.

Əli ibn əbu Talha da, İbn Abbasın “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi haqqında belə dediyini rəvayət etmişdir: Bir kişi öləndə, yaxını onun cariyəsinin üzərinə bir örtük atıb insanlara onu qadağan edərdi. Gözəl olsa idi, onunla evlənərdi. Çirkin olsa idi, onu ölənə qədər həbs edər və mirasına sahib çıxardı.

Əl-Avfi də ondan bu cür rəvayət etmişdir: Mədinə camaatından birinin yaxın bir dostu öləndə, zövcəsinin üzərinə bir örtük atardı və onun nikahına varis sayılardı. Ondan başqası həmin qadınla evlənə bilməzdi. Fidyə verənə qədər onu yanında həbs edərdi. Bu səbəbdən Allah təala “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsini nazil etdi.

Zeyd ibn Əsləm bu ayə barəsində demişdir: “Cahilliyə dövründə, Yəsribdə (Mədinədə) bir adam öləndə, malına varis olan onun zövcəsinə də mirasçı olurdu. Onun mirasını alana qədər evlənməsinə mane olardı yaxud istədiyi biri ilə evləndirərdi. Tihamə xalqı qadınla pis rəftar edərdilər, onu boşanmağa məcbur edərdilər. İstədikləri biri ilə evlənməsini yaxud verdiyi mehrin bir qismindən imtina etməsini şərt qoyardılar. Allah möminlərə bunu qadağan etdi.” Bunu İbn əbu Hatim rəvayət etmişdir.

Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Musa ibn İshaq danışdı, bizə Əli ibn Munzir danışdı, bizə Muhəmməd ibn Fudeyl danışdı, o da Yəhya ibn Səiddən, o da Muhəmməd ibn əbu Umamə ibn Səhl ibn Huneyfdən, o da atasından rəvayət edir: “Əbu Qeys ibn Əslət öləndə oğlu zövcəsi ilə evlənmək istədi. Cahilliyədə belə edərdilər. Bu səbəbdən Allah “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsini nazil etdi.” Bunu İbn Cərir Muhəmməd ibn Fudeyldən rəvayət etmişdir. Sonra İbn Cureyc yolunda rəvayət edərək demişdir: Mənə Əta xəbər verdi ki, cahilliyə zamanı bir adam öləndən sonra zövcəsi qalırdısa, kişinin ailəsi onu özlərində saxlamaq üçün bir oğlan uşağının adına həbs edərdilər. Buna görə “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi nazil oldu.

İbn Cureyc demişdi: Mucahid dedi: Adam öləndə, zövcəsi ilə evlənməyə ən çox haqqı olan oğlu olurdu. Əgər qadının oğlu olmasa idi, istəsə onunla evlənərdi yaxud qardaşı və qardaşı oğlu ilə evləndirərdi.

İbn Cureyc demişdir: İkrimə dedi: Bu ayə, Əvs qəbiləsindən olan Kubeyşə bint Man ibn Asim ibn Əvs haqqında endi. Əbu Qeys ibn Əslət adlı əri öldü və kişinin oğlu onu almaq istədi. Qadın Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu mən nə ərimə varis oldum, nə də evlənmək üçün tərk edildim. (Məni) evləndir.” Allah təala bu ayəni nazil etdi.

Suddi demişdir: Əbu Malikdən: Cahilliyə zamanı qadının əri öləndə, vəlisi gəlib üstünə bir örtük atardı. Əgər kiçik oğlu yaxud qardaşı varsa, o yetkinliyə çatana qədər qadını həbs edərdi. Qadın (bu müddətə qədər) vəfat edərdisə, ona varis olardı. Əgər qadın qaçıb ailəsinə qayıdar və üstünə örtük atılmazsa, qurtulardı. Buna görə Allah təala bu ayəni nazil etdi “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir”.

Mucahid də bu ayə haqqında demişdir: “Adamın evində yetim bir qız var idi, ona baxardı. Zövcəsi ölüb onunla evlənənə qədər və yaxud onu oğlu ilə evləndirəcəyinə qədər onu gözlədirdi.” Bunu İbn əbu Hatim rəvayət etmiş, sonra demişdir: Şəbi, Əta ibn əbu Rəbah, Əbu Micləs, Dəhhak, Zuhri, Əta əl-Xorasani və Muqatil ibn Həyyandan da bu cür rəvayət edilmişdi.

Mən də deyirəm ki, ayə, cahilliyə camaatının etdiklərinin hamısını, Mucahid və ona qatılanların dediklərini və o mənada olan bütün məsələləri əhatə edir. Allah ən doğrusunu biləndir.

Onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” yəni ailə həyatında onlara zərər verməyin. Ona verdiyin mehri yaxud bir qismini yaxud səndəki haqlardan birini və yaxud buna bənzər bir şeyi tərk etməsi üçün onlara təzyiq göstərməyin, deməkdir. Əli ibn əbu Talha demişdir: İbn Abbas “onları sıxışdırmayın” ayəsi barəsində demişdir: Yəni, onları vadar etməyin. “Onlara verdiklərinizin bir hissəsini geri almaq üçün” yəni, bir adamın zövcəsi olar, onunla yaşamaq istəməz, qadının da onda mehri olardı; kişi də mehrini bağışlamaq üçün ona təzyiq edərdi. Dəhhak ilə Qatadə belə demişlər, İbn Cərir də bunu tərcih etmişdir.

İbn Mubarək ilə Abdurrəzzaq demişlər: Bizə Mamər xəbər verib dedi: Mənə Simak ibn Fadl xəbər verdi, o da Beyləmanidən, o deyir: Bu iki ayədən biri cahilliyə ilə əlaqəli, digəri İslam ilə əlaqəli nazil edildi.

Abdullah ibn Mubarək demişdir: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” cahilliyə haqqında, “onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” isə İslam haqqında nazil edildi.

Açıq-aşkar yaramaz bir iş görməyincə”, İbn Məsud, İbn Abbas, Səid ibn Musəyyəb, Şəbi, Həsən Bəsri, Muhəmməd ibn Sirin, Səid ibn Cubeyr, Mucahid, İkrimə, Əta əl-Xorasani, Dəhhak, Əbu Qilabə, Əbu Salih, Suddi, Zeyd ibn Əsləm və Səid ibn Hilal: “Bu, zinadır” – demişlər. Yəni, qadın zina edərsə, ona verdiyin mehri geri ala bilərsən, onu sənə verməsi üçün onu narahat edə bilərsən və əvəzində onunla ayrıla bilərsən. Allah təala əl-Bəqərə surəsində dediyi kimi: “Boşanma iki dəfədir. Bundan sonra müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur.” (Bəqərə, 229). İbn Abbas, İkrimə və Dəhhak demişlər: “Açıq-aydın fahişəlik, özbaşınalıq və  asilikdir.” İbn Cərir də bütün bunların hamısını: Zinanı, asiliyi, özbaşınalıq hərəkətlərini, pis danışığı və digərlərini əhatə etməsini tərcih etmişdir.

Yəni, bütün bunlar onu sıxışdırmağı, haqqından və ya haqqının bir hissəsindən kəsməyi və ondan ayrılmağı icazəli edir. Bu gözəl bir görüşdür. Allah ən doğrusunu biləndir.

Əbu Davudun, Yəzid ən-Nəhvi yolundan, o da İkrimədən, onun da İbn Abbasdan “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar yaramaz bir iş görməyincə onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi barəsində yuxarıda belə dediyi qeyd edilmişdir: “Bir adama qohumunun zövcəsi miras qalardı, o da qadını, ölənə qədər yaxud mehrini alana qədər sıxışdırardı. Allah da bunu qadağan etdi.

İkrimə və Həsən Bəsri demişlər: “Bu, cahilliyədə olanlara aid olsa da, müsəlmanlara İslamda belə bir iş etmələri qadağan edildi.” Abdurrəhman ibn Zeyd demişdir: Sıxışdırma, Məkkədə yaşayan Qureyşlilərdə idi. Bir kişi əsli-nəcabətli bir qadınla evlənərdi. Bəlkə də qadının ona uyğun olmadığı üçün, “icazəm olmadan evlənmə” şərtini qoyub ondan ayrılardı. Sonra şahidlər gətirib bunu yazdırardı, onlar da şahidlik edərdilər. Bir nəfər ona elçi düşdüyü zaman, onu razı salmadan evlənməsinə icazə vermirdi. Əks halda qadını sıxışdırırdı. Allah təalanın ” onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” dediyi budur.

Mucahid “onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi barəsində demişdir: Bu, əl-Bəqərə surəsindəki sıxışdırma kimidir.

Onlarla xoş rəftar edin” yəni, qadınlara xoş söz söyləyin, yaxşı əməllər edin, görünüşünüzü bacardığınız qədər gözəl edin. Necə ki, sən onun belə olmasını istəyirsən. Elə isə, sən də onunla bu cür davran. Necə ki, Allah təala buyurur: “Qadınlar üzərində müvafiq haqları olduğu kimi onların da haqları vardır” (əl-Bəqərə, 228). Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Ən xeyirliniz ailəsinə xeyirli olandır, məndə ailəmə ən xeyirli olanam.” Rəsulullahın (salləllahu aleyhi və səlləm) əxlaqından idi ki, o, ailəsi ilə gözəl rəftar edərdi, onlara həmişə gülər üz olardı, onlarla zarafatlaşardı, lütfkarlıq edər və hamısına xərclik ayırardı. Qadınları ilə gülərdi. Hətta möminlərin anası Aişənin sevgisini qazanmaq üçün onunla yarışardı. Aişə deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənimlə yarışdı, mən onu keçdim. O zaman kök deyildim. Kökəldikdən sonra onunla bir daha yarışdım, o məni keçdi və dedi: “Bu, məğlubiyyətin əvəzi idi.” Qadınları növbəsi olanın evində yığışardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) axşam yeməyini bəzən onlarla bərabər yeyərdi, sonra da hər biri öz mənzilinə gedərdi. Xanımı ilə alt paltarı ilə yatağa girərdi, üstünü soyunardı. Alt paltarı ilə yatardı. İşanı qıldıqdan sonra evinə gedərdi, yatmazdan əvvəl ailəsi ilə söhbət edərdi. Beləcə onlarla ünsiyyət qurardı. Allah təala buyurur: “And olsun ki, Allahın Rəsulunda sizin üçün gözəl bir örnək vardır” (Əhzab, 21). Qadınlarla münasibət və bununla əlaqəli məsələlər əhkam kitablarında yazılmışdır. Həmd Allaha məxsusdur.

Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun” yəni, onlardan xoşunuz gəlməsə də qadınları nikahda saxlayıb səbr etməniz sizin üçün dünya və axirətdə çox xeyir gətirə bilər. Necə ki, İbn Abbas bu ayə barəsində demişdir: “Bu, ona bağlanandan sonra ondan uşağın olmasıdır. Həmin uşaqda da çoxlu xeyir vardır.” Səhih hədisdə deyilmişdir: “Mömin kişi mömin qadına (zövcəsinə) nifrət etməsin, bir hərəkətinə qəzəblənərsə, digərindən məmnun olar.”

Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə bir qantar vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız” yəni, biriniz zövcəsindən ayrıldığı zaman onun yerinə başqa birisini almaq istəsə, ona bir qantar mal vermiş olsa belə, ilk verdiyi mehrdən heç nə istəməsin. Ali İmran surəsində qantar barəsində yetəri qədər danışmışıq.

Bu ayədə çoxlu miqdarda mehr verməyin icazəli olduğuna dəlil vardır. Ömər ibn Xəttab çoxlu mehr verməyi qadağan etmişdi. Sonra bundan dönmüşdü. Necə ki, İmam Əhməd demişdir: Bizə İsmayıl danışdı, bizə Sələmə ibn Əlqamə danışdı, o da Muhəmməd ibn Sirindən rəvayət edir ki: “Mənə bildirdiyinə görə Əbul-Əcfa əs-Suləmi demişdir: Ömər ibn Xəttabdan belə dediyini eşitdim: Qadınlara mehr verməkdə ifrata varmayın, əgər bu, dünyada etibar yaxud Allah qatında təqva olsa idi, ona ən layiqiniz Rəsulullah (salləllahu aleyhi və səlləm) olardı. O da nə qadınlarına nə də qızlarına on iki uqiyyədən artıq mehr verib almamışdır. Adam zövcəsinə verdiyi mehrə görə ona qəlbində nifrət bəsləyər və deyər: Sənin üçün hər şeyə, hətta su tuluğunun asılqanına qədər getdim.” Sonra bunu İmam Əhməd ilə Sünən sahibləri müxtəlif yollarla Muhəmməd ibn Sirindən, o da Əbul-Əcfadan rəvayət etmişdir. Əbul-Əcfanın adı Hərim ibn Musəyyəb əl-Bəsridir. Tirmizi: “Həsən səhih hədisdir” – demişdir.

Ömərdən başqa bir yoldan, hafiz Əbu Yalə demişdir: Bizə Əbu Xeysəmə danışdı, bizə Yaqub ibn İbrahim danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, mənə Muhəmməd ibn Əbdurrəhman danışdı, o da Mucalid ibn Səiddən, o da Şəbidən, o da Məsruqdan rəvayət edir ki: “Ömər ibn Xəttab, Rəsulullahın (salləllahu aleyhi və səlləm) minbərinə oturdu, sonra da dedi: Ey insanlar niyə bu qədər çox mehr verirsiz? Rəsulullah (salləllahu aleyhi və səlləm) və səhabələri öz aralarında yalnız dörd yüz dirhəm və daha az verərdilər. Əgər çox vermək Allah qatında təqva və hörmət olsa idi, onlar bunu tərk etməzdilər. Bir kişinin qadına dörd yüz dirhəmdən daha artıq mehr verdiyini görməyim.” Rəvayətçi deyir: Sonra düşdü, qarşısına Qureyşdən bir qadın çıxdı və dedi: “Ey möminlərin əmiri, sən insanları qadınlara dörd yüz dirhəmdən artıq verməyi qadağan etdin?” O da: “Bəli” –dedi. Qadın ona dedi: “Allah təalanın Quranda nə nazil etdiyini eşitmədin?” O dedi: “O hansıdır?” Qadın dedi: Məgər Allahın “bir qantar mal vermiş olsanız belə” buyurduğunu eşitmədin?” O da dedi: “Allahım, məni bağışla, hər kəs Ömərdən daha yaxşı anlayır.” Sonra qayıtdı minbərə çıxdı və dedi: “Mən sizə qadınlara dörd yüz dirhəmdən daha artıq mehr verməyinizi qadağan etmişdim. Bundan sonra istəyən öz malından dilədiyi qədər versin.” Əbu Yalə deyir ki, hətta deyəsən belə dedi: “Kimin könlündən nə keçirsə, onu versin.” Hədisin sənədi yaxşı və güclüdür.

Başqa bir yoldan İbn Munzir demişdir: Bizə İshaq ibn İbrahim danışdı, o da Abdurrəzzaqdan, o da Qeys ibn Rəbidən, o da Əbu Hüseyndən, o da Əbu Abdurrəhman əs-Suləmidən rəvayət edir ki: “Ömər ibn Xəttab, qadınların mehrində ifrata varmayın” dedi. Bir qadın dedi: “Buna haqqın yoxdur, ey Ömər. Çünki Allah təala buyurur: “bir qantar mal vermiş olsanız belə”. Necə ki, Abdullah ibn Məsudun da qiraəti belədir: “Ondan nə isə bir şeyi götürməniz sizə halal deyil”. Ömər dedi: “Bir qadın Ömərə qarşı çıxdı və qalib gəldi.”

Ömərdən gələn sənədi kəsik bir rəvayətdə, Zubeyr ibn Bəkkar demişdir: Mənə əmim Musab ibn Abdullah danışdı, o da babamdan, Ömərin belə dediyini danışdı: “Qadınların mehrini, hətta Zul-Ğussanın yəni, Yəzid ibn Hüseyn əl-Harisinin qızı olsa belə artırmayın. Kim artırarsa, artırdığını dövlət xəzinəsinə qoyaram.” Qadınlar tərəfdən uzun boylu, burnu basıq bir qadın dedi: “Buna haqqın yoxdur.” O da dedi: “Nəyə görə?” Qadın da dedi: “Çünki Allah təala buyurur: “bir qantar mal vermiş olsanız belə”. Ömər dedi: “Qadın isabət etdi, Ömər xəta etdi.”

Buna görə Allah təala etiraz edərək buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə qarışmısınız”. Yəni, mehri qadından necə alırsan? Axı o sənə, sən də ona qarışmışsınız. İbn Abbas, Mucahid və bir çoxları: “Burada cinsi əlaqə qəsd edilir” –demişlər.

İki Səhihdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) lənətləşən ər arvadın işləri bitəndən sonra üç dəfə dedi: “Allah, ikinizdən birinin yalançı olduğunu bilir, tövbə edən varmı?” Kişi dedi: “Ey Allahın Rəsulu malım nə olacaq?” Yəni, mehrini qəsd edirdi. O da dedi: “Sənin malın yoxdur, ona verdiyin mehr, onunla yaxınlıq etdiyinin əvəzidir. Əgər ona qarşı yalan söylədinsə, heç haqqın yoxdur.”

Əbu Davudun Sünənində və digərlərində Bəsrə ibn Əktəmdən rəvayət edilmişdi ki, o, evdən çıxmayan bakirə bir qızla evləndi. Onun zinadan hamilə olduğu bilindi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəziyyəti izah etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mehrin qadına qalmasına, onunla ayrılmasına qərar verdi. Qadını isə, şallaqlamağı əmr etdi və (kişiyə) dedi: “Uşaq sənin köləndir.”

Mehr yaxınlığın əvəzidir. Buna görə Allah təala buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə qarışmısınız”.

Onlar da sizdən möhkəm əhd-peyman almışdılar” İbn Abbas, Mucahid və Səid ibn Cubeyr: “Burada məqsəd nikah əhdidir” – demişlər. Sufyan Səvri demişdir: “Həbib ibn əbu Sabitdən, o da İbn Abbasdan “Onlar da sizdən möhkəm əhd-peyman almışdılar” ayəsi barəsində demişdir: Yaxşılıqla saxlamaq və ya gözəl sərbəst buraxmaq deməkdir.” İbn əbu Hatim demişdir: “İkrimə, Mucahid, Əbu Aliyə, Həsən, Qatadə, Yəhya ibn əbu Kəsir, Dəhhak və Suddidən də eynisi rəvayət edilmişdir.

Əbu Cəfər ər-Razi, bu ayə barəsində Rəbi ibn Ənəsdən belə demişdir: “Bu onları Allahın əmanəti olaraq almaq, namuslarını Allahın kəlamı ilə halal saymaqdır. Çünki Allahın kəlməsi xütbədəki şəhadət kəlməsidir. Merac gecəsində Rəsulullaha (salləllahu aleyhi və səlləm) verilənlərdən biri də ona bu sözlərin deyilməsi idi: Ümmətinə bunu şərt etdim: Sənin, qulum və Rəsulum olduğunu demədikləri xütbələri etibarsızdır.” Bunu İbn əbu Hatim rəvayət etmişdir.

Səhih Muslimdə Cabirdən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) vida Həccinin xütbəsində demişdir: “Qadınlarla yaxşı davranmanızı tövsiyə edirəm. Çünki onları Allahın əmanəti olaraq aldınız. Namuslarını Allahın kəlamı ilə halal saydınız.”

Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” Allah təala atalarının zövcələri ilə evlənməyi, özündən sonra onlara qayğı, hörmət və ehtiram göstərmək üçün almalarını haram etdi. Onlarla sadəcə əqdin bağlanması oğullarına haramlığı bildirir.  Bu da icma edilən bir haldır.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Malik ibn İsmayıl danışdı, bizə Qeys ibn Rəbi danışdı, o da Əşas ibn Səvvardan, o da Adiy ibn Sabitdən, o da ənsarlardan birindən rəvayət edir ki: “Əbu Qeys – yəni, İbn Əslət – vəfat edəndə, o da ənsarların yaxşılarından idi, oğlu Qeys, atasının zövcəsinə elçi düşmək istədi. Qadın dedi: “Mən səni övladım sayıram, sən tayfandakı yaxşılardan birisən. Amma bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışaq.” Sonra qadın, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Əbu Qeys vəfat etdi.” O dedi: “Xeyirlisi.” Qadın davam etdi: “Oğlu Qeys mənimlə evlənmək istəyir, o tayfasındakı yaxşılardan biridir.  Lakin mən onu oğlum yerində görürəm, sən nə buyurursan?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sən evinə qayıt.” Buna görə “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” ayəsi nazil oldu.

İbn Cərir demişdir: Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Həccac danışdı, o da İbn Cureycdən, o da İkrimənin “Olub keçənlər istisna olmaqla Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Bu, Əbu Qeys ibn Əslət haqqında idi. O, Ummu Ubeydullah bint Saxraya miras yolu ilə sahib oldu. Həmin qadın, atası Əslətin zövcəsi idi. Həmçinin Əsvəd ibn Xələf haqqında nazil oldu. O da Əbu Talha ibn Abduluzza ibn Osman ibn Abuddarın qızına miras yolu ilə sahib olmuşdu. Qadın onun atası Xələfin zövcəsi idi. Həmçinin Faxitə bint Əsvəd ibn Mutallib ibn Əsəd haqqında nazil oldu. Bu qadın Umeyyə ibn Xələfin zövcəsi idi. Safvan ibn Umeyyə miras yolu ilə ona sahib olmuşdu.”

Suheyli, ataların zövcələri ilə evlənməyə cahilliyə dövründə əməl edilməsi iddiasını irəli sürmüşdür. Buna görə Allah təala “Olub keçənlər istisna olmaqla” buyurur. Necə ki, demişdir: “Olub keçənlər istisna olmaqla, iki bacı ilə evlənməyiniz sizə haram edildi” (Nisə, 23). Deyir ki, bunu Kinanə ibn Xuzeymə etmişdir. O, atasının zövcəsi ilə evlənmişdir. Ondan da oğlu Nadr ibn Kinanə olmuşdu. O deyirdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Mən (yəni, Nadr) zinadan deyil, nikahdan doğuldum” – demişdir. Bu da həmin əməlin onların arasında icazəli olduğunu göstərir. Əgər Suheyl bunun onlarda olduğunu qəsd edirsə, onlar bunu öz aralarında nikah sayırdılar.

İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdullah əl-Məxarrami danışdı, bizə Qurad danışdı, bizə İbn Ueynə danışdı, o da Ömərdən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir ki: “Cahilliyə camaatı atanın zövcəsi və iki bacı ilə evlənməkdən başqa, Allahın haram etdiyini haram sayırdılar. Buna görə Allah təala bu ayələri nazil etdi: “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin”, “iki bacını bir yerdə almayın” (Nisə, 23). Əta ilə Qatadə də bu cür demişlər. Amma Suheylin danışdığında şübhə yeri vardır. Allah ən doğrusunu biləndir. Hər bir halda, o bu ümmətdə haramdır. Qayəsi iyrəncdir. Buna görə Allah buyurur: “Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur”. “Fahiş işlərin açığına da gizlisinə də yaxınlaşmayın” (Ənam, 151) və “zinaya yaxınlaşmayın çünki o çirkin və pis bir yoldur”, burada da “qəzəb doğuran” qeydini əlavə etmişdir. Yəni o böyük bir məsələdir, oğlun zövcə ilə evlənməsi atasına qəzəblənməsinə səbəb ola bilər. Çünki, ümumi olaraq, qadınla evlənən onun birinci ərinə qəzəblənər. Buna görə də möminlərin anaları ümmətə haram edilmişdir. Çünki onlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcələridir. O da ataları kimidir. Hətta onun haqqı ataların haqqından daha böyükdür və bu icma ilə belədir. Ona olan sevgi öz canlarına olan sevgidən önə çəkilmişdi. Allahın salavat və salamı onun üzərinə olsun.

Əta ibn əbi Rəbah “qəzəb doğuran” kəlməsi barəsində demişdir: “Allah buna qəzəblənər.” “Murdar bir yoldur” yəni insanlardan bu yolu tutanlar üçün nə pis yoldur! Kim bundan sonra belə bir yola düşərsə, dinindən dönmüş olar, öldürülər, malı-dövləti xəzinəyə verilər. Necə ki, İmam Əhməd ilə Sünən sahibləri bir çox yollardan, Bəra ibn Əzibdən, o da dayısı Əbu Burdədən – bir rəvayətdə: İbn Ömərdən, bir rəvayətdə əmisindən – nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu atasının zövcəsi ilə evlənən bir adamı öldürüb malını müsadirə etmək üçün göndərdi.

İmam Əhməd demişdir: Bizə Huşeym danışdı, bizə Əşas danışdı, o da Adiy ibn Sabitdən, o da Bəra ibn Əzibdən rəvayət edir: “Əmim Haris ibn Amr gəldi. Yanında bir bayraq var idi. Onu Rəsulullah (salləllahu aleyhi və səlləm) vermişdi. Ona dedim: “Ey əmi, Rəsulullah (salləllahu aleyhi və səlləm) səni hara göndərdi?” O da dedi: “Atasının zövcəsi ilə evlənənin yanına göndərdi, boynunu vurmağa əmr etdi.”

Məsələ: Alimlər, atanın evləndiyi, cariyəlik yaxud şübhə ilə əlaqədə olduğu ilə evlənməyin haramlığında icma etmişlər. Yaxınlıq etmədən şəhvətlə toxunan yaxud yad qadın olsa belə halal olmayan yerinə baxan barədə isə ixtilaf etmişlər. İmam Əhməddən rahiməhullah həmin qadının da bununla haram olduğu rəvayət edilmişdir.

Hafiz İbn Əsakir də Muaviyyənin mövlası Xudeyc əl-Hisninin həyatından bəhs edərkən demişdir: “Muaviyyə üçün bəyaz və gözəl cariyə aldı. Yanına çılpaq olaraq göndərdi. Muaviyyənin əlində çubuq var idi, qadının malına işarə edərək dedi: Nə gözəl mal, kaş ki, onun malı olardı, onu Yəzid ibn Muaviyyənin yanına apar.” Sonra dedi: “Xeyr, Rabia ibn Amr əl-Curayşini mənim yanıma çağır. – O fəqih idi – Yanına gəldi, Muaviyyə ona dedi: “Bu cariyə mənə çılpaq olaraq gətirildi, məndə ona baxıb Yəzidə göndərmək istədim.” O da dedi: “Etmə, ey möminlərin əmiri, bu qadın ona yararlı deyil.” Muaviyyə dedi: “Fikrin gözəldir.” Sonra dedi: “Abdullah ibn Məsadə əl-Fəzarini yanıma çağırın.” Onu çağırdım. O çox qara dərili bir adam idi. Ona dedi: “Bunu götür, uşaqların ağarsın.” Hədic əl-Himsi deyir ki: “Bu Abdullah ibn Məsədəni, Rəsulullah (salləllahu aleyhi və səlləm) qızı Fatiməyə bağışlamışdı. O da onu böyüdüb, sonra da azad etmişdi. Daha sonra Muaviyyə ilə birlikdə olan insanlarla Əliyə (radiyallahu ənh) qarşı çıxdı.