Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.

Allah Təala mömin qullarını pis etiqadda kafirlərə bənzəməkdən çəkindirir. Həmin pis etiqadlarını da səfərlərdə və ya döyüşlərdə ölən qardaşlarına “Əgər bu işi tərk etsəydilər, bunlar başlarına gəlməzdi” sözləri göstərir. Allah Təala dedi: “Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşlarına” yəni, qardaşları barəsində “deyən kafirlər kimi olmayın!” Sonra buyurur: “Səfərə çıxmış” yəni ticarət və başqa işlər üçün səfərə çıxdıqları zaman deməkdir. “müharibəyə getmiş” yəni müharibədə olduqları vaxt, deməkdir. “Əgər onlar bizim yanımızda olsaydılar” yəni yaşadıqları yerlərdə qalsaydılar “nə ölər, nə də öldürülərdilər”. Yəni səfərdə ölməz ya da döyüşdə öldürülməzdilər. “Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (belə) etdi.” Yəni qəlblərində bu etiqadı yaratdı ki, ölən və öldürülən adamlarına qəm-qüssələri daha da artsın. Sonra Allah Təala onları rədd edərək dedi: «Dirildən də, öldürən də Allahdır.» Yəni yaratmaq onun əlindədir və bütün işlər ona qayıdar. Onun istəyi və qədəri olmadan heç kim dirilməz və ölməz. Yalnız Onun qəzavü-qədəri ilə kiminsə ömrü uzanar və ya qısalar. “Allah nə etdiklərinizi görür” yəni, Onun elmi və görməsi bütün yaratdıqları üçün qüvvədədir. İşlərindən heç bir şey Ona gizli qalmaz.

«Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, (bilin ki,) Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi (kafirlərin) yığdıqları şeylərdən daha xeyirlidir.» Bu ayə zəmanət verir ki, Allah yolunda öldürülmək və ölmək, Allahın rəhmət, əfv və rızasına qovuşmaq üçün vəsilədir. Bu da dünyada qalmaqdan, onun müvəqqəti mal-dövlətini yığmaqdan daha xeyirlidir.

Sonra Allah Təala hər ölən və öldürülənin ona qayıdacağını, onu xeyirsə xeyirlə, şərsə şərlə cəzalandıracağını xəbər vermiş və “Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın dərgahına gətirilib cəm olunacaqsınız” demişdir.