Allah təala mömin qullarını münafiqləri sirdaş tutmaqdan, yəni onlarla sirlərini və düşmənlərinə qarşı içlərində gizlətdiklərini bölüşməyi qadağan edir. Münafiqlər bütün cəhdlərini və səylərini sərf edərək möminlərə “qarşı fəsad törətməkdən əl çəkməzlər.” Yəni, onlara qarşı əllərindən gələni edərlər, onlara zərər vuracaq bütün mümkün variantlara can atarlar, bacardıqları hiylə və məkri həyata keçirərlər. Möminləri çətinliyə salan, onları incidən və onlara ağır gələn şeyləri sevərlər.
“Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın” yəni, sizdən başqa din mənsublarını, deməkdir. “bitanətur-raculi” sözü, insanın daxili işlərini bilən məxsusi ailə üzvləridir.
Buxari, Nəsai və digərləri bir camaatdan: Yunus, Yəhya ibn Səid, Musa ibn Uqbə, İbn əbu Atiq həmin camaatdan idilər, onlar da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Səiddən belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah bir peyğəmbər yaxud xəlifə seçən zaman ona həmişə iki sirdaş verər: Biri yaxşılığı əmr edib ona təşviq edər, digəri isə pisliyi əmr edib ona təşviq edər. Qorunmuş, Allahın qoruduğudur.” Bunu Əvzai və Muaviyyə ibn Səlləm, onlar da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən mərfu olaraq bənzər şəkildə rəvayət etmişdir. Ehtimal edilir ki, Zuhruyə görə bu rəvayət, Əbu Sələmədəndir. Onu Nəsai yenə Zuhridən təxric etmişdir. Onu Buxari də Səhihində müəlləq qeyd edərək demişdir: Ubeydullah ibn əbu Cəfər dedi, o da Səfvan ibn Suleymdən, o da Əbu Sələmədən, o da Əbu Əyyub əl-Ənsaridən… Sonra rəvayəti danışdı. Ehtimal edilir ki, Əbu Sələmə həmin rəvayəti üç səhabədən nəql edibdi.
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Əyyub Muhəmməd ibn Vəzzan danışdı, bizə İsa ibn Yunus danışdı, o da Əbu Həyyan ət-Teymidən, o da Əbuz-zənbadan, o da İbn əbu Dihqanədən deyir: Ömər ibn Xəttaba (radiyallahu ənh) dedilər: Burada Hiyrə tayfasından bir cavan oğlan var. Əzbəri və yazısı yaxşıdır. Onu özünə katib götürə bilərsən? O dedi: “Onda möminlərdən başqasını sirdaş etmiş olaram.” Bu rəvayətə, ayə ilə birgə əsaslandıqda, o, zimmilərin yazı işlərində istifadə edilməsinin icazəli olmadığına dəlalət edir. Çünki müsəlmanlar barəsində xəbərdar olurlar, iç işlərini öyrənirlər və düşmənlərə çatdırırlar. Buna görə Allah təala buyurur: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər”.
Hafiz əbu Yalə demişdir: Bizə İshaq ibn İsrail danışdı, bizə Huşeym danışdı, bizə Avvam danışdı, o da Əzhar ibn Raşiddən dedi ki: İnsanlar Ənəsin yanına gələrdilər. Əgər onlara mənasını başa düşmədikləri bir hədis danışsaydı, Həsənin – yəni, Bəsrinin – yanına gedərdilər. O da onlara izah edərdi. Bir gün onlara Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) “Müşriklərin atəşi ilə işıqlanmayın, üzüklərinizə ərəbcə söz yazmayın” hədisini danışdı. Onun nə məna daşıdığını başa düşməyib, Həsənin yanına gəldilər. Ona dedilər: Ənəs bizə, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) “Müşriklərin atəşi ilə işıqlanmayın, üzüklərinizə ərəbcə söz yazmayın” hədisini danışdı. O da belə açıqladı: “üzüklərinizə ərəbcə sözlər söz yazmayın” yəni, “Muhəmməd yazmayın” deməkdir. “Şirk atəşi ilə işıqlanmayın” yəni, işləriniz barəsində müşriklərlə məşvərət etməyin. Sonra Həsən dedi: “Bunun Allahın Kitabından təsdiqi “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın” ayəsidir.”
Bunu Hafiz Əbu Yalə (rəhmətullahi aleyh) bu cür rəvayət etmişdir. Bunu Nəsai də Mucahid ibn Musadan, o da Huşeymdən rəvayət etmişdir. Bunu İmam Əhməd də, Həsən Bəsrinin təfsirini qeyd etmədən, Huşeymdən bənzər şəkildə rəvayət etmişdir.
Bu təfsirdə mülahizəyə yer vardır. Onun mənası aydındır “üzüklərinizə ərəbcə söz yazmayın” yəni, ərəb hərfləri ilə yazmayın, deməkdir. Çünki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) üzüyünə bənzəyə bilər. Onun möhüründə “Muhəmmədun Rəsulullah” yazısı var idi. Səhih hədisdə o cür yazdırmağı qadağan etmişdir. “Müşriklərin atəşindən işıqlanmayın” cümləsinin mənası da, evləriniz onların evinin yanında olmasın, yurdlarında qalmayın, onlardan uzaqlaşın və ölkələrindən hicrət edin, deməkdir. Bu mənada Əbu Davud “iki atəş biri-birini görməsin” hədisini rəvayət etmişdir. Digər hədisdə “kim müşriklə bir yerdə olur yaxud onunla birgə otursa onun kimidir” demişdir. Buna görə hədisi Həsən Bəsrinin (rahiməhullah) anladığı mənaya aid etmək və ayəni ona dəlil gətirmək şübhə doğurur. Allah ən doğrusunu biləndir.
Sonra Allah təala dedi: “Düşmənçilikləri onların ağızlarından bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür” yəni, düşmənçiliklərindən içləri üzlərinə çıxmış və dillərindən qaçırmışlar. Qəlbləri də İslama və müsəlmanlara qarşı nifrətlə doludur. Belə şeylər ağıl sahiblərinin nəzərindən qaçmaz. Allah buyurur: “Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”.
“Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər” yəni, ey möminlər, siz münafiqləri göstərdikləri imana görə sevirsiniz, onlar isə nə zahirdən nə batindən sizi sevməzlər. “Siz kitabların hamısına inanırsınız” yəni, bu xüsusda şəkk şübhəniz yoxdur. Onlarda isə şəkk şübhə və çaşqınlıq vardır.
Muhəmməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn əbu Muhamməd danışdı, o da İkrimədən və ya Səid ibn Cubeyrdən, o da İbn Abbasdan onun “Siz kitabların hamısına inanırsınız” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Öz kitabınıza, onların kitabına və onlardan öncə gələn kitablara inanırsınız. Onlar isə sizin kitablara inanmazlar. Onların sizə nifrət etməsinə baxmayaraq, sizin onlara nifrət etməyə daha çox haqqınız var.” Bunu İbn Cərir rəvayət etmişdir.
“Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər” ayədə keçən “ənamil” barmaqların uclarıdır. Bunu Qatadə demişdir. Şair də belə demişdir:
Səni sevəcəyəm tüpürcəyim boğazımı islatdığı müddətcə,
Əllərimdə on barmaq uclarımın olduğu müddətcə.
İbn Məsud, Suddu və Rəbi ibn Ənəs demişlər: “Ənamil” barmaqlardır.
Münafiqlərin halı belədir. Onlar üzdə möminlərə iman və sevgi göstərir, içlərində isə bunun tam əksini gizlədirlər. Necə ki, Allah təala demişdir: “təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər”. Bu da şiddətli qəzəb və kinə görədir.
Allah təala demişdir: “De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir” yəni, buna görə möminlərə nə qədər həsəd aparsanız da və onlara verilənlər qəzəbinizə səbəb olsa da, bilin ki, Allah mömin qullarına nemətini tamamlayacaq, dinini tamamlayacaq, kəlməsini yüksəldəcək və İslamı (bütün dinlərdən) üstün edəcək. Artıq siz də qəzəbinizdən ölün. “Şübhəsiz ki, Allah kökslərdə olanları bilir” yəni, O, daxilinizdə gizlənən və sirr saxladığınız möminlərə olan kin, həsəd və nifrəti bilir. Buna görə də umduğunuz şeylərin əksini göstərməklə sizə bu dünyada cəza verir. Axirətdə isə, içində əbədi qalacağınız və heç bir yerə qaça bilməyəcəyiniz şiddətli bir əzabla cəza verəcək.
Sonra da Allah təala dedi: “Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər” Bu onların möminlərə şiddətli düşmənçilik bəslədiklərini göstərir. Çünki möminlərə bolluq, zəfər və dəstək gəlir. Onlar çoxalırlar. Köməkçiləri möhkəmlənir. Bu isə, münafiqləri üzür. Müsəlmanlara qıtlıq gələndə və Allahın hikməti ilə düşmənlərə məğlub olanda — məsələn, Uhud döyüşündəki kimi — münafiqlər buna sevinirlər. Allah təala möminlərə xitab edərək dedi: “Əgər səbr etsəniz və qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz” Allah təala səbri, təqvanı və Allaha təvəkkülü tətbiq etdikləri halda, onları pislərin şərindən və fasiqlərin hiyləsindən xilas edəcəyini xəbər verir. Allah düşmənləri əhatə etmişdir. Ondan başqa güc və qüvvət sahibi yoxdur, Onun istədiyi olar, istəmədiyi olmaz. Varlıq aləmində nə meydana gəlsə, onun təqdir və iradəsi ilə olur. Kim Ona təvəkkül etsə, Allah ona yetər.
Sonra Allah təala Uhud döyüşünü və onda mömin qullarını yoxlamasını, möminlərlə münafiqləri ayırmasını və səbir edənlərin səbrini izah etməyə başladı və buyurdu: