Allah Təala tək məbud olduğunu bəyan etməyə başladı; çünki qullarına nemət verən Odur. Onları yoxluqdan varlıq aləminə çıxartdı. Onlara görünən və görünməyən bol-bol nemətlər verdi. Yer üzünü onlar üçün döşək edərək, onu yüksək dağlarla möhkəmləndirdi. Göyü bina etdi demək tavan etmək deməkdir. Necə ki, başqa bir ayədə: “Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər”. (Ənbiya, 32) demişdir. “Onlara göydən su endirdi” — burada bulud qəsd edilir. Ehtiyacları olduqları zaman onlara buluddan su endirmişdir. Onunla da yerdən müxtəlif bitkilər və meyvələr çıxartmışdır. Bunlar isə qullarının açıq aydın görünən ruzularıdır. Necə ki, Quranın bir çox yerində bunlar qeyd edilmişdir. Buna ən çox bənzəyən bir ayə də belədir: “Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allahın Şanı ucadır” (Ğafir, 64). Xülasəsi isə belədir: O yaradandır, ruzi verəndir, evin də, onun içərisində yaşayanların da sahibidir və ruzi verənidir. Beləcə yalnız özünə ibadət edilməsini və şərik qoşulmamasını haqq etmişdir. Bu səbəbdən də O belə demişdir: “Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”
İki səhihdə İbn Məsud belə demişdir: “Ya Rəsulullah, Allah qatında ən böyük günah hansıdır?” dedim. O da: Səni yaratdığı halda Allaha şərik qoşmandır, dedi. Muaz hədisi də belədir: Bilirsənmi, Allahın qulları üzərindəki haqqı nədir? Ona ibadət etmələri və heç bir şeyi ona şərik qoşmamalarıdır. Başqa bir hədisdə isə belə deyilir: Heç biriniz Allah və filankəs istərsə deməsin; əvəzində Allah istədi sonra da filankəs istədi, desin.
Həmməd ibn Sələmə deyir ki, Bizə Abdul Malik ibn Umeyr, o da Rıbi ibn Hiraşdan rəvayət edir ki, möminlərin anası Aişənin ana bir qardaşı Tüfeyl ibn Saxbara rəvayət edir ki, yuxuda gördüm ki, bir neçə yəhudinin yanına gəldim: “siz kimsiniz?” dedim. Onlar da “Biz Yəhudilərik” dedilər. Mən də: Siz o kimsələrsiniz ki, kaş “Üzeyr Allahın oğludur” deməyərdiniz. dedim. Onlar da: kaş siz də Allah istərsə və Məhəmməd istərsə deməyərdiniz, dedilər. Sonra bir neçə xristiana rast gəldim: “Siz kimsiniz?” dedim. Onlar da “Biz Xristianlarıq” dedilər. Mən də : Siz o kimsələrsiniz ki, kaş Məsih Allahın oğludur deməyərdiniz, dedim. Onlar da: kaş siz də Allah istərsə və Məhəmməd istərsə deməyərdiniz, dedilər. Səhər açılanda bunu bir neçə nəfərə danışdım. Sonra da Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdim. “Kiməsə danışmısan?” dedi. Mən də: Bəli dedim. Qalxdı, Allaha həmd və səna etdi, sonra da belə dedi: Deməli belə, Tüfeyl bir yuxu görüb və onu sizdən birinə danışıb. Siz elə bir kəlmə deyirsiniz ki, bəzi şeylər onu qadağan etməyimə mane olurdu. Artıq Allah istədi və Məhəmməd istədi deməyin, əvəzində: yalnız Allah istədi, deyin.”
Bunu ibn Mərduveyh də bu ayətin təfsirində Həmməd ibn Sələmədən eyni sənədlə rəvayət etmişdir. Bunu İbn Macə də, başqa bir yöndən, Abdulmalik ibn Umeyrdən eyni sənədlə bənzər şəkildə rəvayət etmişdir. Sufyan ibn Said əs Sevri, Əlcah ibn Abdullah əl Kindidən, o da Yəzid ibn Əsamdan rəvayət edir ki, ibn Abbas belə demişdir: Bir adam Peyğəmbərə (salləllahu aleyhi və səlləm): Allah istədi və sən istədin, dedi. O da məni Allaha şərik qoşursanmı? «Yalnız Allah istədi de, buyurdu. Bunu ibn Mərduveyh də rəvayət etmişdir. Bunu Nəsai ilə İbn Macə də İsa ibn Yunus, o da Əlcah vasitəsi ilə rəvayət etmişdir. Bütün bunlar Allahın birliyini qorumaq üçündür. Allah daha yaxşı bilir.
Muhəmməd ibn İshaq belə demişdir: Mənə Muhəmməd ibn əbu Muhəmməd (məchul ravi) İkrimədən və ya Səid ibn Cübeyrdən rəvayət etdi ki, İbn Abbas: . “Ey insanlar! Rəbbinizə ibadət edin «kəlamında belə demişdir: Allah kafir və münafiq iki qrupa da : Məni təkləşdirin, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizi təkləşdirin, demişdir. Eyni sənədlə ibn Abbas bu ayə üzərində belə demişdir: Allahdan başqa, fayda və zərər verməyən şeyləri Allaha şərik qoşmayın. Sizlər də bilirsiniz ki, ondan başqa Rəbbiniz yoxdur. Sizə ruzi verən Odur. Bunu bilmiş vəziyyətdəsiniz ki, Rəsulunun sizi dəvət etdiyi tövhid haqdır, onda şübhə yoxdur.” Qatadə də belə demişdir. İbn Əbi Hatim, o da Əhməd ibn Amr ibn Əbu Asimdən, o da Əbu Amrdan, oda Dahhaq ibn Muxalləd Əbu Asimdən, o da Şəbib ibn Bişrdən o da İkrimədən rəvayət etdi ki, ibni Abbas “Allaha tay tutmayın.” kəlamında belə demişdir: Taylar (əl-əndəd) şirkdir, o, qarışqanın qaranlıq gecədə, qara böyük qaya üzərində yeriməsindən daha gizlidir. O isə bu deməkdir: “Ey filankəs, Allaha, sənin və mənim canıma and olsun. «Başqa biri də belə deyər: Əgər bu it olmasaydı evə oğrular girərdi. Əgər qaz olmasaydı evə oğrular girərdi. Başqa biri də adam dostuna: Allah və filankəs istəməsəydi, deyər. Biri də: Əgər Allah və filankəs olmasaydı, deyər. Xülasə araya filankəsi salmayın. Bütün bunlar Allaha şərik qoşmaqdır. Hədisdə belə keçmişdir: Bir adam Rəsulullaha (salləllahu aleyhi və səlləm): Allah və sən istəməsəydiniz, dedi. O da: Məni Allaha ortaq edirsənmi? dedi. Başqa bir hədis də belədir: Sizlər nə gözəl cəmiyyətsiniz, kaş ki tay tutaraq: Allah və filankəs istəməsəydi belə olardı, deməsəydiniz. Əbul Aliyə belə demişdir: “Allaha tay tutmayın” yəni bərabərlər və ortaqlar, deməkdir. Rəbi ibn Ənəs, Qatadə, Suddi, Əbu Malik və İsmayıl ibn Əbu Xalid də belə demişdirlər. Mücahid də “bilə-bilə Allaha tay tutmayın” ayəsində belə demişdir: Onun Tövrat və İncildə bir tək Məbud olduğunu bildiyiniz halda, deməkdir.
Ayə haqqında hədislər:
İmam Əhməd belə demişdir: Bizə Affan, o da Əbu Xələf Musa ibn Xələfdən, o da Yəhyə ibn Əbu Kəsirdən, o da Zeyd ibn Salamdan, o da babası Məmturdan, o da Haris əl Əşaridən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Əziz və Cəlil olan Allah, Zəkəriyyə oğlu Yəhyaya (əleyhissalam) beş kəlimə ilə əməl etməsini və israil oğullarına da bunları etməsini əmr etməyi buyurdu. O da bir az ləngidi. İsa (əleyhissalam) ona: Bunları sən yoxsa mən təbliğ edək? Dedi. O da Qardaşım, qorxuram ki, məndən əvvəl sən təbliğ etsən Allah mənə əzab edər və ya məni yerə batırar dedi. Bundan sonra Yəhya ibn Zəkəriyyə İsrail oğullarını Beytul Müqəddəsdə bir yerə yığdı, məscid doldu. O hündür bir yerə çıxdı. Allaha həmd səna etdi və sonra da belə dedi: Allah mənə beş kəlimə ilə əməl etməmi, onlara sizin də əməl etmənizi buyurmamı əmr etdi. Birincisi: Ona ibadət edin, heç bir şeyi ona ortaq qoşmayın. Çünki bu malının xalis gümüşü və ya qızılı ilə bir kölə alan adama bənzəyər. Kölə işləməyə və gəlirini sahibindən başqasına verməyə başladı. Köləsinin belə olması hansınızı sevindirər? Allah sizi yaratdı, sizə ruzu verdi; Siz də Ona ibadət edin, heç bir şeyi ona ortaq qoşmayın.
Sizə namazı əmr edirəm; çünki Allah Təala namaza duran qul üzünü çevirmədikcə üzünü onun üzünə qoyar. Siz də namaz qıldığınız zaman sağa sola baxmayın.
Sizə oruc tutmağınızı əmr edirəm; çünki bu da cəmiyyət içində bir adam kimidir; onun yanında bir kisə müşk vardır. Hər kəs onun ətrini duyar. Oruclunun ağzının qoxusu Allah qatında müşk ətrindən daha xoşdur.
Sizə sədəqə vermənizi əmr edirəm. O da düşmənin əsir etdiyi bir adam kimidir. Əllərini boynuna bağladılar, boynunu vurmaq üçün onu gətirdilər. O da onlara: “Sizə fidyə verimmi?” dedi. Az çox fidyə verərək canını xilas etdi.
Sizə Allahı çox zikr etmənizi əmr edirəm. Bu da buna bənzəyir: Bir adamı düşmənləri sürətlə təqib etdilər, o da bir qalaya sığındı və canını xilas etdi. Qul Allahı zikr etdiyi zaman şeytandan daha çox qorunur.
Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə dedi: Sizə Rəbbimin mənə əmr etdiyi beş şeyi əmr edirəm: Camaatdan ayrılmamağı, sözə qulaq asmağı, itaət etməyi, hicrət etməyi, və Allah yolunda cihad etməyi. Çünki bir adam camaatdan bir qarış qədər ayrılarsa İslam ipini boynundan çıxartmış olar. Yenidən dönənə qədər. Kim Cahilliyə çağırışları edərsə o cəhənnəmin ətrafında diz çökənlərdəndir. “Ya Rəsulullah, oruc tutsa, namaz qılsa da?” dedilər. O da: Namaz qılsa, oruc tutsa və müsəlman olduğunu iddia etsə də belədir. Siz Müsəlmanları Allahın verdiyi adlarla, Allaha təslim olan mömin qullar olaraq çağırın. Bu həsən hədisdir.
Bu ayədə dəlil də: “Allah sizi yaratdı və sizə ruzi verdi. Siz də ona ibadət edin və heç bir şeyi ona ortaq qoşmayın” hissəsidir. Bu ayə ibadətdə Allahı təkləşdirməsinə və ortağı olmamasına dəlildir. Razi və digərləri kimi bir çox təfsirçilər bunun Allahın varlığına dəlil gətirmişdirlər. Bu hər şeydən əvvəl Onun varlığına dəlalət etməkdədir. Çünki kim aşağı və yuxarı aləmlərdə var olan; şəkilləri, rəngləri, təbiətləri və faydaları müxtəlif olan varlıqları düşünərək onları öz təfəkküründə düzgün yerə oturdarsa, yaradanının qüdrətini, hikmətini, elmini, ustalığını və səltənətinin böyüklüyünü anlayar. Necə ki, bir ərəb belə demişdir: Ona Allah Təalanın varlıq dəlili nədir, dedilər. O da belə dedi: Fəsübhənallah, bir peyin dəvəni göstərər; ayaq izi yeriyəni göstərər, bürcləri olan göy, yolları olan yer və dalğaları olan dənizlər, hər şeydən xəbəri olan Lətifi göstərməzmi?
Razi, imam Malikdən rəvayət etmişdir. Harun Rəşid ona bu haqda soruşdu: o da dillərin, səslərin və nəğmələrin fərqliliklərini dəlil göstərdi. Əbu Hənifədən də belə rəvayət edilmişdir: Bir neçə zındıq ona Allah Təalanın varlığını soruşdular. O da belə dedi: Məni narahat etməyin, bir şey haqqında düşünürəm. Mənə deyildiyinə görə dənizdə yüklü bir gəmi, içində müxtəlif çeşidli mallar var. Üstündə də onu qoruyan və sürən heç kim yoxdur. O isə öz özünə gedib gəlir. Böyük dalğaları yararaq onlardan xilas olur. Onu heç kim idarə etmir amma o istədiyi yerə gedir. Onlar da: Bunu heç bir ağıllı insan deyə bilməz, dedilər. O da belə dedi: Göyləri, yeri və hikmətli şeylərdən ibarət bu varlığın bir yaradıcısı yoxdurmu? Bunu eşidən o insanlar çaşıb qaldılar, haqqa dönərək onun qarşısında müsəlman oldular.
Şəfidən də belə nəql edilir ki, Ondan Yaradan haqqında soruşdular. O da belə dedi: Bu tut yarpağının dadı birdir, onu qurd yeyir ondan barama çıxır, arı yeyir ondan bal çıxır, mal-qara yeyir onu təzək olaraq xaric olur. Onu ceyran yeyir ondan isə müşk əmələ gəlir. Əsli isə birdir.
Eyni sualı İmam Əhmədə də soruşdular, o da belə dedi: bir qala vardır, sağlam və qüsursuz, qapısı və pəncərəsi yoxdur. Xaricdən bəyaz gümüş, daxildən xalis qızıl kimidir. Belə ikən birdən divar yarıldı içindən eşidən, görən, əndamlı və gözəl bir canlı çıxdı, dedi. Bununla da içərisindən cücə çıxan yumurtanı nəzərdə tutdu.
Şair Əbu Nəvvasa da eyni sualı soruşdular, o da belə dedi:
Düşün yer üzündə nəbatətləri
Sultan yaratmışdır O əsərləri,
Gümüş, qızıl gözlü sərin bulaqlar
Zəbərcət yoncanın üstündən axar
Bütün bu mənzərə demirmi sənə
Allahın ortağı yoxdur, bilsənə.
Şair ibn Mutəz də belə demişdir:
Heyrət! Necə üsyan edir Allahına insan?
İnkar edir, münkir olan insan necə asan?
Hər şeydə qoyubsa əgər Allah bir əlamət
Bil ki, bu onun təkliyinə edər dəlalət!
Başqaları da belə demişdirlər: Kim bu yüksək və geniş göyləri, içərisindəki kiçik və böyük ulduz və göy cisimlərini düşünər, hər gün bunların böyük dairə ilə və hər birinin özünə məxsushərəkətinə baxar, yeri hər tərəfdən əhatəyə alan dənizlərə, yerin qərar tutması, içindəkilərin rahat yaşaması üçün yaradılan rəngarəng dağlara baxarsa, Allah Təala bu haqda belə demişdir: “Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.” (Fatir 27-28). Kim ölkələr arası axan çaylara və müxtəlif canlılara, torpağı və suyu bir olduğu halda müxtəlif olan və dadları, ətirləri, şəkilləri fərqli olan bitkilərə baxarsa, Yaradıcının varlığına, böyük qüdrətinə, hikmətinə, yaratdıqlarına olan rəhmət, lütf və yaxşılığına dəlil tapar. Ondan başqa haqq məbud yoxdur. Ondan savayı Rəbb yoxdur. Yalnız Ona təvəkkül edib, yalnız ona üz tutdum. Bu mövzuda daha bir çox ayələr vardır.