Allah təala deyir ki: “Həqiqətən, Allah yanında İsanın məsəli” Allahın onu atasız yaratmağa qüdrəti haqqında “Adəmin məsəli kimidir” çünki onu atasız hətta anasız yaratmışdır. Onu torpaqdan yaratdı. Sonra da ona “Ol” dedi, o da oldu. Adəmi atasız yaradan Allah, İsanı yaratmağa mütləq qadirdir. Əgər İsanın atasız yaradılışı Allahın oğlu olmasına zəmin yaradırsa, bunu Adəm üçün deyilməsi daha icazəlidir. Bu ittifaqla batildir. Bu minvalla Nəsranilərin iddiasının daha batil və xarab olduğu açıq aydın görsənir. Allah Adəmi kişisiz və qadınsız, Həvvanı qadınsız, İsanı isə kişisiz yaratdığı zaman məxluqatına öz qüdrətini göstərdi. Necə ki, digər qullarını kişi və qadından yaratdı. Buna görə Məryəm surəsində deyilir: “dedi: “Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik” (Məryəm, 21).
Burada da: “Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma” demişdir. Yəni bu görüş İsa haqqındadır, ondan qaçılmaz və ondan başqa doğrusu yoxdur. Haqdan qeyrisi azğınlıqdan başqa bir şey deyildir. Sonra Rəsuluna bu qədər aydınlıqdan sonra kim haqqa inad edərsə onunla lənətləşməsini əmr edərək buyurur: “Sənə bilik gəldikdən sonra kim səninlə barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” yəni bizdən yaxud sizdən olan kimsəyə.
Bu lənətləşmə ayəsinin və ondan əvvəl olan ayənin nazil olma səbəbi Nəcrandan gələn heyətdir. Nəsranilər gələn zaman İsa haqqında mübahisə etməyə başladılar. Onun Allahın oğlu və ilah olduğunu iddia etdilər. Allah da onlara rədd etmək üçün bu surələri nazil etdi. Necə ki, imam Muhəmməd ibn İshaq ibn Yasər və digərləri də bunu demişlər. İbn İshaq məşhur Sira kitabında və digərləri belə demişlər: Nəcran heyəti Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına altmış nəfərlik minikli ilə gəldilər. İçlərində on dörd nəfər din xadimi idi. İşləri həll edən onlar idi. Onlar da Aqib, onun adı Abdulməsihdir, Seyid, onun adı Eyhəmdir, Bəkr ibn Vailin qardaşı Əbu Harisə ibn Əlqamə, Uveys ibn əl-Haris, Zeyd, Qeys, Yezid, Nəbih, Xuveylid, Amr, Xalid, Abdullah, Yuhannasdır. Bunların ən böyükləri üç nəfər idi. Biri Aqibdir. Heyətin başçısı və qərar verəni o idi. Bir məsələ çıxan kimi ona müraciət edirdilər. Seyid də alimləri idi və heyətin məsul şəxsələrindən idi. Əbu Harisə ibn Əlqamə yepiskopları, imamları və mədrəsələrinin başçısı idi. O, Bəkir ibn Vail oğullarından olan ərəb idi. Lakin sonradan xristianlaşdı. Romalılar və hökmdarlar ona hörmət edir və şərəfli biri sayırdılar. Onun adına kilsələr salaraq ona xidmət etdirirdilər. Çünki dinində sərt olduğunu bilirdilər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifəti, halı haqqında köhnə kitablardan öyrənmişdi. Cahilliyindən xristianlığı tərk etmədi. Çünki o çox hörmətli adam idi.
İbn İshaq demişdir: Mənə Muhəmməd ibn Cəfər ibn Zubeyr danışıb dedi: Bunlar Mədinədə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Məscidə girdilər. O vaxt Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əsr namazını qılırdı. Üstlərində keşiş geyimləri və Haris ibn Kəb oğullarının geyindiyi xətli libaslar vardır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən onları görənlər dedilər ki, bunlar kimi bir heyət görmədik. Vaxtı gələndə Rəsulullahın (salləllahu aleyhi və səlləm) məscidində namaza qalxdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Onlara toxunmayın.” Onlar da şərqə dönərək namaz qıldılar. Onlardan Əbu Harisə ibn Əlqamə, Aqib Abdulməsih və Seyid Eyhəm, Rəsulullahla (salləllahu aleyhi və səlləm) danışdı. Bunlar hökmdarların itaət etdiyi xristianlığa itaət edirdilər. Fərqli fikirləri vardır. Bəziləri İsa Allahdır deyirdilər. Bəziləri İsa Allahın oğludur deyirdilər. Bəziləri də üçün üçüncüsüdür deyirdilər. Allah onların dediklərindən pak və uzaqdır. Xristianlar isə belə deyirlər. Onlar onun Allah olduğuna ölüləri diriltməsini, koru, cüzam xəstələrini sağaltmasını dəlil gətirirdilər. Qeybdən xəbər verməsini, palçıqdan quş düzəldib uçurtmasını da deyirdilər. Əslində bütün bunlar Allahın əmri ilə edilirdi ki, insanlara bir qüdrət nişanəsi olsun. Allahın oğlu olduğunu da atasız olmasını və beşikdə danışmasını dəlil gətirirdilər. Ondan əvvəl heç bir Adəm oğlu belə bir şey etmədi. Üçün üçüncüsü olduğuna isə Allah təalanın: biz etdik, biz yaratdıq, biz hökm verdik sözlərini dəlil gətirirdilər. Əgər tək olsa idi, mən etdim, mən əmr etdim, mən qərar verdim və mən yaratdım deyərdi, dedilər. Bununla O, İsa və Məryəm üçlüyü qəsd edilib deyərlər. Allah təala bu zalım və inkarçıların dediklərindən münəzzəhdir və müqəddəsdir.
Bütün bu görüşlərə dair Quran ayəsi endi. İki keşiş onunla danışanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara dedi: “Müsəlman olun.” Onlar dedilər: Biz müsəlman olduq. O dedi: Siz müsəlman olmadız, müsəlman olun. Onlar dedilər: Xeyr, biz sizdən əvvəl müsəlman olduq. O dedi: Yalan dediz, sizin müsəlman olmağınıza xaça sitayiş etməyiniz, Allahın övladı var deməyiniz və donuz əti yeməyiniz mane olur. O iki nəfər dedi: Elədirsə, Ey Muhəmməd, o zaman İsanın atası kimdir? Rəsulullah (salləllahu aleyhi və səlləm) susdu, onlara cavab vermədi. Bunun üzərinə Allah təala onların görüşlərinə və vəziyyətlərinin qarışıqlığına cavab olaraq Ali-İmran surəsinin əvvəlindən səksəndən çox ayə nazil etdi. Sonra İbn İshaq bu ayələrin təfsiri haqqında danışdı və dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) aralarında keçən şeylər haqqında hökm vermək və qəbul etmədikləri halda onları lənətləşməyə dəvət əmri barədə xəbər gəldi, o da onları dəvət etdi.
Onlar da dedilər: “Ey Qasımın atası, bizi burax, düşünək, sonra sənin yanına geri dönərik. Səndə bizə nə istəsən edərsən.” deyib getdilər. Aqib ilə baş-başa qaldılar, o qərar verənlərdən idi. “Ey Abdulməsih, nə deyirsən?” – dedilər. O da dedi: Ey Xristianlar toplumu, Allaha and olsun ki, Muhəmmədin haqq Peyğəmbər olduğunu bilirsiz. Sizə sahibiniz İsa haqqında son sözü söylədi. Bilirsiz ki, hər hansı bir qövm Peyğəmbər ilə lənətləşibsə nə kiçiyi nə böyüyü qalmayıb. Belə bir şey etsəniz kökünüz kəsilər. Əgər dininizdə qalmaq istəsəniz bu adamla sözləşin və məmləkətinizə qayıdın. Onlar da Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər: Ey Qasımın atası, səninlə lənətləşməməyə qərar verdik. Bizi dinimizdə burax, ölkəmizə dinimizlə dönək, bizimlə bərabər bir səhabəni göndər, aramızda hökm etsin. Biz sizdən razıyıq, dedilər.
Cəfər ibn Muhəmməd demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara dedi: Mənim yanıma axşam gəlin sizə güclü və etibarlı adam verim. Ömər ibn Xəttab deyir ki, o günə qədər əmirliyi o qədər istəməmişdim. Zöhr namazına tezdən getdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhr namazını qıldı və salam verdi. Sonra sağına soluna baxdı. Məni görməsi üçün boynumu uzatdım. Gözləri kimisə axtarırdı. Əbu Ubeydə ibn Cərrahı gördü və dedi: Çıx onlarla get, razılığa gələ bilmədikləri məsələlərdə aralarında ədalətli qərar ver. Ömər deyir ki, Əbu Ubeydə ibn Cərrah onlarla getdi.
İbn Mərduveyh, Muhəmməd ibn İshaqdan rəvayət etmişdir, o da Asim ibn Ömər ibn Qatadədən, o da Mahmud ibn Ləbiddən, o da Rafi ibn Hədicdən dedi: Nəcran heyəti Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi… Yalnız böyükləri barədə bunları əlavə etdi: “On iki nəfər idilər.” Qalan hissəsini daha uzun və artırmalarla danışdı.
Buxari demişdir: Bizə Abbas ibn Huseyn danışdı, bizə Yəhya ibn Adəm danışdı, o da İsraildən, o da Əbu İshaqdan, o da Sila ibn Zufərdən, o da Hüzeyfədən onun belə dediyini rəvayət etmişdir: Nəcran heyətinin başçıları Aqib ilə Seyid, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Onunla lənətləşmək istəyirdilər. Biri digərinə dedi: Allaha and olsun ki, əgər o, peyğəmbərdirsə, biz də onunla lənətləşsək, bir daha nə biz, nə də bizdən sonrakılar firavan olmaz. Sonra ikisi birdən dedilər: Sənə istədiyini verəcəyik, bizimlə etibarlı adam göndər, etibar edilməyəcək birini göndərmə. O da dedi: Sizinlə əmin, həqiqətən əmin bir adam göndərərəm. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri boyunlarını uzatdılar, o da dedi: Qalx, ey Əbu Ubeydə ibn Cərrah. O qalxarkən, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bu ümmətin əmini budur.” Bunu Buxari, Muslim, Tirmizi, Nəsai və İbn Macə, Əbu İshaq əs-Subeyi, o da Siladan, o da Huzeyfədən bənzər şəkildə rəvayət etmişlər. Onu həmçinin Əhməd, Nəsai və İbn Macəh, İsraildən, o da Əbu İshaqdan, o da Siladan, o da İbn Məsuddan rəvayət etmişdir.
Buxari demişdir: Bizə Əbul-Valid danışdı, Bizə Şubə danışdı, o da Xaliddən, o da Əbu Qilabədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini danışdı: Hər ümmətin bir əmini vardır, bu ümmətin əmini Əbu Ubeydə ibn Cərrahdır.
İmam Əhməd demişdir: Bizə İsmayıl ibn Yəzid ər-Raqqi əbu Yəzid danışdı, bizə Furat danışdı, o da Abdul-Kərim ibn Malik əl-Cəzəridən, o da İkrimədən, o da İbn Abbasdan dedi: Əbu Cəhl, Allah ona lənət etsin, demişdir: “Əgər Muhəmmədi Kəbənin yanında namaz qılan görsəm, boynunu vuraram.” O dedi: “Əgər etsə idi mələklər onu göz görə görə götürərdilər. Əgər yəhudilər ölüm istəsəydilər, ölüb cəhənnəmdəki yerlərini görərdilər. Əgər Rəsulullahla (salləllahu aleyhi və səlləm) lənətləşmək istəyənlər bunu edib geri dönərdilərsə, qayıtdıqda nə mal, nə də ailələrini tapmazdılar. Bunu Buxari, Tirmizi və Nəsai, Abdurrəzaqdan, o da Mamərdən, o da Əbdülkərimdən rəvayət etmişdir. Tirmizi həsən səhihdir demişdir.
Beyhaqi Dəlailu Nubuvvə əsərində Nəcran hadisəsini çox uzun açıqlamışdı. Həqiqətən onda çoxlu faydalar var. Onda qəriblik də vardır. Onda bu məqama uyğunluq da vardır.
Beyhəqi demişdir: Bizə Əbu Abdullah əl-Hafiz ilə Əbu Səid Muhəmməd ibn Musa ibn Fadl danışdılar, hər ikisi dedilər ki, bizə Əbul-Abbas Muhəmməd ibn Yaqub danışdı, bizə Əhməd ibn Əbdulcabbar danışdı, bizə Yunus ibn Bukeyr danışdı, o da Sələmə ibn Abdi Yəsudan, o da atasından, o da babasından, Yunus – o, xristian idi, müsəlman oldu – deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) “Ta Sin, Suleyman” surəsi nazil olmamışdan öncə Nəcran xalqına məktub yazdı: İbrahimin, İshaqın və Yaqubun ilahının adı ilə, Allahın Rəsulu Muhəmməddən Nəcran Yepiskopuna və Nəcran xalqına: Əgər müsəlman olsanız, sizinlə bərabər İbrahimin, İshaqın və Yaqubun ilahına həmd edərəm. Sizi qullara ibadətdən Allaha ibadətə dəvət edirəm. Sizi qulların himayəsindən Allahın himayəsinə dəvət edirəm. Qəbul etməsəniz cizyə ödəyəcəksiniz. Onu da qəbul etməsəniz sizə müharibə elan edirəm. Vəssalam.
Yepiskopa məktub çatan kimi onu oxudu və qorxuya düşdü. Nəcran xalqından Şurahbil ibn Vadəah adında bir nəfərə xəbər göndərdi. O Həmadanlı idi. Çətinliyə düşən kimi onu çağırırdılar, Eyhəmi, Aqibi və Seyidi çağırmazdılar. Yepiskop Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubunu Şurahbilə verdi, o da oxudu. Yepiskop dedi: Ey Məryəmin atası fikrin nədir?
Şurahbil dedi: — Allahın İsmayıl nəslindən bir Peyğəmbər göndərəcəyini İbrahimə vəd etdiyini bilirsən. Haradan bilək ki bu o deyil? Mənim Peyğəmbərlik haqqında fikrim yoxdur. Əgər dünyaya aid bir iş olsa idi, sənə fikrimi deyib əlimdən gələni edərdim. Yepiskop dedi: Bir tərəfə çəkil, otur. O bir tərəfə çəkilib küncdə oturdu. Yepiskop Nəcran xalqından bir nəfər də çağırdı, onun adı Abdullah ibn Şurahbil idi. O da Himyərin Zi Asbah nəslindən idi. Ona məktubu göstərdi, o da Şurahbil deyəni dedi.
Yepiskop dedi: Sən də bir kənara çəkil, otur. Abdullah da bir küncdə oturdu. Yepiskop Nəcran xalqından Cabbar ibn Fəyzin yanına adam göndərdi. O da Hamas oğullarının Haris ibn Kab qolundan idi. Ona da məktubu göstərdi və fikrini soruşdu. O da Şurahbil və Abdullah kimi cavab verdi. Yepiskop ona da çəkilib bir kənarda oturmağını söylədi. Sonra kilsə zənglərini çalmağa qərar verdilər. Kilsə zəngləri çalındı, alovlar yandırıldı, rahib libasları geyilib məbədlərə toplandılar. Gündüz bunu yalnız həyəcan zamanı edirdilər. Gecə olanda kilsə zəngləri çalıb atəşləri yandırırdılar. Kilsə zəngləri çalıb keşiş paltarlarını geyinib toplandılar. Vadinin üst və alt tərəfi inlədi. Vadinin uzunluğu sürətli at yürüşü ilə bir günlük yol idi. Orada yetmiş üç kənd və yüz iyirmi min döyüşçü var idi. Onlara Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubunu oxudu, fikirlərini soruşdu. Hamısı Şurahbil ibn Cəda əl-Həmədani, Abdullah ibn Şurahbil əl-Əsbahi və Cabbar ibn Feyz əl-Harisini xəbər gətirmək üçün Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına göndərməyə qərar verdilər.
Heyət yola çıxdı, Mədinəyə çatan kimi səfər libaslarını çıxardıb uzun ipək libaslar geyinib qızıl üzüklər taxdılar. Sonra Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Salam verdilər, salamlarını almadı. Gündüz boyu danışmağa cəhd etdilər, əyinlərində o paltarlar və qızıl üzüklər olana qədər onlarla danışmadı. Osman ibn Affan ilə Abdurrəhman ibn Avfu axtarmağa getdilər. Çünki onları tanıyırdılar. Onları bir məclisdə Ənsar və Mühacirlərin arasında tapdılar. “Ey Osman və ey Abdurrəhman Peyğəmbəriniz bizə bir məktub yazdı, biz də isabət edib gəldik. Ona salam verdik, salamımızı almadı, gündüz boyu danışmaq istədik, yorulduq, yenə də danışmadı. Siz nə deyirsiniz, geri dönək?” – dedilər. O iki nəfər camaatın arasında olan Əliyə dedilər: “Ey Həsənin atası sən nə deyirsən?” O da Osman ilə Əbdürrəhmana dedi: “Mən deyirəm ki, onlar bu paltarlarını və üzüklərini çıxardıb səfər geyimlərini geyinib yenidən onun yanına getsinlər.” Onlar o cür etdilər. Salam verdilər, salamlarını aldı. Məni haqq Peyğəmbər olaraq göndərən Allaha and olsun ki, siz ilk dəfə gələndə İblisdə sizinlə idi. Sonra onlara sual verdi, onlar da ona sual verdilər. Bu sorğu sual xeyli davam etdi, sonda dedilər: “İsa haqqında nə deyirsən? Biz Xristianlarıq, xalqımıza geri dönəcəyik, əgər Peyğəmbərsənsə onun haqqında nə deyəcəyini bilmək istərdik.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Bu gün sizə deyəcək bir sözüm yoxdur, qalın sizə Rəbbimin İsa haqqında nə dediyini xəbər verəcəm. Səhər oldu, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir… sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” ayələri nazil odu. Onlar isə bunu qəbul etmək istəmədilər. Ertəsi gün Rəsulullah (salləllahu aleyhi və səlləm), Əli, Həsən və Huseyn bir şala bürüklü vəziyyətdə gəldilər. Fatimə də arxalarında idi. Lənətləşmək istəyirdilər. Həmin gün yanında bir neçə qadın var idi. Şurahbil dostuna dedi: “Yaxşı bilirsiz ki, Nəcran vadisi insanla dolduğu zaman mənim fikrimi dinləmədən səsləri çıxmaz. Mən ağır bir vəziyyəti görürəm. Allaha and olsun ki, əgər o göndərilmiş bir kimsədirsə, onun gözünə çöp atan və onu rədd edən ilk ərəblərdən olarıq. Artıq biz dağılmağa aparan bir fəlakətlə qarşılaşırıq. Biz ona ərəblərin ən yaxınıyıq. Əgər bu adam göndərilmiş bir Peyğəmbərdirsə, onunla lənətləşsək, yer üzündə həlak olmayan bir qoyun və dəvəmiz qalmaz.” İki dostu ona dedi: “Elədirsə, fikrin nədir ey Məryəmin atası?” O dedi: “Qərarı ona buraxmaq istəyirəm. Çünki onun haqsız bir qərar verəcəyini sanmıram.” Onlar dedilər: “Sən bilərsən.” Şurahbil Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) görüşdü və dedi: “Mən lənətləşmədən daha xeyirli bir yol gördüm.” O dedi: O nədir?” Şurahbil dedi: “Bu gün gecəyə qədər və yaxud gecədən səhərə qədər nə qərar versən bizim üçün keçərlidir.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Hər halda səni qınayanlar olacaq.” O dedi: “Dostlarımdan soruş.” Onlar dedilər: “Bu vadidə Şurahbil nə desə odur.” Rəsulullah (salləllahu aleyhi və səlləm) onlarla lənətləşmədən döndü. Ertəsi gün yanına gəldilər. O da onlara belə bir məktub yazdı: “Bismilləhi Rahməni Rahim, bu Allahın Rəsulu Muhəmmədin Nəcran xalqına yazdığı məktubdur: Bütün meyvə, qızıl, gümüş, kölə onlarda qalacaq. Bütün bunlar onlara veriləcək, onlar da bunun qarşılığında iki min hüllə verəcəklər; min dənəsini Rəcəb ayında, min dənəsini də Səfər ayında.” Sonra bütün şərtləri saydı, və rəvayətçi hədisi o birilər kimi danışdı.
Məqsəd o heyətin doqquzuncu il gəlməsini göstərməkdir. Çünki Zuhri demişdir: Nəcran xalqı Rəsulullaha (salləllahu aleyhi və səlləm) ilk cizyə verənlərdir. Cizyə ayəsi isə fəthdən sonra idi. Allahın bu ayəsi onu göstərir: “Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun” (Tövbə, 29).
Əbu Bəkr ibn Mərduveyh demişdir: Bizə Suleyman ibn Əhməd danışdı, bizə Əhməd ibn Davud əl-Məkki danışdı, bizə Bişr ibn Mihran danışdı, bizə Muhəmməd ibn Dinar danışdı, o da Davud ibn əbu Hinddən, o da Şəbidən, o da Cəbirdən deyir: Aqib ilə Tayyib Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Seyidimiz onları lənətləşməyə dəvət etdi. Onlarla səhərisi gün lənətləşmək üçün görüş təyin etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) tezdən Əli, Fatimə, Həsən və Hüseyn ilə əl ələ tutaraq gəldilər. Sonra onlara xəbər göndərdi. Onlar qəbul etmədilər və xarac verməyə razılaşdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Məni haqq Peyğəmbər göndərən Allaha and olsun ki, əgər yox desəydilər, vadiləri atəşlə dolardı. Cabir deyir ki, “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” ayəsi onlar haqqında idi. Cabir deyir ki, “özümüzü və özünüzü” Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Əli ibn Əbu Talib idi, “oğullarımız” Həsən və Hüseyndir, “qadınlarımız” da Fatimədir.
Hakim də Mustədrək əsərində Əli ibn İsadan, o da Əhməd ibn Muhəmməd əl-Əzharidən, o da Əli ibn Həcərdən, o da Əli ibn Mishərdən, o da Davud ibn əbu Hinddən bu mənada rəvayət etmiş, sonra da Muslimin şərtinə görə səhihdir, iki Şeyx təxric etməmişdir, demişdir.
Beləcə də demişdir. Baxmayaraq ki, onu Əbu Davud Təyalisi də Şubədən, o da Muğiradan, o da Şəbidən mürsəl olaraq rəvayət etmişdir. Bu daha səhihdir. İbn Abbas ilə Bəradan da bənzər şəkildə rəvayət edilmişdir.
Sonra Allah təala buyurur: “Həqiqətən, bu, gerçək bir hekayətdir” , yəni Ey Muhəmməd, sənə İsa haqqında dediyimiz həqiqətdir, bundan qaçmaq mümkün deyil. “başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir, əgər onlar üz döndərsələr” yəni bundan başqasına üz çevirsələr “şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır” yəni haqdan batilə düşən fəsad törədəni bilir və buna görə ən ağır şəkildə cəzalandırır. O güclüdür, əlindən heç bir şey qaçmaz. Onu həmd ilə təsbih edirik. Qəzəbinə uğramaqdan Ona sığınırıq.