Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.

Allah təala Ona haqqı ilə iman gətirən bir qrup kitab əhlindən bəhs edir. Qədim kitablara iman edərək Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil edilənə də iman etdilər. Onlar Allaha qarşı müti olarlar, yəni ona itaət edərlər, hüzurunda baş əyərlər. “Allahın ayələrini ucuz qiymətə satmırlar”, yəni kitablarında Muhəmmədin (salləllahu aleyhi və səlləm) sifəti, təsvirini, göndərilməsini və ümmətin halı ilə əlaqəli şeyləri gizlətməzdilər. Onlar istər yəhudi, istərsə də xristian olsunlar, əhli kitabın xeyirliləri və seçilənləridir. Allah təala Qasas surəsində buyurur: “əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qasas, 52-54). “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır”(Bəqərə, 121). “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 159). “Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar” (Ali-İmran, 113). “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və onların itaətini artırır” (İsra, 107-109).

Bu sifətlər yəhudilərdə az görünür. Məsələn, Abdullah ibn Salam və onun kimi iman gətirən ravvinlər. Bunların sayı on nəfərə çatmaz. Xristianlara gəldikdə onların çoxu doğru yolda olanlar və haqqı tanıyanlardı. Necə ki, Allah buyurur: “Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə daxil edəcəyinə ümid edirik.Belə dediklərinə görə də Allah onları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur” (Maidə, 82-85). Burada isə belə buyurdu: » Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.»

Hədisdə sabit olduğuna görə Cəfər ibn Əbu Talib (radiyallahu ənh) Həbəş kralı Nəcaşinin hüzurunda «kəf, hə, yə, əyn, sad» surəsini oxuduğu zaman, kral və yanındakı patriarxlar və yepiskoplar elə ağladılar ki, saqqalları islandı.

İki Səhihdə sabit olduğuna görə Nəcaşi öləndə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun ölüm xəbərini onlara çatdırdı və dedi: «Həbəşistandakı qardaşınız öldü, onun namazını qılın. Çölə çıxdı, səf qurdular, namazını qıldırdı.»

İbn əbu Hatim ilə hafiz Əbubəkr İbn Mərduveyh, Hammad ibn Sələmədən rəvayət etmişlər, o da Sabitdən, o da Ənəs ibn Məlikin belə dediyini rəvayət etmişdir: Nəcaşi öləndə, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Qardaşınız üçün bağışlanma diləyin. Bəziləri, Həbəşistanda ölən kafir üçün bağışlanma diləməyimizi istəyir, dedilər. Bunun üzərinə bu ayə nazil oldu: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir”.

Bunu Abd ibn Humeyd ilə İbn Əbu Hatim başqa bir yolla Hammad ibn Sələmədən, o da Sabitdən, o da Həsəndən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Sonra onu İbn Mərduveyh fərqli yollardan, Humeyddən, o da Ənəs ibn Məlikdən yuxarıda keçdiyi kimi rəvayət etmişdir.

İbn Cərir isə onu Əbubəkr əl-Huzəlidən, o da Qatadədən, o da Səid ibn Musəyyəbdən, o da Cabirdən rəvayət etmişdir. Cabir demişdir: Nəcaşi öləndə Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə dedi: «Əshəmə qardaşınız öldü.» O çıxdı və cənazələrə qıldığı kimi ona da cənazə qıldı. Dörd təkbir aldı. Münafiqlər dedilər: «Həbəş torpağında ölən bir kafirin namazını qıldırır.» Buna görə Allah bu ayəni nazil etdi: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir”.

Əbu Davud demişdir: Bizə Muhəmməd ibn Amr ər-Razi danışdı, bizə Sələmə ibn Fadl danışdı, o da Muhəmməd ibn İshaqdan, mənə Yəzid ibn Ruman danışdı, o da Ürvədən, o da Aişənin (radiyAllahu anhə) belə dediyini rəvayət etmişdir: Nəcaşi öldüyü vaxt biz onun qəbrində davamlı nur görüldüyünü danışırdıq.

Hafiz Əbu Abdullah əl-Hakim öz Mustədrəkində demişdir: Bizə Əbu Abbas əs-Səyyari Mərvdə xəbər verdi, bizə Abdullah ibn Əli əl-Ğazzal danışdı, bizə Əli ibn Həsən ibn Şəqiq danışdı, bizə İbn Mubarək danışdı, bizə Musab ibn Sabit xəbər verdi, o da Amir ibn Abdullah ibn Zubeyrdən, o da atasından dedi: Nəcaşinin torpağına düşmən hücum etdi. Muhacirlər ona dedilər: «Onlara qarşı döyüşmək üçün səninlə birgə çıxmaq istəyirik. O zaman bizim cəsarətimizi görərsən və bizə etdiyinin əvəzini ödəmiş olarıq.» O da dedi: «Xeyr. Əziz və cəlil olan Allahın köməyi ilə gələn dava-dərman, insanların köməyi ilə gələn dava dərmandan daha xeyirlidir.» O dedi: Onun haqqında bu ayə endi “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir”. O demişdir: Bu səhih sənədli hədisidir. İki şeyx təxric etməyiblər.

İbn əbi Nəcih demişdir: Mucahid dedi: “Həqiqətən, Kitab əhlindən…» Burada əhli kitabın müsəlmanları qəsd edilmişdir.

Abbad ibn Mənsur demişdir: Həsən Bəsridən “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir” ayəsi barəsində soruşdum. O dedi: «Onlar Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əvvəl olan əhli kitabdır. Ona tabe olub islamı tanıdılar. Allah da onlara iki əcr verdi: Muhəmməddən əvvəlki imanlarının və Muhəmmədə (salləllahu aleyhi və səlləm) imanlarının mükafatını.» Bu ikisini İbn Əbu Hatim də rəvayət etmişdir.

İki Səhihdə Əbu Musadan belə dediyi rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Üç nəfərə əcri iki dəfə verilir.» Sonra onlardan birinin «Əhli kitabdan öz peyğəmbərinə və mənə iman edən» olduğunu qeyd etdi.

Allahın ayələrini ucuz qiymətə satmırlar” yəni əllərindəki elmi gizlətməzlər. Necə ki, onlardan şərəfsiz bir toplum belə etmişlər, hətta bunu havayı edərlər. Buna görə Allah təala buyurur: “Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.

Mucahid demişdir: «tez haqq-hesab çəkəndir» Yəni, tez hesablayar.

Bunu İbn əbu Hatim və digərləri rəvayət etmişdir.

Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, mövqe tutun”, Həsən Bəsri (rahiməhullah) demişdir: Onlara Allahın razı olduğu dinləri üzərində səbir etmələri əmr edildi ki, o da İslamdır. Onu bolluqda, darlıqda, şiddət və rahatlıqda tərk etməmələri istənmişdir ki, müsəlman olaraq ölsünlər. Dinlərini gizlədən düşmənlərə qarşı dözümlü olmaları əmr edildi. Sələf alimlərindən bir çoxu belə demişdir.

Mövqe tutmaq isə ibadət yerində və sabit dayanmaqda davamiyyət göstərməkdir. Namazdan sonra namazı gözləmək deyənlər də olmuşdur. Bunu İbn Abbas, Səhl ibn Huneyf, Muhəmməd ibn Kəb Kurazi və digərləri demişdir.

İbn Əbu Hatim burada Muslim ilə Nəsainin Məlik ibn Ənəsdən, o da Alə ibn Abdurrəhman ibn Yaqubdan – Haraqanın mövlasıdır –, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Sizə Allahın nə ilə xətaları sildiyi və dərəcələri artırdığı haqqında xəbər verim? Çətinlik zamanı dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlamaq və bir namazdan sonra digər namazı gözləməkdir. Bu mövqe tutmaqdır, bu mövqe tutmaqdır, bu mövqe tutmaqdır.»

İbn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd danışdı, bizə Musa ibn İshaq danışdı, bizə Əbu Cuhayfə Əli ibn Yəzid əl-Kufi danışdı, bizə İbn əbu Kərimə xəbər verdi, o da Muhəmməd ibn Yəziddən, o da Əbu Sələmə ibn Əbdurrəhmandan, deyir ki, bir gün Əbu Hureyrə gəldi və dedi: «Ey qardaşım oğlu, “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun” ayəsinin kimin barəsində nazil olduğunu bilirsənmi?» Mən: «Xeyr» – dedim. O da dedi: «Bil ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında (bu ayə nazil olan vaxt) mövqe tutulacaq döyüş yox idi. Ancaq o ayə, məscidləri təmir edən, namazları vaxtında qılan, sonra da orada Allahı zikr edənlər barəsində endi. Onlara “səbir edin” deyildi, yəni beş vaxt namaza, deməkdir. “dözümlü olun” nəfslərinizə və istəklərinizə qarşı, “mövqe tutun” məscidlərinizdə, “Allahdan qorxun” əleyhinizə olan şeylərdə, “Bəlkə nicat tapasınız”.

Hakim də Mustədrəkində, Səid ibn Mənsur ibn Mubarəkdən, o da Musab ibn Sabitdən, o da Davud ibn Salihdən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən bənzər şəkildə rəvayət etmişdir.

İbn Cərir demişdir: Mənə Əbus-Səib danışdı, mənə İbn Fudeyl danışdı, o da Abdullah ibn Səib əl-Məqburidən, o da babasından, o da Şurahbildən, o da Əlidən (radiyallahu ənh) dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdu: «Sizə günahlara və xətalara kəffarə olanı göstərimmi? Çətinliklərdə dəstəmazı tam almaq, namazdan sonra namazı gözləmək, mövqe tutmaq məhz elə budur.»

Yenə İbn Cərir demişdir: Bizə Musa ibn Səhl ər-Ramli danışdı, mənə Yəhya ibn Vadih danışdı, bizə Muhəmməd ibn Muhacir danışdı, mənə Yəhya ibn Zeyd danışdı, o da Zeyd ibn əbu Uneysədən, o da Şurahbildən, o da Cabir ibn Abdullahdan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Allahın nə ilə xətaları sildiyini və günahları örtdüyünü sizə bildirimmi?» Biz də: «Bəli» – dedik. O da dedi: «Dəstəmaz əzalarını tam yumaq, məscidlərə çox addımlamaq və namazdan sonra namazı gözləmək. Mövqe tutmaq məhz elə budur.»

İbn Mərduveyh demişdir: Mənə Muhəmməd ibn Əli danışdı, bizə Muhəmməd ibn Abdullah ibn Səlam əl-Beyruti xəbər verdi, bizə Muhəmməd ibn Ğalib əl-Əntaki xəbər verdi, bizə Osman ibn Abdurrəhman xəbər verdi, bizə Vazi ibn Nafi xəbər verdi, o da Əbu Sələmə ibn Abdurrəhmandan, o da Əbu Əyyubdan (radiyallahu ənh), deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bizim başımızın üzərində dayanıb dedi: «Allahın nə ilə xətaları sildiyini və əcri böyütdüyünü sizə bildirimmi?» Biz dedik: «Bəli, ey Rəsulullah, o nədir?» O da dedi: «Çətin vaxtlarda dəstəmazı tam almaq, məscidlərə çox addımlamaq və namazdan sonra namazı gözləməkdir.» O dedi: Allah təalanın ayədə “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” dediyi məhz elə budur. Bu da məscidlərdə mövqe tutmaqdır.» Bu hədis bu yoldan qəribdir.

Abdullah ibn Mubarək demişdir: Musab ibn Sabit ibn Abdullah ibn Zubeyrdən, mənə Davud ibn Salih danışdı və dedi: mənə Əbu Sələmə ibn Abdurrəhman dedi: «Ey qardaşım oğlu, “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun” ayəsinin kimin haqqında nazil olduğunu bilirsənmi?» Mən: «Bilmirəm» – dedim. O da dedi: «Ey qardaşımın oğlu, bu bir həqiqətdir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında mövqe tutulan döyüş yox idi. Bu, namazdan sonra namazı gözləmək idi.» Bunu İbn Cərir rəvayət etmişdir. Bunun Əbu Hureyrənin (radiyallahu ənh) sözü olması yuxarıda İbn Mərduveyhin rəvayətində ötdü. Allah ən doğrusunu biləndir.

Deyilmişdir ki, burada mövqe tutmaqdan məqsəd düşmən qarşısında döyüş keşiyi çəkmək, İslam sərhədlərini mühafizə etmək və düşmənlərin müsəlmanlar yaşayan bölgələrə girməsindən qorumaqdır. Bu xüsusda onun çoxlu savabından bəhs edən və təşviq məzmunu daşıyan xəbərlər nəql edilmişdir. Buxari Səhihində Səhl ibn Sad əs-Səididən rəvayət etmişdir ki, Rəsulullah (salləllahualeyhi və səlləm) belə buyurmuşdu: «Allah yolunda bir gün döyüş keçiyi çəkmək, dünya və onun üzərindəkilərdən daha xeyirlidir.»

Başqa bir hədisdə Muslim, Salman Farisidən (radiyallahuənh), o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: «Bir gün bir gecə döyüş keşiyi çəkmək bir ay oruc tutmaqdan və namazda durmaqdan daha xeyirlidir. Əgər ölsə etdiyi əməl davam edər. Ruzi ona gətirilər və fitnədən əmin olar.»

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə İshaq ibn İbrahim danışdı, bizə İbn Mubarək danışdı, o da Hayvə ibn Şureyhdən, mənə Əbu Hani əl-Xəvlani xəbər verdi, ona Amr ibn Məlik əl-Cənbi xəbər verdi ki, o, Fədalə ibn Ubeyddən eşitdi ki, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: «Hər ölənin əməl dəftəri bağlanır, yalnız Allah yolunda döyüş keçiyi çəkən istisnadır. Çünki onun əməli qiyamət gününə qədər artar və o, qəbir əzabından əminlikdə olar.» Bunu Əbu Davud ilə Tirmizi də Əbu Hani əl-Xavlanidən rəvayət etmişdir. Tirmizi: «Həsən, səhihdir» – demişdir. Bunu İbn Hibban da Səhihində rəvayət etmişdir.

Başqa bir hədisdə, İmam Əhməd demişdir: Yəhya ibn İshaq, Həsən ibn Musa və Əbu Səiddən, onlar dedilər: bizə İbn Lehiya danışdı, bizə Muşrah ibn Haən danışdı, mən Ukbə ibn Amirdən eşitdim ki, o deyir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Hər ölənin əməl dəftəri bağlanır, yalnız Allah yolunda döyüş keşiyi çəkən istisnadır. Onun əməli dirilənə qədər yazılır və o, fitnədən əminlikdə olar.» Haris ibn Muhəmməd ibn əbu Usamə də öz Musnədində Məqburidən o, Abdullah ibn Yəziddir, “təkrar dirilənə qədər” cümləsinə kimi olan hissəni rəvayət etmiş, lakin fitnədən bəhs etməmişdir. Əgər İbn Ləhiyə, «danışdı» deyərsə, o zaman hədis həsəndir. Xüsusən də yuxarıda qeyd olunan şahidlər də vardır.

Başqa bir hədisdə Abu Abdullah Muhəmməd ibn Yəzid ibn Macə öz Sünənində demişdir: Bizə Yunus ibn Abdulalə danışdı, bizə Abdullah ibn Vəhb danışdı, mənə Leys xəbər verdi, o da Zuhra ibn Mabəddən, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Kim Allah yolunda döyüş keşiyi çəkərkən ölsə, etdiyi yaxşı əməl davamlı olar. Ruzisi də gətirilir, fitnədən də əmin olar və Allah onu qiyamət günündə ən böyük qorxudan əmin olaraq dirildər.»

Başqa bir yoldan, İmam Əhməd demişdir: Bizə Musa danışdı, bizə İbn Lehiya xəbər verdi, o da Musa ibn Vərdandan, o da Əbu Hureyrədən (radiy Allahu anhu), Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim döyüş keşiyi çəkərək ölsə, qəbir əzabından qorunar, ən böyük qorxudan əminlikdə olar və ruzi ona hər səhər və axşam cənnətdən gətirilir. Qiyamət gününə qədər döyüş keşiyində dayanmışın savabı yazılar.»

Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə İshaq ibn İsa danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Muhəmməd ibn Amr ibn Halhalə əd-Duəlidən, o da İshaq ibn Abdullahdan, o da Ummud-Dərdadan, o da hədisi Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət etdirərək dedi: «Kim müsəlmanların sərhədlərində üç gün döyüş keşiyi çəkərsə, bir illik döyüş keşiyində dayanmış kimi sayılar.»

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Kəhməs danışdı, bizə Musab ibn Sabit ibn Abdullah ibn Zubeyr danışdı və dedi: Osman (radiyallahu ənh) minbərdən xütbə oxuyarkən belə dedi: Sizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bir hədis danışacam. Bu günə qədər susmağımın səbəbi, ayrılığınıza xəsislikdən başqa bir şey deyildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: «Allah yolunda bir gecə keşiş çəkmək, min gecəni namazda durmaqdan və gündüzü orucla keçirməkdən əfzəldir.»

Bunu Əhməd, Ravhdan, o da Kəhməsdən, o da Musab ibn Sabitdən, o da Osmandan bu cür rəvayət etmişdir. Bunu İbn Macə də, Hişam ibn Ammardan, o da Abdurrəhman ibn Zeyd ibn Əsləmdən, o da atasından, o da Musab ibn Sabitdən, o da Abdullah ibn Zubeyrdən rəvayət etmişdir. O demişdir: Osman ibn Əfvan insanlara xutbə oxuyub dedi: Ey insanlar mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis eşitdim. Məni indiyə qədər bu hədisi danışmaqdan saxlayan, sizin və dostlarınızın digərlərindən ayrılığınıza xəsislikdən başqa bir şey deyildi. Artıq istəyən özü üçün götürsün, istəməyən buraxsın. Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Kim Allah yolunda bir gecə döyüş keşiyində dayanarsa, min gecəni oruc tutmuş və namazda dayanmış kimi olar.»

Başqa bir yolla da Osmandan (radiyallahu ənh) rəvayət edilmişdir. Tirmizi demişdir: Bizə Həsən ibn Əli Xalləl danışdı, bizə Hişam ibn Addulməlik danışdı, bizə Leys ibn Sad danışdı, bizə Abu Aqil Zuhrəh ibn Mabəd danışdı, o da Osman ibn Əfvanın mövlası Əbu Salihdən deyir: Osmanın minbərdən belə dediyini eşitdim: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bu hədisi, məndən ayrılacağınızdan qorxduğuma görə sizə danışmadım. Sonra fikrimi dəyişdim və sizə danışmağa qərar verdim. Bununla da hər kəs istəyinə uyğun sərbəst seçim etsin. Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah yolunda bir günlük döyüş keşiyi çəkmək, digər yerlərdəki min gündən daha xeyirlidir.» Sonra Tirmizi demişdir: «Hədis bu yoldan həsən qəribdir. Muhəmməd, yəni Buxari demişdir: Osmanın mövlası Əbu Salihin adı, Burkandır.» Tirmizidən başqası da, adının Haris olduğunu demişdir. Allah ən doğrusunu biləndir.

Bunu İmam Əhməd də, Leys ibn Sad ilə Abdullah ibn Lehiyadan rəvayət etmişdir. Onun hədisinin axırında belə bir əlavə vardır: «Osman nitqinin sonunda belə demişdir: Artıq kim özü necə istəsə döyüş keşiyi çəksin. Təbliğ etdimmi?» Onlar dedilər: «Bəli.» O da dedi: «Allahım, şahid ol.»

Başqa bir hədisdə Əbu İsa Tirmizi demişdir: Bizə İbn əbu Ömər danışdı, bizə Sufyan danışdı, bizə Muhəmməd ibn Munkədir danışdı və dedi: Salman Farisi, Şurahbil ibn Səmtin yanından keçirdi, o isə döyüş keşiyi çəkdiyi yerdə idi. Ona və dostlarına çətin gəlirdi. Salman dedi: «Ey İbn Səmt, sənə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bir hədisi danışım?» O da dedi: «Bəli.» Salman dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah yolunda bir gün döyüş keşiyi çəkən bir ay namazda durmaqdan və oruc tutmaqdan daha fəzilətlidir – yaxud dedi: daha xeyirlidir – . Kim orada ölsə qəbir əzabından qorunar, əməli qiyamət gününə qədər artar.» Bunu bu yoldan yalnız Tirmizi rəvayət etmişdir və demişdir: «Həsən hədisdir.» Bəzi nüsxələrdə əlavə vardır. Sənədində qırıqlıq var. İbn Munkədir isə, Salmana çatmayıbdı.

Mən də deyirəm ki, görsənən odur ki, Muhəmməd ibn Munkədir bunu Şurahbil ibn Səmtdən eşitmişdir. Bunu Muslim ilə Nəsai də, Məkhul ilə Əbu Ubeydə ibn Uqbədən, ikisi də Şurahbil ibn Səmtdən rəvayət etmişlər. Onun Salman ilə dostluğu var idi. O, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə demişdir: «Bir gün və bir gecə döyüş keşiyində dayanmaq bir ay oruc tutub namazda durmaqdan daha xeyirlidir. Ölsə, etdiyi əməl davam edər, ruzisi kəsilməz və qəbir əzabından əminlikdə olar.» Muslimin tək başına rəvayəti isə yuxarıda keçmişdir.

Başqa bir hədisdə İbn Macə demişdir: Bizə Muhəmməd ibn İsmayıl ibn Səmurə danışdı, bizə Muhəmməd ibn Yalə əs-Suləmi danışdı, bizə Ömər ibn Subeyh danışdı, o da Abdurrəhman ibn Amrdan, o da Məkhuldan, o da Ubey ibn Kəbdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Ramazan ayı istisna olmaqla, Allah yolunda savabını Ondan umaraq müsəlmanların qorunmayan ərazilərində keşikdə durmağın, yüz il ibadətdən, orucdan və namazda durmaqdan daha əzəmətli əcri vardır. Ramazan ayında bir gün, Allah yolunda savabını Ondan umaraq müsəlmanların qorunmayan ərazilərində keşikdə durmaq, min il ibadətdən, orucdan və namazda durmaqdan Allah qatında daha əfzəldir və daha əzəmətli əcri vardır. Əgər Allah onu sağ-salamat ailəsinə qaytarsa, ona min il günah yazılmaz, ona savablar yazılar. Qiyamətə qədər də döyüş keşiyində dayananın əcri yazılar.» Hədis qəribdir. Hətta bu yöndən münkərdir. Ömər ibn Subeyh hədis uydurmaqda ittiham edilmişdir.

Başqa bir hədisdə İbn Macə demişdir: Bizə İsa ibn Yunus ər-Ramli danışdı, bizə Muhəmməd ibn Şueyb ibn Şabur danışdı, o da Səid ibn Xalid ibn ƏbuTavildən, Ənəs ibn Məlikdən belə dediyini eşitdim: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini eşitdim: «Allah yolunda bir gecə keşik çəkmək, kişinin ailəsinin yanında min gecəsini oruc tutub namazda durmasından daha əfzəldir. İl, üç yüz altmış gündür, bir gün də min il kimidir.» Bu da qərib bir hədisdir. Əbu Zura və bir çox imamlar, Səid ibn Xalidi zəif saymışlar. əl-Uqeyli demişdir: «Hədisi şahid göstərilməz.» İbn Hibban demişdir: «Hədisi dəlil göstərilməz.» Hakim də belə demişdir: «Ənəsdən uydurma hədislər rəvayət etmişdir.»

Başqa bir hədisdə İbn Macə demişdir: Bizə Muhəmməd ibn Sabbah danışdı, bizə Abduləziz ibn Muhəmməd xəbər verdi, o da Salih ibn Muhəmməd ibn Zaidədən, o da Ömər ibn Əbduləzizdən, o da Uqbə ibn Amir əl-Cuhənidən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Allah rəhmət etsin keşikçilərin keşiyini çəkənlərə.» Bu isnadda Ömər ibn Əbduləziz ilə Uqbə ibn Amir arasında qırıqlıq var. Çünki ona çatmamışdır. Allah ən doğrusunu biləndir.

Başqa bir hədisdə Əbu Davud demişdir: Bizə Əbu Tövbə danışdı, bizə Muaviyyə yəni İbn Səlləm danışdı, o da Zeyddən yəni, İbn Səlləmdən, onun Əbu Səlləmdən belə eşitdiyini dedi: Mənə əs-Səluli danışdı ki, ona Səhl ibn Hanzaliyyə danışdı; onlar Huneyn səfərində Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə üzün müddət yol getdilər. Axşam oldu, Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə namaz qılası oldular. Bir atlı gəlib dedi: «Ey Rəsulullah, mən irəliyə getdim, filan dağa çıxdım, Həvazinlilər kəcavəli dəvələrlə, mal-qara və qoyunlarla Huneyndə toplanmışlar.» Rəsulullah (salləllahu aleyhi və səlləm) gülümsədi və dedi: «O, inşəAllah sabah müsəlmanların qənimətidir.» Sonra dedi: «Bu gecə keşiyimizi kim çəkəcək?» Ənəs ibn əbu Mərsəd dedi: «Mən, ey Rəsulullah.» O da dedi: «Elə isə, min.» O da atına mindi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: «Bu dağa doğru get, zirvəsinə çıx, qətiyyən gecə aldanma.» Səhər açılanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) namaz qılacağı yerə çıxıb iki rükət namaz qıldı və dedi: «Atlınızı hiss etdinizmi?» Bir nəfər dedi: «Ey Allahın Rəsulu hiss etmədik.» Namaz üçün çar çəkildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) namazı qılarkən dağa tərəf baxdı, namazı bitirib dedi: «Müjdə olsun sizə, atlınız gəlir.» Biz də dağ yolunda ağacların arasına baxdıq. Birdən o, peyda olub Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: «Mən getdim və əmr etdiyin yerdə durdum. Səhərə qədər hər iki yola nəzarət etdim. Baxdım heç kəsi görmədim.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Bu gecə aşağı endinmi?» O da dedi: «Xeyr. Yalnız namaz və təbii ehtiyaclar üçün.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Vacib etdin. Artıq əməl etməsən də olar.»

Bunu Nəsai də, Muhəmməd ibn Yəhya ibn Muhəmməd ibn Kəsir əl-Harranidən, o da Rəbi ibn Nəfi əbu Tövbədən rəvayət etmişdir.

Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Zeyd ibn Hubab danışdı, bizə Abdurrəhman ibn Şureyh danışdı, Muhəmməd ibn Şumeyr ər-Ruaynidən eşitdim ki, deyir: Əbu Amir ət-Tuceybidən eşitdim.

İmam Əhməd dedi: Zeyddən başqası dedi: Əbu Əli əl-Cənbi deyirdi: Əbu Reyhanədən eşitdim ki, o deyir: «Biz bir yürüşdə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Bir gecə bir təpəyə çatdıq, üstündə gecələdik. Hava o qədər soyuq idi ki, bəzilərinin yeri qazıb qalxanlarını üstlərinə örtdüklərini gördüm. Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu gördü və dedi: «Bu gecə keşiyimizi kim çəkəcək, ona bir dua edim ki, fəzilətini görsün.» Ənsardan bir nəfər dedi: «Mən, ey Allahın Rəsulu.» O da dedi: «Yaxınlaş.» Kişi yaxınlaşdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Sən kimsən?» Ənsar da adını dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dua etməyə başladı və çoxlu dua etdi. Əbu Reyhanə demişdir: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) nə dua etdiyini görəndə, növbəti keşik çəkən kişi mən olacam» – dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Yaxınlaş.» Mən də yaxınlaşdım. O dedi: «Sən kimsən?» Kişi dedi: «Dedim: Mən, Əbu Reyhanəyəm.» Mənə, ənsara etmədiyi dua ilə dua etdi. Sonra da dedi: «Alov, Allah qorxusundan yaşaran – yaxud ağlayan – gözə haram edildi. Alov, Allah yolunda keşik çəkən gözə haram edildi.» Nəsai bu hədisi «Alov… haram edildi…» sözlərindən sonuna kimi, İsməh ibn Fadldan, o da Zeyd ibn Hubabdan da bu cür rəvayət etmişdir. Haris ibn Miskindən, o da İbn Vəhbdən, o da Abdurrəhman ibn Şureyhdən də belə rəvayət etmiş və tamamlamışdır. Hər iki rəvayətdə isə demişdir: «Əbu Əli əl-Cənəbidən.»

Başqa bir hədisdə Tirmizi demişdir: Bizə Nasr ibn Əli Əl-Cəhdami danışdı, bizə Bişr ibn Ömər danışdı, bizə Şueyb ibn Ruzeyq əbu Şeybə danışdı, bizə Əta əl-Xorasani danışdı, o da Əta ibn əbu Rəbahdan, o da İbn Abbasdan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «İki göz vardır ki, onlara atəş toxunmaz: Allah qorxusundan ağlayan göz ilə, Allah yolunda keşik çəkib gecəni oyanıq qalan göz.» Sonra Tirmizi demişdir: «Həsən, qəribdir, onu yalnız Şuayb ibn Ruzeyq hədisindən bilirik.» O dedi: «Bu bölümdə Osmandan və Əbu Reyhanədən də hədislər vardır.» Mən də deyirəm ki, ikisi də yuxarıda keçmişdir. Allaha həmd olsun.

Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Yəhya ibn Ğeylan danışdı, bizə Rişdin danışdı, o da Zəbbandan, o da Səhl ibn Muazdan, o da atası Muaz ibn Ənəsdən (radiyAllahu anhu), o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə demişdir: «Kim hökmdarın verdiyi maaşla deyil, könüllü olaraq müsəlmanların keşiyini çəkərsə, gözləri ilə atəşi görməz, yalnız andın həyata keçməsi qədər istisnadı. Çünki Allah buyurur: “İçinizdən hər kəs oraya varid olacaqdır” (Məryəm, 71).» Bunu ancaq Əhməd rəvayət etmişdir. Allah ona rəhmət etsin.

Başqa bir hədis; Buxari Səhihində Əbu Hureyrədən (radiyallahu ənh) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Bədbəxt olsun, dinarın qulu, dirhəmin qulu və paltarın qulu; verilsə məmnun olar, verilməsə əsəbləşər. Bədbəxt olsun və xəstəliyi qayıtsın, tikan batanda çıxardanı olmasın. Xoşbəxt olsun o qul ki, saçları dağınıq, ayaqları toz-torpaq içində, Allah yolunda atını yüyənləyir. Qorumaqdırsa qoruyacaq, arxa cəbhədirsə arxa cəbhədir. İzin istəsə izin verilməz, şəfaət etsə, şəfaəti qəbul olunmaz.»

Bu məqama uyğun olaraq təqdim etdiyimiz son hədis budur. Bol nemətdən dolayı Allaha, illər və günlər bir-birini qovaladıqca, həmd olsun.

İbn Cərir demişdir: Mənə əl-Musənna danışdı, bizə Muttarif ibn Abdullah əl-Mədəni danışdı, bizə Məlik danışdı, o da Zeyd ibn Əsləmdən dedi: Əbu Ubeydə, Ömər ibn Xəttaba məktub yazdı və romalıların yığıldığını, onların qorxunc olduğunu bildirdi. Ömər də ona yazdı: «Amma sonra: Mömin bir qulun başına nə qədər çətin bir iş gələrsə, Allah mütləq ondan sonra bir asanlıq verər. Bir çətinlik iki asanlığa qalib gəlməz. Allah təala Kitabında buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

Hafiz İbn Əsakir, Abdullah ibn Mubarəkin həyatından bəhs edərkən, Muhəmməd ibn İbrahim ibn əbu Səkinə yolundan belə rəvayət etmişdir: Abdullah ibn Mubarək Tarsusda mənə bu beytləri yazdırdı. Mən də çıxmaq üçün onunla vidalaşdım. Mənimlə bərabər bunları Fudeyl ibn İyada da yazdırdı. Bu da hicrətin 170-ci ilində idi. Bir rəvayətdə isə 177-ci ilində idi:

Ey iki haramın abidi, əgər bizi görsəydin,

            Özünün ibadətdə oynadığını bilərdin.

            Kim yanağını göz yaşları ilə boyasa,

            Biz də sinəmizi qanımızla örtürük.

            Atını batil şeylər üçün yorur?

            Bizim atlarımız izə səhr düşmənə hücum etməkdən yorulur.

            Sizin gözəl iyiniz ətirdir, bizimki isə,

            Atların dırnaqlarından saçan qığılcımlar və təmiz torpaqdır.

            Bizə Peyğəmbərin belə dediyi çatdı,

            Doğru deyəndir, əsla yalan söyləməz,

            Savaş atlarının çıxartdığı tozla,

Cəhənnəm odunun alovlanan tüstüsü,

Bir kişinin burnunda birləşməz,

            Aramızda Allahın Kitabı danışır,

            O yalan söyləməz, şəhid ölü deyildir.

Deyir ki, Fudeylə məktubu Məscidul-Haramda verdim. Onu oxudu gözləri yaşardı və dedi: «Abdurrəhman doğru deyir, mənə öyüd-nəsihət verir.» Sonra dedi: «Sən hədis yazırsan, doğrudur?» Mən dedim: «Bəli.» O: «Bu hədisi ƏbuAbdurrəhmanın məktubunu gətirmə haqqı kimi qəbul et» – dedi. Sonra Fudeyl ibn İyad mənə bunu yazdırdı: Bizə Mənsur ibn Mutəmir danışdı, o da Əbu Salihdən, o da Əbu Hureyrədən deyir ki, bir adam Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: «Ey Rəsulullah, mənə elə bir əməl öyrət ki, onunla Allah yolunda cihad edənlərin savabına nail olum.» O da dedi: «Sən yorulmadan namaz qıla və iftar etmədən oruc tuta bilirsənmi?» O da dedi: «Ey Allahın Rəsulu, mən bunu edə bilməyəcək qədər zəifəm.» Sonra dedi: «Ruhumu əlində tutan Allaha and olsun ki, buna gücün çatsa belə Allah yolunda cihad edənin savabına çata bilməzsən. Bilmirsən ki, at zəncirlənmiş halda gedib gəlirkən sahibi üçün savablar yazılır.»

Allahdan qorxun” yəni bütün işlərinizdə və bütün hallarınızda, deməkdir. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Muazı Yəmənə göndərəndə belə dedi: «Harada olursan ol, Allahdan qorx. Pisliyin arxasından yaxşılıq et ki onu silsin. İnsanlarla gözəl əxlaqla davran.»

Bəlkə nicat tapasınız” yəni dünya və axirətdə, deməkdir.

İbn Cərir demişdir: Mənə Yunus danışdı, mənə İbn Vəhb xəbər verdi, bizə Əbu Saxr xəbər verdi, o da Muhəmməd ibn Kəb əl-Qurazidən, o “Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” ayəsi barəsində deyərdi: «Mənimlə sizin aranızda keçən şeylərdə Allahdan qorxun, bəlkə sabah mənə qovuşanda nicata çatarsınız.»