Allah təala kitab əhlindən kafir olub, Allahın nazil etdiyi kitablara və göndərdiyi elçilərə qarşı çıxan müşriklərin Qiyamət günü düşəcəyi vəziyyətdən xəbər verir və onların məskəninin əbədi Cəhənnəm odu olacağını bildirir. “Onlar yaradılmışların ən şərliləridir”. Allahın yaradıb yer üzündə yaydığı yaradılmışların ən şərliləri o kəslərdir. Daha sonra uca Allah qəlbləri ilə iman gətirib əzaları ilə saleh əməllər edənlərin halı barədə xəbər verir, onların yaradılmışların ən xeyirliləri olduğunu bildirir. Əbu Hureyrə və bir çox alimlər bu ayəni dəlil gətirərək əməlisaleh möminlərin mələklərdən stn olduğunu söyləmişlər. Çünki Allah təala ayədə buyurur ki, “Onlar yaradılmışların ən yaxşılarıdır”. Daha sonra Allah təala buyurur ki, “Onların mükafatı Rəbbələrinin dərgahındadır”. Yəni Qiyamət günü”. “Rəbləri yanında onların mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar”. Yəni onlar bu diyarda əbədi həyata yaşayacaqlar. Bu həyatın sonu, fasiləsi və tükənişi yoxdur. “Allah onlardan razıdır, onlar da Allahdan”. Allahın onlardan razı qalması onlara bəxş etdiyi əbədi nemətdən də üstün məqamdadır. Onlar da Allahın onlara bəxş etdiyi mərhəmət və lütfdən razıdırlar.
“Bu, Rəbbindən qorxanlar üçündür!” Yəni bu mükafat Allahdan layiqincə qorxanlar, təqvalı olanlara və Onu görmədiyini bilə-bilə Onu görürmüş kimi ibadət edən kimsələrə müyəssər olacaq.
İmam Əhməd deyir: Bizə İshaq ibn İsa Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Atının yüyənindən tutub gedən, ancaq qorxulu səs eşitdiyi an atının tərkinə minən insandır!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir daha dedi: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Qoyun-quzusunun arasında olub, ancaq namaz qılıb, zəkatını verən kəsdir!” Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizə yaradılmışların ən şərliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Allahdan istəyən, ancaq onun üçün bir şey verməyən kimsədir!”
“Əl-Beyyinə” surəsinin təfsiri sona çatdı. Həmd və səna yalnız Allaha məxsusdur.