Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə: “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”

Muhamməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn Əbu Muhəmməd danışdı, o da İkrimədən və ya Səid ibn Cubeyrdən, o da İbn Abbasdan dedi: Əbu Rafi əl-Qurazi dedi: “Yəhudi ravvinləri və Nəcran bölgəsində yaşayan xristianlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzurunda bir yerə yığışdılar. O, onları İslama dəvət etdi. Onlar dedilər: “Ey Muhəmməd, xristianlar Məryəm oğlu İsaya ibadət etdikləri kimi sən də bizi özünə ibadət etməyə dəvət edirsən?” Nəcran xristianlarından Rəis adlanan biri dedi: “Bizdən də buna oxşarını istəyirsən və buna dəvət edirsən?” yaxud buna bənzər bir şey söylədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allahdan başqasına ibadət etməkdən və ya Allahdan başqasına ibadət etdirməkdən Allaha sığınırıq. Məni bununla göndərmədi, mənə bunu əmr etmədi.” Yaxud buna bənzər bir şey buyurdu. Buna görə Allah bu ayəni nazil etdi: “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin”. Yəni Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi kimsəyə, Allah ilə bərabər mənə də ibadət edin, deməsi yaraşmaz. Bir peyğəmbərə və bir rəsula yaraşmazsa, başqa bir insana heç yaraşmaz. Buna görə Həsən Bəsri demişdir: Möminə insanları özünə ibadətə çağırması kimi bir iş yaraşmaz.” Niyə belə söyləmişdi? Çünki o qövm bir-birinə ibadət edirdilər. Yəni, Əhli kitab, ravvinlərinə və keşişlərinə ibadət edirdilər. Necə ki, Allah buyurur: “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı rəblər qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa ilah yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır” (Tövbə, 31). Musnəd ilə Tirmizidə, irəlidə qeyd ediləcək ki, Adiy ibn Hatim demişdir: “Ey Allahın Rəsulu onlar bunlara ibadət etmədilər.” O da dedi: “Bəli, onlar haramı halal etdilər, halalı da haram etdilər, onlar da arxalarına düşdülər. Məhz bu da onlara ibadətləri idi.”

Cahil keşişlər, rahiblər və zəlalət şeyxləri də bu qınama və tənqidə daxildirlər. Peyğəmbərlər və onlara tabe olub əməl edən alimlər isə, bu cür deyillər. Çünki onlar Allahın əmr etdiyini və peyğəmbərlərin təbliğ etdiklərini əmr edərlər. Yalnız Allahın qadağa etdiyini və peyğəmbərlərin təbliğ etdiklərini qadağan edərlər. Bütün peyğəmbərlər, Allahın onların hamısına salavatı və salamı olsun, daşıdıqları risaləti yaymaqda və əmanəti təbliğ etməkdə Allah ilə qulları arasında elçidirlər. Onlar bunu haqqı ilə yerinə yetirdilər. İnsanlara nəsihət edib onlara haqqı təbliğ etdilər. “Əksinə: “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində Rabbani olun!” Yəni, elçi insanlara deyir: “Rabbani olun.” İbn Abbas, Əbu Razin və digərləri demişlər: “Yəni, hikmətlilər, alimlər və həlimlər olun.”

Həsən Bəsri və digərləri demişlər: “Fəqihlər olun.” İbn Abbas, Səid ibn Cubeyr, Qatadə, Əta əl-Xorasani, Atiyyə əl-Avfi, Rəbi ibn Ənəs və həmçinin Həsən demişdir: “Yəni, ibadət və təqva əhli olun.”

Dəhhaq da “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində Rabbani  olun!” ayə barəsində demişdir: “Quran öyrənənin fəqih olması haqq və vəzifə borcudur.” “Tələmun” mənası “tufəqqihun” yəni, başa düşdüyünüz deməkdir. “Tuallimun” şəklində də şəddə ilə oxunmuşdur ki, bu da təlim sözündən irəli gəlir. “Tədrusun” yəni, öyrəndiyiniz isə, kəlmələrini qorunmanız mənasını daşıyır. Sonra Allah təala dedi: “O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz”, yəni Allahdan başqa nə bir peyğəmbərə nə bir elçiyə, nə də ki, Allaha yaxın bir mələyə ibadət etməyə əmr etməz. “Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?” yəni, bunu yalnız Allahdan başqasına ibadəti əmr edən edə bilər. Kim Allahdan başqasına ibadəti əmr edərsə, küfrə dəvət etmiş olur.

Peyğəmbərlər yalnız imana dəvət edərlər ki, o da yalnız tək və şəriki olmayan Allaha ibadət etməkdir. Necə ki, Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.” (Ənbiyə, 25). “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu!” (Nəhl, 36). “Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş; Biz Mərhəmətlidən başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (Zuxruf, 45). “O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və o Saatdan lərzəyə gəlirlər” (Ənbiyə, 29).