Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.

Allah Təala deyir ki, Allah Muhammədə (salləllahu aleyhi və səlləm) tabe olacaqlarına, onun əlamətini insanlara xatırladacaqlarına, işlərini bəyan edəcəklərinə dair verdikləri sözü, yalan və günahkar andlarının əvəzində az bir qiymətə satanların – halbuki bu, müvəqqəti dünya malıdır – “axirətdə heç bir pay yoxdur”, yəni axirətdə onlara heç  bir nəsib, hissə yoxdur, deməkdir. “Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq” yəni onlara rəhmətlə baxmaz, onlarla yumşaq danışmaz və onlara rəhmət gözü ilə baxmaz, deməkdir. “Onları təmizə çıxarmayacaqdır”- yəni günahlardan və kirlərdən təmizləməz, əksinə onları cəhənnəmə göndərər, deməkdir. “Onlar üçün üzücü bir əzab vardır.“ Bu ayə ilə əlaqədar hədislər vardır ki, onlardan bir neçəsini rəvayət edək:

Birinci hədis, İmam Əhməd demişdir: Bizə Əffan danışdı, bizə Şubə danışdı və dedi: mənə Əli ibn Müdrik xəbər verdi və dedi: Mən Əbu Züradan eşitdim, o da Xaraşə ibn Hürdən, o da Əbu Zərdən rəvayət etdi ki, Rəsulullah  (salləllahu aleyhi və səlləm) buyurdu: “Üç nəfər vardır ki, Allah onlarla danışmaz, qiymət günü üzlərinə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün üzücü bir əzab vardır.” Mən də: Ey Allahın Rəsulu, onlar kimlərdir ki, zərər və ziyan etdilər? – dedim. Rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu üç dəfə təkrar etdi və dedi: “Ətəyi yerlə sürünən, yalan andla malını satmağa çalışan və etdiyi yaxşılığı başa qaxan.” Bunu Müslüm ilə Sünən sahibləri Şubədən eyni ilə rəvayət etmişdirlər.

Başqa bir   yolla, İmam Əhməd demişdir: Bizə İsmayıl danışdı, o da Hureridən,  o da Əbu Ala ibn Şixxirdən, o da Əbul Əhməsdən rəvayət edir ki, Əbu Zərlə qarşılaşdım. Ona: “Eşitdiyimə görə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis danışırsan” – dedim. O da dedi: “Ondan eşitdikdən sonra Rəsulullaha yalan danışacağımı təxmin etməzsən yəqin ki, məndən eşitdiyin nədir?” Mən dedim: Mənə çatıb ki, sən: “Üç nəfər var, Allah onları sevər. Üç nəfər var Allah onlara qəzəblənər.” deyirsən. O belə dedi: “Mən bunu demişəm və eşitmişəm.” Mən dedim: “Allahın sevdiyi bu adamlar kimlərdi?” O dedi: “Bir adam bir qrup içərisində düşmənlə qarşılaşır, onlara köksünü sipər edər, ya öldürülər ya da dostlarına fəth nəsib olar. Bir qrup səfərə çıxar, gecə uzun müddət yeriyərlər, bir yerdə gecələmək istəyərlər  və ora düşərlər. Biri bir kənara çəkilər namaz qılar, yolçuluq vaxtı gələndə də onları oyandırar. Bir adamın yaramaz bir qonşusu olar, ölənə qədər və ya o oranı tərk edənə qədər ona səbir edər. Mən də: “Allahın qəzəb etdikləri kimlərdir?” – dedim. O da: “Çox and içən tacir və ya satıcı, təkəbbürlü kasıb və başa qaxan simic”, dedi.

İkinci hədis, Imam  Əhməd demişdir: Bizə Yəhya ibn Said danışdı, o da Cərir ibn Həzmdən, o dedi: bizə Adiy ibn Adiy danışdı, mənə Rəca ibn Hayvə ilə Urs ibn Uməyrə xəbər verdi, o da atası Adiy ibn Ümeyrətə əl-Kindidən, o dedi: Kindəh qəbiləsindən İmruul-Qays ibn Abis adında bir adam, Hadramovt xalqından bir adamdan Rəsulullaha (salləllahu aleyhi və səlləm) bir ərazi üstündə mühakimə etmək üçün şikayət etdi. O da Hadramovtluya sübut gətirməsini, lakin onun sübutu yox idi, İmruul-Qaysa da and içməsini təklif etdi. Hadramovtlu: Ey Allahın Rəsulu, iş and içməyə qalarsa, Kəbənin Rəbbinə and olsun ki, mənim torpağım əldən getdi – dedi.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Kim yalan yerə and içərək bir kimsənin malını alarsa, Allahın hüzuruna çıxdığı zaman ona qəzəb edəcəyini görər” – dedi. Rəca rəvayət edir ki, Rəsulullah: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satanlar” ayəsini oxudu. Bundan sonra İmruul-Qays: “Ey Allahın Rəsulu, and içməyənə nə düşür?” dedi. O da: ”Cənnət” – dedi. Kişi: “Şahid ol, mən onun hamısı ona saxlayıram” – dedi. Bunu Nəsai də, Adiy ibn Adiydən belə rəvayət etmişdir.

Üçüncü hədis, Əhməd demişdir: Bizə Əbu Muaviyə danışdı, bizə Aməş danışdı, o da Şaqiqdən, o da Abdullahdan rəvayət etdi ki, Rəsulullah  (salləllahu aleyhi və səlləm) belə demişdi: “Kim bir müsəlmanın malını almaq üçün yalan yerə and içərsə, Əziz və Cəlil olan Allahın hüzuruna çıxar, ona qəzəb etdiyini görər.” Əşas: Allaha and içirəm ki, bu hədis mənimlə bir yəhudi haqqında söylənmişdi. Yəhudi ərazimi inkar etmişdi. Onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) apardım. O da: “Sübutun varmı?” dedi. Mən də: ”Xeyir” dedim. Yəhudiyə: “And iç” dedi. Mən də: “Ey Allahın Rəsulu o and içər və malım gedər” dedim. Bu zaman Allah Təala bu ayəni endirdi. Bunu Buxari ilə Muslim, Aməşdən rəvayət etmişdirlər.

Başqa bir yolla, İmam Əhməd demişdir: Bizə Yəhya ibn Adəm danışdı, bizə Əbubəkr ibn Əyyaş danışdı, o da Asim ibn Əbu Nücuddan, o da Şəqiq ibn Sələmədən, bizə Abdulla ibn Məsud danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim haqsız yerə bir müsəlmanın malını yeyərsə, Allahın hüzuruna çıxanda ona qəzəbləndiyini görər”. Əlavə edir ki, Əşas ibn Qeys gəlib dedi: “Abdurrəhmanın atası sizə nə danışır?” Biz də ona deyiləni danışdıq. Bu hədis mənim haqqımda varid oldu. Əmimin oğlu ilə bir quyu üstündə mübahisə etdik. Quyu mənə aid idi, amma o istifadə edirdi. Bunu inkar etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Quyunun sənə aid olduğuna dair sübut gətir, ya da  o and içsin” – dedi. Mən də: “Ey Allahın Rəsulu sübutum yoxdur, əgər ona and içdirərsənsə quyum gedər; mənim ittiham etdiyim şəxs pis insandır” dedim. Bu zaman Rəsulullah (salləllahu aleyhi və səlləm): “Kim haqsız yerə bir müsəlmanın malını alarsa, Allahın hüzuruna O qəzəbli ikən çıxar” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm)  həmin bu “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər..” ayəsini oxudu.

Dördüncü hədis, İmam Əhməd demişdir: Bizə Yəhya ibn Ğeylan danışdı, bizə Rişdin danışdı, o da Zənnəddən, o da Səhl ibn Muaz ibn Ənəsdən, o da atasından rəvayət edir ki, Rəsulullah    (salləllahu aleyhi və səlləm) dedi: “Allahın elə qulları vardır ki, onlarla qiyamət günü danışmaz, onları təmizə çıxarmaz, onlara baxmaz.” Soruşuldu: “Onlar kimlərdir ey Allahın Rəsulu?” O dedi: “Ata-anasından imtina edən, övladından imtina edən və ona yaxşılıqlar edən camaatı inkar edib onlardan uzaqlaşan adam” – dedi.

Beşinci hədis, İbn Əbi Hatim demişdir: Bizə Həsən ibn Arafə danışdı, bizə Hüşeym danışdı, bizə Avvam ibn Havşəb xəbər verdi, o da İbrahim ibn Abdurrahməndən yəni, Əs-Səksəkidən, o da Abdullah ibn Əbi Əvfadan belə rəvayət etdi: Bir adam bazara öz malını gətirmişdi. Bir qiymət verdilər. O, həmin qiymətə verməməyə and içdi. Müsəlmanları tələyə salmaq istəyirdi. Onun haqqında bu ayə endi  “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər..” . Bunu Buxari də bir neçə yoldan Əvvamdan rəvayət etmişdir.

Altıncı hədis: İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Aməş danışdı, o da Əbu Salehdən, o da Əbu Hüreyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir:  “Üç nəfər vardır ki, Allah onlarla danışmaz, qiyamət günü üzlərinə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün üzücü bir əzab vardır. Artıq suyu olduğu halda yolçuya su verməyən, malını əsrdən sonra yalan and içərək satmağa çalışan, dövlət başçısına beyət edən, lakin o ona nə isə versə beyətini yerinə yetirən, verməyəndə isə yerinə yetirməyən.” Bunu Əbu Davud ilə Tirmizi Vəkidən rəvayət etmişlər. Tirmizi: “Həsən, səhihdir” demişdir.