Ibni Cərir demişdir: Bizə Muhamməd ibn Abdulla ibn Bəzi əl-Bəsri danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Davud ibn Əbi Hind danışdı, o da İkrimədən, o da İbni Abbasdan rəvayət edir ki, ənsardan bir adam var idi. O, müsəlman oldu. Sonra dinindən döndü və müşriklərə qoşuldu. Sonra da peşman olub, qövmünə belə bir xəbər göndərdi: “Rəsullullaha soruşun görün mənim üçün tövbə var?” Bu haqda “İman gətirdikdən, .. sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?.. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” ayəsini endirdi. Qövmü də ona bu xəbəri çatdırdı. O da müsəlman oldu.” Bunu Nəsai, Hakim və İbn Hibban da Davud ibn Əbi Hinddən eyni şəkildə rəvayət etmişlər. Hakim də: “Səhihdir, İki Səhihdə gətirilməmişdir” demişdir. Abdurrəzzaq demişdir: Bizə Cəfər ibn Süleyman xəbər verdi, bizə Hümeyd əl-Ərac danışdı, o da Mücahiddən rəvayət edir ki, Haris ibn Suveyd, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib müsəlman oldu. Sonra da inkar edib qövmünə geri qayıtdı. Bu haqda Allah Təala “İman gətirdikdən, .. sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? …Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” ayəsini endirdi. Qövmündən bir adam da bunu ona çatdırdı. Haris də: “Allaha and içirəm ki, bildiyimə görə sən doğru bir adamsan, Rəsulullah da (Salləllahu aleyhi və səlləm) səndən daha doğrudur. Allah da bu üçlüyün ən doğru olanıdır.” – dedi. Sonra Haris dönüb müsəlman oldu. Həm də gözəl müsəlman oldu.
“İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?” Yəni, Peyğəmbərin gətirdiyinin doğruluğu barədə hüccətlər və dəlillər onlara çatdıqdan sonra və iş onlara aydın olduqdan sonra, şirk zülmətinə qayıtdılar. Belələri hidayəti korluqla qarışdırdıqdan sonra necə haqq yola layiq ola bilərlər? Buna görə də “Allah zalım adamları doğru yola yönəltməz” demişdir.
Sonra dedi: “Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.” Yəni, onlara Allah da lənət edər, yaratdıqları da lənət edər. “Onlar həmişəlik gömüləcəklər” yəni, lənətdə deməkdir. “Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir” Yəni, onların əzabı azaldılmaz, bir saat da olsa yüngülləşdirilməz, deməkdir.
Sonra da Allah Təala belə demişdir: “Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” Bu da Onun lütfündən, yaxşılığından, rəhmətindən və yaratdıqlarına olan ehsanındandır ki, kim tövbə edərsə, Allah tövbəsini qəbul edər.