İnsan elə düşünür ki, Allah təala onun rüzusini bolluca verdiyi zaman həmin insana sadəcə lütf edər və bu lütf başqa bir mahiyyət daşımaz. Bu səbəbdən də uca Allah yuxarıdakı ayədə insanın bu təfəkkür tərzinin əksinə olaraq buyurur ki, əslində bu lütf bir imtahan və sınaqdır. Necə ki, Allah təala başqa bir ayədə buyurur: Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!” (əl-Muminun, 55-56) Digər tərəfdən də Allah təala insanı sınağa çəkərək onun ruzisini əskiltdiyi zaman həmin insan elə düşünər ki, Allah onu alçaldar, rüsvay edər. Ancaq Allah təala onların düşüncələrinin əksinə olaraq buyurur ki, “Xeyr!” Yəni məsələ insanın düşündüyü kimi deyil. Doğrusu, Allah təala istədiyi kimsəyə ruzisini verər, istədiyinə verməz, əskildər. Məqsəd hər iki halda da Allaha olan itaəti qoruyub saxlamağı nəzərə çatdırmaqdır. İnsan hər iki halda itaətdən çıxmamalıdır. Varlı olduğu zaman Allaha şükr etməyi, kasıb olduğu zaman isə səbr etməyi bacarmalıdır.
“Xeyr! Doğrusu, məhz siz yetimə ikram etmirsiniz”. Allah təala bu ayədə yetimə ikram göstərməyi əmr edir. Abdullahh ibn Mubarəkin Səid ibn Əbu Eyyub vasitəsilə Əbu Hureyrədən rəvayət etdiyi hədisdə peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Müsəlman evlərinin ən xeyirlisi yetimə ikram olunan evdir. Müsəlman evlərinin ən pisi isə yetimin pis rəftar gördüyü evdir”. Daha sonra peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqlarını qoşalaşdıraraq buyurdu: “Yetimə dayaq olanla mən Cənnətdə bu cür (yəni bir yerdə) olacağıq”.
Əbu Davud, Muhəmməd ibn Sabbəh ibn Süfyan vasitəsilə Səhl ibn Səddən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) iki barmını – ortancıl barmağı ilə şəhadət barmağını birləşdirərək belə buyurmuşdu: “Mən və yetimə dayaq olan kəs Cənnətdə bu cür (yəni, bir yerdə) olacağıq”.
Bir-birinizi yoxsulu yedirtməyə sövq etmirsiniz”. Yəni onlar kasıblara və miskinlərə yaxşılıq edib ikram göstərməyi bir-birilərinə tövsiyə etməz, bir-birilərinə bu işə rəğbətləndirməzlər. “Mirası varmadan yeyirsiniz”. Yəni hansı yolla əldə edilməsinə, halal və ya haram olmasına varmadan, mahiyyətini dərk etmədən yeyirsiniz. “Mal-dövləti çox sevirsiniz”. Yəni mal-dövlətə olan həvəs və istəyiniz olduqca çoxdur.