İbn Cərir demişdir: “Bizə Muhəmməd İbn Bəşar o da Əbu Davuddan o daHəmamdan o da Qatadədən o da İkrimədən o da İbn Abbasdan belə nəql etmişdir: “Nuh ilə Adəm arasında on əsr vardır. Hamısı da haqq din üzərində idilər, sonradan ixtilafa düşdülər. Allah da Peyğəmbərləri müjdəçilər və çəkindirənlər olaraq göndərdi.” O dedi: “Abdullah İbn Məsud qiraətində də “insanlar bir tək ümmət idi, ixtilafa düşdülər” şəklindədir. Bunu Hakim “Müstədrək”ində Bundardan, o da Muhəmməd İbn Bəşşardan rəvaayət etmişdir. Sonra demişdir: “Səhihdir. Buxari ilə Müslim rəvayət etməyib.”
Əbu Cəfər ər-Razidən, o da Əbu Aliyədən rəvayət edir ki, Ubey İbn Kəb də “insanlar bir tək ümmət idi ixtilaf etdilər. Allah Təala da Peyğəmbərləri müjdəçilər və çəkindirənlər olaraq göndərdi” şəklində oxumuşdur.
Abdurrazzaq demişdir: “Bizə Mamər o da Qatadədən onun “insanlar tək bir ümmət idi” kəlamı barəsində belə dediyini rəvayət etmişdi: “Hamısı doğru yolda idilər, sonradan ixtilaf etdilər. Allah da Peyğəmbərləri müjdəçi və çəkindirən olaraq göndərdi. İlk göndərilən Nuh idi.” Mucahid də belə demişdir. Necə ki, İbn Abbas da: “İlk əvvəl göndərilən” — demişdir.
Əvfidən nəql olunur ki, İbn Abbas “insanlar tək bir ümmət idi” ayəsi haqqında “kafir idilər”, “Allah (onlara) müjdə verən və qorxudan Peyğəmbərlər göndərdi” — demişdir.
İbn Abbasın birinci rəyi sənəd və məna etibarı ilə daha doğrudur. Çünki insanlar Adəmin əleyhissalam dinində idilər, sonda bütlərə ibadət etdilər. Allah da onlara Nuhu (əleyhissalam) göndərdi. Allahın yer üzünə göndərdiyi ilk rəsul o idi.
Buna görə də Allah Təala buyurur: “onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər.” yəni, əleyhlərinə dəlillər gətirildikdən sonra deməkdir. Onları da buna ancaq aralarındakı paxıllıq sövq etdi. “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər”.
Abdurrazzaq demişdir: “Bizə Mamər o da Suleyman əl-Aməşdən o da Əbu Salihdən nəql etdi ki, Əbu Hureyrə “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi” ayəsi haqqında demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Biz son ümmət olmaqla yanaşı qiyamət günü ilklərdən olacayıq. Biz cənnətə ilk girən insanlarıq. Ancaq Onlara kitab bizdən öncə, bizə isə onlardan sonra verildi. Allah ixtilaf etdikləri şeyi öz izni ilə bizə göstərdi. Məhz bu gündə (cümə) yəhudilər ixtilaf etdilər, onu da Allah bizə göstərdi. İnsanlar o xüsusda bizə tabedirlər. Sabah yəhudilərin, o birisi gün isə xaçpərəstlərindir.”
Sonra Abdurrazzaq bunu Mamərdən o da İbn Tavusdan o da atasından o da Əbu Hureyrədən rəvayət etmişdi.
İbn Vəhb, Abdurrahmən İbn Zeyd İbn Əsləmdən nəql etdi ki, atası “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi” ayəsi haqqında belə demişdir: “Cümə günündə ixtilaf etdilər. yəhudilər şənbəni, xaçpərəstlər də bazar gününü götürdülər. Allah da Muhəmmədin ümmətini cümə gününə doğru yönəltdi. Qiblədə də ixtilaf etdilər. Xaçpərəstlər şərqə, yəhudilər isə Beytül müqəddəsə tərəf yönəldilər. Allah, Muhəmmədin ümmətini qibləya doğru yönəltdi. Namazda da ixtilaf etdilər. Bəziləri rükü edir, lakin səcdə etmirdilər, bəziləri isə səcdə edir, lakin rüku etmirdi. Bəziləri namaz qıldığı zaman danışırdılar. Bəziləri yeriyarək namaz qılırdı. Allah bunların arasında Muhəmmədin ümmətini haqqa yönəltdi. Orucda da ixtilaf etdilər. Bəziləri yarım gün oruc tutar, bəziləri isə bəzi yeməklərdən çəkinərək oruc tutardılar. Allah bunda da Muhəmmədin ümmətini haqqa yönəltdi. İbrahim əleyhissalam haqqında da ixtilaf etdilər. yəhudilər: “O, yəhudi idi”, xaçpərəstlər isə: “O, xaçpərəst idi” – dedilər. Allah isə ona hənif müsəlman dedi. Bunda da Muhəmmədin ümmətini haqqa doğru yönəltdi. İsa əleyhissalam haqqında da ixtilaf etdilər. yəhudilər onu yalançı sayəraq və anasına böyük bir iftira atdılar. Xaçpərəstlər də onu ilah və oğul saydılar. Allah isə onu öz ruhu və kəlməsi olaraq vəsf etdi. Allah bu xüsusda da Muhəmmədin ümmətini haqqa doğru yönəltdi.”
Rəbi İbn Ənəs “Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi” ayəsi haqqında demişdir: “yəni, ixtilaf anında Peyğəmbərlərin ixtilafdan öncə gətirdikləri şeya çatdırdı. Onlar da izzət və cəlal sahibi olan tək və şəriksiz Allaha ixlas göstərərək ibadət etməklə, namaz qılmaqla və zəkat verməkdə davamiyyat göstərdilər . İxtilafdan öncəki ilk vəziyyəti muhafizə etdilər və ixtilafdan uzaq qaldılar. Qiyamət günündə insanlara şahidlik edəcəklər. Nuh, Hud, Salih və Şuayb qövmlərinə və Firon tərəfdarlarına Peyğəmbərlərin onlara təbliğ etdiklərinə və onların da Peyğəmbərləri yalanladıqlarına şahidlik etdilər.” Ubeyin qiraəti belədir: “Qiyamət günü insanlara şahid olmaqları üçün Allah dilədiyini doğru yola yönəldir.” Əbu Aliyə bu ayə haqqında deyərdi: “Bu ayədə şübhələrdən, zəlalətlərdən və fitnələrdən çıxış yolu vardır.”
“Öz icazəsi ilə” yəni, onları hidayət etdiyi şey haqqındakı elmi ilə deməkdir. Bunu İbn Cərir demişdir.
“Allah istədiyini doğru yola yönəldər” yəni, məxluqatından, “doğru yola” yəni, hikmət və üstün dəlil Ona məxsusdur. Səhih Buxari və Muslimdə (770) Aişə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə namazını qılmağa qalxdığı zaman deyərdi: “Ey Cəbrayıl, Mikayıl və İsrafilin Rəbbi. Göyləri və yeri yaradan, qeybi və aşkarı bilən, ixtilaf etdikləri şeydə qullarının arasında Sən hökm verirsən. İxtilaf edilən haqda mənə icazənlə hidayət ver. Şübhəsiz ki, Sən istədiyini doğru yola yönəldirsən.” Rəvayət edilən bir duada deyilir: “Allahım, bizə haqqı haqq olaraq göstər və ona tabe olmağı nəsib et, batili batil olaraq göstər və ondan uzaq olmağı nəsib et. Onu bizə qarışıq göstərərək bizi azdırma. Bizi təqva sahiblərinə başçı et.”